Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-401/2022 31.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4, X2, X3 və X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X8 və Dövlət ittihamçısı oğlunun, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan orta təhsilli, işsiz, məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 54 saylı evin, 86 saylı mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Mida” binaları, 7 saylı evin, 234 saylı mənzilində yaşayan, barəsində “ev dustağlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı ünvanında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi İlə 1 (bir) ədəd bükümdə ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda 3,722 narkotik vasitə heroini 10 (on) manat müqabilində əldə edib, üzərində saxlayaraq daşımış, 30 avqust 2021-ci il tarixdə həmin narkotik vasitəni özü ilə daşıyaraq ünvan 2 ünvanda olan “ABU” Yanacaqdoldurma məntəqəsinin qarşısına gətirmiş və həmin tarixdə saat 15:20 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda olan “ABU” Yanacaqdoldurma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış külli miqdarda, yəni təmiz çəkisi 3,722 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, təqribən 3 ilə yaxındır ki, heroin kimi tanıdığı narkotik maddədən çəkmə yolu ilə istifadə edir. Belə ki, o, ümumillikdə narkotik maddəni, yəni heroini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün müxtəlif vaxtlarda almışdır. Tutulduğu gün gecə saatlarında 8 manat götürərək özünə istifadə üçün narkotik vasitə almağa getmiş və tanımadığı şəxsdən bir çet heroin almışdır. Oradan evinə qayıdanda iki nəfər polis əməkdaşı tərəfindən tutulmuş və Polis idarəsinə aparılmışdır. Orada döyülmüş, üzərinə axtarış keçirilmiş və aldığı bir çeti tapmılmışdır. Sonra evinə baxış keçirilmiş və heç nə tapılmamışdır. Evə baxış zamanı müdafiəçi də iştirak etmişdir. Videogörüntü zamanı bir çet maddəni öz istifadəsi üçün aldığını demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, bədənində ağrılar olduğuna görə narkotik vasitədən istifadə edir, ağrılarını narkotik vasitələrlə sakitləşdirir. O, narkotik vasitələrin satışı ilə məşğul deyildir, yalnız istifadə edir. Buna görə də peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2007-ci il tarixdən Daxili İşlər orqanlarında, 2018-ci il tarixdən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, narkotik vasitələrdən istifadə etməsi və satışı ilə məşğul olması barədə 30-cu Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının yoxlanılması məqsədilə ondan və əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. 30 avqust 2021-ci il tarixdə saat 15:20 radələrində əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, “ABU” Yanacaqdoldurma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etmişlər. Həmin şəxsin xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 54 saylı evin 86 saylı mənzilində qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Mida” binaları, 7 saylı evin, 234 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs kimi onlarla bərəbar 30-cu Polis şöbəsinə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən, könüllü olaraq onlarla bərabər polis şöbəsinə gəlmişdir. Şöbənin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, təhqiqatçı Şahin Mikayılov tərəfindən müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən gümüşü kağıza bükülmüş 1 (bir) ədəd bükülünü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuş, bükülünü göstərərək heroin narkotik vasitə olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin vasitəni 30 avqust 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində ona məlum olmayan şəxsdən 10 (on) manat pula aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli, 01 (bir) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddə ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və götürümüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satışla məşğul olması barədə məlumat olsa da, onun həmin vasitəni kimə satdığı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs nə saxlanılarkən, nə də idarədə ona qarşı heç bir təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30.08.2021-ci il tarixli raportdan görünür ki, xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Hövsan qəsəbəsi, sosial bina, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 30.08.2021-ci il tarixli qərardan görünür ki, xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Hövsan qəsəbəsi, sosial bina, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30.08.2021-ci il tarixli, 1767 saylı raportdan görünür ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi və üzərində saxlamasında şübhəli bilinən xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 54 saylı evin, 86 saylı mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri Hövsan qəsəbəsi, sosial bina, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs müəyyən edilərək həmin tarixdə saat 15:20 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, “ABU” YDM-in qarşısında saxlanılaraq 30-cu Polis şöbəsinə gətirilmişdir (iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 30.08.2021-ci il tarixli protokoldan və kompakt diskə baxış keçirilməsi haqqında 15.09.2021-ci il tarixli protokoldan görünür ki, 30 avqust 2021-ci il tarixdə saat 16:30-da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqaretin qızılı kağızına bükülmüş 1 (bir) ədəd bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə vardır, aşkar edilmiş narkotik maddəni 30.08.2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ünvanında tanımadığı şəxsdən ümumilikdə 10 (on) manat nəğd pul ödəyərək öz şəxsi istifadəsi üçün alıb daha sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Həmin büküm müvafiq qaydada götürülmüşdür (iş vərəqi 29-30, 131-132). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş evə axtarış və götürmə aparılması haqqında 30.08.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 18:30-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Mida” binaları, 7 saylı evin, 234 saylı mənzildə axtarış aparılmış, lakin iş üzrə sübut əhəmiyyəti daşıyan əşya və ya predmet aşkar olunmamışdır (iş vərəqi 38-41). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materalların məhkəmə ekspertizasının 31.08.2021-ci il tarixli, 6/3793 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N194” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs ...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 3,722 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahıl) daxildir. Aparılmış tədqiqatın dəyəri 88,70 (səksən səkkiz manat 70 qəpik) manat təşkil edir (iş vərəqi 48-53). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN Suraxanı rayon Polis İdarəsinin 30cu Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 30.08.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 113-115). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş CD kompakt diskə baxış keçirilməsi haqqında 13.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartı üzrə "xxxx" MMC-dən əldə edilmiş CD diskə baxış keçirilmiş, baxış nəticəsində təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etməsi, daşıması, saxlaması, satması və istifadə etməsi öz təsdiqini tapmışdır (iş vərəqi 155-171). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07.09.2021-ci il tarixli, 3308 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticələsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 145-146). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10.09.2021-ci il tarixli, 2098 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa və özündən uydurmağa meyillik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqi 150-152). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 119). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 18.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3,722 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şəxsi axtarışı özündə əks etdirən bir ədəd CD disk, "xxxx" MMC-dən əldə edilmiş bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, disklər iş materiallarına əlavə olunmuş, ekspert tədqiqatından sonra qalıq qalmış 3,672 qram çəkidə heroin saxlanılmasından ötrü Bakı şəhəri Suraxanı RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (iş vərəqi 195-205). İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28.09.2010-cu il təvəllüdlü X6 adlı bir övladı var (iş vərəqi 213). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 18.11.2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından narkotik vasitənin əldə edilmə mənbəyi barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqi 208-210). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən daha az narkotik vasitə aşkar edilməsi, narkotik vasitədən yalnız istifadə etməsi, onun satışı ilə məşgul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin narkotik vasitələri satmasına dair məlumatların mövcud olması barədə iş üzrə məhkəmədə dindirilmiş hər iki şahidin ifadələrini, belə əməli təsdiq edən CD kompakt diskə baxış keçirilməsi haqqında 13.11.2021-ci il tarixli protokolu və iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə edib saxlamış və gəzdirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşıları tərəfindən döyülməsi barədə ifadələrini “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-28-ci bəndlərindəki tövsiyələrinə uyğun şəkildə təhlil etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs döyülməsi ilə bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsinə, yəni azadlıqda olmasına baxmayaraq, nə təqsirləndirilən şəxs özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə heç bir müraciət edilməmişdir. Bütün bunlar onu göstərir ki, döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, səmimi peşmanlığını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 01 sentyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş və barəsində həmin tarixdə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, hökm çıxarılana kimi fasiləsiz olaraq ev dustaqlığında saxlanılmışdır (cild 1, iş vərəqi 19, 107-112, 238-239). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 30 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,672 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, 2 (iki) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,672 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; - maddi sübut olan 2 (iki) ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-401/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-401/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver