Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-408/2022 10.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmək üçün şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 03 aprel 2021-ci il tarixdə saat 23:00 radələrində istifadə etdiyi mobil telefonun “WhatsApp” proqramı vasitəsi ilə qeyrisinin qeyd etdiyi ünvandan, yəni ünvan 3nin yanında yerləşən 24A saylı binanın zirzəmisinin girişindən qanunsuz olaraq satış məqsədi ilə bir ədəd şəffaf sellofana bükülmüş iri həcmli bükümdə külli miqdarda narkotik vasitəni - təmiz çəkisi 1005 qram olan kustar üsulla hazırlanmış heroini əldə edib, həmin bükümü əynindəki gödəkçəsinin sağ cibində saxlamaqla daşımış, 03 aprel 2021-ci il tarixdə saat 23:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçəsinin sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş iri həcmli bükümdə külli miqdarda - təmiz çəkisi 1005 qram olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, tutulmazdan təxminən 3 aydan da artıq müddətdə heroindən istifadə etməyə başlamış və onun aludəçisinə çevrilmişdir. Saxlanmazdan təxminən bir ay əvvəl isə “İnstagram” sosial şəbəkəsində təsadüfən Nicat adlı şəxslə tanış olmuş və ondan mütəmadi olaraq özünün istifadəsi üçün heroin alıb qəbul etmişdir. 03 aprel 2021-ci il tarixdə narkotiki bitdiyinə görə Nicatla “WhatsApp” proqramı vasitəsi ilə bir neçə dəfə əlaqə saxlamağa çalışmış, amma Nicat onun zənglərinə cavab verməmiş, narkotiklə bağlı ağrıları artdığından uzanıb yuxuya getmişdir. Bir qədər sonra Nicatın zənginə yuxudan oyanmış və telefonu açmışdır. Onunla “malla” bağlı danışmış və Nicat ona Naxçıvani küçəsində yerləşən «M-Club» çay evinin yaxınlığında zirzəmidə onun götürməsi üçün təxminən 1 qram heroin gizlətdiyini bildirmişdir. 03 aprel 2021-ci il tarixdə saat 21:30 radələrində Nicatın dediyi ünvana gedərək «M-Club» çay evinin yanında zirzəmidə şəffaf rəngli sellofan bükümü taparaq götürmüş, içərisinə baxmış və orada təxminən 1 qram heroin olduğuna əmin olmuşdur. Bükümü götürüb oradan uzaqlaşmaq istəyərkən 6-7 nəfər şəxsin ona tərəf qaçaraq yaxınlaşdıqlarını görüb qorxmuş, bu səbəbdən özü də qaçmağa başlamışdır. Arxasınca gələn şəxslər havaya bir neçə dəfə atəş açmış, o da həmin şəxslərin polis olduqlarını başa düşüb daha qaçmamış, polislərin onu silahla vura biləcəklərindən qorxmuşdur. Bu vaxt «Maqa» ləqəbli Məhəmməd adlı polis onun gödəkçəsinin arxasından tutmuş, həmin anda o yerə yıxılmışdır. Daha sonra onu avtomobilə mindirib Polis Bölməsinə aparmışlar. Orada gödəkçəsini, belindəki kəməri, ayaqqabısının iplərini çıxartmışlar. Sonra Bölmənin ümumi həyətində ona təzyiq göstərilmiş və xatırlayır ki, həmin vaxt şalvarının yuxarı sağ hissəsi də palçığa batmışdır. Daha sonra onu növbətçi hissənin içərisində olan otağa aparmışlar. Təxminən bir saat ərzində Bölmədə ona təzyiqlər edilmişdir. Orada Məhəmməd, Vüqar və adını dəqiq xatırlamadığı digər polis əməkdaşı masanın üzərindəki sellofan torbanı göstərib onu cibinə qoymasını təklif etmiş, o isə razılaşmayaraq bundan qəti imtina etmişdir. Belə olan halda polislər həmin narkotik maddəni onun evinə aparıb valideynlərinin yataq dəstinin altına atacaqlarını və orada aşkar edərək onları da cinayət məsuliyyətinə cəlb edəcəklərini deyərək hədələmişlər. Buna baxmayaraq o, yenə də razılaşmamışdır. Bundan sonra polis əməkdaşları onun yaşadığı evdə axtarış aparacaqlarını deyərək onu evə aparmışlar. Evdə axtarış aparılan zaman o, polislərin həqiqətən onun evinə narkotik atacaqlarından qorxaraq məcbur olub onların dedikləri ilə razılaşmaq qərarına gəlmiş və işarə edərək bu barədə onlara məlumat vermişdir ki, evdə axtarışı dayandırsınlar. Bundan sonra polislər axtarışı bitirib onu yenidən Polis Bölməsinə aparmışlar. Orada polislərin ona verdiyi sellofan bükümü gödəkçəsinin cibinə qoymuş və daha sonra onu otaqların birinə aparıb videoçəkilişlə üstündə axtarış aparmışlar. O, çəkiliş zaman yalandan həmin sellofan torbanın ona məxsus olduğunu, Nicat adlı şəxslə aralarında olan razılaşma əsasında bükümü götürüb başqa ünvana aparmalı olduğunu demişdir. Videoçəkilişdən sonra Bağban adlı vəkil gəlmişdir. Bundan sonra ona təqdim olunmuş sənədləri imzalamışdır. Çəkiliş zamanı üzərindən aşkar olunmuş 1005 qram çəkidə narkotik vasitə əslində ona məxsus deyildir. O, hər dəfə şəxsi istifadəsi üçün Nicat adlı şəxsdən 1-2 qram heroin almış, heç vaxt sonuncunun göstərişi ilə narkotik vasitəni aparıb harasa qoymamış, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis Bölməsinə gətirildikdən sonra polis əməkdaşları onun telefonu ilə Nicat adlı şəxsə «Götürdüm» məzmunlu mesaj yazmışlar. Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində polislərin təzyiqi altında onların dediyi məzmunda izahat yazmışdır. Sonradan şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi zaman həmin izahatı təsdiq etmişdir. Məhkəmədən himayəsində azyaşlı uşağının olmasının nəzərə alınaraq onun istifadəçi kimi cəzalandırılmaqla mümkün olan qədər aşağı həddə cəza verilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, konkret olaraq satışı ilə məşğul olmaqda şübhəli olan Bakı şəhəri sakini Elşad adlı şəxsin cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 03 aprel 2021-ci il tarixdə saat 22:30 radələrində əməliyyat qrupunun digər üzvləri Şahid2 və Şahid1 ilə birlikdə Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 28 ünvanında yerləşən “M-Club” çay evinin yaxınlığına gəlmişlər. 03 aprel 2021-ci il tarixdə saat 23:00 radələrində həmin ünvanın qarşısında olanda xarici görkəm əlamətlərinə görə Elşad adlı şəxsə bənzəyən şəxsi görmüşlər və ona yaxınlaşanda həmin şəxs sürətlə qaçıb uzaqlaşmağa başlamışdır. Onlar da bu şəxsin arxasınca qaçmağa başlamışlar. Həmin vaxt heç biri silahdan istifadə etməmiş, hər hansı xəbərdarlıq atəşi açılmamışdır. Ümumiyyətlə həmin əməliyyat tədbirinə gedərkən üstlərində silah olmamış, hər kəsin xidməti tabel silahı müvafiq qaydada bölmədə təhvil verilmiş şəkildə saxlanılmışdır. Bir qədər qaçdıqdan sonra qaranlıqda Elşadın ayağı büdrəyərək yerə yıxılmış, o yerdən qalxanadək ona çatmışlar və tutub saxlamışlar. Elşadı avtomobilə mindirib ərazi aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparmış, müvafiq qaydalara uyğun şəkildə araşdırma aparılması üçün təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmiş, həmin vəkilin və onların yanında Elşadı şübhəli şəxs qismində tutmuş, tutmanı sənədləşdirmiş, hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuş, o da əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində narkotik vasitə hesab olunan «kakos» olduğunu bildirmişdir. Daha sonra həmin büküm açılmış, içərisindən spesifik iyə malik olan qəhvəyi rəngli maddə olduğu aşkar edilmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, sonra zərf imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar olunan kakosu 03 aprel 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 28 ünvanında yerləşən “M-Club” çay evinin yaxınlığından Nicat adlı tanışının tapşırığı ilə sonuncunun qoyduğu yerdən götürdüyünü bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bütün bu prosesin gedişində Təqsirləndirilən şəxs qarşı onların tərəfindən hər hansı təsir-təzyiq edilməmiş, heç bir qanunazidd münasibət göstərilməmişdir. Yuxarıda qeyd etdiyi kimi yalnız əməliyyat tədbirinin gedişində polis əməkdaşlarının onu izlədiyini və yaxalanma təhlükəsini başa düşəndən sonra Təqsirləndirilən şəxs qaçmağa başlamış, qaçarkən də ayağı büdrəməsi, ya da yerdə nəyəsə ilişməsi səbəbindən yıxılmış, həmin yıxılması ilə əlaqədar da ola bilsin ki, paltarı palçığa bulaşmış, yaxud tozlanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin digər əməkdaşları Şahid2 və Şahid1 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 04 aprel 2021-ci il tarixli protokoldan və həmin prosessual hərəkətin keçirilməsinin videogörüntüsünün yazıldığı diskə baxış keçirilməsi haqqında 03 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, o da gödəkçəsinin sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş iri həcmli bükümü çıxararaq təqdim etmiş, büküm açıldıqda içərisində spesifik iyə məxsus toz şəkilində olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki narkotik vasitə olan heroinin Nicat adlı şəxsə məxsus olduğunu, başqa bir şəxsin gəlib ondan götürməli olduğundan üzərində gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqə 30-32,118). 04 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqə 39). Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2, Şahid1 və Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını, bölmədə ona psixoloji və digər təzyiqlərin olduğunu göstərmiş, şahidlər isə Təqsirləndirilən şəxs ifadəsi ilə razı olmayaraq Təqsirləndirilən şəxs 03 aprel 2021-ci il tarixdə saat 23:10 radələrində ünvan 4 ünvanın qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 5-ci Polis Bölməsinə gətirildiyini, orada üzərinə şəxsi axtarış keçirilərkən gödəkçəsinin sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş iri həcmli bükümdə təmiz çəkisi 1005 qram olan narkotik vasitə olan heroinin aşkar edildiyini, ona heç bir təzyiq-təsir göstərilmədiyini bildirmişlər (cild 1, iş vərəqə 180-183, 184-187, 196-200 ). Məhkəmə-kimyəvi ekspertizasının 04 aprel 2021-ci il tarixli 6/1320 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “...təqdim etdi Təqsirləndirilən şəxs (imza)...» sözləri olan bağlamadakı təmiz çəkisi 1005 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1004,9 qram təşkil etmişdir (cild 1, iş vərəqə 45-50). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 iyun 2021-ci il tarixli 1206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 169-171). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 iyul 2021-ci il tarixli, 2193 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 172-173). Mobil telefona baxış keçirilməsi haqqında 19 avqust 2021-ci il tarixli protokoldan görünür ki, mobil telefonun «WhatsApp» proqramında «quliyevelsad323» adlı istifadəçi ilə “+44 7537 143674” adlı istifadəçi arasında aşağıdakı yazışmaların olduğu müəyyən edilmişdir: [20:48, 2021-4-3] +44 7537 143674: «fotoşəkil» 20:48, 2021-4-3] +44 7537 143674: «fotoşəkil» [20:48, 2021-4-3] +44 7537 143674: «fotoşəkil» [20:48, 2021-4-3] +44 7537 143674: ayna sultanovda korrupsiyanin binasiynan uzbeuz yol var plafaktoriyalar terefe girir.ordan girib 150 metr qabağa gelende sağda bu cay evinin plakati var ordan saga don sağda binanin aciq padvali var orda raskladuwka var onun arxasinda qoyulub geisin gotursun [20:48, 2021-4-3] +44 7537 143674: Ay qaqaw '20:48, 2021-4-3] +44 7537 143674: Tez gir [21:10, 2021-4-3] quliyevelsad323: Qaqa o biri vacaba at bura goremirem [22:13, 2021-4-3] +44 7537 143674: Alo Mobil telefonun «WhatsApp Business» proqramına baxış keçirilmiş və orada «quliyevelsad323» adlı istifadəçi ilə «Nicat» adlı istifadəçi (+44 7537 143674) arasında aşağıdakı yazışmalar müəyyən edilmişdir: [20:48, 2021-4-3] +44 7537 143674: «fotoşəkil» [20:48, 2021-4-3] +44 7537 143674: «fotoşəkil» [20:48, 2021-4-3] +44 7537 143674: «fotoşəkil» [20:48, 2021-4-3] Nicat: ayna Sultanovda korrupsiyanin binasiynan uzbeuz yol var plafaktoriyalar terefe girir.ordan girib 150 metr qabağa gelende sağda bu cay evinin plakati var ordan saga don sağda binanin aciq padvali var orda raskladuwka var onun arxasinda qoyulub gelsin gotursun [20:50, 2021-4-3] Nicat: Ay qaqaw [20:51, 2021-4-3] Nicat: Bawima oyun açmada 1 kilo maldi [20:53, 2021-4-3] Nicat: Aloo 21:10, 2021-4-3] quliyevelsad323: He [21:10, 2021-4-3] quliyevelsad323: Qaqa [21:10, 2021-4-3] quliyevelsad323: Gedim [21:11, 2021-4-3] quliyevelsad323: Gedirəm [21:11, 2021-4-3] quliyevelsad323: Qaqa [21:12, 2021-4-3] quliyevelisad323: Gedirəm qaqa [21:12, 2021-4-3] quliyevelsad323: Cixmisam usi [21:12, 2021-4-3] quliyevelsad323: Qaqa [21:12, 2021-4-3] quliyevelsad323: Fedim goturum deyirəm [21:20, 2021-4-3] Nicat: Ay qaqa tezole tezol [21:20, 2021-4-3] quliyevelsad323: Yaxsip [21:21, 2021-4-3] quliyevelsad323: Goturim [21:21, 2021-4-3] quliyevelsad323: Deyirem [21:21, 2021-4-3] Nicat: Bir kilodu [21:21, 2021-4-3] Nicat: Yarim kakos yarim pati [21:26, 2021-4-3] quliyevelsad323: Yaxsi [21:32, 2021-4-3] Nicat: Noldu [21:34,2021-4-3] quliyevelsad323: 20yanvardauam qaqa gedirəm [21:34,2021-4-3] quliyevelsad323: Ayna sultanova gediremde ele [21:34, 2021-4-3] Nicat: Tezole tez qaqa biyabrciliq olar [21:36, 2021-4-3] quliyevelsad323: Yaxsi qaqa gedirem [21:45, 2021-4-3] quliyevelsad323: Qaqa [21:59, 2021-4-3] Nicat: Noldu [21:59, 2021-4-3] Nicat: Ayqa [22:02, 2021-4-3] Nicat: Cavab yaz [22:02, 2021-4-8 ] Nicat: Tapmisan? [22:02, 2021-4-3] quliyevelsad323:Goturdum [22:02, 2021-4-3] Nicat: Neqederdi [22:04, 2021-4-3] Nicat: Bir mene he yox denende ay qaqaw niye bele eliyirsen axi [22:10, 2021-4-3] Nicat: Salamatciliqdi? [22:30, 2021-4-3] Nicat: Alo [1:39, 2021-4-4] Nicat: Ay qaas (cild 1, iş vərəqə 220-228). Məlumatlara baxış keçirilməsi haqqında 26 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, müxtəlif abunəçilər müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəyə çoxsaylı SMS göndərməklə narkotik vasitələr sifariş vermişlər və Təqsirləndirilən şəxs də sifarişləri yerinə yetirmişdir. Həmin mətnlər aşkar şəkildə və birbaşa Təqsirləndirilən şəxs uzun müddət ərzində, intensiv şəkildə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu təsdiq edir (cild 2, iş vərəqə 43-46). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 106). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 sentyabr 2020-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 217). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X2 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı külli miqdar təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün mobil telefonla apardığı və məhz üzərindən aşkar edilmiş çəkidə narkotik vasitəni əldə etməyə gedərkən, həm də onu əldə etdikdən – qabaqcadan şərtləşdirilmiş yerdən götürdükdən sonra bunun təsdiqi ilə bağlı apardığı açıq mətnli yazışmaları ilə təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əvvəllər məhkum olunmamasını həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 03 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 97-101). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.5-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1004,9 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Redmi S2” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvanda axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46, 213). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1004,9 qram təşkil edən heroin məhv edilsin; - Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi S2” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvanda axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-408/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-408/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver