Məhkəmə qərarları › İş №1(101)-403/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-403/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-403/2023 09.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda bildirilir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda bildirilir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədilə, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən, sonuncudan 25 iyun 2022-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə külli miqdarda ümumi çəkisi 3,708 qram olan narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib daşımış, 25 iyun 2022-ci il tarixdə, saat 09 radələrində ünvan 1 ünvanının yaxınlığında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,408, 0,471, 0,355 və 2,474 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,708 qram olan, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şalvarının sol yan cibindən üzərində heroinin izləri olan 1 ədəd qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, aşkar edilmiş narkotik vasitə və tərəzi ona məxsus deyildir. Belə ki, o, 24 iyun 2022-ci il tarixdə gecə saatlarında yaşadığı evdə olan zaman evinə polis əməkdaşları gələrək onu 6-cı Polis Bölməsinə aparmışlar. Orada ona narkotik vasitə istifadəçisi olmasını demişlər və o da bunu təsdiq edərək istifadəçi olduğunu bildirmişdir. Lakin, həmin zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Polis bölməsində ona 4 ədəd büküm narkotik vasitə və bir ədəd tərəzi verilərək həmin maddə və tərəzinin ona məxsus olmasını etiraf etməsi bildirilmişdir. O, şəxsi axtarış götürmə aparılarkən videoçəkilişdə sorğu zamanı, şübhəli şəxs qismində təhqiqatçı tərəfindən dindirilərkən, həmçinin istintaq zamanı Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərkən və həmin ittiham üzrə dindirilərkən etiraf edərək narkotik vasitə və tərəzinin özünə məxsus olduğunu bildirsə də, həmin ifadələrini təsdiq etmir, həmin vaxt ona təzyiq edildiyindən və qardaşını tutacaqları ilə bağlı hədəqorxu gəldiklərindən həmin iafdələri vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 25 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi və saxlaması ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və 6-cı Polis Bölməsinin sahə inspektoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra daxil olmuş məlumat əsasında 25 iyun 2022-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hüseynzadə küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmış və onlar məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onlar həmin şəxsi üzərinə baxış keçirilməsi üçün Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd şəffaf sellofan büküm təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şalvarın sol yan cibindən bir ədəd qara rəngli elektron tərəzi təqdim etmişdir. Təqsirləndirilən şəxs etiraf edərək təqdim etdiyi şəffaf sellofan bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Papanin adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldanmamaq üçün istifadə etdiyini etiraf edərək bildirmişdir. Aşkar edilmiş maddə və tərəzi zərfə qoyularaq möhürlənmiş, keçirilmiş baxışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etdi. Cinayət işinin 66-cı vərəqəsində olan 25 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən dörd ədəd şəffaf sellofana bükülmüş halda olan bükümləri və şalvarının sol yan cibindən bir ədəd elektron tərəzini çıxardaraq masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs 4 (dörd) ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində olan vasitənin “heroin” deyilən narkotik vasitə olduğunu demiş, həmin bükümləri xx.xx.2022-ci il tarixdə gecə saatlarında Nəsimi rayonu Papanin adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd elektron tərəzi və içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan 4 (dörd) ədəd şəffaf sellofan bükümləri qablaşdırılıb möhürlənərək götürülmüşdür. Cinayət işinin 66-cı vərəqəsində olan 26 iyun 2022-ci il tarixli protokolda qeyd olunmuşdur ki, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş CD diskin yaddaşında 02 ədəd, «0303» və «0304» adlı fayllar mövcüddur. İlk öncə «0303» adlı fayl açılaraq, keçirilmiş baxış zamanı çəkilişin xidməti otaqda aparıldığı, otaqda ümumilikdə 5 nəfər şəxslərin olduğu görünür. Binəqədi RPİ 6-cı PB-nin təhqiqatçısı Tural Məmmədov özünü təqdim etdikdən sonra, orada iştirak edən, Binəqədi RPİ- nin ekspert kriminalisti Vüsal Məmmədov, 6-cı PB-nin əməliyyat müvəkkilləri Şahid1, həmin PB-nin sahə inspektoru Şahid2, daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edir. Daha sonra təhqiqatçı tərəfindən iştirakçıların hüquq və vəzifələri izah edilir, həmçinin Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə» aparılmasının əsaslarını izah edir. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təkil olunur. Təqsirləndirilən şəxs əynində mavi rəngli rəngli cins şalvarın sağ yan cibindən 4 (dörd) ədəd şəffaf sellofan büküm, şalvarın sol yan cibindən isə 1 (ədəd) elektron tərəzi təqdim edir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən əldə etdiyini, tərəzini isə narkotik vasitə alarkən çəkidə aldanmamaq üçün istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Aşkar edilmiş bir ədəd büküm zərfdə qablaşdırılaraq götürülür. Baxış keçirilmiş faylda olan çəkiliş 11 dəqiqə 45 saniyədə bitir. Daha sonra «0304» adlı fayla baxış keçirildikdə görünür ki, təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış və götürmə barədə tərtib edilmiş protokolun təribatı barədə məlumat verir, əlavə və qeydlər daxil olmadığını görünür. Baxış keçirilmiş faylda olan çəkiliş 00 dəqiqə 11 saniyədə bitir. CD diskə keçirilmiş baxışla bağlı protokol tərtib edilir, iştirakçılara ucadan oxunur, əlavə və qeydlər daxil olmadığından doğruluğu imzalarla təsdiq edilir. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 49-53-cü vərəqlərində olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 iyun 2022-ci il tarixli, 6/3546 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,408 qram, 0,471 qram, 0,355 qram və 2,474 qram ümumi təmiz çəkisi 3.708 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəkilində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1 siyahısına daxildir. Heroinin 0,2 qramı tədqiqata sərf edildikdən sonra 3,508 qramı qalıq qalmışdır. Cinayət işinin 126-127-ci vərəqlərində olan məhkəmə-narkolojı ekspertizasının 10 sentyabr 2022-ci il tarixli, 5107 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 129-130-cu vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 2561 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman onda hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz əməllərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 159-165, 178-ci vərəqlərində olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 3,708 qram narkotik vasitə olan heroin, 1 ədəd qara rəngli elektron tərəzi, 25 iyun 2022-ci il taixdə şəxsi axtarış və götürmə aparılmasına dair görüntülər olan 1 ədəd CD disk maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalmış 3,508 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Binəqədi RPl-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bağlı ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin "satış məqsədi ilə" daşıyıbdaşımaması ilə bağlıdır. Cinayət işinin materiallarına əlavə olunan, Təqsirləndirilən şəxs üzərinə baxışla bağlı videogörüntüləri özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qeyd olunan istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs üzərindən 3,708 qram heroini satış məqsədilə əldə etməsinə dair hər hansı sübut öz əksini tapmamışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". Məhkəmə həmin halları nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Təqsirləndirilən şəxsin həmin narkotikdən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, göstərmək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin "əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi" barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif olunmamışdır, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin "sübutların kifayət etməsi"ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin "sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi"ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Məhkəmə tərkibi eyni zamanda təqsirləndirilən şəxs barəsində məhkəmə narkoloji ekspertizasının 10 sentyabr 2022-ci il tarixli, 5107 saylı rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin CM-nin 234.1-1-ci maddəsinə uyğunluğunu təsdiq edən mötəbər haldır. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, bu səbəbdən təqsirləndirilən şəxsin heroini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, bu səbəbdən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); - ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. (mad. 145.3) "Məhkəmənin ittiham hökmü ehtimallara əsalana bilməz və yalnız məhkəmə baxşı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır". (mad. 351.2) Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməli törətməkdə təqsirlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirmiş olduğu dəlilləri cinayət işi üzrə şahid ifadəsi, istintaq hərəkəti protokolları, məhkəmə ekspertizalarının rəyləri və digər iş materialları ilə tam təkzib edildiyindən özünü müdafiə xarakteri kimi qiymətləndirir. Cinayət işinin 21-22-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 88-93-cü vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 25 iyun 2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 113-115-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinin tələbləri nəzərə alınaraq 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-cı il tarixdə cəzasının sonu ilə azad olunub. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-in 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasənməhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayətlərin residivi olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməli, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar - Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 3,708 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 3,508 qram qram narkotik vasitə heroin və 1 ədəd qara rəngli elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-in 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı)müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış - 3,508 qram narkotik vasitə heroin və 1 ədəd qara rəngli elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar