Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-420/2024 11.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X15 ibarət tərkibdə, X6 və X2 qızının, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi: “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Fides” Vəkil Bürosunun vəkili X9 iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq soyuq silah əldə etməklə gəzdirmiş, habelə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ittiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən ov bıçağını, habelə satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 7,252 qram olan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlayaraq gəzdirməklə Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Quba şosesinin 9-cu kilometrliyində yerləşən DYP-nin Ekologiya postu yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 06 mart 2023cü il tarixdə saat 13:30-da Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Quba şosesinin 9-cu kilometrliyində yerləşən DYP-nin Ekologiya postunun qarşısında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş orada saat 15:10-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi 7,252 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin və şalvarının arxa kəmər hissəsindən milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 228.4-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, cüdo üzrə məşqçi kimi fəalliyyət göstərmiş, əvvəl Xətai rayonunda “Dinamo” idman klubunda idman müəllimi kimi işləmiş, daha sonra isə Nizami rayonunda idman müəllimi kimi işləmişdir. Özü cüdo üzrə 2013-cü ildə Avropa çempionu olmuş, medalları və təltifləri var. O, heç vaxt narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmamışdır. 06 mart 2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhərindən evdən çıxıb Bakı şəhərinə gəlmək üçün taksiyə minmiş, “Ekologiya postu” kimi tanınan yerdə, Binəqədi rayonu ərazisində 4 nəfər mülki geyimdə olan şəxs tərəfindən saxlanılmışdır. Onu maşına mindirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb, saat 13.30-dan 16.30-a qədər orada saxlamışlar. Daha sonra vəkil gəldikdən sonra polis əməkdaşları video çəkiliş aparmış, lakin video çəkilişdən əvvəl ona təzyiqlər etmişlər. Video çəkilişdən qabaq polis əməkdaşları narkotik vasitəni cibinə qoyaraq çəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməyini istəmişlər. O da təzyiqlərə məruz qaldığı üçün məcbur olub razılaşmışdır. Video çəkiliş vəkilin iştirakı ilə aparılmış, çəkiliş zamanı sol cibindən 25 manat pulu, 01 ədəd bıçağı, “Samsung” markalı mobil telefonu, avtomobilin açarını və narkotik vasitə olan “metamfetamin”i çıxarıb təqdim etmişdir. O, tutulmamışdan təxminən 6-7 əvvəl Saray qəsəbəsində narkotik vasitələrin satışı artmış, o da buna mane olmaq istədiyi üçün onu həbs etmişlər. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə etməmiş, heç kimdən narkotik vasitə almamışdır. Onun üzərində bıçaq olmuş, bıçağı isə meyvə doğramaq üçün üzərində gəzdirmişdir. O, səhər saatlarında idmana gedəcəyi halda, sonradan fikrini dəyişib başqa yerə getmiş, bu zaman 4 nəfər mülki geyimdə polis əməkdaşı onun qarşısını kəsərək onu BMCMİ-nə gətirmişlər. Onu tutan polis əməkdaşlarından birinin adı Ziya olmuş, üzərindən çıxan narkotik vasitəni çəkiliş zamanı polis əməkdaşları cibinə qoymuşlar. Çəkiliş aparıldığına görə üzərindən çıxan bükümün ona məxsus olmasını məcbur qalaraq qəbul etməli olmuşdur. Polis əməkdaşları onu tutub BMCMİ-nə gətirdikdən sonra o, Elvin adlı dostuna zəng etmiş, polis əməkdaşları narkotik vasitəni başqa otaqda onun cibinə qoyaraq ona məxsus olduğunu demişlər. Ona narkotik vasitəni boynuna alması üçün hədə-qorxu gəlib, psixoloji təsir altında saxlamışlar. Onun qohumlarının arasında evlə bağlı problem olmuş, o da öz qohumlarına polisə şikayət etməmələrini, özünün həll edəcəyini demiş, ümumilikdə 12500 manat pul verilmiş, həmin məbləğ hissə-hissə ödənilmişdir. Polis əməkdaşları maşında ona pul söhbəti həll etdiyini demiş, o da hər iki tərəfin onun qohumu olduğunu, onun da köməklik etməyə çalışdığını bildirmişdir. O, video çəkiliş zamanı polislərə narkotik vasitəni Saray qəsəbəsində zibillikdən təsadüfən tapdığını bildirmiş, polis əməkdaşları tərəfindən ona heç bir fiziki təsir olmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, polis əməkdaşları onu postda saxlayıb maşına mindirmiş, maşında onu çoxdan izlədiklərini, Saray qəsəbəsində, “Buxar” adlı restoranda olduğunu bildirmişlər. O, bir dəfə yaşadığı ərazidə narkotik vasitə satıldığını görüb həmin maddəni qeyd olunan şəxsin əllərindən alıb yerə tökmüş, bir dəfə də ona Ziya adlı polis əməkdaşı zəng edərək, ondan şikayət olduğunu bildirmiş, o şikayət edən şəxsin adını öyrəndikdən sonra, həmin şəxsin özünün narkotik satan olduğunu demiş və onun narkotik vasitə satmasına mane olduğunu bildirmişdir. O, BMCMİ-də olan zaman polis əməkdaşı ona silahı varsa, silahı gətizdirməsini, əgər silah yoxdursa, narkotik vasitəni öz üzərinə götürməli olduğunu demişlər. Polis əməkdaşı onun telefon nömrəsinə 3 manatlıq kontur köçürmüş, o da öz tanışına zəng vuraraq polislərin onu tutduğunu demiş, onun götürməsi üçün silah tapıb hansısa yerə qoymasını xahiş etmiş, tanışı da silah tapa bilməyəcəyini demişdir. Polis əməkdaşları da onun iş görən şəxs olmadığını deyib, telefonu söndürmüşdür. O, silah tapa bilmədiyimə görə onu narkotiklə “yükləmişlər”. Onun telefonla danışdığı həmin şəxs danışığın səs yazılarını saxlamışdır. O, Saray qəsəbəsində artan narkotik satışı ilə bağlı polisə müraciət etməmiş, bu məsələni özünün həll edə biləcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs şahid dindirilən zaman ona verilən çarpaz suallara cavab olaraq bildirmişdir ki, o, “Ekologiya postu” kimi tanınan yerdə taksidə olan zaman saxlanılmış, o, saxlanılarkən piyada hərəkətdə olmamış, polis əməkdaşları maşının qabağını kəsərək onu maşından çıxarıb BMCMİ-yə aparmışlar. Baş İdarədə Roman adlı polis əməkdaşı seyfdən ağ rəngli sellofan bükümdə maddə çıxarıb onun cibinə qoymuş, bunun səbəbi kimi də guya onun bəzi şəxsləri hədələdiyini göstərmişlər. O isə heç kimi hədələməmişdir. O, “Dinamo” idman klubunda idman müəllimi işləyir. Tutulan zaman onun yanında Əvəz adlı xalası oğlu olmuş, xalası oğlu ürəyindən əməliyyat olunmuş, Roman adlı polis əməkdaşı xalası oğlunu da tutacaqlarını dediyi üçün o, xəstə xalası oğlunu qorumaq məqsədi ilə polis əməkdaşlarının bütün təklifi ilə razılaşmaq məcburiyyətində qalmışdır. Tutulan zaman onun telefon nömrəsinin konturu olmamış, Hətəm adlı polis əməkdaşı onun telefonuna 3 manatlıq kontur göndərmiş, o da dostu Elvinə zəng etmiş və ona taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, ətrafının geniş olduğunu demiş, kənddə kimdəsə silah varsa, harasa qoymasını, gedib götürəcəyini demişdir. Elvin də ona heç bir yerdən silah tapa bilməyəcəyini demişdir. O, danışan zaman rəis də yanında olmuş, ona Elvinin iş görən adam olmadığını və telefonu söndürməsini demiş, o da telefonu söndürmüşdür. O, xalası oğlu Əvəzi də tutmamaları üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Əvəz onunla birlikdə taksidə olduğu üçün onunla birlikdə Əvəzi də Baş İdarəyə aparmışlar. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, habelə qanunsuz olaraq soyuq silah əldə etməklə gəzdirməsi, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1 və 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən AR DİN-nin BMCMİ-nin XMİÜ üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 6 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, onlar daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə Ekologiya postuna gedərək Elnur adlı şəxsə yaxınlaşıb özlərini təqdim edərək onu Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə şəxsin üzərinə baxış keçirilmiş, üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan maddəni könüllü şəkildə təqdim etmişdir. Şəxsin üzərindən 1 bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, “Samsung” markalı telefon, pul və bıçaq aşkar olunmuşdur. Aşkar edilmiş həmin maddə götürülərək qablaşdırılmış, digər əşyalar da götürülmüşdür. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs “Ekologiya postu” kimi tanınan yerdə saxlamışlar. Şəxsə qarşı heç bir təzyiq göstərilməmiş, o, şəxsi axtarış zamanı üzərində nə var idisə, özü təqdim etmişdir. Onun otağında seyf yoxdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı 6 mart 2023-cü il tarixdə ona daxil olmuş, məlumat daxil olduqdan sonra o, raportla rəhbərliyə məruzə etmiş, raportda şəxsin narkotik vasitələri satma, saxlama, daşıma, əldə etmə ilə bağlı məlumat məruzə edilmişdir. Əməliyyat qrupu həmin gün yaradılmış, əməliyyat qrupuna o, Şahid3 və Şahid2 daxil olmuşdur. Təqsirləndirilən şəxs “Ekologiya postu” adlanan ərazidə saxlamışlar, həmin vaxt Təqsirləndirilən şəxs orada dayanmış vəziyyətdə olmuşdur. Saxlanılan zaman Elnurun yanında heç kim olmamışdır. Onlar Elnura yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs olduğunu bildirmişlər. Şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş, kənar şəxslər müdaxilə etməsin deyə, şəxsin üzərinə baxışı İdarədə həyata keçirmişlər. Şəxsi saxladıqdan sonra Baş İdarəyə gətirmişlər, İdarədə otaqda o, Şahid3, Şahid2 və təhqiqatçı olmuşdur. Bu işlə bağlı əməliyyat qeydiyyat işi açmamışlar. Təqsirləndirilən şəxs ilə hər hansı başqa danışıqlar aparılmamışdır. Elnurla bağlı daxil olan məlumatda Elnurun hansı işlə məşğul olması və hansı ərazilərdə olmağı qeyd olunmamışdır. Elnurun üzərinə baxış, tutulduqdan 30-40 dəqiqə sonra həyata keçirilmişdir. Şəxs vəkillə təmin olunmuş, vəkil şəxsi axtarış və götürmədə iştirak etmişdir. Şəxsin üzərindən sellofana bükülmüş 1 büküm metamfetamin aşkar edilmiş, lakin həmin maddənin çəkisini, ümumiyyətlə tərəziyə qoyulubqoyulmamasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN-nin BMCMİ-nin XMİÜ üzrə baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 digər Şahid1 ifadəsinə uyğun məzmunda ifadə vermişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 06 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə ümumilikdə təmiz çəkisi 7,252 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin və şalvarının arxa kəmər hissəsindən 01 ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Tədqiq edilən həmin protokolla həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilkin sorğu-sual zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini həmin gün səhər saatlarında yaşadığı ünvana yaxın ərazidə məişət tullantıları olan qabların yanında yerdən tapdığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, eləcə də üzərindən aşkar edilmiş bıçağı meyvə doğramaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. (cild İ, i/v: 31-33) Cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD diskdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və həmin video görüntülərin «şəxsi axtarış və götürmə aparılması haqqında» 06 mart 2023-cü il tarixli protokolla uyğun olması müəyyən edilmişdir. - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2023-cü il tarixli 6/1367 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,252 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in siyahısına (Siyahı İ) daxildir. (i/v: 43-47) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 üzrə 07 mart 2023-cü il tarixli 1342 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 154-155) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X12 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2023-cü il tarixli 984/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. (cild İ, i/v: 146-149) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X12 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 06 aprel 2023-cü il tarixli 91/MEŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (cild İ, i/v: 150-153) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2023-cü il tarixli 3/448 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. (cild İ, i/v: 142-145) - Maddi sübut kimi tanıma haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,202 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild İ, i/v: 109-110) - İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 20 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri olan 1 ədəd DVD disk iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild İ, i/v: 156-168) Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin psixotrop maddəsinin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminin çəkisi 7,252 qram təşkil etməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsinin külli miqdar həddində olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi, heç vaxt narkotik vasitədən və ya psixotrop maddədən istifadə etməməsi, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində bıçaq olsa da, heç bir narkotik vasitənin olmaması, polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə əlaqədar video çəkiliş zamanı polis əməkdaşlarının təklifi ilə razılaşaraq onların verdiyi psixotrop maddəni boynuna götürməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd edilən məzmundakı ifadələri məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilmiş və üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin və bıçağın ona məxsus olduğunu bildirmişdir. Bundan başqa məhkəmə-narkoloji ekspertizası üzrə 07 mart 2023-cü il tarixli 1342 nömrəli rəylə Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunduğu, habelə məhkəmə-kimyəvi ekspertizası üzrə 27 mart 2023-cü il tarixli 984/K nömrəli rəyi ilə Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin aşkar edildiyi müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxs öz ifadəsində saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmadığını, lakin ona psixi təzyiq göstərdiklərini, xalası oğlunun da onunla birlikdə saxlanıldığını, onu xalası oğlunu da həbs etməklə təhdid etdikləri üçün ona məxsus olmayan psixotrop maddəni üzərinə götürmək məcburiyyətində qaldığını bildirmişdir. Təqsirləndirilən şəxsin həmin ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materialları ilə təqsirləndirilən şəxslə birlikdə başqa hər hansı bir şəxsin saxlanılması müəyyən edilməmiş, təqsirləndirilən şəxs xalası oğlunun onunla birlikdə saxlanıldığını bildirsə də, müdafiə tərəfi həmin şəxsin məhkəmə iclasında şahid qismində dindirilməsi üçün məhkəməyə hər hansı bir vəsatət təqdim etməmişdir. Bundan başqa müdafiə tərəfi məhkəməyə müəyyən səs yazısı təqdim edərək təqsirləndirilən şəxsin saxlanılan zaman öz tanışı X7 ilə olan danışığının səs yazısı olduğunu bildirmiş, lakin qeyd olunan səs yazısının hansı tarixdə, hansı üsulla yazılmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, müdafiə tərəfi səs yazısının mənbəyini müəyyən etmək məqsədi ilə məhkəməyə şahid qismində X5 dəvət etmiş, lakin həmin şəxs təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman məhkəmə iclas zalında iştirak etdiyi üçün həmin şəxsin şahid qismində dindirilməsi mümkün olmamış, bununla belə həmin şəxs özünə məxsus mobil telefonu məhkəməyə təqdim edərək, istinad edilən səs yazısının onun mobil telefonunda olduğunu bildirmişdir. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə X3 məhkəməyə təqdim etdiyi mobil telefon tədqiq edilən zaman istinad edilən səs yazısının həmin mobil telefonla qeydə alınmadığı, sadəcə audio yazı kimi həmin telefona göndərildiyi müəyyən edilmişdir. Mobil telefonu təqdim etmiş şəxsdən bununla bağlı soruşulduqda, səs yazısının ilkin nüsxəsinin (əslinin) silindiyini, yalnız audio yazı kimi telefonda saxladığını bildirmişdir. Beləliklə həmin audio yazının nə vaxt, kim tərəfindən və hansı şəraitdə qeydə alınmasını müəyyən etmək mümkün olmamış, bununla da müdafiə tərəfinin təqdim etdiyi səs yazısının mötəbər sübut kimi qəbul edilməsi yolverilməz hesab edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun hesab etmir, təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi daşıyır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetimin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində, habelə zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edib üzərində saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, i/v: 122) Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs idmançı olmaqla, həm Respublika çempionatlarında, həm də beynəlxalq turnirlərdə dəfələrlə qalib və mükafatçı olmasını, habelə fəaliyyət göstərdiyi İdman Cəmiyyəti tərəfindən şəxsiyyətinin müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi diplomlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2004-cü ildən AR DİN-in İdman Cəmiyyətində idmanın cüdo növü ilə məşğul olmuş, dəfələrlə Bakı şəhər və Azərbaycan birincilik və çempionatların, beynəlxalq turnirlərin qalibi və mükafatçısı, 2012-ci ildə Avropa birinciliyinin gümüş mükafatçısı olmuşdur. O, Azərbaycan Respublikasının idman ustasıdır. Təqsirləndirilən şəxs kollektivin, məşqçi-müəllim heyətinin və idmançıların hörmətini qazanmış, nizam-intizamlı, əməksevər şəxs olmuş və etik davranışlara əməl etmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olduğunu bildirsə də, müdafiə tərəfi bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmiş, eyni zamanda elektron-məhkəmə informasiya sisteminə sorğu verildikdə təqsirləndirilən şəxsin himayəsində uşağının olması ilə bağlı qeyd olması müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.4-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 07 mart 2023-cü il tarixli 1342 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 06 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 06 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 22), Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 mart 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 mart 2023-cü il tarixdən hesablanmışdır (cild İ, i/v: 92-96). Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,202 qram təşkil edən psixotrop maddə metamfetamin və bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 129 (bir yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli tutulduğu 06 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 7,202 qram təşkil edən psixotrop maddə metamfetamin və bir ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 129 (bir yüz iyirmi doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-420/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-420/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver