Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-408/2023 21.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı səhəri Sabunçu rayonu Ramana qəsəbəsi ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,649 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİnin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən 09 sentyabr 2022-ci il tarixdə saat12:00-da Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyinin inzibati ərazisində özünü şübhəli apardığı üçün saxlanılıb12-ci PŞ-yə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,649 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 09 sentyabr 2022-ci il tarixdə gecə vaxtı saat 2-3 aralığında siqaret almaq üçün çölə çıxdı. Həmin vaxt telefonla danışırdı və wifi şəbəkəsinin itməməsi üçün evdən çox uzaqlaşmamışdı, bir qadınla telefon vasitəsilə danışırdı. Bu vaxt Post Patrul Xidmətinin əməkdaşları avtomobillə yanından keçdilər. Onlar geri dönüb, ondan kim olduğunu soruşdular. O özünü onlara təqdim etdi və onlar onun şəxsiyyətini portal vasitəsilə yoxladılar. Avtomobildəki polis əməkdaşlarından biri avtomobildən enib ona arxa tərəfindən yaxınlaşdı və üzərini yoxlamağa başladı. O üzərində heç nə aşkar etmədi. Ondan ona kişi kimi narkotik vasitə istifadəçisi olduğunu etiraf etməyini istədikdə, o ona ancaq toy olandan-olana narkotik vasitədən istifadə etdiyini bildirdi. Onlar onu polis bölməsinə apardılar. Orada onu döydülər. Artıq dözə bilmirdi. Hətta polis bölməsində olan bir nəfər ağsaqqal onu onların əlindən aldı. Polis əməkdaşları videoçəkiliş olacağını bildirdilər. Ailə üzvlərindən heç birinin onun tutulmağından məlumatları yox idi. O təzyiqlərə dözə bilməyib onların üzərinə yerləşdirdikləri narkotik vasitənin onun olduğunu bildirdi. Sonuncu dəfə 4-6 ay əvvəl nəşədən istifadə etmişdir. Dədəsi ölən il falqada kakos çəkirdi, tramadol tərkibli dərmanlardan istifadə etmişdir. Saxlanıldığı gün ərzində bütün gün evdə olmuşdur, evdə anası, qardaşları, uşaqları, qardaşının uşaqları var idi, saxlanıldığı vaxt əynində yüngül cins şalvar, köynək, 13 manat pul, Samsung markalı telefon və kart var idi. Post Patrul Xidmətinə məxsus avtomobil yanında saxladıqdan sonra onun içərisindəki əməkdaş ondan “Burada qalansan?”, deyə soruşdu. O, serjant idi. Şəxsiyyətini portal vasitəsilə yoxladı, şəklini ona göstərərək, şəkildəki şəxs olub-olmadığını ondan soruşdu. Bu vaxt avtomobildən digər əməkdaş düşdü və onun arxa tərəfinə keçərək, onu yoxlamağa başladı. Polis bölməsində onu polis əməkdaşları döydü, qaşının kənarı qanayırdı, bədəni yara idi. Polis bölməsində cavan oğlan var idi, onu ona vəkil kimi təqdim etdilər. Polis bölməsində paqonlu bir şəxsin otağında ona narkotik vasitə verdilər. Həmin paqonlu şəxs Bəxtiyar müəllim idi. İbtidai istintaqda imzaladığı ifadəni oxumamışdır, lakin deyəsən, kimsə ona ifadəsini oxumuşdu. O, könüllü şəkildə avtomobilə minmədi, polislərə getmək istəmədiyini dedi. Narkotik vasitə saxlanıldığı günün səhərsi günorta, ikinci mərtəbədə verildi. Videoçəkiliş gündüz olub. Saxlanılarkən narkotik vasitənin təsirində deyildi, psixi xəstəliyi yoxdur, yaza və oxuya bilir, bazarda fəhlə işləyirdi. Polis əməkdaşları onu çox döydülər, az qalsın öləcəkdi, dözə bilmədi. Onlar onu söyürdülər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayon Polis idarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. Dəqiq xatırlamadığı tarixdə saat 12 radələrində digər əməkdaş Şahid2lə birlikdə xidmət apararkən, Təqsirləndirilən şəxs gördülər. Onlar adətən xidməti ərazidə avtomobili aşağı sürətlə iradə edərək gəzinirlər ki, hər hansı şübhəli hal olarsa aşkar etsinlər. Elçin onları gördükdə həyəcanlandı, ona yaxınlaşıb onun ad-soyadını soruşduqda, o onlara özünü təqdim etmək istəmədi. Təqsirləndirilən şəxs üzərində şəxsiyyət vəsiqəsi də yox idi. Onun şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə apardılar. Elçin heç bir etiraz etmədən onlarla birgə polis bölməsi getdi. Polis bölməsində Təqsirləndirilən şəxs özü üzərində narkotik vasitə olduğunu etiraf etdi. Ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verildi. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində sellofana bükülmüş nəsə çıxdı, cibində aşkar edilmiş ağ rəngli sellofan bükümü Suraxanı rayonu ərazisində aldığını bildirdi. Elçin narkotik vasitə istifadəçisi olduğunu etiraf edirdi, polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə və üzərində aşkar edilənlərlə bağlı heç bir etiraz etmədi. Onlar Elçini döyməmişlər, ona təzyiq göstərməmişlər. Elçin onlara da müqavimət göstərmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini iş materialları və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edərək, toplanmış materialların məcmusuna qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirsizliyinə dair ifadələrində göstərdiyi bütün xüsusatlar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunur, ona görə də ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutların məcmusu, onun ittiham olunan cinayət əməlində təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 09 sentyabr 2022-ci il tarixli, saat 12:50 də tərtib edilmiş şübhəli bilinən şəxsin tutulması və saxlanılması haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə saat 12:00 dan tutulmuş hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 09 sentyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-cü PŞ-in baş təhqiqatçsı, polis mayoru X3 tərəfindən tərtib olunmuş «Şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, şəxsi axtarış başlandı 13:20 də, qurtardı saat 13:35 də. 09 sentyabr 2022-ci il tarixdə saat 12:00 tarixdə Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri inzibati ərazidə xidmət apararkən, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən əşya və ya predmet olmasından şübhələnərək, onu saxlayaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirmişlər. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs həm tutulması həm də, üzərinə baxış keçirilməsi haqqında protokollarda Təqsirləndirilən şəxs tutulması 09 sentyabr 2022-ci il tarixdə saat 12:00 tarixdə qeyd olunsa da, məhkəmənin sorğusu ilə əldə olunmuş və araşdırılan cinayət işinini materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini polis polkovniki Sədi İsmayılov tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 49\12-4530 saylı məktubdan görünür ki, Sabunçu Rayon Polis İdarəsinin PPXB-nün təstiq olunmuş post cədvəlində iş üzrə olan şahidlər Şahid1 və Şahid2 xidmətdə olma vaxtları 08 sentyabr 2023-cü ildə axşam saat 20:00 dan 09 sentyabr səhər saat 08:00 dək, 09 sentyabr 2023-cü ildə axşam saat 20:00 dan 10 sentyabr səhər saat 08:00 dək olması olması öz əksini tapmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərkən, onu 09 sentyabr 2022-ci il tarixdə gecə vaxtı saat 2-3 aralığında siqaret almaq üçün çölə çıxdıqda, yolda olan polis əməkdaşları saxlamış və sabahsı günü günorta vaxtı üzərinə həmin polis əməkdaşları ilə birlikdə baxış keçirdilər. Eyni zamanda məhkəmə istintaqında polis əməkdaşları olan şahidlər hər biri ayrı ayrılıqda ifadə verərkən, birldirmişlər ki, onlar ərazidə xidmət apararkən, Təqsirləndirilən şəxs şübhəli görüb saxlayıb polis şöbəsinə gətirmişlər. Bununla belə, nə qədər ki, «Şəxsi axtarış və götürmə haqqında» və şübhəli bilinən şəxsin tutulması və saxlanılması haqında protokolarda qeyd olunan Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə saat 12:00 tarixdə Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri inzibati ərazidə xidmət apararkən tutulması vaxtı ilə Sabunçu Rayon Polis İdarəsinin PPXB-nün təstiq olunmuş post cədvəlində iş üzrə olan şahidlər Şahid1 və Şahid2 xidmətdə olma vaxtı ilə kəskin ziddiyət vardır, məhkəmə Sabunçu Rayon Polis İdarəsinin PPXB-nün təstiq olunmuş post cədvəlini daha əsas götürüb, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən 09 sentyabr 2022-ci il tarixdə saat 12:00 tarixdə tutulub polis şöbəsinə gətirilməsinə şübhə ilə yanaşılmalıdır, bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs həqiqətdə 09 sentyabr 2022-ci il tarixdə gecə vaxtı saxlanılıb və onun üzərinə baxış Sabunçu Rayon Polis İdarəsinin PPXB-nün iş üzrə olan şahidləri Şahid1 və Şahid2 iştirakı ilə, onların xidmətdə olma vaxtından kənar, təxminən Təqsirləndirilən şəxs tutulduğundan 10 saat sonra keçirilib və Elçinin bu vaxta qədər polis şöbəsində narkotik vasitənin üzərində saxlaması hec cürə inandırıcı sayıla bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğuna əsaslı şübhələr var və bütün şübhələr də təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın və həyata keçirilmiş ibtidai araşdırmanın əsasını cinayət prosesini həyata keçirən istintaq orqanın subyektiv mülahizələri təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin məcəllənin 349.1-ci maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Həmin məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq – hüquqi aktlarda (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8ci maddlərində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən işgəncə verilmiş, buna dözməyib dindirilən zaman polis əməkdaşlarının təsiri altında olmuşdur və təzyiq altında özünə qarşı ifadələr vermişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 09 sentyabr 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə haqqında» və «Baxış keçirilməsi haqqında» protokollara əlavə olunmuş 01 ədəd DVD yaddaş daşıyıcısına baxış keçirildikdə, Təqsirləndirilən şəxs sağ gözünün qapağının üstündə xəsarət izlərinin olması, eyni zamanda ayağında bir corab olaraq, tay keş ayaqqabıda çətinliklə izahat verməsi açıq aşkar müəyyən edilmişdir. Bu hal bir daha dəlalət edir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən polis əməkdaşlarının təzyiqi altında olmuşdur. Məhkəmə kollegiyasının sorğusuna əsasən Bakı şəhəri Sabunçu Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş materialdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir (xx.xx.2023-cü il tarixli qərar). Cinayət işinin rədd edilməsi haqqında qərarından göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, prokurorun kəməkçisi E.Mahmudov digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş və Təqsirləndirilən şəxs xəsarətlərin olmasını təsdiq edən hallara ümumiyyətlə münasibət bildirməmişdir. Belə olan halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılması rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarını əsas götürməklə hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəməhüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. Bu hallar isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılarkən videogörüntü altında izahat verərkən, şübhəli şəхs və təqsirləndirilən şəxs qismində dindirilərkən özünü ittiham üzrə təqsirli bilməsi zamanı, Təqsirləndirilən şəxs özünə qarşı alınmış ifadələrinin zorakılıq, işgəncə və digər qəddar, qeyriinsani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs həmin ifadələri, video diskə baxış keçirilməsi haqqında protokol Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” (28 oktyabr 1998-ci il) “Selmuni Fransaya qarşı” (04 may 1999-cu il) işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamnda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında (11 iyul 2006-cı il) qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvеriciliyə uyğun mövqе formalaşmışdır. Bеlə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tariхli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar еdilən еtirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə pеrspеktivləri üçün hər hansı həllеdici nəticələr doğurmur. (bеlə bir mövqе Con Mürrеyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hеsab еdir ki, təqsirləndirilən şəхsin еtirafеdici ifadəsi bir sübut növü kimi digər sübutlardan hеç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəхsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən işin halları ilə bağlı məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroinin saxlaması və gəzdirilməsi, narkotik vasitələrin satılması ilə məşğul olması öz təsdiqini tapmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 10 sentyabr 2022-ci il tarixli 6/5000 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş «Azərbaycan Respublikası DİN Zərflər üçün №159» dairəvi möhür əksi olan, «Vət. Təqsirləndirilən şəxs üzərində...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,649 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 4,649 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 4,599 qram. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə Cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İstintaq orqanı tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, müdafiə tərəfinin irəli sürdüyü, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin onunku olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Beləliklə aydın olur ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq 4,599 qram heroin Sabunçu rayon Polis İdarəsində saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin faktlar üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, buna görə də, maddi sübut kimi saxlanılan yuxarda qeyd olunan narkotik vasitələr həmin fakta görə aparılan cinayət təqibi ilə əlaqədar Sabunçu rayon Polis İdarəsində saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilməmişdir və buna görə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq 4,599 qram heroinin həmin araşdırma ilə əlaqədar Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-408/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-408/2023
21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver