Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-402/2022 07.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 33-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Maqa» ləqəbli şəxslə əldə edəcəkləri narkotik vasitələrin qiymətinə və çəkisinə dair əvvəlcədən sövdələşib razılığa gələrək qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşib, sonuncunun vasitəsi ilə istintaqa məlum olmayan mənbədən 4,670 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkoik vasitə heroini Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində 31 iyul 2021-ci il tarixdə qanunsuz əldə edərək üzərində saxlamış, elə həmin tarixdə saat 00:30 radələrində Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq gətirildiyi Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki dama-dama rəngli şortun sağ yan cibindən bir ədəd üzərinə «6K» yazılı kağız işarəsi olan qara rəngli yapışqanlı lentlə sarınaraq sellofan bağlamaya bükülmüş təmiz çəkisi 4,670 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 11 yaşında valideynlərini itirmişdir. Ali təhsillidir. İqtisad Universitetinin məzunudur. Qeyri-rəsmi tərçüməçi işləmişdir. Əvvəllər kəllə-beyin travması almışdır. Bundan başqa hepatit xəstəliyindən də əziyyət çəkir. Bu səbəbdən də narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. 2016-cı ildə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2017-ci ildə cəzasını çəkib azadlığa çıxmışdır. Arada bir tanışları ilə birlikdə pul qoyub narkotik vasitə heroin alıb, birlikdə qəbul etmişlər. 31 iyul 2021-ci il tarixdə saat 00:30 radələrində hazırda ölmüş tanışı Roman Zalovun əvəzinə narkotik vasitə götürmək üçün Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospektində yerləşən «Mələk» şadlıq evinin yaxınlığına getmişdir. Narkotik vasitənin qoyulduğu yeri bilmək üçün sonuncunun telefonunu da özü ilə götürmüşdür. Orada piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmış və Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparılmışdır. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Buna baxmayaraq polis əməkdaşları tərəfindən cibinə bir büküm narkotik vasitə qoyulmuş, təzyiq altında videoçəkiliş zamanı həmin bükümü çıxarıb ozününkü kimi təqdim edərək, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Müstəntiqə ifadə verərkən «abstinent sindromu» altında olmuş və sonuncu tərəfindən onun adından yazdığı ifadəni imzalamışdır. Hazırda həmin ifadədə nə yazıldığını xatırlamır. İbtidai istintaq zamanı ona təqdim olunan 404 vərəqdən ibarət SMS yazışmaları ilə tanış olmuşdur. Həmin telefonlar və nömrələr onun üzərindən aşkar edilsə də, onun istifadəsində olmamış, Roman Zalova məxsus olmuşdur. Yazışmalar da ona məxsus deyildir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 31 iyul 2021-ci il tarixdə şöbəyə Bakı şəhəri Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 33-də yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmiş, onun və şöbənin polis sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 00:30 radələrində birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal edilən ünvan 3 ünvanına yola düşmüşlər. Təqsirləndirilən şəxs orada yerləşən «Mələk» şadlıq evinin qarşısında saxlayıb, birlikdə Binəqədi RPİ-nin 4-cü PŞ-yə getmişlər. Orada vəkilin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Bu zaman sonuncu üzərində narkotik vasitə olmasını etiraf etmiş və əynindəki ağ-qara dama-dama rəngli şortun sağ yan cibindən bir ədəd üzərinə «6K» yazılmış qara rəngli yapışqanlı lentlə sarınmış sellofan bağlamanı çıxarıb təqdim edərək, içərisində narkotik vasitə heroinin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı ilə «Whatsapp» vasitəsi ilə əlaqə saxlamış, sonuncunun hesabına pul köçürdükdən sonra, ona narkotik vasitənin olduğu yerin fotoşəkli göndərilmiş və həmin yerə gedib götürmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı videoçəkilişdən istifadə edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə qablaşdıraraq möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında narkotik vasitələrin satışı ilə məşğul olması göstərilsə də, narkotik vasitələri əldə etdiyi mənbə barədə heç bir məlumat qeyd edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əməlini etiraf edib, narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı təsir-təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İşin 1-ci cildinin 31-32-ci vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 31 iyul 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 00:30-da Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti «Mələk» şadlıq sarayının qarşısında piyada olan zaman saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 31 iyul 2021-ci il tarixli qərara əsasən Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «Panasonic» markalı videokameradan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişlər. İştirakçılardan videoçəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək bildirilmişdir ki, hüquqlarını müdafiə edən vəkil X4 hazırda Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasındadır, lakin, üzərinə keçiriləcək şəxsi axtarış istintaq hərəkətlərində iştirak etməkdən imtina edir, bu barədə nə kimi vəsatətləri vardır. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və heç bir vəsatət verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki dama-dama qısa şortun sağ yan cibindən ağ rəngli kağıza bükülərək üzəri izolasiya lenti ilə bağlanmış, üzərinə «6K» sözləri yazılmış bükülünü təqdim edərək həmin bükümdəki maddənin narkotik maddə «kakos» olduğunu və İran İslam Respublikasının vətəndaşı olan «Maqa» kimi tanıdığı +**********11 mobil nömrə işlədən şəxsin dediyi Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindən götürdüyünü, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan dama-dama qısa şortun sol yan cibindən «Xiaomi Poco» markalı mobil telefon və şortunun sağ yan aşağı cibindən üzərində gerb, içərisində deməsinə görə özünə və anasına məxsus fotolar və 10 qəpik pul olan göy rəngli pul qabını təqdim etmişdir. Aşkar olunmuş bir ədəd bükülüdəki qəhvəyi rəngli toz şəkilində olan heroinə bənzər kütlə və Təqsirləndirilən şəxs məxsus «Xiaomi Poco» markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduqlarından təhqiqatçı tərəfindən ayrı-ayrı kağız zərflərdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş və içərisindəki şəxsi əşyaları ilə bilrikdə pulqabı şübhəli şəxsin özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Protokol iştirakçılara oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. İşin 1-ci cildinin 60-61-ci vərəqlərindəki videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 31 iyul 2021-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-də şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış bir ədəd CD-yə köçürülmüş iki ədəd səsli videogörüntüyə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan biri «00747», digəri isə «00748» adlı iki ədəd videogörüntü vardır. 11 dəqiqə 45 saniyyəlik, üzərində tarixi və saatı əks olunmayan, «00747» adlı MPEG-TS Video File (.MTS) tipli 0,99 GB həcmli, 31 iyul 2021-ci il tarixdə yaranmış, birinci videogörüntüdə ikisi mülki geyimdə, biri isə polis leytenantı geyimində masa ətrafında əyləşmiş vəziyyətdə, polis baş leytenantı geyimində olan digər şəxs, masanın baş tərəfində ayaq üstə durmuş vəziyyətdə olmaqla dörd nəfər şəxs əks olunur. Ayaq üstə olan polis baş leytenantı rütbəli şəxs çəkiliş başlayan zaman şəxsi axtarış və götürmə haqqında protokolun tərtib olunmasının 31 iyul 2021-ci il tarixdə saat 00:30-də başlandığını elan etməklə özünü təqdim edib Azərbaycan Respublikası DİN-in Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı X5 olmasını bildirərək, Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən videoçəkilişdə iştirak edən 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1, PŞ-nin polis sahə inspektoru polis leytenantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və Binəqədi RPİ-nin KTQ-nin inspektor-kriminalisti polis mayoru X2 barələrində anket məlumatlarını, eləcə də 31 iyul 2021-ci il tarixdə saat 00:30-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılacağını elan edərək iştirakçılara hüqüq və vəzifələrini izah edir, daha sonra barəsində axtarış və götürmə haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs müraciət edərək paltarlarında, əşyalarında və ya bədənində olması etimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsini təklif edir. Görüntünün 4 dəqiqə 2-ci saniyəsində masa arxasında əyləşmiş Təqsirləndirilən şəxs ayağa qalxaraq əynindəki ağ-qara dama-dama rəngli şortun sağ yan cibindən bir ədəd üzərinə «6K» yazılmış qara rəngli yapışqanlı lentlə sarınmış sellofan bağlamanı, şortunun sol cibindən bir ədəd «Xiaomi Poco» markalı mobil telefonu, sağ aşağı yan cibindən isə bir ədəd içərisində fotoşəkillər və 10 qəpik pulu olan portmanatı çıxarıb masanın üzərinə qoyaraq üzərində başqa heç nə olmadığını bildirir. Baxışda iştirak edən əməliyyat müvəkkili Şahid1 təhqiqatçının göstərişi ilə ayağa qalxaraq Təqsirləndirilən şəxs üstünü axtarır, heç nə aşkar edilmir, daha sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bağlamanı açaraq içərisindəki tünd qəhvəyi rəngli tozşəkilli kütləni iştirakçılara və videokameraya nümayiş edir. Təqsirləndirilən şəxs üzərinə «6K» yazılmış qara rəngli yapışqanlı lentlə sarınmış sellofan bağlamanın içərisində nə olmasına dair təhqiqatçının sualına cavab olaraq bildirir ki, həmin bağlamanın içərisində olan narkotik vasitə heroinindir. Həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı ilə «Whatsapp» vasitəsi ilə əlaqəyə girərək, onun hesabına pul köçürməklə həmin şəxsin ona fotoşəklini göndərdiyi yerdən gedib götürmüşdür. Bundan sonra təhqiqatçı həmin bağlamanın və mobil telefon cihazının maddi sübut əhəmiyyəti kəsb etmələrini bildirərək onları götürüləcəyini və qablaşdırılacağını elan etməklə ağ kağızdan hazırlanmış iki ədəd ayrı-ayrı zərfləri götürüb içərilərinin boş olmalarını videokameraya və iştirakçılara nümayiş etdirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bağlamanı bir zərfin, mobil telefon cihazını isə digər zərfin içərisinə qoyaraq yapışqanla qapaqlarını yapışdırıb üzərlərini möhürləyir və iştirakçılar imzaları ilə təsdiq edir. Bundan sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək prosessual hərəkətin xidməti otaqda süni işıqlandırma şəraitində aparıldığını, istifadə olunan videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyini və protokolun imzalanması üçün videoçəkilişin dayandırılmasını elan edir. 25 saniyəlik, üzərində tarixi və saatı əks olunmayan, «00748» adlı MPEG-TS Video File (MTS) tipli 37 MB həcmli, 31 iyul 2021-ci il tarixdə yaranmış ikinci videogörüntüyə baxdıqda müəyyən olundu ki, həmin görüntüdə də birinci görüntüdə əks olunan şəxslər tam tərkibdə iştirak edirlər. Masanın baş tərəfində ayaq üstə dayanmış təhqiqatçı Malik Əhmədov şəxsi axtarış və götürmə zamanı aparılmış birinci videoçəkilişə iştirakçılar tərəfindən baxılmasını, bununla əlaqədar heç bir etiraz və vəsatətin daxil olmadığını, protokolun iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilməsini, müvafiq prosessual hərəkətin qurtarmasını və videoçəkilişin dayandırılmasını elan edir. İşin 1-ci cildinin 41-45-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 31 iyul 2021-ci il tarixli 6/3203 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata bir ədəd zərfdə təqdim olunmuş bir ədəd sellofan bükümdə təmiz çəkisi 4,670 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vaitələrin siyahısına (Siyahı İ) daxildir. İşin 2-ci cildinin 31-33-cü vərəqlərindəki ambulator məhkəmə psixiatrik ekspertizasının 8 sentyabr 2021-ci il tarixli 2064 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir. İşin 2-ci cildinin 35-36-cı vərəqlərindəki ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 noyabr 2021-ci il tarixli, 4478 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cildinin 1-ci vərəqindəki CD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı danışıq kartına 1 yanvar 2021-ci il tarixdən 9 avqust 2021-ci il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin və mesajların siyahısı, mesajların mətnləri, anten dairələri barədə məlumatlar əks olunmuş 1 ədəd CD-yə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefona daxil olan 213 vərəq və çıxan 75 vərəq SMS-lərin böyük əksəriyyəti narkotik vasitələrin qanunsuz əldə edilməsi, narkotik vasitələrin növü və çəkiləri, qiyməti, nə vaxt kimlərə hansı çəkidə çatdırılması məzmununda rus dilində yazılmış mesajlardır. İşin 2-ci cildinin 3-cü vərəqindəki CD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı danışıq kartına 1 yanvar 2021-ci il tarixdən 9 avqust 2021-ci il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin və mesajların siyahısı, mesajların mətnləri, anten dairələri barədə məlumatlar əks olunmuş 1 ədəd CD-yə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefona daxil olan 15 vərəq və çıxan 11 vərəq SMS-lərin böyük əksəriyyəti narkotik vasitələrin qanunsuz əldə edilməsi, narkotik vasitələrin növü və çəkiləri, qiyməti, nə vaxt kimlərə hansı çəkidə çatdırılması məzmununda rus dilində yazılmış mesajlardır. İşin 2-ci cildinin 40-49-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edildiyi mənbənin və törətdiyi cinayət əməlində qabaqcadan əlbir olduğu şəxslərin müəyyən edilməsi məqsədi ilə 18 noyabr 2021-ci il tarixdə hazırki cinayət işinin istintaq materiallarından ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234,4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. İşin 1-ci cildinin 62-ci vərəqindəki 1 avqust 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 31 iyul 2021-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-də şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı videokamera vasitəsi ilə qeydə alınmış iki ədəd səsli videogörüntünün köçürüldüyü bir ədəd CD iş üzrə maddi sübut kimi tanınmışdır. İşin 100-cü vərəqindəki 1 avqust 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 4,670 qram narkotik vasitə heroinin ekspertizaya sərf edildikdən sonra qalmış 4,620 qram hissəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İşin 2-ci cildinin 2-ci vərəqindəki 11 noyabr 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, "xxxx" MMC-dən AZF/LGL-27385/21 saylı 29 oktyabr 2021-ci il tarixli məktubla daxil olmuş bir ədəd CD iş üzrə maddi sübut kimi tanınmışdır. İşin 2-ci cildinin 4-cü vərəqindəki 11 noyabr 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, "xxxx" MMC-dən BKC/LGL-18798/21 saylı 29 oktyabr 2021-ci il tarixli məktubla daxil olmuş bir ədəd CD iş üzrə maddi sübut kimi tanınmışdır. İşin 102-103-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Quliyev X1 rayon məhkəməsinin 2 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 13 noyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azadlığa çıxmışdır. İşin 19-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 31 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,670 qram narkotik vasitə heroinin ekspertizaya sərf edildikdən sonra qalmış 4,620 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərinə keçirilmiş baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd CD, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş iki ədəd CD-lər isə cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 118 (yüz on səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,670 qram narkotik vasitə heroinin ekspertizaya sərf edildikdən sonra qalmış 4,620 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun üzərinə keçirilmiş baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd CD, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş iki ədəd CD-lər isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 118 (yüz on səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-402/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-402/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver