Məhkəmə qərarları › İş №1(101)-395/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-395/2020

21.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-395/2020 21.05.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxin hüquqi varisi X3, Bakı şəhər 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxx 2001-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, məhkumluğu olmayan, Bakı Biznes Universitetinin 1-ci kurs tələbəsi, Cəbrayıl rayonu Məzrə kəndində qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu, R.Bağırov küçəsi ev 43-də yaşayan, barəsində “ev dustaqlığı ” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etmək hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 22:45-də idarə etmək hüququ olmadan yəni, sürücülük vəsiqəsi olmadan idarə etdiyi özünə məxsus olan texniki cəhətdən saz vəziyyətdə olan HAOJUE HJ HJ markalı 10 B 619 dövlət qeydiyyat nişanlı motosikllə idarə etdiyi nəqliyyat vasitəsinin arxa sərnişin oturacağına qoruyucu baş dəbilqəsi olmadan əyləşdirdiyi Zərərçəkmiş şəxs2 ilə birgə Bakı şəhəri Yasamal rayonu, M.Rahim küçəsi boyunca Ə.Ələkbərov küçəsi istiqamətində 35 km/saat sürətlə hərəkətdə olub ünvan 1 B ünvanının qarşısına çatan anda << Yol hərəkəti haqqında>> Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulan və yol ayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələri keçmək növbəliliyini göstərən <<Yol verin>> üstünlük nişanının tələbinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tələblərinə riayət etməyərək yol hərəkəti qaydalarını pozmuş, nəticədə idarə etdiyi motosiklin qabaq hissəsi ilə ehtiyatsızlıqdan Ə.Ələkbərov küçəsindən yol ayrıcına 40 km/saat sürətlə daxil olmuş Zərərçəkmiş şəxs1 idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan HYUNDAİ TUCSON markalı ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sol yan hissəsi ilə toqquşmaqla Zərərçəkmiş şəxs1 məxsus avtomobilin zədələnməsi nəticəsində sonuncuya 2896 (iki min səkkiz yüz doxsan altı) manat məbləğində maddi ziyan vurmuş, habelə motosiklin sərnişini Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan ölümünə səbəb olan açıq kəllə beyin travması, baş beyin toxumasına, onun qişaları altına və yan mədəciklərə qansızmalar, sağ gicgah-təpə-ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, sağ büd sümüyünün qapalı sınığı, hər iki göz yuvası nahiyəsinin hematoması, sol almacıq nahiyəsinin, sağ bayır topuq nahiyəsinin və sağ diz oynağının sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisə olan günü Hüseyin Cavid prospekti ilə atasının iş yerinə gedirmiş. Dostları ona telefon vasitəsi ilə zəng edərək görüşməyi təklif etmişlər. Motosikleti yeni aldığı üçün dostları ona motosikletlə gəlməyi demişlər. Onun dəbilqəsiz motosikletə heç bir kəsi əyləşdirmək fikri olmamışdır. Dostları ona çay evinə gedəcəklərini dedikləri üçün, o, dəbilqə götürməmişdir, motosikleti də orada saxlayıb getmək fikri olmuşdur. Sürücülük vəsiqəsi almaq niyyəti olmuşdur. O, sürücülük məktəbində oxumuş lakin hələ sürücülük vəsiqəsi olmamış. O, motosikleti mütəmadi olaraq sürmərmiş, yalnız məhəllə arasında sürmüşdür. Hadisə olan gün Xəyalıda motosikletlə götürməyini, Xəyalında motosiklet almaq istədiyini demişdir. Hadisə olan zaman onlar motosikletlə yol gedərkən Xəyal arxa oturacaqda oturmuşdur. Xəyal arxa oturacaqda oturan zaman ona söz demiş. Xəyalın ona dediyi sözü eşitmədiyi üçün, arxaya çevrilmiş, nəticədə hadisə baş vermiş və o, hadisənin qarşısını ala bilməmişdir. Hadisə nəticəsində o, müəyyən dərəcədə yaralanmış, lakin o, ayağa qalxaraq Xəyalın vəziyyətinin necə olmasını görmək üçün Xəyalın yanına yaxınlaşmış və Xəyalın vəziyyətini gördükdən sonra özüdə yıxılmışdır. Təcili tibbi yardım maşını gəldikdən sonra onun üçündə yenidən digər təcili tibbi yardım maşınının gəlməyini təklif etmişlər, o, isə Xəyalın olduğu təcili tibbi yardım ilə getmək istəmişdir. Xəyalın aparıldığı təcili tibbi yardım maşını ilə o, Xəyalın yanında getmişdir. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, zərərçəkmiş şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dindirib, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun oğlu olmuşdur. Onlar Neftçala rayonunda yaşayırmışlar. Hadisə baş verməzdən əvvəl mərhum oğlu təxminən 1 ay müddət idi ki, Bakı şəhərinə iş üçün gəlmiş və qohumlarının yanında mebel sexində işləmişdir. xx xxxxxxx 2019-cu il tarixdə gecə radələrində ona zəng gəlmişdir ki, oğlu avtoqəza nəticəsində vəfat edib. Onun bildiyi qədəri ilə oğlu motosikletdə olduğu zaman avtoqəza baş vermişdir və nəticədə oğlu rəhmətə getmişdir. Onun şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hadisə olan gün, işdən çıxıb evinə gedirmiş. O, hadisə olan Hüseyin Cavid prospektində yaşayırmış. Onun maşınında videoregistrator aparatı quraşdırılı vəziyyətdə olmuşdur. Hadisə anının video görüntüləri onda mövcuddur. O, həmin motosikletin sürətinin saatda 35/km deyil, ondan daha yüksək sürətdə olduğunu bildirmiş. Raminin idarə etdiyi motosiklet öz xətti yolu ilə deyil əks istiqamətdə motosikleti idarə etmişdir və yolun əks istiqamətindən gəlmişdir. Onun maşınında olan videoregistrator vasitəsi ilə aydın görünmüşdür ki, Raminin idarə etdiyi motosiklet onun idarə etdiyi avtomaşının ön qabaq hissəsinin üzərindən keçmişdir və arxada oturan şəxsin dəbilqəsi olmamışdır. Motosikletin arxa oturacağında oturan şəxs avtoqəza nəticəsində motosikletdən uçmuşdur ağacın üzərinə ordanda daş hasarın üzərinə baş hissəsi üzrə düşərək dəymişdir. Motosikleti idarə edən Ramin isə motosikletin tutacaqlarından tutduğu üçün onun idarə etdiyi avtomaşının ön qabaq hissəsinə düşmüşdür. O, dərhal idarə etdiyi avtomaşından çıxaraq ilk öncə motosikleti idarə edən Raminə yaxınlaşmışdır. Raminin başında dəbilqə olduğunu görmüş motosikleti idarə edən Ramin ona baxmış və təzədən gözü yumulmuşdur. Ondan sonra o, motosikletin arxa oturacağında əyləşən olan şəxsin yanına yaxınlaşmış və onun qulaqlarından qanın gəldiyini görmüşdür. Ondan sonra o, təcili tibbi yardıma və polisə zəng vurmuşdur. Təcili tibbi yardım maşını gəldikdən sonra motosikletin arxa oturacağında əyləşmiş olan şəxsi təcili tibbi yardım maşınına qoyaraq aparmışlar. Polislər gəldikdən sonra onlar sərxoşluğun olub olmaması üçün ekspertizadan keçmiş və ondan sonra dərhal xəstəxanaya getmişlər. Sonra müstəntiq ilə birlikdə hadisə yerinə getmişlər və bütün olan hadisənin səbəbkarı kimi onu günahlandırmaq istəmişlər, o, avtomaşınında olan videoregistratorda olan video görüntüləri ortaya çıxartmadığı vaxt ərzində onu günahlandırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hadisə günü Ramin ilə birlikdə olmuşdur. Müəyyən işlər ilə əlaqədar Hüseyin Cavid prospekti ilə aşağı düşdükləri zaman, onlar dostlarını görmüşlər. Dostları playstation salona çay içməyə getdiklərini və onlarında ilə getmələrini təklif etmişlər. O, həmən dostlarla birlikdə getmişdir, Ramin isə özü tək gələcəyini bildirmişdir. Gedəcəkləri playstationa çatmağa 300-400 metr məsafə qalmış Ramin motosikleti saxlamışdır. Ramin playstationa 300-400 məsafə qalmış motosikleti saxladıqda, rəhmətə getmiş şəxs motosikletdə oturmaq istədiyini və Ramindən biraz gəzdirməsini istəmişdir. Xəyalın ürəyi istəyib oturduğu üçün Ramin Xəyalın istəyini geri çevirməmişdir və motosikletə oturub sürüb getmişlər. Ramin motosikleti sürüb getdikdən sonra onlarda playstation salona çay içməyə getmişlər. Playstation salonda çox az müddət oturduqdan sonra o, salondan çölə çıxaraq mobil telefon vasitəsilə Raminə zəng etmiş. Raminin istifadə etdiyi mobil telefon nömrəsinə zəng çatmamışdır. O, bir neçə dəfə olmaqla Raminin mobil telefon nömrəsinə zəng etsə də Raminin mobil telefon nömrəsinə zəng çatmamışdır. O, playstation salonun yanında dayanıb Raminin mobil telefon nömrəsinə yenidən təkrarən zəng etmək istədikdə, sağ tərəf yolda çoxlu sayda adamların yığışdığını görmüş, lakin ağlına gəlməmişdir ki, Ramin orda olar. Çoxlu sayda insanların yığışdığı istiqamətə getmək istədiyi zaman həmən hadisə olan yerdə motosiklet görmüş və qaçaraq hadisə yerinə getmiş, Raminin yerdə uzanıqlı olduğunu görmüşdür. Ramini yıxıldığı yerdən ayağa qaldırmaq istəmiş, Raminin ayaqları əzildiyi üçün qalxa bilmədiyini görmüşdür. Motosikletin arxa oturacağında əyləşmiş digər şəxsin isə yerə yıxıldığını və ətrafdakı insanların əllərini onun başına qoyduqlarını təcili tibbi yardım maşınını gözlədiklərini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan HAOJUE HJ HJ markalı 10 B 619 dövlət qeydiyyat nişanlı motosikleti satmaq qərarına gəlmişdir. O, həmin motosikleti dəqiq xatırlamadığı dekabr ayı 2019-cu il tarixdə Ramin adlı şəxsə 2.100 (iki min yüz) manata satmışdır. “Çin Respublikası” isthesalı olan HAOJUE HJ HJ markalı 10 B 619 dövlət qeydiyyat nişanlı motosikleti Ramin onun “Turbo.az” internet portalına yerləşdirdiyi elan vasitəsilə görmüş. Ramin onun “Turbo.az” saytına yerləşdirdiyi elanda olan nömrəsinə zəng edərək motosikleti almaq istədiyini bildirmişdir. O, Elmlər metro stansiyasının yaxınlığında Ramin ilə görüşmüş və Ramin motosikletə baxmışdır. O, Elmlər metro stansiyasının yaxınlığında Ramin ilə görüşüb razılaşdıqdan sonra motosikleti özü idarə edərək Ramingilin yaşadığı həyətə apararaq motosikleti orada saxlamışdır. O, Raminə notarial qaydada “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamə vermişdir. O, etibarnaməni verdikdən sonra Ramin 2.100 (iki min yüz) manat pulu ona vermişdir. Raminlə onun arasında hər hansı məbləğdə pul məsələsi qalmamışdır. Ondan sonra o, moto sikletin açarlarını Raminə təqdim etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə xx xxxxxxx 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 2 B saylı ünvana baxış keçirilmiş və bu barədə protokol, sxem və fotocədvəl tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Hadisə yerinə baxış zamanı aşkar edilən qan gölməçəsindən 4 (dörd) ədəd pambıq kəsiyinə hopdurularaq qan nümunələri götürülmüşdür. (iş vərəqə 9-20) Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə xx xxxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 məxsus HYUNDAİ TUCSON markalı ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında protokol tərtib edilmiş və nəqliyyat vasitəsində xarici zədə izləri aşkar edilmişdir. (iş vərəqə 50-55) Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş üzrə xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs məxsus HAOJUE HJ HJ markalı 10 B 619 dövlət qeydiyyat nişanlı motosiklə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında protokol tərtib edilmiş və nəqliyyat vasitəsində xarici zədə izləri aşkar edilmişdir. (iş vərəqə 56-61) Cinayət işi üzrə zərurət yarandığından Zərərçəkmiş şəxs1 xx xxxxxx 2019-cu il tarixdə təqdim etdiyi yaddaş kartı tipli məlumat daşıyıcısında baş vermiş yol-nəqliyyat hadisəsini qeydə alması ehtimal edilən görüntüyə xx xxxxxx 2019-cu il tarixdə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin görüntü 4789 KB yaddaş həcmlidir. Videoçarx 23 (iyirmi üç) saniyə ərzində davam etməklə görüntü ağlı-qaralı rəngdə qeydə alınır. Video görüntünün yuxarı sağ tərəfindən tarix 2019.10.20, saat isə 22:24:? kimi göstərilmişdir. Həmin tarixdə və saat radələrində görünür ki, yolun hərəkət hissəsi ilə hərəkətdə olan ağ rəngli markası və dövlət qeydiyyat nişanı görünməyən hündür tipli minik avtomobili sol tərəfindən gələn digər video görüntüyə düşməyən nəqliyyat vasitəsi ilə toqquşaraq dayanır. (iş vərəqə. 149-152) İş üzrə Təqsirləndirilən şəxs barəsində xx xxxxxxx 2019-cu il tarixdə saat 01:20-də sərxoşluq vəziyyətinin tibbi müayinəsi keçirilmiş, təqdim edilmiş 2/6724 nömrəli aktla sonuncunun ayıq olması müəyyən edilmişdir. (iş vərəqə 8) İş üzə DİN-in Baş Dövlət X10 tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim edilmiş 016- 107181-1219 nömrəli məktubla müəyyən edilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2015-ci il tarixdə AD seriyalı 119667 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcud deyil. (iş vərəqə 153-160) İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 875 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ qaşüstü nahiyənin, hər iki diz və sağ baldır nahiyələrinin əzilmiş yaraları küt əşyanın (əşyaların ) təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (iş vərəqə 34-36) İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 906 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 132 saylı rəyindən görünür ki:

1. Bakı Baş Səhiyyə X5 Mərkəzinin tərtib etdiyi C 6562 saylı stasionar xəstənin tibbi kartasında qeyd edilir ki, Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixdə saat 23:20 radələrində “Ağır kəllə beyin travması. Ağır dərəcəli baş beyin əzilməsi. Sağ gicgah-təpəənsə sümüyünün xətti, kəllə əsasında keçən sınıqları. Sağ alın-təpə nahiyənin subdural lövhəvari hematoması. Sağ budun diafizinin qapalı yerinidəyişmə ilə sınığı. Hər iki tərəfli otohemolikvoreya” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Aparılan intensiv terapiya və reanimasiya tədbirlərə baxmayaraq xəstə xx.xx.2019-cu il tarixdə saat 06:30-da xəstəxanada vəfat etmişdir. 2.Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi və xəstəxanada müyainəsi zamanı aşkar edilmiş xəsarətlər – açıq kəllə beyin travması, baş beyin toxumasına, onun qişaları altına və yan mədəciklərə qansızmalar, sağ gicgah-təpə-ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, sağ bud sümüyünün qapalı sınığı, hər iki göz yuvası nahiyəsinin hematoması, sol almacıq nahiyəsinin sağ bayır topuq nahiyəsinin və sağ diz oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölüm baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. 3.Zərərçəkmiş şəxs2 ölümünə səbəb- almış olduğu açıq kəllə beyin travması nəticəsində baş beyin toxumasına, onun qişaları altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölüm xx.xx.2019-cu il tarixdə saat 06:30-da X6 xəstəxanada baş vermişdir. Bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. 4.Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxxxx 2019cu il tarixli 27578 nömrəli rəyindən görünür ki: -hərəkət üçün təhlükə yaranan anda Hyundai Tucson markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 23,2 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. -hərəkət üçün təhlükə yaranan anda Hyundai Tucson markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 23,2 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycam Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Haojue markalı 10 B 619 dövlət qeydiyyat nişanlı motosiklin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanın) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Haojue markalı motosikli sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (iş vərəqə 171-175) İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28817 nömrəli rəydən görünür ki: 1.Təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 1500,00 manat olmuş, 2014-cü il buraxılışlı “HAOJUE HJ HJ” markalı 10 B 619 dövlət qeydiyyat nişanlı motosiklin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələri nəzərə alınmaqla təxminən 1350 (1500m-10%) manat müəyyən edilir. 2.Nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2007ci il buraxıışlı “Hyundai Tucson” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 4025,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 2915,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 1110,00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2896,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 1786,00 manat. Təmir-bərpa işlərinin qiyməti – 1110,00 manat. İş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 926/2019-MTBŞ nömrəli rəyindən görünür ki: 1.Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: Abeta (İİ).- 2.Ekspertizaya təqdim edilmiş hadisə yerində dörd ədəd pambıq topasına hopdurulmuş maddə ləkələri üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” antigeni alındı, “B” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. (iş vərəqə 186-190) İş üzrə hadisə yerindən götürülmüş 04 (dörd) ədəd pambıq kəsiyinə hopdurulmuş qan ləkələri, Zərərçəkmiş şəxs1 təqdim etdiyi və yaddaşında xx.xx.2019-cu il tarixli yolnəqliyyat hadisəsini qeydə alan görüntülər olan 01 ədəd yaddaş kartı, Hyundai Tucson markalı ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobili və Haojue HJ HJ markalı 10 B 619 dövlət qeydiyyat nişanlı motosikl maddi sübut qismində tanınmışdır. (iş vərəqə 213- 214) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və 59.1.13cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, iş üzrə məhkəmə xərci təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2019-cu il tarixli 27578 nömrəli rəyi üçün 109 (bir yuz doqquz) manat, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli 28817 nömrəli rəyi üçün 50 (əlli) manat olmaqla ümumilikdə 159 (yüz əlli doqquz) manat təşkil edir. Bu cinayət işi üzrə cinayət hadisəsinin olması, həmin əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin həmin cinayətin törədilməsinə aidiyyati, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmiş, əməli ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar olmamış, cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cəzalandırılmalı və ona təyin edilmiş cəza çəkilməlidir. Həmçinin Təqsirləndirilən şəxs əsas cəza kimi azadlıqdan məhrum etmə cəzası, əlavə cəza kimi nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Əmlak üzərinə həbs qoyulmamış, xüsusi qərarın çıxarılmasına ehtiyac yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci təyin edilmiş məhkmə-yolnəqliyyat hadisələri ekspertizasının xx.xx.2019-cu il tarixli 27578 nömrəli rəyi üçün 109 (bir yüz doqquz) manat, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu i tarixli 28817 nömrəli rəyi üçün 50 (əlli) manat olmaqla ümumilikdə 159 (bir yüz əlli doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan – hadisə yerindən götürülmüş 04 (dörd) ədəd pambıq kəsiyinə hopdurulmuş qan ləkələri Yasamal RPİ- maddi sübutların saxlanc otağında, Zərərçəkmiş şəxs1 təqdim etdiyi və yaddaşında xx.xx.2019-cu il tarixli yol-nəqliyyat hadisəsini qeydə alan görüntülər olan 01 ədəd yaddaş kartı iş materiallarında, Hyundai Tucson markalı ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobili iş üzrə Zərərçəkmiş şəxs1, Haojue HJ HJ markalı 10 B 619 dövlət qeydiyyat nişanlı motosikl isə iş üzrə Təqsirləndirilən şəxs saxlanılır (iş vərəqə 183-184, 234) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 260 (iki yüz altmış) manat miqdarında, həmçinin məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış fərdi qaydada fəaliyyət göstərən vəkil “Mərkəz vəkil” bürosunun vəkili X4 60 manat miqdarında pul ödənilməlidir. Həmçinin Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən şüphəli şəxs qismində saxlanılması nəzərə alınsın. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. xx xxxxxx 2019-cu il tarixdən şübhəli şəxs kimi və ev dustaqlığı kimi saxlanıldığı müddət onun cəza müddətinə hesablanmaqla cəzasının əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssiəsində çəksin. Barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 159 (yüz əlli doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan – Yasamal RPİ-nin maddi sübutların saxlanc otağında saxlanılan hadisə yerindən götürülmüş 04 (dörd) ədəd pambıq kəsiyinə hopdurulmuş qan ləkələri məhv edilsin. Zərərçəkmiş şəxs1 təqdim etdiyi və yaddaşında xx.xx.2019-cu il tarixli yol-nəqliyyat hadisəsini qeydə alan görüntülər olan 01 ədəd yaddaş kartı iş materiallarında saxlanılsın. Hyundai Tucson markalı ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilin iş üzrə Zərərçəkmiş şəxs1, Haojue HJ HJ markalı 10 B 619 dövlət qeydiyyat nişanlı motosikl isə iş üzrə Təqsirləndirilən şəxs saxlanılması nəzərə alınsın. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesabına Müdafiəçi 260 (iki yüz altmış) manat miqdarında, həmçinin məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış “Mərkəz vəkil” bürosunun vəkili X4 ödənilməsi üçün 60 (altmış) manat miqdarında pul ödənilsin. Hökm elan edildiyi (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar