Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-407/2023 13.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər –Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili X4 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi 7, 11 nömərli evdə atası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsindən qəsdlə bir dəfə vuraraq sonuncuya nazik bağırsaqların və bağırsaq müsaqirəsinin zədələnmələri ilə müşayiət olunan qarının ön divarının sol yarısının periton boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, atası maşın ustasıdır, özü isə fəhlə kimi çalışmışdır. 16 iyul 2022-ci il tarixdə kiçik bacısının ad günüolması ilə əlaqədar ailəlikcə dəniz kənarında olan restoranlardan birinə getməyə qərar vermişlər. Həmin gün restorandan evə qayıtdıqdan sonra təqribən gecə saat 00:30 radələrində evdə anası ilə atasının öz aralarında mübahisə etdiklərini eşitmişdir. O, valideyinlərinin mübahisə etdiyi otağa daxil olaraq atasının əlində qayçı, stolun üstündə isə bıçaq olduğunu görmüş, bədbəxt hadisə baş verməsi ehtimalını düşündüyü üçün həmin bıçağı mətbəxə aparmaq üçün götürmüşdür. Eyni zamanda atasının əlindən qayçını almaq istəmiş, lakin atası onu itələmiş, itələyərkən isə ani olaraq onun üstünə yıxılmış və əlində olan bıçaq çevrilib atasına batmışdır. Atasının həmin an xəsarət xəsarət aldığını bilməmiş, çünki atasından həmin an qan gəlməmişdir. Hadisə baş verən gün nə o, nə də atası spirtli içki qəbul etməmişdir.Onun atasına xəsarət yetirmək fikri olmamış, o, cinayət əməlini məqsədli şəkildə törətməmişdir. Əməlindən səmimi peşmançılıq hissi keçirir, atası ilə barışmışdır, bir evdə yaşayırlar. Ona görə də bu halların nəzərə alınmasını və həbsdən azad edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə də eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələri, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs onun oğludur. Hadisə baş verən gün balaca qızının ad günü olduğu üçün tort alaraq çay içmək üçün dəniz qırağına getmişlər. Evə qayıdan zaman o aşağı, yəni anasının yaşadığı evdən qayçını götürüb iş şalvarının ayağını kəsmək üçün yuxarı mərtəbəyə ailəsi ilə yaşadığı mənzilə qalxmışdır. Həm yoldaşı ilə aralarında mübahisə etmişlər, həm də qayçı ilə paltarını kəsməsini xahiş etmişdir. Bu zaman oğlu otağa daxil olub stolun üstündə olan bıçağı götürəndə bıçağı ona verməsini bildirmişdir. İlkin elə bilmişdir ki, o əlində qayçı ilə anasının üstünə gedir. O İlkinin əlindən bıçağı götürəndə bıçağın çox az hissəsi ona batmışdır. Heç həmin zaman qan da çıxmamışdır, lakin gecə saat 5 radələrində özünü pis hiss etdiyi üçün xəstəxanaya getmişdir. Oğlu onunla xəstəxənaya getmək istəsə də ona evdə ailəsinin başında qalmasını xahiş etmişdir. Polis Bölməsi bu söhbəti bu qədər böyütmüşdür. Əslində burada problemli bir məsələ yoxdur.Oğlu ilə barışmışdir. Oğlu da onunla birgə ailəsinin dolanışığı üçün əziyyət çəkir, pul qazanır, qazandığı pulu da ailəsinə verir. Ona qarşı heç bir tələb və şikayəti yoxdur. Hadisə baş verən gündən bəri bir evdə yaşayırlar. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə şərti cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Abas qızı öz ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs onun oğludur. Hadisə baş verən gün kiçik qızının ad günü idi, bu səbəbdən tort alıb ad gününü qeyd etməyə getmişlər. Dəniz qırağından gəldikdən sonra evdə də süfrə açmış, yoldaşı yuxarı mərtəbəyə qalxarkən o, çörək doğradığından bıçaq stolun üstündə qalmışdır. Həyat yoldaşı dəniz kənarından evə qayıtdıqdan sonra dava salmışdır. Əlində qayçı yuxarı qalxaraq ona aşağı düşməsini bildirmiş, o isə yoldaşının onu döyəcəyindən əmin olduğu üçün aşağı düşməmişdir. Bu zaman yoldaşı özü yuxarı çıxaraq mübahisəni yaşadıqları mənzildə davam etdirmiş, səsə oğlu İlkin gəlmişdir. İlkin əvvəlcə atasını başqa cür sakitləşdirməyə çalışsa da bu bir nəticə verməmiş və İlkin atasını bıçaqla vurmuşdur. Ailə qurduqları gündən əri onu hər xırda şey üstündə döyür. Həmişə çalışmışdır ki, uşaqlar bilməsin. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 20 iyul 2022-ci il tarixli raportdan görünür ki, 17 iyul 2022-ci il tarixdə 3 saylı BŞX-nın tibb bacısının Zərərçəkmiş şəxs ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilməsi barədə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə müraciəti ilə əlaqədar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş və törətdiyi cinayət əməlini qismən etiraf etmişdir. (cild 1, iş vərəqə 7- 9) 15 avqust 2022-ci il tarixli baxış protokolundan və ona əlavə edilmiş fotocədvəlllərdən görünür ki, hadisənin baş verdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi 7, 11 nömərli evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bıçağı qonaq otaqğında olan masasanın üstündən götürdüyünü bildirmişdir (cild 1, iş vərəqə 69-73) . 22 avqust 2022-ci il tarixli ifadələrin yerində yoxlanılması protokolundan və ona əlavə edilmiş fotocədvəlllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman müəyyən edilmişdir ki, o, ünvan 2 ünvanındakı qonaq otağında olan masanın üzərindən bıçağı götürmüş və həmin götürdüyü bıçaqla atası Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hadisə baş verən zaman mənzildən təxminən 30- 40 metr məsafədə aralıda olan zibil tullantıları olan yeri göstərmiş və daş hasardan kənara cinayətin aləti olan bıçağı tulladığını bildirmişdir. Həmin əraziyə nəzər yetirilsə də, bıçağın tapılması mümkün olmamışdır (cild 1, iş vərəqə 76-78) . Məhkəmə-tibbi ekspertizasının 17 sentyabr 2022-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-nazik bağırsaqların və bağırsaq müsariqəsinin zədələnmələri ilə müşayiət olunan qarnın ön divarının sol yarısının periton boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun “X10” X14 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər (cild 1, iş vərəqə 85-87) . 28 noyabr 2022-ci il tarixli məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədə o, oğlu Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncudan heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Müdafiəçi isə məhkəməyə onların hələ də bir evdə yaşamasını göstərən arayış təqdim etmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin atasıdır və evli olduqları müddətdə baş verən hər xırda məsələyə görə Təqsirləndirilən şəxs anasını döymüşdür. Baş vermiş hadisə də məhz zərərçəkmiş şəxsin arvadını, yəni təqsirləndiirlən şəxsin anasını döyməsi kimi qanunsuz hərəkətlərinin təsiri altında baş vermişdir. Bundan başqa Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs barışmış, sonuncu təqsirləndirilən şəxsə heç bir tələb və şikayətinin olmadığını, onu xəstəxanaya aparmaq istədiyini, lakin özünün buna imkan verməməsi, ailəsinin ona tapşırmasını,hadisədən sonra da bir yerdə yaşadıqlarını, aralarında hər hansı bir inciklik olmadığını, oğlunun ailənin saxlanılması üçün maddi kömək etdiyini bildirmişdir. Qeyd olunan səbəblərdən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini, həmin Məcəllənin CM-nin 59.1.12-ci maddəsinə əsasən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışması və sonuncuya qarşı şikayətin olmamasını cinayət məsuliyyətini yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqə 83). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təyin olunmuş cəzanın real çəkilməsi qorxu hissi aşılasa da, bəzən cəzanın Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Onlar barışmışlar və bir evdə yaşayırlar. O,oğluna azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilməməsini və ya təyin ediləcək cəzanın şərti hesab edilməsini xahiş etmişdir. Hadisə məhz onun hərəkətlərinin təsiri altında baş vermişdir Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə cinayətin aləti olan bıçaq təqsirləndirilən şəxs tərəfindən tullanmış və onun axtarılması istiqamətində aparılmış əməliyyat axtarış tədbirləri nəticəsiz qalmışdır. (cild 1, iş vərəqə 83). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5, məhkəmədə onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Femida Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində 07 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X2 işlədiyi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına 42 manat, məhkəmə mərhələsində göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X4 işlədiyi Femida Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1(bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İbtidai istintaq mərhələsində 07 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X2 işlədiyi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına 42 manat, məhkəmə mərhələsində göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X4 işlədiyi Femida Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-407/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-407/2023
13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver