Məhkəmə qərarları › İş №1(101)-418/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-418/2020

02.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-418/2020 02.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Seyidəli oğlunun iştirakı ilə, xx xxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin 20.11.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum olunmuş, Abşeron Rayon Məhkəməsinin 24.11.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu üzrə qəti olaraq 02 il sınaq müddəti ilə şərti hesab edilməklə 02 il müdətinə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzalarına məhkum olunmuş, Abşeron Rayon Məhkəməsinin 26.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzalarına məhkum olunmuş, məhkumluğu ödənilməyən, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsə silah qismində istifadə edilən əşya tətbiq etməklə həyatı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək məqsədilə əvvəlcədən planlaşdırdığı kimi sifət nahiyəsinin görünməməsi üçün əldə etdiyi qara rəngli idman papağını iki yerdən deşib gözlük açmış və silah qismində istifadə edilən, ibtidai istintaqla müəyyən edilməmiş odlu silah görünüşlü oyuncaq tapança silahı əldə etmiş, bundan sonra öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə 17 oktyabr 2019cu il tarixdə saat 05 radələrində əvvəlcədən nəzərdə tutduğu Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində Şahid2 məxsus sərinləşdirici içkilər və siqaret satışını həyata keçirən köşkə yaxınlaşıb hazırladığı həmin idman papağını maska kimi istifadə edib başına keçirməklə köşkə girmədən, köşkün qarşısında olan balaca pəncərədən köşkdə satıcı işləyən, əvvəldən tanıdığı Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədilə üzərində olan həmin tapança ilə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək, tapançanı ona tuşlayıb öldürməklə hədələyib köşkdə olan bütün pulları tələb etmiş, Zərərçəkmiş şəxs köşkdə olan pulları köşkün müdiri Şahid2 tərəfindən götürülməsini bildirdikdə isə əlində olan tapançanı atəş vəziyyətinə gətirib onu öldürəcəyi ilə hədələyib kassanı açmasını tələb etmiş və sonuncunun ona verdiyi cəmi 70 manat məbləğində pulunu ələ keçirib quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 185.2.1-ci maddələri ilə məhkum edilmişdir. 2018-ci ilin yanvar ayının 06-da həbsdən azad olunmuşdur. Azadlıqdan məhrum etmə cəzası ilə bərabər ona həm də 500 manat məbləğində cərimə cəzası təyin edilmiş, lakin həmin cəriməni heç yerdə işləməməsi və maddi vəziyyəti ilə əlaqədar bu günədək ödəməmişdir. Cəzaçəkmə müəssisəsindən çıxandan sonra heç yerdə işləməmiş, həmişə pula ehtiyacı olmuşdur. Adi günlərin birində qərara gəlmişdir ki, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və gecə səhərə qədər işləyən köşkə basqın edib oradan pul götürsün. Həmin köşkdə gecələr satıcı işləyən Murtuzəlini də xeyli əvvəllərdən tanımış, amma son dövrlərdə heç bir münasibət saxlamamışdır. Köşkə basqın zamanı istifadə edib qorxutmaq məqsədilə oyuncaq tapança əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə 13 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, metronun «İnşaatçılar» stansiyasının yaxınlığında yerləşən mağazadan 55 manata şarik atan qara rəngli oyuncaq tapança almışdır. Tapança oyuncaq olsa da görünüşcə həqiqi tapançaya çox bənzəmişdir. Tapançanı aldıqdan sonra onu bir neçə gün üstündə gəzdirmişdir. 17 oktyabr 2019-cu il tarixdə saat təxminən 04 radələrində hədə-qorxu yolu ilə pul almaq məqsədilə yaşadığı evdən çıxaraq Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən köşkün yaxınlığına gəlmişdir. Özü ilə götürdüyü qara rəngli idman papağını iki yerdən deşib göz yerləri açmışdır. Saat 05 radələrində köşkə doğru irəliləyib bir qədər kənarda dayanmış və papağı başına keçirib üzünü bağlayaraq köşkə yaxınlaşmışdır. Köşkün pəncərəsindən əlində olan tapançanı köşkdə işləyən Murtuzəlinin üzərinə tuşlayıb «köşkdə nə qədər pul varsa ver, yoxsa səni öldürəcəm» sözlərini demişdir. Dərhal qorxub özünü itirən Murtuzəli köşkdə olan pulların müdir tərəfindən götürüldüyünü bildirmişdir. O, Murtuzəlidən kassa aparatını açmasını tələb etmiş və Murtuzəli kassanı açaraq ona 70 manat məbləğində kağız pul vermişdir. Pulu aldıqdan sonra Murtuzəlidən üzünü arxaya doğru çevirməsini tələb etmiş, Murtuzəli üzünü arxaya doğru cevirəndən sonra o, dərhal qaçaraq oradan uzaqlaşmış və birbaşa yaşadığı evə getmişdir. Polislər tərəfindən aşkar olunmasından qorxaraq yolda gedərkən başına keçirdiyi maskanı çıxardıb xatırlamadığı yerdə tullamış, tapançanı isə özü ilə götürmüşdür. Növbəti gün Murtuzəlidən bu üsulla əldə etdiyi 70 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Oyuncaq tapançanı isə 19 oktyabr 2019-cu il tarixdə dostu Qüdrətə hədiyyə etmişdir. 25 oktyabr 2019-cu il tarixdə Abşeron rayon Polis İdarəsinin əməkdaşları onu Xırdalan şəhərində saxlayıb idarəyə aparmışlar. Polis idarəsində törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. Murtuzəli ilə barışıq əldə etmişdir. Ona cəza təyin edərkən bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən siqaret köşkündə satıcı işləyir. İş qrafikinə uyğun olaraq hər gün axşam saat 20 radələrində işə gedir və səhər saat 08 radələrində isə işdən çıxır. 16 oktyabr 2019-cu il tarixdə saat 20 radələrində həmişəki qaydada işə getmiş, adi günlərdə olduğu kimi işi ilə məşğul olmuşdur. 17 oktyabr 2019-cu il tarixdə gecə saat təxminən 05 radələrində köşkün içərisində oturduğu vaxtda qəflətən köşkün qabaq kiçik pəncərəsinə bir nəfər üzündə maska, əlində tapança olan şəxs yaxınlaşmışdır. Qara gödəkcə və tünd göy şalvar geyinmiş, əlinin üzərinə isə «karona»ya oxşar döymələr edilmiş həmin şəxs tapançanı ona tərəf tutaraq «köşkdə nə qədər pul varsa ver» deyə tələb etmişdir. Qorxudan özünü itirmiş, bu şəxsə pul olmadığını, pulları müdirin götürüb apardığını bildirmişdir. Bundan sonra həmin şəxs ona «kassanı aç baxım» sözlərini demiş və əlində olan silahı atəş vəziyyətinə gətirmişdir. Onsuz da qorxu içərisində olduğu bir vaxtda həmin şəxsin bu hərəkətindən sonra daha da vahiməyə düşmüş və kassanı açıb oradan özünə məxsus 70 manat pulu götürüb həmin şəxsə vermişdir. Maskalı şəxs ondan pulun hamısını verməsini tələb etmişdir. O, 70 manatdan başqa pulun olmadığını deyəndən sonra, həmin şəxs ona «üzünü arxaya çevir» sözlərini demiş, o da tabe olub üzünü arxaya çevirmiş, bundan sonra həmin şəxs dərhal oradan qaçıb getmişdir. Hadisə barədə əvvəlcə müdiri Rəşidə məlumat vermişdir. Elə köşkə basqın anında əlində tapança olan şəxsin səsini uzun illər əvvəldən tanıdığı Zaurun səsinə oxşatmış, amma uşaq vaxtlarında dostluq etdiyi, öpüşüb görüşdüyü bir şəxsin ona qarşı belə bir hərəkət edə biləcəyini düşünməmişdir. Sonradan onun ehtimalı düz çıxmış və basqın edənin Zaurun özü olduğu müəyyən edilmişdir. Ona vurulmuş 70 manat maddi ziyan ödənilməsə də təqsirləndirilən şəxsi bağışlamış və barışmışdır. Hal-hazırda Zaura qarşı heç bir tələb və şikayəti yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2 göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən sərinləşdirici içkilər və siqaret satışıni həyata keçirən köşkü 2018-ci ilin noyabr ayından icarə əsasında işlədir. Həmin köşk 24 saat ərzində fəaliyyət göstərir və hər gün səhər saat 10:00-dan axşam saat 22:00 kimi köşkdə satıcı kimi özü, axşam saat 22:00-dan saat 10:00 kimi isə Zərərçəkmiş şəxs fəaliyyət göstərmişdir. 16 oktyabr 2019-cu il tarixdə həmişə olduğu kimi saat 22 radələrində növbəni satıcı Zərərçəkmiş şəxs təhvil vermiş, pulları isə kassadan götürüb evinə çıxıb getmişdir. Həmin gecə, yəni 17.10.2019-cu il tarixdə saat təxminən 04 radələrində köşkə gəlmiş və gecə ərzində yığılan pulları götürüb yenidən evinə getmişdir. O, pulları köşkdən götürən zaman kassada pul saxlamamış, kassada xırda qəpik pullar qalmışdır. Həmin gün təxminən 1 saatdan sonra, yəni 17 oktyabr 2019-cu il tarixdə saat 05:20 radələrində Murtuzəli onun mobil telefonuna zəng edərək, köşkə naməlum şəxs tərəfindən əlində tapança ilə basqın olduğunu və sonuncuya məxsus 70 manat məbləğində pulu ələ keçirdiyini bildirmişdir. O, dərhal köşkə gəlmiş və Murtuzəli ona ətraflı olaraq, saat 05 radələrində köşkdə olan zaman bir nəfər naməlum şəxsin başında maska, əlində olan tapançanı onun üzərinə tuşlayıb 70 manat məbləğində nəğd pulunu ələ keçirdiyini bildirmişdir. O, Murtuzəliyə bu barədə Abşeron rayon Polis İdarəsinə ərizə yazmağı məsləhət görmüşdür (cild 1, iş vərəqə 95-97). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən «Karvan» çay evinin yaxınlığında yerləşən «moyka»nı icarəyə götürüb işlətmişdir. Təqsirləndirilən şəxs ilə bir il öncə tanış olmuş və sonuncu ilə münasibətləri həmişə normal olmuşdur. Aralarında heç vaxt düşmənçilik və ədavət olmamışdır. 19 oktyabr 2019-cu il tarixdə saat 13 radələrində o, işdə olan zaman Zaur onun işlətdiyi «moyka»ya gələrək, üzərində bir ədəd qara rəngli şarik atan oyuncaq tapança olduğunu və həmin tapançanı ona bağışlamaq istədiyini bildirmişdir. O, Zaurun fikri ilə razılaşaraq, həmin tapançanı sonuncudan götürüb «moyka»ya qoymuşdur. Sonradan «moyka»ya gələn əvvəllər tanımadığı bir nəfər şəxs həmin tapançanı görüb ondan istəmişdir. Həmin tapança ona lazım olmadığından, tapançanı sonuncuya vermişdir. Onun Zaurun maska ilə harasa gedib girməsindən heç bir xəbəri olmamış, həmin məlumatı o, Abşeron rayon Polis İdarəsinin əməkdaşlarından almışdır (cild 1, iş vərəqə 93-94). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokolda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 5-10). İbtidai istintaq zamanı keçirilmiş şəxsin tanınması istintaq hərəkəti zamanı, Zərərçəkmiş şəxs ona təqdim olunmuş şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq 10 oktyabr 2019-cu il tarixdə ona qarşı quldurluq cinayətini məhz bu şəxsin törətdiyini biljdirmişdir (cild 1, iş vərəqə 37-40). İbtida istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri əyani olaraq ətraflı göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 106-110). Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək təsdiq etmiş, Təqsirləndirilən şəxs də törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir (cild 1, iş vərəqə 64-66). Cinayət işinin materiallarına əlavə olunmuş «CD» diskdə olan videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən, bir nəfər 20-25 yaşlarında, başında qara rəngli idman papağı olan kişi cinsli şəxsin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən köşkə gəldiyi və həmin köşkün qarşısında əlində qara rəngli tapança nümayiş etdirərək Zərərçəkmiş şəxs pul aldığı müşahidə olunmuşdur. Diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs həmin görüntüdə başında idman papağı və əlində tapança olan şəxsin özü olduğunu bildirmişdir. Həmin diskdə olan videogörüntü Təqsirləndirilən şəxs 17.10.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində yerləşən köşkdə işləyən Zərərçəkmiş şəxs oğluna qarşı quldurluq etməsini birbaşa təsdiq edir (cild 1, iş vərəqə 105). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (cild 1, iş vərəqə 145). Cinayət işinə əlavə olunmuş tələbnamədən və müvafiq hökmlərin surətlərindən görünür ki, Əliyev x4 Rayon Məhkəməsinin 20 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan əlavə, o, Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu üzrə qəti olaraq 02 il sınaq müddəti ilə şərti hesab edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzalarına məhkum olunmuşdur. Bundan başqa, o, Abşeron Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzalarına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs 06 yanvar 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 111-113, 115-122, 124-132, 134-141). Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş 13 yanvar 2020-ci il tarixli 21 №-li məktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli, 1(012)-144/2015 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müdətinə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzalarına məhkum edilmiş, hökm 08 fevral 2018-ci il tarixdə Sumqayıt şəhər Probasiya şöbəsinin icraatına daxil olmuş və Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cərimə cəzası bu günə qədər icra edilməmişdir (cild 1, iş vərəqə 143). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanı çəkib qurtardıqdan sonra iki il keçməmiş qəsdən ağır cinayət törətmişdir. Bu hal isə residivin müəyyən edilməsi zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4-cü maddəsində nəzərdə tutulmuş müddəaların tələbləri də nəzərə alınmaqla həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hökmlərin məcmusu üzrə bəzi məsələləri qeyd etməyi zəruri hesab edir. Belə ki, Əliyev x4 Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli hökmü ilə ona təyin olunmuş cərimə cəzasını ödəmədən yenidən cinayət törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti cəza təyin olunmalı və Abşeron Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın 500 manat cərimə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə tam birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayətinin və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən törətdiyi əməlin cinayətlərin residivini yaratması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «İnsan Hüquqlarının və x2 Haqqında» Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2019-cu il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 27 oktyabr 2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 oktyabr 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 41, 51-52, 67-68, 86-88). Məhkəmə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə müvafiq olaraq əsasən cinayət işi üzrə maddi sübut olan 01 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Xırdalan şəhər Vəkil Bürosunun vəkili x5 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 2 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı sərf edilmiş real vaxt nəzərə alınmaqla x3 vəkil işlədiyi Xırdalan şəhər Vəkil Bürosunun hesabına 20 iş saatı həcminə görə 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və x2 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 500 manat cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməklə Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə və 500 (beş yüz) manat cərimə cəzaları təyin olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. İş üzrə maddi sübut olan 01 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Xırdalan şəhər Vəkil Bürosunun hesabına vəkil x5 üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar