Məhkəmə qərarları › İş №1(101)-403/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-403/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-403/2024 18.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxxxx 1981-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 9,661 qram narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 4,750 qram çəkidə psixotrop maddə metafetamini əldə edib saxlayaraq daşımış, 19 mart 2023-cü il tarixdə saat 03.30 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4rləşən Sabunçu RPİ-nin 13-cü polis bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən iki bükümdə, bir bükümdə təmiz çəkisi 4,750 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ikinci bükümdə isə təmiz çəkisi 9,661 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 19 noyabr 2022-ci ildə, yəni 15 il sonra azadlığa çıxmış, cəzasını günə gün çəkmişdir. Uzun müddət həbsdə olduğu üçün ətrafa və cəmiyyətə uyğunlaşa bilməmişdir. Heç vaxt narkotik vasitə çəkməmiş, ancaq marixuana istifadə etmişdir, bunu da qəbul edir. Ayın 17-i o, iranlı ilə danışmışdır. Axşam kənddə olmuş və oradan Corata getmişdir, lakin iranlı vaxtı yenə də uzadaraq sonrakı günə, yəni ayın 18-nə saxlamışdır ki, narkotiki həmin vaxt təhvil versin. Ondan əvvəl də bir neçə dəfə malları gecikdirdiyi üçün onunla danışmaq istəmirmiş. Sonuncu danışıqlarında ona 150 manat qarşılığında malı dərhal çatdıracağını bildirmişdir. O isə iranlının kartına 150 manat atmışdır. Lakin buna baxmayaraq müstəntiq, ittiham aktında onun 350 manat atdığını qeyd etmişdir. İranlı ilə telefon vasitəsi ilə əlaqə saxlayırmış. Satan şəxsdən ancaq marixuana almışdır. Tutulmaqla birlikdə üçüncü dəfə imiş ki, alırmış. Digər narkotik vasitələrdən almamış, istifadə etməmişdir. O, həmin yerə getməkdə, ”nəşə”-ni götürməkdə və atmaqda özünü təqsirli bilir. Ona qarşı heç bir təzyiq olmamış və zorakılıq göstərilməmişdir. Silahla adının hallanmasını istəmədiyi üçün məcbur qalaraq narkotik vasitələrin olduğu sənədi qəbul etmiş və imzalamışdır. Daha öncə narkotiklə məhkumluğu olmamışdır. Onu videoçəkilişlə saxlamışlar. İranlıya mesaj olaraq yox, zəng danışığında “nəşə” istədiyini bildirmişdir. O yalnız “nəşə” istifadə etmiş, digərlərinin görünüşündən xəbəri belə olmamışdır. İttihamda malların dəyəri olduğu kimi, yəni 150 manat olaraq göstərilməmişdir. Tutulan zaman onun üzərində heçnə yox imiş, istintaqda olduğu kimi danışmış, “nəşə” üçün orada olduğunu bildirmiş və götürmüşdür. İttiham aktında göstərildiyi kimi onu şübhəli şəxs kimi saxlamamışlar, polis əməkdaşları onun üstünə tökülüşmüşlər, bu zaman taksi sürücüsü də yanında olmuşdur. Polisləri görən zaman “LD” siqaret qutusunda olan “nəşə”-ni tullamışdır. Mal 20 qram olmuş və təxmini 20-25 qram çəkimlik olmuşdur. Polislər onu silahla tutulmaqla təhdid elədiyi üçün nartokit vasitəni məcbur qəbul etmişdir. O iranlı ilə türmədə olan başqa bir şəxs vasitəsi ilə tanış olmuşdur. Ona polis əməkdaşları tərəfindən zor tətbiq olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. 19 mart 2023-cü il tarixində gecə saat 3 radələrində bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş və bir müddət onu müşahidə etdikdən sonra onun narkotik istifadəçisi olduğundan şübhələnib yaxınlaşmışlar. Yaxınlaşan zaman tək olmuşdur. Özlərini təqdim etdikdə onlardan qaçmağa cəhd göstərmişdir. X10 küçəsində, Sabunçu rayon İcra Hakimiyyətinin arxasında saxlamışlar. Daha sonra onu şöbəyə dəvət edib üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı otaqda 2 əməliyyat müvəkkili və təhqiqatçı olmuşdur, onun üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Şəxsi əməliyyat məlumatı əsasında yox, özünü şübhəli apardığına görə saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 19 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin təhqiqatçısı polis mayoru X5 tərəfindən tərtib edilmiş 19 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” prokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 02 ədəd qara rəngli sellafon aşkar edilmişdir. Həmin sellafonlar açılmış və onlardan birinin içərisində 01 ədəd qara rəngli maddə və bir ədəd qara rəngli sellafonun içərisində ağ rəngli kristal formalı bükülünü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qara rəngli maddənin narkotik maddə kakos, digər ağ rəngli kristal halında olan maddənin isə “patı”, yəni psixotrop maddə metamfetamin olmasını, həmin narkotiki saxlanılmazdan bir neçə dəqiqə əvvəl sosial şəbəkə ilə tanış olduğu, heç bir anket məlumatlarını bilmədiyi iranlı ilə danışıb sonuncunun dediyi yerdən gedib götürdüyünü, qarşılığında heç bir pul vermədiyini və ümumiyyətlə pul barədə aralarında hər hansı danışıq olmadığını bildirmişdir. Həmin 2 ədəd büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1682 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksi və “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, ... iki-imza, təhqiqatçı: İlham Babayevimza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkiləri - 9,661 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,750 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi- 9,661 qram, sərf edildi: ümumi 0,1 qram, qalıq: 9,561 qram, heroinin ümumi təmiz çəkisi- 4,750 qram, sərf edildi: ümumi 0,1 qram, qalıq: 4,650 qram, (ekpertiza tədqiqatın dəyəri 92 manatdır) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 19 mart 2023-cü il tarixli “videoyazıya baxış keçirilməsi haqqında” prokoldan görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə 19 mart 2023-cü il tarixli protokola əlavə olunan 01 ədəd dvd diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Sabunçu RPİ-nin 13-ci PB-nin təhqiqatçısı ilham Babayev 13-cü PB-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə bölmənin xidməti otağında şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən sellofana bükülmüş iki bükümdə-narkotik vasitə heroinə bənzər olan maddə və psixotrop maddə metamfetaminə bənzər olan aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə «kokos», yəni heroin olduğunu və psixotrop maddə metamfetamin olduğunu bildirib, həmin maddələri öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 20 mart 2023-cü il tarixli “mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” prokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon aparatına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin mobil telefon aparatının üzərində ***- ***-**-** və 099- ***-**-** saylı nömrələr mövcuddur. Mobil telefonun kontaktlar bölməsində «Baba» kimi qeyd olunan şəxsin +98 914 *** ** ** nömrəsi müəyyən olunmuşdur. Telefonun vatsap bölməsinə daxil oduqda Təqsirləndirilən şəxs Baba adlı şəxslə aralarında danışıqlar olduğu, Baba adlı şəxs tərəfindən «Salam, Necəsən» sms mətni yazıldığı, Təqsirləndirilən şəxs isə cavabında səsli smslə «sağol baba yaxşıyam, bəyaq o biri nömrəvə zəng çatmadı, buna görə buna zəng etmişəm» dediyi, Baba adlı şəxsin cavabında səsli mesajla «O bəyaq kart Azərbaycan kartıdı, Azərbaycan kartı», «mənə bir cavab ver, qaqaş, telefona bir cavab ver» dediyi müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs onda ittiham aktında qeyd olunan narkotik vasitə və psixotrop maddənin olmaması və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, o özünü müdafiə edilməsi məqsədi ilə ilkin ifadələrdən imtina edir. İbtidai istintaqda X6 özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini siqaret vasitəsi ilə çəkib tüstünü nəfəsinə alır, psixotrop maddəni əldə etmək məqsədi ilə o özünə məxsus olan istifadə etdiyi 077- 807 05-15 saylı nömrələrlə işlənilən votsap proqramı ilə iranlı Baba adlı şəxslə onun +98914 751 90-28 saylı nömrəsi ilə əlaqə saxlayıb narkotik vasitə heroini və psixotrop maddə metamfetamini istədi və kart hesabına 350 manat məbləğində pulu köçürmüşdür, o Babanın ona dediyi ünvana yəni ünvan 6ın dediyi yerdən götürdü. Bir bükümdə narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə olmuşdur. Həmin iki bükümü o əynində olan gödəkçəsinin sağ yan cibinə qoydu, o oradan uzaqlaşmaq istəyəndə şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onu saxlayıb polis şəbəsinə aparmışlar. Məhkəmə istintaqında narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində 19 mart 2023-cü il tarixdə baxış keçirilməsini videoda öz əksini tapan diskə baxış keçirilərkən, Təqsirləndirilən şəxs əsa ilə otağa daxil olması və üzərindən narkotik vasitələrin təqdim edilməsi müəyyən edilir, məhkəmə onun polis şöbəsində işgəncəyə məruz qalmasına və sonradan ona əsa verməklə video keçirilməsini inandırıcı saymır, bu hal bir daha ona dəlalət edir ki, Təqsirləndirilən şəxs əsa əvvəlcədən olmuşdur. Eyni zamanda cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)- 228/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və ona saxlanılan zaman heç bir təzyiq olmadığını bildirir və barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 5(003)-218/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dai 30 mart 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 1717 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəlıyı) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və ACDİÜ Azərbaycan Respublikasının məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,186.2.1, 29,186.2.2., 177.2.1, 177.2.2., 177.2.3, 177.2.4, 181.3.1, 228.2.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 13 il 07 ay 28 gün müddətində azadlıqdan məhrum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317.2.1 və 67.1- ci maddəsinə əsasən 12 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən gəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündın altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 19 mart 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işində olan doğum haqqında şəhadətnamələrin xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X11 adlı iki yetkinlik yaşına çatmayan övladı vardr.qızı surətindən görünür ki, Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 92 (doxsan iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,561 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4,650 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 92 (doxsan iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,561 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4,650 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar