Məhkəmə qərarları › İş №1(101)-406/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-406/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-406/2022 19.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, evli, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 1(008)-420/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 04 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib, üzərində saxlamaqla, daşımışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda, 12,456 qram narkotik vasitə heroini və külli miqdarda 4,714 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 04 avqust 2021-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanın qarşısında Xətai RPİ-nin NMB-nin və 34-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyduğu qara rəngli qutunun içərisindən 03 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,032 qram, təmiz çəkisi 6,970 qram, yumşaq konsistensiyalı və təmiz çəkisi 1,454 qram ümumi çəkisi 12,456 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 01 ədəd şəffaf polietilen bükümdə külli miqdarda təmiz çəkisi 4,714 qram kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin istifadəçisidir. Onun bədənində ağrılar olduğuna görə narkotik vasitə olan heroindən və metamfetamindən istifadə edir. 03.08.2021-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə gedərək əvvəllər tanımadığı, anket məlumatlarını, telefon nömrəsini bilmədiyi şəxsdən 200 manat şəxsi istifadəsi üçün narkotik vasitə “kakos” adlanan heroin və “şüşə” adlanan metamfetamin adlanan maddələri almışdır. Həmin narkotiki üzərində gəzdirdiyi qara rəngli qabın içərisinə qoymuş və həmin qabı da əynindəki göy rəngli cins şalvarının sağ tərəfdən iç cibinə qoymuşdur ki, istifadə etsin. 04.08.2021-ci il tarixdə saat təxminən 19:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən kinoteatrın qarşısından keçən zaman polis əməkdaşları onu saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirirək onu Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Polis əməkdaşları müdafiəçinin iştirakı ilə ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməyi təklif etmişlər. Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə keçirilərkən o əynindəki göy rəngli cins şalvarın sağ tərəfdən iç cibinə qoyduğu 01 ədəd dəmir qutunu çıxararaq həmin qutunun içərisində narkotik vasitə olduğunu bildirirək polis əməkdaşlarına təqdim etmişdir. Həmin qutu açıldıqda onun içərisində olan 04 ədəd büküm narkotik vasitənin 03 ədəd bükümünün “kakos” adlanan narkotik vasitə heroin olduğunu və 01 ədəd bükümünün “şüşə” adlanan psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır, həmin narkotik vasitələri istifadə etmək üçün əldə etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 iyun 2021-ci il tarixdə Asif adlı şəxsin Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni alqı-satqısı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o Şahid2 ilə birlikdə məlumat əsasında saat 19 radələrində ünvan 4 ünvana gəlmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Asif adlı şəxsin əlamətləri ilə üst- üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx xxxxxx 1980-cı ildə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Asif buna etiraz etmədikdən sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə apararaq barələrində araşdırma aparılması üçün təhqiqatçı Aqşin Abdullayevə təhvil vermişlər. Aqşin Abdullayev Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli dəmir qutunun içərisində olan dörd ədəd şəffaf rəngli sellefona bükülmüş, narkotik vasitəyə bənzər maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf selofan bükülülərdən 03 ədəd şəffaf sellefona bükülmüş vasitə “kakos” adlanan narkotik vasitə, bir bükümdə isə şəffaf rəngli sellefona bükülmüş narkotik vasitə hesab edilən “şüşə” adlanan narkotik vasitələrdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Ona qarşı heç bir təzyiq və təkid edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bİr daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də tədqiq etmişdir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 04 avqust 2021-ci il tarixli raportundan görünür ki, Bakı şəhərində yaşayan “Asif” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, onları daşıması, istifadə etməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai Rayon Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik leytenantı Zaur Nəsirovun 04 avqust 2021-ci il tarixli, Ə240-101-21 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, onları daşıması və alqı-satqısı ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 04 avqust 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, onları daşıması və alqısatqısı ilə məşğul olması ilə istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasından əvvəl sonuncuya paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli dəmir qutunun içərisində olan dörd ədəd şəffaf rəngli sellofana bükülmüş, narkotik vasitəyə bənzər maddələri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi dəmir qutunun içərisində olan 3 ədəd bükümdə narkotik vasitə olan kokos, bir ədəd bükümdə isə şüşə adlı narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 41-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2021-ci il tarixli, 6/3303 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 152”-li dairəvi möhür əksi və imzalar olan zərfdəki 3 (üç ) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,032 qram açıq qəhvəyi rəngli tozşəkilli, təmiz çəkisi 6,970 qram tünd qəhvəyi rəngli yumuşaq konsistensiyalı və təmiz çəkisi 1,454 qram tünd qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 4,714 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin ümumi təmiz çəkisi 12,456 qram təşkil edir. Heroin Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in və metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. Cinayət işinin 58-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 avqust 2021-ci il tarixli videoyazıya baxış keçirilməsi haqqınd protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli dəmir qutunun içərisində olan dörd ədəd şəffaf rəngli sellofana bükülmüş, narkotik vasitəyə bənzər maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümlərdən 03 ədəd bükümün kakos adlı narkotik vasitə, 01 bükümdə isə narkotik vasitə hesab edilən şüşə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq mühərlənib, iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 59-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 1 ünvanında axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 60-65-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 avqust 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 13 avqust 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" MMC-də nömrə qeydə alınmamışdır. Cinayət işinin 120-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 19 avqust 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" MMC-də hər hansı aktiv nömrə qeydə alınmamışdır. Cinayət işinin 121-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 16 avqust 2021-ci il tarixli, AZF/LGL-21613/21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" MMC şəbəkəsində hər hansı aktiv nömrə qeydə alınmamışdır. Cinayət işinin 125-130-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2021-ci il tarixli, 6/3420 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in “Tədqiqat Obyekti № 59”-li ştamp əksi olan paketdəki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 152” dairəvi möhür olan zərfdə 2 ədəd bükümdəki (ilkin tədqiqat zamanı ayrı-ayrılıqda təmiz çəkisi 4,032 qram və 1,454 qram) heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, bir ədəd bükümdə isə heroin ilkin tədqiqat zamanı təmiz çəkisi 6,970 qram) onlardan xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidir. Cinayət işinin 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 34-cü Polis Bölməsindən daxil olmuş 15 noyabr 2021-ci il tarixli, 102- 31246 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Cinayət işinin 142-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 24 noyabr 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, narkotik vasitəni özü istifadə etmək üçün əldə etmiş, satmaq məqsədi olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 111-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli və Qubadlı Qarn Hərbi Məhkəməsinin 24 mart 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 sentyabr 2002ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 39-cu maddəsi tətbiq edilməklə 06 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 93.1.4-cü maddəsi tətbiq edilməklə 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 10.05.2016-cı ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 08 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş, 13 yanvar 2017-ci ildə cəzasının vaxtı başa çatmış; cinayət işinin 115-119-cu vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 1(008)-420/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 04 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-ci maddəsində qeyd edilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq nəzərə alınmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayəti azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkərkən törətdiyindən, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 16 dekabr 2021-ci il tarixli, 211/3-12457 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ilə 02 il 04 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın 06 ay 26 gün hissəsi çəkilmiş, 01 il 09 ay 28 günü isə çəkilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 il 04 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasının 01 il 09 ay 28 günü çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 09 ay 28 günü müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 10 (on) ay 29 (iyirmi doqquz) gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 02 il 04 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 09 ay 28 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 10 (on) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Cinayət işinin 131-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 avqust 2021-ci il tarixli, 2916 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 04 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan 04 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 85-89-cu vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 4(011)-331/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,306 qram narkotik vasitə heroin və 4,614 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı )il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 02 il 04 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 09 ay 28 gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 10 (on) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,306 qram narkotik vasitə heroin və 4,614 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar