Məhkəmə qərarları › İş №1(101)-416/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-416/2020

26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-416/2020 26.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsi Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 02 fevral 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, x10 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 sentyabr 2010-cu ildə cəzasının sonu ilə azad edilmiş; Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 mart 2014-cü ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamış, habelə daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 14 avqust 2019-cu il tarixdə Nəsimi rayonu, Sübhi Salayev küçəsi 54 saylı ünvanın qarşısında istintaqa məlum olmayan şəxsdən külli miqdarda, ümumi çəkisi 11.486 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, təmiz çəkisi 4.810 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, təmiz çəkisi 0.194 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 80 (səksən) manat pul verərək almaqla əldə etmiş, sonra həmin narkotik vasitələri yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 103, 7 nömrəli mənzilə aparıb satış məqsədi ilə qanunsuz olaraq daşımış, onları 17 avqust 2019-cu il tarixə kimi yaşadığı mənzilində satış məqsədi ilə qanunsuz olaraq saxlamış, həmin gün saat 23:55 radələrində yaşadığı ünvanda saxlanılaraq polis şöbəsinə gətirilib, 18 avqust 2019-cu il tarixdə saat 00:35 radələrində orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 11,092 qram və 0,354 qram 02 ədəd sellofan kəsiyi bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, təmiz çəkisi 4,810 qram 01 ədəd sellofan kəsiyi bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, təmiz çəkisi 0,194 qram 01 ədəd siqaret kağızı bükülüdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd 2 ml-lik şprisdə qalığın təmiz çəkisi 0.040 qram olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Hadisədən təxminən yeddi-səkkiz ay əvvəl narkotik vasitədən istifadə etməyə başlamışdır. Bir neçə il əvvəl yıxıldığına görə belində ağrılar əmələ gəlmiş, ağrılarını sakitləşdirmək üçün narkotik aludəçisi olmuşdur. Narkotik vasitəni mütəmadi qəbul edir, özü narkomandır. O, yaşadığı evdə narkotik vasitələrdən öz dostları ilə istifadə edirmiş. Qonşusu Şahid2 və dostu Şahid1 onlara teztez gəlmişlər. Həmin şəxslər də narkotik istifadəçisidilər, onlarla birgə narkotik istifadə etmişdir. O, bir neçə dəfə narkotikləri təmənnasız dostlarına vermişdir. Kimdə narkotik vasitə olurmuşsa, onun narkotikindən istifadə etmişlər. Həmin günü Şahid2 bədənində ağrı olduğuna görə ona bildirib ki, narkotik vasitə olarsa, ona da istifadə etməsi üçün versin. O, narkotik vasitəni istifadə etmək üçün ona vermişdir. Sonra o, evin dəhlizində heroin olan kokosu hazırlayıb iynə ilə özünə vurmaq istəyərkən qəfil yaşadığı evin qapısı döyüldüyünə görə baxmadan qapıdan küçəyə çıxdıqda polis işçiləri özlərini təqdim edib onu saxlamışlar. Polis əməkdaşları üzərində narkotik maddənin olub-olmadığını soruşduqda üzərində heçnə olmadığını bildirmişdir. Üzərində narkotik vasitə olduğuna görə əvvəlcə qorxub qaçmaq istəmiş, lakin qaça bilməmişdir. Həmin vaxt evdə olan tanışları da həyətə çıxdıqda polis əməkdaşları onları da saxlamış və hər üçünü Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirmişlər. Saxlanılarkən narkotikin hamısı yalnız üzərində olub. Polis Şöbəsinə gəldikdə polis əməkdaşları üzərində axtarış aparacaqlarını bildirib, axtarışı video çəkiliş vasitəsi ilə edəcəklərini demişlər. O, etiraz etməmişdir. Ona vəkil təqdim olunmuşdur. Bundan sonra üzərinə videoçəkiliş vasitəsi ilə axtarış aparılmışdır. Ona üzərində hər hansı bir qeyri-qanuni əşya və narkotik vasitə varsa, könüllü təqdim etməyi təklif olunmuşdur. O, şalvarının sağ yan cibində olan 4 (dörd) büküm narkotik vasitələri və içərisində hazırladığı heroin məhlulu olan 0,2ml-lik şprisi, iki bükümdə narkotik vasitə “kokos”, 2 (iki) ədəd bükümlərdə isə “tiryək” və “nəşə”-ni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi şprisin içərisində yarımçıq heroin olmuşdur. Bundan sonra polis əməkdaşları üzərinə axtarış aparsalar da üzərindən başqa qeyriqanuni əşya və ya narkotik vasitə aşkar olunmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik istifadəçisi olmuşdur. Narkotik vasitələri Nəsimi rayonu, Sübhi Salayev küçəsində tanımadığı şəxsdən almışdır. Həmin şəxsin adını, digər anket məlumatlarını və ünvanını bilmir. Bir neçə dəfə həmin ünvana gedəndə onu orada görmüş, üzdən onu tanıyır. O, demək olar ki, hər gün narkotik qəbul etmiş, ona görə də hər gün gedib almamaq üçün birdəfəlik 11 qr kokos, nəşə alıb ki, bir müddət istifadə edə bilsin. Şahid2 narkotik vasitəni satmamış, onda ağrılar olduğu üçün narkotiki təmənnasız vermişdir. Ona polislər təsir və təzyiq etməyiblər. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün gəlib ailəsi ilə ünvan 2 saylı ünvanda məskunlaşmışdır. Təqsirləndirilən şəxs da qonşu kimi tanıyır. Onunla bir həyətdə qonşuluqda yaşamışlar. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmişdir. Tanınmadığı şəxslər yaşadıqları həyətə Zamirin yanına gəlib gedirmişlər. Onların Zamirin yaşadığı evə gəlib ondan narkotik götürdüklərini bilmişdir. Onun yaşadığı evdən həmişə narkotik vasitə «nəşə» iyi gəlmişdir. Müxtəlif adamlar onun evinə gəlmiş və çıxanda onlar müşahidə etmişlər ki, onlar özlərində deyil, gözləri «axırmış» və özlərini qeyri-adekvat aparırmışlar. Onları mütəmadi olaraq narahat etmişlər. O, Zamirin hərəkətlərindən bezdiyi üçün 17.08.2019-cu il tarixdə saat 22:30 radələrində DİN-nin 102xidmətinə zəng edərək Zamirin evinə müxtəlif şəxslərin gəldiyini, narkotik vasitələrdən istifadə edərək onları narahat etməsini bildirmişdir. Bundan bir qədər sonra yaşadığı həyətə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları gəlmişlər. O, polis əməkdaşlarına ərizə ilə müraciət edib və bundan sonra polis əməkdaşlarına Zamirin yaşadığı ünvanı göstərmişdir. Polis əməkdaşları qapını döyəndə, Zamir qapıdan küçəyə çıxdıqda polis əməkdaşları Zamiri saxlamışlar. Sonra mənzildən 2 nəfər cavan oğlan da çıxdığı üçün polis əməkdaşları onları da saxlayıb polis şöbəsinə aparmışlar. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı təsir və təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb. O, Nəsimi RPİ-nin 22-ci Polis şöbəsində əməliyyat müvəkkili işləyir. 17.08.2019-cu il tarixdə o, Nəsimi RPİ-nin 22-ci PŞ-də əməliyyat qrupunda xidmətdə olan vaxt Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi 103, mənzil 7-də yaşayan Təqsirləndirilən şəxs və evdə tanımadığı digər şəxslərin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olduğu və qonşuları narahat etdiyi barədə DİN-nin 102-xidmətindən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. O, Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı Tariyel Mahmudov, əməliyyat müvəkkilləri Şahid5 və Şahid6lə birlikdə daxil olmuş məlumatda göstərilən həmin ünvana getmişlər. Qapını döydükdə əvvəllər tanımadığı bir nəfər şəxs, şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs qapını açmışdır. O, əvvəlcə qaçmaq istəyib və həmin vaxt Zamirin əlində şpris də olmuşdur. Onlar Zamiri saxladıqda evdən 2 nəfər şəxs də küçəyə çıxmışdır. Onlara da xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onları da saxlayaraq hər 3 şəxsə Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına gəlməsini təklif etmişlər. Şöbədə Təqsirləndirilən şəxs evində olan şəxslərdən birinin Şahid2, digərinin isə Şahid1 olduğu müəyyən olunmuşdur. Bundan sonra hər 3 şəxsə ayrı-ayrılıqda narkotik vasitələrin qanunsuz əldə edilməsi, üzərlərində daşımasında şübhəli olduqları və bu səbəbdən üzərlərinə video çəkilişlə “şəxsi axtarış” keçiriləcəyi bildirilmişdir. Həmin şəxslər buna etiraz etməmişlər. Həmin vaxt hər üç şəxs dövlət hesabına vəkillə təmin edilmişlər. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstündə olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən dörd ədəd şəffaf rəngli selofanına bükülmüş bükülünü və şprisi masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Zamir üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilib və üzərindən başqa qanunsuz saxlanılan əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuşdur. Zamiq şəffaf sellofanın içərisində olan maddənin narkotik vasitə “kokos”, digər narkotik vasitənin marixuana və tiryək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddələri haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi barədə sorğusual edildikdə o, həmin maddələri Nəsimi rayonu, Kubinkadeyilən ərazidən tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələr zərfə qoyulub möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol proses iştirakçıları tərəfindən imzalarla təsdiq edilmişdir. Digər 2 nəfər şəxsin üzərindən heç nə aşkar olunmayıb, lakin onların narkotik vasitələrdən istifadə etdiyi görünmüşdür. Təqsirləndirilən şəxsə hər hansı bir təzyiq göstərilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid6 eyni məzmunlu ifadə verərək iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, təxminən 2-3 il olar ki, narkotik vasitə olan heroindən çəkməklə istifadə edir. Təqsirləndirilən şəxs 1 ildir ki, tanıyır. 17.08.2019-cu il tarixdə tanışı Zamir ona zəng etmiş və evlərinə dəvət etmişdir. Həmin tarixdə saat 22:00 radələrində Zamirin yaşadığı Nəsimi rayonu, Əlövsət Quliyev küçəsində 103 saylı ünvana gəlmiş, Zamirlə 10 dəqiqə söhbət etdikdən sonra Zamirin tanışı Elçin gəlmişdir. Həmin vaxt Elçin ağrımış, Zamir narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə Zamirdən narkotik vasitə olan heroin alıb qəbul etmək istəmişdir. O, Zamirin tanışı Elçinlə qonaq otağında söhbət etmiş, Zamir isə mətbəxdə narkotik vasitə qəbul etmək üçün narkotik vasitəni hazırlamışdır. Təxminən 10 dəqiqə sonra qapı döyülmüş, Zamir tələsik qapını açıb küçəyə çıxdıqda polis əməkdaşları küçədə onu saxlamışdır. O, Elçinlə birlikdə Zamirin arxasınca evdən küçəyə, yəni, həyətə çıxdıqda polis əməkdaşları özlərini təqdim edib onları da saxlamış və Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları olduqlarını bildirərək onları 22-ci PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində polis əməkdaşları üzərlərində axtarış aparacaqlarını bildirmiş və bunun üçün videoçəkilişdən istifadə edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən dövlət hesabına vəkillə təmin edilməsi üçün qarşısına vəkillərin siyahısı qoyulmuş, o da x1, vəkilin dəvətindən sonra axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni saxlanılan hər hansı bir əşya aşkar olunmamışdır. Əlavə olaraq göstərmişdir ki, o, heroin istifadəçisi olduğundan arabir Zamirin yanına gedib heroindən çəkməklə istifadə edir. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, təxminən 4 il olar ki, narkotik vasitə olan heroin istifadəçisidir. Bədənində ağrılar olduğu üçün və pulu olmadığına görə Zamirin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyindən narkotik vasitədən istifadə etmək məqsədi ilə 17.08.2019-cu il tarixdə tanışı Zamirə zəng edərək narkotik qəbul etmək istədiyini, lakin pulu olmadığını bildirmişdir. Zamir özündə narkotik vasitə heroin olduğunu ona demiş və onlara gəlməsini bildirmişdir. 17.08.2019-cu il tarixdə saat 23 radələrində Zamirin yaşadığı Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi 103, mənzil 7 saylı ünvana gəlmiş, mənzilə daxil olduqdan sonra Zamir narkotik vasitə heroini qəbul etməsi üçün dəhlizdə hazırlayarkən, o, qonaq otağında Zamirin tanışı Kamran ilə birlikdə əyləşmişdir. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları mənzilin qapısını döymüş, Zamir tələsik qapını açıb küçəyə çıxdıqda polis əməkdaşları Zamiri saxlamış, sonra o Kamranla birlikdə evdən küçəyə çıxaraq nə baş verdiyi barədə maraqlanmaq istəmiş, polis əməkdaşları küçədə onları görüb özlərini təqdim edərək 22-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib onları 22-ci PŞ-nə gətirmişlər. Polislər gəldiyi üçün onlar həmin Zamir tərəfindən hazırlanan narkotik vasitəni istifadə edə bilməmiş, polis şöbəsində polis əməkdaşları üzərlərində axtarış aparılacağı bildirilmiş, bunun üçün video çəkilişdən istifadə edəcəyi deyilmişdir. O, buna etiraz etməmiş və sonra dövlət hesabına vəkillə təmin olunması üçün qarşısına vəkillərin siyahısı qoyulmuş, o da vəkil x3 və sonuncunun dəvətindən sonra üzərində şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni saxladığı hər hansı əşya aşkar edilməmişdir. Əlavə olaraq göstərmişdir ki, Zamiri 1 ay olar ki, tanıyır və sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı vardır. Tanışı Zamirin yaşadığı ünvanda əvvəllər narkotik vasitə qəbul etməmiş, Zamir narkotik vasitəni ona hədiyyə etmək istəmiş, çünki onunla telefonda danışarkən Zamirə demişdir ki, pulu yoxdur, ağrıyır. Zamir isə ona «gəl mən sənə narkotik vasitə olan heroin verərəm qəbul edib sakitləşərsən» demişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini, digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin məsul növbətçisi, polis leytenantı Namiq Məmmədovun 17 avqust 2019-cu il tarixli raportundan görünür ki, 17.08.2019-cu il tarixdə, saat 22:33 radələrində DİN-nin 102 xidmətinə Şahid3 zəng edərək Nəsimi rayonu, Ə.Quliyev küçəsi 103 ünvanında qonşuluqda yaşayan x7 evinə mütəmadi olaraq müxtəlif şəxslərin gəldiyini və narkotik maddənin qəbulu ilə məşğul olduqlarını bildirib. Cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid3 Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə verdiyi 17.08.2019-cu il tarixli ərizədən görünür ki, sonuncu polis şöbəsinə müraciət edərək, Nəsimi rayonu, Ə.Quliyev küçəsində, mənzil 3-də qonşuluqda yaşayan Təqsirləndirilən şəxs və evdə tanımadığı digər şəxslərin bilinməyən maddə, narkotik və ona bənzər maddələr qəbul etdiklərini, onları təhqir edib narahat etdiklərini bildirmişdir. Cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkillərinin imzaladığı 18 avqust 2019-cu il tarixli raportdan görünür ki, 102 xidmətinə daxil olmuş məlumat əsasında Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları əməliyyat qrupu ilə birlikdə Nəsimi rayonu, Ə.Quliyev küçəsi 103, mənzil 7 ünvanının qapısını döyərkən 1 nəfər əlində şpris olan şəxs onları görüb qaçmaq istəmiş, lakin, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin göstərilən ünvanda olan digər iki nəfər şəxsdə polis şöbəsinə dəvət edilmişlər. Polis Şöbəsində məlum olub ki, həmin ünvanda olan şəxslər xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs; xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş Şahid2 və xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş Şahid1dur. Cinayət işinin 1-ci cild 37-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 avqust 2019-cu il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan və protokola əlavə edilmiş “CD” diskdən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən 17.08.2019-cu il tarixdə saat 23:55 radələrində Nəsimi rayonu, Ə.Quliyev küçəsi 103, mənzil 7 saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ- nin 22-ci PB-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 04 (dörd) ədəd bükülüyə bükülmüş xüsusi spesifik iyə malik olan kütləni və narkotik vasitəni istifadə etdiyi şprisi könüllü olaraq təqdim etmişdir. Axtarış zamanı onun üzərindən başqa qeyri-qanuni maddə və ya əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs dörd ədəd sellofana bükülmüş bükülüləri bir-bir açıb göstərərək ikisinin içərisində “kokos” deyilən narkotik vasitə, digər 3-cü bükümdə narkotik vasitə olan tiryək, 4-cü bükümdə isə narkotik vasitə olan (nəşə) yəni, “marixuana” olduğunu bildirmişdir. Bir ədəd 0,2 qramlıq şprisin içərisində olan narkotik vasitə olan heroini isə istifadə etmək üçün hazırladığını bildirmişdir. O, uzun müddətdir ki, narkotik vasitədən istifadə etdiyini və həmin narkotik vasitələri Bakı şəhəri, Kubinka adlanan yerdən tanımadığı şəxsdən əldə etdiyini demişdir. Aşkar edilmiş, içərisində narkotik vasitəyə bənzər maddə olan sellofan bükülülər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı “SONY” markalı video kamera vasitəsilə çəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 132-136-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 avqust 2019-cu il tarixli baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, Ə.Quliyev küçəsi 103, mənzil 7 saylı ünvana baxış keçirilmiş və baxış zamanı həmin mənzildən qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı foto çəkilişdən istifadə edilmişdir. Cinayət işinin 1-cild 140-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2019-cu il tarixli, 20988 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs....» yazıları və imzalar olan kağız paketdəki 1 (bir) ədəd siqaret kağızı bükülüdə təmiz çəkisi - 0,194 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 1-ci cild 144-148-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2019-cu il tarixli, 20987 №-li ekspert rəyindən görünür ki, bir ədəd zərfdə təqdim olunmuş, içərisindəki təmiz çəkisi 11.092 qram olan bir büküm qəhvəyi rəngli maddə və bir büküm qəhvəyi rəngli, təmiz çəkisi 0,354 qram olan maddə (ümumi təmiz çəkisi 11.446 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir büküm tünd qəhvəyi rəngli maddə təmiz çəkisi 4,810 qram kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. 1 ədəd 2ml-lik şprisdə 1,0 ml tünd qəhvəyi rəngli maye heroinin məhluludur, bu həcmdə quru qalığın təmiz çəkisi 0,040 qram müəyyən edildi. Cinayət işinin 1-ci cild 227-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş 17 oktyabr 2019-cu il tarixli, 086- 8612-02-1819 №-li əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitələrin əldə etmə mənbəyinin aşkar edilməsi mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 246-247-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 noyabr 2019-cu il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bir daha bildirmişdir ki, narkotik vasitələri Nəsimi rayonunda “Kubinka” adlanan yerdən, dəqiq olaraq Nəsimi rayonu, Sübhi Salayev küçəsi 54 saylı ünvanın qarşısında 14 avqust 2019-cu il tarixdə tanımadığı şəxsdən almışdır. Narkotik vasitə aldığı ərazini əyani şəkildə göstərmişdir. Cinayət işinin 2-ci cild 2-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 dekabr 2019-cu il tarixli “xxxxxxx” MMC mobil operatorundan daxil olmuş “CD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrəyə daxil olan SMS mətnlərinə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 dekabr 2019-cu il tarixli “xxxxxxx” MMC mobil operatorundan götürülmüş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrənin anten dairələrinə dair məlumatlara baxış keçirilmiş və baxış zamanı həmin nömrənin əksəriyyət hallarda Nəsimi rayonu, Vidadi küçəsi 119, mənzil 1; Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi 103 saylı evin 7 saylı mənzili; Nəsimi rayonu, C.Cabbarlı meydanında qeydə alındığı müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 29-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2019-cu il tarixli, 31103 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 11,062 qram və 0,334 qram, ümumi çəkisi 11,396 qram olan heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş şprisdəki məhlullar heroindən hazırlanan zaman tərkib göstəriciləri dəyişdiyindən təqdim olunan iki ədəd sellofan bükümdəki heroinlərlə müqayisəsini (tərkiblərinə görə eyni olub-olmadıqlarını) vermək mümkün deyildir. Cinayət işinin 2-ci cild 47-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 dekabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 istintaq zamanı verdiyi ifadəsini “...Qonşum Zamir mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir, həmçinin narkotikin satışı ilə məşğuldur. O, narkotikdən istifadə etdiyi üçün həm də narkotik satdığına görə müxtəlif vaxtlarda tanımadığım narkoman şəxslər yaşadığımız həyətə gəlib onu çağırmışlar... O, həmin narkomanlarla evin həyətində görüşüb onlara nə isə ötürürdü...” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 53-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 dekabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 istintaq zamanı verdiyi ifadəsini “...17.08.2019-cu il tarixdə Zamirə zəng edib ona narkotik qəbul etmək istədiyimi lakin pulumun olmadığını və ağrıdığımı dedim. Bilirdim ki, o, narkotik vasitələrin satışı ilə məşğul olur. Bu barədə ona dedikdə, o, narkotik vasitə heroin olduğunu, həmçinin pul lazım olmadığını gəlib narkotikdən istifadə etməyimi dedi...” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Buna görə də məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. İbtidai istintaq dövründə və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız narkotik istifadəçisi olduğunu, həmçinin Şahid2 narkotik vasitəni satmadığını, Elçinin ağrıdığına görə ona narkotik vasitəni təmənnasız hədiyyə etdiyini bildirmişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5 və digərləri məhkəmə prosesində dindirilərkən bildirmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi ifadələrini məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs həmin ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində (cild 2, i.v 23-24) və Təqsirləndirilən şəxsla arasında keçirilmiş üzləşdirmə zamanı (cild 2, i.v 47-49) bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin həm istifadəsi, həm də satışı ilə məşğul olmuşdur. Həmçinin, Şahid1 istintaq zamanı verdiyi sərbəst ifadəsində aşağıdakıları göstərmişdir: “...17.08.2019-cu il tarixdə saat 22:00 radələrində Zamirin yaşadığı Nəsimi rayonu, Ə.Quliyev küçəsində 103 saylı ünvana gəldim...sonra Zamirin tanışı Elçin gəldi. Elçin ağrıdığına və Zamirin narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə Zamirdən narkotik vasitə olan heroin alıb qəbul etmək istəyirdi...” (cild 2, i.v 44-46). Bundan başqa Şahid2 istintaq zamanı verdiyi ifadəsində (cild 2, i.v 50-52) və Təqsirləndirilən şəxsla arasında keçirilmiş üzləşdirmə zamanı (cild 2, i.v 53-55) bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən beynəlxalq adı “kannabis” olan narkotik vasitə qurudulmuş marixuananın 5 qramı, “heroin”in 0,15 qramı və tiryəkin isə 0,5 qramı və ondan artıq olan hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda 500 qram və ondan artıq miqdarda qurudulmuş marixuana, 2 qram və ondan artıq miqdarda heroin və 50 qram və ondan artıq miqdarda “tiryək” isə külli miqdar hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 219-220-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x2 daxil olmuş 07 sentyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs x10 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 28 iyul 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 sentyabr 2010-cu ildə cəzasının sonu ilə azad edilmiş; Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 mart 2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik x4 Məhkəmə Psixiatrik Ekspertizasının 21 noyabr 2019-cu il tarixli, 2391 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda öz hərkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Cinayət işinin 2-ci cild 27-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik x4 Məhkəmə Psixiatrik Ekspertizasının 21 noyabr 2019-cu il tarixli, 2778 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 17 avqust 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 207-208-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli, 4(006)-435/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 avqust 2019-cu il taridən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınan və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,174 qram marixuana, 11,396 qram heroin, 4,710 qram tiryək, 0,5 ml heroin məhlulu məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin aləti, həmçinin, dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 163,22 (yüz altmış üç manat iyirmi iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınan və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,174 qram marixuana, 11,396 qram heroin, 4,710 qram tiryək, 0,5 ml heroin məhlulu məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 163,22 (yüz altmış üç manat iyirmi iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar