Məhkəmə qərarları › İş №1(101)-417/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-417/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-417/2025 02.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi 4800 ünvanında qeydiyyatda olmaqla, Xətai rayonu Gəncə prospekti nömrəsiz evdə kirayə yaşayan barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs naməlum mənbədən və tarixdə, 01 ədəd bükümdə təmiz çəkisi 180 qram kustar üsulla hazırlanmış narkotik vasitə marixuana və 01 ədəd bükümdə təmiz çəkisi 4.971 qram külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki şalvarın sağ və sol yan ciblərində saxlamış və daşımış, bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs naməlum mənbədən və tarixdə, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 180 qram kustar üsulla hazırlanmış narkotik vasitə marixuana və 01 ədəd qara sellofan bükümdə təmiz çəkisi 4.971 qram külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynində olan qara rəngli cins şalvarın sağ və sol yan ciblərində saxlamış və daşımış, 07 mart 2024-cü il tarixdə saat 14:30 radələrində Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi,O.Şabanov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 180 qram kustar üsulla hazırlanmış narkotik vasitə marixuana və 01 ədəd qara sellofan bükümdə təmiz çəkisi 4.971 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. «Şəxsi axtarış və götürmə aparılması haqqında» 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, əsasən Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin nəyə görə saxlanılması barədə məlumat verir. Bundan sonra iştirakçılar özlərini təqdim edirlər. Daha sonra şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş təqdim edilir, şübhəli şəxs bildirişlə tanış olandan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirdi, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd büküm çıxarıb təqdim edir və həmin bükümdə narkotik vasitə «nəşə» kimi tanınan marixuana olduğunu bildirir, sonra Təqsirləndirilən şəxs həmin şalvarın sol yan cibindən 01 ədəd büküm çıxarıb təqdim edir və həmin bükümdə «patı» deyilən psixotrop maddə metamfetamin olduğunu bildirir. Həmin vasitəni 06 mart 2024-cü il tarixdə səhər saatlarında Abşeron rayon Xırdalan şəhəri ərazisindən mobil telefonuna göndərilmiş ünvandan götürdüyünü və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Bundan sonra təqdim olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılır. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə axtarış keçirilir, axtarış zamanı qanunsuz əşya və predmet aşkar olunmur. Daha sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq sonuncu üzərindən aşkar edilmiş maddələrin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən təsir olunmadığını bildirir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır.

4. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid3 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus mobil telefon Samsung markalı olmaqla qarşı tərəfi sensor ekrandan ibarətdir, mobil telefon sensor ekran vasitəsilə idarə olunur, mobil telefon işlək vəziyyətdədir, üzərindlə işlənməsinə dair cızıqlar vardır. Mobil telefon işə salınaraq yaddaşında olan məlumatlara baxış keçirilən zaman mobil telefonun «qalereya» bölməsində narkotik vasitələrin və psixotrop maddələrin elektron tərəzi üzərində fotoşəkilləri, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qoyulduğu yerlərin fotoşəkilləri aşkar olundu. Baxış zamanı iş üçün başqa hər hansı bir məlumat aşkar olunmamışdır. Baxışda iştirak edən Şahid3 təqdim etdiyi mobil telefonun Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs: Bratqa mənlə təcili əlaqə saxla Renat 055 231-12-35: Hə qaqaş eşidirəm (səsli olaraq ) Təqsirləndirilən şəxs:iki dənə araq üç dənə çaxır(səsli olaraq) Renat:Qoy danışım görüm nə deyir(səsli olaraq) Təqsirləndirilən şəxs: Oldu qardaşım(səsli olaraq) Təqsirləndirilən şəxs :Bratqa mən 4 dənənnin pulunu düzəldib maşında tapmışam düzəlirsə yer di gəlim Təqsirləndirilən şəxs:Nə qədərkimaşm getməmiş deyerdim sənə sora gerey bide taksiyə pul ver sən ol artıq yoxumdu pulum Renat: 5239-1517-6783-4453 saylı bank kartını yollayıb Təqsirləndirilən şəxs:Bratqa Renat: Hə Təqsirləndirilən şəxs pul qəbzi yolayıb Renat: Narkotik vasitəni qoyduğu yerin konumunu yollayıb Təqsirləndirilən şəxs:Hardasan brat hemenki yerdə? 6 mart 2024 Təqsirləndirilən şəxs: Salam Aleykum mənim əziz qardaşım imkan varsa mənlə əlaqə saxlada Təqsirləndirilən şəxs: 3 dəfə telefon zəngləri etmiş Renat: Bank kartı yollamış 5239 1517 6783 4453 Renat: pulu vur Renat: Ne oldu Təqsirləndirilən şəxs Bi nolub ay qaqaş bi derdin nedi ne deyil Renat: 90 vur Təqsirləndirilən şəxs: Be indikilər Renat: Pulu vurda qaqaş Təqsirləndirilən şəxs: Vururam brat sebrli ol bir bala artıqda isdiyirem vuram

5. Məhkəmə-bioloji ekspertizasının 08 mart 2024-cü il tarixli, 7/390 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..» yazılmış kağız paketdə bir ədəd sellofan torbada təmiz çəkisi 180,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 52-55). Məhkəməkimyəvi ekspertizasının 08 mart 2024-cü il tarixli, 6/1386 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №194» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs üzərindən..» sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 4,971 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, iş vərəqi 47-51).

6. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanımır. 06 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı əməliyyat qrupu yaradıldı. Onlar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində saat 14-15 radələrində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini ona təqdim edib və barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə 30-cu polis şöbəsinə gəldi. Şöbədə Təqsirləndirilən şəxs barəsində videoçəkilişlə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə marixuana və bir büküm psixotrop maddə metamfetamin aşkar olundu. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki narkotik vasitəni və psixotrop maddəni Abşeron rayon, Xırdalan şəhəri ərazisindən şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs narkotik vasitəni, Xırdalan şəhəri ərazisindən aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən marixuana və metamfetamin aşkar olundu. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdu. Əməliyyat qrupunda iki nəfər olmuşlar. Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə saxlamışlar. Təqsirləndirilən şəxs saat 14-15 radələrində saxlamışdılar. Şəxsi axtarış zamanı çəkilişdə iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən tək idi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs Əmiraslan kimi tanıyır. O, əvvəllər narkotik vasitə istifadə etmişdir, sonra mualicə olunub hazırda narkotik vasitə istifadə etmir. O əvvəllər Əmiraslan kimi tanıdığı Elvinlə birlikdə narkotik vasitə istifadə etmişdir. Elvin ona narkotik vasitə satmayıb, lakin Elvindən pulsuz olaraq, narkotik vasitə alıb, istifadə etmişdir. Sonralar Elvin ona bir dəfə narkotik vasitə təklif etmiş, o isə Elvinə narkotik vasitə istifadə etməyi tərk etdiyini bildirmişdir. Əvvəllər metamfetamin istifadə etmişdir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs Əmiraslan kimi tanıyır. Əmiraslan, yəni Elvin onun uşaqlıq dostu olub. Onunla birlikdə narkotik vasitə istifadə ediblər. Heroin istifadə edirdilər. Elvindən narkotik vasitə almamışdır. Narkotik vasitəni internet vasitəsi ilə alırdılar. Elvin ona narkotik vasitə verməyib. Cəvahir və Elviranı tanımır. Elvin saxlanılarkən orada olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir.

9. Məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli əməliyyat raportundan görünür ki, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri,Xəzər rayonu Türkan qəsəbəsi 4800 ünvanında qeydiyyatda olmaqla, Xətai rayonu Gəncə prospekti nömrəsiz evdə kirayə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur(cild 1, iş vərəqi 3).

10. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tədbirinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən müəyyən olunub saxlanılmış və Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 8).

11. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1593 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqi 200-202).

12. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3134 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqi 194-195).

13. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması zamanı aşkar edilərək götürülmüş 4,971 qram psixotrop maddə metamfetamin, 180 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 4,921 qram metamfetamin və 179.95 qram qurudulmuş marixuana saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, həmçinin bu istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 205-217).

14. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokola əlavə olunmuş fotoşəkillərə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 458-70-05 nömrəsi ilə 055 ***-**-** mobil nömrəsi arasında “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparıldığı müəyyən olundu. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən 055 ***-**-** mobil nömrəsinə “Men qaqaw pullari qaytarim ya yox xeber elede mene bir zehmet”, “Brat qardawimsan cavam dide basiva donum 120 manat elimde qalib” və s. bu tipli mesaj mətnləri yazılmış, aralarında dəfələrlə telefon danışıqları aparılmış və bu çoxsaylı telefon danışıqları zənglər siyahısından silinmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

15. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, O, narkotik vasitə olan heroin istifadə edirdi, bu barədə telefonunda da yazışmaları var idi. O, 7 mart səhər saat 5-6 radələrində 3 qram heroin alıb, Hövsan qəsəbəsinə gəlmiş, həmin gün səhər saat 10 radələrində saxlanılmışdır. O, qızlarla birlikdə evdə idi, polis əməkdaşları hasardan tullanıb, evə girib, onu saxladılar. Polis əməkdaşları onu döydülər, sonra şöbəyə apardılar. O saxlanılarkən üzərində narkotik vasitə olmayıb, aldığı narkotik vasitəni saxlanılmamışdan əvvəl qızlarla birlikdə istifadə etmişdi. Aqil, Fərid və Səməndər adlı polis əməkdaşları onu döydülər. O, polis əməkdaşlarından Ombudsmana şikayət etmişdi. Ədiyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında onun xəsarətləri qeydiyyata alınıb. Polis əməkdaşları onu Hövsan qəsəbəsindəki evdə saxladılar. Polis əməkdaşları səhər saat 10 radələrində onu saxladılar. Saxlanılarkən evdə ondan başqa Cəvahir və Elvira adlı qızlar var idi. Polis əməkdaşları onu qızların yanında da, daha sonra bölmədə də döydülər. Şəxsi axtarış günorta saat 1-2 radələrində keçirildi. Şəxsi axtarış zamanı üzərindən marixuana və metamfetamin aşkar olundu. Metamfetaminin çəkisi 2 qram, marixuananın çəkisi isə 50 qram idi. Rəis müavini bildirdi ki, 2 qram metamfetamin də əlavə edin, yoxsa onu 50 qram marixuana ilə qeydiyyata alacaqdılar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Onun İran vətəndaşı ilə ümumiyyətlə əlaqəsi olmayıb. Onun narkotik vasitə aldığı adamın adı telefonunda da var, onunla “whatsapp” yazışmaları da var, həmin adam İran vətəndaşı olmayıb. O, 6 mart tarixində narkotik vasitə aldığı şəxsin bank kartına 80 manat pul köçürmüş, 7 mart səhərə yaxın gedib, narkotik vasitəni götürüb, qayıtmışdır. O həmin gün ümumiyyətlə Quşçuluq Massivində olmamışdır.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

16. CM-nin 234.4.3. maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

17. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

18. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

19. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

20. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

22. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

23. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

24. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

25. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

26. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

27. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

28. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

29. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

30. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

31. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, metamfetamin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

32. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

33. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

34. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

35. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

36. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

37. Qərarın 8-ci bəndi. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir.

38. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

39. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

40. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin president hüququ:

41. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

42. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

43. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin başqa şəxs ilə ilə apardığı sms yazışmaları və həmin yazışmaların mətni təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi ilə bağlı qarşı tərəflə əvvəlcədən razılığa gəlmişdir. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və növ müxtəlifliyi olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

44. Narktoik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 24-cü bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

45. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 32-35-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

46. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə aşkar edilmədiyini, narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı psixoloji və fiziki təsir göstərildiyini, döyüldüyünü, həmin gün 3 qram narkotik vasitə heroin əldə edib 2 nəfər qadın cinsli şəxslə birlikdə mənzildə istifadə etdiyini və bundan sonra həmin mənzildə polis əməkdaşları tərəfindən tutulduğunu, ona fiziki şiddət göstərilməsi ilə bağlı Ombudsmana müraciət etdiyini bildirərək özünü təqsirli bilməmişdir.

47. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, həmin halları yalnız məhkəmədə bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə fiziki və ya psixi zorakılığın tətbiq edilməsinə dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

48. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 26, 36, 37, 38, 39, 40-cı bəndlərindəki normativ aktlara əsasən).

49. Həmçinin məhkəmə, Şahid5 ifadələrinə münasibətdə qeyd edir ki, onun Elvinin ona narkotik vasitə satmaması, lakin Elvindən pulsuz olaraq, narkotik vasitə alıb, istifadə etməsi, sonralar Elvin ona bir dəfə narkotik vasitə təklif edib, onun isə Elvinə narkotik vasitə istifadə etməyi tərk etdiyini bildirməsi özü-özlüyündə Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etməsinə dəlalət edən haldır. Məhkəmənin gəldiyi bu qənaət Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 8-ci bəndi baxımından da əsaslıdır (Qərarın 37-ci bəndi).

50. Məhkəmə digər Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinin əksinə Təqsirləndirilən şəxs narkotik vasitə almadığını, Elvinin ona narkotik vasitə vermədiyini, Elvinlə uşaqlıq dostu olduğunu bildirmişdir. Məhkəmə onun bu ifadələrini həqiqətə uyğun olmayan, əlehinə ifadə verəcəyi təqdirdə qarşılaşacağını güman etdiyi təqsirləndirilən şəxsin əssasız məzəmmətindən yayınmağa cəhd etməyə yönələn və Təqsirləndirilən şəxs müdafiəsinə uğursuz cəhdi kimi dəyərləndirir.

51. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, Təqsirləndirilən şəxs məxsus mobil telefonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mesaj mətnləri olmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.

52. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 23-cü bəndi).

53. Təqsirləndirilın şəxsin təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

54. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 17, 18, 19, 20-ci bəndləri).

55. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi əvvəllər məhkum olunmaması müəyyən olundu.

56. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

57. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

58. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 21-ci bəndi).

59. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 09 mart 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 22, 27 və 28-ci bəndləri).

60. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 07 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

61. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

62. İş üzrə maddi sübut olan, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 4,921 qram psixotrop maddə metamfetamin, 179.95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 29-cu bəndi).

63. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (qərarın 12-ci bəndi).

64. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 154 (yüz əlli dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 30-cu bəndi). Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardıma görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 480 (dörd yüz səksən) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X5 və Tədris mərkəzinin hesabına ödənilməli, Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmalıdır.

65. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqlan məhumetmə cəzasının hədlərini müəyyən edərkən onun cəzasını ağırlaşdıran halların olmamasını, ilk dəfə məkum olmasını, ibtidai istintaq zamanı tam, məhkəmədə qismən etiraf edici ifadələr verib cinayəçtin açılmasında iştirak etməsini yüngülləşdirən hallar kimi nəzərə alı rvə onun təqsirliyi sübuta yetirildiyi əməlin sanksiyasıında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının aşağı həddində cəzə təyin edilməsini əsaslı sayır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 07 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 154 ( yüz əlli dörd ) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Ekspertiza xərcələrini təşkil edən 154 ( yüz əlli dörd ) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 480 (dörd yüz səksən) manat pul vəsaiti, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 4,921 qram psixotrop maddə metamfetamin, 179.95 qram narkotik vasitə qurudulmuş marixuana, sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması əks olunan 01 ədəd rəqəmsal video disk (DVD- R) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon onun iradəsinə uyğun olaraq yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən hakim: Novruz Kərimov

Hakimlər Rasim Sadıxov

Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar