Məhkəmə qərarları › İş №1(101)-397/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-397/2025

11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-397/2025 11.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Ələkbərli Roman Nəriman oğlu və Məcidov X9 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəklili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərcüməçilər: X3 və X1 iştirakı ilə, xx xxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6, M.Hüseynzadə küçəsi, ev 19 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, ittiham aktına əsasən xx.xx.2006-cı ildə anadan olmuş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6, M.Hüseynzadə küçəsi, ev 19 ünvanına gələrək orada sərxoş halda olan atalığı Zərərçəkmiş şəxs təşəbüsü ilə aralarında kiçik bacısına hədiyyə almaması səbəbindən şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun stulu götürüb onun üzərinə gəlməsini görüb masanın üzərindən götürdüyü zavod usulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gələn və soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs xx.xx.2016-cı il təvəllüdlü azyaşlı oğlu X4 gözü qarşısında müstəsna dərəcədə rəhimsizlik nümayiş etdirib X5 əzab və iztirablar verdiyini dərk edərək xüsusi amansızlıqla atası Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bir zərbə endirib sonuncuya kor və nazik bağırsaqların zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, gözəllik salonunda lazer ustasının köməkçisi kimi işləyir. O, hadisə günü işdən evə gəlmiş, yeni il münasibəti ilə bacı və qardaşına hədiyyə almış, uşaqlardan ikisinə hədiyyə almış, lakin ortancıl bacısına hədiyyə almamışdır. Atalığı Elman bununla bağlı ona əsəbləşmiş, ortancıl bacısına nəyə görə hədiyyə almadığını soruşmuşdur. Atası həmin vaxt içkili olmuş və içki içməyə davam etmişdir. Aralarında mübahisə olan zaman atası ona qışqırmış və o da atasına cavab qaytarmışdır. Atası əvvəlcə onun üstünə stəkan atmış, o da cavab qaytarmış, bundan sonra atası dəmir stulu götürüb ona hücum etmiş, o da yenə cavab qaytarmış və stolun üzərində olan bıçağı götürmüşdür. Onun niyyəti atasını qorxutmaq olmuş, lakin necə olduğunu bilmədiyi şəkildə bıçaq atasına dəymişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı qonşuları Şahid da onların evində olmuş, Rafiq içki içməmiş, atasını işə çağırmaq üçün onların evinə gəlmişdir. O, atasının nə qədər içki içdiyini bilməmiş, lakin artıq sərxoş vəziyyətdə olmuşdur. Anası da arada içki içmişdir. Ailə arasında münaqişələri çox tez-tez olmasa da, hərdən olmuşdur. Zərərçəkmiş şəxs onun ögey atasıdır. Onlar uşaq yaşlarından Elmanın yanında böyümüşlər. Atalıqları onları teztez döyməsə də, arada vurmuşdur. Atasının onu vurması nəticəsində yüngül xəsarətləri olmuşdur. Hadisə zamanı qonşu Şahid qapının yanında əyləşmiş, atası divanın üstündə, anası divanın yanında, o isə anası ilə üz-üzə dayanmışdır. Hadisə zamanı onun arxasında divar və televizor, sağında-solunda isə şkaf və qapı olmuşdur. Atası stulu ona atmaq istəyəndə qaça biləcəyi yer olmamış, otaq çox balaca olduğu üçün sərbəst hərəkət etmək mümkün olmamışdır. Hadisə vaxtı evdə bacıları və qardaşı olmuşdur. Bıçağı evdə yemək yeyilən stolun üstündən götürmüş, atası ona hücum edəndə o, stolun yanında olmuş, bıçaq da ona çox yaxın olmuşdur. Otaq çox balaca olduğundan stol otağın yarısını tutmuş, ona görə də o, çıxıb qaça bilməmişdir. Qardaşı Oqtay da yəqin ki, bacılarının yanında olmuşdur. O, qardaşının orada olub-olmamasına fikir verməmişdir. O, bıçaqla atasını qorxutmaq istəmiş, lakin atası birdən-birə üstünə düşmüş, bıçaq da ona dəymişdir. O, bıçağı əlində saxlayıb atasına üstünə gəlməməsini demiş, bu zaman atasının ayağı sürüşmüş və bıçağın üstünə yıxılmışdır. Bıçaq dəyəndən sonra atası yıxılmamış, bıçaq onun əlində qalmış, o da qaçıb evdən çıxmışdır. Atası stulu götürüb üstünə gələndən sonra o, bıçağı götürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, hadisə günü axşam saatlarında evində içki içən zaman Anastasiya gəlmiş, uşaqlar üçün bayram hədiyyələri almış, o da bacısı Məryəm üçün hansı səbəbdən hədiyyə almadığını soruşmuşdur. Anastasiya da Məryəm üçün qulaqcıq alacağını demişdir. O da əsəbləşib onu qorxutmaq üçün ayağa qalxmış, daha sonra ayağı sürüşüb yıxılmış və bıçaq ona dəymişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə zamanı içkili olmuş, Anastasiyaya stulu atmaq istəmişdir. Bıçaq yəqin ki, stolun üstündə olmuşdur. Onun ayağı burxulmuş və həmin an Anastasiyanın üstünə yıxılanda bıçaq ona batmışdır. Evdə ailə üzvləri - Sona, Məryəm, Oqtay, Nataşa və Rafiq olmuşdur. Həmin vaxt arvadı ilə birlikdə içki içmişlər, lakin Rafiq içməmişdir. Zərərçəkmiş şəxs həmçinin məhkəmə iclasında bildirmişdir ki, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində bildirmişdir ki, o, Anastasiya və ailəsinin qonşusudur. Anastasiyanın atası Elman fəhləlik edir. Hadisə günü o, Anastasiyagilin evinə getmiş, Elman və arvadının yeyib içdiklərini görmüş, daha sonra Anastasiya evə gəlmişdir. Anastasiyanın əlində paketlər olmuş, birdən Elman ayağa qalxıb Anastasiyaya acıqlanmışdır. Anastasiya ağlaya-ağlaya böyük bacısına pul verəcəyini demişdir. Sonra Elman qıza mağazadan ona araq almasını demişdir. Anastasiya da pulu olmadığını demişdir. Həmin vaxt Elman stulu götürüb Anastasiyanın üstünə atmaq istəmiş, bu zaman hər ikisi də yıxılmışdır. O, həmin vaxt Elmanın əmisi Rəşada zəng edib xəbər etmək üçün çıxmış, daha sonra geri gələndə Elmanın oturaq vəziyyətdə olduğunu görmüşdür. O, nə baş verdiyini soruşanda Elman özü-özünü vurduğunu bildirmişdir. Bədənini açıb baxanda balaca bir yara olduğunu görmüşdür. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə günü araq içməmiş, o, gələndə Elman və arvadı evdə olmuşlar. Elman ilə Anastasiyanın arasında 1 metr məsafə olmuş, Elman stulla onu vurmaq istəyəndə qızın üstünə yıxılmışdır. O, bu şəxsləri 5-6 ildir ki, tanıyır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-tibbi ekspertizasının 137 saylı 18 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş kor və nazik bağırsaqların zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşaiət olunan xəsarətlər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (cild İ, i/v: 76-78) - Məhkəmə bioloji ekspertizasının 24/2024 MTBŞ saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məxsus şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosürətinə əsasən qan qrupu AB0 sistemi üzrə AB(İV)-dür. Ekspertizaya təqdim olunmuş bıçaq üzərində zəif intensivlikli qan izləri müəyyən olundu. Göstərilən zəif qan ləkəsində tədqiqat zamanı zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmadı. (cild İ, i/v: 80-83) - Məhkəmə kriminalistik ekspertizasının 25/2024 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (cild İ, i/v: 85-87) - Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 12 yanvar 2024-cü il tarixli 51 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barədə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur. Ünsiyyətçillik, emosionallıq, təhqirə qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə, sensor- perseptiv proseslərinə görə hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli halları düzgün qavraya bilir. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik müəyyən olunmadı. Təqsirləndirilən şəxs hadisəni törədən zaman affekt (fizioloji, kumulyativ) vəziyyətində olmamışdır. (cild İ, i/v: 89-92) - Araşdırma zamanı hadisə yerinə keçirilmiş baxış zamanı hadisə yerindən bir ədəd bıçaq götürülmüşdür. (cild İ, i/v: 5-7) - “Əşyanın tanınmaya təqdim edilməsi” haqqında 29 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim edilmiş 04 ədəd bıçaqdan «1» nömrə ilə işarənləmiş bıçaqla o, 25 dekabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə atalığı Zərərçəkmiş şəxs qarın nahiyəsindən vuraraq sonuncuya bədən xəsarətlərini yetirmişdir. (cild İ, i/v: 51) - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. (cild İ, i/v: 55) - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona dəymiş zərər tam ödənmiş, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə iclasında ifadə verən zaman təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid hadisənin təsadüfən baş verməsi, təqsirləndirilən şəxsin əlində bıçaq olan zaman zərərçəkmiş şəxsin onun üzərinə yıxılması, bu zaman təqsirləndirilən şəxsin əlində olan bıçağın ona batması barədə ifadə versələr də, onların hər biri ibtidai istintaq zamanı verdikləri ifadədə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üstünə getdiyini, Anastasiyanın əlində olan bıçaqla Elmanın qarın nahiyəsindən bir dəfə vurduğunu, Elmanı vurandan sonra qaçıb evdən çıxdığını bildirmişlər. Məhkəmə hesab edir ki, tərəflərin məhkəmə iclasında verdikləri ifadələri təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına yönəlmiş təhrif edilmiş ifadələrdir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar həm dindirilmiş şəxslərin ifadələri, həm də ekspert rəyləri ilə cinayət işinin mübahisəsiz hallarını təşkil edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “...Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər”. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs atalığı Zərərçəkmiş şəxs xx.xx.2016-cı il təvəllüdlü azyaşlı oğlu X4 gözü qarşısında xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddini və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, onun cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, habelə ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə, Təqsirləndirilən şəxs əməli yetkinlik yaşına çatamadığı dövrdə törətməsini, qeyd olunan cinayət əməlini zərər çəkmiş şəxsin ona qarşı qanunsuz əməllərinin təsiri altında törətməsini, habelə zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və digər yüngülləşdirici halların məcmusunu nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edər, yetkinlik yaşına yeni çatmış bir qız üçün kifayət qədər ağır cəza olar, habelə təqsirləndirilən şəxsin gələcəkdə sosial həyat və cəmiyyətdən tamamilə uzaqlaşmasına, geri dönüşü olmayan kriminal bir şəxsiyyət olaraq formalaşmasına və nəticədə dövlətin cəmiyyətə faydalı ola biləcək bir gənci şəxsiyyət olaraq itirməsinə gətirib çıxara bilər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 26 26 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (i/v: 46) və həmin tarixli qərarla təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v: 137-139). Daha sonra 06 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla cinayət işi üzrə icraat dayandırılmış, 14 iyun 2024-cü il tarixli qərarla cinayət işi üzrə icraat təzələnərək təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i/v: 101-102). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut- Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc otağında saxlanılan, , Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 60 (altmış) manat, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəklili Müdafiəçi2 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut- Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 60 (altmış) manat, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəklili Müdafiəçi2 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Roman Ələkbərli Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar