Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-417/2023 28.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Kredo» vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1987-ci il martın 22-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamin və külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 0,650 qram təmiz çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və külli miqdarda bir ədəd bükümdə 5,737 qram təmiz çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 2022-ci il iyulun 08-də saat 23:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 2 ünvanının yaxınlığında saxlanaraq idarənin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində olan bir ədəd bükümdə 0,650 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və bir ədəd bükümdə 5,737 qram təmiz çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməməklə ifadəsində göstərdi ki, o, 2019-cu ildə yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət aldıqda qəza nəticəsində yaranan baş ağrılarına dözə bilmək üçün narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. 2022-ci il iyulun 08-də axşam saatlarında siqaret almaq üçün çölə çıxanda polis əməkdaşları onu kənara çəkərək birlikdə evə girməyi təkidlə tələb etmişlər. O, sonuncularla yuxarı çıxmış, polislər onun mənzilini dağıdıb alt-üst etsələr də qanunsuz heç bir əşya aşkarlanmamışdır. Daha sonra polis işçiləri onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmaqla orada bir gün saxlayaraq işgəncə verdiklərinə görə o, ittiham edildiyi maddələrin özünə məxsus olduğunu bildirib günorta vaxtlarında gələn vəkilin yanında sənədlərə qol çəkmiş, halı pisləşdiyindən təcili tibbi yardım çağırılmış, həkim ona iynə vurmaq istəsə də o, qorxduğundan buna icazə verməmişdir. Onun üzərində qanunla qadağan edilən predmet olmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il iyulun 08-də Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat əsasında onun rəhbərliyi ilə əməliyyat qrupu yaradıldıqda o və Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid2 həmin tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 2 ünvanının yaxınlığında göstərilən şəxsi saxlamaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirərək orada videoçəkilişlə sonuncunun üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində göy rəngli idman şalvarının sol yan cibindən 63 manat pulu, «Nokia» və «İphone» markalı mobil telefonları, sağ yan cibindən iki ədəd bükümü çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitə heroini və psixotrop maddə metafetamini Bakı şəhərindəki «Dənizkənarı» Milli Parkda tanış olduğu Azad adlı İran İslam Respublikasının vətəndaşından bir ay öncə öz şəxsi istifadəsi üçün alaraq üstündə saxladığını bildirmiş, bükümlər zərfə qablaşdırılıb möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmış, tərtib olunan protokolun düzgünlüyü Təqsirləndirilən şəxs və iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə analoji ifadə verdi. İş üzrə əlavə şahid qismində dindirilən X16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun övladıdır. 2022-ci il iyulun 08-də evdə olarkən sonuncu siqaret almaq üçün çölə çıxmış, bir az keçmiş qapı döyülmüş, üç nəfər şəxs içəri daxil olaraq onu kənara itələmiş, özlərinin polis olduqlarını bildirməmiş və o, həmin şəxslərin oğru olduqlarını zənn etmişdir. Sonuncular onun evini axtarıb qanunsuz heç bir predmet aşkar etməmiş və sonradan oğluna işgəncə vermişlər. O, baş verənlərlə bağlı şikayət etsə də polis əməkdaşları tərəfindən heç bir qanun pozuntusuna yol verilməməsi haqqında cavab almışdır. İş üzrə əlavə şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, ibtidai istintaqda o, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi olmaqla hüquqlarını müdafiə edərkən heç bir saxtakarlığa yol verməmiş, istintaq hərəkətlərində göstərilən tarixdə və saatda iştirak edərək onlara dair sənədlərin doğruluğunu imza ilə təsdiq etmişdir. Təyinatla çıxdığı yerlər üzrə məsafələr yaxın olduğu üçün əksər hallarda telefonu evdə ya da maşında qoyur. Məhkəmə iclasında elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqdakı 2022-ci il 09 iyul tarixli izahatında və 2022-ci il iyulun 10-da şübhəli şəxs qiismindəki ifadəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3.-ci maddəsində nəzərdə tutulan cinayət əməli etiraf etməklə 2022-ci il iyulun 08-də saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 2 ünvanının yanında olduğu zaman iki nəfər mülki geyimli şəxsin yaxınlaşaraq polis əməkdaşları olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda şübhələndiyini qeyd edib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etdiyini, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən üstündə qanunla qadağan olunmuş əşya varsa, təqdim etməsi təklif olunduqda əynində olan göy rəngli idman şalvarının sol yan cibindən 63 manat məbləğində pulu, «Nokia» və «İphone» markalı mobil telefonları, sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarmaqla təqdim etdiyini, bunları Bakı şəhəri Səbail rayonunun ərazisində yerləşən Dənizkənarı Milli Parkda Azad adlı İran Respublikasının vətəndaşından alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını, vaxtaşırı dostlarına və ya tanışlarına pulsuz verdiyini, əvəzində özündə olmayanda sonunculardan aldığını, 63 manat onun özünə qaytarılmaqla mobil telefonların və bükümlərin qablaşdırılaraq götürüldüyünü, tərəzidə çəkilib təxminən narkotik vasitə heroinin çəkisi 01 qram, psixotrop maddə metamfetaminin çəkisi 07 qram olması müəyyən edildiyini, bundan əvvəl üzərinin heç kim tərəfindən yoxlanılmadığını, saxlanarkən polis əməkdaşlarının ona heç bir zorakılıq tətbiq etmədiklərini göstərmiş; 2022-ci il iyulun 10-da və 2022-ci il oktyabrın 19-da təqsirləndirilən şəxs qismində dindirilərək ona ittiham elan olunan müvafiq qaydada Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə özünü təqsirli bildiyini, Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə özünü təqsirli bilməyib üzərində şəxsi axtarış aparılan zaman konüllü şəkildə təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz istifadəsi üçün əldə etdiyini və saxlamaqla daşıdığını bildirərək izahatında və şübhəli şəxs qismindəki ifadəsində göstərdiklərini əsasən təkrarlamış, bununla yanaşı 2019-cu ildə baş verən yol-nəqliyyat hadisəsi vaxtı aldığı ağır xəsarətlə bağlı başındakı ağrılara və əsəbləri pozulduğuna görə narkotik vasitələr marixuanadan və heroindən istifadə, həkim resepti əsasında isə psixotrop dərmanları qəbul etməyə başladığını bildirmişdir (1-ci cild, iş vərəqi 34-35, 49-50, 58-59 və 95-96). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2022-ci il 08 iyul və 2022-ci il 09 iyul tarixli raportlarından, 2022-ci il 08 iyul tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından və əməliyyat qrupunun yaradılması haqqında 2022-ci il 08 iyul tarixli Ə224-008-22 №-li əmrindən, habelə eyni tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs 2022-ci il iyulun 08-də saat 23:30-da Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 2 ünvanının yaxınlığında saxlanmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, həmin qərarın surətləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhərinin Yasamal Rayon Məhkəməsinə göndərilmişdir (1-ci cild, iş vərəqi 4-10). İş materiallarında olan Təqsirləndirilən şəxs 2022-ci il 08 iyul tarixli ərizəsindən və Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkillərinin siyahısından görünür ki, sonuncunun dövlət hesabına hüquqlarının müdafiəsi üçün ev telefon nömrəsi 4343793, mobil telefon nömrələri ********** və ********** olan müdafiəçi X1 (1-ci cild, iş vərəqi 11-12). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2022-ci il iyulun 09-da saat 00:30-da tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 23:30-dan hesablanmaqla Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun anası X9 xəbər vermə hüququ təmin olunmuşdur (1-ci cild, iş vərəqi 20). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 09 iyul tarixli və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi eyni tarixli protokollardan görünür ki, videoçəkilişlə Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X7 iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sol yan cibindən 63 manat məbləğində pulu, «Nokia» və «İphone» markalı mobil telefonları, sağ yan cibindən iki ədəd bükümü çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini bir ay öncə Bakı şəhərindəki Dənizkənarı Milli Parkda Azad adlı İran Respublikasının vətəndaşından alıb öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, vaxtaşırı dostlarına və ya tanışlarına pulsuz verdiyini, əvəzində özündə olmayanda sonunculardan aldığını, bundan əvvəl üzərinin heç kim tərəfindən yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını, bildirmiş, 63 manat ona qaytarılmaqla mobil telefonlar və bükümlər götürülmüş, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə istintaqda və məhkəmədə baxış zamanı qeyd olunanlar müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 29-32 və 47). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 09 iyul tarixli 6/3750 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi, «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,650 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, digər bir ədəd bağlamada təmiz çəkisi 5,737 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 0,6 qram və 5,687 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (1-ci cild, iş vərəqi 40-42). İş materiallarındakı Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 09 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Nokia» və «İphone» markalı mobil telefonlara baxış vaxtı iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 46). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 10 iyul tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 51-52). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Prokurorluğunun 2022-ci il 10 iyul tarixli və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin eyni tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməklə sonuncu müvəqqəti saxlama yerindən azad olunmuş, Azərbaycan Respublikasının CM-nin 234.1.ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 65-67). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il iyulun 29-da tərtib etdiyi tələbnamədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmünün və qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il aprelin 19-da yol-nəqliyyat hadisəsi törətdiyinə görə 2021-ci il iyunun 04-də Azərbaycan Respublikasının CM-nin 263.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 02 il müddətinə azadlığın məhludlaşdırılması cəzasına məhkum olunmuş, 2022-ci il fevralın 15də «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli qərarının 7-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilərək üzərindən məhkumluğu götürülmüşdür (1-ci cild, iş vərəqi 71-72 və sair). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin 2022-ci il 25 avqust tarixli ********* №-li məktubundan görünür ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkarlanıb götürülən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi Azad adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi, habelə Təqsirləndirilən şəxs həmin maddələrdən istifadə edibetməməsi, alveri ilə məşğul olub-olmaması istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 73). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 07 oktyabr və 2022-ci il 19 oktyabr tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən bu Məcəllənin 234.1-1.-ci maddəsinə tövsif edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilən sonuncuya göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 79 və 90-91). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 30 sentyabr tarixli 5662 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 84-85). İş materiallarında olan 2022-ci il 12 oktyabr tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs bir ədəd «Nokia» və bir ədəd «İphone» markalı mobil telefonları işlək vəziyyətdə təhvil almışdır (1-ci cild, iş vərəqi 87). İş materiallarında olan AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2016-cı il 28 fevral təvəllüdlü X6 adlı övladı vardır (1-ci cild, iş vərəqi 88). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 19 oktyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (1-ci cild, iş vərəqi 97- 98). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 18 oktyabr tarixli 9837 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 99). İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 27 oktyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1- 1.-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs aşkar edilib götürülən psixotrop maddə metafetaminin və narkotik vasitə heroinin tədqiqatdan sonrakı müvafiq qaydada 0,6 qram və 5,687 qram qalıqları saxlanılmaq üçün idarənin saxlancına təhvil verilmiş, bir ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunması, bir ədəd «Nokia» və bir ədəd «İphone» markalı mobil telefonların mesajlar bölməsində iş üçün əhəmiyyət kəsb edən fakt aşkar edilməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün cinayət işindən material ayrılması qərara alınmışdır (1-ci cild, iş vərəqi 100-105 və 107). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin 2020-ci il 25 aprel tarixli ambulator xəstənin tibb kartasından 1019 №-li çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il aprelin 19-dan orada «Sol gicgah-təpə nahiyəsində ölcüləri 11,0x2,0 sm olmaqla əzilmiş-kəsilmiş-cırılmış yara» diaqnozu ilə müalicə almışdır. Məhkəməyə təqdim olunan N.Tusi adına Klinikanın apardığı müayinəyə dair 2020-ci il 29 aprel tarixli arayışın kserosurətindən görünür ki, tomoqramlarda Təqsirləndirilən şəxs baş beyninin sağ yarımkürəsində tək-tək 2-3 mm-lik ocaqları, başının tüklü hissəsinin sol təpə nahiyəsində dərialtı yumşaq toxumların ödemi izlənir. Məhkəməyə təqdim olunan 2020-ci il 04 may tarixli A021857741 №-li resept blankından görünür ki, həkim nevropatoloq tərəfindən Təqsirləndirilən şəxs psixotrop və ya güclü təsir edən maddələr təyin olunmamışdır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 ünvanladığı 2022-ci il 08 sentyabr tarixli ***-******* №li məktubun kserosurətindən görünür ki, övladı Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən olunmamışdır. Məhkəməyə təqdim olunan X16 tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhərinin Səbail Rayon Polis İdarəsinə ünvanlanan tarixsiz eyni məzmunlu ərizələrdən görünür ki, övladı Təqsirləndirilən şəxs tutulmamışdan 20 gün idi ki, ayağındakı şişə və böyrək xəstəliyinə görə evdə yatırdı və müalicə alırdı. Məhkəməyə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 2022-ci il 07 dekabr tarixli 065- 31231-1222 №-li məktubu ilə təqdim olunan 2022-ci il 09 iyul tarixli aktın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs hər iki ayağında və diz nahiyələrində aşkarlanan qızarmış, şişmiş və əzilmiş xəsarətləri sonuncunun deməsinə görə tutulmadan öncə almışdır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikasının «Tibbi Əraziləri İdarəetmə Birliyi» publik hüquqi şəxsinin «Bakı Şəhər Təcili və X17 Stansiyası» publik hüquqi şəxsinin 2023-cü il 25 yanvar tarixli PHŞ-6-96/2-36/2023 №-li məktubundan görünür ki, 2022-ci il iyulun 09-da saat 19:20-də «103» xidmətinə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin ünvanından Səbuhi adlı şəxsin adına çağırış daxil olmuş, çağırışı 19 saylı bölmənin həkimi Uğur Albəndzadə icra etmiş, ünvanda tibbi yardımdan imtina edilmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2023-cü il 09 fevral tarixli 3-13-7/2-1310/2023 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il iyulun 09-da saat 00:30-da Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X7 iştirakı ilə şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 00:50-də üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metafetamin aşkar edilib götürülmüşdür. Qeyd olunan prosessual hərəkətlər göstərilən vaxtda Baş Narkotiklərlə Mübarizə İdarəsinin binasında vəkili X7 iştirakı ilə sənədləşdirilmişdir. Məhkəməyə təqdim olunan Bakı şəhəri Səbail Rayon Prokurorluğunun 2023-cü il 27 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusiyyətlər (narkotik və psixotrop maddələrini onun üzərinə polis əməkdaşlarının yerləşdirmələri, qanunsuz olaraq mənzilində axtarış aparmaları, sonuncular tərəfindən fiziki zorakılığa məruz qalması) öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi müəyyən olunmadığından həmin material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. Məhkəməyə təqdim olunan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2023-cü il 14 aprel tarixli 8425 №-li məktubundan görünür ki, iş üzrə müdafiəçi X7 istifadəsində olan ********** saylı mobil nömrənin 2022-ci il iyulun 09-da saat 12.00-dan saat 15.00-dək olan müddətdə mövcud olan zənglərin əhatə dairəsi Abbasqulu Abbaszadə küçəsindəki Teleqüllə yaxınlığı kimi müəyyən olunmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Mərkəz» vəkil bürosunun 2023-cü il 25 iyun tarixli 04/47 №-li məktubundan görünür ki,vəkil X13 2022-ci il iyulun 09-da dövlət hesabına hüquqi yardıma dair növbətçilik cədvəli üzrə növbətçi olmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin 2023-cü il 24 iyun tarixli 3-23-26/2-83024/2023 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci il iyulun 09-da 3 saylı ASAN xidmət mərkəzinə sürücülük vəsiqəsinin itirilməsi ilə bağlı müraciət edərək yeni AC 582157 nömrəli sürücülük vəsiqəsi almış və AC 533486 nömrəli deaktiv sürücülük vəsiqəsini Bakı şəhərinin Yasamal Rayon Məhkəməsinə verməklə aktiv sürücülük vəsiqəsini təqdim etməmiş, sonuncu sürücülük vəsiqəsinin itirilməsi ilə əlaqədar ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi təqdim edildikdən sonra başlanacaqdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdiyi xüsusiyyətlər işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur, onun qeyri-səmimi ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə X8 ərizələrində istinad etdiyi, övladı olan Təqsirləndirilən şəxs tutulmamışdan 20 gün əvvəl ev şəraitində ayağındakı şişə görə müalicə almasına dair halı xüsusilə qeyd etməklə məhkəmədəki ifadəsinə sonuncunun cinayət məsuliyyətindən kənarlaşdırmaq məqsədi daşıması kimi qiymət verir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini fiziki və psixi təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və sonuncunun öz maraqlarına əsaslanıb barəsində bəraət hökmünün çıxarılmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. Azərbaycan Respublikasının CPM-nin 21.2.-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Hazırki cinayət işi üzrə müdafiə tərəfi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlandıqdan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsində üzərinə axtarış və götürmə istintaq hərəkəti aparılan vaxtadək müəyyən müddət keçməsi və bu müddət ərzində müdafiəçisinin iştirakının təmin edilməməsi, bununla da cinayət təqibini həyata keçirən orqan tərəfindən onun saxlanmasının qanunun tələbələrinə cavab verən qaydada olmaması, habelə müdafiə hüququnun pozulması barədə iddialarını əsaslı hesab etmir. İş materiallarında olan şəxsi axtarış və götürmə protokolundan, həmin istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, istintaq hərəkəti müdafiəçinin iştirakı ilə həyata keçirilmişdir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Avropa Konvensiyasının 6-cı maddəsi adətən tələb edir ki, təqsirləndirilən şəxsə artıq polis istintaqının ilkin mərhələlərində vəkilin yardımından istifadə etmək üçün icazə verilsin. Lakin Konvensiyada açıq şəkildə əks olunmayan bu hüquq, tutarlı əsaslara görə məhdudiyyətlərə məruz qala bilər. Hər bir məhkəmə işində sual bundan ibarətdir ki, məhdudiyyət, bütövlükdə prosesin işığında, təqsirləndirilən şəxsi ədalətli məhkəmə araşdırmasından məhrum edirmi?! (X4rşı iş, xx.xx.1996, § 63). Avropa Konvensiyasının məqsədi «nəzəri və xəyali hüquqları yox, praktiki və səmərəli hüquqları təmin etməkdir» və vəkilin təmin edilməsi, özlüyündə hüquq yardımının təqsirləndirilən şəxs üçün səmərəli olmasını təmin edə bilməz (Artiko İtaliyaya qarşı iş, xx.xx.1980-cı il, § 33). Doğrudur, müdafiəçi X7 2022-ci il iyulun 09-da mobil telefon nömrəsinin anten dairəsinin müəyyən olunması barədə verilmiş sorğuya cavabda mobil nömrəsinin 2022-ci il iyulun 09-na keçən gecə saatlarında təqsirləndirilən şəxsin saxlanıldığı Baş Narkotiklərlə Mübarizə İdarəsinin ərazisində olduğunu, mobil telefonla heç bir danışıq aparılmaması səbəbindən müəyyən etmək mümkün olmasa da bu hal vəkilin həmin vaxt sözügedən ərazidə olmamasını deməyə əsas vermir. Əvvəla vəkilin digər bir mobil nömrəsi də mövcuddur. Digər tərəfdən sonuncu işlədiyi vəkil bürosunda növbətçi vəkil olmuşdur və belə olan təqdirdə onun mobil telefonla deyil, digər vasitə ilə çağırılması mümkündür. Göründüyü kimi müdafiə tərəfinin iddialarına şübhə olsa da, bu şübhənin aradan qaldırılması mümkün olmuşdur ki, bu da Azərbaycan Respublikasının CPM-nin 21.2.-ci maddəsinin tətbiqini istisna edir. Qeyd olunanlar məhkəməyə, təqsirləndirilən şəxsin yuxarıda qeyd olunan hüquqlarının pozulmamasını deməyə əsas verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki etirafedici ifadələri, maddi sübutun mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı olmasının cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ailə vəziyyətini, törətdiyi avtoqəzadan sonrakı xəstəliyini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikasının CM-nin 18.4.-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, habelə götürülmüş və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunmur. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 2022-ci il iyulun 09-dan 2022ci il iyulun 10-dək tutulduğu 01 (bir) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli qərarının 7-ci bəndinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyuk ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən qanuni qüvvədə olan 2022-ci il 15 fevral tarixli məhkəmə qərarı əsasında amnistiya aktına uyğun olaraq məhkumluq götürüldüyündən sonuncuya əlavə cəza təyin olunmasına lüzum qalmır. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbsə alınmalı, barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlancına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilib götürülən psixotrop maddə metafetaminin və narkotik vasitə heroinin tədqiqatdan sonrakı müvafiq qaydada 0,6 qram və 5,687 qram qalıqları məhv edilməli, bir ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Kredo» vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 90 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 540 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs barəsində hökm çıxarıldığı gündən yəni, 2023-cü il iyulun 28-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2022-ci il iyulun 09-dan 2022-ci il iyulun 10-dək tutulduğu 01 (bir) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan əhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2023-cü il iyulun 28-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlancına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilib götürülən psixotrop maddə metafetaminin və narkotik vasitə heroinin tədqiqatdan sonrakı müvafiq qaydada 0,6 qram və 5,687 qram qalıqları məhv edilsin, bir ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. İş üzrə 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 540 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-417/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-417/2023
28.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver