Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-400/2024 02.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Neftçala rayonu, Uzunbabalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 4533,281 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib, daşımaqla özünə məxsus «Mercedes-Benz» markalı **-GZ- *** dövlət dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 6 fevral 2023-cü il tarixdə saat 21:10-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin BNMİ-nin X2 şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Qaradağ rayonu, Ümid-Qızıldaş yolunun kənarında saxlanılıb avtomobili ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu, M.Seyidov küçəsi 1-də yerləşən Qaradağ RPİ-nin 38ci PB-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli uzunqol gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə ümumi çəkisi 23,281 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tarixdə saat 23:15-də onun könüllü razılığı əsasında «Mercedes-Benz» minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük yerindən bir ədəd ağ rəngli kisənin içərisində qara rəngli sellofana bükülmüş iki ədəd göy rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1845,0 və 2665,0 qram olmaqla ümumi çəkisi-4510,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub çəkmək yolu ilə istifadə edir. «Mercedes-Benz C class» minik markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Koroğlu-Lökbatan yolunda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 6 fevral 2023-cü il tarixdə səhər saat 11 radələrində tanımadığı şəxsdən narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin gün axşam saat 21 radələrində isə Lökbatan dairəsinə müştəri aparıb düşürtdükdən sonra iki nəfər şəxs avtomobilini saxlatdırıb, avtomobilə əyləşmişlər. Bu zaman onlardan biri arxadan onu tutmuş, digəri isə maşının açarını götürüb polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt maşındakı gödəkçəsinin içərisində 23 qram marixuana olmuşdur. Polis əməkdaşları həmin marixuananı aşkar etdikdən sonra onu avtomobildən düşürdüb qolunu buraraq «Chevrolet» markalı maşınları ilə Qaradağ RPİ-nin 38-ci PB-nə aparmışlar. Öz istifadəsində olan avtomobil isə saxlanıldığı yerdə qalmışdır. Sonradan polis əməkdaşları maşını sürərək bölməyə gətirmişlər. O, polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalmış, bölmədə onu ailə üzvlərinin də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə hədələyib, içərisində 4 kq 510 qr narkotik vasitə olan torbanın ona məxsus olduğunu etiraf etməyini tələb etmişlər. Təzyiq altında sənədlərə imza etmiş və həmin torbadakı narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməli olmuşdur. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. İttiham aktında qeyd edilən avtomobilindən aşkar edilmiş içərisində 4 kq 510 qr narkotik vasitə olan torba ona məxsus deyil. Həmin torbanı avtomobilə polis əməkdaşları yerləşdirmişlər. Onda şəxsi istifadəsi üçün əldə etdiyi cəmi 23 qram marixuana olmuşdur. Polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində onda hansısa xəsarətlər yaranmamış və buna görə də heç bir orqana şikayət etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkli vəzifəsində xidmət edir. 6 fevral 2023-cü il tarixdə idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Qrupun üzvləri idarənin X2 şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 və həmin şöbənin polis nəfəri polis serjantı Şahid4 olmuşdur. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 21:10-da Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes- Benz» minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Qaradağ rayonu, Ümid-Qızıldaş yolu ilə Lökbatan istiqamətində saxlanılıb avtomobillə birlikdə Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilərək təhqiqatçıya təqdim edilmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra onun xahişi ilə müdafiəçi dəvət edilərək istintaq hərəkətləri həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan üst geyiminin sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqa içərisində tünd yaşıl rəngli kəskin qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Sonuncu avtomobilin yük yerini açıb oradan bir ədəd ağ kisə götürüb təqdim etmişdir. Kisəyə baxış keçirilərkən içərisində 2 ədəd göy rəngli sellofan bağlamalarda tünd yaşıl rəngli kəskin qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş kütlələrin qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkar edilmiş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonda müvafiq protokollar tərtib edilərək oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İstintaq hərəkətləri videoçəkiliş aparılmaqla keçirilmiş və şübhəli şəxsin müdafiəçisinin iştirakı təmin olunmuşdur. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və ibtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişlər. İşin 28-30 və 57-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması və diskdəki vidoegörüntülərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, 6 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ-nin 38-ci PBdə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli uzunqol gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə ümumi çəkisi 23,281 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış, videogörüntü faylı bir ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. İşin 33-34-cü vərəqlərindəki baxış keçirilməsi və götürmə və diskdəki vidoegörüntülərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, 6 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü razılığı əsasında «Mercedes-Benz» minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin arxa yük yerindən 1 ədəd ağ rəngli kisənin içərisində qara rəngli sellofana bükülmüş 2 ədəd göy rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1845,0 və 2665,0 qram olmaqla ümumi çəkisi-4510,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Baxış keçirilməsi və götürmə zamanı videoçəkiliş aparılmış, videogörüntü faylı bir ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. İşin 40-44-cü vərəqlərindəki məhkəmə bioloji ekspertizasının 07 fevral 2023-cü il tarixli, 7/182 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə» yazılar və imzalar olan kağız paketdə 1 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 23,281 qram bitki mənşəli kütlə, tərkibində maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, ağ kağız üzərində «Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş kütlə» yazılar və imzalar olan ağ rəngli sintetik torbada bir ədəd qara rəngli polietilen bağlamadakı 2 ədəd üzərləri skoçla bağlanmış göy rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1845,0 qram və 2665,0 qram, ümumi çəkisi 4510,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərində və avtomobilində aşkar edilmiş marixuanaların ümumi çəkisi 4533,281 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. İşin 127-128-ci vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 fevral 2023-cü il tarixli 967 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi ııarkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 129-130-cu vərəqlərindəki ambulator məhkəmə psixiatrik ekspertizasının 13 mart 2023-cü il tarixli 1318 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 100-101-ci vərəqlərindəki maddi sübut kimi tanınma haqqında qərar və raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 23,281 qram narkotik vasitə-qurudulmuş marixuana, onun idarə etdiyi avtomobildən aşkar edilmiş göy rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1845,0 qram və 2665,0 qram olmaqla ümumi təmiz çəkisi 4533,281 (tədqiqatdan sonra qalıq 4533,131) qram narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşin 150-157-ci vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və onun idarə etdiyi avtomobilə baxış keçirilməsi və götürmə zamanı qedə alınmış videogörüntü fayllarının saxlanıldığı iki ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin 107-118-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Həsənov X1 Rayon Məhkəməsinin 15 may 2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 7 yanvar 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən məhkumluğu Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən ödənilmişdir. İşin 19-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 122 və 125-ci vərəqlərindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 iyul 2020-ci il təvəllüdlü Həsənli Həsən və 20 may 2024-cü il təvəllüdlü Həsənzadə Aysu adlı iki azyaşlı uşağı vardır. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 9 fevral 2023-cü il tarixdə təcridxanaya gətirilmiş və ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək onda cəmi 23 qram narkotik vasiə qurudulmuş marixauana olduğunu, avtomobildən aşkar edilən torbadakı 4 kq 510 qr marixuananın ona məxsus olmadığını bildirdi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri (1-ci cild, iş vərəqi 52-55, 69-71), məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır, cəzadan yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 6 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 23,281 qram narkotik vasitə-qurudulmuş marixuana, onun idarə etdiyi avtomobildən aşkar edilmiş göy rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1845,0 qram və 2665,0 qram olmaqla ümumi təmiz çəkisi 4533,281 (tədqiqatdan sonra qalıq 4533,131) qram narkotik vasitə-qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və onun idarə etdiyi avtomobilə baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış videogörüntü fayllarının saxlanıldığı iki ədəd disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 6 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 23,281 qram narkotik vasitə-qurudulmuş marixuana, onun idarə etdiyi avtomobildən aşkar edilmiş göy rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1845,0 qram və 2665,0 qram olmaqla ümumi təmiz çəkisi 4533,281 (tədqiqatdan sonra qalıq 4533,131) qram narkotik vasitə-qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə və onun idarə etdiyi avtomobilə baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış videogörüntü fayllarının saxlanıldığı iki ədəd disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-400/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-400/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver