Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-418/2023 06.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri - X3 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Qazax rayonunun Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 iyul 2022-ci il tarixdə, saat 23:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozu, «Mazut» kanalı adlanan ərazidə torpaq yolunda əvvəldən tanıdığı Zərərçəkmiş şəxs anası Şahid1 istifadəsində olan, taksi kimi fəaliyyət göstərdiyi avtomobilinə müştəri qismində əyləşməsinə icazə verməməsinə baxmayaraq həmin gün yenidən avtomobildə görməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla qəsdən iki dəfə Zərərçəkmiş şəxs döş və qarın nahiyələrindən vuraraq zərər çəkmiş şəxsə sol tərəfli pnevmohemotoraksa səbəb olan döş qəfəsinin sol yarısının ön divarının plerva boşluğuna keçən bir ədəd və qarnın sol yarısının bayır divarından qarın boşluğuna keçən yoğun bağırsağın yaralmasına, 2-3-cü bel fəqərəsi səviyyəsində onurğa beyni sinirlərinin sol tərəfli posttravmatik nevritinə səbəb olan bir ədəd, cəmi iki ədəd deşilmiş-kəsilmiş yaraları kimi, ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Qazax rayonunun Yuxarı Salahlı kəndində qeydiyyatdadır və Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Özü fərdi qaydada tikintilərdə fəhlə kimi işləyib dolanır. Ruslanı təxminən 2 il olar ki, Ramana Südçülük sovxozundan tanıyır, bir-birilərini gördükdə görüşmüşlər, lakin yaxın yoldaşlıq münasibətləri olmamışdır. Ruslan "xxxx" MMC-nin işçisidir, sərnişin avtobus sürücüsüdür, əvvəllər 163 saylı sərnişin avtobusunu idarə etmiş, sonradan isə hansı nömrəli avtobusu idarə etdiyini bilmir. O, özü də əvvəllər Ramana qəsəbəsində yerləşən 163 saylı sərnişin avtobuslarının qarajında avtoyuyucuda işləmişdir. Anası Şahid1 «Uber» şirkətinə məxsus «Toyota Prius» markalı avtomobili idarə edib taksi kimi fəaliyyət göstərir. Təxminən 15-20 gün bundan əvvəl yaşadığı evə daxil olduğu vaxt anası kiminləsə taksi sifarişi ilə bağlı telefonla danışırmış və başına hicab bağladığı üçün telefonu ona ötürmüşdür. O, telefonu götürərək nömrə sahibinin oğlu olduğunu bildirməklə həmin şəxsi dinləmiş, həmin şəxs isə ona «telefonu Könül xanıma qaytar» sözlərini demişdir. O, həmin şəxsin kim olması barədə maraqlandıqda anası ona kənddə yaşayan avtobus sürücüsü Ruslan olduğunu bildirmişdir. O, Ruslanı tanımış və ona nə sözü varsa, özünə deməyini bildirmişdir. Həmin vaxt şəbəkə zəif olduğu üçün ara kəsilmiş və telefon danışığını başa çatdıra bilməmişdir. Ruslanın bu formada danışmağı xoşuna gəlmədiyi üçün həmin gün kəndə çıxmış, elə təsadüfən kəndin mərkəzində Ruslanla rastlaşmışdır. Ruslan idarə etdiyi VAZ-2107 markalı avtomobilində olmuşdur. Ruslan ona siqnal işarəsi verib avtomobilə əyləşməyi bildirmiş və avtomobilə əyləşdikdə salonda arxa oturacaqda tanımadığı bir qadının da olduğunu görmüşdür. Həmin vaxt Ruslanla söhbət etmişlər. Söhbət əsnasında o, Ruslandan nəyə görə anasına zəng vurduğunu soruşmuş və Ruslan isə “arvadıma taksi lazım olduğu üçün ananı yığmışdım” demişdir. Buna baxmayaraq o, Ruslana bir daha anasına zəng etməməsini, taksi lazım olduğu halda Ruslanın arvadının özünün zəng etməsini bildirmişdir. Ruslan ona «sənin anan mənim xalamdı, bacımdı, başqa heç nə başa düşmə» sözlərini dedikdən sonra onlar ayrılmışlar. 03 iyul 2022-ci il tarixdə, axşam saatlarında o, Ramana Sovxozu ərazisində mağazadan araq və «Go» spirtli içki alıb qəbul etmiş, sonra kənddə gəzişərək yaşadığı ev istiqamətində piyada getdiyi zaman anasının idarə etdiyi «Toyota Prius» markalı avtomobilin keçdiyini, qabaq sağ oturacaqda da Ruslanın əyləşdiyini görüb qəzəblənmişdir. O, anasının mobil nömrəsinə zəng edib Ruslanla birlikdə yaşadıqları evin qarşısına gəlməyini tələb etmiş, anası nə baş verdiyini soruşduqda heç bir söz deməmişdir. Bundan sonra atalığı Mehdiyə zəng vurub sonuncunun da anası Könülə zəng edərək avtomobildə yanında əyləşmiş Ruslanla evin qarşısına gəlməyini deməyini xahiş etmişdir. Atalığı Mehdi də ondan nə olduğunu soruşduqda gəlib orada deyəcəyini bildirmişdir. Daha sonra o, anasından əvvəl yaşadıqları evə gəlmiş, ehtiyyat üçün gizli olaraq evdən mətbəx bıçağı götürüb cibinə qoymuş və evin qarşısındakı torpaq yola çıxmışdır. Həmin vaxt atalığı Mehdi artıq orada dayanmışdı. Təxminən 5 dəqiqə sonra anası tək halda idarə etdiyi avtomobillə gəlib evin qarşısında dayanmış, Ruslan isə avtomobildə olmamışdır. Ondan qabaq isə Mehdi anası Könülə zəng edərək Ruslan barədə maraqlandıqda anası artıq sonuncunu düşürdüb evə gəldiyini demişdir. Bunu orada bilmiş və bu səbəbdən Mehdiyə bir daha Ruslanı yığıb çağırmağını xahiş etmişdir. Mehdi isə bu barədə anası Könülə bildirmişdir. Anası Ruslanı yığıb evin qarşısına dəvət etmiş, ərinin Ruslanla söhbət etmək istədiyini demişdir. Təxminən saat 23:45 radələrində Ruslan idarə etdiyi VAZ-2107 markalı avtomobillə onların dayandığı yerə gəlmişdir. Həmin vaxt sükan arxasında Ruslanın qardaşı Məhəmməd olmuş, onlar ikisi birlikdə gəlmişlər. Ruslan avtomobildən çıxıb torpaq yolunun ortasında dayanmış Mehdiyə yaxınlaşmışdır. Özü isə Ruslanın avtomobildə əyləşən qardaşı Məhəmmədə yaxınlaşıb söhbətə qarşımamağını xahiş etmişdir. Məhəmməd əvvəlcə onunla mübahisəli formada danışmış və avtomobildən çıxmışdır. O isə həmin vaxt Ruslana yaxınlaşıb qardaşı Məhəmmədin avtomobilə əyləşməyini tələb etməklə sonuncunun bu işə heç bir aidiyyəti olmadığını demişdir. Ruslan “Məhəmməd mənim qardaşımdır, heç bir yerə getməyəcək, ağıllı ol, ulğumuna ataram» sözlərini deyərək onu nalayiq sözlərlə təhqir etmişdir. Bu sözlərdən sonra aralarında mübahisə baş vermiş, yaranmış münaqişə zamanı o, özündə olan bıçağı çıxardaraq Ruslanın döş qəfəsi nahiyyəsindən vurmuşdur. Bu zaman atalığı Mehdi və səs küyə gələn anası Könül, habelə Ruslanın qardaşı Məhəmməd onlara yaxınlaşaraq ayırmağa çalışmışlar. O isə birinci zərbənin Ruslana dəymədiyini zənn edib həmin bıçaqla bir dəfə də Ruslanın qarın nahiyyəsinin sol hissəsindən vuraraq sonuncuya xəsarət yetirmişdir. İkinci zərbədən Ruslan yerə yıxılmış və bundan sonra Ruslanı artıq vurmamışdır. O zaman Məhəmməd üstünə qışqırmağa başlamış və buna görə cavab verəcəyimi demişdir. Daha sonra Məhəmməd avtomobili yaxın sürüb Mehdinin köməkliyi ilə Ruslanı salona qabaq oturacağa əyləşdirmişlər. Ruslanı avtomobilə əyləşdirdikdən sonra Məhəmməd oradan uzaqlaşmışdır. O da, oradan uzaqlaşaraq taksiyə əyləşib şəhərin mərkəzi istiqamətinə getmişdir. Bir qədər keçdikdən sonra anası Könül və Mehdi ona zəng edərək təcili 12-ci polis şöbəsinə gəlməyi bildirmişlər. Elə də etmiş, 04 iyul 2022-ci il tarixə keçən gecə saatlarında özü könüllü olaraq polis şöbəsinə gəlmişdir. Ruslan ilə aralarında olan mübahisə anası Könülün üstündə olmuş, o, əvvəlcədən Ruslana bir daha anasına yaxın durmamağı, ona zəng etməməsinin xəbərdarlığını etmişdi, lakin Ruslan onunla razılaşsa da, verdiyi sözə əməl etməmişdir. O da, Ruslanı təsadüfən anasının avtomobilində olduğunu gördüyü üçün Ruslanı söhbətə çağırmışdır. Dava-dalaş təxminən 10 dəqiqə davam etmiş, orada atalığı Mehdi və Ruslanın qardaşı Məhəmməd olmuşdur. Anası Könül isə o, Ruslanı bıçaqla vurduqdan sonra yaxınlaşmışdır. Ətrafda başqa bir şəxsin olduğunu görməmişdir. Hadisə zamanı ona heç kim xəsarət yetirməmişdir. Bıçaqla ehtiyyatsız davrandığına görə sol əlinin şəhadət barmağını kəsmiş, özü başqa bir şəxsə xəsarət yetirməmişdir. Yalnız Ruslana iki dəfə bıçaqla xəsarət yetirmiş və ondan da başqa orada atalığı Mehdi və anası Könül olsa da, onlar Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişlər, yalnız aranı sakitləşdirməyə çalışmışlar. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, öldürmək istədiyi halda bunu həyata keçirmək imkanı olmuşdur. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı hadisədən sonra hara atdığını xatırlamadığını bildirmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Yevlax rayonunun Səmədabad kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun emalı müəssisəsinin ərazisində nömrəsiz fərdi yaşayış evində yaşayır. Özü "xxxx" MMC-də avtomobil sürücüsü işləyir. Şahid1 təxminən 7-8 ildir ki, tanıyır. Belə ki, Könül yaşadıqları ərazidə taksi fəaliyyəti ilə məşğul olur, son vaxtlar “Toyota Prius” markalı avtomobillə “Uber” taksi sisteminə qoşularaq fəaliyyət göstərir. Özü də bir neçə dəfə Könülün idarə etdiyi avtomobildə müştəri qismində müxtəlif ünvanlara gedib gəlmişdir. Könül ilə bir kənd sakini kimi yaxşı münasibətləri olmuş, ədavət və düşmənçiliyi olmamışdır. 03 iyul 2022-ci il tarixdə, axşam saatlarında qonşusu Arizin oğlu hərbi xidmətə getdiyinə görə qonaqlıq təşkil etmiş və özü də ailəsi ilə birlikdə həmin məclisdə iştirak etmişdir. Qonaqlıqda olduğu zaman spirtli içki pivə qəbul etdiyindən öz avtomobilini idarə bilmədiyinə görə Könülə zəng edərək taksi kimi müraciət edib siqaret almaq üçün mağazaya aparmağı xahiş etmişdir. Könül gəlmiş və onlar “Orxan” kafesinin qarşısından avtomobillə keçdikləri zaman Könülün oğlu Kənan zəng etmiş və Könül avtomobildə mikrafonla cavab verdikdə Kənan “o peysəri hara aparırsan” deyib onun ünvanına nalayiq sözlər işlətmişdir. Könül isə Kənanın bu tərzdə danışdığına görə irad bildirib telefonu qapatmışdır. O, bunu eşitdikdə Kənanın nalayiq sözlərinə qəzəblənmiş və Könülə onu yaşadığı evə qaytarmağı demişdir. Evə gələndə yolda olarkən Könülün əri Mehdi Könülə zəng edib onu yaşadığı ünvanın qarşısına gətirməyi tələb etmişdir. Könül bunu ona dedikdə, o, özünün hara lazımdır gedəcəyini bildirib Könülə onu evə aparmağı bildirmişdir. Könül onu evə düşürüb getmiş və bundan təxminən 15-20 dəqiqə sonra Könülün nömrəsindən ona zəng gəlmiş və telefonda Könülün əri Mehdi onunla kobud danışaraq nalayiq sözlərlə təhqir edib mazut kanalının yaxınlığındakı yaşadığı evin qarşısına gəlməyi tələb etmişdir. O, qardaşı Məhəmməddən onun avtomobilini idarə etməyi xahiş edib yola düşmüşlər. Lakin Məhəmmədə hara getməsi barədə heç nə deməmişdir. Mazut kanalının yanına çatdıqda bir qədər irəlidə torpaq yolun üstündə bir nəfər kişinin dayandığını görüb Mehdi olduğunu başa düşmüş, Məhəmmədə avtomobili kənarda saxlatdırıb, özü isə avtomobildən çıxıb təxminən 25 metr irəlidə dayanan Mehdiyə yaxınlaşmışdır. Mehdidən nəyə görə onu bura çağırdığını soruşduğu zaman Könülün oğlu Kənan yolun kənarında olan qaz borusunun arxa hissəsindən qəflətən çıxıb arxa tərəfdən ona yaxınlaşıb özündə olan bıçaqla onun qarın nahiyəsinin sol böyür hissəsindən vuraraq xəsarət yetirmişdir. Zərbədən o, dizləri üstə yerə yıxılmış, sonra Kənan onun qarşı tərəfinə keçib həmin bıçaqla ikinci dəfə sol döş qəfəsi nahiyəsindən tərəf vurmuşdur. Kənanın onu öldürəcəyini başa düşüb ayağa qalxmaq istəmiş, lakin elə bu anda Kənan bir dəfə də həmin bıçaqla qarınının göbəyə yaxın hissəsindən vurmuşdur. O, zərbələrdən qışqıraraq qardaşı Məhəmmədi köməyə çağırmış və qışqırdığı üçün Kənan oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxt Könül onlara yaxınlaşıb nə baş verdiyini gördükdə Kənan anasını da əli ilə vuraraq qaçıb getmişdir. O, həmin vaxt yerdə süründüyü zaman Mehdi də təpiklə onun burun və alın nahiyəsindən təpiklə vurub təhqir etmişdir. Bunu görən Könül əri Mehdini kənara çəkmiş, Məhəmməd isə onu avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. O, yolda huşunu itirdiyindən daha sonra nə baş verdiyini xatırlamır. Hadisə 03 iyul 2022-ci il tarixdə, saat 23:30 radələrində Ramana Südçülük sovxozunda mazut kanalının yaxınlığındakı torpaq yolda baş vermişdir. O, oraya özünə məxsus VAZ-2107 markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı Məhəmmədlə birlikdə gəlmiş, avtomobili sonuncu idarə etmişdir. Hava qaranlıq olduğundan Kənanın əlindəki bıçağı görə bilməmiş və ona görə də bıçağı təsvir edə bilmir. Kənan və Mehdinin onu nəyə görə vurmaqlarının səbəbini konkret olaraq deyə bilmir. Belə ki, o, Kənan və Mehdiyə qarşı hər hansı bir pis hərəkət etməmiş, ümumiyyətlə, onlarla heç bir əlaqəsi və münasibəti olmamış, o cümlədən Könülə qarşı da heç bir pis hərəkət etməmiş sonuncuya hörmətlə yanaşmış, Könülə yalnız taksi sürücüsü kimi müraciət etmişdir. O, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax rayonunun Salahlı kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində İran İslam Respublikasının vətəndaşı olan əri X4 və övladları ilə birlikdə yaşayır. Övladlarından ikisi, yəni qızı Tahirə Orucova və oğlu Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Tahir ilə birlikdə 1-ci nikahdan olmuşlar. Qalan 3 övladı - Məhəmməd, Malik və Sülalə əri Mehdi ilə birlikdə 2-ci nikahından olmuşlar. Özü rəsmi qaydada heç bir yerdə işləmir, lakin «Uber» şirkətinə məxsus «Toyota Prius» markalı avtomobili icarəyə götürüb taksi kimi fəaliyyət göstərir. 03 iyul 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə müştəri kimi onun taksi kimi avtomobil xidmətindən istifadə edən və onunla bir ərazidə yaşayan Ruslan adlı şəxs zəng edərək sərxoş olduğunu bildirmiş, bununla bağlı avtomobili idarə edə bilmədiyi üçün onu zəhmət haqqı vermək müqabilində ərazidə kənddə yerləşən «Orxan» kafesinin yaxınlığından götürüb kəndin çıxışında yerləşən «Rahat» marketə düşürtməyi xahiş etmişdir. O da, Ruslana etiraz etməmiş və həmin gün, saat təxminən 22- 23 radələrində dediyi ünvandan götürüb yola düşmüşdür. Yolda olarkən oğlu Kənan mobil nömrəsinə zəng edərək yanında sərnişin kimi əyləşmiş Ruslanın ünvanına nalayiq sözlər deməyə başlamış və Ruslanla birlikdə yaşadıqları evin qarşısına gəlməyi tələb etmişdir. O, Kənanın hansı səbəbə görə Ruslanın ünvanına nalayiq sözlər deməyini və onu Ruslanla birlikdə evin qarşısına çağırdığını anlamamışdır. Kənanın təhqirlərini Ruslan özü də eşitmiş və Kənanın həmin sözləri Ruslanın ünvanına dediyini sonuncu başa düşmüşdür. Ruslan Kənanın təhqirlərinə qəzəblənmiş və avtomobildən çıxaraq Kənan ilə görüşüb məsələyə aydınlıq gətirəcəyini bildirmişdir. O, Ruslandan bunu etməməyi, oğlunun nəyisə anlamayaraq səhv başa düşdüyünü demişdir. Ruslanı götürdüyü yerə aparmış və sonuncu avtomobildən çıxaraq harasa getmişdir. O da, yaşadığı evin qarşısına gəlmiş, orada onu əri Mehdi qarşılamış, həmin vaxt Kənanı görməmişdir. Üstündən təxminən 5 dəqiqə keçdikdən sonra Ruslan qardaşı Məhəmməd ilə birlikdə sonuncunun idarə etdiyi VAZ- 2107 markalı avtomobil ilə yaşadığı evin yaxınlığına gəlib avtomobili torpaq yolun kənarında saxlamışlar. Mehdi onları görüb yola tərəf getmiş və Ruslanla torpaq yolun ortasında görüşüb sakit şəkildə söhbət etməyə başlamışlar. O da, Mehdi ilə Ruslanın söhbət etdiyini görüb piyada onlara tərəf getməyə başlamışdır. Həmin vaxt hava qaralmışdır, saat təxminən 23:45 radələri olardı. Elə bu anda oğlu Kənan da onlara yaxınlaşaraq Ruslanla mübahisə etməyə başlamışdır, yaranmış münaqişə zamanı Kənan əlindəki əşya ilə Ruslanı vurmuş və kənara çəkilmişdir. Qaranlıq olduğuna görə Kənanın nə ilə Ruslanı vurduğunu görməmiş, lakin sonradan bıçaq olduğunu zənn etmişdir. Ruslan yerdə imiş və üstündən qan gəlirmiş. Daha sonra Ruslanı vurduğuna görə Kənana iradlarını bildirmişdir. Həmin vaxt kənarda dayanmış Ruslanın qardaşı Məhəmməd avtomobili sürüb onlara yaxınlaşmış, Mehdi də kömək edərək Ruslanı avtomobilə əyləşdirdikdən sonra Məhəmməd Ruslanı xəstəxanaya aparmışdır. Baş vermiş hadisəyə görə həyacanlı vəziyyətdə olduğu üçün daha sonra nə baş verdiyini xatırlamamışdır. Kənan isə oradan çıxıb getmişdir. Ruslan və onun həyat yoldaşı Nailə ilə çox yaxşı münasibəti olmuş, onları dəfələrlə taksi kimi müxtəlif ünvanlara aparıb gətirmiş, heç bir vaxt ədavət və düşmənçiliyi olmamışdır. Kənanın nəyə görə Ruslana qarşı belə bir hərəkət etdiyini başa düşə bilməmişdir. Özü və əri Mehdi hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirməmişlər. Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs öldürmək fikri olmamış və əvvəlcədən də Kənan Ruslanı öldürəcəyi barədə ona heç nə deməmişdir. X11 öldürmək istəsəydi, bunu edə bilərmiş, lakin Ruslanın xəsarət alaraq yerə yıxıldığını gördükdə Kənan artıq Ruslanı vurmamış, Ruslan müştəri kimi onun avtomobilinə əyləşdiyinə görə Kənanla aralarında mübahisə yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, özü İran İslam Respublikasının vətəndaşı olsa da, fars dilində danışmaqda çətinlik çəkir, latın qrafikası ilə Azərbaycan dilində sərbəst danışıb, oxuyub yaza bilir. Belə ki, 2000-ci ildən Azərbaycan Respublikasının Bakı şəhərində yaşayır və həmin vaxtdan Şahid1 ilə ailə həyatı qurmuş, birgə rəsmi nigahdan 3 azyaşlı uşağı vardır. Qazax rayonunun Yuxarı Salahlı kəndində müvəqqəti qeydiyyatdadır, Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində Könül və 5 övladı ilə birlikdə yaşayır. Uşaqlardan ikisi, Tahirə Orucova və Təqsirləndirilən şəxs Könülün keçmiş həyat yoldaşı Tahir ilə birlikdə 1-ci nikahdan olmuşlar. Qalan 3 uşaq, Məhəmməd, Malik və Sülalə isə birgə nikahlarından olmuşlar. Könül rəsmi qaydada heç bir yerdə işləmir, lakin «Uber» şirkətinə məxsus «Toyota Prius» markalı avtomobili icarəyə götürüb taksi kimi fəaliyyət göstərir. 2022-ci ilin iyun ayının sonlarında Kənan ona bildirmişdir ki, anası X8 sovxozunda yaşayan bir nəfər onun tanımadığı Ruslan adlı şəxsi müştəri qismində aparıb gətirmiş, lakin Ruslanın şəxsiyyəti barədə kənddə yaxşı danışmadıqlarından anasının sonuncunu aparıb gətirməyindən narazılıq etmiş və onun da Könülə bir daha Ruslanı müştəri kimi avtomobilində aparmasına etiraz etməyini xahiş etmişdir. Ruslanın sözlərindən sonra o da, Könülə bu barədə bildirmiş və Ruslanı bir daha müştəri qismində avtomobilinə əyləşdirməməyini demişdir. Könül də onunla razılaşaraq etiraz etməmişdir. O, hər axşam evin qarşısında qaranlıq olduğuna görə Könülün işdən gəlməyini gözləyib sonuncunu qarşılayır və birlikdə evə keçirlər. 03 iyul 2022-ci il tarixdə, axşam saatlarında da həmişə olduğu kimi Könülə zəng edib yola çıxıb çıxmadığını soruşmuş, Könül də təxminən 5-10 dəqiqəyə gələcəyini bildirmişdir. Bu zaman Kənan ona zəng edərək demişdir ki, Könül yenə Ruslanı müştəri qismində avtomobilə əyləşdirib və bu səbəbdən mobil telefonla əlaqə saxlayıb Ruslanı evin qarşısına dəvət etmişdir. Belə ki, Kənan Ruslanla danışaraq bir daha anasının avtomobilinə əyləşməməsini tələb etmiş, Kənanla danışdığından təxminən 10 dəqiqə sonra Kənan kənddən evin qarşısına gəlmiş, təkrarən həmin sözləri ona söyləmiş və Ruslanı dəvət etməkdə anasının avtomobilinə əyləşməsinə qadağa etməsi məqsədi olduğunu ona bildirmişdir. Kənanla söhbət etdiyi zaman Könül gəlmiş, avtomobili evin qarşısında saxlayaraq mənzilə daxil olmuşdur. Bundan sonra Kənan telefonla danışıb qayıdacağını bildirib ondan bir qədər aralanmış, qaranlıq olduğuna görə Kənanın hansı istiqamətdə getdiyini görməmişdir. Buna baxmayaraq Kənana demişdir ki, hər kim gəlsə, qarışmasın, özü sülh yolu ilə söhbət edib məsələyə aydınlıq gətirəcəkdir. Saat təxminən 23:30 radələrində oraya ağ rəngli VAZ-2107 markalı avtomobildə 2 nəfər şəxs gəlmiş, əvvəlcə avtomobilə yaxınlaşdıqda həmin şəxslərin kim olduğu barədə maraqlanmışdır. Onlardan sərnişin kimi əyləşmiş şəxs özünü Ruslan kimi, sürücü isə özünü Ruslanın qardaşı kimi təqdim etmişdir. Bundan sonra Ruslan avtomobildən çıxmış, sürücü isə sükan arxasında qalmışdır. O, ilk dəfə gördüyü Ruslan adlı şəxslə torpaq yolun ortasına doğru çəkilib söhbət etmişdir. Ruslana Kənanın söylədikləri barədə danışmış və nəyə görə sözünə əməl etmədiyini və yenidən Könülün avtomobilinə əyləşdiyini soruşduğu zaman danışıqları yarımçıq qaldığı anda Kənan hardansa, qəflətən çıxaraq oraya yaxınlaşmış və Ruslana ucadan «sənə demişdim bir daha anamın avtomobilinə əyləşməyəsən!» sözlərini demişdir. Ruslan isə Kənana cavab olaraq «sənin uğlumunu üzərəm» sözlərini dedikdə onlar dalaşmağa başlamışlar. Ruslan yerə yıxıldıqdan sonra Kənan kənara çəkilmiş, qaranlıq olduğuna görə dəqiq fikir vərə bilməmiş, lakin Ruslanın yerdə uzanmış vəziyyətdə qarın nahiyyəsindən qan axdığını görüb Kənanın Ruslanı bıçaqla vurduğunu zənn etmişdir. Bu səbəbdən Ruslana kömək məqsədi ilə sonuncunu qaldırmış və Ruslanın qardaşı avtomobili yanlarına sürdükdə özü Ruslanı avtomobilin qabaq sağ oturacağına əyləşdirmişdir. Bundan sonra adını bilmədiyi Ruslanın qardaşı sonuncunu xəstəxanaya aparmışdır. O, nə özünün, nə Könülün, nə də ki, başqa birinin nömrəsindən Ruslana zəng etməmiş, evin qarşısına gəlməyini tələb etməmiş, Ruslanı oraya Könülün oğlu Kənan çağırmışdır. Hadisə zamanı Ruslanı və yanında olan qardaşı Məhəmmədi hər hansı formada vurmamış, heç kimə xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs öldürmək fikri olmamış və əvvəlcədən də Kənan Ruslanı öldürmək istəməsi barədə ona heç nə deməmişdir. Hadisə Ruslanın müştəri qismində Könülün avtomobilinə əyləşməsinə görə baş vermişdir. Kənan Ruslana əvvəlcədən demişdir ki, anasının avtomobilinə bir daha əyləşməsin, lakin Ruslan bir daha əyləşməyəcəyinə söz versə də, dediyinə əməl etməmiş və həmin gün Könülün avtomobilində müştəri qismində olarkən Kənan onları kənddə görmüş, bu səbəbdən aralarında mübahisə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Yevlax rayonunun Səmədabad kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozu, Zeytun zavod emalımın yataqxanası, nömrəsiz fərdi yaşayış evində qardaşı Zərərçəkmiş şəxs və ailə üzvləri ilə birlikdə yaşayır. 03 iyul 2022-ci il tarixdə, axşam saatlarında yaşadığı evdə olmuş, qardaşı Ruslan isə qonşuları Arizin oğlunun hərbi xidmətə getməsi ilə əlaqədar qonaqlıq mərasiminə getmişdir. Bu zaman Ruslanın evə həyacanlı vəziyyətdə gəldiyini görmüş, Ruslan spirtli içki qəbul etdiyi üçün onun avtomobilini idarə etməyini və harasa getməyi xahiş etmişdir. O, Ruslanın həyacanlı olduğunu görüb nə baş verdiyi soruşduqda Ruslan narahat olmamağını, biraz işi olduğunu demişdir. O da, Ruslana etiraz etməmiş və sonuncunun «VAZ-2107» markalı **-XC-*** dövlət nömrə nişanlı avtomobilinin sükanı arxasına əyləşib Ruslanla birlikdə Ramana Südçülük sovxozunda yerləşən mazut kanalı istiqamətində getmişlər. Orada kanaldan bir qədər irəli sürdükdə torpaq yolda bir nəfər tanımadığı kişi yolun ortasında dayandığını görmüşdür. Ruslan həmin vaxt avtomobili saxlatdırmış və salondan çıxaraq həmin kişiyə doğru getmişdir. O isə həmin vaxt Ruslandan bir qədər geridə avtomobili saxlayaraq çıxmış və Ruslanın arxası ilə piyada getməyə başlamışdır. Bu anda həmin yolun kənarından keçən qaz borusunun yanından bir nəfər cavan oğlan qəflətən çıxaraq arxa tərəfdən Ruslana yaxınlaşmış və əlində olan bıçaqla Ruslanın sol böyür hissəsindən vuraraq sonuncuya xəsarət yetirmişdir. Zərbədən Ruslan dizləri üstə yerə yıxılmış, o isə avtomobilə doğru qaçmış və sükan arxasına əyləşərək mühərriki işə salıb Ruslanın yanına sürmüşdür. Avtomobildən düşdükdə artıq orada yolun ortasında dayanmış, sonradan adını Mehdi kimi bildiyi kişi, Ruslanı bıçaqla vuran cavan oğlan və yanlarında bir nəfər qadının da olduğunu görmüşdür. Həmin vaxt orada sonradan adını Könül kimi bildiyi qadın Ruslanı bıçaqla vuran adını sonradan bildiyi Kənanı etdiyi hərəkətə görə danlayaraq üstünə qışqırmağa başlamışdır. O zaman Kənan oradan qaçaraq uzaqlaşmışdır. Mehdi isə yerdə uzanan qardaşı Ruslana yaxınlaşaraq təpiklə sonuncunun sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra o, Ruslana yaxınlaşıb qucaqlayaraq avtomobilə mindirməyə çalışmış, həmin vaxt Mehdi və Könül adlı şəxslər orada olsalar da, heç bir köməklik göstərməmişlər. O, güc toplayıb Ruslanı avtomobilə əyləşdirmiş və dərhal Bakı şəhəri X6 getmişlər. Orada Ruslan reanimasiya şöbəsinə yerləşdirilmişdir. Yolda Ruslan ona bildirmişdir ki, Kənan adlı şəxs 3 dəfə bıçaqla Ruslana zərbə endirmişdir. Lakin, o, yalnız bir bıçaq xəsarətini görmüş, ondan sonra avtomobilə doğru qaçmışdır. Həmin anda isə Kənan 2 dəfə də bıçaqla qardaşına xəsarət yetirmişdir. Kənan adlı şəxsin hansı səbəbə görə qardaşı Ruslanı bıçaqla vurduğundan xəbəri yoxdur. Bu barədə Ruslan ona heç nə deməmişdir. Hadisə zamanı Kənan qəflətən qaz borusunun yanından çıxaraq heç bir söhbət etmədən Ruslana doğru qaçmış və arxa tərəfdən özündə olan bıçaqla Ruslana birinci xəsarəti yetirmişdir. Kənan ilə aralarında sözlə heç bir mübahisə olmamış, sonuncu söhbət etmədən Ruslana hücum çəkmiş və Ruslanı bir neçə dəfə bıçaqla vurmuş və anası Könülün iradlarından sonra oradan uzaqlaşmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 101-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-tibbi ekspertizasının 26 iyul 2022-ci il tarixli, 1459 №-li ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol tərəfli pnevmohemotoraksa səbəb olan döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna keçən bir ədəd, qarnın sol yarısının bayır divarından qarın boşluğuna keçən yoğun bağırsağın yaralanmasına, 2-3-cü bel fəqərəsi səviyyəsində onurğa beyni sinirlərinin sol tərəfli posttravmatik nevritinə səbəb olan bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi; Xəsarətlərdən sol tərəfli pnevmohemotoraksa səbəb olan döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna keçən bir ədəd, qarnın sol yarısının bayır divarından qarm boşluğuna keçən yoğun bağırsağın yaralanmasına, 2-3-cü bel fəqərəsi səviyyəsində onurğa beyni sinirlərinin sol tərəfli posttravmatik nevritinə səbəb olan bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, bıçaqla yetirilə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Cinayət işinin 106-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış kompleks məhkəmə tibbi-kriminalistik, kriminalistik və bioloji ekspertizasının 17 avqust 2022-ci il tarixli, 471/2022-MTBŞ №-li ekspert rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi : O/H/İ (təqdim olunmuş sənədə əsasən);
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kofta (köynək) və mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkədə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız H antigeni alındı. Göstərilən qan ləkələri O/H/İ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 111-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış kompleks məhkəmə tibbi-kriminalistik, kriminalistik və bioloji ekspertizasının 25 avqust 2022-ci il tarixli, 380/2022-MTKŞ №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sol-orta nahiyəsində bir ədəd; köynəyin və maykanın arxa hissəsinin sol-aşağı nahiyəsində bir ədəd deşilmiş- kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Cinayət işinin 131-140, 161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus hadisə zamanı əynində olan köynək və mayka maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin ateriallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablamaqla 04 ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin ateriallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-907/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda təqsirləndirilən şəxslərin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 04 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilməli və barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus hadisə zamanı əynində olan köynək və mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilməsin, cəzaçəkmə müddətinin başlanğıcı 04 iyul 2022ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus hadisə zamanı əynində olan köynək və mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər:
1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov