Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-398/2025 25.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X11 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1978-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, işləməyən, Bakı şəhəri Nizami rayonu, P.Fərzəliyev küçəsi 199C-də qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,426 qram narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 28 mart 2024-cü il tarixdə saat 18.00 radələrində özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Sabunçu RPİ-nin 13-cü polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 3,426 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu 13-cü PB-nin əməkdaşları öz evindən, yəni Keşlə qəsəbəsindən tutub aparmışlar. O, narkotik vasitədən əvvəllər istifadə etmişdir. Polis əməkdaşları onu tutub 13-cü PB-yə apardıqdan sonra orada ona məxsus olmayan narkotik vasitəni ona verərək təqdim etməyə məcbur etmişlər. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, tutulan zaman heç bir yerdə işləməmiş, həbsdən 6 ay olardı ki çıxmışdır. Onun AR CM-nin 177-ci maddəsi ilə məhkumluğu olmuşdur. Tutulmazdan əvvəl avtobusda kameraya düşmüş, ona görə də onu cibgirliklə əlaqədar tutumuşlar. Lakin cibgirliyi onun etmədiyi müəyyən edilmiş, bununla belə bölmədə ona narkotik vasitə verib cibindən çıxarmağa məcbur etmişlər. Polis əməkdaşları onu döymüş, kürəyində, qolunda və çiynində xəsarətləri olmuşdur. Onun döyülməsi ilə bağlı Baş Prokurorluqda araşdırma aparılmış, lakin araşdırmanın nəticəsini bilmir. Tutulan zaman onun üzərində narkotik vasitə olmamış, polislərin nəyə görə belə davranmasını bilmir. O, axırıncı dəfə narkotik vasitədən tutulmazdan 2 ay əvvəl istifadə etmişdir. Həmin vaxt metamfetamindən istifadə etmiş, həmin metamfetamini başqa bir şəxsdən almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, evinin qarşısında tutulan zaman çox adam görmüş, şəxsi axtarış və götürmə zamanı müdafiəçisi olmamışdır. O, İstintaq Təcridxanasına daxil olandan bir ay sonra şikayət vermişdir. O, tutulmasının dəqiq saatını bilmir, lakin saat 5-dən sonra tutulmuşdur. ***-***-**-** nömrəsi ona məxsusdur. O, mart ayının 28-i tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, onu tutan polis əməkdaşları ittiham aktında adı qeyd olunan şəxslər olmamış, Emil onun dostu olmuş, həmin gün o, Emili evinə çağırmış, onların ikisini birlikdə qapının qarşısında tutmuşlar. Onları tutan şəxslər Baş İdarənin əməkdaşları olmuşdur. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Sabunçu RPİ-nin 13-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, tarixi dəqiq xatırlamasa da, 2024-cü ilin yaz aylarında Şahid2la birlikdə Bakıxanov qəsəbəsində, Y.Əliyev küçəsində özlərini şübhəli apardıqları üçün iki nəfər şəxsə yaxınlaşmış, onları şöbəyə dəvət etmişlər. Həmin iki nəfər şəxsdən biri Təqsirləndirilən şəxs olmuşdur. Şöbədə onların üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, 28 mart 2024-cü il tarixdə saat 18 radələrində o, Sabunçu RPİ-nin 13-cü polis bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət aparan zamanı Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 1 ünvanın qarşısında iki nəfər özünü şübhəli aparan şəxs görüb, həmin şəxslər zahiri görünüşcə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olan şəxslərə oxşadıqları üçün onlara yaxınlaşıb özlərini təqdim edib şəxsiyyət vəsiqələrini istəyəndə, onlar üzərində sənəd olmadığını deyib iti addımlarla onlardan uzaqlaşmağa başlamışlar. Onların hərəkətləri şübhə doğurduğuna görə onlar həmin şəxsləri, sonradan adları müəyyən olunduğu kimi X6 və Təqsirləndirilən şəxs saxlayıb Sabunçu RPİ-nin 13-cü polis bölməsinə gətirmişlər. Rövşən İsmaylov saxlanılan zamanı əlində mobil telefon aparatı olmuş və həmin mobil telefonu o, Rövşənin əlindən almışdır. Telefonu o məqsədlə almışdır ki, həmin şəxs hər hansı bir məlumatı telefonundan poza bilməsin. Polis bölməsinin inzibati binasında müəyyən olundu ki, gətirilən şəxslər əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs və X7r. Təqsirləndirilən şəxs və Emil Məmmədov tutulub polis bölməsinə gətirilən zamanı ciddi nəzarətdə olmuşlar. Onlar Rövşəni və Emili nəzarət edirdilər ki, onlar üzərində əgər varsa, qeyri qanuni əşyanı tullaya bilməsinlər. 13-cü polis bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və dövlət tərəfindən vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə huquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə axtarış keçirildi. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək axtarışı vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir bükümdə spesifik iyli qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı bildirmişdir ki, ondan aşkar olunmuş bir bükümdə olan qəhvəyi rəngli maddə narkotik vasitə heroindir, həmin narkotik vasitəni o, həmin günü səhər saatlarında Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 30 manata alıb öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər olan maddə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş və imzalanmışdır. (cild İ, i/v: 109-111) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - 28 mart 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. (cild İ, i/v 25-26). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunmuş və müəyyən edilmişdir ki, videogörüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» 28 mart 2024-cü il tarixli və «videoyazıya baxış keçirilməsi haqqında» 30 mart 2024-cü il tarixli protokolların məzmunu ilə eynilik təşkil edir. - «Sənədlərə baxış keçirilməsi haqqında» 21 may 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon zənglərinin və smslərin çıxarışlarına baxış keçirilən zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsindən ***-***-**-** saylı nömrənin abonenti ilə aralarında 12 yanvar 2024-cü il tarixdə danışıqlar qeydə alınır. 12 yanvar 2024-cü il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə «qaqa hələ gəlməyib vallah məndə gözləyirəm meni yığma mənim telim deyil, qaqa balamın canı teli açmır məndə ölürəm, qaqa dedim axı bu evin telfonudu» mətnli smslərin göndərilməsi müəyyən olunur. (cild İ, i/v: 124) - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2024-cü il tarixli 3-16-16/2-6/1714 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 büküm maddə... şübhəli şəxs (imza)» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,426 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə herondir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına daxildir (İ siyahı). (cild İ, i/v: 33-37). - Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin 2123 saylı xx.xx.2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəylə həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET (+) aşkar olunmuşdur. (cild İ, i/v: 141-142) Məhkəmə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, onun əməlinin tövsifi ilə bağlı məsələni həll edərkən təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində saxlanılma yerini və onu saxlayan şəxsləri mübahisələndirirək, onu Keşlə qəsəbəsində yaşadığı evin qarşısında Baş Polis İdarəsinin əməkdaşlarının saxladığını, saxlanıldığı zaman üzərində heç bir qanunsuz maddənin olmadığını, onu polis bölməsinə apardıqdan sonra polis əməkdaşlarının onu döyərək ona məxsus olmayan narkotik vasitəni ona verib, videoçəkiliş zamanı təqdim etməsini və ona məxsus olduğunu bildirməsini tələb etdiklərini qeyd etmişdir. Məhkəmə əvvəlcə qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin istifadəsində olmuş (təqsirləndirilən şəxs tutulan zaman həmin telefon nömrəsindən istifadə etdiyini bildirmişdir) ***-***-**-** mobil telefon nömrəsinə aid anten məlumatlarından görünür ki, həmin nömrə 28 mart 2024-cü il tarixdə, saat 17:19- 17:21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərasində yerləşən antenin əhatə dairəsində olmuşdur. Başqa sözlə, təqsirləndirilən şəxsin 28 mart 2024-cü il tarixdə saat 18 radələrində polis əməkdaşları tərəfindən saxlanılan zaman öz ifadəsində qeyd etdiyi kimi Keşlə qəsəbəsinin ərazisində deyil, Bakıxanov qəsəbəsinin ərazisində olması anten məlumatları ilə öz təsdiqini tapmışdır. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yaşadığı evin qarşısında saxlanılan zaman çox sayda insanın onları gördüyünü bildirsə də, məhkəməyə həmin faktı təsdiq edə biləcək hər hansı şahid təqdim etməmişdir. Həmçinin məhkəmə, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi ilə ifadəsində qeyd etdiyi xüsusatlarla bağlı müvafiq araşdırma aparmış, məhkəmənin sorğusuna əsasən əldə edilərək, məhkəmə iclasında tədqiq edilib cinayət işinin materiallarına əlavə edilmiş “Məhkumun şəxsi işi” ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İstintaq Təcridxanasına daxil olan zaman onun üzərində hər hansı xəsarətin olması ilə bağlı qeyd aparılmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində müvafiq araşdırma aparılmış, araşdırma zamanı əldə edilmiş 1372 nömrəli məhkəmə-tibb ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs bədənində xasarət və xəsarət izlərinin aşkar edilmədiyi müəyyən edilmiş, bununla da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işin in başlanması rədd edilmişdir. Bununla da təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülüb təzyiqlərə məruz qalması, habelə üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun hesab etmir, təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi daşıyır və öz ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğu, çəkisinin isə 3,426 qram təşkil etdiyi tam təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən narkotik vasitə heroin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 3,426 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin külli miqdar həddində olmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib 01 il 06 ay müddətində azadlıqdan məhrum edilmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib 02 il müddətində azadlıqdan məhrum edilmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməsində təqsirli bilinib 02 il 06 ay müddətində azadlıqdan məhrum edilmişdir. (cild İ, i/v: 92-94) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməllərini törədərkən Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməlini törətməyə görə üzərində yaranmış məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları əsas götürərərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs övladları X1 və X2 “Vətən müharibəsi iştirakçısı” olmasını, müvafiq medallarla təltif edilmələrini onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Belə ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs oğlu X1 “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları, digər oğlu X5 isə “Vətən müharibəsi iştirakçısı” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 2123 saylı xx.xx.2024-cü il tarixli əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 28 mart 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 28 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 mart 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 mart 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,326 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 55 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2024-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,326 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 330 (üç yüz otuz) manat pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-398/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-398/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver