Məhkəmə qərarları › İş №1(101)-421/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-421/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-421/2025 15.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 24 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 aprel 2013-cü ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 05 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,827 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,983 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Südçülük Sovxozuna daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:00-da həmin yerdə özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin PPXB-nin polis nəfərləri tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən üzərində "3.1" yazısı olan bir ədəd qırmızı rəngli sellofanın içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 2,827 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,983 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən bəri narkotik vasitənin heroin növündən narkotikdən iyləmək yolu ilə istifadə edir, lakin müəyyən vaxtlar olub ki, narkotik vasitədən istifadə etməmişdir. O, ilk dəfə narkotik vasitədən Rusiyada yaşayarkən istifadə etməyə başlamışdır. O, narkotik vasitəni adətən «zaklatkadan» götürür. O, narkotik vasitə aldığı şəxslərin anket məlumatlarını bilmir. O, hər dəfə narkotik vasitəni fərqli qiymətə müxtəlif şəxslərdən alır. O, sonuncu dəfə narkotik vasitə almaq üçün internetdən götürdüyü mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin mobil nömrə İran İslam Respublikası vətəndaşının imiş. O, 1 büküm içərisində təxminən 2-3 qram olan narkotik vasitə heroini 120 manata almışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, əvvəllər Rusiyada yaşamış, orada alverlə məşğul olmuş, mühasib işləmişdir. İran İslam Respublikası vətəndaşının mobil nömrəsini internetdən tapmışdır. İran İslam Respublikası vətəndaşları şəkillər göndərir, seçim edib “M10” vasitəsilə pul köçürür. X11 Respublikası vətəndaşı narkotik vasitəni olduğu yerin şəklini atır və gedib ordan narkotik vasitəni götürür. İran İslam Respublikası vətəndaşının nömrəsi İran nömrəsi imiş. Ona qarşı fiziki təzyiq olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 noyabr 2023-cü il tarixdə axşamtərəfi saat 18:00 radələrində Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində bir nəfər şəxsin şübhəli olduğunu müəyyən edib ona yaxınlaşmışlar. Onlar ona polis əməkdaşları olduqlarını bildirib ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istəmişlər. Şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar şəxsdən burda dayanma səbəbini soruşduqda Təqsirləndirilən şəxs ünvan deyərək həmin ünvanda yaşayan tanışlarıgilə getdiyini demişdir. Onlar həmin ünvanda onun adını çəkdiyi şəxslərin yaşamadığını müəyyən edib Təqsirləndirilən şəxs şübhələnmişlər. Onlar onun suallardan yayınmağa çalışdığını görüb, onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib üzərində şəxsi axtarış keçirilməsi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Polis şöbəsində xidməti otaqda Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, müdafiəçi təyin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən bir ədəd sellofan, mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 20 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini, həmin maddələrin narkotik vasitə "patı” və "kakos” olduğunu, tanımadığı İran vətəndaşına 135 manat köçürərək aldığını, həmin maddələri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozundan götürərək şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Ona qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri Şahid1 və Şahid2 15 noyabr 2023cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü ildə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində bir nəfər şəxsin şübhəli olduğunu görüb onu saxlamışlar, həmin şəxs yayınmağa başladığı üçün onu 12-ci PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 noyabr 2023-cü il tarixli «şəxsi axtarış və götiirmə haqqında» protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd üzərində «3.1» yazısı olan qırmızı rəngli sellofanın içərisində 01 ədəd selofanın içərisində tünd qəhvəyi rəngdə maddə, 01 ədəd sellofanın içərisində ağ rəngli kristal formalı maddə, həmin gödəkçənin sol yan cibindən bir ədəd “Redmi” markalı telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələrin narkotik vasitə "Patı” və “Kakos” olduğunu, İran vətəndaşına 135 manat köçürərək aldığını, həmin maddələri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda götürərək istifadə üçün üzərində saxladığını bildirmişdir. Götürülmüş maddə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 44-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 noyabr 2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd «DVD» diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofanın içərisində tünd qəhvəyi rəngdə maddə, 01 ədəd sellofanın içərisində ağ rəngli kristal formalı maddə, həmin gödəkçənin sol yan cibindən bir ədəd telefonu təqdim edir. Təqsirləndirilən şəxs sorğu zamanı həmin maddələrin narkotik vasitə "Patı” və “Kakos” olduğunu, İran vətəndaşına 135 manat köçürərək aldığını, həmin maddələri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda götürərək istifadə üçün üzərində saxladığını bildirir. Götürülmüş maddə qablaşdırılıb götürülür. Cinayət işinin 34-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 16 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6030 nömrəli ekspert rəyindən görünür ki, tədqiqala təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 159" dairəvi möhür əksləri olan, "Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki üzərində «3.1» yazısı olan 1 (bir) ədəd qırmızı rəngli sellofanda 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,827 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,983 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixolrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin 82-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 noyabr 2023-cü il tarixli maddi telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Redmi” markalı telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus olan bir ədəd “Redmi” markalı telefonu təhvil almışdır. Cinayət işinin 124-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 may 2024-cü il tarixli diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qəbzdən görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş 06 dekabr 2023-cü il tarixli, 3/13-48/2-35112 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 144-155-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 24 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən material ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitələri istifadəsi üçün əldə etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün etirafını, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanuna əsasən narkotik vasitə olan “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 800 qramdan artıq xüsusilə külli miqdar, psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 10-cu bəndində göstərilir ki, CM-in 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları satma, yaxud prekursorları xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-in 234.3-cü maddəsi ilə məsuliyyət yaranmır. Eynilə, şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 20 may 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 aprel 2013-cü ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 05 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 118-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının 16 may 2024-cü il tarixli, 3363 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyalorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 141-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq olaraq araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 iyun 2024-eü il tarixli, 1827 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmıır. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmyab. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmaldır. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, cinayət işinin 14-cü vərəqəsində olan 15 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 71-73-cü vərəqələrində olan Sabunçu rayon prokuroru, baş ədliyyə müşaviri İbrahim Ləmbəranskinin 17 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı yerdən azad edilmişdir. Cinayət işinin 74-75-ci vərəqələrində olan Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 17 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 92-93-cü vərəqələrində olan Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 11 dekabr 2023-cü il tarixli məcburi gətirmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə tətbiq edilmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 01 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 100-cü vərəqəsində olan 03 may 2024-cü il tarixli şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı könüllü olaraq gəlmişdir. Həmçinin, məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs müxtəlif tarixlərə təyin edilmiş məhkəmə iclasları barədə əvvəlcədən xəbərdarlıq olunsa da, üzrlü səbəblər olmadan məhkəməyə gəlməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilərək onun barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2024cü il tarixdə Sabunçu RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən tutularaq Təcridxanaya təhvil verilmişdir. Bundan başqa, 30 dekabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2024-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdən 17 noyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın çəkilmə müddəti tutulduğu gündən, yəni 30 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,777 qram narkotik vasitə heroin və 0,933 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarışı əks etdirən 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarlarının və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununun izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 noyabr 2023-cü il tarixdən 17 noyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,777 qram narkotik vasitə heroin və 0,933 qram psixotrop maddə metamfetamin məhv edilsin. Şəxsi axtarışı əks etdirən 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar