Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-410/2025 05.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək ƏN-nin PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün qanunsuz olaraq təsir maddəsinin ümumi miqdarı 0.8 qram təşkil edən iki ədəd konvalyutda 20 ədəd narkotik vasitə metadon həbini və külli miqdarda 8,198 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə saat 17:45-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib orada xidməti otaqların birində saat 19:41-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən onun qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün əldə etməklə daşıyaraq saxladığı təsir maddəsinin ümumi miqdarı 0.8 qram olan, üzərində "Methadone 40" sözləri qeyd edilmiş iki ədəd konvalyutda xarici görünüş və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən 20 ədəd narkotik vasitə metadon həbi və 01 ədəd bükümdə külli miqdarda 8,198 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 4) görünür ki, “Elmar” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotorp maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələ\r və psixotrop maddələr ələd edərək saxlaması və daşıması, həmçinin Elmar adlı şəxsin Təqsirləndirilən şəxs olması barədə məlumat vermişlər.
4. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, xx.xx.2024-cü il tarixdən, saat 17:45-dən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.
5. xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 27-29) görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 23 fevral 2024-cü il tarixdə saat 19:41-də şəxsi axtarış və götürmə prosesi aparılmış, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirib, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd konvalyutda üzərində "Methadone 40" sözləri qeyd edilmiş ümumilikdə 20 ədəd dərman həbini, özünə məxsus olan hərbi bileti və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddəni çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk olaraq Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd ağ rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəyə baxış keçirilmişdir. Baxış zamanı həmin ağ rəngli sellofan büküm açıldıqda içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilmişdir. Daha sonra 02 ədəd konvalyuta baxış keçirilmiş və baxış zamanı həmin konvalyutların üzərində "Methadone 40" sözlərinin qeyd edilməsi və hər birinin içərisində 10 ədəd olmaqla ümumilikdə 20 ədəd dərman həbinin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin 01 ədəd sellofan büküm və 02 ədəd konvalyutda üzərində "Methadone 40" sözləri qeyd edilmiş ümumilikdə 20 ədəd dərman həbi 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənmniş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan hərbi bilet iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş psixotrop maddə metamfetamine oxşar maddəni və dərman həblərini 2 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşadığı ünvanın yaxınlığında yerləşən zibil qutularının yanında yerdən tapdığını, özünün narkotik vasitə və psixotrop maddələrdən istifadə etməsini, həmin maddəni və dərman həblərini şəxsi istifadə məqsədilə götürüb üstündə gəzdirdiyini, adlarını "patı" və "metadon" olaraq bildiyini, bu maddə və dərman həblərinin onda olması ilə bağlı heç kimə məlumat vermədiyini, heç kimə satmadığını, pay və ya hədiyyə vermədiyini bildirmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 24 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1090 nömrəli rəydən (cild 1, iş vərəqə 42-47) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Zərflər üçün N°6 dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 8,198 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “methadone-40 göstəricisi olan 2 ədəd konvalyutda ümimilikdə 20 ədəd qəhvəyi rəngli dairəvi formalı həbdə dərman həbində metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir.Qeyd: Metamfetaminin təmiz çəkisi-8,198 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 8,148 qram.Metadon həbi-20 ədəd, tədqiqata sərf edildi-2 ədəd, qalıq -18 ədəd. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı 1) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitərlər”in siyahısına (Siyahı İİ) daxildir.
7. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 01, iş vərəqə 62) görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, 4(005)-282/2024 nömrəli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 80-82) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, narkotik vasitələrdən 2021-ci il sonlarından istifadə etməyə başladığını, narkotiki yerdən tapdığını, istiffadə etmək üçün üzərində saxladığını bildirmş, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir.
9. 26.02.2024-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin əməliyyataxtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair 5(005)- 565/2024 saylı qərarından (cild 1, iş vərəqə 85) görünür ki, “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 23 fevral 2024-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir.
10. Azərbaycan Respublikasl Tovuz rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən (cild 1, iş vərəqə 91-92)görünür ki, ailə tərkibi anası və qardaşından ibarətdir və onun barəsində ərazi nümayədəliyinə hər hansı şikayət ərizəsi daxil olmamışdır.
11. Azərbaycan Respublikasım Daxili İşlər Nazirliyi Baş Əməliyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbanmənin surətindən (cild 01, iş vərəqə 95-96 görünür ki, Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yasamal rayon məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldımış və cəza müddəti başa çatdığı üçün xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır.
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 mart 2024-cü il tarixli, 1807 nömrəli rəyindən (cild 01, iş vərəqə 139-140) göstərilmişdir ki: Müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertiza zamanı Təqsirləndirilən şəxs 2 ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir.
13. İşdə olan Tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs sol saidin və budun ön səthində köhnə çapıqlar olduğu, hər iki aşağı ətraflarda narkotik injeksiyasının izləri və çapıqlarının izləri vardır, zədə almadığı barədə bildirmişdir.
14. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ARDİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən tərəfindən işgəncələrə məruz qalmasını bildirməsi barədə məlumat əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində material üzrə araşdırma aparılaraq xx.xx.2025-ci il tarixə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1ci maddəsinə əsasə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
15. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 23 fevral 2024-cü il tarixdə, günorta radələrində, tərəflərinə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal rəhbərliyə raportla məruzə etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmış və o həmin əməliyyat qrupunun rəhbəri olmuşdur. Onlar Yasamal rayonu ərazisinə yollanmışlar. Həmin şəxsi zahiri əlamətlərindən tanımışlar, yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsi axtarış barədə qərarla tanış edib, baş idarəyə gətirmişlər. Baş idarədə həmin şəxsin üzərinə baxış keçirilmiş, 1 büküm metamfetamin və 2 list də metadon həbi aşkar edilmişdir. Həmin şəxs narkotik vasitələr və psixotrop maddələri 2 gün əvvəl tapdığını bildirmişdir.Ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt Yusifov Mahmudla birlikdə olmuşlar. Əməliyyat məlumatı narkotik vasitələrin satışı, saxlanılması və daşınması ilə bağlı olmuşdur. İdarəyə gətirilən zaman onlar şübhəli şəxsdən üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olub-olmadığını soruşduqda, sonuncu könüllü olaraq narkotik vasitəni təqdim etmişdir. Həmin vaxt videoçəkilişdən istifadə edilmişdir. Şübhəli şəxs barəsində daha əvvəllər hər hansı axtarış tədbiri olmamışdır. Onlar şübhəli şəxsə heç bir təzyiq göstərməmişlər. Şübhəli şəxs narkotik vasitəni istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
16. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Yeni Yasamal ərazisində yaşamışdır. Hadisə günü metronun “İnşaatçılar” stansiyasının yaxınlığında dayanmış, həmin vaxt 7-8 nəfər polis əməkdaşı ona yaxınlaşaraq əl-qol atmışlar. O, polislərin belə davranışının səbəbini başa düşə bilməmişdir. Həmin vaxt hətta yoldan keçən bir nəfər ağsaqqal kişi yaxınlaşıb “niyə oğlanı döyürsüz?” demişdir. Polis əməkdaşları öz vəsiqələrini göstərmiş və onu qara rəngli avtomobilə əyləşdirmişlər. Avtomobildə gedən zaman polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirmişlər. Saxlanılma səbəbini soruşduqda isə “BMCMİ-nə gedəndən sonra səbəbini izah edəcəyik” demişlər. Yolda telefonla valideyninə zəng edə biləcəyini soruşduqda, polis əməkdaşları evdə 20000,00- 25000,00 Azərbaycan manatı pul olub-olmadığını soruşmuşlar. Polis əməkdaşları onu BMCMİ-nə aparmış, orada əvvəlcə 1000 qram, sonra isə 500 qram həcmində narkotik vasitəni boynuna qoyacaqlarını demişlər. Onu Yasamal rayonu ərazisində saxlayan 7-8 nəfər polis əməkdaşları idarədə ona təzyiq göstərmişlər. Lakin qeyd etmişdir ki, Şahid ona əl vurmamış və təzyiq göstərməmışdır. Polis əməkdaşları onu təhdid edərək, qarşısına qoyulan ifadəyə imza etməsini, əks halda isə evindən “narkotik çıxaracaqlarını” bildirmişlər. Polislər ona 8 qram metamfetamin, 2 list də metadon həbləri vermişlər. O, məcbur qalaraq, şifahi ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu demiş və bütün bunlar videoçəkilişlə qeydiyyata alınmışdır. 24 fevral tarixində müvəqqəti saxlama yerindən Bakı İstintaq təcridxanasına göndərilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadə etmişdir. O, tutulan vaxtlarda narkotik vasitə istifadə etməmişdir. 7 ay olmuşdur ki,, Laçında işləmişdir. Narkotik vasitələri aldığı adamların adlarını bilməmişdir. O, Azərbaycan Respublikası vətəndaşı olan şəxslərdən narkotik maddə əldə etmişdir. Polis əməkdaşları ona tapşırılanları etməyəcəyi təqdirdə evindən narkotik vasitə çıxaracaqlarını bildirmişlər. Ona qarşı təzyiq və işgəncə edilmiş, lakin xəsarət izləri qalmamışdır. Ona təpik və şillə ilə vurmuşlar. Onu İnşaatçılar metrosunun yaxınlığında, saat 16:00-da saxlamışlar. Onu 23 fevral tarixində, axşam 17:30 radələrində polis idarəsinə, 24 fevral tarixində, 13:30 radələrində isə məhkəməyə aparılmışdır. Barəsində 4 ay müddətə azadlıqdan məhrumetmə növündə qətimkan tədbiri seçilmiş və oradan Bakı İstintaq təcridxanasına göndərilmişdir. Onu döymüşlər və xəsarət alana qədər onu dindirməmişlər. Təxminən 2-3 ay əvvəl saxlandığı təcridxanaya prokurorluqdan nümayəndə gəlmişdir. O, saxlanılan vaxt üzərində hərbi biletindən başqa nə telefon, nə də narkotik vasitə olmamışdır. Ondan telefon istənilməmiş, o da buna görə təqdim etməmişdir. Lakin sonradan müstəntiq ona bildirmişdir ki, adında olan mobil nömrəsini yoxlayıb və qeyri-qanuni heç nə aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
17. Maddə 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
18. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
20. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
22. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
23. Maddə 83.3.2. Azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
24. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
25. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
26. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
27. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
28. Maddə 139. cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
29. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.
30. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
31. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
32. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
33. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
34. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, həmçinin metadon təmiz halda 0,02 qram xeyli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
35. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
36. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
37. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
38. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
39. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı
40. Qərarın 9-cu bəndi. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
41. Qərarın 10-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CM-in 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
42. Qərarın 25-ci bəndi. Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
43. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Qərarı
44. Cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
45. Cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
Avropa Məhkəməsinin president hüququ:
46. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
47. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin və metadon həblərini əldə edib saxlamış və daşımışdır.
48. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini və xeyli miqdarda metadonu əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır.
49. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə üzərində aşkar olunmuş psixotrop maddə və narkoik vasitənin polis əməkdaşlarının ona verdiklərini, fiziki təzyiqinə məruz qalmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə metamfetamin və metadon həblərinin olmamasını, polis əməkdaşlarının fiziki və psixoloji təzyiqi nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini, təzyiqə dözməyərək polislərin dediyi məzmunda etirafedici ifadə verməyə razı olduğunu bildirmişdir.
50. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını iddia etdiyindən qeyd edilən halı yoxlamaq üçün əldə edilmiş tibbi kitabçadan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sol saidin və budun ön səthində köhnə çapıqlar olduğu, hər iki aşağı ətraflarda narkotik injeksiyasının izləri və çapıqlarının izləri vardır, zədə almadığı barədə bildirmişdir.
51. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılan zaman ibtidai istintaq orqanı tərəfindən onun müdafiə hüququ pozulmamış, onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan psixotrop maddəni üzərinə götürməsi ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir.
52. Həmçinin Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Polis İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması bildirməsi barədə məhkəmənin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində material üzrə araşdırma aparılaraq 27 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmişdir.
53. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən üzərində xəsarətin olmasını və tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə, işgəncəyə və digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, eləcə də ibtidai istintaqın sonunadək bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, psixotrop maddə metamfetaminin və metadon həblərinin ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları yoxlayıb və iddia olunan halların həqiqət olmaması nəticəsinə gələrək hesab edir ki, o, məhkəmədə yalan ifadə verərək qanunsuz əməllərinə haqq qazandırmaq və bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə belə nətiəcəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar, yəni saxlanılan zaman döyülməsi və sair formada işgəncəyə məruz qalması, psixotrop maddənin özünə məxsus olmasını qəbul etməyə məcbur edilməsinə dair hallar baş verməmişdir.
54. Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs məxsus mobil nömrələrə dair məlumatları əks etdirən sənədlərdə onun narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmasını, hər hansı şəxs ilə narkotikin alışı və satışı ilə bağlı razılaşmanı əks etdirən yazışma, danışıq və ya digər hər hansı bir formada sonuncu ilə əlaqə yaratmasını, digər şəxslərin ondan narkotik və psixotrop maddələr almasını təsdiq edən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat müəyyən edilməmişdir.
55. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr satdığı və ya satmaq niyyətində olduğu şəxslərin dairəsini müəyyən etməmiş, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
56. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin aid olduğu mobil operatordan əldə edilmiş məlumatdan da görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini təsdiq edən heç bir sms məlumat mövcud olmamışdır.
57. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata Bakı şəhəri Nərimnaov Rayon Məhkəməsində baxılarkən o, 2021-ci ilin sonlaırndan etibarən narkotik vasitələrdən istifadə etməyə başladığını, narkotiki yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir.
58. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir.
59. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 34-cü bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
60. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
61. Məhkəmə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni məhz satış məqsədilə olmadan şəxsi istehlak miqdarından artıq əldə edərək üzərində saxlamışdır.
62. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 24-cü bəndi).
63. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 17-ci bəndi)
64. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 18, 19, 20, 22-ci bəndləri).
65. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİdən göndərilmiş tələbnamədən görünür ki, Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, 02 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yasamal rayon məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldımış və cəza müddəti başa çatdığı üçün xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir.(qərar 23-cü bəndi)
66. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
67. Təqsirləndirilən şəxs ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 21-ci bəndi).
68. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqə 19). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 31,32-ci bəndlər)
69. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
70. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
71. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 8,148 qram çəkidə olan psixotrop maddə metamfetamin, 18 ədəd metadon həbi məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. (qərarın 27-ci bəndi).
72. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
73. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 33-cü bəndi).
74. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına, 31 nömrəli qərarına dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə istintaqı mərhələsində göstərilmiş 32 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 352 (üç yüz əlli iki) manat məbləğində pul köçürülməlidir.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə nakoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,148 qram olan psixotrop maddə metamfetamin, 18 ədəd metadon həbi məhv edilsin, şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 352 (üç yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov