Məhkəmə qərarları › İş №1(101)-406/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-406/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-406/2023 21.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi – Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1970-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası Babək rayonu Qaraxanbəyli kəndində qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına 03 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununa əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 101,320 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşİarı tərəfindən 01 avqust 2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Xanlar küçəsində özünü şübhəli apardığı üçün saxlanılıb 14-cü PB-yə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd şaffaf sellofan bükümdə təmiz çəkisi 101,320 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək göstərmişdir ki, ibtidai istintaq zamanı Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 ***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə daxil olan və çıxan zənglər, sms mətnləri, abonent siyahılarına dair məlumat "xxxx" MMC-dən götürülmüş və müstəntiq tərəfindən həmin məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməməsinə dair protokol tərtib olunmuşdur. Lakin məhkəmə istintaqı zamanı qeyd olunan məlumatlar nəzərdən keçirilərkən 051 ***-**-** saylı mobil telefon nömrəsinə ayrı-ayrı mobil telefon nömrələrindən daxil olan sms mətnlərində nömrə istifadəçisinə “Fikrət” deyə müraciət edilməsi, ona telefona cavab verməsi ilə bağlı “fiki mənim telimi ac təcili”, “Əmi mənən əfqan təcili telefonu ac, işim var”, “Salam Fikrət əmi mənəm əlidi, bu nömrəyə zəng et vacibdi” kimi, habelə “əmi zeynal burdadır patisda var”, “Fikrət qaqaşı qapıda saxlamışam, telefonu aç da” (02.07.22, 02:32), “mən burdayam, məni yola sal gedim, qaqaş da hələ şəhərə getməlidir” (02.07.22, 02:59), “Fiki mən vəziyyət pisdi, sən nə oldu gözümü səhər açdım” (07.07.22, 05:06), “Məhlədəyəm tax qarşılayaram” (07.07.22, 06:27), “fiki, adası yaxın buraxma bəyaxda sakqalı gəlip yanında biriylə səni axdarır ” məzmununda smslərin daxil olması müəyyən edilmişdir ki, həmin smslər nömrə istifadəçisinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ehtimalına əsaslar verdiyindən məhkəmədə iş üzrə əhəmiyyət kəsb edən halların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 ***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə daxil olan və çıxan zənglərin, sms mətnlərinin, abonent siyahılarının, anten məlumatlarının "xxxx" MMC-dən götürülməsinə dair ittiham tərəfi vəsatət qaldırmış, həmin vəsatət məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə qismən təmin edilərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə qeyd olunan məlumatların götürülməsi qərara alınmışdır. Məhkəmənin sözügedən qərarı əsasında "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 ***-**- ** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan sms yazışmalarından görünür ki, 051 ***-**-** saylı mobil telefon nömrəsinə ayrı-ayrı mobil telefon nömrələrindən daxil olan sms mətnlərində nömrə istifadəçisinə “Fikrət” deyə müraciət edilmiş, ona telefona cavab verməsi ilə bağlı “Etibardı yıq meni tecili”, “Menem ac telfonu”, “salam qardawim,baqiwdaki buvaxt narahat eliyi-rem,mawtaqa-dan mehmandi, imkan varsa ac telfonu vacib bir sohbet var”, “Qerdew meni yiqarsan.!”, “Qarsaw sene umudem haa”, “Fikret kisi menem Musviq Elsene zeng catmir sende acmirsan salamatciliqdir?”, “qaqam işdan qacib galmişam acda alahbardi”, “Qerdes bir kelme ac isim var”, “Emi acda tel.Talis baladi”, “Elgundu ac teli”, “Menem.telmandi”, “Fikred.elekberdi”, “EMİ MENEM TERLAN LAQODA DEMWDME VAR”, “Salam qaqas anardi iSimvadi”, “Zeng vur mene Firur”, “emi menem efqan” AY BLAAA AC BU .... BİR SOZ DENANDA,BU NEDİEE” məzmununda, habelə xx.xx.2022-ci il tarixdə, saat 19:09-da **********97 nömrəsindən “Ay qaqa mana bir cavb ver deyasan kecan safar 3 manata gora elyisan”, xx.xx.2022-ci il tarixdə saat 14:14-də həmin nömrədən “Ay qaqa 40 man das lazimdi mana bir xabar denan”, xx.xx.2022-ci il, saat 01:15-də “Brat meti em 40da olar var?”, xx.xx.2022-ci il, saat 01:48-də **********18 nömrəsindən “Фикрат,вазият Писди Аяр Масала Пула Даяныр Ярым Вер Ярым Сахар Аграира”, saat 01:52-də “Истирсан Оз Тел,верам Галсын Сабах Пулу Верам Готюрам,ман Ахшам Аграир”, saat 02:39-da “Гойдун Мани Агрйда Бес”, xx.xx.2022-ci il, saat 22:10-da **********18 nömrəsindən “Санол,бидана Бу Амалин Мана Чатмырда,бу Зибили Ач Бир Соз Деда.Чатинди”, xx.xx.2022-ci il, saat 02:25-də həmin nömrədən “Манда 19манат Вар.Бир Геда Вар 10манат Ондан Алым? 29 Олсун.Бир Чаваб?”, xx.xx.2022-ci il, saat 01:16-da **********18 nömrəsindən “Санин Бу Сай Харакатйн Олмая.Данышдыг Гялам Тел Ачда,гапыдан Гаидырам”, xx.xx.2022-ci il, saat 02:39-da həmin nömrədən “Ай Киши Ман Гялим Гапыдан Манй Йола Сал Гедим Ятымда. Фикрат Биришинда” məzmununda smslərin daxil olması müəyyən edilmişdir. Daxil olan smslərin məzmunundan görünür ki, smslər nömrə istifadəçisinin, yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olması qənaətinə gəlinməsinə kifayət qədər əsaslar verir. İstintaq və məhkəmə təcrübəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi zamanı qeyd olunan cinayətlərin subyektləri arasında narkotik vasitələr, psixotrop maddələr, habelə güclü təsir edən maddələr növlərindən asılı olaraq müxtəlif adlarla tanınması, sms və ya digər yazışmalarda həmin pərdələnmiş adlardan, o cümlədən narkotik vasitə heroinin əvəzinə “kakos”, “torpaq”, “kola” və s., narkotik vasitə tiryəkin əvəzinə “Daş”, psixotrop maddə olan metamfetaminin əvəzinə “patı”, “şüşə”, “duz” və s. kimi əvəzedici sözlərlərdən istifadə edilməsi bəllidir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə daxil olmuş “Ay qaqa 40 man das lazimdi mana bir xabar denan” məzmununda smsdən aydın olur ki, onu göndərən şəxs Təqsirləndirilən şəxs 40 manat müqabilində tiryək almaq üçün, “Brat meti em 40da olar var?” məzmununda sms göndərən şəxs isə üzərində adətən “Methadone 40” yazısı olan konvalyutda qablaşdırılmış üzərində “F/M40” yazısı olan, tərkibində metadon narkotik vasitəsi olan həblər üçün müraciət etmişdir. Bundan əlavə “Фикрат,вазият Писди Аяр Масала Пула Даяныр Ярым Вер Ярым Сахар Аграира”, “Истирсан Оз Тел,верам Галсын Сабах Пулу Верам Готюрам,ман Ахшам Аграир” və “Гойдун Мани Агрйда Бес” məzmununda Təqsirləndirilən şəxs smslər göndərmiş **********18 mobil telefon nömrəsinin istifadəçisi ilə Fikrətdən ağrıması ilə əlaqədar “yarım” adı altında nəsə istədiyi, məsələnin pula bağlı olması səbəbindən hətta öz telefonunu ona verə biləcəyi, növbəti gün pulu verib telefonu götürəcəyini təklif etməsi başa düşülür. Qeyd olunan smslər narkotik vasitə və psixotrop maddələrin qəbulu ilə bağlı yaranan asılılıq sindromundan əziyyət çəkən şəxsin ağrılarının qarşısının alınması üçün Təqsirləndirilən şəxs “yarım” adı altında 0,5 qr çəkidə narkotik vasitə və yaxud psixotrop maddə verməsini xahiş etməsi, bunun müqabilində sonra pul verəcəyi qənaətinə gəlinməsinə kifayət qədər əsaslar verir. Bundan əlavə iş materiallrından görünür ki, təqsirləndirilən şəxsin saxlanılarkən üzərində şəxsi istehlak miqdarından yüz dəfələrlə, külli miqdarından isə 50 dəfədən çox, şəxsi istehlak miqdarından isə 675 dəfə çox miqdarda narkotik vasitə olan heroin aşkar edilmişdir ki, bu hal da narkotik vasitələrin alüdəçisi olan şəxsin həmin çəkidə narkotik vasitəni yalnız şəxsi istifadə üçün (ifadələrində belə göstərmişdir) əldə etməsi və saxlaması inandırıcı deyildir. Göründüyü kimi yuxarıda şərh edilən sübutlar və cinayət işi materialları Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş külli miqdarda, yəni 101,320 qram narkotik vasitə heroinin şəxsi istifadəsi üçün deyil, satış məqsədi ilə əldə etməsi və üzərində daşımaqla saxlamasını təsdiq edir. Belə olan halda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin əlamətləri müəyyən edilir. Dövlət ittihamçısı öz vəsatətində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımaya dair ittiham irəli sürüldüyünü, lakin Təqsirləndirilən şəxs əməlində ona qarşı irəli sürülmüş ittihamdan daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olmasının müəyyən edildiyini, Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində ona qarşı irəli sürülmüş ittihamdan daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin deyil, CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin müəyyən edilməsinin nəzərə alınmasını və ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, dövlət ittihamçısının vəsatətində göstərdiyi halları cinayət işinin materialları və məhkəmədə araşdırılmış sübutlarla müqayisəli şəkildə təhlil edərək, iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar, işin faktiki halları və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham arasında uyğunsuzluq olmasını müşahidə olunduğunu nəzərə alır və bu səbəbdən də dövlət ittihamçısının vəsatətinin Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinin tələbələrinə uyğun olduğu qənaətinə gəlib vəsatətin təmin edilməsini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin müddəalarına görə dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu əsası ilə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılması imperativ xarakter daşıyır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.2-1-ci maddəsinə əsasən, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 01 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabunçu rayon Məhkəməsinin hakimi X1 həmin tarixli 4(008)-636/2022 nömrəli qərarı ilə həbs etmənin əvvəli 01 avqust 2022-ci il saat 18:00-dan hesablanmaqla barəsində 04 (dörd) ay müddətinə «həbs» qatimkan tədbiri seçilmiş, cinayət işi məhkəməyə daxil olduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 23 noyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, həmçinin həbs qətimkan tədbirinin müddətinin axımı məhkəmə hazırlıq iclasının qərarının çıxarıldığı 23 noyabr 2022-ci il tarixdən dayandırılmışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğvinə və ya dəyişdirilməsinə əsaslar müəyyən edilmədiyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin axımı məhkəmə hazırlıq iclasının qərarı ilə dayandırıldığından, cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar, hazırkı qərarın qəbul edildiyi gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddət axımı bərpa olunmaqla həbs qətimkan tədbiri bir ay müddətinə, yəni 21 fevral 2023-cü il tarixdən 21 mart 2023-cü il tarixədək uzadılmalıdır. Qeyd olunanlardan başqa, Azərbaycan Respublikası CPM-nin 318.3-cü maddəsində həmçinin göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi müzakirə olunarkən belə bir qərarın qəbul edilməsi ilə əlaqədar baxılan iş üzrə ibtidai istintaqı aparmış müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokuror haqqında xüsusi qərar çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2 və 318.2-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin, onun hərəkətlərində ona qarşı irəli sürülmüş ittihamdan daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olub-olmaması məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin axımı bərpa olunsun, həbs qətimkan tədbiri bir ay müddətinə, yəni 21 fevral 2023-cü il tarixdən 21 mart 2023-cü il tarixədək uzadılsın. Qərarın surəti cinayət prosesinin tərəflərinə və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilməsi və icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Sədrlik edən hakim Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar