Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-418/2025 25.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, 20 iyul 2023cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi isehlak miqdardan artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 2,385 qram təşkil edən narkotik vasitə olan heroini, təmiz çəkisi 0,489 qram təşkil edən şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı və şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 0,434 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsinə daşımış, 19 iyul 2023-cü il tarixdə saat 04:30 radələrində həmin ünvanda Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidmət Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli aparması səbəbindən idarə etdiyi mopedlə birgə saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə külli miqdarda- təmiz çəkisi 2,385 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,434 qram təşkil edən kustar üsulla hazırlanmış psixiotrop maddə olan metamfetamin, 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,489 qram təşkil edən şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, Bakıxanov ərazisində mopedlə hərəkət edən zaman Post Patrul Xidmətinin əməkdaşlarının saxla əmrinə tabe olmadığı üçün Suraxanı qəbiristanlığının yaxınlığında avtomobillə onun motosiklini vurmuşlar. Bundan sonra polis əməkdaşları onu təhqir edib avtomobilə mindirib Polis Bölməsinə aparmışlar. Hadisə zamanı onun üzərində qanunsuz əşya olmamışdır. Polis əməkdaşlarından biri avtomobildə onun adını portala daxil etdikdən sonra onun başqa bir cinayət işinin olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, polis əməkdaşlarının saxla əmrinə tabe olmamağının xüsusi bir səbəbi olmamışdır. Axşam saat 23:30 radələrində polis əməkdaşları tərəfindən Bülbülə qəbiristanlığının yaxınlığında saxlanılmışdır. Barəsində müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilmiş, polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qaldığı üçün narkotik vasitənin ona aid olduğunu etiraf etmişdir. Həmin dövrdə narkotik vasitə istifadəsi ilə bağlı müalicə almışdır. Ona videoçəkilişdə təqdim edilmək üçün verilən narkotik vasitələr bükümlərdə olmuşdur.Həyəcanlı olduğu üçün həmin narkotik vasitələrin növünə və ölçüsünə baxmamışdır. müvəqqəti saxlama yerində olarkən döyüldüyünü bildirmiş, bədənindəki xəsarətləri göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı olmamış, sonuncunu təxminən iki il bundan əvvəl “Razin” adlanan ərazidə motosikletlə olan zaman saxlamışlar. Hadisə gecə radələrində baş vermişdir. Şahid2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, təqsirləndirilən şəxsi saxlayarkən sonuncu özünü onlara təqdim etmişdir, lakin hərəkətləri şübhə doğurduğu üçün onu Polis Bölməsinə aparmışlar. Belə ki, o, “motosikletlə” gedən zaman polis əməkdaşları tərəfindən “saxla” əmri alsa da əmrə tabe olmamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmiş və təqsirləndirilən şəxsin üzərindən çəkilişlə qanunsuz əşya aşkar edildiyini müşaiyət etmişdir. Qanunsuz əşyanın nə olduğunu xatırlamır.Təqsirləndirilən şəxs qanunsuz əşyanın ona məxsus olduğunu bildirmişdir. Tərəfindən təqsirləndirilən şəxsə qarşı fiziki təzyiq olunmamışdır. Təqsirləndirilən şəxsdən aşkar edilən narkotik vasitənin şəkli hələ də mobil telefonunda saxlanılır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 110-112). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 19 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 03 ədəd siqaretin gümüşü kağızına bükülmüş maddələri çıxarıb təqdim etmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrdən 01 ədəd bükümün içindəkinin “kakos”, digər 01 ədəd bükümdə “patı”, üçüncü bükümdə isə “nəşə” olduğunu, həmin maddələri öz istifadəsi üçün 19 iyul 2023-cü il tarixdə saat 03:45 radələrində tanımadığı şəxsdən Əmircan qəsəbəsində pul köçürmə terminalı vasitəsilə aldığını bildirmişdir (cild 1, iş vərəqə 26-28,105-106). 19 iyul 2023-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman idarə etdiyi mopedə baxış zamanı həmin mopedin “YAMAHA” markalı qara rəngli moped olduğu müəyyən edilmiş, arxa saxlanc yerində 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd “Texet” markalı mobil telefonlar aşkar edilmiş, həmin yerdən başqa heç bir qanunsuz maddə və ya narkotik vasitəyə bənzər maddə aşkar edilməmişdir.Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-33). 19 iyul 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №160” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,434 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 2,385 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 0,384 qram, heroinin qalıq çəkisi isə 2,285 qram təşkil etmişdir (cild 1, iş vərəqə 39-41). 19 iyul 2023-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 0,489 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra marixuananın qalıq çəkisi 0,469 qram təşkil etmişdir (cild 1, iş vərəqə 44-45). 25 iyul 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,434 qram psixotrop maddə metamfetamin, 0,489 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 2,385 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,384 qram təşkil edən metamfetamin, qalıq çəkisi 2,285 qram təşkil edən heroin, qalıq çəkisi 0,469 qram təşkil edən marixuana Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqə 95-96). 10 noyabr 2023-cü il tarixli Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməliyyat tapşırığına cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini, qurudulmuş marixuananı və metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıması və evində saxlaması müəyyən edilmiş və sonuncunun narkotik vasitələri, psixotrop maddələri satdığı hər hansı şəxs, fakt, məlumat əldə edilməmişdir (cild 1, iş vərəqə 123). 20 iyun 2024-cü il tarixli telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsinə 01 yanvar 2023-cü il tarixindən 21 iyul 2023-cü il tarixinədək daxil olan, çıxan zənglərin, mesaj mətinlərinin və anten dairələrinə dair telefon məlumatları olan 01 ədəd DVD diskinə baxış zamanı həmin DVD diskdə “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “Zənglərin Detallaşması”, “X1 adlı 4 ədəd pdf formatlı fayllar olması müşahidə edilmişdir. “SMS Tarixçəsi” faylları açıldıqda orada narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsinə dair hər hansı daxil olan və ya göndərilən mesaj mətinləri aşkar edilməmişdir. “Zənglərin Detallaşması” adlı pdf faylı açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsinin anten dairəsi xx.xx.2023-cü il tarixdə saat 01:01 radələrində Bakı şəhəri, Əmircan qəsəbəsi, Yeni Suraxanı, Tofiq Bayram 1/3, Sabunçu TKQ, ATS 458"/Surakhany/ (40.42xx/xx.9873) ünvanına, həmin gün saat 04:10 radələrində “Stimul Hospital/"Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 26C" /Sabunchu/ (40.433xx/xx.95659)” ünvanında olması müəyyən edilmişdir. “X1” adlı fayl açıldıqda həmin siyahıda olan +**********72 abonent nömrəsi Təqsirləndirilən şəxs qaynanası X5 (AA**********9, Lumbini, Azərbaycan, Bhaktapur, 8, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 7A, mənzil 151, ev 7A mənzil 151, Bakı) məxsus olması müəyyən edilmişdir(cild 1, iş vərəqə 154-164). 20 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülər olan 01 ədəd DVD diskin və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair anten dairəsi müəyyən edilmiş mobil telefon məlumatları olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd DVD diskin cinayət işi üzrə maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə olunması müəyyənləşdirilmişdir (cild 1, iş vərəqə 165-172). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığı üçün şəxsi axtarış zamanı ona Polis Bölməsində verilən və ona məxsus olmayan narkotik vasitələr və psixotrop maddələri təqdim etməyə razı olduğunu bildirməsi ilə bağlı məhkəmədə verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən özünün narkotik vasitələr istifadəçisi olduğunu, üzərindən aşkar edilən maddələri xx.xx.2023-cü il tarixdə gecə saatlarında ona təqdim edilmiş karta 50 manat pul köçürdükdən sonra göndərilmiş məkan üzrə Əmircan qəsəbəsində yol kənarından əldə edib öz istifadəsi üçün üzərində saxladığını, Bakıxanov qəsəbəsindən keçərək getdiyini, saxlanılan zaman və ya Polis Şöbəsinə gətirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiqlər edilmədiyini, qolunda olan sıyrığın isə saxlanılmazdan bir gün əvvəl qəza keçirdiyi üçün yarandığını bildirmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, sonuncu saxlanıldığı gün xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində ona “WhatsApp” programı ilə narkotik vasitə əldə etmək üçün İran nömrəsi ilə internetdən tanış olduğu şəxsin telefonuna göndərdiyi karta Suraxanı rayonu, Əmircan qəsəbəsində pul köçürmə terminalından 10 manat pul göndərərək öz istifadəsi üçün “kakos” və marixuana sifariş etdiyini, həmin narkotik vasitəni Sabunçu rayonu, Bakıxanov qəəbəsində yerləşən “Aygün Mall” ticarət mərkəzinin yaxınlığından götürməli olduğunu,həmin yerdən götürdükdən sonra Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ilə hərəkətdə olan zaman saat 04:30 radələrində Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Lakin həmin protokollardan görünür ki, təqsirləndirilən şəxs əlavə olaraq cibinə metamfetamin qoyulduğunu qeyd etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyətinin külli miqdar təşkil edən narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması və daşınması ilə əlaqədar olduğunu, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən qanunsuz maddələrdən yalnız birinin –heroin olan narkotik vasitənin külli miqdar təşkil etməsini, metamfetaminin isə xeyli miqdar olmasını nəzərə alaraq hesab edir ki, üzərindən külli miqdar təşkil edən heroin aşkar edilən şəxsin cibinə şəxsi istehlak miqdarından artıq miqdar olan metamfetaminin qoyulması barədə təqsirləndirilən şəxsin ifadələri ağlabatan hesab edilə bilməz. Bundan başqa həmin protokollarda təqsirləndirilən şəxsin tutulma saatının mübahisələndirməməsi öz əksini tapmışdır. Qeyd olunan səbəblərdən məhkəmə şəxsi axtarış zamanı üzərindən aşkar edilən metamfetaminin özünə məxsus olmaması hissəsi istisna olmaqla təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadələri mötəbər hesab edir. Məhkəmə belə nəticəyə gələrkən həmçinin o halı əsas götürür ki, hadisələr, o cümlədən, cinayət hadisələri təbiətdə və cəmiyyətdə yaratdığı izlərin əsasında müəyyən edilir. Hər bir iz birbaşa və ya dolayı sübutlarla müşaiyət edilir ki, həmin sübutların məcmusu hadisənin baş vermə mexanizmi və şəraiti, onu törədən şəxslər barədə məlumat əldə edilməsinə xidmət göstərir. Başqa sözlə desək sübutların toplanılması ardıcıllığı adətən ilkin sübutların təqdim etdiyi məlumatların yoxlanılması ilə müəyyən edilir. Məhz sübutun mötəbərliliyi və kifayət etməsi də sübutların toplanılması ardıcıllığına riayət edilməsi ilə düz mütənasiblik təşkil edir. İş materiallarından da görünür ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs ifadələrinin yoxlanılması istiqamətində həyata keçirilmiş təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı nömrə vasitəsilə 01 yanvar 2023-cü il tarixindən 21 iyul 2023-cü il tarixinədək aparılmış danışıqları özündə əks etdirən məlumatların əldə edilməsi istintaq hərəkəti nəticəsində sonuncunun həqiqətən də tutularkən üzərindən aşkar edilən narkotik vasitəni tutulmamışdan əvvəl Əmircan qəsəbəsindən əldə etdiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində saxlanılmamışdan əvvəl +**********72 abonent nömrəsinin anten dairəsi ilə Suraxanı rayonu, Əmircan qəsəbəsində olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saxlanılan vaxta uyğun olaraq saat 04:10 radələrində +**********72 abonent nömrəsinin anten dairəsinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində olması onun ilkin araşdırma zamanı tutulma protokolundakı müddətin doğru qeyd edildiyini təsdiq etmişdir. Müdafiə tərəfinin əsas dəlili təqsirləndirilən şəxsin 20 iyul 2023-cü il tarixli dindirilmə protokolundakı imzaların saxtalaşdırılması ilə bağlı olmuşdur ki, müvafiq halların müəyyən edilməsi barəsində məhkəmə-xəttşünaslıq eskpertizasının təyin edilməsinə dair vəsatət 24 fevral 2025-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təmin edilməmişdir. Məhkəmə bir daha bildirir ki, 20 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində dindirilərkən vəkili Müdafiəçi olmuş, təqsirləndirilən şəxs məhz onun iştirakı ilə tutulduğu vaxtı və üzərindən aşkar edilən heroin və marixuana bükümlərinin özünə məxsus olmasını mübahisələndirmədən, yalnız metamfetaminin Polis Şöbəsində cibinə qoyulmasını qeyd etmiş, həmin protokolda hətta müdafiəçinin təqsirləndirilən şəxsin adından yazdığı qeydlər öz əksini tapmışdır. Müdafiəçi cinayət işi materialları ilə tanış olarkən də müxtəlif məzmunda vəsatətlər versə də dindirilmə protokollarının məzmununun saxtalaşdırılmasına dair halları mübahisələndirməmişdir. Məhkəmə həmçinin bildirir ki, Təqsirləndirilən şəxs müdafiəçisinə qanunla müəyyən edilmiş qaydada ittiham aktı təqdim edilmiş,ittiham aktında təqsirləndirilən şəxsin məhz 20 iyul 2023-cü il tarixli dindirmə protokolundakı ifadəsi öz əksini tapmış, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını yenə də Müdafiəçi müdafiə etmiş, nə hazırlıq iclasında, nə də məhkəmə istintaqı başlananadək həmin dindirmə protokolundakı imzaların ona məxsus olmaması mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə olunmuş AZ-İV 265758 və 841942 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən və elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 19 yanvar 2019-cu il, 12 dekabr 2022-ci il və 04 oktyabr 2024-cü il təvəllüdlü üç azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 49-50). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 24 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il 04 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (cild 1 , iş vərəqə 121-122). Bakı şəhər Probasiya İdarəsinin 07 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Göründüyü kimi hökm çıxarılan günə təqsirləndirilən şəxsin çəkilməmiş cəzası müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri və ictimai təlükəliliyini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olunması prinsipi rəhbər tutulmaqla hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs olunmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 15), ibtidai istintaq orqanının 20 iyul 2023-cü il tarixli qərarı ilə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir (cild 1, iş vərəqə 91-92). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək tutulduğu 1 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən, yəni barəsində hökmlə həbs qətimkan tədbiri seçildiyi gündən hesablanmalıdır. 06 dekabr 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bir neçə narkotik vasitələrin və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 132-133). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyə si məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,384 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 2,285 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 0,469 qram təşkil edən marixuana məhv edilməli, Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 182 (yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38,43). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 3(üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,384 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 2,285 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 0,469 qram təşkil edən marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 182 (bir yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-418/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-418/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver