Məhkəmə qərarları › İş №1(101)-417/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-417/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-417/2022 27.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Nəbiyev Mahmud Yusif oğlunun sədrliyi ilə, Hacıyev Əfqan Niyətulla oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X4, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, həmin şöbənin prokuroru X1, müdafiəçi: Bakı Şəhər 3 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 17 avqust 2021-ci il tarixdə, saat 22:20 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında saxlanılıb Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın yan cibindən hər biri şəxsi istehlak miqdarından artıq bir ədəd bükümdə ümumi təmiz çəkisi 3.560 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir 1 ədəd bükümdə ümumi təmiz çəkisi 2,575 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 10 ilə yaxındır ki, narkotik vasitələri müxtəlif şəxslərdən əldə edib istifadə etmişdir. İstifadəsində mobil telefon yoxdur və heç bir mobil nömrədən istifadə etməmişdir. 17 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Xətai rayonu ərazisində əvvəllər də narkotik vasitə aldığı, üzdən tanıdığı, lakin haqqında heç bir məlumata sahib olmadığı şəxsdən şəxsi istifadəsi üçün hər birindən 3 qram olmaqla 200 manata bir büküm heroin və bir büküm metamfetamin almışdır. Lakin pulu olmadığından ilkin olaraq 50 manat vermiş, qalan pulu da bir neçə günə verəcəyini demişdir. Həmin gün saat 22 radələrində gəzişmək üçün evdən çölə çıxmışdır. Xətai rayonu, Polad Həşimov küçəsi ilə gəzişən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib onu 35-ci Polis Bölməsinə dəvət etmişlər, o da onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki şalvarın cibindən içərisində narkotik vasitə heroin olan bükümü və içərisində psixotrop maddə metamfetamin olan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, onlar narkotik vasitə heroin və metamfetamindir. Aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmur, həmin narkotik vasitəni də yalnız şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxsin, üzərində aşkar edilən şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasından ibarət olan cinayət əməli aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 avqust 2021-ci il tarixdə polis bölməsinə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə bölmənin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 cğlu təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün o və əməliyyat müvəkkili Şahid2 məlumat əsasən ünvan 5 ünvanda yerləşəli hərbi liseyin yaxınlığına getmişlər. Saat 22:20 dəqiqədə həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-Nin 35-ci PB-nə dəvət etmişlər, o da heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra birlikdə polis bölməsinə gəlmişlər. Bölmədə Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində X2 hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarışda vəkil, o və şöbənin əməliyyat müvəkkili Şahid2 iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərinə “Prima deluxe” sözləri yazılmış siqaret qutusu, sol yan cibindən isə iki ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun və bükümün içərisi açıldı, siqaret qutusunun içərisindən üç ədəd siqaret, bir ədəd sellofanın içərisində isə qəhvəyi rəngli, toz şəkilli maddə, digər sellofanın içərisində isə kristal şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da demişdir ki, həmin maddələr heroin və metamfetamindir, həmin maddələri öz şəxsi istifadəsi üçün 17 avqust 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, hərbi liseyin yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 200 manata almasını, həmin pulun 50 manatını verməsini, qalan 150 manatını isə hissə-hissə verməyə razılaşdığını bildirmişdir. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İşlədiyi bölməyə əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlaması və qəbulu ilə məşğul olması barədə daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə işlədiyi şöbəyə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmədə dindirilmiş Şahid2 və Şahid1lə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq edərək bildirdi ki, işlədiyi bölməyə əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlaması və qəbulu ilə məşğul olması barədə daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə şöbəyə əməliyyat məlumatı daxil olmamışdır Cinayət işinin 41-47-ci vərəqlərində olan məhkəmə kimyəvi ekspertizasının 18 avqust 2021-ci il tarixli, 6/3562 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154” dairəvi möhür əksi olan zərfdə təmiz çəkisi 3,660 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 2.575 qram ağ rəngli, kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 151-152-ci vərəqlərində olan məhkəmə narkoloji ekspertizasının 02 noyabr 2021-ci il tarixli, 4265 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Cinayət işinin 32-34-cü vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında 17 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 22:20 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü könüllü olaraq əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərinə “Prima deluxe” sözləri yazılmış siqaret qutusu, sol yan cibindən isə iki ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, həmin siqaret qutusunun və bükümün içərisi açılmış, siqaret qutusunun içərisindən üç ədəd siqaret, bir ədəd sellofanın içərisində isə qəhvəyi rəngli, toz şəkilli maddə, digər sellofanın içərisində isə kristal şəkilli maddə aşkar olunmuşdur. Sabir Ləlifova həmin maddələrin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da demişdir ki, həmin maddələr heroin və metamfetamindir, həmin maddələri öz şəxsi istifadəsi üçün 17 avqust 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu. P.Həşimov küçəsi, hərbi liseyin yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 200 manat pul müqabilində almış, həmin puln 50 manatını vermiş, qalan 150 manatını isə hissə-hissə verməyə razılaşaraq almışdır. Aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkilmiş, qəhvəyi rəngli maddə 3.50 qram, kılstalşəkilli maddənin çəkisi isə 2.90 qram olmuşdur. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Cinayət işinin 116-cı vərəqində olan diskə baxış protokolundan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayıl vardır, fayılda olan videogörüntü 17 avqust 2021-ci tarixdə çəkilmiş, çəkilmiş videoçəkilişdən görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verildikdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərinə “Prima deluxe” sözləri yazılmış siqaret qutusu, sol yan cibindən isə iki ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etdi, həmin siqaret qutusunun və bükümün içərisi açıldı, siqaret qutusunun içərisindən 03 ədəd siqaret, bir ədəd sellofanın içərisində isə qəhvəyi rəngli, toz şəkilli maddə, digər sellofanın içərisində isə kristal şəkilli maddə aşkar olundu. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və haradan əldə etməsi barədə sual verildi, o da dedi ki. həmin maddələr heroin və metamfetamindir, həmin maddələri öz şəxsi istifadəsi üçün 17 avqust 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi, hərbi liseyin yaxınlığında adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 200 manat pul müqabilində almış, həmin puln 50 manatını vermiş, qalan 150 manatını isə hissə-hissə verməyə razılaşaraq almışdır. Aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkildi, qəhvəyi rəngli maddə 3.50 qram, kristalşəkilli maddənin çəkisi isə 2.90 qram oldu. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılır, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilmədi. Cinayət işinin 157-166-cı vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq qalmış 3.610 qram narkotik vasitə heroin və 2.525 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə, CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, iş üzrə şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübut, eləcə də məhkəmə ekspertiza rəyləri ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, şərh olunan ifadələri, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi iləsatış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittiham verilsə də məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni əldə edərək saxlaması və daşıması düzgün olaraq müəyyən edilsə də, həmin narkotik vasitələri satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddəninin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlama və daşıması barədə ittiham verilməsinə baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən sübut müəyyən olunmamışdır. Cinayət işinin 137-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 327-58-31 telefon nömrəsinə baxış keçirələrək qeyd edilən telefon nömrəsinə narkotik vasitələrin alqı-satqısını təsdiq edəcək mətnlər yoxdur, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat əldə olunmamışdır. Cinayət işinin 61-66-cı vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında axtrış zamanı qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet yoxdur. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin və psixotrop maddənin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə və saxlamada təqsirli bilinməsinə əsas ola bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Yuxarıda qeyd edilən Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitənin və psixotrop maddənin qanunsuz olaraq əldə edərək saxlaması və daşıması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadələri, baxış və götürmə barədə protokollar, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Lakin onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, satışı ilə məşğul olması ilə əlaqədar iş materiallarında üzərində aşkar olunan narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsi, istehlakçı ilə əvvəlcədən hər-hansı razılığının olması barədə heç bir sübut irəli sürülməmişdir. Yuxarıda şərh olunan protokollardan görünür ki, Təqsirləndirilən şəxs məsxus mobil telefona və mobil telofona nömrəsinə daxil olan çıxan SMS və zəngələrə baxış zamanı iş üçün əhəmiyyətli heç bir məlumat aşkar edilməmiş, mobil telefonda olan danışıqlarda narkotik vasitələrinin, psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar olmamışdır. Eləcə də, təqsirləndirilən şəxsin tutulması zamanı birbaşa iştirak etmiş polis əməliyyat müvəkkiləri məhkəmədə dindirilərkən hər biri ayrılıqda bildirmişlər ki, “işlədiyi bölməyə əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlaması və qəbulu ilə məşğul olması barədə daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə işlədiyi şöbəyə əməliyyat məlumatı daxil olmamışdır.“ Göründüyü kimi, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf miqdara əsaslanmış, həqiqiliyi təsdiq olunmayan şübhəyə-mülahizəyə istinad etmişdir. Halbuki iş materialları ilə təqsirləndirilən şəxsin həmin narkotik vasitə və psixotro maddəni hansı məbləğə satacağı, həmin satışdan nə qədər mənfəət və ya gəlir əldə edəcəyi, satacağı şəxslərin dairəsi, satışın baş tutacağı yer, alıcının olduğu yer və ya təxmini kimliyi, satacağı şəxslərə hər hansı danışığı, mobil telefonunda hər hansı zəng və ya digər bu kimi əlamətlər müəyyən edilməmişdir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-si ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-nin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilməli, yeni sübutlar toplamaqla əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilmədiyindən və təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq narkotik vasitə və psixotrop maddəni əldə edib daşıdığına görə onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-nin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməlləri törətmiş şəxsin CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalardırılmasına səbəb olur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 21 və 84-86-cı vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 139-147-ci vərəqlərində olan Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 28 aprel 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 98-100-cü vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 14.02.2019-cu ildə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə 16 gün vaxtından əvvəl şərti azad olunmuşdur. 02.03.2019-cu ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. CM-nin 83-cü maddəsinin tələbinə görə cəzadan azad edildyi vaxtdan hazırkı cinayət işi üzrə cinayət törədilən vaxtadək iki il müddət keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir və qeyd olunan hökm ona münasibətdə heç bir hüquqi nəticə yaratmır. Cinayət işinə əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16.02.2005 və 23.07.2006-cı təvəllüdlü uşaqları var. Himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olması CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğırn olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxan hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qammunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan! Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkann şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə amalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliyini, xarakterini, şəxsiyyətini, barəsində cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin az ağır cinayətlər katerqoriyasına aid edilməsini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Buna görə də Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı hazırkı iş üzrə tutulduğu vaxtdan, yəni 17 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Məhkəmə narkoloji ekspertizasının 02 noyabr 2021-ci il tarixli, 4265 saylı rəyinə müvafiq olaraq CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniydan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar-Bakı Şəhər Xətai Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,610 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq 2,575 qram ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin CPMnin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli və onların məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 1 ədəd DVD disk CPMnin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını təyinatla Bakı şəhər 3 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmiş və müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirakı ilə əlaqədar 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat fəaliyyət göstərdiyi Bakı şəhər 3 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, cəza çəkmə müddətinin başlanğıcı 17 avqust 2021-ci il tarixdən hesablansın, ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar-Bakı Şəhər Xətai Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,610 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, qalıq 2,575 qram ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin və onların məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat fəaliyyət göstərdiyi Bakı şəhər 3 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Mahmud Nəbiyev Hakimlər Əfqan Hacıyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar