Məhkəmə qərarları › İş №1(101)-406/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-406/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-406/2024 17.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Təqsirləndirilən şəxs, müdafiəçi, “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 yetkinlik yaşına çatmayan və 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2şamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 8,540 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlayaraq daşımış, Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin və 8-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 mart 2023-cü il tarixdə saat 16:00 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılıb, 8-ci Polis bölməsinə gətirilərək, həmin tarixdə saat 16:45 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 8,540 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, ümumiyyətlə narkotik vasitələrdən istifadə etməmişdir. Onu “Azneft” dairəsində yeraltı keçidin yaxınlığında mülki geyimdə olan əməliyyatçılar saxlayıb polis bölməsinə gətirmişlər. Bölmədə əməliyyatçılar onun cibinə narkotik vasitə qoymuşlar və onu həmin narkotik vasitə ilə rəsmiləşdirəcəklərini bildirmişlər. Onu günorta saat 2-də saxlasalar da, axşama qədər onu bölmədə saxlamış və rəisin qəbuluna aparmışlar. Rəis onun tutulmalı olduğunu bildirmişdir. Bundan sonra onun cibinə heroin qoyulmuş və o, həmin narkotik vasitəni videoçəkiliş zamanı çıxarmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, ibtidai istintaq zamanı təzyiq altında olduğundan etirafedici ifadə vermişdir. Təzyiq deyəndə ona olunan psixoloji hədə-qorxuları nəzərdə tutur, onu heç kim döyməmişdir, onu ailəsi və uşaqları ilə qorxutmuşlar. Ona olunan təzyiqlə bağlı heç yerə şikayət etməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev 24A-da ailə üzvləri ilə birlikdə yaşayır. 14 mart 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, 20 sahə adlanan ərazidə tanımadığı şəxsdən 50 manat müqabilində narkotik vasitə almış və üzərində saxlamışdır. 15 mart 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları onu saxlatmışlar və özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu 8-ci polis bölməsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsinə getmişdir. Ona vəkillərini siyahısından müdafiəçi kimi X4 təqdim edilmişdir. O, da İlqar Musayevin onun hüquqlarını müdafiə etməsini istəmiş və etiraz etməmişdir. Videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O, yenə də etiraz etməmişdir. Şəxsi axtarış zamanı o, əynində qara rəngli gödəkçənin sağ yan cibində 1 ədəd şəffaf sellofan bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroini çıxarıb polis işçilərinə təqdim etmiş və həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Üzərinə şəxsi axtarış zamanı diğər əşyalar aşkar olunmamışdır. Onda narkotik vasitə haradan əldə etməsi ilə bağlı polis əməkdaşları soruşduqda, bir gün əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Bütün proseslər kameraya çəkilmişdir. Şəxsi axtarış barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, o, da həmin protokola imza etmişdir. Həmçinin 1 ədəd büküm qablaşdırılmış və üzərinə o, müfadiəçi İlqar Musayev və polis əməkdaşları qablaşdırılmış zərfin üzərinə imza etmişdir (cild 1, iş vərəqi 62-64). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 8-ci Polis bölməsinin ərazisində təxminən 20-ci sahə tərəfdə polis zabitləri Şahbaz və Rasimlə saxlamışlar. Təqsirləndirilən şəxs bölməyə dəvət edilmiş və təhqiqatçının yanında vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Vüqarın gödəkçəsinin sağ cibindən balaca büküm aşkar olunmuş, istifadəsi üçün 20-ci sahədən tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunan maddə ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs Gülbala Əliyev küçəsi yaxınlığında saxlanılmış, özü narkotiki tanımadığı adamdan 50 manata öz istifadəsi üçün aldığını demiş, ona qarşı heç bir fiziki işgəncə, zorakılıq və psixoloji təzyiq tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi məqamları tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 Qürbət oğlu ifadələri arasında yaranmış ziddiyyətlə bağlı ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərdikləri ilə Şahid3 ifadəsində göstərdiyi məqamları tam təsdiq etdi. Məhkəmədə əlavə şahid qismində dindirilmiş təhqiqatçı polis əməkdaşı X5 ifadəsində göstərdi ki, hadisə baş verən vaxt o, Səbail rayon Polis İdarəsinin 8-ci Polis böləsində təhqiqatçı vəzifəsində işləmiş, 15 mart 2023-cü il tarixində xidmətdə olan zaman polis bölməsi və rayon polis idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs bğlməyə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasiə aşkar olunmuş, barəsində material toplanılaraq aidiyyəti üzrə istintaq şöbəsinə təhvil verilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs X5 bildirdi ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması haqqında qərarın tarixinin 16 mart deyil, 15 martda göstərilməsi texniki səhvlə bağlıdır. Tarix 16 mart göstərilməli idi. Belə ki, Təqsirləndirilən şəxs 15 martda tutulmuş, təhqiqat materiallarının toplanması bir gün vaxt aparmış və iş başlanaraq istintaqa təhvil verilmişdir. Təhqiqat müddətində Təqsirləndirilən şəxs narkotik vasitəni cibindən çıxarması barədə öncədən heç bir təklif olunmamış, şəxsin ailəsi, uşaqları ilə bağlı tədid edilməsi, narkotik vasitəni boynuna götürməsi ilə ilə bağlı psixoloji təzyiq tətbiq edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs hər hansı təsirlə və ya başqa yerdə saxlanılması ilə bağlı ona heç nə bildirməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin kişik əməliyyat müvəkkili polis serjantı Şahid3 və həmin İdarənin 8-ci Polis bölməsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 Qürbət oğluna daxil olmuş əməliyyat məlumatında xx.xx.1983-cü ildə Masallı rayonunda anadan olmuş, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla, ünvan 2şayan Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında narkotik vasitələrin qəbulu, gəzdirməsi və satışı ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 7). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev 24A ünvanın qarşısında narkotik vasitələrin qəbulu, gəzdirməsi və satışı ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs müəyyən edilərək üzərinə baxış keçirilməsi məqsədilə Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsinə dəvət edilmişdir (cild 1, iş vərəqi 10). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən ağ rəngli şəffaf sellofan paketə bükülmüş içərisində heroin olan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmiş, onun əynindəki qara rəngli gödəkçəsinin sağ cibindən bir ədəd ağ rəngli şəffaf sellofan paketə bükülmüş qəhvəyi rəngli toz halında olan narkotik maddə aşkar edilmişdir. Aşkar edilmiş 01 bükümdə olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 52 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 29-31). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2019 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə; Saxlanılan şəxs-Təqsirləndirilən şəxs-imza; iştrakçılar: üç imza, F.Nəsibov-imza....” yazı əlavəsi qeyd edilmiş 1 (bir) ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 8,540 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il ilin 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 39-43). - ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 2556 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 94-95). - maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,440 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 96, 97). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın gedişatını özündə əks etdirən 1 ədəd DVD diskə “DELL” markalı kompüterdən istifadə edilməklə baxış keçirilmiş, müəyyən edilmişdir ki, diskdə olan fayl 5 dəqiqə 15 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində tünd rəngdə maddə olan sellofan bükümü çıxarıb təqdim edir. Həmin büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır (cild 1, iş vərəqi 107). - icraata ayrıca cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin əldə edilmə mənbəsi barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 122-123). - sənəd surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Hüseynov Hüseyn, xx.xx.2012-ci il təvəllüdlü Hüseynova Zeynəb və xx.xx.2019cu il təvəllüdlü Hüseynov Mirmehdi adlı uşaqları vardır (cild 1, iş vərəqi 113-114). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 85-86). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitənin olmaması, polislərin psixoloji təzyiq göstərməklə, ona narkotik vermələri, verilmiş narkotiki boynuna götürməsi və çəkiliş zamanı ona verilmiş bükümü cibindən çıxarıb təqdim etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis şöbəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 8,540 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu və onu 20-ci sahə adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş narkotikin özünə aid olduğunu etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən psixoloji təzyiq nəticəsində etirafedici ifadələr verdiyini bildirmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlər edilməsi səbəbindən cinayəti etiraf etməsi barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, həmin ifadələr işin digər materialları ilə tam uzlaşdığı səbəbindən sübut kimi qəbul edir. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsin 15 mart 2023-cü il tarixində yaşadığı Gülbala Əliyev küçəsində deyil, “Azneft” meydanı ərazisinə saxlanılması iddiasının yoxlanılması məqsədlə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin həmin tarixə aid anten məlumatları "xxxx" MMC-dən əldə etmişdir. Daxil olmuş sənəddən təqsirləndirilən şəxsin həmin tarixdə saat 14:32 dəqiqədən sonrakı hərəkət trayektoriyasına dair məlumat aşkar olunmur. Bundan başqa, "xxxx" MMC”-dən daxil olmuş məktubda Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları Şahid1, Şahid2 Qürbət oğlunun və Şahid3 adlarına sorğulanan müddətdə "xxxx" şəbəkəsində nömrə qeydə alınmadığı göstərilmişdir. Cinayət işindəki sənədlərdən isə təqsirləndirilən şəxsin saat 16:00 radələrində ünvan 3 ünvanın qarşısında saxlandığı göstərilmişdir. Ona görə də təqsirləndirilən şəxsin saat 16 radələrində ittiham aktında göstərilmiş saxlandığı məkandan fərqli məkan müəyyən edilməmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 mart 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 26, 70-72). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 15 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,440 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,440 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar