Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-395/2023 25.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:20 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 100 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkmə, yetişdirmə və onları (onların hissələrini) toplamaqla kuitivasiya etmiş, həmçinin satış məqsədi ilə külli miqdarda narkotik vasitə hazırlamış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkmək, yetişdirmək və onları (onların hissələrini) toplamaqla kuitivasiya etmək, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hazırlamaq, saxlamaq və satmaq üçün qanunsuz olaraq naməlum mənbədən istintaqa məlum olmayan vaxtda və şəraitdə əldə etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin may ayında özünə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 100 ünvanında yerləşən yaşayış sahəsinin arxa hissəsində yerləşən yarımçıq tikilidə əkib onların cücərməsinə nail olduqdan sonra bitkiləri həmin yarımçıq tikilidə quraşdırdığı taxtaların üzərindəki dibçəklərdə əkməklə 30 iyul 2022-ci il tarixədək olan müddət ərzində külli miqdarda 286 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qulluq göstərməklə onları yetişdirərək və hissələrini toplayaraq kultivasiya etmiş, kultivasiya etdiyi tərkibində narkotik maddələr olan həmin çətənə (kannabis) bitki kollarından toplayıb kustar üsulla hazırladığı külli miqdarda 9520 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 100 ünvanında yaşadığı evin arxa hissəsində yerləşən birinci yarımçıq tikilidə qanunsuz saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdə saat 15:40-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 100 ünvanının qarşısında saxlanıldıqdan sonra həmin ünvanda yerləşən yaşayış sahəsinin arxa hissəsində yerləşən yarımçıq tikiliyə sonuncunun razılığı və iştirakı ilə keçirilən baxış zamanı orada əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda 286 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsində yerləşən birinci yarımçıq tikilinin sağ tərəfində küncdə təqdim etdiyi 01 ədəd sintetik torbadan külli miqdarda - ümumi təmiz çəkisi 9520 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, təqribən 10 il narkotik vasitə olan marixuana istifadə etmişdir. Qurudulmuş marixuana istifadə etdiyinə görə mütəmadi olaraq şəxsi istifadəsi üçün çətənə kolları əkmişdir. Ancaq o, heç vaxt çoxlu miqdarda kol əkməmişdir. Ancaq öz istifadəsi üçün əkmiş və yalnız özü istifadə etmişdir. O, əvvəllər əkdikcə çətənə bitkisinin toxumlarını saxlamışdır. Evinin arxa tərəfindən olan tikilidə həmin toxumları dibçəklərdə əkmişdir. 30 iyul 2022-ci il tarixdə saat 15:40 radələrində yaşadığı ünvan 2 ünvanda olduğu zaman həyətin giriş qapısının döyüldüyünü eşitmişdir. Gedib qapını açıb çölə çıxan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O da həmin şəxslərə özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. Daha sonra yaşadığı ünvanda narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olub-olmadığını, yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz edib-etmədiyini soruşmuşlar. O, səmimi olaraq yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkib becərdiyini etiraf etmiş və baxışın keçirilməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə yazıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla yaşadığı ünvana baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı ona yaşadığı ünvanda olan narkotik vasitə və psixotrop maddələri, həmçinin kultivasiya etdiyi tərkibində narkotik maddələr olan bitkiləri təqdim etməsi təklif olunmuşdur. O, iştirakçıları evin həyətinə dəvət edərək tərkibində narkotik maddələr olan bitkiləri yaşayış sahəsinin arxa hissəsində yerləşən yarımçıq tikilidə əkib-becərdiyini, həmin sahəni göstərə biləcəyini bildirmişdir. O, həmin sahəyə keçidin həm həyət hissədən, həm də evin içindən olduğunu, amma həyət hissədən olan keçidin hasarın üstündən keçməklə təhlükəli olduğunu bildirərək evin içindən olan keçiddən keçmələrini təklif etməklə iştirakçıları yaşadığı evə dəvət etmişdir. Evin dəhliz hissəsinin baş tərəfində yerləşən soyuducunu kənara çəkərək soyuducunun arxa hissəsində yerləşən kiçik ölçülü keçid hissəsini göstərmiş və həmin hissədən arxa tərəfdə yerləşən yarımçıq tikiliyə keçməli olduqlarını bildirmişdir. Onlar göstərilən yerdən arxa tərəfə keçdikdən sonra həmin hissədə yerləşən mişar daşı ilə hörülmüş iki yarımçıq tikilidə olan narkotik tərkibli çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. O, həmin bitkiləri əkməmişdən əvvəl bitkilərin üzərinə günəş şüalarının yaxşı düşməsi üçün hər iki yarımçıq tikilinin içində təxminən 2,5 metr hündürlükdə taxtalar quraşdırdığını və bitkiləri dibçəklərdə əkib həmin taxtaların üzərinə qoyduğunu bildirmişdir. Baxışda iştirak etməsi üçün dəvət olunmuş aqronom-mütəxəssis həmin bitkilərə baxış keçirərək bitkilərin narkotik xassəli çətənə bitkiləri olduğunu, torpaqda suvarılma əlamətləri aşkar edildiyini və bitkilərin tam inkişaf etdiyini bildirmişdir. Sorğu zamanı o, yaşadığı ünvanda yerləşən yarımçıq tikililərdə əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, 2022-ci ilin may ayının sonlarında özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su verərək qulluq etdiyini, özünün uzun illərdir marixuana qəbul etdiyini, bitkiləri əkməkdə məqsədinin özü istifadə etmək və eyni zamanda maddi marağı olmadan tanışlarına vermək olduğunu bildirmişdir. Bundan sonra dibçəklərdə əkdiyi narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən bir-bir çıxarılıb sayılmış və tam yığılıb qurtardıqdan sonra birinci yarımçıq tikilidən 81 ədəd, ikinci yarımçıq tikilidən isə 205 ədəd olmaqla ümumilikdə 286 ədəd kol çıxarılmışdır. Bundan sonra aşkar olunmuş narkotik tərkibli çətənə kolları polis əməkdaşları tərəfindən 2 ədəd sellofanda qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Dibçəklərdə olan marixuananı özü əkmişdir, ona verilən ittihamda da saylar düzgün göstərilmişdir. Amma ağ kisəyə yığılan maddələr narkotik vasitə olmamış, əkdiyi narkotik tərkibli bitkilərin yaxşı inkişaf etməsi üçün onların dibindən çıxardığı alaq otları olmuşdur. Polis əməkdaşları isə həmin alaq otlarını torbaya yığaraq onların da narkotik vasitə olduğunu deyib onu şərləmişlər. Halbuki, onlar alaqdan və zirzibildən başqa bir şey deyildir. Daha sonra baxış davam etdirilmiş, amma yaşadığı ünvandan qanunsuz digər əşya və predmetlər aşkar edilməmişdir. Baxış zamanı yaşadığı ünvandan dəhliz hissədən aşkar edilmiş ona məxsus olan 1 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun üzərinə baxış keçirilmiş, üzərindən 1 manat pul, 1 ədəd siqaret qutusu və 2 ədəd alışqan aşkar olunmuş, həmin əşyalar özünə qaytarılmışdır. Bundan sonra o, polis əməkdaşları tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə yaşadığı ünvana baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və baxış keçirilərkən ona qarşı hər hansı bir təzyiq olmamışdır. Onun narkotik tərkibli çətənə bitkiləri əkməsi barədə heç kimin məlumatı olmamış, həmin bitkilərə yalnız təklikdə qulluq etmişdir. Aşkar edilmiş bitkilərə mütəmadi qulluq etmiş, su vermiş, solmuş yarpaqlarını təmizləmişdir. O, narkotik tərkibli bitkiləri kiminsə sifarişi ilə əkməmiş, onların satışı ilə məşğul olmamışdır. Yalnız öz istifadəsi üçün əkmişdir. Törətdiyi əməldən peşmandır. Qeyd olunanları nəzərə alaraq qurudulmuş marixuana ilə bağlı hissəni onun ittihamından çıxarılmasını, ona ancaq əkdiyi çətənə kolları ilə bağlı cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dindirilərkən verdiyi, məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadələrində əsasən oxşar məzmunlu ifadə vermiş, bununla belə məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq göstərilmişdir ki, ona yaşadığı ünvanda olan narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş əşya və predmetlər varsa təqdim etməsi təklif edilmişdir. O da əkib-becərdiyi çətənə bitkisi kollarının yarpaqlarını yığıb qurudaraq həmin yarımçıq tikilidə kisənin içində gizlədib saxladığını, həmin kütləni də təqdim edə biləcəyini bildirmiş və birinci yarımçıq tikilinin içində sağ tərəfdə künc hissədə olan ağ rəngli 1 ədəd sintetik kisəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin sintetik kisə açıldıqda kisənin içərisindən qurudulmuş marixuana aşkar olunmuşdur. Sorğu zamanı o, təqdim etdiyi sintetik kisənin içində olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı ünvanda əkdiyi narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarını yığıb qurudaraq əldə etdiyini və çətənə bitkilərini əkdiyi yarımçıq tikilinin içində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar olunduğu 1 ədəd sintetik kisədə qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 62-65, 78-81, 88-93, 173-175). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş, ifadəsi tədqiq edilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 30 iyul 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Maştağa qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edib saxlayaraq dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 30 iyul 2022-ci il tarixli qərar çıxarılmışdır. Baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid4, xüsusilə mühüm işlər üzrə baş təhqiqatçı X1 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Həmin qərarın icra edilməsi ilə əlaqədar 30 iyul 2022-ci il tarixdə saat 15:40-da tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 100 ünvanının qarşısına getmişlər. Həmin ünvanın giriş qapısı döyüldükdə qapını açan bir nəfər kişi cinsli şəxsə özlərini təqdim etmişlər və həmin şəxsdən anket məlumatlarını bildirməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməkdə, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlayaraq dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs "Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında" qəbul edilmiş qərarla tanış edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı həmin ünvanda narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini, həmin sahəni göstərə biləcəyini deyərək yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs və baxışda iştirak edən aqronom mütəxəssis X3 hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, sonuncu da buna etiraz etməmişdir. Baxışın keçirilməsi Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində, yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələr və psixotrop maddələri, həmçinin kultivasiva etdiyi tərkibində narkotik maddələr olan bitkiləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri yaşadığı evin arxa hissəsində yerləşən yarımçıq tikilidə əkib-becərdiyini deyərək həmin sahəni göstərə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin sahəyə keçidin həm həyət hissədən, həm də evin içindən olduğunu, amma həyət hissədən olan keçidin hasarın üstündən keçməklə təhlükəli olduğunu deyərək evin içindən olan keçiddən keçməyi təklif etmişdir. Təqsirləndirilən şəxs evin dəhliz hissəsinin baş tərəfində olan soyuducunu kənara çəkərək soyuducunun arxa hissəsində yerləşən kiçik ölçülü keçid hissəsini göstərib həmin hissədən arxa tərəfdə yerləşən yarımçıq tikiliyə keçməli olduqlarını bildirmişdir. Onun göstərdiyi yerdən arxa tərəfə keçdikdən sonra həmin hissədə daş ilə hörülmüş iki yarımçıq tikilinin olduğu müəyyən edilmişdir. Baxış zamanı hər iki yarımçıq tikilinin içində 2.5 metr hündürlükdə quraşdırılmış taxtaların üzərində olan dibçəklərdə 80-110 sm hündürlükdə bitkilərin əkildiyi məlum olmuşdur. Baxışda iştirak etməsi üçün dəvət olunmuş aqronom-mütəxəssis Ramis Bayramov həmin bitkilərə baxış keçirib onların narkotik xassəli çətənə bitkiləri olduğunu, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini və kultivasiva edildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda yerləşən yarımçıq tikililərdə əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, 2022-ci ilin may ayının sonlarında özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su verərək qulluq etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs özünün uzun illərdir narkotik vasitə olan marixuana qəbul etdiyini, bitkiləri əkməkdə məqsədinin özü istifadə etmək və eyni zamanda maddi marağı olmadan tanışlarına vermək olduğunu bildirmişdir. Bundan sonra dibçəklərdə əkilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir-bir çıxarılıb sayılmış və tam yığılıb qurtardıqdan sonra birinci yarımçıq tikilidən 81 ədəd, ikinci yarımçıq tikilidən isə 205 ədəd olmaqla aşkar olunmuş bitkilərin ümumi sayının 286 ədəd olması müəyyən edilmişdir. Aşkar olunmuş narkotik tərkibli çətənə bitkilərinə oxşar kollar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 02 ədəd sellofanda qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağan edilmiş əşya və predmetlər varsa həmin maddələri və əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə bitkisi kollarının yarpaqlarını yığıb qurudaraq həmin yarımçıq tikilidə kisənin içində gizlədib saxladığını bildirərək birinci yarımçıq tikilinin içində sağ tərəfdə künc hissədə olan ağ rəngli 01 ədəd sintetik kisəni təqdim etmişdir. Həmin sintetik kisə açıldıqda kisənin içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sintetik kisənin içində qurudulmuş marixuanaya oxşar kütləni yaşadığı ünvanda əkdiyi narkotik tərkibli çətənə bitkilərinin yarpaqlarını yığıb qurudaraq əldə etdiyini və çətənə bitkilərini əkdiyi yarımçıq tikilinin içində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd sintetik kisədə qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilmiş, amma Təqsirləndirilən şəxs yaşadığı ünvandan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin dəhliz hissəsindən aşkar edilmiş ona məxsus olan 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən 1 manat pul, 01 ədəd siqaret qutusu və 02 ədəd alışqan aşkar olunmuşdur. Aşkar edilmiş əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunaraq ona təqdim olunmuş, sonuncu da vəkilə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslə müdafiəçinin konfidensial ünsiyyət saxlamaları üçün müvafiq şərait yaradılmış və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş, ifadələri tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid3, Şahid4 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiqi olunmuş Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 123- 126). Məhkəmədə şahid qismində dindirilmiş, ifadəsi tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin baş eksperti X4 göstərdi ki, cinayət işi üzrə müvafiq qərar əsasında ekspert kimi təqdim olunan maddi sübutları özü tədqiq etmişdir. Qurudulmuş marixuana kimi bildirilən maddə sellofan kisədə təqdim edilmişdir. Kisə açıldıqda müəyyən olunmuşdur ki, çətənə bitkisinin yarpaqları və digər hissələri yığılıb kisəyə doldurulmuşdur. Tədqiqat zamanı təqdim olunan bitkilərin hamısının qurudulmuş marixuana olması müəyyənləşdirilmişdir. Həmin torbada qurudulmuş marixuana olmayan heç bir alaq bitkisi qalıqları, kənar qalıqlar olmamışdır. Yığılan yarpaqlar alaq otları deyildi, hamısı marixuana olmuşdur. Marixuana bitkisinin bütün hissələrindən, o cümlədən budaqlarından marixuna əldə etmək mümkündür. Marixuananın yalnız kökündən və gövdəsindən marixuana əldə etmək mümkün deyildir. Həmin torbada isə kök və gövdə hissələri olmamışdır. Bu bitkinin bütün qalan hissələrinin ovulub hazırlanmışı da, böyük hissələrdə saxlanılması da qurudulmuş marixuana kimi qəbul olunur. Həmin sintetik torbada olan marixuana xırdalanmış və qurudulmuş halda və istifadəyə yararlı olmuşdur. Marixuananın istifadəyə yararlı hissələri yarpaq, budaq və baş hissəsidir. Torbanın içərisində onlar olmuşdur. Marixuana bitkinin inkişafının axırıncı mərhələsində əmələ gəlir, sonra onu doğrayıb qurudurlar. İnkişafın ilkin mərhələsindən marixuana çıxmır. Bundan əlavə ekspertizaya yaş halda olan çətənə bitkisi təqdim olunmuşdu, torbadakı qurudulmuş marixuana ilə onlar eyni tərkibli bitki idi. Həmin maddələrin narkotik tərkibli olmasını tomoqrafiq zərdab üsulu ilə müəyyən etmişlər, həm də kamera altında işləmişlər. Uzun illər ekspert kimi məhz bu sahədə fəaliyət göstərmişdir və verdiyi rəyin əsaslılığına hər hansı şübhə doğuran məqam olmadığına əmindir. Məhkəmədə şahid qismində dindirilmiş, ifadəsi tədqiq edilmiş X5 göstərdi ki, Təqsirləndirilən şəxs həyətində baxışda mütəxəssis kimi iştirak etmişdir. Həmin ünvandan yaş və quru marixuanalar aşkar olunmuşdur. Baxış başlayanda həyətdən keçib gizlin keçiddən çıxandan sonra dibçəkdə əkilmiş təxminən 80-110 sm hündürlüklərində 286 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Həmin bitkilərin 2 metrə kimi böyümə qabiliyyəti vardır. Aşkar olunanlar hələ tam yetişməmişdi, tam yetişkənlik dövründə deyildilər. Həm də kisədə quru marixuana da aşkar olunmuşdur. Kisədə olan bitkilər çətənə bitkisinin yarpaq və zoğ hissələri olmuşdur. Zoğ dedikdə yarpaqla gövdə arasında olan hissə nəzərdə tutulur. Gövdə zoğa aid deyildir. Məhkəmə araşdırması zamanı maddi sübut olan qurudulmuş marixuana möhürlənmiş kisədə məhkəməyə gətirilərək açılmış, ekspertin, mütəxəssisin iştirakı ilə məhkəmə iclas zalında tədqiq olunmuşdur. Bilavasitə tədqiq edilən qururudulmuş kütlə ilə bağlı mütəxəsis və ekspert birmənalı olaraq rəydə və ifadələrində göstərdikləri kimi kisədəki kütlənin bütünlüklə qurudulmuş marixuana olduğunu, içərisində heç bir başqa qarışığın və kənar maddələrin olmadığını təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Baxış və götürmə aparılması haqqında 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 100 ünvanına keçirilmiş baxış zamanı yaşayış sahəsinin arxa hissəsində yerləşən yarımçıq tikilidə əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş 286 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin evin arxa hissəsində yerləşən birinci yarımçıq tikilinin sağ tərəfində küncdə 01 ədəd sintetik torbada 9520 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin istintaq həəkəti zamanı video çəkilişdən istifadə olunmuş və müvafiq disk protokola əlavə olunmuşdur. (cild 1, iş vərəqə 32-36). Məhkəmə-bioloji ekspertizasının 31 iyul 2022-ci il tarixli, 7/852 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Quliyev Ramiz Kəbləağa oğlunun yaşadığı..." yazıları və imzalar olan 01 ədəd ağ rəngli sintetik torbadakı təmiz çəkisi - 9520 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” yazıları və imzalar olan 02 ədəd şəffaf polietilen bağlamalardakı sayı 286 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 61220 (61 kq 220 qram) qram olan bitki nümunələri öz aralarında eyni olub əkilibbecərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim edilmiş marixuana və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra qurudulmuş marixuananın qalıq çəkisi 9519,8 qram, narkotik tərkibli çətənə bitkilərinin qalıq çəkisi 61219,15 qram təşkil etmişdir (cild 1, iş vərəqə 47-51). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 sentyabr 2022-ci il tarixli, 5475 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur (cild 1, iş vərəqə 143-144). Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat tapşırığına verilmiş 23 avqust 2022-ci il tarixli, 007-9184-1222 nömrəli cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş çətənə kollarını satış məqsədi ilə əkib yetişdirməsi və narkotik vasitə qurudulmuş marixuananı da satış məqsədi ilə hazırlayıb saxlaması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi çətənə toxumlarını nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 98). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 103-104). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Qeyd olunan Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə marixuana və 16 ədəddən artıq çətənə bitkisi küli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs qurudulmuş marixuananın ona heç bir aidiyyatının olmamasına, ağ kisəyə yığılan maddələrin narkotik vasitə yox, əkdiyi narkotik tərkibli bitkilərin yaxşı inkişaf etməsi üçün onların dibindən çıxardığı alaq otları olmasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərini külli miqdarda əkməsini, yetişdirməsini və onları (onların hissələrini) toplamaqla kuitivasiya etməsini, həmçinin satış məqsədi ilə külli miqdarda narkotik vasitə hazırlamasını və saxlamasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, ekspert rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni əkib-becərdiyi çətənə bitkisi kollarının yarpaqlarını yığıb qurudaraq yarımçıq tikilidə kisənin içində gizlədib saxlamasına dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 25, 88-93). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 iyul 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9519,8 qram təşkil edən qurudulmuş marixuana və narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 9519,8 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 286 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilsin; - Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-395/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-395/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver