Məhkəmə qərarları › İş №1(101)-405/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-405/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-405/2023 28.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1978-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri, Qurtuluş küçəsi, ev 128-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə edərək, daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin 31-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyul 2022ci il tarixdə saat 12:10-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan boz rəngli qısa yay şalvarın sol yan cibindən 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 14,873 qram, 16,036 qram, 10,600 qram, 11,106 qram, 11,599 qram, 10,510 qram, 10,954 qram, 11,817 qram, ümumi təmiz təmiz çəkisi 97,495 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 6,331 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, düzdür, o, narkotik vasitə olan heroinin istifadəçisidir, buna görə də Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onu o vaxt tutan Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşı Anar adlı şəxs olmuşdur. Elə bu dəfə də onu tutan Anar və Orxan adlı 31-ci PB-nin əməkdaşları olmuşdur. O əlildir, yeriyə bilmir və onu 19 iyul 2022-ci il tarixdə polislər yaşadığı Əmircan qəsəbəsindəki evindən götürüb aparmışlar. Həmin vaxt üstündə bir bükümdə iki qram yarım heroin olmuşdur, həmin heroini öz istifadəsi üçün almışdır, çünki narkomandır. Polislər evində, qonaq otağında olan «jurnalnı» stolun üzərindəki ona məxsus olan pul kisəsindən 750 manat pulu da götürmüşlər. Evində həmin vaxt kamera var idi, polislər kameranı da söküb aparmışlar ki, kameraya düşənləri heç kəs bilməsin. Anar onu 31-ci PB-də tək döymüş, onu əl-ayaqla vurmuşdur, onun gözü qabağında heroini torpaqla qarışdırıb 8 bükümə yerləşdirib onun əynində olan şortikin cibinə yerləşdirmiş, ona baxış zamanı həmin bükümləri öz malı kimi təqdim etməyini tələb etmiş, o da razılaşaraq Anarın dediklərini etmiş, hətta cibindən elektron tərəzini çıxararaq təqdim etmiş, hansı ki, həmin tərəzi şortikin cibinə heç yerləşmirdi. O, heç kəsə narkotik satmamış, yalnız narkotik istifadəçisi olmuşdur. İstintaq təcridxanasında onu həkim müayinə etməmiş, xəsarətlər barədə heç bir orqana şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X1 əməliyyat tədbiri ilə bağlı tanıyır. Belə ki, ona xx.xx.2022-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan Xəqani adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Bu məlumat əsasında tərəfindən əməliyyat qrupunun yaradılması barədə qərar tərtib edilmiş və elə həmin gün qrupun üzvləri Şahid2 və Həbib Əliyevlə birlikdə Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində X8 yaşadığı evin qarşısında saat 12.20-da saxlayaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinə aparmışlar. Orada X.Əsgərovu təhqiqatçıya təqdim etmişlər və təhqiqatçının iştirakı ilə Xəqaninin üzərinə baxış keçirilmiş və əynindəki şalvarın cibindən 7 ədəd sellofan bükümü Xəqani Əsgərovun özü masanın üzərinə qoyaraq bildirmişdir ki, bu bükümlərdəki heroindir. Bundan savayı bir ədəd siqaret qutusunu masanın üzərinə qoyaraq bildirmişdir ki, qutunun içində bir büküm patı, yəni metamfetamin vardır. Xatırladığı qədər Xəqani Əsgərov cibindən bir ədəd elektron tərəzi və 2 ədəd mobil telefonu da masanın üzərinə qoyaraq təqdim etmişdir. Xəqani Əsgərov bildirmişdir ki, heroin və metamfetamini şəxsi istifadəsi üçün hansısa bir iranlıdan əldə etmişdir. Narkotik vasitə, metamfetamin və elektron tərəzi qablaşdırılmış, zərfin üzərinə baxışın bütün iştirakçıları, o cümlədən Xəqani Əsgərov imza qoymuş və həmin zərf möhürlənmişdir. Həmçinin baxışla bağlı protokolu digər iştirakçılar kimi Xəqani Əsgərov da heç bir təsir və təzyiq olmadan imzalamışdır. Bildirmək istəyir ki, Xəqani Əsgərova qarşı istər saxlanılan zaman, istərsə də üzərinə baxış keçirilən zaman heç bir qanunsuz hərəkət olmamış, tədbir qanunla müəyyən edilmiş qaydada keçirilmiş, X.Əsgərov təhqiqatçıya təqdim olunana qədər onlar tərəfindən üzərinə baxış keçirilməmiş, heç bir əşya götürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X1 əməliyyat tədbiri ilə bağlı tanıyır. Belə ki, həmkarı Şahid1 xx.xx.2022-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur ki, Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan Xəqani adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur. Bu məlumat əsasında yaradılmış əməliyyat qrupuna o və Həbib Əliyev də daxil olmuşlar. Həmin gün üçü birlikdə X5 yaşadığı Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində müşahidə aparmaqla Əsgərov Xəqaninin yaşadığı evin qarşısında saat 12.20-da sonuncunu saxlayaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinə aparmışlar. Orada X.Əsgərovu təhqiqatçıya təqdim etmişlər və təhqiqatçının iştirakı ilə Xəqaninin üzərinə baxış keçirilmiş və əynindəki şalvarın cibindən 7 ədəd sellofan bükümü və bir ədəd siqaret qutusunu masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümlərdəki heroindir, qutunun içində isə bir büküm patı, yəni metamfetamin vardır. Bundan savayı Xəqani Əsgərov cibindən bir ədəd elektron tərəzi və 2 ədəd mobil telefonu da masanın üzərinə qoyaraq təqdim etmişdir. Xəqani Əsgərov heroin və metamfetamini şəxsi istifadəsi üçün hansısa bir iranlıdan əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən narkotik vasitə, metamfetamin və elektron tərəzi qablaşdırılmış, zərfin üzərinə baxışın bütün iştirakçıları, o cümlədən Xəqani əsgərov imza qoymuş və həmin zərf möhürlənmişdir. Həmçinin baxışla bağlı protokolu digər iştirakçılar kimi Xəqani Əsgərov da heç bir təsir və təzyiq olmadan imzalamışdır. Xəqani Əsgərova qarşı istər saxlanılan zaman, istərsə də üzərinə baxış keçirilən zaman fiziki zor tətbiq olunmamış, tədbirdə Anar adlı əməkdaş iştirak etməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, “Xəqani” adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə bölmənin əməkdaşları olan Şahid1, Şahid2 və Həbib Əliyevdən ibarət əməliyyat qrupu yaradılmış və 19 iyul 2022-ci il tarixdə, saat 12:10-da Suraxanı RPİ-nin 31-ci PB-nin məhz bu əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Şükürov küçəsində yaşadığı evin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmişdir. Bununla da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında Anar adlı şəxs iştirak etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 19 iyul 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, vedoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli qısa yay şalvarının sol yan cibindən 7 ədəd polietilen bükümü təqdim edərək içərisində heroin olduğunu və 1 ədəd siqaret qutusunun içərisində olan polietilen bükümü çıxarıb təqdim edərək içərisində narkotik maddə metamfetamin olduğunu bildirmiş və həmin cibindən 1 ədəd tərəzi, 1 ədəd «Samsung» markalı və 1 ədəd «Jinga» markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, əynindəki boz rəngli qısa yay şalvarının sol yan cibindən daha 1 ədəd içərisində narkotik vasitə heroin olan polietilen büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri İİR-sı vətəndaşından aldığını, həm özü istifadə etmək, həm də satmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Qərarın məzmunundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs izahat verərkən polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində ona elan edilmiş ittihamda qeyd edilmiş miqdarda deyil, az miqdarda narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni o, şəxsi istiadəsi üçün almış, lakin bölmədə polis əməkdaşları onu döyərək, ona elan olunmuş ittihamda qeyd edilən narkotik vasitələri və psixotrop maddə metafetamini üzərinə götürməyə məcbur etmişlər. Sanksiya verən məhkəmə hesab etmişdir ki, cinayət təqibi üzrə toplanmış materialları təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətin edilməsi ehtimalına kifayət qədər əsas vermişdir:…cinayəti törətdildiyinə dair «əsas şübhə» obyektiv müşahidəçinin sözügedən şəxsin hüquq pozuntusu törətmiş ola biləcəyi qənaətinə gəlməsi üçün yetərli fakt və ya məlumatın mövcudluğunu nəzərdə tutur (Erdagöz Türkiyəyə qarşı, &51;Foks, Kempbelli və X6rşı, &32) Sanksiya tətbiq edən məhkəmənin qərarından müəyyən olunur ki, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə əsas hesab edilə bilməz. Çünki, təqsirləndirilən şəxs barəsində ona istinad edilən cinayətlərin törədilməsinə dair məhkəməni qane edə bilən məlumatlar mövcuddur. Avropa İnsan Hüquqları məhkəməsi “X4rşı” işi üzrə 30 avqust 1990-cı il tarixli qərarında göstərmişdir ki, “ağlabatan şübhə” anlayışı obyektiv müşahidəçi üçün cinayətin məhz müəyyən şəxs tərəfindən törədilməsini sübut edən faktların və məlumatların mövcudluğudur (132-ci bənd)... Məhkəmə hesab etmişdir ki, iş üzrə sübutlar təqsirləndirilən şəxsi ona istinad edilən cinayətlə bağlı edir və ona qarşı “ağlabatan şübhənin” yaranması üçün əsasdır. Məhkəmə həmçinin X.Əsgərovun əvvəllər məhkum olunmasını ( o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə) və məhkumluğun ödənilməməsini nəzərə alır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş 19 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılmasına dair” CD diskdə olan görüntülərdən müəyyən olunur ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu könüllü olaraq əynində olan boz rəngli qısa şalvarının sol yan cibindən 7 ədəd polietilen bükümü təqdim edərək içərisində heroin olduğunu və 1 ədəd siqaret qutusunun içərisində olan polietilen bükümü çıxarıb təqdim edərək içərisində narkotik maddə metamfetamin olduğunu bildirir və həmçinin həmin cibindən 1 ədəd tərəzi, 1 ədəd «Samsung» markalı və 1 ədəd «Jinga» markalı mobil telefonları çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilir, əynindəki boz rəngli qısa yay şalvarının sol yan cibində X.Əsgərovun deməsinə görə daha 1 ədəd içərisində narkotik vasitə heroin olan polietilen büküm aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri İran vətəndaşından aldığını, həm özü istifadə etmək, həm də satmaq məqsədi ilə əldə etdiyini bildirir. Bükümdəki maddələr baxışda işirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülür, ərizə və şikayət daxil olmur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2022-ci il tarixli, 6/3920 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №195» möhür əksi, «Təqsirləndirilən şəxs» və sözləri ,soyad və imzalar olan 1 ədəd zərfdə 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 14,873 qram, 16,036 qram, 10,600 qram, 11, 106 qram, 11,599 qram, 10,510 qram, 10,954 qram, 11,817 qram, ümumi təmiz təmiz çəkisi 97,495 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kivyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində «Təqsirləndirilən şəxs» və sözləri,soyad və imzalar olan 1 ədəd zərfdə 1 ədəd siqeret qutusunda 1 ədəd bükümdə təmiz çəkisi 6,331 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -üzərində «Təqsirləndirilən şəxs» və sözləri,soyad və imzalar olan 1 ədəd zərfdə 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin itzləri müəyyən edilir. Heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022ci il tarixli 6083 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022ci il tarixli, 2489 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «mobil telefona baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, «Samsung» markalı telefonda ***- ***-**-** abonent nömrəsi işləmişdir, telefonun yaddaşında olan zənglər siyahısından daxil olan və çıxan zənglər, həmçinin SMS yazıları silinmişdir, digər «Jinga» markalı mobil telefonun üzərində abonent nömrəsi aşkar edtilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, narkotik vasitənin və psoxotrop maddənin mənbəyini müəyyən etmək üçün cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022ci il tarixli qərardan və xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 97,165 qram heroin, 6,291 qram metamfetamin, 01 ədəd tərəzi, 01 ədəd «Samsung» markalı və 01 ədəd «Jinga» markalı mobil telefonlar saxlanması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edimişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 20-04/2/62 saylı, xx.xx.2022-ci il tarixli məktubdan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 20-12/835 saylı, xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş tibbi kartoçkanın surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs «Hər iki aşağı ətrafın xroniki damar çatışmamazlığı, trofiki xora ilə ağırlaşma, xroniki C virus hepatiti» diaqnozu ilə müalicədə olmuşdur. Tibbi kartada olan qeydlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2020-ci ildə hepotit C xəstəliyinə yoluxmuş, 2018-ci ildən hər iki ayaqda hərəkət məhdudluğu, sol əl nahiyyəsində hərəkət məhdudluğu mövcuddur, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl zədə almadığını, şikayəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs fiziki məhdudiyyətlidir, məhkəmə zalına Penitensiar Xidmətin əməkdaşlarının köməkliyi ilə gətirilir və aparılır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2002-ci il tarixdə CM-nin 76-cı maddəsinə əsasən 05 ay 29 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. Bundan başqa, X.Əsgərov Qusar rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə 03 il 09 ay müddətə azadlıqdan məhrum edilmiş, CM-nin 67-ci maddəsinə əsasən qismən birləşdirilərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə X.Əsgərov 01 il 04 ay 15 gün vaxtından əvvəl cəzadan şərti azad edidmişdir. Bundan savayı Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1;68.1.3, 228.4 221.3;66.3-cü maddələri ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Bundan savayı Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəi ilə 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə onun cəza müddəti başa çatmışdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs sonuncu xx.xx.2021-ci il tarixli məhkumluğundan əvvəlki məhkumluqları artıq ödənilmiş, lakin Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş cəza ilə bağlı məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-nin 18-ci maddəsinə əsasən residiv mövcud deyil, lakin CM-nin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsi nəzərə alınmalıdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmənin sorğusuna əsasən məhkəməyə daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Suraxanı rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət yetirmə faktı toplanmış izahatlar, məhkəmətibbi ekspertiza rəyi və digər materiallarla öz təsdiqini tapmamış və CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ilkin xx.xx.2022-ci il tarixcli izahatından və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2022-ci il tarixli ifadələrindən müəyyən olunur ki, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri öz istifadəsi üçün əldə etmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlər olmamış, o özü səmimi ifadə vermişdir. (i/v 31, 42-43, 59-60) Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrlə yanaşı kiçik elektron tərəzinin aşkar olunması ona dəlalət edir ki, bu tərəzi qanunsuz əşyaların bükümlərə yerləşdirərək satışa yönəldilməsinə xidmət etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli həmçinin əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, videoçəkilişlə keçirilmiş baxış və axtarış protokolları və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri, “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Lakin Təqsirləndirilən şəxs hər iki aşağı ətrafın xroniki damar çatışmamazlığı, trofiki xora ilə ağırlaşma, xroniki C virus hepatitt xəstəsi olmasını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsini cəza çəkdiyi müəssisənin tibbi xidmətin tövsiyəsi əsasında tətbiq edilməsini mümkün sayır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 19 iyul 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 97,165 qram heroin, 6,291 qram metamfetamin, 01 ədəd tərəzi məhv edilməli, 01 ədəd «Samsung» markalı və 01 ədəd «Jinga» markalı mobil telefonlar Təqsirləndirilən şəxs təqdim edilməsi üçün cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsinə göndərilməli, cinayət işinin materiallarına əlavə edilimiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 360 AZN (üç yüz altmış manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hər iki aşağı ətrafın xroniki damar çatışmamazlığı, trofiki xora ilə ağırlaşma, xroniki C viruslu hepotit xəstəsi olmasını nəəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi cəza çəkdiyi müəssisənin tibb xidmətinin tövsiyəsi əsasında tətbiq edilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 97,165 qram heroin, 6,291 qram metamfetamin, 01 ədəd tərəzi məhv edilsin, 01 ədəd «Samsung» markalı və 01 ədəd «Jinga» markalı mobil telefonlar Təqsirləndirilən şəxs təqdim edilməsi üçün cəzaçəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsinə göndərilsin, cinayət işinin materiallarına əlavə edilimiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar