Məhkəmə qərarları › İş №1(101)-405/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-405/2020

03.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-405/2020 03.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov x9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, 2 may 1966-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş (Ordconikidze qarnizon hərbi tribunalının 20 dekabr 1985-ci il tarixli hökmü ilə əsasən RSFSR Cinayət Məcəlləsinin 242-ci maddəsinin A bəndinə əsasən 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 4 fevral 1988-ci il tarixdə Qaradağ rayon xalq məhkəməsinin qərarı ilə 7 (yeddi) ay 7 (yeddi) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş) məhkumluğu ödənilmiş, ünvan 1 saylı ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 28 avqust 2019-cu il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 saylı ünvanda yerləşən binanın blokunun içərisində tanışı Zərərçəkmiş şəxs “WhatsApp” sosial şəbəkəsində onu “qara siyahı”-ya əlavə etməsinə və sosial şəbəkədə çox vaxt keçirməsinə görə Zərərçəkmiş şəxs ona xəyanət etməsi kimi heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə həmin gün Lənkəran şəhərindən Bakı şəhərinə taksi ilə gələrkən özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan soyuq silah hesab edilməyən, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş turist bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vurmaqla ona qarın nahiyəsinin daxilə nüfuz edərək nazik bağırsağı və bağırsaq müsariqəsini, sol yumurtalığı və sol uşaqlıq borusunu zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən həyat üçün təhlükəli xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə Lənkərana gələndə onunla tanış olmuşdur. Günay Lənkəranda olanda onu sevdiyini və onunla evlənmək istədiyini demişdir. Sonra Günay Bakıya qayıtmış və o da onun ardınca Bakıya gəlmişdir. Bakıda Günayla iki dəfə görüşərək onunla restorana getmişdir. Görüşlərinin birində “Lido” restoranında Lənkəran şəhərindən aldığı qızılzinət əşyasını Günaya hədiyyə etmişdir. “WhatsApp” sosial şəbəkəsində, həmçinin aralarında telefon danışıqları zamanı Günay ona evlənmək istədiyini bildirərək toyun tez baş tutmasını istəmişdir. O da Günaya oğlunun toyundan sonra evlənəcəyini və bir müddət səbr etməsini demişdir. Bundan sonra Günay onunla kobud davranmağa başlamışdır. O, Günayın “WhatsApp” sosial şəbəkəsində uzun müddət vaxt keçirdiyini gördüyü üçün həmişə Günaya iradını bildirərək kiminlə yazışdığını soruşmuşdur. Buna görə də aralarında mübahisə baş vermişdir. Mübahisədən bir gün əvvəl Günay ona mesaj yazaraq qızılların dediyi kimi İtaliya istehsalı deyil, Türkiyə istehsalı olduğunu bildirmişdir. O da Günaya qızılların İtaliya istehsalı olmasından əmin olduğunu demişdir. Sonra da Günaya qızılları qaytarmasını və onları başqa qızıllarla dəyişdikdən sonra Günaya verəcəyini bildirdikdə sonuncu onunla razılaşmışdır. 28 avqust 2019-cu il tarixdə saat 15:30 radələrində Bakı şəhərinə gəlmiş və Günaya zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Günay qohumlarının mənzilində olduğunu bildirərək “Tərlan” şadlıq sarayının qarşısına gəlməyini demişdir. Bundan sonra o, “Tərlan” şadlıq sarayının qarşısına getmiş və bir müddət sonra Günay ora gələrək onun ardınca gəlməyini bildirmişdir. O, Günayın ardınca tanımadığı binanın bloklarının birinə getmiş və bloka daxil olan kimi Günay onunla kobud danışmağa başlamışdır. Günayın həm bu hərəkətinə, həm onun “WhatsApp” sosial şəbəkəsində çox vaxt keçirməsinə və həm də həmin sosial şəbəkədə onu qara siyahıya atmasına əsəbləşdiyindən cibində olan bıçağı götürüb Günayın qarın nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Sonra əməlindən peşman olub onu qucaqlamışdır. Günay da onu qucaqlayaraq yanağından öpmüş və onunla birlikdə olduğunu deyib sözünə görə üzr istəyib getmək istədiyini bildirmişdir. O da Günaya xəsarət aldığını və tibbi yardıma ehtiyacı olduğunu dedikdə o, ciddi bir xəsarəti olmadığını deyərək onunla sağollaşıb oradan uzaqlaşmışdır. Bir müddət sonra Günayın ciddi xəsarət ala biləcəyini düşünüb blokdan çıxaraq onun ardınca qaçmağa başlamışdır. Blokdan çıxdığı zaman Günayın qaça biləcəyi hər hansı bir yerin olmadığını görmüş və onun qarşıda yerləşən kafeyə getməsinə əmin olmuşdur. Sonra kafeyə daxil olmuş və orada olan şəxslərə Günayın zahiri görkəmini deyib onun harada olduğunu soruşmuşdur. Orada olan şəxslər ondan nə baş verdiyini soruşduqda onlara nişanlısını bıçaqla vurduğunu və vəziyyətinin necə olduğunu bilmək üçün onu axtardığını demişdir. Həmin şəxslər Günayın kafedə olmadığını demiş və o da kafeni tərk etmişdir. Günayın səhhətindən çox narahat olduğundan siqaret çəkib kafenin qarşısında dayanaraq orada olan şəxslərlə söhbət etməyə başlamışdır. Sonra da Günayın bacısının əri Eldənizə zəng edərək əsəbləşib Günayı bıçaqla vurduğunu, Günayın “Tərlan” restoranının yaxınlığındakı kafelərin birində olduğunu, ona tibbi yardım göstərmək lazım olduğunu deyib özünün də polis orqanına gedərək törətdiyi cinayət barədə məlumat verəcəyini bildirmişdir. Daha sonra isə özü könüllü olaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gedib hadisəni törətdiyini etiraf edərək cinayətin aləti olan bıçağı polislərə təqdim etmişdir. Günay “WhatsApp”-da çox vaxt keçirmiş, Günay onu təhqir etməsəydi onu vurmazdı. Günay ona xəyanət etməmiş, törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verməzdən təxminən 1 ay əvvəl tanımışdır. Belə ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonuna istirahətə getdiyi zaman Cavanşir onları qarşılamış və aralarında xoş münasibətlər həmin vaxtdan etibarən yaranmağa başlamışdır. Həmin müddət ərzində Cavanşir onu sevdiyini bildirərək onunla evlənmək istədiyini demişdir. O, Cavanşirə qəti cavabını verməsə də, Cavanşir oğlunun toyundan sonra qəti şəkildə evlənmək istədiyini demişdir. Bir müddət sonra o, Cavanşirlə Bakıda görüşmüş və Cavanşir ona qızıl-zinət əşyası bağışlayaraq həmin qızılın İtaliya istehsalı olduğunu demişdir. Bir müddət sonra qızılın İtaliya istehsalı olmadığını görmüş və hadisədən bir gün əvvəl, yəni 27 avqust 2019-cu il tarixdə bu barədə Cavanşirə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə məlumat vermişdir. Cavanşir isə qızılın İtaliya istehsalı olduğuna əmin olduğunu demiş və aralarında buna görə mübahisə yaranmışdır. Cavanşir növbəti gün gələrək qızılı götürüb digəri ilə dəyişəcəyini bildirdikdə o, Cavanşirlə razılaşmışdır. Növbəti gün, yəni 28 avqust 2019-cu il tarixdə Cavanşir yolda olduğu barədə ona mesaj yazmış və sonra yenidən aralarında mübahisə baş vermişdir. O da əsəbləşib Cavanşiri sosial şəbəkədə qara siyahıya salmışdır. Bundan sonra Cavanşir ona zəng edib Bakı şəhərində olduğunu bildirərək görüşüb qızılları ondan götürmək istədiyini demişdir. O da Cavanşirlə razılaşmış və “Tərlan” şadlıq sarayının yaxınlığına gəlməsini ona bildirmişdir. Sonra onlar görüşüb birlikdə binaların birinin blokuna girmiş və blokun 1ci mərtəbəsində Cavanşir qəflətən bıçaqla qarın nahiyəsinə bir dəfə zərbə vuraraq ona xəyanət etdiyini demişdir. Cavanşir bıçaqla ona xəsarət yetirdikdən sonra başına da yumruqla bir neçə dəfə vurmuşdur. Cavanşiri təhqir etməmiş, Cavanşir hadisə zamanı onu təhqir də etmişdir. O, Cavanşirə sakit olmasını və ona xəyanət etmədiyini bildirmişdir. Bundan sonra blokda kimsə onların mübahisə etdiklərini eşitmiş və o, fürsətdən istifadə edib blokdan çıxaraq yaxınlıqda olan kafelərdən birinə daxil olub xəsarət aldığını demişdir. Dərhal orada olan şəxslər təcili tibbi yardım çağırmış və həkimlər gələrək ona ilkin tibbi yardım göstərib sonra xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 28 avqust 2019-cu il tarixdə saat 16 radələrində Cavanşir ona zəng edərək Günayı bıçaqladığını bildirmişdir. Bundan sonra o dərhal Günaya zəng edərək Cavanşirin zəng edib onu bıçaqladığını və təslim olmaq üçün polisə getdiyini bildirdiyini deyib həmin məlumatın doğru olub-olmadığını Günaydan soruşmuşdur. Günay da ona “Cavanşir qələt edib məni bıçaqlayar” sözlərini deyib dəstəyi asmışdır. O, Günayın dəstəyi asmasından şübhələnmiş və dərhal arvadına zəng edib “hazırlaş Bakıya gedirik, deyəsən Günaya nəsə olubdur” sözlərini demişdir. Cavanşir ona təkrar zəng etsə də, ona cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, həqiqətən də Cavanşir Günaya bıçaqla xəsarət yetirmiş və sonra onu xəstəxanaya aparmışlar. Cavanşirin Günayı nəyə görə bıçaqladığını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün kafedə tək olduğu zaman bir nəfər qadın kafeyə daxil olmuş və sanitar qovşağına girib qapını bağlamışdır. Təxminən 2-3 dəqiqə sonra adının sonradan Cavanşir olduğunu bildiyi şəxs içəriyə daxil olub qadının harada olduğunu soruşmuşdur. O nə baş verdiyini başa düşməsə də, Cavanşirlə qadının arasında mübahisə olduğunu anlamış və buna görə də qadının kafedə olmadığını ona demişdir. Bundan sonra iki nəfər şəxs içəri girib Cavanşiri sakitləşdirmişlər. Cavanşir onu sakitləşdirmək istəyən şəxslərin sözü ilə kafedən çıxmış və onlar kafedən kənarda söhbət etməyə başlamışlar. Bir müddət sonra Cavanşir hadisə yerindən uzaqlaşmış və sonra qadın sanitar qovşağından çıxmışdır. Bu vaxt o, qadının yaralı olduğunu görmüş və ətrafda olan şəxslərlə birlikdə tibbi yardım çağırmışlar. Bundan sonra təcili tibbi yardım gəlib qadını xəstəxanaya aparmışdır. Kafeyə daxil olan qadın yaralı olmuş, həmin qadının nəyə görə xəsarət aldığını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Əliqədir oğlu ifadəsində göstərmişdir ki, 8 avqust 2019-cu il tarixdə saat 16 radələrində evdə olarkən binanın blokunda qışqırıq səsləri eşitmiş və dərhal paltarını geyinib həyətə düşmüşdür. Aşağı düşdükdə kafenin qarşısında bir kişinin əsəbi halda dayanaraq siqaret çəkdiyini görmüşdür. Ətrafdakı şəxslərdən nə baş verdiyini soruşduqda həmin kişinin bir qadını bıçaqladığını, qadının kafedə gizləndiyini və həmin şəxsin qadının çıxmasını gözlədiyini demişlər. O isə sonradan adının Cavanşir olduğunu bildiyi şəxsə yaxınlaşaraq sakitləşməsini və polisə gedib təslim olmasını demişdir. Cavanşir də ona nişanlısını bıçaqladığını və onun halının necə olduğunu görmək istədiyini bildirmiş, sonra da oradan çıxıb getmişdir. Cavanşir gedərkən polisə təslim olmaq üçün getdiyini, yaxınlıqda polis olub-olmadığını soruşmuşdur. Ətrafda kimsə Cavanşirə yaxınlıqda Binəqədi rayon Polis Bölməsinin olduğunu demişdir. Cavanşir kafenin qarşısında dayanıb qadının çölə çıxmasını gözləmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəldikdə Cavanşir artıq oradan getmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 Əliqədir oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 192-195). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərib təsdiq etmişdir (cild 2, iş vərəqə 71-74). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı bildirmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dediklərinin hər birinin doğru olduğunu təsdiqləmişdir (cild 1, iş vərəqə 183-184). Cinayət işinin materiallarından görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı demişlər (cild 2, iş vərəqə 14-15). Cinayət işinin materiallarından görünür ki, cinayət hadisəsi ünvan 3 saylı ünvanın qarşısında baş vermişdir (cild 1, iş vərəqə 18). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x6-Təcrübi və Tədris Birliyinin 16 sentyabr 2019-cu il tarixli 853 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qarın nahiyəsinin daxilə nüfuz edərək nazik bağırsağı və bağırsaq müsariqəsini, sol yumurtalığı və sol uşaqlıq borusunu zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən, onun tibbi yardım üçün Akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 28 avqust 2019-cu il tarixdə əmələ gəlmiş və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olmuşdur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi (cild 1, iş vərəqə 119- 120). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2019-cu il tarixli 22332 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilməmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir (cild 1, iş vərəqə 114). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x4 Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə Psixoloji Ekspertizasının 10 sentyabr 2019-cu il tarixli 1733 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamış, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin görünür ki, x3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğun olmuşdur. Şəxsi keyfiyyətlərində və emosional-iradə sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunmuşdur. İnadkarlıq, hövsələsizlik, tez özündən çıxmaq, kobudluq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından aslılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışı tənzimləməsi və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında (güclü ruhi həyacan vəziyyətində) olmamışdır (cild 1, iş vərəqə 115-117). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x1 verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Kərimov x2 qarnizon hərbi tribunalının 20 dekabr 1985-ci il tarixli hökmü ilə RSFSR Cinayət Məcəlləsinin 242-ci maddəsinin A bəndinə əsasən 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 4 fevral 1988-ci il tarixdə Qaradağ rayon Xalq məhkəməsinin qərarı ilə 7 (yeddi) ay 7 (yeddi) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 105-106). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 3). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Nəsimi rayon məhkəməsinin 30 avqust 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 avqust 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 76-77). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 29 avqust 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 40 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Nəsimi rayon Polis İdarəsində saxlanılan1 ədəd bıçaq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 avqust 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 40 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Nəsimi rayon Polis İdarəsində saxlanılan1 ədəd bıçaq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar