Məhkəmə qərarları › İş №1(101)-422/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-422/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-422/2021 09.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi Mərkəzi küçədə DSK yolunda istintaqa şəxsiyyəti məlum olmayan “Vüsal" adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 5,689 qram olan narkotik vasitə heroini 85 manata əldə edib daşıyaraq üzərində saxlamış həmin gün saat 15:20 radələrində Binəqədi RPİ-nin 43-cü PB- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Mərkəzi küçədə DSK yolunda yerləşən avtobus dayanacağının yaxınlığında saxlanılaraq, Binəqədi rayonu, Ramazanov küçəsi 36\1 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü polis bölməsinə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ qabaq yan cibindən qara rəngli parça kisənin içərisindən 3 ədəd şəfaf polietilen bükümdə ayrı-ayrı təmiz çəkiləri 1,917 qr, 1,934 qr, 1, 711 qr, və 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0, 127 qr, ümumi təmiz çəkisi 5,689 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, mən əvvəllər də narkotik vasitələrin istifadəsi ilə əlaqədar 234.1-ci maddə ilə məhkum olunmuşdur. Özü uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. xx xxxx 2020-ci il tarixində ağrıları olduğuna görə narkotik vasitə almaq qərarına gəldi və günorta saatlarında narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər də 2 dəfə narkotik vasitə aldığı “Vüsal” adlı şəxsə zəng vurdu. Vüsal ona heroin olduğunu dedi və onlar Binəqədi rayonu, Binəqədi qəsəbəsində görüşmək qərarına gəldilər. Həmin gün, yəni xx xxxx 2020ci il tarixdə saat təxminən 13 radələrində avtobusla Binəqədi rayonu Binəqədi qəsəbəsi DSK yolu deyilən yerə getdi, orada “Vüsal” ilə görüşdü və ona 85 manat pul verdi, o isə ona 3 ədəd bükümdə, hər bükümdə 02 qram olmaqla heroin verdi. O həmin heroin olan şəffaf sellofan bükümləri parçanın içərisinə qoydu. Sonra isə həmin parçanı da şalvarının sağ yan cibinə qoydu. “Vüsal” oradan uzaqlaşdıqdan sonra o da Binəqədi qəsəbəsi, DSK yolu ilə avtobus dayanacağına tərəf getməyə başladı. Saat təxminən 14-15 radələrində iki nəfər tanımadığı şəxs ona yaxınlaşdı və özlərini polis kimi təqdim etdilər. Ona narkotik vasitələrin saxlanması, daşınması və satışında şübhəli olduğunu bildirdilər. Daha sonra isə onu Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə dəvət etdilər və onlarla birlikdə bölməyə getdi. Üzərinə baxış keçirildi v üstündəki əşyaları çıxarmaq təklif edildiyi üçün əynindəki göy rəngli cins şalvarın cibində olan parçanı masanın üzərinə qoydu. Həmin narkotik vasitələri satış məqsədi üçün deyil şəxsi istifadəsi üçün almışdı, satmaq fikirində olmamış, karantin olduğundan hər dəfə evdən çıxa bilməiyi üçün narkotikdən əlavə aldı ki, sonralar özü istifadə etsin. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü polis bölməsinə qərəzsiz və mötəbər mənbədən daxil olan əməliyyat məlumat gəldi və bildirildi ki, 1995-ci il təvəllüdlü Abşeron rayonu, Novxanı kəndində yaşayan Sulidin adlı şəxs Binəqədi rayonu Mərkəzi küçədə DSK deyilən ünvanda qanunsuz olaraq üzərində narkotik vasitələr daşımaqla yanaşı həm də istifadəsi ilə məşğul olur. Keçirilmiş bir sıra əməliyyataxtarış tədbirləri nəticəsində məlum olmuşdu ki, Sulidin adlı şəxs xx xxxx 1995-ci ildə Abşeron rayonunda anadan olan Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Sonuncunun xx xxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Bakı şəhəri Binəqədi rayonu, Mərkəzi küçədə DSK deyilən yolda olacağı, fərdi və xüsusi ələmatləri bildirilmişdir. Onun tərəfindən qeyd olunan məlumatın yoxlanılması, eyni zamanda Təqsirləndirilən şəxs yaxalanması məqsədi ilə Binəqədi RPİ-nin 43-cü PB-nin rəisinə raportla məruzə olundu və rəis tərəfindən raporta dərkənar qoyularaq qanuna müvafiq olaraq tədbir keçirilməsi tapşırığı verildi. Əməliyyat tədbirinin keçirilməsi ilə bağlı xidmət etdiyi bölmənin digər əməliyyat müvəkkili ilə əməliyyat qrupu yaradıldı. xx xxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində onlar Bakı şəhəri Binəqədi rayonu, Mərkəzi küçə DSK yolu deyilən yerə gedib, orada olan avtobus dayanacağının ətarafında özlərinə mövqe seçərək, müşahidələr aparmışlar. Həmin günü saat təxminən 15:20-də əlamətləri və şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu, Mərkəzi küçədə DSK yolunda yerləşən avtobus dayanacağında görüb sonuncuya yaxınlaşmış, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna və üzərində saxlayaraq daşıdığına görə onlarla Binəqədi RPİ-nin 43-cü PB- nə getməyini bildirmişlər. Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabe olaraq onlarla birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getmişdir. Sonra onlar Təqsirləndirilən şəxs polis bölməsinə gətirilməsi və eyni zamanda üzərinə CPM-nin tələblərinə uyğun olaraq axtarış-baxış keçirilməsi ilə bağlı raportla bölmənin rəisinə məruzə edib gətirilən şəxsi isə təhqiat qrupuna təhvil verdikdən sonra xidməti əraziyə getmişlər. Suliddin zaxlanılarkən üzərində narkotikin olduğunu etiraf etdi və üzərində olan narkotikin şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin cinayət- axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 16:50 radələrində polis bölməsində olduğu zaman bölmənin təhqiqatçısı polis baş leytenantı Fuad Alıyev ona bölməyə gətirilmiş və narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanmasında şübhəli bilinən X1 üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilməsində iştirak etməyi bildirmişdi. O, təhqiqatçı F.Alıyevlə razılaşıb sonuncunun xidməti otağına getmiş, təhqiqatçı F.Alıyev polis bölməsinə gətirilmiş X1 üzərinə şəxsi axtarış keçirilməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq, və vəzifələrini sonuncuya izah etmiş, sonra gətirilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının dövlət tərəfindən müdafiə edilməsi üçün Binəqədi rayon 11 saylı vəkil bürosundan vəkil X3 dəvət edilmişdi. Vəkil R.Hümbətov saxlanılan şəxsə təqdim edildikdə, saxlanılan şəxsin üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməyəcəyini, onun iştirakı olmadan axtarış-baxış keçirilməsini bildirmişdi. Bu barədə təhqiqatçı F.Alıyev tərəfindən protokol tərtib olunmuş, həmin protokol saxlanılan şəxs və şəxsi axtarışda iştirak edən şəxslər, o cümlədən vəkil R.Hümbətov tərəfindən də imzalarla təsdiq edilmişdi. Bundan sonra bölmədə vət. X1 üzərinə təhqiqatçı polis baş leytenantı F.Alıyev tərəfindən, bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 və ekspert krminalist Nəsimi İsmayılovun iştirakı ilə video görüntü ilə şəxsi axtarış keçirilmişdi. Şəxsi axtarış zamanı təhqiqatçı F.Alıyev şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklifi edilmişdi. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli parçadan kisə, həmin şalvarın sol yan cibindən bir ədəd Nokia markalı qara rəngli mobil telefonu, üç ədəd 10 qəpik çıxarıb masanın üzərinə qoymuşdu. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının ciblərini açması tələb olunmuş, sonuncunun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdı. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən çıxan qara rəngli parça kisəni açması tələb olunmuş, sonuncu üzərindən aşkar olunan qara rəngli parça kisəni açaraq içərisindən hər birində aşıq qəhvəyi rəngli maddə olan üç ədəd şəffaf selofan bükülünü və bir ədəd ağ rəngli kağız bükülünü çıxarıb masanın üzərinə qoymuşdu. Həmin ağ rəngli kağız bükülü açıldıqda, Təqsirləndirilən şəxs həmin ağ rəngli kağız bükülünün və üç ədəd şəffaf selofan bükülülərin içərisində olan açıq qəhvəyi rəngli toz şəkilli maddəni göstərərək onların narkotik vasitə olan heroin olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri həmin gün saat 14:50-də Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mərkəzi küçədən DSK yolu istiqamətində düşən yerdə adını “Vüsal” kimi bildiyi şəxsdən 85 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdi. Bundan sonra həmin üç ədəd selofan bükülü bir ədəd ağ rəngli kağız bükülü içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini və ölçüsünü müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdi. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan üç ədəd şəffaf selofan büküm və bir ədəd ağ rəngli kağız büküm zərfə qoyularaq zərflərin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri İmzalanmışdı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ona hər hansı bir fiziki güc və ya psixi təsir göstərilməmişdir. Cinayət işi materiallarında olan xx.xx.2020-ci İl tarixdə Binəqədi RPİ-nin 43-cü PBnin təhqiqatçısı, polis baş leytenantı Fuad Alıyev tərəfindən tərtib edilmiş şəxsi axtarış və baxış keçirilməsi barədə protokolundan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 15:20 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi Mərkəzi küçədə DSK yolu istiqamətində Binəqədi RPİ- nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq qeyd olunan polis bölməsinə gətirilmiş, o bölmənin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üstünə baxış keçirilmiş və baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ qabaq yan cibindən qara rəngli parça kisənin içərisindən 3 ədəd şəfaf polietilen büküm aşkar edildi. Təqsirləndirilən şəxs həmin bükülülərin içində narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün həmin günü Binəqədi rayonu, Binəqədi qəsəbəsi Mərkəzi küçədə DSK yolu istiqamətində düşən yerdə Vüsal adlı şəxsdən 85 manata aldığını bildirdi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəni heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmədə verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmişdir, eyni zamanda şahidlər də hər biri ayrı ayrılıqda verdikləri ifadələrində Təqsirləndirilən şəxs sorğu sual zamanı onun narkotiki özü istifadə etməsi üçün aldığını bildirməsini göstərmişdirlər. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışalara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir.Bundan başqa, adı çəkilən Plenumun Qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlarə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 349-cü maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlərin aid edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanın Təqsirləndirilən şəxs verdiyi izahatlara istinad etməklə onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticələri Təqsirləndirilən şəxs narkotik vasitə satması kimi ilə bağlı ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin xırda bağlamalara bükümlərdə olsa da belə həmin narkotik vasitələrinin məhz satış məqsədi ilə almasına dəlalət etmir. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/1322 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki 3 (üç) ədəd şəffaf polietilen bükümdə ayrı-ayrlıqda təmiz çəkisi 1,917 qr. 1, 934 qr. 1,711 qr. və 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,127, ümumi təmiz çəkisi 5,689 qr olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Həmin çəkidən ümumi 0,2 qram tədqiqata sərf edildiyindən qalıq isə 5,489 qram qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 6/2073 saylı rəyindən görünür ki, «Təhqiqat Obyekti N° 59» ştanp əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 3 (üç) ədəd şəffaf polietilen və 1 (bir) ədəd ağ rəngli kağız bükümlərdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Heroinin ümumi təmiz çəkisi 5,489 qram olmaqla təhqiqata sərf edildi ümumi 0,08 qram, qalıq isə 5,409 qram qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan xasiyyətnamdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2321 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidləri tərkibində saxlayan maddələrdən və psixatrop maddə olan metamfetamindən sui- istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Abşeron rayon məhkəməsinin 1(012)-166\2018 saylı xx xxxx 2018-cü il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdqan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 5.409 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 228 (iki yüz iyirmi səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxdan xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci 228 (iki yüz iyirmi səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 5.409 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar