Məhkəmə qərarları › İş №1(101)-421/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-421/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-421/2024 04.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X5 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala rayonu, Bankə qəsəbəsi, R.Əliyev küçəsində qeydiyyatda olmaqla, Bakı şəhərində daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 9,773 qram olan narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 12 mart 2023-cü il tarixdə saat 11.00 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq ərazisində özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanda yerləşən Sabunçu RPİ-nin 14-cü polis bölməsinə gətirilib həmin bölmənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir bükümdə içərisində külli miqdarda təmiz çəkisi 9,773 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən iki il yarımdır ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olmuş, lakin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, “İnstagram” sosial şəbəkəsindən təsadüfən tanış olduğu şəxsdən narkotik vasitə almış, həmin şəxsdən ilk dəfə narkotik vasitə almışdır. “İnstagram” sosial şəbəkəsində əlaqə saxladığı şəxs ona narkotik vasitəni qoyduğu yerin ünvanını atmış, o da Maştağa ərazisində həmin narkotik vasitəni götürməyə getmişdir. Narkotik vasitəni götürən zaman polis əməkdaşları onu saxlamışlar. Bölmədə üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə aşkar edilmişdir. O, “Redmi” markalı mobil telefon işlətmiş, həmin telefon vasitəsilə də narkotik vasitə satan şəxslə əlaqə saxlamışdır. Sözügedən şəxslə “WhatsApp” mesajlaşma proqramı vasitəsilə bir dəfə danışmışdır. Dostları bəzən onlara narkotik vasitə tapması üçün ona zənglər etmişlər. Bir dəfə dostu ona 100 manat pul göndərmiş, o da həmin məbləğdə narkotik vasitəni alıb həmin şəxsə verməli olmuşdur. İbtidai istintaq zamanı ona qarşı heç bir təsir və təzyiq olmamışdır. Nicat adlı dostuna narkotik vasitə alması üçün vasitəçilik etmiş, Araz adlı şəxsi isə tanımır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı tarixdə saat 10-11 radələrində xidməti ərazidə Maştağa qəsəbəsi, Albalılıq massivində Şahid1 ilə xidmətdə olarkən davranışlarından şübhələndikləri üçün Təqsirləndirilən şəxs yaxınlaşmış və üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlardan yayınmağa çalışdığı və özünü şübhəli apardığı üçün onu 14-cü polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçı tərəfindən üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlə bağlı bildirmişdir ki, həmin bükümdəki maddə narkotik vasitə olan heroindir, onu şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından 200 manata almış və “WhatsApp” vasitəsilə göndərilmiş ünvandan götürmüşdür. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs saat təxminən 11 radələrində saxlamışlar, lakin tarix dəqiq yadında deyil. Onlar Fərhada yaxınlaşıb üzərində hər hansı sənəd olub-olmadığını soruşmuşlar, Təqsirləndirilən şəxs isə onlardan yayınmağa, kənarlaşmağa çalışmışdır. Təqsirləndirilən şəxs bu hərəkəti onlarda şübhə yaratmış, buna görə də həmin şəxsi 14-cü polis şöbəsinə dəvət etmişlər. Hadisə zamanı onlar mülki geyimdə olsalar da, şəxsə yaxınlaşanda xidməti vəsiqələrini təqdim etmişlər və şəxs onların polis əməkdaşı olduğunu bilmişdir. Yolda hər hansı şəxsi saxlayıb şəxsiyyət vəsiqəsini soruşmaq onların vəzifə səlahiyyətlərinə aiddir. Məhkəmə iclasına dəfələrlə dəvət olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməkə tədqiq edilmiş və müəyyən edilmişdir ki, şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 12 mart 2023-cü il tarixdə saat 11 radələrində o, Sabunçu RPİnin 14-cü polis şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2la birlikdə inzibati ərazidə xidmət aparan zamanı Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq ərazisində adsız küçədə bir nəfər özünü şübhəli aparan şəxsi görmüş, həmin şəxs zahiri görünüşlə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olan şəxsə oxşamışdır. Onlar həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib şəxsiyyət vəsiqəsini istəyəndə həmin şəxs üzərində sənəd olmadığını bildirmiş və buna görə də onlardan iti addımlarla uzaqlaşmağa başlamışdır. Həmin şəxsin hərəkətləri şübhə doğurduğuna görə onlar onu saxlayıb Sabunçu RPİ-nin 14-cü polis bölməsinə gətirmiş, polis bölməsinin inzibati binasında müəyyən gətirilən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tutulub polis bölməsinə gətirilən zamanı ciddi nəzarətdə olmuş, onlar Fərhadın üzərində qeyri-qanuni əşya olduğu halda onu tullaya bilməməsi üçün nəzarət etmişlər. 14-cü polis bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və dövlət hesabına vəkillə təmin olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunandan sonra videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir büküm içərisində spesifik iyli qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunub götürülmüş, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı ondan aşkar olunmuş bir bükümdə olan qəhvəyi rəngli spesifik iyli maddənin narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni özünü iranlı kimi təqdim edən Araş adlı şəxsdən 200 manata öz istifadəsi əldə edib saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin iranlı Araş adlı şəxs ona “WhatsApp” mesajlaşma proqramı vasitəsi ilə narkotik vasitənin yerini göndərmiş, o da həmin narkotik vasitəni ona göstərildiyi yerdən, yəni Maştağa qəsəbəsi Albalılıq deyilən yerdən gedib götürmüş və öz istifadəsi üçün üzərində saxlayıb daşımışdır. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən onun istifadə etdiyi bir ədəd «Redmi Note 9» markalı mobil telefon aparatı götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər olan maddə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş və imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zamanı ona hər hansı fiziki zor tətbiq olunmamış, Təqsirləndirilən şəxs tutulduqdan sonra onun ətrafında bir sıra əməliyyat tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələrin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. (i/v: 88-90) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahid ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 12 mart 2023-cü il tarixli və «videoyazıya baxış keçirilməsi haqqında» 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Əfsun Əzimov tərəfindən 14-cü PB-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə 14-cü PB-nin xidməti otağında şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən sarı rəngli kağıza bükülmüş bir bükümdə narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroinin olduğunu və öz istifadəsi üçün İran islam Respublikasının vətəndaşından əldə edib üzərində saxladığını bildirmişdir. Bundan əlavə olaraq şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd «Redmi Not 9» markalı mobil telefon aparatı aşkar edilib götürülmüşdür. (i/v: 25-26; 41) Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntülər məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və həmin görüntülərin «şəxsi axtarış və götürmə aparılması haqqında» 12 mart 2023-cü il tarixli, həmçinin «videoyazıya baxış keçirilməsi haqqında» 13 mart 2023-cü il tarixli protokolların məzmunu ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. - «Mobil telefona baxış keçirilməsi haqqında» 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokola əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd «Redmi Note 9» markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı müəyyən olmuşdur ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** və ***-***-**-** saylı sim nömrəsi mövcuddur. Mobil telefonun kontaklarında və whatsapp bölümündə olan söhbətlərdə İran İslam Respublikasına aid «T Araş» kimi qeyd olunmuş +98919 *** ** ** nömrə mövcuddur. Həmin telefonun whatsapp bölməsinə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs «T Araz» kimi qeyd olunmuş *** *** ** **, «Xuy» kimi qeyd olunmuş *** *** ** **, «T Nicat Gəmi» kimi qeyd olunmuş 055 *** ** ** nömrəli abonetlərlə aralarında olan yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı işə məşğul olur. Qeyd olunan protokola əlavə edilmiş fotoşəkillər məhkəmə iclasında tədqiq edilmiş və «T Araz» kimi qeyd olunmuş ***-***-**-** saylı mobil nömrədən Fərhad Hüseynovun istifadəsində olan «whatsapp» mobil tətbiqinə «Fərhad bi dene 10luqum var qaqaw. Sən Allah əlin çatan yerdən bidene dvij elədə», «Axi ümid var bugünə, yoxsa gedim başıma çarə tapım» məzmununda, «Xuy» kimi qeyd olunmuş ***-***-**-** saylı mobil nömrədən «1-2 günə gəlim səndən 05 götürüm də, pul verəcəm sən öl» məzmununda, «T Nicat Gəmi» kimi qeyd olunmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən «brat burdan hardasan virim yol ustu yoxdu axı bankamat. Catıram uje qardaşımsan ozun atarsanda qız da var yanımda. 03 patı başqa qoy, 07 başqa. Bide qardaşıva kola veresen de bir az», «brat mene bidene bütöv daş lazımdı puluynan düzələr», «brat bidene qardaşıva he yox yazda işimi bilim», «salam qerdes can sene brat bir sahata zada gelsem ora bidene qiram» məzmununda smslər yazıldığı, Fərhad Hüseynovun isə yazılan smslərin qarşılığında «hələki quraqlıqdı qaqas», «var varda binanın başında marketdən burda 5 dəqəyə parkdayam duzəldirəm» və s. məzmununda cavablar yazdığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X6 31 mart 2023-cü il tarixli 4075 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (i/v: 87) - Məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2023-cü il tarixli 6/1517 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №100» möhür əksi olan «Təqsirləndirilən şəxs... » yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir bükümdəki təmiz çəkisi 9,773 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir (i/v: 31-35). - Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli 1567 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v: 94-95). İbtidai istintaq orqanının işdə olan «maddi sübut kimi tanıma haqqında» 24 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə olan təmiz çəkisi 9,773 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 9,673 qram çəkidə olan qalıq hissəsi təqsirləndirilən şəxsin maddi sübutlarla tanış edildikdən sonra saxlanması üçün Sabunçu RPİ- nə təhvil verilmişdir. Həmçinin Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Əfsun Əzimov tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi barədə 12 mart 2023-cü il tarixli protokola əlavə etdiyi 01 ədəd «DVD» disk iş üzrə maddi sübüt kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir bükümdə içərisində külli miqdarda təmiz çəkisi 9,773 qram olan kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşıması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, qeyd olunan məzmunda sms yazışmaları təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Bununla belə məhkəmə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istehlak məqsədi ilə əldə etməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, üzərindən aşkar edilmiş narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşı Araş adlı şəxsdən 200 manata aldığını, həmin narkotik vasitə heroini o, həm öz istifadəsi üçün, həm də satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Belə ki, o, xərclədiyi 200 manat məbləğində pulu bərpa etmək üçün narkotik vasitənin bir hissəsini satmaq istəmiş, qalan hissəsini isə özü istifadə etmək niyyətində olmuşdur. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi sərbəst ifadəsində heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd etsə də, ona verilən suallara cavab olaraq dostlarının bəzən narkotik vasitə tapması üçün ona zənglər etdiklərini, bir dostunun ona 100 manat pul göndərdiyini, o isə həmin məbləğdə narkotik vasitəni alıb həmin şəxsə verməli olduğunu, Nicat adlı dostuna narkotik vasitə alması üçün vasitəçilik etdiyini bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı heç bir fiziki və psixi təsir göstərmədiklərini qeyd etmişdir. Bununla da məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələr özünü müdafiə xarakteri daşıyır və onun bu ifadəsi daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə irəli sürdüyü dəlillər kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla və daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və səmimi ifadələr verməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 1567 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 12 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 12 mart 2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,673 qram çəkidə olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş «Redmi Note 9» markalı mobil telefonun üzərində olan mobil nömrələrlə birlikdə təqsirləndirilən şəxsin anası X1 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 45 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 12 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,673 qram çəkidə olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş «Redmi Note 9» markalı mobil telefonun üzərində olan mobil nömrələrlə birlikdə təqsirləndirilən şəxsin anası X1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar