Məhkəmə qərarları › İş №1(101)-402/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-402/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-402/2024 07.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X16 ibarət tərkibdə, X2 qızı və Niyazova Nəzrin Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət açıq məkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 6,231 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 17:05-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 6,231 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki ağ rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 24 yanvar 2023-cü il tarixdə onun qohumu ona zəng edərək bir nəfərdən pul götürməli olduğunu, işdən çıxa bilmədiyini və həmin pulu onun götürməsini xahiş etmişdir. O da 2 nəfər dostu ilə birlikdə qohumunun dediyi şəxsdən pul istəməyə getmişdir. Onlar Nərimanov metrostansiyası tərəfdə olarkən polis əməkdaşları onları saxlayaraq özlərini təqdim etmədən tutub aparmışlar. Digər 2 nəfəri sonradan buraxmış, onu isə saxlamışlar. O, onu nə üçün saxladıqlarını bilmir. Belə ki, o, heç vaxt narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, 14 il idmanla məşğul olmuşdur. Ondan pul götürməyini xahiş edən şəxs yaxın qohumu olmuş, digər şəxslər də onun məhəllə uşaqları olmuşlar. Həmin şəxslərdən biri stomatoloq, digəri isə futbolçu olmuşdur. Onlar həyətdə bir yerdə dayanmış, dostunun maşını ilə getmişlər. Yaxın qohumu işgüzar insandır. O, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Onu bölməyə aparıb üzərinə baxış keçirmişlər, üzərindən telefon, 13 manat pul, qəpik və avtobus kartı aşkar olunmuş, üzərindən narkotik vasitə aşkar edilməmişdir. Dostlarının azadlığa çıxmaları qarşılığında narkotikin ona məxsus olduğunu boynuma almağa məcbur etdilər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, təhqiqatçı çəkilişə 30 dəqiqə qalmış ona narkotikin onun üzərindən çıxmasını qəbul etməyini demiş, o da bu təkliflə razılaşmış, çünki təhqiqatçının bu təklifini qəbul etməsə, evindən 5 kiloqram narkotik vasitə çıxaracaqları ilə onu hədələmişlər. O, bu yaşına kimi heç vaxt bölməyə düşməmiş, onunla birlikdə saxlanılan şəxsləri buraxıb, onu tutmalarının səbəbini bilmir. O, məhkəmədə olarkən istintaq zamanı təzyiqlərə məruz qaldığına görə etirafedici məzmunda ifadə verdiyini bildirmişdir. Onun üzərində axtarış, digərlərinin üzərinə isə baxış keçirmişlər. O, özünü təqsirli bilmir, istintaq zamanı da ona verilən ittihamla razı olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, polis əməkdaşları onun üzərini tam yoxlamış, digərlərinin isə sadəcə üst-başını axtarmışlar. O, Ayxan adlı şəxsi tanımır, nömrəsini də yaxın qohumu vermiş və işdən çıxa bilmədiyi üçün Ayxana yaxınlaşıb pulu ondan götürməyi xahiş etmişdir. O, digər yoldaşları ilə həyətdə bir yerdə dayanmış, maşın dostunun olmuş, ona görə bir yerdə getmişlər. Üstündən çəkiliş zamanı telefon, 13 manat 70 qəpik pul və avtobus kartı aşkarlanmışdır. Pulların və kartın daha sonra necə olduğunu bilmir. O, evdən əvvəlcə avtobusla “Ulduz” metrostansiyasına getmiş, Niftəli ilə görüşmüş, onlarla birlikdə İntizamın maşını ilə Nərimanov metrostansiyası tərəfə getmişdir. O, həyatı boyu narkotik vasitə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, o, 20-25 ildir ki, Ramili tanıyır. Onlar yaxın qonşu olmuşlar. 24 yanvar 2023-cü il tarixdə Ramil ona zəng etmiş, o da həyətə düşmüşdür. Ramil ona “Nərimanova gedib-gələk, mənim orada işim var” demişdir. O, Ramilin nə işi olduğunu bilməmiş, o və Ramil İntizamın maşını ilə Nərimanov rayonuna getmişlər. Nərimanov parkının yaxınlığında polis əməkdaşları Ramili tutmuşlar. Hər şey bir anda baş vermiş, İntizam və onu da tutmuşlar, lakin sonradan onların heç bir təqsiri olmadığı məlum olduqdan sonra onları buraxmışlar. Tutulan zaman Ramilin üzərindən nəsə aşkar olunduğunu görməmiş, video-çəkiliş zamanı Ramilin üzərindən narkotik vasitə aşkar edilmişdir. O da həmin video çəkilişdə iştirak etmişdir. Şahid6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Ramillə qonşu məhəllədə yaşamış, hal-hazırda da həmin ünvanda yaşayırlar. Hadisə baş verən vaxt gündüz saatları olmuşdur. İntizar da onların qonşusu olmuş, onların İntizarın maşınında getmişlər. O, Nərimanov rayonuna nə üçün getdiklərini bilməmişdir. O, hal-hazırda narkotik vasitələrdən istifadə etmir, lakin əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Ramilin narkotik vasitələrdən istifadə edib-etmədiyini bilmir. Şahid6 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, maşının içində oturmuş, pəncərədən baxanda Ramili tutduqlarını görmüşdür. Onların yanındakı qapı açılmış və onlara heç yerə getməmələrini tapşırmışlar. Daha sonra həmin şəxslər Ramili ön oturacağa, onları isə arxa oturacaqlara oturtmuşlar. O, başqa heç nə görməmişdir. O, tutulan zaman Ramilin üzərinin yoxlanılmasını və ya üzərindən nəsə aşkar olunmasını görməmişdir. Onların hamısını birlikdə idarəyə aparmışlar, daha sonra onunla İntizarı bir otağa, Ramili isə başqa otağa aparmışlar və sorğu-sual etmişlər. Video çəkiliş zamanı o da iştirak etmiş, həmin zaman Ramilin üzərindən paket çıxmışdır. Onun da üzərinə axtarış keçirmişlər. Yaranmış ziddiyyətlə bağlı Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin arasındakı ziddiyyəti istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalaması ilə əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, onlar tutulan zaman onlardan heç nə soruşmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs ona yaxınlaşıb çay içmək məqsədilə Nərimanov rayonuna getməyi təklif etmiş, o da bu təkliflə razılaşmışdır. Dostları Ramil və Niftəli ilə birlikdə Nərimanov parkına yaxınlaşanda mülki geyimli şəxslər onlara yaxınlaşıb onlarla birlikdə İdarəyə getməyi təklif etmişlər. Şahid İntizam Gulıev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Nərimanov rayonuna getmək barədə təklifi Ramil etmiş, Ramil ona Nərimanov rayonuna çay içməyə getdiyini demiş və onu aparmağı xahiş etmiş, o da razılaşmışdır. İdarədə onun yanında Ramilin üzərini yoxlayıb heç nə tapmamış, daha sonra video çəkilişlə üzərinə baxış keçirilən zaman Ramilin üzərindən nə isə aşkar edilmişdir. Ramilin onun üzərindən aşkar olunan bükümlə bağlı nə dediyini xatırlamır. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, narkotik vasitədən istifadə etmir, Ramilin də narkotik vasitədən istifadə etdiyini görməmişdir. Şahid İntizam Gulıev ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, polis əməkdaşları onlara yaxınlaşdıqları yerdə nə Ramilin, nə də onun üzərinə baxış keçirməmişlər. İdarəyə apararkən polis əməkdaşları onlara heç nə deməmiş, İdarəyə çatandan sonra Ramilin pul götürməyə gəldiyini, onun bu barədə nə məlumatı olduğunu soruşmuşlar, o da bu barədə heç bir məlumatının olmadığını, oraya çay içmək üçün gəldiklərini demişdir. Onları idarəyə nəyə görə apardıqlarını çatandan sonra bilmişdir. O, baxışla axtarışın fərqini bilmir, onun üzərinə baxış keçirəndə vəkil iştirak etmişdir. İdarədə əvvəlcə üzərlərini yoxlayanda narkotik vasitə çıxmamış, lakin video çəkiliş zamanı Ramilin üstündən nakotik vasitə aşkar edilmişdir. İdarədə olarkən onların hər birini ayrı-ayrılıqda yoxlamışlar. İdarədə olan zaman onlara əl-qol atmışlar, söyüş söymüşlər, lakin vurmamışlar. O, polis əməkdaşlarının Ramili vurmalarını görməmiş, lakin ümumilikdə onlarla kobud rəftar etmişlər. İbtidai istintaq zamanı yazılan ifadəni oxumadan imzalamışdır. Maşını o idarə etdiyi üçün Ramilin telefonda nə danışdığına fikir verə bilməmişdir. Ramilin üstündə heç vaxt narkotik vasitə görməmiş, onun narkotik vasitə aldığını və ya satdığını görməmiş, eşitməmişdir. Şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 24 yanvar 2023-cü il tarixdə Ramil adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında dörd nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, Ramil adlı şəxsin yeri müəyyən edilmişdir. Həmin gün saat 17-18 radələrində Nərimanov rayonunda yerləşən parkın yaxınlığında Ramil adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Ramil adlı şəxsin yanında daha iki nəfər şəxs olmuş, onlar Təqsirləndirilən şəxs və onun yanında olan digər iki nəfəri baş idarəyə dəvət etmişlər. Həmin şəxslər könüllü şəkildə baş idarəyə gəlmiş, idarədə müdafiəçinin iştirakı və özünü icazəsi ilə xidməti otaqların birində Ramilin üzərinə baxış keçirilmiş, ona üzərində qanunsuz əşya, predmet və ya narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində 1 ədəd bükümdə metamfetamin olduğunu bildirib, könüllü şəkildə masanın üzərinə qoymuş və bir gün əvvəl Nizami rayon ərazisindən tapdığını bildirmişdir. Özünün bildirdiyinə görə əvvəllər narkotik vasitədən istifadə etmişdir. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı yalnız Təqsirləndirilən şəxs barəsində daxil olmuş, digər şəxslər Ramilin yanında olduğu üçün onları da baş idarəyə dəvət etmişlər. Həmin şəxslərin barəsində heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onlar Ramilə bənzəyən şəxsə yaxınlaşmış, ad soyad ata adını dedikdən sonra əmin olmuşlar ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki-psixi təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid1 ilə oxşar məzmunda ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. İbtidai istintaq zaman şahid qismində dindirilmiş Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, öz ifadəsində məhkəmə iclasında ifadə vermiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 24 yanvar 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən edilmiş və götürülmüşdür. Tədqiq olunan protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisindən tapdığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, həmin maddəni də şəxsi istifadə məqsədi ilə üzərində saxladığını, üzərindən aşkar edilənlərdən heç kəsin məlumatının olmadığını bildirmişdir. (cild İ, i/v: 24-25). Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan video görüntü «şəxsi axtarış və götürmə aparılması haqqında» 24 yanvar 2023-cü il tarixli protokolla eynilik təşkil edir. - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 yanvar 2023-cü il tarixli 6/459 nömrəli ekspert rəyindən görünür ki, üzərində AR DİN «Zərflər üçün № 6» möhür əksi və «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... » və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 6,231 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı İ) daxildir. Qeyd: metamfetamin ümumi təmiz çəkisi - 6,231 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 6,131 qram. (cild İ, i/v: 52-54) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 üzrə 25 yanvar 2023-cü il tarixli 378 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan həmin ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MOP (+), OPİ (+), AMP (+) aşkar olunmuş və təqsirləndirilən şəxs 5-6 aydır ki, psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini demişdir. (cild İ, i/v: 167-168). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X6» X13 daxil olmuş məhkəmə-kimyəvi ekspetizasının xx.xx.2023-cü il tarixli 392/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaioid və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən «Kannabinoid» aşkar edildi. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, amfetamin, metamfetamin və salisilatlar aşkar edilmədi. (cild İ, i/v: 169-172) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsin 10 fevral 2023-cü il tarixli 1728 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. (cild İ, i/v: 137) - Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(005)-134/2023 nömrəli qərarı ilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (cild İ, i/v: 135) - «Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında» 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 24 yanvar 2022-ci il tarixdən 24 yanvar 2023-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (cild İ, i/v: 153) - «Mobil telefona baxış keçirilməsi haqqında» 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş «Samsung» markalı mobil telefona baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (cild İ, i/v: 154) - Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının cavab məktubunda qeyd edilmişdir ki, ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs aşkar edilən külli miqdarda psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi qeyd edilmişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatların əldə edilməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (cild İ, i/v: 143) İbtidai istintaq orqanının işdə olan «maddi sübut hesab edilməsi haqqında» 27 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6,131 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild İ, i/v: 127-129) Eyni zamanda ibtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 27 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild İ, i/v: 176-186) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin maddənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Bununla bağlı məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması, polis əməkdaşlarının ona təzyiq göstərməsi ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş bükümün ona məxsus olmadığını, həmin bükümün polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən qanunsuz rəftarlara məruz qalmasını bildirsə də, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X17 24 fevral 2023-cü il tarixli 40/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild İ, i/v: 174-175) Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Nərimanov rayon prokurorluğunun 22 may 2023-cü il tarixli 191-C-23 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən qanunsuz davranışlara məruz qalması ilə bağlı şikayəti araşdırılmış və yoxlama zamanı həmin məlumat öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (cild İ, i/v: 245-248) Həmçinin müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 30 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuşdur. İlkin tibbi müayinə zamanı onun bədəninə baxış keçirilərkən xəsarət aşkar edilməmiş, sol döş nahiyəsində bir ədəd köhnə çapıq toxuma, sol saidin ön səthində çox saylı köhnə çapıq toxumalar müşahidə edilmişdir. Beləliklə, yuxarıda sadalanan sübutlarla təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, hətta görmədiyini bildirsə də, cinayət işinin materiallarına əlavə edilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində tərkibində tiryək qrupuna aid olan alkaioid və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən «Kannabinoid» aşkar edilmiş, həmçinin müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, ekspertiza rəyləri, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Məhkəmə bu hissədə məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və Şahid6 məhkəmə iclasında verdikləri ifadələri ilə bağlı bəzi məqamlara da qiymət verilməsini zəruri hesab edir. Belə ki, X4 məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının İdarədə onun yanında Ramilin üzərini yoxlayıb heç nə tapmadıqlarını, daha sonra video çəkilişlə üzərinə baxış keçirilən zaman Ramilin üzərindən nə isə aşkar edildiyini bildirmişdir. Halbuki, təqsirləndirilən şəxsin digər tanışı Şahid6 polis əməkdaşlarının onların hamısını birlikdə idarəyə apardıqlarını, daha sonra onunla İntizarı bir otağa, Ramili isə başqa otağa apardıqlarını və sorğu-sual etdiklərini, video çəkiliş zamanı onun da iştirak etdiyini, həmin zaman Ramilin üzərindən büküm aşkar edildiyini bildirmişdir. Göründüyü kimi Şahid6 ifadəsindən göründüyü kimi Təqsirləndirilən şəxs ümumiyyətlə İntizam Guliev ilə birlikdə saxlanılmamış, belə olan halda isə İntizam Gulievin yanında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və heç nə aşkar olunmaması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsla İntizam Gulievin yaxın münasibətdə olmaları ilə əlaqədar İ.Guliev onun xeyrinə ifadə vermiş və bununla da onun məsuliyyətdən yaxa qurtarmasına köməklik etməyə çalışmışdır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir və özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Bununla belə, Təqsirləndirilən şəxs həmin külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik vasitə və ya psixotrop maddə satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin və ya psixotrop maddənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitələrin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilməmiş və mənzilindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları hər biri öz ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir məlumatın olmadığını bildirmişlər. Bundan başqa təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefona, həmçinin onun istifadəsində olmuş mobil telefon nömrəsinə bir il ərzində daxil olan və çıxan zənglər, sms məlumatları götürülərək baxış keçirilmiş, lakin ittihamla bağlı hər hansı sübut əldə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin bir bükümdə olmuş, həmçinin təqsirləndirilən şəxs ilkin sorğu-sual zamanı həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin psixotrop maddə metamfetamindən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahına görə 2 qram və daha artıq psixotrop maddə metamfetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış psixotrop maddə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Məhkəmənin gəldiyi bu nəticəni əməliyyat tapşırığına verilmiş cavab məktubunda qeyd edilənlər də bir daha təsdiq etmişdir. Belə ki, həmin məktubda qeyd olunur ki, ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs aşkar edilən külli miqdarda psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi qeyd edilmişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatların əldə edilməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərədə tutulmuş minimum həddə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əhədov X8 Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. (cild İ, i/v: 138-139) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Eyni zamanda cərimə cəzasının təyin olunmasından 14 il müddət keçməsi ilə bağlı məhkəmə cərimə cəzasının icra olunub-olunmaması məsələsinin araşdırılmasını zəruri hesab etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını, 59.2-ci maddəsinə əsasən ailəli olmasını, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 avqust 2023-cü il təvəllüdlü X10 adlı bir azyaşlı övladı var. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. (cild İ, i/v: 142) Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2023-cü il tarixli 378 №-li nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,131 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə maddi sübut qismində tanınmasa da, şəxsi axtarış və götürmə aparılması haqqında 24 yanvar 2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş və ona məxsus olan «Samsung» markalı mobil telefon qanuni sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin, o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-nin Maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,131 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmasa da, şəxsi axtarış və götürmə aparılması haqqında 24 yanvar 2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş və ona məxsus olan «Samsung» markalı mobil telefon qanuni sahibinə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar