Məhkəmə qərarları › İş №1(101)-411/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-411/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-411/2024 05.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X6 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi, ev 27, mənzil 6da qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,501 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,501 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 5,693 qram qəhvəyi rəngli maddələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan digər şəxslərə satmaq niyyəti ilə əldə edib, saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində Sabunçu RPİ-nin NMB-in əməkdaşları tərəfindən xidməti ərəzidə gəzinti zamanı özünü şübhəli apardığı üçün saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş və orada üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,740 qram, 2,780 qram və 1,173 qram, ümumi çəkisi 5,693 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ağır işdə işlədiyi üçün ağrıları yaranmışdır. Buna görə də o, narkotik vasitə istifadə etmək məcburiyyətində qalmışdır. O, 2 ildir ki, narkotik vasitələrdən istifadə edir. İlk dəfə o, xx.xx.2023-cü ildə küçədə gedərkən Sabunçu RPİ-nin 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. O, polis əməkdaşları tərəfindən tutularkən üzərində heç bir qadağan olunmuş əşya olmamışdır. Polislər onu maşına otuzduraraq Polis bölməsinə aparmışlar. O, 12-ci Polis bölməsində olarkən polis əməkdaşları müəyyən miqdarda narkotik vasitəni masanın üstünə qoyaraq ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşlar. O da narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Sonra onun barəsində prokuror tərəfindən ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Daha sonra 2023cü il fevral ayının 3-də o, yaşadığı evin yaxınlığında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yenidən tutulmuşdur. Polis əməkdaşları onu tutan kimi əllərini qandallamışlar. Polis əməkdaşları onun üzərinə baxış keçirdikdən sonra onun üzərindən 0,5 qram çəkidə narkotik vasitə tapmışlar və sonra onu Sabunçu Rayon Polis İdarəsinə aparmışlar, oradan isə Sabunçu RPİ-nin 12-ci Polis bölməsinə təhvil vermişlər. Onun üzərində 0,5 qram narkotik vasitə olmasına baxmayaraq, polis əməkdaşları 5,693 qram çəkidə narkotik vasitəni masanın üstünə qoyaraq həmin vasitənin ondan tapıldığını etiraf etməyini tələb emtişlər. Eləcə də 12-ci Polis bölməsində polis əməkdaşları ona hədə-qorxu gələrək demişlər ki, “etiraf etməsən, sənin qardaşını da tutacıyıq, sizin evdən də narkotik vasitələr çıxaracayıq”. O da bu təzyiq nəticəsində 5,693 qram narkotik vasitənin onun üzərindən tapıldığını bildirməyə məcbur qalmış və videoçəkiliş zamanı bunu bildirmişdir. Səhhəti ilə əlaqədar o, məcburiyyət qarşısında qaldığı üçün narkotik vasitə istifadə etmişdir. Həmçinin polis əməkdaşlarının dediyi kimi o, videoçəkiliş zamanı üzərindən aşkar edilmiş 5,693 qram çəkidə narkotik vasitəni guya 2023-cü il fevralın 2-də tanımadığı Balaxanı sakinindən aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ilk dəfə tutularkən narkotik vasitə istifadəçisi olduğu üçün ona təqdim olunan narkotik vasitənin istifadəçisi olduğunu boynuna almış, lakin həmin vaxt üzərində narkotik vasitə olmamış, ikinci dəfə isə 2023-cü il fevralın 3-də tutulmuş, həmin vaxt üzərində 0,5 qram narkotik vasitə heroin olmuş, fevral ayının 3-də onun boynuna 5,693 qram çəkidə narkotik vasitə qoymuşlar, narkotik vasitələri inyeksiya yolu ilə qəbul etmiş, bədənində ağrılar olduğuna, eləcə də ağır işdə işlədiyinə görə narkotik vasitələrdən istifadə etmiş, həm birinci, həm də ikinci dəfə polis əməkdaşları tərəfindən küçədə saxlanılmış, polis əməkdaşları tərəfindən döyüldüyündən bədənində müxtəlif xəsarətlər əmələ gəlmiş, lakin üzdən baxdıqda, görünən hər hansı bir xəsarəti olmamış, ibtidai istintaq zamanı döyülməsi ilə bağlı heç bir yerə müraciət etməmiş, istintaq təcridxanasına qəbul edildiyi zaman qorxduğu üçün döyülməyi ilə bağlı heç bir məlumat verməmiş, ona görə də istintaq təcridxanasına təhvil verdildikdən sonra xəsarətləri ilə bağlı hər hansı bir qeydiyyat aparılmamış, bəzi halllarda dostları və ya tanışlarından hər hansı biri ondan narkotik vasitə təşkil etməyini istəmiş, o da həmin şəxslərə narkotik vasitə təşkil etmiş, bunu qazanc məqsədi ilə etməmiş, boyun nahiyyəsində xəsarət izi olsa da, bu xəsarət izi polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı olmamış, boynundakı xəsarət izi inyeksiya yolu ilə boynuna narkotik vasitə vurduğundan yaranan iz olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə ümumiyyətlə aidiyyətinin olmaması ilə bağlı hissədə verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 03 fevral 2023-cü il tarixdə, saat 20:00 radələrində o, digər əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs Əliğa oğlunu görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu onlara bildirmişdir. Bu səbəbdən də onlar Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Sabunçu RPİ-nin 12-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə oxşar əşya aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onlar Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sabunçu rayonunda yerləşən evinin yaxınlığında saxlayaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə aparmışlar. Bundan sonra təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən 1 (bir) büküm narkotik vasitə olan “kakos” aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni bir gün əvvəl tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manat müqabilində aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və qeyd etmək istəyir ki, ehtiyac olduqda Eldənizlə bir-birinə narkotik vasitə vermişlər, habelə Eldənizlə birlikdə narkotik vasitə istifadə etmişdir. Verilmiş suallara cavab olaraq Şahid5 bildirmişdir ki, o, Eldənizə pul verirmiş, Eldəniz də öz növbəsində gedib narkotik vasitələri alaraq ona verirmiş, ibtidai istintaq zamanı ifadə verməsinin üstündən 3 (üç) ay müddət keçdiyindən həmin ifadəni hazırda tam şəkildə xatırlamır. Şahid5 məhkəmə istintaqında qısa məzmunlu ifadə verdiyindən və həmin ifadəsində ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyindən məhkəmə istintaqında onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, 5 ildir ki, narkotik vasitə heroin istifadə edir. O, narkotik vasitə heroini Bakı şəhərində müxtəlif ünvanlardan tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. O, Təqsirləndirilən şəxs 2 ay olar ki, tanıyır. Onun Eldənizlə münasibəti ancaq narkotik vasitə almaq lazım olduqda və narkotik vasitə aldıqda olmuşdur. O, narkotik vasitə heroini Eldənizdən Sabunçu qəsəbəsində müxtəlif yerlərdə rastlaşdıqda götürmüş və hər dəfə Eldənizə 10 ya da 15 manat pul ödəmişdir. O, ödəniş etməklə aldığı narkotik vasitəni ancaq özü istifadə etmiş, hər dəfə aldığı “malın” pulunu tam olaraq ödəmiş, eləcə də 25 ya da 30 dəfə ayrı-ayrı vaxtlarda Sabunçu qəsəbəsində narkotik vasitəni Eldənizə 10 ya da 20 manat ödəməklə almış, hər dəfə də şəxsi istehlak miqdarında bir dəfə istifadə etmək üçün almışdır. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində o, Sabunçu NMB-nin digər əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb sonuncuya yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istəmişlər. Həmin şəxs sənədlərinin olmadığını bildirdikdən sonra onlar həmin şəxsə PŞ-nə getməsini təklif edimişlər. Həmin şəxs də onlara heç bir etiraz etməyərək onlarla birlikdə 12-ci PŞ-nə getmiş, orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra bu brədə raportla bölmənin rəhərliyinə məruzə edilmiş və raportla əlaqədar araşdırma aparılması PŞ-nin təhqiqatçısı, polis mayoru Əvəz Məmmədova həvalə olunmuşdur. Sonra təhqiqatçı Eldənin Qəhrəmanovun hüquqlarını müdafiə etmək üçün dəvət etdiyi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkil dəvət edilmiş və sonradan vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Eldənin Qəhrəmanova hüquq və vəzifələri izah edilmiş, həmçinin üzərində videoçəkilikşlə şəxsi axtarış və götürmə aparılacağını bildirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının vəkil tərəfindən müdafiə olunmasına etiraz etməməsinə baxmayaraq üzərində şəxsi axtarışın vəkilin iştirakı olmadan aparılmasını istəmişdir. Buna görə də 12-ci PŞ-nin inzibati binasındakı otaqlardan birində onun və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı əvvəlcə Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş və ya olunmamış əşya varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da bu təklifdən sonra əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 3 (üç) ədəd ağ rəngli şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli maddəni masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üstü axtarılmış, lakin qanunla qadağan olunmuş başqa hər-hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrlə bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, 2 ildir ki, narkotik vasitədən istifadə edir, həmin maddə “kakosdur”, bu maddəni xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 60 manata almış və üzərində saxlamışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 159 №-li möhürlə möhürlənib imzalanaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs və polis əmədaşları protokolla tanış olaraq protokolun doğruluğuni öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 112) görünür ki, həmin gün saat 15:00-da Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində bir nəfər şəxs özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən saxlanılaraq 12-ci Polis şöbəsinə aparılmış, orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 114) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 122) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 133) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 134-135) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümün içərisində tünd qəhvəyi rəngdə maddə olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/228 nömrəli rəyindən (cild 1, iş vərəqə 141-142) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən ....» sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz şəkisi 1,501 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 155-156) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan (cild 1, iş vərəqə 170-172) görünür ki, Sabunçu rayon prokuroru Rəşid Mahmudov müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatəti müdafiə etməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli qərardan (cild 1, iş vərəqə 174-175) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli iltizamdan (cild 1, iş vərəqə 176) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün saat 20:00-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində nömrəsiz fərdi yaşayış evinin qarşısında polis əməkdaşları xidmət apararkən bir nəfər şəxsin şübhəli olduğunu görüb həmin şəxsə yaxınlaşaraq saxlamışlar. Sonra polis əməkdaşları həmin şəxsi Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə dəvət etmişlər və orada saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 13) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 25-26) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan göy rəngli şalvarının sağ yan cibindən 3 (üç) ədəd sellofan bükümü çıxarıb masanın üstünə qoymuş və həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/683 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 36-37) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən ....» sözlər, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,740 qram, 2,780 qram və 1,173 qram, ümumi təmiz şəkisi 5,693 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 54-55) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-94/2023 saylı qərarından (cild 1, iş vərəqə 74-76) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 105-106) görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş təlabnamədən (cild 1, iş vərəqə 180- 181) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 296 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 207- 208) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı olmuşdur. Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin 775 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 209-210) görünür ki, hazırda Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 211-219) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrindən həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilməsi və həmin maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi, onun üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,401 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 5,573 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc otağına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 230-231) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanasının cavab məktubundan (cild 2, iş vərəqə 43) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə həmin təcridxanaya gətirilmiş, onun üzərində tibbi müayinə keçirilən zaman bədənində xəsarət aşkar edilməmiş, sağ və sol boyun nahiyəsində, hər iki yuxarı postinyeksion trofik yaralar müşahidə edilmişdir. Təqsirləndirilən şəxs aid şəxsi işin materiallarından (cild 2, iş vərəqə 44-47) görünür ki, o, Bakı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş, həmin vaxt onun üzərində xəsarət izi aşkar edilməmiş, eyni zamanda hər iki yuxarı postinyeksion trofik yaralar müşahidə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,501 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində özünü şübhəli apardığından Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 12-ci PŞ-nin inzibati binasına aparılmışdır. Orada onun üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,501 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 5,693 qram olan narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış və xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsində Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən xidməti ərəzidə gəzinti zamanı özünü şübhəli apardığından saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmişdir. Orada üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən külli miqdarda 03 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,740 qram, 2,780 qram və 1,173 qram, ümumi çəkisi 5,693 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olmadığını, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən isə üzərində cəmi 0,5 qram çəkidə narkotik vasitə heroin olduğunu, bundan başqa, polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki təzyiqə məruz qaldığını iddia etsə də, məhkəmədə onun iddia etdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılsa və üzərindən narkotik vasitə heroin aşkar edilsə də, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatəti müdafiə etməkdən imtina etmiş və nəticədə o, MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs azadlıqda qaldığı halda üzərində xəsarətlərin olması, ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiqin edilməsi və bunun nəticəsində ona aid olmayan narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə verməsinin, başqa sözlə, göstərilənlərin təkzib edilməsi və qanunsuz şəkildə cinayət məsuliyyətinə cəlb edilməsi barədə heç bir səlahiyyətli dövlət orqanına və tibb müəssisəsinə müraciət etməmişdir. Eyni zamanda o, xx.xx.2023-cü il tarixdə saxlanılarkən üzərində cəmi 0,5 qram çəkidə narkotik vasitə heroin olduğunu, polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində etirafedici ifadə verməsini bildirsə də, bu hissədə məhkəmə tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına təhvil verilərkən üzərində hər hansı xəsarət izi aşkar edilməmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əvvəlcə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, sonradan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi, ibtidai istintaqın sonunda isə Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülsə də, o, hər dəfə etirafedici ifadə verərək həm xx.xx.2023cü il, həm də xx.xx.2023-cü il tarixdə üzərində aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olduğunu etiraf etmişdir. Həmçinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır və onların tanışlığı onun Eldənizdən narkotik vasitə alması ilə bağlı olmuş, eləcə də ümumilikdə 25-30 dəfə Təqsirləndirilən şəxs müxtəlif narkotik vasitələr almışdır. Sözügedən şahidin qeyd edilən hissədə verdiyi ifadəsi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsinə kifayət edir. Bu isə o deməkdir ki, təqsirləndirilən şəxsin üzərindən həm xx.xx.2023-cü il, həm də xx.xx.2023-cü il tarixdə aşkar edilmiş narkotik vasitə heroini o, məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış və sözügedən predmetlərin qanunsuz “alqı-satqısı” ilə məşğul olmuşdur. Məhkəmə istintaqında ifadə vermiş Təqsirləndirilən şəxs heç vaxt heç kəsə narkotik vasitə və psixotrop maddə satmadığını iddia etsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsi həqiqəti əks etdirmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərlə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib saxlayaraq daşıması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddirlər. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və evli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, evli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmalı və onun üzərində saxlanılan cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji ekspertiza rəyinə görə hal-hazırda Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,401 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 5,573 qram olan narkotik vasitə heroin məhv edilməli, 2 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 220 (iki yüz iyirmi) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 220 (iki yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin madədlər ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və üzərində saxlanılan cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,401 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 5,573 qram olan narkotik vasitə heroin məhv edilsin, 2 (iki) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 220 (iki yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar