Məhkəmə qərarları › İş №1(101)-403/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-403/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-403/2025 28.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X3 və X1 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1983-cü ildə Lənkəran rayonu, Nərimanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olub, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 11,881 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə saat 14:05-də ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi “Kia” markalı 99-MV- 271 dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq DİN-in ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada həmin gün saat 15:48- dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda ümumilikdə 11,881 qram təmiz çəkidə psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi, ayrı-ayrılıqda təmiz çəkiləri 6,633 qram və 5,248 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərin içərisində aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, din fəaliyyəti ilə məşğuldur və yaşadığı qəsəbədə “xanım Zəhra” məscidinin imamı olmuşdur. Xalq tərəfindən davamlı olaraq hörmətlə qarşılanmışdır. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, kənddə olan yoxsulluq vəziyyətinə, ailə tərkibinin çox olmasına görə Bakı şəhərində evlərin təmiri ilə məşğul olmuşdur. Tutulduğu gün qardaşının ailəsini bacısıgilə aparmış, onları orada düşürtdükdən sonra maşını mağazanın qabağında saxlamışdır. Bu zaman 3 nəfər əməliyyatçı ona yaxınlaşaraq, ona adı ilə müraciət edib polis əməkdaşı olduqlarını bildirmişlər. Onu öz maşınına əyləşdirmiş və dərhal əlinə qandal vurmuşlar. Polis əməkdaşları ona tutulacağını deyəndə, o, bunun zarafat olduğunu düşünmüşdür. Həmin şəxslər ona başqa yolunun olmadığını deyib, onu BMCMİ-nin otağında təhdid etmişlər. Ona Lənkərandakı evindən silah, qadağan olunmuş ədəbiyyatlar çıxaracaqlarını və buna görə “başının çox ağrıyacağını” bildirmişlər. Sonradan onu rəisin yanına aparmışlar və başından tutub aşağı əymişlər. Ona “Lənkərandan qaçmaqla canını qurtara bilməyəcəyini demişlər. Bundan sonra ona 1 büküm narkotik vasitə verib ona aid olduğunu bildirmişlər. O, hər şeydən məlumatsız olmuş, onu təhdid etdikləri üçün o da həmin təqdim olunan narkotik vasitəni öz üzərinə götürmüşdür. Onu həmçinin qardaşları ilə təhdid etmişlər, o da razılaşıb, video çəkiliş zamanı ona öyrədilən hər şeyi danışmışdır. Onu məcbur edib sənədləri imzalatmışlar. Səhəri gün BMCMİ-nin rəisi onu çox mehribançılıqla qəbul etmiş, onun üçün çay süfrəsi hazırlatmış, o, çay içəndən sonra onu analiz verməyə aparmışlar. O, güman edir ki, ona tədiqm edilən çayın içərisinə narkotik maddə qatılmışdır. Belə ki, o, qan analizi və digər analizləri verdikdən sonra müəyyən olunmuşdur ki, guya o, narkotik vasitə istifadəçisidir. O, tutulmazdan qısa müddət əvvəl hospitalda əməliyyat olunmuş və analizlər vermişdir. Orada onun analizlərinin cavabında narkotik maddəyə dair heç nə çıxmamışdır. Sonradan ona narkoman kimi münasibət göstərməyə başlamışlar. O, həmişə xalqın xidmətində dayanmış, kənddə 44 günlük müharibə ərəfəsində hərbi xidmətdə olan şəxslərin ailələrinə köməklik etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Bakı şəhərinə evlərin təmiri ilə bağlı işləmək üçün gəlmişdir. O, kəndin dini ayinlərinin icrasını həyata keçirmiş, lakin bütün bunlar polisin nəzarəti altında olmuşdur. O, Bakı İslam Universitetini bitirmiş, atası xəstə olanda bir çox ziyarətlərdə olmuşdur. Rəisin otağında çayı içəndən sonra onda heç bir dəyişiklik olmamış, özünü pis hiss etməmişdir. Lakin verdiyi analizlərdə narkotik vasitənin aşkar edilməsi ilə bağlı güman edir ki, ona verilən çayın tərkibində narkotik vasitə olmuşdur. Lənkəranın icra nümayəndəsi ona din xadimlərinin tutulduğunu, buna görə də ona ehtiyatlı olmasını demişdir. Saxlanıldığı istintaq təcridxanasında da ona radikal şiə kimi həbs edildiyini bildirmişlər. O, saxlanılan zaman ona məxsus avtomobildə video qeydiyyatçı olmuş, lakin onu saxlayan zaman polis əməkdaşları tərəfindən sökülərək götürülmüşdür. Onu BMCMİdə apardıqları şəxsə rəis deyə müraciət etmişlər. Rəis kimi müraciət edilən şəxsin narkotik vasitəni haradan çıxarıb stolun üzərinə qoyduğunu xatırlamır. Narkotik vasitəni 2 büküm edən zaman vəkil də orada olmuşdur. Nərimanov rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə dindar olduğunu, narkotik vasitənin nə olduğunu bilmədiyini, azadlıqda qalmaq istədiyini və övladı olduğunu bildirmişdir. O, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. İdarədə olan zaman ona verilən maddənin metamfetamin olduğunu bildirmişlər. Polis əməkdaşları onu saxlayan zaman İdarəyə öz maşınında aparmışlar. Onun avtomobilini əməliyyatçı idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Cəmil adlı şəxsin narkotik vasitəni əldə etməsi, daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupunun rəhbəri özü olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində şəxsi saxlamış və əlverişli şərait olmadığından yerində baxış keçirə bilməmişlər. İdarəyə dəvət edib, orada baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü üzərində 2 büküm metamfetamin olduğunu və onu Qara Qarayev ərazisindən tapdığını, heç kimə narkotik vasitə vermədiyini bildirmişdir. Məlumat narkotik vasitənin satışı ilə bağlı olsa da Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Şahid1 İntiqam oğlu ona verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılan zaman şəxsə qarşı hər hansı zor və təzyiq göstərilməmiş, təqsirləndirilən şəxs özü hər şeyi səmimi etiraf etmiş, məlumat həmin gün daxil olmuş, avtomobildə video qeydiyyatçının olub-olmadığını xatırlamamış, təqsirləndirilən şəxsi Nərimanov rayonu ərazisində saxlamışlar. Təqsirləndirilən şəxsin saxlanıldığı yerə avtomobillə gəlmişlər, təqsirləndirilən şəxsin avtomobilinə əyləşməsi üçün protokol tərtib olunmamış, özünün şifahi razılığı olmuş, təqsirləndirilən şəxs özü onların əyləşməyi üçün razılıq vermiş, orada heç bir müqavimət olmamış, onlar avtomobilə qanunsuz əyləşməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə vermiş və özlərinə aid hissədə onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: - DİN-nin BMCMİ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotorp maddələrin satışı ilə məşğul olması, satış məsədi ilə külli miqdarda narkotik vasitələr və psixotorp maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. (cild İ, i/v: 4). - 26 fevral 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması” haqqında, habelə “Baxış və götürmə aparılması” haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə saat 14:05-də ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi “Kia” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobillə birlikdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib gətirilməklə orada həmin gün saat 15:48-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Onun idarə etdiyi “Kia” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildikdə isə qanunsuz hər hansı bir predmet aşkar edilməmişdir. (cild İ, i/v: 27-29, 33-35) Cinayət işinin materiallarına əlavə edilmiş və maddi sübut qismində tanınmış 2 ədəd DVD diskdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan video görüntülər yuxarıda qeyd olunan 21 fevral 2024-cü il tarixli protokollarla eynilik təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1142 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN “Zərflər üçün № 6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş...Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,633 qram və 5,248 qram, ümumi təmiz çəkisi 11,881 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısına daxildir. (cild İ, i/v: 46-50) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 fevral 2024-cü il tarixli 1308 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halı olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 201- 202) - Məhkəmə-tibbi ekspertizası üzrə 19 mart 2024-cü il tarixli 115/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (cild İ, i/v: 158-159) - Məhkəmə-tibbi ekspertizası üzrə 11 mart 2024-cü il tarixli 827/K nömrəli ekspert rəyindən ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (cild İ, i/v: 161-163) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə verilmiş əməliyyat tapşırığına alınan xx.xx.2024-cü il tarixli 3-16-6/2- 3089/24 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi, narkotik vasitə və psixotrop maddənin qanunsuz satışı ilə məşğul olub-olmadığının yoxlanılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir, hər hansı müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəkdir. (i/v: cild İ, səh. 147) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild İ, i/v: 151-152) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin maddənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Bununla bağlı məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, ilkin izahatında və ifadələrində üzərindən aşkar olunmuş psixotrop maddənin ona aid olmasını, yerdən tapdığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadələrində həmçinin tutulan zaman, polis əməkdaşları tərəfindən işgəncəyə və zorakılığa məruz qalmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs cibində olan bükülüləri özü şəxsən çıxarıb təhvil vermiş və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı ona məxsus olmayan psixotrop maddəni boynuna götürdüyünü bildirsə də, qeyd olunan halı sübuta yetirəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bununla belə Təqsirləndirilən şəxs həmin külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddəni əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik vasitəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitələrin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilməmiş və təqsirləndirilən şəxsin avtomobilində və ya başqa bir yerdə istifadəsi qadağan olan hər hansı bir maddə saxlaması halı müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin iki bükümdə olmuş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin psixatrop maddədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış psixotrop maddə metamfetamlə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin psixotrop maddənin “əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi” barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin “sübutların kifayət etməsi”ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi”ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı, 2 yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, sağlamlıq vəziyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar –Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,781 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə proseslərinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 26 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qablaşdırılmış halda ümumilikdə qalıq 11,781 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə proseslərinə dair yaddaşında videogörüntülər olan 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar