Məhkəmə qərarları › İş №1(101)-411/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-411/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-411/2023 20.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 170-ci korpus, ev 33-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Nəsimi rayonu, İ.Əbilov küçəsi, ev 130-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə edərək saxlayıb daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan “İlqar” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 20695,0 qram olan külli miqdarda narkotik vasitə heroini və 10280,0 qram olan külli miqdarda psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitələr və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş və bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan həmin “İlqar” adlı şəxs və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri və psixotrop maddələri keçirdikdən sonra o, təmiz çəkisi 20695,0 qram olan külli miqdarda narkotik vasitə heroini və 10280,0 qram olan külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda Biləsuvar rayonu ərazisində gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə edib qeyd edilən çəkilərdə narkotik vasitə heroinin 185,0 qramını 1 (bir) ədəd bükümdə qablaşdırıb üzərində, narkotik vasitə heroinin qalan 20510,0 qramını 8 (səkkiz) ədəd bağlamada, psixotrop maddə metamfetaminin isə 10279,8 qramını 4 (dörd) ədəd bağlamada olmaqla, 1 (bir) ədəd ağ rəngli sintetik torbada qablaşdıraraq idarə etdiyi “Kia Sportage” markalı, **-MT-*** qeydiyyat nişanlı avtomobilə daşıyaraq ön sərnişin oturacağının alt hissəsində gizlədərək saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin əməkdaşları tərəfindən 24 avqust 2022-ci il tarixdə, saat 04:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara yolunun 47-ci kilometrliyində yerləşən BDYPİ-nin YPXA-nın 917 saylı Stasionar postunun yaxınlığında saxlanılaraq qeyd edilən İdarəyə dəvət edilmiş, orada xidməti otaqların birində 24 avqust 2022-ci il tarixdə, saat 06:00-dan etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümün içərisindən külli miqdarda 185,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 06:45-dən etibarən onun idarə etdiyi “Kia Sportage” markalı, **-MT-*** qeydiyyat nişanlı avtomobilə özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman avtomobilin ön sərnişin oturacağının alt hissəsində gizlədərək saxladığı 1 (bir) ədəd ağ rəngli sintetik torbanın içərisində 8 (səkkiz) ədəd bağlamada, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2510 qram, 2455 qram, 2520 qram, 2510 qram, 2500 qram, 2500 qram, 3005 qram və 2510 qram, ümumi təmiz çəkisi 20510,0 qram olan həm öz aralarında, həm də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 (dörd) ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2600 qram, 2650 qram, 2510 qram və 2520 qram, ümumi təmiz çəkisi 10279,0 qram olan külli miqdarda öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə özünü təqsirli bilmir. O, Biləsuvar rayonu ərazisinə gedərək narkotik vasitələri oradan əldə etmişdir. O, narkotik vasitələri Bakı şəhərinə gətirərkən polis əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində postda saxlanılmışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə ona bəraət verilməsini, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə isə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə nisbətdə məhkəmə qeyd edir ki, qeyd edilən hissədə dövlət ittihamçısı bəraətverici əsaslarla ittihamdan imtina etdiyindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ayrıca aktla bəraətverici əsaslarla cinayət işinə xitam verilməlidir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onlara Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatına əsasən tədbir həyata keçirilmişdir. Belə ki, rəhbərliyə raportla məruzə edilmiş və məruzə əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna onunla yanaşı, həmçinin Şahid2 da daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə, təxminən saat 04:40 radələrində Qaradağ rayonu ərazisində 917 saylı Stasionar postunun yaxınlığında Qaradağ-Astara yolu istiqamətində saxlayıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Cabibr Məmmədovun üzərindən 200 qrama yaxın narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü könüllü şəkildə bildirmişdir ki, avtomobilinin qabaq hissəsində də narkotik vasitələr var. Təhqiqatçı və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf etmişdir ki, bir gün əvvəl İlqar adlı İran İslam Respublikasının vətəndaşının tapşırığına əsasən Biləsuvar rayonuna gedərək oradan həmin narkotik vasitələri götürmüş və həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşının dediyi ünvanlara qoyacaqdı. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsn və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 10) görünür ki, həmin gün saat 04:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara yolunun 47-ci km-də yerləşən BDYPİ-nin YPXA-nın 917 saylı Stasionar postunun yaxınlığında idarə etdiyi “Kia Sportage” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış, hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, BNMİ-nin inzibati binasına aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmış Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 22) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş diskdən (cild 1, iş vərəqə 31-33) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə 185 qram çəkidə narkotik vasitə heroinə oxşar vasitə aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “KİA Sportage” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 35) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “KİA Sportage” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli avtomobilə baxış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş diskdən (cild 1, iş vərəqə 36-37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs idarə etdiyi 90- MT-599 dövlət qeydiyyat nişanlı, “Kia Sportage” markalı avtomobilə baxış keçirilmiş və həmin vaxt avtomobilin ön sərnişin otracağının alt hissəsindən 1 (bir) ədəd torbanın içərisində 8 (səkkiz) ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 2510 qram, 2455 qram, 2520 qram, 2510 qram, 2500 qram, 2500 qram, 3005 qram və 2510 qram olmaqla, ümumilikdə külli miqdarda - 20 kiloqram 510 qram çəkidə narkotik vasitə heroinə oxşar vasitələr və 4 (dörd) ədəd bağlamada 2600 qram, 2650 qram, 25 10 qram və 2520 qram olmaqla, ümumilikdə külli miqdarda - 10 kiloqram 280 qram çəkidə psixotrop maddə metamfetaminə oxşar vasitələr aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4495 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 44-49) görünür ki, tədqiqata təqdim edilmiş üzərində -üzərində “X2...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 185,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərlərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sintetik torbada ümumilikdə 8 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2510 qram, 2455 qram, 2520 qram, 2510 qram, 2500 qram, 2500 qram, 3005 qram və 2510 qram, ümumi təmiz çəkisi 20510 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər dörd ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2600 qram, 2650 qram, 2510 qram və 2520 qram, ümumi təmiz çəkisi 3017,5 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş ümumilikdə doqquz ədəd bükümdə olan heroinlər bir-biri ilə eynilik təşkil edirlər. Heroinin təmiz çəkisi - 20695,0 qram, metamfetaminin təmiz çəkisi - 10280,0 qram təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 64-65) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-920/2022 saylı qərarından (cild 1, iş vərəqə 88-92) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 5(002)-192/2022 saylı qərarından (cild 1, iş vərəqə 109-111) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 23 avqust 2022-ci il tarixli qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 avqust 2022-ci il tarixli cavab məktubundan (cild 1, iş vərəqə 117) görünür ki, əməliyyat yolu ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 20 kiloqram 695 qram çəkidə narkotik vasitə heroini, 10 kiloqram 280 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdiyi “İlqar” adlı İİR vətəndaşının kimliyini, “İlqar” adlı şəxsin Azərbaycan Respublikasındakı əlaqələrini, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri hanası şəraitdə əldə etməsini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan (cild1, iş vərəqə 112-113) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20 kiloqram 694,73 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 10 kiloqram 279,8 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 118-119) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6 X4 5688 saylı rəyindən (cild 1, iş vərəqə 133-134) görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə 2019cu ildən narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə və inyeksiya yolu ilə istifadə edir. Həmçinin psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Mobil telefona baxış keçirilməsi” haqqında protokol və ona əlavə edilmiş foto cədvəldən (cild 1, iş vərəqə 135-137) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş və həmin vaxt telefonun yaddaşında “Gitarist” adı ilə qeydiyyata alınmış İran İslam Respublikasının mobil operatorlarına məxsus +**********07 saylı GSM mobil telefon nömrəsi aşkar edilmişdir. Bundan başqa, həmin mobil telefonda “Whatsapp” və “Whatsapp Business” mobil tətbiqlərinin quraşdırılması məlum olmuşdur. Mobil telefonun ekranı işlək vəziyyətdə olmadığından həmin danışıqlara baxış keçirilməsi mümkün olmamışdır. Bununla belə, mobil telefonun daxili yaddaşına keçirilən baxış zamanı yuxarıda qeyd edilən “Whatsapp” mobil tətbiqinin vasitəsilə göndərilən fotogörüntülərin içərisində Təqsirləndirilən şəxs tərəfindən naməlum istifadəçilərə elektron tərəzinin üzərinə qoyularaq çəkilmiş müxtəlif çeşid narkotik vasitələrin, o cümlədən narkotik vasitə heroinə, qurudulmuş marixuanaya, psixotrop maddə metamfetaminə oxşar kütlələrin görüntüləri müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs məxsus olan 1 (bir) ədəd "Samsung A12” mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 149-164) görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, həmin maddələr üzrə ona yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması, habelə onun idarə etdiyi avtomobilə baxış keçirilməsi və götürmə aparılması barədə görüntülərini özündə əks etdirən 2 (iki) ədəd diskin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20694,73 qram təşkil edən narkotik vasitə heroinin və qalıq çəkisi 10279,2 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan İran islam Respublikası vətəndaşı “İlqar” adlı şəxs və digərləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək əldə edilməsi mənbəyinə görə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 180-183) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçisi vasitəsi ilə suallar, həmçinin irəli sürülmüş ittihamı Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsinə aid hissədə mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında, o cümlədən onun etirafedici ifadəsi əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamış və daşımışdır. Belə ki, Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bağlı ittihama gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 40-cı bəndinə əsasən CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş itithamın bir hissəsi Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bağlı olduğundan, dövlət itithamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən, eləcə də dövlət ittihamçısının bu hissədə ittihamdan imtinası qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilməlidir (ayrıca aktla). Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv və əsaslı hüquqi nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayətkar qrupun digər üzvü/üzvləri ilə artıq Azərbaycan Respublikasının ərazisinə keçirilmiş narkotik vasitə və psixotrop maddələr barədə telefonla danışması, eləcə də sair üsulla əlaqə saxlayaraq həmin şəxslərdən tapşırıq və sifarişlər alması, başqa sözlə, telefonla əlaqə saxlayıb razılıq əldə etməsi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Bu hissədə məhkəmə qeyd edir ki, cinayətin baş verməsi gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəxs halında törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmiş və ona görə də Təqsirləndirilən şəxs məhz törətdiyi və sübuta yetirilmiş həmin əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmiş cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs təqsirli əməlləri nəticəsində baş vermiş və bu cinayətlərin törədilməsində o, bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin cinayətlərə görə ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını və ibtidai istintaq, eləcə də məhkəmə istintaqı zamanı qismən etirafedici ifadə verməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin növünü və çəkisini, habelə həmin vasitə və maddələrin insan orqanizminə olan zərərini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasına uyğun şəkildə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6 X4 5688 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20694,73 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 10279,8 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə aparılması, habelə avtomobilə baxış keçirilməsi və götürmə aparılmasını əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altımış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20694,73 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 10279,8 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış və götürmə aparılmasını, habelə avtomobilə baxış keçirilməsi və götürmə aparılmasını özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar