Məhkəmə qərarları › İş №1(101)-401/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-401/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-401/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi- X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Əliyev Oqtay Mamedoviçin iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, ailəli, 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, 28 may küçəsi , ev 11 ynvanında qeydiyyatda olmiaqla, Bakı şəhəri, Sabunçu rayonu, zabrat qəsəbəsi, N.Nərimanov küçəsi ev 23, mənzil 65 ünvanında yaşamı hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Elşən oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 0,374 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 0,541 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 0,341 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib 09 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə keçirdiyi sovqatın içərisində olan şirniyyatın daxilində gizlədib daşıyaraq həmin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum qardaşı X6 özünü cəzaçəkən şəxsə himayə, yardım göstərən şəxs kimi tanıtmaqla onun hörmətini qazanmada ifadə olunan digər şəxsi maraq məqsədi ilə yoxlamadan gizlətmək üsulu ilə verilməsinə cəhd edərək satmaq istəmiş, daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 16:25-də 6 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən buraxılış məntəqəsində Təqsirləndirilən şəxs üzərinə və gətirdiyi sovqata baxış keçirilərkən 0,374 qram çəkidə psixotrop maddə metamfetamin, 0,541 qram çəkidə narkotik vasitə tiryək və 0,341 qram çəkidə heroin sovqatın içərisində olan şirniyyatın daxilində xüsusi üsulla gizlədilmiş 2 ədəd qara rəngli sellofana bükülmüş bükülülərin içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Niko” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Niko” adlı şəxsin naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda 29,237 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 10,019 qram çəkidə psixotrop maddə metamfetamini naməlum vaxtda satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanında və üzərində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 yanvar 2020-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:59-da yaşadığı mənzilin qarşısında saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, yəni 4,201 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 yanvar 2020-ci il tarixdə saat 19:07-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına özünün icazəsi və iştirakı ilə keçirilən baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirib qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda, yəni 25,036 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda, yəni 10,019 qram çəkidə psixotrop maddə metamfetamin yataq otağının döşəməsində olan xalçanın altından aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş maddələr ilə özünü təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 01.02.1983-cü il təvəllüdlü, X9 onun qardaşıdır. X4suz olaraq narkotik vasitələrin dövriyyəsində təqsirləndirildiyinə görə 2019cu ilin mart ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 2 ay müddətində azadlıqdan məhrum edilmişdir. Qardaşı Vahid cəzasını Ədliyyə Nazirliyinin PX-in 6 saylı cəzaçəkmə müəssində çəkir. Həmin vaxtdan da o tez tez qardaşı Vahid ilə görüşə gələrək ona müxtəlif ərzaq məhsulları, sovqat gətirmişdir. 09.01.2020-ci il tarixdə saat 16:20 radələrində qardaşı X9 ilə görüşmək üçün onun cəza çəkdiyi 6 saylı CÇM-ə gəlmişdir. Sovqatı təhvil verməmişdən əvvəl müəssisə əməkdaşları ona müəssisədə cəza çəkən məhkumlara gətirilməsi, ötürülməsi verilməsi və müəssisəyə keçirilməsi qadağan olunmuş əşyaların siyahısı ilə tanış etmişlər və bu barədə cinayət məsuliyyəti daşıması haqqında xəbərdar olunduqdan sonra müvafiq iltizamı imzalamışdır. Sonra müəssisənin nəzarət buraxılış məntəqəsində hal şahidlərinin və onun iştirakı ilə sovqata axtarış baxış tədbiri keçirilən zaman sovqatın içərisində olan şirniyyatın (pryanik) daxilində xüsusi üsulla gizlətdiyi 2 ədəd qara rəngli sellofan bükülü aşkar edilmişdir. Həmin qara rəngli sellofan bükülülərə əməkdaşlar onun və hal şahidlərinin iştirakı ilə baxış keçirmişlər və bükülünün birinin içərisindən narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddələr aşkar edilərək əməkdaşlar tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı bildirmişdir ki, aşkar olunmuş həmin maddələr məhz narkotik vasitədir, bir neçə gün bundan əvvəl “Koroğlu” metro stansiyasının yaxınlığında əvvələr tanıdığı Yavər adlı şəxsdən alaraq qardaşı məhkum X9 üçün gətirmişdir. Sonra götürülmüş maddi sübut olan həmin narkotik vasitə və psixotrop maddələrə bənzər maddələr zərfə yerləşdirilərək “zərflər üçün” möhürlə bərkidilmiş, onun və hal şahidlərinin imzası ilə həmin zərf imzalanmışdır. Narkotik vasitəyə bənzər maddələrin tərkibi və dəqiq çəkisinin müəyyən edilməsi məqsədi ilə ƏN-in MEM-nə göndərilmişdir. Həmçinin qardaşı X9 3 saylı istintaq Təcridxanasında saxlanılan zaman 2019-cu ilin avqust ayında onunla görüşə getmişdir. Görüş zamanı orada İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxslə tanış olmuşdur. O da həmin zaman kiminsə görüşünə gəlmişdir. Baba ilə söhbət edən zaman Baba ona bildirmişdir ki, ona ucuz qiymətə narkotik vasitələr təşkil edə bilər. Orada rahat danışa bilmədikləri üçün qərarlaşdırmışlar ki, söhbətlərini oradan çıxdıqdan sonra davam etdirsinlər. Onlar oradan çıxdıqdan sonra danışmışlar ki, “Koroğlu” metrosunun qarşısında yerləşən parkda görüşsünlər. Orada Baba ilə görüşdükdə Baba ona təxminən 0,5 qram heroin və 0,5 qram metamfetamin vermiş və bildimişdir ki, bunları nümunə kimi verir. Baba həmçinin bildirmişdir ki, kokosun bir qramını 15 manata, şüşənin 1 qramını isə 30 manata təşkil edə bilər. Həmin qiymətlər ona görə çox münasib imiş. Onlar razılaşmışlar ki, iki ay sonra yenidən görüşsünlər. Lakin o, Babanın mobil nömrəsini bilmirmiş. İki ay sonra yenidən Babay ilə eyni ünvanda görüşmüşlər. Görüş zamanı Baba onu Niko adlı başqa bir İranlı ilə tanış etmişdir. Daha sonra onun mobil nömrəsi ilə Nikoyla əlaqə saxlamışdır. O da Nikoyla danışdıqdan sonra bildirmişdir ki, kokos və şüşədən hərəsindən 10 qram ona lazımdır. Niko da bununla razılaşmışdır. Bundan bir neçə gün sonra Nikoyla əlaqə saxladıqda ona vaxt deyib Koroğlu metrostansiyası yaxınlığında olmağını bildirmişdir. Niko bildirmişdir ki, həmin narkotik vasitəni orada Baba ona verəcəkdir. Təxminən 2019-cu ilin sentyabr ayında o, Babayla görüşüb ondan 10 qram heroin və 10 qram metamfetamin əldə etmişdir. Razılığa əsasən pulu sonradan ödəyəcəkmiş. Bundan sonrakı müddətdə Nikoyla əlaqə saxlaya bilməmişdir. Babanın da nömrəsi onda yox imiş. 2020-ci ilin yanvar ayının əvvəllərində Niko onunla yenidən əlaqə saxlamışdır. Uzun müddətdir onunla əlaqə saxlaya bilmədiyini dedikdə Niko bəzi problemlərinin olmasını bildirmişdir. Bundan sonra Nikodan yenidən kokos və şüşə istəmişdir. Niko problemin olmadığını, istədiyi qədər kokos və şüşə göndərə biləcəyini bildirmişdir. Nikodan təxminən 30 qram kokos və 10 qram şüşə istəmişdir. Niko da ona xəbər edəcəyini bildirmişdir. Bunun müqabilində ona 750 manat ödəniş etməli imiş. Niko da ödəniş etmək lazım olduqda bir nəfər şəxs deyəcəyini və pulu ona verməli olduğunu demişdir. Bundan sonra Nikoyla əlaqə saxladıqda ona bildirmişdir ki, Koroğlu metrostansiyası yaxınlığında parka getsin və orada deyəcəyi yerdən sifariş verdiyi narkotik vasitəni götürsün. O, Nikonun dediyi kimi parka gedib Nikoyla əlaqə saxlamışdır. Nikonun tərifi ilə gedib onun dediyi yerdən sifariş verdiyi narkotik vasitəni götürmüşdür. Daha sonra həmin narkotik vasitəni yaşadığı ünvan 1 ünvanına aparmışdır. Sonra isə istifadə etməyə başlamışdır. Bundan sonra da Nikoyla mütəmadi olaraq əlaqə saxlayırmış. Niko ona bildirmişdir ki, əgər kimsə narkotik vasitə və psixotrop maddə əldə etmək istəsə onunla əlaqələndirsin. Hətta pulunu alıb ona göndərsin. Nikoyla aralarında belə danışıqlar olmuşdur. Nikodan əldə etdiyi maddələri evə apardıqdan sonra yataq otağının döşəməsində olan xalçanın altında gizlətmişdir. Həmin narkotik vasitə heroindən təxminən 4 qram da ayırıb üzərində daşıyırmış ki, lazım olduqda istifadə edə bilsin. 28 yanvar 2020-ci il tarixdə saat 18:59-da yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, ev 23 ünvanının qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini polis işçiləri kimi təqdim etmişlər. Onlar onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra polis əməkdaşları ona təklif etmişlər ki, üstündə nə əşya varsa onlara təqdim etsin. O da əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibimdən 01 ədəd «Samsung» markalı mobil telefonu və 17 manat pulu, gödəkçənin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və 01 ədəd açarı, əynində olan qara rəngli idman şalvarımın sol yan cibindən 01 ədəd şəffaf bükümü çıxararaq həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. 17 manat pul ona qaytarılmış, 01 ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi maraq kəsb etdiyinə görə götürülmüşdür. Sorğu zamanı o, bildirmişdir ki, yaşadığı ünvan 1 ünvanında da narkotik vasitə və psixotrop maddə vardır. O, evinə baxış keçirilməsinə etiraz etməmiş, üzərindən təqdim etdiyi açarla mənzilinin qapısını açmış və tədbir iştirakçılarını oraya dəvət etmişdir. Mənzildə olan zaman üzərində olan və təqdim etdiyi 01 ədəd bükümdə heroin zərfə qoyularaq möhürlənmiş, o da həmin zərfin üzərinə imza etmişdir. Üstü yoxlanılarkən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra o, yaşadığı mənlizin yataq otağının döşəməsinə salınmış xalçanın altından 01 ədəd şəffaf bükümdə olan heroini və 01 ədəd şəffaf bükümdə olan metamfetamini çıxararaq tədbir iştirakçılarına təqdim etmişdir. Mənzilindən təqdim etdiyi 01 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamin zərfə qoyularaq möhürlənmiş, o da həmin zərfin üzərinə imza etmişdir. Daha sonra yaşadığı mənzilə baxış keçirilərkən əhəmiyyət kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. Sorğu zamanı o, bildirmişdir ki, üzərindən və yaşadığı evdən təqdim etdiyi narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini İran İslam Respublikasının vətəndaşından özü istifadə etmək məqsədilə əldə etmişdir. Bundan sonra çəkiliş dayandırılmış və sənədləşdirmə üçün Baş İdarəyə getmişlər. Orada sənədləşdirmə işləri aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş 6 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı Şahid7 bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı X1 Şöbəsində böyük inspektor vəzifəsində xidmət edir və ədliyyə kapitanı xüsusi rütbəsini daşıyır. Mahiyyəti üzrə bildirmişdir ki, 09 yanvar 2020-ci il tarixdə Şöbəyə məlumat daxil olmuşdur ki, cəzaçəkmə müəssisəsində cəza çəkən və 6 saylı dəstədə qeydiyyatda olan məhkum X5 qardaşı Təqsirləndirilən şəxs Vahid Əhmədov üçün narkotik vasitə gətirəcək. Bunun üçün həmin tarixdə, yəni, 09 yanvar 2020-ci il tarixdə saat 16:25-də cəzaçəkmə müəssisənin nəzərat-buraxılış məntəqəsində Təqsirləndirilən şəxs gətirdiyi sovqata dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sovqatın içərisində olan şirniyyatın daxilində xüsusi üsulla gizlədilmiş iki ədəd qara rəngli sellofan bükülü aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülülərin içərisində olan maddələr narkotik vasitələrdir. Qara rəngli selofan bükülülərə baxış keçirilən zaman onların birinin içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər maddələr, digərindən isə ağ rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitələri X12 üçün bir neçə gün əvvəl Koroğlu metrostansiyasının yaxınlığında əvvəllər tanıdığı Yavər adlı şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər maddələr zərfə qoyularaq qablaşdırılmış və “zərflər üçün” möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və zərf narkotik vasitəyə bənzər maddələrin tərkiblərinin və dəqiq çəkilərinin müəyyən edilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Baş verənlər barədə tərəfindən protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş 6 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları Şahid6 Şahid7 ilə eyni məzmunlu ifadələr verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 28 yanvar 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs mütəmadi olaraq Sabunçu rayonu ərazisində heroin və metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması barəsində məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda Şahid2, o və Şahid3 olmuşlar. Əməliyyat qrupu təlimatlandırıldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. 28.01.2020-ci il tarixdə İdrisin evinin qarşısında ona yaxınlaşmışlar. Özlərini təqdim edərək, qərarla tanış etmişlər. İdrisə təklif etmişlər ki, üzərindəki bütün əşyalərı təqdim etsin. İdris şalvarının cibindən bir büküm çıxarıb təqdim edib bildirmişdir ki, bükümün içərisindəki heroindir. İdris həmçinin bildirmişdir ki, evində də narkotik vasitə və psixotrop maddə var. Həmin evə baxış keçirilməsinin zəruriliyi Təqsirləndirilən şəxs bildirildikdə, o, evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdirmişdir. İdrisin evinə baxış keçirilən zaman İdris, yataq otağında xalçanın altından iki büküm təqdim edərək onlardan birinin içərisində heroinə, digərində isə metamfetaminə oxşar maddə çıxarıb təqdim etdi. Şifahi sorğu zamanı İdris bildirdi ki, heroini və metamfetamini İran vətəndaşından əldə edib. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsini daşıyır. Mahiyyəti üzrə bildirmişdir ki, 28 yanvar 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olur. Həmin məlumat raportla Baş Narkotiklərlə Mübarizə idarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və Baş İdarənin əməkdaşlarından ibarət onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Baş İdarənin əməliyyat müvəkkilləri polis polkovnikleytenantı Şahid2, polis mayoru Şahid1 və polis mayoru Şahid3 daxil edilmişdir. Əməliyyat qrupu təlimatlandırıldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə yollanmışlar. 28.01.2020-ci il tarixdə saat 18:59-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, ev 23 ünvanının qarşısında xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən etmişlər və həmin şəxsə yaxınlaşmışlar. Xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilmiş və İdris barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərindəki bütün əşyalərı təqdim etsin. O da heç bir etiraz etmədən üzərində olan bir ədəd «Samsung» markalı mobil telefonu, 17 manat pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd açarı və əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxararaq onlara təqdim etmiş və bükümün içərisindəki maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 17 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, mobil telefon və şəxsiyyət vəsiqəsi isə götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, yaşadığı ünvan 1 ünvanında da narkotik vasitə və psixotrop maddə vardır. Həmin evə baxış keçirilməsinin zəruriliyi Təqsirləndirilən şəxs bildirildikdə, o, evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra İdrisin təqdim etdiyi açar ona verilmiş və o, mənzilinin qapısını açaraq onları içəriyə dəvət etmişdir. İçəriyə daxil olduqdan sonra onlar İdrisin üzərindən aşkar edilmiş bir ədəd bükümü açmışlar və orada tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 nömrəli möhürü ilə möhürlənmişdir. İştirakçılar tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra İdris yataq otağında döşəməyə salınmış xalçanın altından iki bükümü təqdim edərək onlardan birinin içərisində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olmasını qeyd etmişdir. İdrisin təqdim etdiyi bükümlər açılan zaman onlardan birində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar, digərində isə ağ rəngli, toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunmudur. Həmin bükümlər maddələrlə birlikdə bir ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imza edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilərkən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının 21 yanvar 2020-ci il tarixli 787 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş zərfin içərisindəki 03 ədəd bükümlərdə təmiz çəkisi – 0,324 qram ağ rəngli kristal formada olan maddə metamfetamin, təmiz çəkisi – 0,441 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək və təmiz çəkisi – 0,291 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İlkin tədqiqat zamanı heroinin çəkisi – 0,341 qram, metamfetaminin çəkisi 0,374 qram, tiryəkin çəkisi – 0,541 qram olmuşdur. İş materiallarına əlavə edilmiş məktuba əsasən X3 Əhmədovdan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi, həmçinin, Yavər adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-ə əməliyyat tapşırığı verilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2020-ci il tarixli 2248 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş: üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,201 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin...” yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 25,036 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 10,019 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş heroinin ümumi təmiz çəkisi 29,237 qramdır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 03.04.2020-ci il tarixli 891 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-94/2020 nömrəli 30 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 28 yanvar 2020-ci il tarixdən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verib hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici izahatı, şahid ifadələri, baxış, götürmə və sair kimi istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 fevral 2020-ci il tarixdə tərtib etdiyi tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilərək Sabunçu Rayon Məhkəməsinin 11.03.2009-cu il tarixli hökmü ilə 500 manat cərimə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcəbədi rayon İcra və Probasiya Şöbəsinin 15 oktyabr 2020-ci il tarixli, 63/20-38-03 saylı arayışına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli qərarının 1.7-ci bəndi tətbiq edilməklə məhkum Təqsirləndirilən şəxs 500 manat cərimə cəzasından 27.05.2013-cü il tarixdə azad edilmişdir. Məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən barəsində cəza təyin edilməməklə əlaqədar ittiham hökmü çıxarıldığı üçün məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı autizim xəstəliyindən əziyyət çəkən övladlarının olması, anasının onkoloji xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edilir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2 -ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,341 qram olan narkotik vasitə heroinin, təmiz çəkisi 0,374 qram olan psixotrop maddə metamfetaminin və təmiz çəkisi 0,541 qram olan narkotik vasitə tiryəkin maddə sübut kimi tanınması və ümumi məhkəmə-ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,271 qram qalığının, narkotik vasitə tiryəkin 0,401 qram qalığının və psixotrop maddə metamfetaminin 0,304 qram qalığı məhv edilməlidir. Həmçinin saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 28 yanvar 2020-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 29,237 qram olan narkotik vasitə heroinin və ümumi təmiz çəkisi 10,019 qram olan psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınması və ümumi məhkəmə-ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 29,137 qram qalığının və psixotrop maddə metamfetaminin 9,969 qram qalığı məhv edilməlidir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilən zaman videoçəkiliş aparılmış və həmin videoçəkiliş “CD” diskə köçürülərək protokola əlavə edilmiş “CD” disk cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 255 manat Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsindən məhkəmədəki müdafiəçisi Əliyev Oqtay Mamedoviçin vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə 240 (iki yüz qırx) manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 28 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi ilə 05(beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 28 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,341 qram olan narkotik vasitə heroinin, təmiz çəkisi 0,374 qram olan psixotrop maddə metamfetaminin və təmiz çəkisi 0,541 qram olan narkotik vasitə tiryəkin maddə sübut kimi tanınması və ümumi məhkəmə-ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,271 qram qalığının, narkotik vasitə tiryəkin 0,401 qram qalığının və psixotrop maddə metamfetaminin 0,304 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bundan əlavə saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş 28 yanvar 2020-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 29,237 qram olan narkotik vasitə heroinin və ümumi təmiz çəkisi 10,019 qram olan psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınması və ümumi məhkəmə-ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 29,137 qram qalığının və psixotrop maddə metamfetaminin 9,969 qram qalığı məhv edilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilən zaman videoçəkiliş aparılmış və həmin videoçəkiliş “CD” diskə köçürülərək protokola əlavə edilmiş “CD” disk cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsindən məhkəmədəki müdafiəçisi Əliyev Oqtay Mamedoviçin vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə 240 (iki yüz qırx) manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 255 manat Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına ödənilsin. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar