Məhkəmə qərarları › İş №1(101)-396/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-396/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-396/2021 02.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Quba rayonunun İkinci Nügədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən cəzası 1 il sınaq müddəti ilə şərti hesab olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək üzərində 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlamış və üstündə daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 1,752 qram olan narkotik vasitə heroini və külli miqdarda - təmiz çəksi 2,779 qram olan psixotrop maddə - metamfetamini əldə edib “Winchester” markalı siqaret qutusunda saxlayaraq üzərində daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X9 əməkdaşları xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Gənclər şəhərciyi ərazisində xidmətdə olduqları zaman karantin rejimi ilə əlaqədar ona yaxınlaşıb sənədlərini soruşmuş, özünü şübhəli aparmağa başlayan Təqsirləndirilən şəxs sənədi olmadığını deyərək üzərində şəxsi istehlakı üçün narkotik vasitə olduğunu bildirmiş, bundan sonra Abşeron rayon Polis İdarəsinə gətirilmiş və xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindəki 01 ədəd “Winchester” markalı siqaret qutusunda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı bir ədəd sellofan bükülüdə təmiz çəkisi 1,752 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd sellofan bükülüdə təmiz çəkisi 2,779 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yalnız şəxsi istehlakı üçün narkotik vasitə və psixotrop maddə əldə etməkdə təqsirli bilərək göstərdi ki, əvvəllər törətdiyi əmələ görə məhkumluq həyatını başa vurduqdan sonra narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Əsasən rayonda yaşamış və fərdi təsərrüfatla məşğul olmuşdur. Yalnız heroin və metamfetamin qəbul etmiş, başqa növ narkotik vasitə istifadə etməmişdir. Heroini və metamfetamini Bakı şəhərində tanımadığı müxtəlif şəxslərdən almışdır. Həmin şəxslərin kimliyini, əlaqə vasitələrini, harada yaşadıqlarını bilmir. Lazım olanda əsasən metronun “Əhmədli”, “Neftçilər”, “Həzi Aslanov” stansiyalarının ətrafında gəzişərək tanımadığı şəxslərdən öz istifadəsi üçün heroin və metamfetamin almışdır. Heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhərinin Yasamal rayonu ərazisində - metronun “İnşaatçılar” stansiyasının yaxınlığında olduğu zaman yerdə bir ədəd “Winchester” markalı siqaret qutusu görmüş, həmin siqaret qutusunun ağzı açıq olduğuna görə içərisində olan şəffaf sellofan kəsiyi diqqətini cəlb etdiyindən qutunu yerdən götürüb baxarkən içərisində sellofana bükülmüş 2 büküm görmüşdür. Həmin bükümləri açıb baxdıqda birində heroin, digərində isə metamfetamin olduğunu görmüşdür. Növbəti gün isə onun doğum günü olduğu üçün, həm də doğum gününü rayonda doğmalarının yanında keçirmək üçün rayona getməyi planlaşdırdığından özünün istifadəsi üçün həmin bükümləri yenidən eyni qutuya yerləşdirərək şalvarının sol yan cibinə qoymuşdur. Karantin rejimi ilə əlaqədar rayona gediş-gəliş çətinləşdiyindən gecə vaxtı bəlkə taksi ilə gedə biləcəyini fikirləşmişdir. Ona görə də şəhərdə bir neçə saat vaxt keçirdikdən sonra rayon taksilərinin olduğu “20 Yanvar” dairəsinə getmiş, amma Qubaya gedən və onu apara biləcək maşın tapa bilməmişdir. Artıq xx xxxx 2020-ci il tarixdə gecə saat təxminən 02 radələrində Sumqayıt şəhərinə gedən bir taksiyə minib yolüstü maşın tapa biləcəyi ümidi ilə Bakı-Quba şossesinin kənarında yerləşən “Abşeron Gənclər şəhərciyi”nin qarşısına gəlmişdir. Karantin vaxtı icazəsiz gecə vaxtı küçədə olduğundan onu hansısa polis əməkdaşının görə biləcəyindən də ehtiyatlanmışdır. Taksidən düşəndan sonra yaxınlıqda olan mağazadan siqaret almaq istəmiş, bu zaman gözləmədiyi halda haradansa iki nəfər polis əməkdaşı çıxmış və ona yaxınlaşıb xüsusi karantin rejimi ilə bağlı yaşayış yerini tərk etmək üçün icazəsinin olub-olmadığını soruşmuşlar. Belə bir icazəsi olmadığından, həm də üstündə heroin və metamfetamin olduğundan özünü itirmişdir. Bu vəziyyətini polislər də hiss etmiş və özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmiş, xüsusi karantin rejimi ilə bağlı yoxlanıldığını bildirmişlər. Heç bir sənədi olmadığını bildirdikdə polis əməkdaşları üzərində qanunsuz nəsə bir şey olub-olmadığını soruşmuşlar. O da yalan danışmağın mənasız olduğunu görüb səmimi şəkildə üzərində şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə bükümləri olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinə aparmışlar. İdarədə təhqiqatçı tərəfindən onu gətirmiş polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış başlanmazdan əvvəl ona edilən təklif əsasında özü könüllü olaraq göy rəngli cins şalvarının sol yan cibində saxladığı, üzərində olan “Winchester” markalı siqaret qutusunda sellofan kəsiyinə bükülmüş bir büküm heroini və şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm metamfetamini çıxardıb təqdim etmişdir. Polislər onun təqdim etdiyi “Winchester” markalı siqaret qutusuna, həmçinin içərisində olan iki ədəd bükümə baxış keçirmiş, onları zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiqləmişdir. Bununla da ad gününə gedib çıxa bilməmiş, elə ad günündəcə tutulmuşdur. İbtidai istintaq vaxtı da eyni məzmunda ifadə vermiş, müstəntiq tərəfindən tərtib olunmuş ifadələri imzalamış, hər dəfə də müstəntiqlə görüşərkən ona əməlinə görə, yəni istifadəçi kimi ittiham verilməli olduğunu bildirmiş və bunu xahiş etmiş, amma heç nəyə baxılmadan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Özü narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkoman kimi ağrıları ilə bağlı müntəzəm olaraq yalnız öz istifadəsi üçün kiçik çəkilərdə heroin və metamfetamin əldə edib istifadə etmişdir. Kimsəyə narkotik vasitə satmamış, bunun üçün ümumiyyətlə heç vaxt maddi imkanı da olmamış, öz istifadəsi üçün narkotik vasitə almağa pulu böyük çətinliklə tapmışdır. Ona görə də məhkəmədən işinə qanunlara uyğun baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Əlahiddə X9 12-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 03 radələrində Əlahiddə X9 polis nəfəri, polis kiçik serjantı Şahid1 ilə birlikdə Abşeron rayonundakı Gənclər şəhərciyində xidmətdə olarkən “Abşeron” marketin yaxınlığında bir nəfər şəxsin taksidən düşdüyünü görüb ona yaxınlaşmışlar və xüsusi karantin rejimi ilə əlaqədar yaşayış yerini tərk etmək üçün icazəsinin, həmçinin şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşmuşlar. Həmin şəxs üzərində hər hansı sənədinin və karantin rejimi ilə yaşayış yerini tərk etmək üçün icazəsinin olmadığını bildirmişdir. Həyəcanlandığı aşkar görünən bu şəxsdən şübhələnmişlər və üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olubolmadığını soruşmuşlar. Tanımadıqları və əvvəllər heç vaxt rastlaşmadıqları bu şəxs səmimi olaraq üzərində özünün istifadəsi üçün əldə etdiyi iki büküm narkotik vasitə olduğunu bildirmişdir. Həm karantin rejimi qaydalarını pozduğu, həm də üzərində narkotik vasitə olduğunu etiraf etdiyi üçün həmin şəxsi müvafiq qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinə aparmışlar. Şahid1 ilə birlikdə idarə rəisinin adına saxlanma səbəbləri ilə bağlı rəsmi raport yazıb imzalayaraq şəxsi təhvil vermişlər. Orada şəxsiyyəti müəyyən edilərək onun 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Sonra təhqiqatçı tərəfindən onların, habelə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Qabaqcadan Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış başlanarkən könüllü təqdim etmə barədə təklifdən sonra Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibində saxladığı, içərisində bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülü olan “Winchester” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş və həmin qutudakı bükümlərin birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin olduğunu demiş, bunları xx xxxx 2020-ci il tarixdə metronun “İnşaatçılar” stansiyasının yaxınlığından tapdığını, öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən başqa qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr kağız zərfə qoyularaq möhürlənmiş, sonda protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Karantin rejimi ilə bağlı yoxlanılması üçün yaxınlaşdıqları Təqsirləndirilən şəxs əvvəllər tanımamış, bu şəxsin barəsində qabaqcadan planlaşdırılmış şəkildə heç bir tədbir keçirilməmiş, aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni həmin şəxsin satış məqsədilə əldə etməsi ilə bağlı nə saxlandığı anda, nə də sonradan heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Əlahiddə X9 polis nəfəri Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə olunmuş qeyd olunan prosesin videoçəkilişinin köçürüldüyü bir ədəd CD diskdən, habelə diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, Abşeron rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən sonuncu axtarış başlanmazdan əvvəl əynindəki şalvarının cibindəki 01 ədəd siqaret qutusunun içərisində olan iki ədəd bükümü təqdim etmiş, həmin narkotik vasitələri metronun “İnşaatçılar” stansiyasının yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir (cild 1, iş vərəqə 25-27, 132). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/1272 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə təmiz çəkisi 1,752 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 2,779 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1,702 qram, metamfetaminin qalıq çəkisi 2,729 qram təşkil etmişdir (cild 1, iş vərəqə 32-35). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxxx 2020-ci il tarixli 2542 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur (cild 1, iş vərəqə 116-117). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində qeydiyyatda olduğu İnzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir şifahi və ya yazılı şikayət daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 101). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından, müvafiq hökmün və qərarın surətlərindən görünür ki, Qasımov X3 Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası 1 il sınaq müddəti ilə şərti hesab olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 181.2.1, 181.2.2, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli hökmü üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək üzərində 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx xxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild 1, iş vərəqə 75-76, 85-98, 101- 107). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı təkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. O, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Lakin bu hal onun əməlində cinayətlərin residivini yaratmır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə məhkum olunduğu cinayət əməllərini 2011-ci ilin yanvar ayında, yəni yetkinlik yaşına çatmadığı dövrdə törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni, psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Müstəntiq sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarında da elan edilmiş ittihamın təsdiqi kimi təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, şəxsi axtarış və götürmə haqqında protokolu sübut növü kimi qiymətləndirmək barədə yekun qənaətə gəlmişdir (cild 1, iş vərəqə 139). Halbuki, həmin sübutların heç biri elan edilmiş ittihamı təsdiq etmir. Əksinə, bu sübutlar yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş əməlin törədildiyini təsdiq edir. Təqsirləndirilən şəxsin narkotik vasitəni və ya psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə aidiyyəti ilə bağlı hər hansı məlumat və ya material mövcud olmamış, yalnız təsadüf nəticəsində - gecə vaxtı ərazidə xidmətdə olan Əlahiddə X9 polis nəfərləri tərəfindən xüsusi karantin rejimi ilə bağlı yoxlama üçün saxlanmış, həmin vaxt həyəcanlı vəziyyətə düşərək özünü şübhəli apararkən müvafiq şifahi sorğu zamanı könüllü olaraq üzərində şəxsi istifadəsi üçün nəzərdə tutduğu narkotik vasitə və psixotrop maddə olduğunu etiraf etmişdir. İbtidai araşdırmanın bütün müddəti ərzində də Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni özünün şəxsi istehlakı üçün əldə etdiyini bildirməsinə, onu saxlamış və şahid kimi dindirilmiş iki polis nəfərinin də ifadələrində satış məqsədini ehtiva etməyə imkan verə biləcək heç bir məqam olmamasına baxmayaraq qeyd olunan ifadələrin də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə prosesində onun üzərində tapılmış narkotik vasitənin və psixotrop maddənin - maddi sübutların mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını səmimi etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni və ya psixotrop maddəni qanunsuz əldə etmə ittihamını irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs 2,779 qram metamfetamin və 1,752 qram heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün etiraf ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, onu saxlamış polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, onu bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş Əlahiddə X9 polis nəfərləri Şahid1 və Şahid2 da məhkəmədə verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumatları olunmamışdır. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə psixotrop maddənin yalnız külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. X1rşı işində X7 Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X7 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X8rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxx 2020ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 23, 62-63). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxx 2020ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 2,729 qram təşkil edən metamfetamin və qalıq çəkisi 1,702 qram təşkil edən heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videoçəkilişin köçürüldüyü bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Abşeron rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində, ibtidai istintaq mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Abşeron rayon Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Abşeron rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,702 qram təşkil edən heroin və qalıq çəkisi 2,729 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videoçəkilişin köçürüldüyü bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Abşeron rayon Vəkil Bürosunun hesabına X6 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar