Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-416/2024 11.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:30-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə həşiş qətranının satışı məqsədi ilə istintaqla şəxsiyyəti müəyyən edilməmiş “Bəhruz” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, “Bəhruz” adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə həşiş qətranını satışını həyata keçirəcəyi barədə razılığa gəlib bunun icrası üçün sonuncunun təşkili ilə 08 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən hamamın yanında cinayət qrupunun istintaqla müəyyən edilməmiş üzvündən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 52,809 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını satış məqsədi ilə qanunsuz olaraq alıb əldə edərək üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 18:40-da Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin və 43-cü PB-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən “Yeni” adlı marketin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən həmin Polis Bölməsinə gətirilib, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən satış üçün hazırladığı həmin 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 52,809 qram olan qəhvəyi rəngli qətrana bənzər narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “AKABE İnşaat” şirkətində operator vəzifəsində çalışırmışdır. 08 aprel tarixində axşam saatlarında “Yeni” marketdən çörək alıb evə gedən zaman iki nəfər onu çağırmış və avtomobillərini itələməyə kömək etməyini xahiş etmişlər. O da həmin şəxslərə kömək etmək üçün yaxınlaşmışdır. Avtomobilin yanına gələndə iki nəfər əməliyyat müvəkkili qolundan tutub şübhəli şəxs qismində saxlanıldığını bildirib, onu polis bölməsinə aparmışlar. Səbəbini soruşduqda isə polis bölməsində səbəbini öyrənəcəyini bildirmişlər. Bölmədə olan zaman ona narkotik vasitə haqqında heç bir söz demədən, sadəcə İran İslam Respublikasında olubolmadığını, iranlılarla əlaqəsinin olmasını, Hacı Şahini tanıyıb-tanımadığını maraqlanmışlar. O, İranla heç bir əlaqəsi olmadığını bildirmişdir. Onu 10-15 dəqiqə sonra 43-cü polis bölmənin rəisinin otağına aparmışlar, bu zaman qolunda qandal olmamışdır. Rəis də ona İranla bağlı suallar vermişdir. O, polis bölməsində nə məqsədlə olduğunu soruşduqda isə narkotik vasitə istifadəçisi olduğu üçün şübhəli şəxs qismində tutulduğunu bildirmişlər. On yaşından o, namaz qıldığını, narkotik vasitə istifadə etmədiyini və ya satışı ilə məşğul olmadığını bildirmişdir. Rəis Binəqədi rayon Polis İdarəsinin planı olduğunu və onun həmin plana daxil olduğunu bildirmişdir. Rəis müavini Xəqani adlı şəxs onu digər otağa aparıb döymüşdür. O, oruclu olduğunu və namaz vaxtının gəldiyini bildirərək, ona şərait yaradılmasını xahiş etmişdir. Polislər isə onu Nizami rayon Polis Bölməsinin müvəqqəti saxlama yerinə gətirmişlər. Orada qarşısına narkotik vasitə tiryək qoymuşlar və götürməyini tələb etmişlər. O, etiraz etdikdə özləri həmin narkotik vasitə tiryəki cibinə qoymuşlar və video çəkiliş aparılmışdır. İki gün Nizami rayon Polis Bölməsinin müvəqqəti saxlama yerində qaldıqdan sonra yenidən onu Binəqədi rayon Polis Bölməsinə gətirmişlər və yanlış sənədləşma aparıldığını qeyd edib, narkotik vasitə çətənə yükləyəcəklərini bildirərək, sadəcə sənədlərə imza etməyini tələb etmişlər. Onu ailəsi ilə hədələyib, təzyiq göstərmişlər. Məcbur qalıb sənədləri imzalamışdır. Daha sonra onu ekspertizaya aparmışlar. “Bolt” taksi vasitəsilə bölməyə geri gətirib, yenidən döymüşlər. O, 08 aprel tarixində səhər saatlarında ümumiyyətlə işdə olmuş, “Bəhruz” adlı şəxsi isə tanımır. AKABE İnşaat şirkəti Binəqədi Sərdarov adına maşınqayırma zavodunun arxa tərəfində yerləşir. Təhqiqatçı 1 həftəyə sərbəst qalacağını bildirib, ona sənədlər təqdim edərək, imzalamağını tələb etmişdir. Sənədlərdə narkotik vasitə istifadəçisi olduğu üçün saxlanıldığı yazılmışdır. Onu ailəsini polis bölməsinə gətirməklə hədələmişlər. O, etiraz edəndə fiziki təsir göstərmişlər. Məcbur qalıb dəsmal vasitəsilə götürüb cibinə qoymuşdur. Videoçəkilişdən sonra sənədlərə imza etmişdir. Oxumağına icazə verməmişlər. Daha sonra isə ona səhv sənədləşdirdiklərini deyib, yenidən videoçəkiliş aparılmışdır. Bundan sonra onu İnqilaba aparmışlar. Məktəbin yanından çətənə bitkisini polis əməkdaşlarının tanıdğı şəxsdən götürmüşlər. O, bu zaman avtomobildə olmuşdur. Həmin narkotik vasitənin ona aid olduğunu bildirmişlər. “Bolt” taksi sifariş verib onu bir nəfər əməliyyat müvəkkili ilə 43-cü Polis Bölməsinə gətirib, dəmir barmaqlıqlar arxasına salmışlar. 3 saat orada qaldıqdan sonra onu müstəntiqin otağına aparmışlar. Qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında da döyülməyi ilə bağlı məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş əməliyyat tədbiri zamanı Binəqədi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinə ezam olunmaqla xidmət etmiş, hazırda Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs “Bəhruz” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək bölmə rəhbərliyinə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. 08 aprel 2023cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılmış və bölməyə dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin təhqiqatçısına həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxladıqları ərazi 43-cü Polis Bölməsinin ərazisi olduğu üçün o, həmin ərazini dəqiq tanımır. Belə ki, əməliyyat məlumatı 43-cü polis bölməsinin əməkdaşı Şahid1 daxil olmuşdur. Binəqədi rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi tərəfindən 43-cü polis bölməsinin əməliyyat tədbirinə cəlb olunmuşdur. Şahid1la 08 aprel 2023-cü il tarixdə günün birinci yarısında görüşmüş və günün ikinci yarısında Tərxan adlı şəxsi saxlamışlar. Tərxan adlı şəxsi saxladıqları ərazi “Kənd Binəqədi” adlanan yerdir. Ərazidə market olsa da, hazırda adı yadında deyil. Təqsirləndirilən şəxs iki nəfər, yəni o və Şahid1 birgə saxlamışlar. Təqsirləndirilən şəxs saxlamamışdan öncə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla tanış olmuşdur. Həmin qərarda hansı tədbirlərin nəzərdə tutulmasını hazırda xatırlamır. Təqsirləndirilən şəxs polis bölməsinə dəvət edərək üzərinə baxışı bölmədə həyata keçirmişlər. Təqsirləndirilən şəxs saxlayıb bölməyə gətirən zaman əlinə qandal vurmamışlar, onun əlinə nə zaman qandal vurulmasını isə xatırlamır. Təqsirləndirilən şəxs ailəsinə məlumat verməsi üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs polis bölməsinə təhvil verdikdən sonra müvəqqəti saxlama yerində saxlamışlar. Daha sonra o, şəxsi axtarış keçirilməsi üçün dəvət olunmuş və videoçəkilişdə iştirak etmişdir. Çəkiliş aparılan otaqda təhqiqatçı, saxlanılan şəxs Təqsirləndirilən şəxs, o, əməliyyatçı Şahid1 və videoçəkilişi həyata keçirən şəxs olmuşdur. Təqsirləndirilən şəxs narkoloji tibbi yoxlamadan keçirilməsi üçün o aparmamışdır. Müstəntiq onu ifadə vermək üçün dəvət etmiş və o, sərbəst ifadə vermişdir. Təqsirləndirilən şəxs onu avtomobili itələməyə kömək etmək üçün çağırmaqları ilə bağlı dedikləri doğru deyildir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman avtomobildə onunla dini məzmunda hər hansı söhbət etməmişlər, onun İran İslam Respublikasına gedib-gəlməməsini soruşmamışlar. Məhkəmədə şahid qismində dindirilmiş, əməliyyat tədbiri zamanı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, hazırda Yasamal rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, Etimad doğuran qərəzsiz mənbədən Təqsirləndirilən şəxs “Bəhruz” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək bölmə rəhbərliyinə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmçinin, həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumat Binəqədi RPİ-nin CAŞ və 43-cü PB-nin əməkdaşlarının birgə keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən “Yeni” adlı marketin yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Bu zaman onlar özlərini Tərxana təqdim etmişlər və külli miqdarda narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğundan sonuncunu həmin PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə dəvət olunaraq onlarla könüllü oraya gəlmiş və bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin təhqiqatçısı, polis mayoru Nahid Məmmədova həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı ilə vəkil iştirak etmədən üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Eləcə də əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd, biri “Nokia”, ikincisi isə “Redmi” markalı telefonlarını çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində ətraflı axtarış keçirilmiş və hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüdə nə olduğu soruşulduqda o, həmin bükülüdə narkotik vasitə “tiryek” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni həmin gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində olan hamamın yanında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadan protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs yaxalanarkən və barəsində araşdırma aparılarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Daha sonra əldə olunmuş əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs “Bəhruz” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olurlar. Belə ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı cibindən aşkar olunmuş külli miqdarda narkotik vasitəni ona əvvəlcədən aralarında olan sövdələşmələrinə əsasən “Bəhruzun” adlı şəxs satmaq üçün cinayətkar qrupun naməlum üzvü vasitəsi ilə göndərmiş, 08 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində olan hamamın yanında cinayətkar qrupun naməlum üzvü həmin külli miqdarda narkotik vasitəni Təqsirləndirilən şəxs vermişdir. Həmin bükümü guya 20 manata öz istifadəsi üçün alması barədə Təqsirləndirilən şəxs dedikləri həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxs təcrübəli cinayətkar olaraq üzərində həmişə yalnız bir büküm belə vasitə gəzdirmişdir ki, satışda ifşa edilməsi çətinləşsin. Şahid2 dəvət olunaraq əməliyyat qrupuna daxil edilməsinin səbəbinin detalları yadında deyil. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı rəis təsdiq edir, həmin qərarı onun özü tərtib etmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman əlinə qandal vurmuşlar. Onu hansı şübhəyə əsasən saxladıqlarını bildirmişlər. Tərxanı polis bölməsinə gətirərək bölmə rəisinə məruzə edərək, dərhal təhqiqatçıya məlumat vermişlər. O, Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verdikdən sonra ərazidə baş vermiş hadisə ilə əlaqədar bölmədən çıxmış və daha sonra şəxsi axtarış hərəkətinin aparılması üçün bölməyə geri qayıtmışdır. Həmin zaman digər əməliyyat müvəkkili Şahid2 polis bölməsində qalmışdır. Şəxsi axtarış istintaq hərəkəti həyata keçirilən zaman videoçəkiliş aparılanda o, Ərşad Məmmədov, saxlanılan şəxs Təqsirləndirilən şəxs, təhqiqatçı iştirak etmişlər. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs müdafiəçisinin şəxsi axtarışda iştirak etməməsinə dair ərizə yazmışdır. Lakin, həmin ərizə onun yanında tərtib edilməmişdir. Təqsirləndirilən şəxs ambulator-narkoloji yoxlama aparılması üçün ekspertizaya o, aparmışdır. Müstəntiqin dəvəti əsasında gedərək sərbəst şəkildə ifadə vermiş, həmin ifadəsi düzgündür. Saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs şəxsən tanımır, sadəcə olaraq, onda olan məlumata əsasən təcrübəli cinayətkar olmasını bildirmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 09 aprel 2023-cü il tarixli 7/506 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 52,809 qram qəhvəyi rəngli, qətrana bənzər narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. (iş vərəqə 37-39) İş materiallarında olan ambulator məcburi-narkoloji yoxlamanın 11 aprel 2023-cü il tarixli 2063 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 112-113) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 aprel 2023-cü il tarixli 962 nömrəli rəyindən görünür ki, cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21- ci maddəsinin təsiri altına düşmür. (iş vərəqə 118-120) İş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 645 saylı rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır. (iş vərəqə 115-117) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, eləcə də, sol yan cibindən “Redmi” və “Nokia” markalı telefonları çıxararaq masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində ətraflı axtarış keçirilmiş və hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüdə nə olduğu soruşulduqda o, həmin bükülüdə narkotik vasitə “tiryek” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni həmin gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində olan hamamın yanında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (iş vərəqə 30-31) İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığından, Binəqədi rayon Polis İdarəsinin 6 və 43-cü polis bölmələrinin əməliyyat tapşırığına cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan qrupun üzvləri, psixotrop maddələrin əldə olunma mənbələri və kimlərə satıldığı barədə məlumatların əldə edilməsinə dair müsbət nəticələr əldə edilməmişdir. (iş vərəqə 101; 110; 111) Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna əsasən, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs bədəninə baxış keçirilən zaman xəsarət izi aşkar edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna əsasən məhkəməyə göndərilmiş Bakı şəhəri Binəqədi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq, qeyri-insani, ləyaqəti alçaldan rəftar edilmədiyindən AR CPM-in 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ümumiyyətlə özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində narkotik vasitə olmaması, narkotik vasitənin polis əməkdaşları tərəfindən ona fiziki, psixi təzyiq, hədə-qorxu gəlməklə ona təqdim edilməsi ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünün müdafiə üçün irəli sürdüyü fikirlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 09 aprel 2023-cü il tarixli 7/506 nömrəli rəyi, canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 645 saylı rəyi, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və tibbi kitabçanın surəti, Binəqədi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, şahidlərin ifadələri, eləcə də, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən xx.xx.2023-cü il tarixli qismən etirafedici ifadəsi, həmçinin, digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixli ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin yalnız istifadəçisi olmuş, satışı ilə məşğul olmamış, heç kimlə cinayət əlaqəsinə girməmişdir. Hadisənin mahiyyəti üzrə bildirir ki, o, müəyyən müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Odur ki, 08 aprel 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən hamamın yanında təsadüf gördüyü bir şəxsdən öz istifadəsi üçün 20 manata 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə həşiş qətranı əldə edib cibinə qoyub üzərində daşıyaraq saxlamışdır. Həmin gün saat 18:40-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən “Yeni” adlı marketin yaxınlığında olanda mülki geyimdə olan Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman həmin əməkdaşlar özlərini ona təqdim edib narkotik vasitələrin satışında şübhəli olduğunu bildirərək onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. O, etiraz etməyərək həmin əməkdaşlarla 43-cü PB-nə gəlmişdir. Orada ona müdafiəçi təqdim edilmişdir, hüquq və vəzifələri izah olunaraq videoçəkiliş aparılmaqla, öz razılığı ilə müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Eləcə də əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd biri “Nokia”, ikincisi isə “Redmi” markalı telefonlarını çıxardıb masanın üzərinə qoymuşdur. Həmin mobil telefonlar xarab olduqlarından onları ustaya təmirə aparmalı idi. Bundan sonra onun üzərində ətraflı axtarış keçirilmişdir və hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Həmin bir ədəd şəffaf sellofan bükümdə nə olduğu soruşulduqda o, bu bükümdə narkotik vasitə olduğunu bildirmişdir. Habelə bu bükümü həmin gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində olan hamamın yanında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin bir ədəd şəffaf sellofan bükümün çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır və möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ona və iştirakçılara oxunmuş, şikayət, təklif və protokola qeydlər daxil olmadan protokol imzalarla təsdiq edilmişdir. (iş vərəqə 65-67) Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitə həşiş qətranını satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə həşiş qətranını əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə, narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi məlumatı əsasında şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 17, 18-19) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. (iş vərəqə 27) İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsi və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün 20 manat müqabilində aldığını, üzərində saxladığını qeyd etmişdir. (iş vərəqə 41-43, 65-67) İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına Binəqədi rayon Polis İdarəsinin 6 və 43-cü polis bölmələrinin cavab məktublarından da görünür ki, Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan qrupun üzvləri, psixotrop maddələrin əldə olunma mənbələri və kimlərə satıldığı barədə məlumatların əldə edilməsinə dair müsbət nəticələr əldə edilməmişdir. (iş vərəqə 101; 110; 111) Göründüyü kimi, ibtidai istintaq orqanının şəxsə AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürdüyü ittiham öz təsdiqini tapmamış, yalnız şübhələrdən ibarətdir. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının 10 aprel 2023-cü il tarixli qərarına əsasən, kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, tamamilə anlaşılmaz şəkildə Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (iş vərəqə 58-59) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə həşiş qətranının bükümlərə ayrılmaması, yalnız 01 ədəd bükümdə 52,809 qram çəkidə olması, hər hansı istehlakçı ilə razılıq əldə edilməsinə dair hər hansı məlumatın olmaması Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Lakin, ibtidai istintaq orqanı narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilib-edilməməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülüb-bükülməməsi, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Beləliklə ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdəinsan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrıayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı-ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi sübutlara qarşılıqlı şəkildə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 52,809 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranını əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin və 43-cü PB-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən “Yeni” adlı marketin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən həmin Polis Bölməsinə gətirilib, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəxsi istifadə məqsədi ilə üzərində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 52,809 qram olan qəhvəyi rəngli qətrana bənzər narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı aşkar edilərək götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 100) İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X1 olmaqla bir azyaşlı uşağı vardır. (iş vərəqə 123) Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və həmin Məcəllənin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-364/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 30-31; 87-93) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 11 aprel 2023-cü il tarixli 2063 nömrəli rəyinə əsasən, narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 78 (yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 52,809 qram olan qəhvəyi rəngli qətranabənzər narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranından ekspertiza tədqiqatından sonra qalıq qalmış 52,759 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının videoyazısını özündə əks etdirən 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 52,759 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədiqiqatının dəyərini təşkil edən 78 (yetmiş səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-416/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-416/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver