Məhkəmə qərarları › İş №1(101)-398/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-398/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-398/2024 30.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 nümayəndəsi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Saatlı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs1 ondan boşanması və barışıqdan imtina edərək onu yaşadıqları mənzilə gəlməyə icazə verməməsi səbəbindən aralarında olan narazılığa görə dəfələrlə baş vermiş mübahisələr ilə əlaqədar qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə əvvəlcədən istintaqa məlum olmayan bıçaq əldə edərək 30 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 nömrəli evin 21-ci mənzilinin yerləşdiyi blokda olan su sayğacının qutusuna qoymaqla gizlətmiş və Zərərçəkmiş şəxs1 hər gün səhər saatlarında mənzildən çıxıb işə getməsi barədə məlumatı olduğu üçün 02 fevral 2023-cü il tarixdə saat 09:30 radələrində sonuncunun yaşadığı ünvan 2 ünvanına gələrək, həmin mənzilin yerləşdiyi blokunda su sayğacının qutusundan əvvəlcədən gizlətdiyi bıçağı götürüb əlində tutmaqla 21 nömrəli mənzilin giriş qapısının qarşısında dayanıb gözləmiş və qeyd edilən vaxt Zərərçəkmiş şəxs1 işə getmək üçün mənzilin qapısını açıb bloka çıxarkən sonuncunun qarşısına keçib qəsdən öldürmək məqsədilə əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 həyat üçün vacib olan orqanlarının yerləşdiyi boyun nahiyəsinə zərbələr endirmiş, sonuncu zərbələrdən yayınmaq üçün arxaya doğru çevrilib mənzilə girmək istədikdə sol kürək nahiyəsinə bıçaq zərbəsini yetirməkdə davam etmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 qışqırıq səslərini eşidib mənzildən bloka çıxan və sonuncunu özünə əziz sayan, dəyərli insan kimi özünün yaxını hesab edən qızı Zərərçəkmiş şəxs2 əzab verdiyini dərk edərək sonuncunun gözü qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıqla niyyətinə nail olmaq məqsədilə növbəti bıçaq zərbələrini Zərərçəkmiş şəxs1 sağ yanaq və boyun nahiyəsinə yetirməklə sonuncuya boyunun bir ədəd, sağ çiyin və sol kürək nahiyəsinin bir ədəd, boyunun ön səthinin aşağı hissəsinin iki ədəd və sol əlin arxa səthinin kəsilmiş yaraları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, üz sinirinin yanaq kənarı şaxəsinin, eləcə də üz arteriya, venanın zədələnməsi ilə müşayiət edilən sağ yanaq və boyunun kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından silinməz dərəcədə eybəcəriəşdirilməsində ifadə olunan xəsarətlər yetirmiş, eyni zamanda qızı Zərərçəkmiş şəxs2 araya girərək anası Zərərçəkmiş şəxs1 növbəti bıçaq zərbələrinin yetirməsinin qarşısını alarkən o, əlində olan bıçaqla Zərərçəkmiş şəxs2 qol və əl nahiyələrinə vuraraq qəsdən sonuncuya sağ bazunun arxa səthinin deşilmiş-kəsilmiş yarası, sağ saidin yuxarı 1/3-nin iç səthinin səthi kəsilmiş yarası, sol bazunun arxa-bayır səthinin qançırıyla müşayiət olunan sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya xarakterik xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs1 aktiv müqavimət göstərməsi, həmçinin qızı Zərərçəkmiş şəxs2 onu itələyib blokda pilləkan üzərinə yıxmasından istifadə edən Zərərçəkmiş şəxs1 mənzilə daxil olmaqla qapını bağlaması və hadisə yerinə çağırılan Təcili Tİbbi Yardım briqadasının köməyi ilə sonuncunun vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə, sonuncunu qəsdən öldürməyə yönəldilmiş əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, həmçinin onun qanunsuz hərəkətlərinin qarşısını alan qızı Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 128-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, hadisə səhər saatlarında baş vermişdir. O, həmin vaxt evinin qapısının ağzına gəlmiş, Vüsalə onu evdən qovduğu üçün evə girmək istəmişdir. Onun məqsədi sadəcə Vüsaləni qorxutmaq olmuş, öldürmək məqsədi olmamışdır. Vüsalə işə gedərkən sonuncunu qorxutmaq üçün bıçağı cibindən çıxarmış, Vüsalə onu qapıdan arxa tərəf itələmişdir. O, Vüsaləyə güclü zərbələr vurmamışdır. Sadəcə paltarını kəsərək Vüsaləni qorxutmaq istəmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Əliyev X6 3 bıçaq zərbəsi yetirdiyini, zərbələrdən birini kürək nahiyəsinə, birini boğaz nahiyəsinə vurduğunu, digər zərbə ilə isə qızı Zərərçəkmiş şəxs2 əlini kəsdiyini, Nurcanın onun əlini tutmaq istəyəndə kəsildiyini, hadisə yerini özünün tərk etdiyini, bıçağı binalarında olan su sayğacının qutusundan götürdüyünü, bıçağı həmin yerə əvvəlcədən özünün qoyduğunu, hadisədən bir neçə gün əvvəl Vüsalə ilə həmin binanın qarşısında söhbətinin olduğunu, həmin söhbət zamanı evdən götürdüyü bıçaqla Vüsaləni hədələdiyini, həmin söhbət zamanı istifadə etdiyi bıçağın hadisə baş verən zaman istifadə etdiyi bıçaqla eyni olmadığını, hadisədən sonra bıçağı bir ağacın dibinə atdığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə 2003-cü ildə ailə qurandan sonra Rövşənin qumar oynadığını bilmişdir. Rövşən maşın təmiri yerində işləmiş, lakin evə pul gətirməmişdir. Özü dərziliklə məşğul olmuş, nə qazanmışsa Rövşənin borclarına getmişdir. Rövşən ona bu barədə ailəsinə deməyə icazə verməmiş, ona ailəsinə dediyi halda öldürəcəyini bildirmişdir. Onların birgə nikahdan 2 qız uşağı olmuş, 8 il qaynanası, qaynı ilə birlikdə rayonda yaşamış, daha sonra Bakıya köçmüş və kirayədə yaşamışlar. Rövşən 5-6 ay yaxşı işləmiş, onlara bir ay yaxşı baxmışdır. Bir ay keçməmiş yenə qumarda uduzmuş və işini itirmişdir. O, artıq Rövşəndən ayrılmağa qərar vermişdir. Qaldıqları ev Rövşənin qohumlarının evi olmuş, bir müddət keçəndən sonra onlara evi boşaltmaları deyilmişdir. Rövşən nə qumardan, nə də ondan əl çəkməmişdir. Rövşən evdən oğurluqlar da etmişdir. O, Rövşənin düzəlməsi üçün hər yola atmışdır. Onlar 2022-ci ilin aprel ayında boşanmışlar. Boşandıqdan sonra Rövşən rayona atasıgilin evinə getmişdir. Bir az sonra Rövşən evə gələrək onu boğmağa çalışmışdır. Qonşular ona “şikayət et” desələr də, utandığı üçün şikayət etməmişdir. Qonşular özləri gedib özləri şikayət etmiş və polis gəlmişlər. O da polisə şikayətçi olmadığını demişdir. O, uşaqlarla yaşamış, Rövşən isə Bakıya gələrkən tez-tez qarşısına çıxıb yalvar-yaxar etmişdir. Rövşən öz damarını kəsmiş, buna görə onun Rövşənə yazığı gəlmiş və avqustun 1-də sonuncunu evə gətirmişdir. Rövşən işləyəcəyi, hər şeyin düzələcəyi barədə söz vermişdir. Lakin, 2 ay keçməmiş Rövşən yenə evdən oğurluq etməyə başlamışdır. Bundan başqa, Rövşənin son 1 il ərzində ödəmədiyi alimentə borcu yığılmışdır. Həmin borca görə Rövşəni tutmaq istəmişlər, sonuncu vaxtı uzatmalarını xahiş etmişdir. Fevralın 2-si günü səhər işə getmək üçün o, qapını açan zaman Rövşənin qapıda dayandığını görmüş və qorxaraq içəri keçmək istəmişdir. Bu zaman Rövşən onun üstünə hücum çəkmiş, o da nəsə edəcəyini hiss edərək Rövşəni bloka itələmişdir. Bu vaxt qızı Nurcan gəlmişdir. Rövşən durmadan ona yuxarıdan əlindəki bıçaqla zərbələr yetirmişdir. Nurcan və o qışqırıb Rövşəni itələməyə çalışmışlar. O, zərbələrin haradan dəydiyini hiss etməmişdir. Zərbələrdən biri boğazına dəymiş, iki damarı kəsilmişdir. Bundan başqa, kürəyinə, ürəyinin üstündən, əlinin üstündən və qolunun altından zərbələr dəymişdir. Siniri kəsildiyinə görə, ağzı əyilmişdir. Nurcan Rövşəni itələmiş, özləri isə içəri girmişlər. Boğazından qan fışqırmış, onlar təcili yardım çağırmışlar. O, xəstəxanaya getmiş və onu əməliyyat etmişlər. Bir neçə gün xəstəxanada yatmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs1 boşandığı üçün Rövşənin onu öldürmək istədiyini, Rövşənin ona ayrı qalacaqsa, ölməli olduğunu dediyini, hadisə vaxtı qızı olmasaydı öləcəyini bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hadisə baş verən günü o, otaqda olmuş, anası da işə getmək üçün evdən çıxmışdır. Birdən səs gəlmiş və o, çölə qaçmışdır. Atasının anasını içəri itələməyə çalışdığını görmüşdür. O, ana və atasının arasına girmişdir. Atası sağ əli ilə anasını tutmuş, sol əli ilə isə anasına bıçaq zərbələri vurmuşdur. O, nə qədər etsə də, bıçağa əli çatmamışdır. O, çox cəhddən sonra atasını itələmiş, atasının ayağı səndələnmiş və pilləkanlardən qaçıb getmişdir. Həmin an o, anasını içəri salmışdır. O, bıçağın anasının boğazını kəsdiyini görmüşdür. O, tez içəri girmış və təcili tibbi yardıma zəng etmişdir. Onun da qoluna zərbələr dəymişdir. Atası həmişə anasına ondan boşansa, öldürəcəyini demişdir. Hadisədən 3 gün qabaq atası evə gəlib onlara “qanınıza bələnəsiniz, tezliklə də bələnəcəksiniz” demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs2 onun qışqırığına baxmayaraq atasının əməlinə davam etdiyini, atasının anasını öldürmək istədiyini, atasını həmişə anasını öldürməyi dilinə gətirdiyini, araya girdiyi üçün atasının anasını öldürə bilmədiyini, atasından şikayətçi olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş şahid - Sabunçu rayon xəstəxanasında həkim işləyən Şahid1 ifadəsində göstərdi ki, xəstəxanada cərrahiyə şöbəsi üzrə növbədə olarkən ona bıçaqlanma hadisəsi ilə xəstə gətirdiklərini demişlər. O, əməliyyatxanaya qalxmış, həkimin xəstə - hazırkı iş üzrə Zərərçəkmiş şəxs1 üzərində işlədiyini görmüşdür. Xəstənin boynunda, kürəyində yaralar olmuşdur. Yaralar tikilmiş, bağlanılmışdır. O, xəstənin bıçaq zərbəsini harada, necə aldığını bilməmiş, o detalları öyrənəmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 tikişə baxmaq üçün Elçin həkimin yanına gəldiyini, xəstənin yaralarının həyat üçün təhlükəli olduğunu, xanımın özünün danışa bildiyini, məlumat verdiyini, xəstənin tarixçəsini onun Elçin həkimlə birlikdə yazdıqlarını, xəstənin tarixçəsində xəsarətin ağırlığını, yüngüllüyünü onların yazmadıqlarını, ekspertin yazdığını, xəstənin hospitala göndərilməsi haqqında onun məlumatının olmadığını, neçə damarın kəsilməsini dəqiq deyə bilmədiyini, amma bir damarın qanadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahid - Sabunçu rayon xəstəxanasında həkim işləyən Şahid2 ifadəsində göstərdi ki, üz çənə cərrahı kimi fəaliyyət göstərmişdir. İşdə olarkən ona yuxarıya gəlməsini, xəstə gəldiyini demişlər. Xəstəyə - hazırkı iş üzrə Zərərçəkmiş şəxs1 baxmışdır. Yarası dərin yara olmuşdur. Ağız dibi nahiyədə 2 venadan qan sızmış, onu bağlamaq lazım gəlmişdir. Elə həmin anda Azər həkim gəlmiş, kömək etmiş, yaranı sıxıb bağlamışlar. Ondan sonra xəstə xəstəxanaya qəbul edilmiş, bir neçə gün şöbədə qalmış, sonra evə yazılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş; - xx.xx.2023-cü il tarixli, HK 1-234 nömrəli raportdan görünür ki, həmin tarixdə saat 09:46-da DİN-nin “102” Xidməti Zəng mərkəzi sistemindən daxil olmuş məlumatda Zərərçəkmiş şəxs2 anası Vüsalənin atası Rövşən tərəfindən bıçaqlanması barədə məlumat verməsi göstərilmişdir (cild 1, iş vərəqi 3). - xx.xx.2023-cü il tarixli, HK 2-428 nömrəli raportdan görünür ki, həmin tarixdə saat 10:30-da Sabunçu BŞX-dən həkim Musayeva zəng vuraraq xx.xx.1975-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs1 bədənində kəsilmiş-deşilmiş yaralar alması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 4). - hadisə yerinə baxış keçirmə və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, ünvan 3 ünvanının qarşısına və həmin mənzilin daxilinə baxış keçirilmiş, mənzilin qapısı dəmir olmaqla qırmızı və boz rəngli olmuş, baxışda iştirak edən Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 ilə atası Təqsirləndirilən şəxs arasında davanı, atası anasını bıçaqla vurduğu yeri, evin giriş qapısının önünü göstərmiş, həmin yeri ayaqqabı çıxarılan ayaqaltının üzərində bir damcı qan ləkəsinə bənzər iz müəyyən edilmiş, Zərərçəkmiş şəxs2 daha sonra anasının boyun nahiyəsinin qanını saxlaması üçün onun qonaq otağına doğru getməsini və həmin otaqda pəncərənin qarşısında boyun və boğaz nahiyəsindən axan qanı saxlamaq üçün şərflə boyun və boğaz hissəsini sıxmasını və həmin yerdə əynində olan qara rəngli qış gödəkçəsini çıxarması yerini göstərmiş, Zərərçəkmiş şəxs2 anasının getdiyi yerin evin dəhliz hissəsi və qonaq otağı olması müəyyən olunmuş, evin qapısının giriş hissəsində üzərində bir ədəd qana bənzər damcı izləri, daha sonra dəhlizin qonaq otağı və digər otaqlara gedən hissəsinin sonunda qana bənzər izlər, qonaq otağının girişində döşəmədə bir çox qanabənzər izlər olması müəyyən edilmiş, qonaq otağının sonunda, pəncərənin qarşısında döşəmədə çoxlu sayda qanabənzər izlər, həmin yerdə stul üzərində qara rəngli qış gödəkçəsi, yerdə qana batmış ag rəngli şərf olmuş, gödəkçənin üzərində qana bənzər ləkələr olmaqla, həmin gödəkçənin papaq hissəsində kəsilmiş yer, gödəkçənin qol hissəsində kəsilmiş-deşilmiş izlər olması müəyyən olunmuşdur (cild 1, iş vərəqi 17-27). - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsində xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sol bilək nahiyəsinin kəsilmiş yarası olması aşkar olunmuşdur (cild 1, iş vərəqi 33). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs göstərdiyi ünvan 3 ünvanının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs1 bıçaqla xəsarətlər yetirdiyi 21 saylı mənzilin qarşısını göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu bıçağı götürdüyü su sayğacının yerini və içini göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra binadan çıxıb əlindəki qara dəstəkli bıçaqla qaçaraq uzaqlaşdığı istiqaməti göstərmişdir. Bundan sonra yan tərəfdəki binanın qarşısında əlindəki bıçağı yerə atdığı ağacın yanını göstərmişdir. İfadənin yerində yoxlanılması təbii işıq şəraitində keçirilmişdir (cild 1, iş vərəqi 38-41). - zərərçəkmiş şəxs qismində tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 98). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini tam təsdiq etmiş, Təqsirləndirilən şəxslə evləndikdən sonra sonuncunun ona məxsus qızıl-zinət əşyalarını oğurladığını, dəfələrlə boşanmaq istəsə də, boşanacağı halda Rövşənin onun üzünə kislota tökərək yandırmaqla hədələdiyini, boşandıqdan sonra Rövşənin evə gələrək uşaqlarının yanında onu boğduğunu, qanlarını tökməklə hədələdiyini, hadisə günü qızını məktəbə aparmaq üçün evdən çıxan zaman Rövşənin ona bıçaqla xəsarət yetirdiyini, qızı Nurcanın onu xilas etmək istəyən zaman qolundan xəsarət aldığını Təqsirləndirilən şəxs üzünə qarşı bir daha göstərmişdir (cild 1, iş vərəqi 135-140). -xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 cinayət işi üzrə verdiyi ifadəsini tam təsdiq edərək Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı anası Zərərçəkmiş şəxs1 öldürmək üçün bıçaqla vurub xəsarətlər yetirdiyini, Təqsirləndirilən şəxs mane olan zaman ona da həmin bıçaqla xəsarət yetirməsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha göstərmişdir (cild 1, iş vərəqi 141-144). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər - sol saidin ön səthinin kəsilmiş yaralarıkəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild 1, iş vərəqi 145-147). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 129 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ yanaq və boyun nahiyəsinin, sağtərəfli çiyin nahiyəsinin, sol kürək nahiyəsinin, sol əlin arxa səthinin kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər deşiçi-kəsiçi əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild 1, iş vərəqi 148-151). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 130 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ bazunun arxa səthinin deşilmiş-kəsilmiş yarası, sağ saidin yuxarı 1/3-nin iç səthinin səthi kəsilmiş yarası; sol bazunun arxa-bayır səthinin qançırı olmuşdur. Qeyd olunan qançırlar bərk küt əşyanın (əşyaların) təsirindən, digər xəsarətlər İsə deşiçi-kəsiçi əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (cild 1, iş vərəqi 152-155). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, T 123/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 üz sinirinin yanaq kənarı şaxəsinin, eləcə də üz arteriya venasının zədələnməsi ilə müşayiət edilən sağ yanaq və boyunun, sağ çiyin, sol kürək nahiyəsinin, boyunun ön səthinin aşağı hissəsinin iki ədəd və sol əlin arxa - səthinin kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə üz sinirinin yanaq kənarı şaxəsinin, eləcə də üz arteriya venasının zədələnməsi ilə müşayiət edilən sağ yanaq və boyunun kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sağ çiyin, sol kürək nahiyəsinin, boyunun aşağı hissəsinin, sol əlin arxa səthinin kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 sağ yanaq və boyun nahiyəsində çapıq tam formalaşmadığından üzündəki xəsarətin silinib-silinməz olması haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Bu məsələ xəsarət yetirildikdən iki ay sonra həll edilə bilər. Eybəcərləşdirilmə tibbi məfhum olmadığından onun həlli məhkəmə-tibb ekspertlərinin səlahiyyətlərindən kənara çıxır. Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlərin xarakteri və lokalizasiyası onların istər zərərçəkmişin özü tərəfindən, istərsə də öz boyu hündürlüyündən yıxılması zamanı əmələ gələ bilməsini inkar edir (cild 1, iş vərəqi 173- 177). - Azərbaycan Tibb Universitetinin X2 xx.xx.2023-cü il tarixli, 80 nömrəli arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixində ATU X3 Üz-çənə Cərrahı yanında ambulator müayinədə olmuş, "Sifətin sağ tərəfli postravmatik üz sinirinin yanaq, marginal (kənarı) şaxəsinin parezi, üz-arteriya venasının zədələnməsi, çeynəmə əzələsinin kontrakturası" diaqnozu qoyulmuşdur (cild 1, iş vərəqi 179-185). - cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 29,120.2,4 və 128-ci maddələrinə tövsif edilmiş və cinayət işi istintaq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Nizami rayon prokurorluğuna göndərilmişdir (cild 1, iş vərəqi 189-190). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 216). - kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 448 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, affekt halında olmamışdır. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir (cild 1, iş vərəqi 224-229). - maddi sübutların məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 107/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu A/İİ/-dir (şəxsiyət vəsiqəsinin kserosurətinə əsasən.) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus uzun gödəkçə üzərində olan ləkələrdə insan qanı aşkar edilmiş, bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigeni alındı. Aqqlyutinin isə alınmadı. Bu qan ləkələri ABO sistemi üzrə A beta /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər (cild 1, iş vərəqi 233-236). - məhkəmə-tibbi kriminalistik ekspertizasının məhkəmə-kriminalistik tədqiqinə dair xx.xx.2023-cü il tarixli, 77-MTKŞ/2023 nömrəli rəyindən görünür ki,

1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus qış gödəkçəsinin ön səthinin sağ yuxarı nahiyəsində bir ədəd, arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd və sol qolun ön səthində yuxarıda bir ədəd dəlib-keçən deşilmiş- kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi.

2. Zərərçəkmiş şəxs1 məxsus qış gödəkçəsinin kapyuşonun sağ nahiyəsində bir ədəd, gödəkçənin ön səthində solda bir ədəd və sol qolun ön səthinin orta- aşağı nahiyəsində dörd ədəd tam dəlib-keçməyən kəsilmiş zədələr aşkar olundu. Bu zədələr iti kənarı olan alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi.

3. Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin ön səthinin sağ yuxarı nahiyəsində olan bir ədəd dəlib-keçən deşilmiş-kəsilmiş zədə onun döş qəfəsinin ön səthinin sağ yarısında olan eyni xarakterli xəsarətlə və gödəkçənin arxa səthinin sol yuxarı nahiyəsində olan deşilmiş-kəsilmiş zədə onun döş qəfəsinin arxa səthinin sol yarısında olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 sol əlin arxa səthində olan kəsilmiş xarakterli xəsarət ona məxsus gödəkçədə bədənin müvafiq nahiyəsinin paltarla örtülmədiyindən öz əksini tapmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs1 qızma məxsus gödəkçənin kapyuşonda bir ədəd, ön səthində solda bir ədəd və sol qolun üzərində olan zədələr onun bədənində öz əksini tapmamışlar, bu da tək gödəkçənin zədələnməsi ilə izah oluna bilərdi.

4. Zərərçəkmiş şəxs1 məxsus gödəkçədə və onun bədəni üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş zədələrin hər hansı bir deşici-kəsici alətin (əşyanın), o cümlədən eyni xüsusiyyətə malik hər hansı bir bıçağın (bıçaqların) təsirindən əmələ gələ bilərdi.

5. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin sol qolunda və onun sol qolunda aşkar edilmiş zədələrin lokalizasiyası və xarakteri nəzərə alaraq, bu zədələrin zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadəsində göstərildiyi şəraitdə, yəni Zərərçəkmiş şəxs1 özünü qolları və əlləri ilə müdafiə edərkən bıçaq zərbələrinə tuş gəlməsi şəraitində əmələ gəlməsinin mümkünlüyü istisna edilmir (cild 1, iş vərəqi 237-240). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, T 217/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 üz sinirinin yanaq kənarı şaxəsinin, eləcə də üz arteriya, venanın zədələnməsi ilə müşayiət edilən sağ yanaq və boyunun bir ədəd, sağ çiyin və sol kürək nahiyəsinin bir ədəd, boyunun ön səthinin aşağı hissəsinin iki ədəd və sol əlin arxa səthinin kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir, törənmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə üz sinirinin yanaq kənarı şaxəsinin, eləcə də üz arteriya, venanın zədələnməsi ilə müşayiət edilən sağ yanaq və boyunun kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sağ çiyin, sol kürək nahiyəsinin, boyunun aşağı hissəsinin, sol əlin arxa səthinin kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 sağ yanaq və boyun nahiyəsində olan deffekt hal-hazırda sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından silinməz hesab edilir (cild 1, iş vərəqi 251-255). - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs onun kirayədə yaşadığı ünvana gəlmiş, qapını döyərək açmasını tələb etmiş, qapını açmadığına görə onu və övladlarını narahat etməklə təhqir etmiş, Zərərçəkmiş şəxs1 izahatı alınmış, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib hissəsinin pozulması toplanmış materialla sübuta yetirildiyindən barəsində inzibati protokol tərtib edilərək 50 (əlli) manat cərimə olunması barədə qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 288-295). - Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayonu MKTB-nin 57 saylı MKİS-dən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qara Qarayev küçəsi 85 saylı evin 21 nömrəli mənzilində Zərərçəkmiş şəxs1 (1975, keçmiş həyat yoldaşı), Zərərçəkmiş şəxs2 (2005, qızı), X7 (2008, qızı) ilə birlikdə qeydiyyatsız yaşamış, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 85 saylı evin 21 nömrəli mənzilində qeydiyyatsız yaşadığı müddətdə onun barəsində 57 saylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 297-299). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus hadisə vaxtı əynində olmuş 1 ədəd qış gödəkçəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 300-320). - təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 128-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1. İş vərəqi 326- 327). - Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 113-114). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 128-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə tövsiyə edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs1 öldürmək fikrinin olmaması, sonuncunu ancaq qorxutmaq istəməsi barədə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hadisədən əvvəl təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında qarşılıqlı münasibətlər təqsirləndirilən şəxsin təqsiri ucbatından kəskin şəkildə pisləşmiş, onlar arasındakı nikah pozulmuşdur. Bundan təsirlənən təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs1 öldürməklə hədələmiş və bunun üçün əlverişli məqam axtarmışdır. Nəhayət o, Zərərçəkmiş şəxs1 işə getmək üçün mənzildən çıxarkən öldürmək qərarına gəlmiş, bunun üçün o, alət kimi seçdiyi bıçağı hadisədən bir müddət əvvəl binanın blokuna girişdə quraşdırılmış su sayğacının qutusunun içərisində gizlətmiş, hadisə günü o, bıçağı həmin yerdən götürərək Zərərçəkmiş şəxs1 yaşadığı mənzilin qarşısına gəlmiş, sonuncu mənzildən çıxan kimi təqsirləndirilən şəxs əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 zərbələr endirməyə, o cümlədən bədənin həyat üçün vacib olan nahiyələrə zərbələr vurmağa başlamışdır. Bu zaman qışqırıq səsinə bloka çıxan digər zərərçəkmiş şəxs – təqsirləndirilən şəxsin qızı Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 endirilən zərbələrin qarşısını almağa cəhdlər etmiş, təqsirləndirilən şəxsi pilləkanlara tərəf itələyib anasını mənzilə salmağa nail olmuşdur. Məhkəmə o nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin pilləkan üzərinə yıxmasından istifadə edən Zərərçəkmiş şəxs1 mənzilə daxil olmaqla qapını bağlaması və hadisə yerinə çağırılan Təcili Tİbbi Yardım briqadasının köməyi ilə sonuncunun vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə, Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə yönəldilmiş əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurması kifayət qədər sübuta yetirilir, Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirlidir, həmin əməllər birbaşa qəsdlə törədilmişdir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayəti ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 qarşı törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.8-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında 14 (on dörd) ildən 20 (iyirmi) ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.1-ci maddəsinin tələbinə görə başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsilə ən aşağı həddə azadlıqdan azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 128-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən tamamilə toplanılmaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan azadlıqdan məhrum etmə cəzası müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq xüsusilə ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 04 fevral 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır ((cild 1, iş vərəqi 50, 90-94, 282-286). Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 02 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd qış gödəkçəsi ona qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsilə 13 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 128-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və və Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd qış gödəkçəsi ona qaytarılsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar