Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-422/2024 07.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X10 ibarət tərkibdə, X3 qızı və Niyazova Nəzrin Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olub, faktiki olaraq Abşeron rayonu, Müşviqabad qəsəbəsində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət açıq məkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqa məlum olmayan «Bəhruz» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq psixotrop maddələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, sonuncudan xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan yerdə 50 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda təmiz çəkisi 5,051 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış və Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 19:40-da Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi 3 ünvanında yerləşən «Fizioterapiya və Reabilitasiya» mərkəzinin yaxınlığında saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 20:50-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan zoğalı rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 5,051 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə satmaq birinci növbədə onun ailə tərbiyəsinə, əqidəsinə zidd olan bir şeydir. Ona görə özünü bu ittiham üzrə qətiyyən təqsirli bilmir. O, mart ayının 16-ı səhər saatlarında «Papanin» adlanan ərazidə ümumiyyətlə olmamış, həmin vaxtlarda mədə problemləri ilə bağlı günorta saatlarına qədər X2 həkim qəbulunda olmuşdur. Həmin xəstəxana “28 May” metro stansiyanın yaxınlığında yerləşir. Onun həkim müayinəsində olmasını təsdiq edən sənədləri və resepti də var. Həkim müayinəsindən çıxıb iş yerinə getmiş, iş yerində olduğu müddətdə, saat 8 radələrində 4-5 polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib onlarla getməli olduğunu demişdir. Belə ki, onun siqareti qutarmış, o, iş yoldaşından maşından siqaretini gətirməsini xahiş etmişdir. İş yoldaşı siqaret üçün düşəndə polislər iş yoldaşını onunla səhv salıb onu tutmuşlar. İş yoldaşı yanlışlıq olduğunu, Şamilin yuxarıda olduğunu demiş, bundan sonra polis əməkdaşları ofisə daxil özlərini təqdim edərək onu polis bölməsinə dəvət etmişlər. O, heç nə anlamasa da polis əməkdaşları ilə birlikdə getmiş, gecə saat 11-12 radələrində təhqiqatçı gəlmiş və ondan üzr istəyərək narkotik vasitənin üzərindən aşkar olunduğunu bildirmişdir. Təhqiqatçı ona bir büküm göstərmiş və digər iki nəfərin də onun hal şahidləri olduğunu demişdir. Polis əməkdaşları ona heç bir təzyiq göstərməmiş, o, ifadə verməmiş, heç bir sənədi imzalamamış, onu bunun üçün məcbur edən də olmamışdır. Bir gündən sonra o, Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxmış və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdir. O, 2015-ci ildə Nardaran işi ilə əlaqədar həbs olunmuş, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli sərəncamı ilə əfv olunmuş və həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, ona narkotik vasitəni göstərən təhqiqatçı Yalçın olmuşdur. Onunla video çəkiliş aparacaqlarını desələr də, heç bir videoçəkiliş aparılmamışdır. Ona heç kim fiziki təzyiq göstərməmişdir. Onu axşam saatlarında iş yerində tutmuşlar. Onun əvəzinə saxlanılan iş yoldaşının adı Elmar Məmmədov olmuş, polis əməkdaşları ona heç nə etməmişlər. Onun üzərində axtarış olmamış, hətta ona qarşı çox gözəl münasibət göstərmişlər. Təhqiqatçı ona büküm göstərərək həmin bükümün onun üzərindən aşkar olunduğunu, orada iştirak edən iki nəfər şəxsin də hal şahidi olduğunu bildirmişdir. O, saat 20-21 radələrində tutulmuş, təhqiqatçı ilə onun arasındakı həmin söhbət isə saat 23-24radələrində olmuşdur. Həmin müddət ərzində o, növbətçi hissədə oturmuşdur. Onu müvəqqəti saxlama yerinə belə salmamış, qoluna qandal da vurulmamışdır. O, ailəsinıə məlumat vermək istəsə də ona bunun üçün icazə olmadığını bildirmişlər. Vəkili elə həmin gün görmüş, həmin vəkili özü seçməmişdir. O, ailəsi ilə əlaqə saxlaması üçün vəkildən kömək etməsini xahiş etmiş, vəkil bununla bağlı çalışacağını desə də, sonradan vəkili görməmişdir. Həmin vəkil sənədləri imzalamaqdan imtina etdiyini görmüş, lakin səbəbini soruşmamışdır. Onu müstəntiqin yanında aparmışlar, orada üzləşdirmə həyata keçirilmiş, şahidlər guya axtarış zamanı onun üstündən narkotik vasitə tapıldığını bildirmiş, o da bütün bunların hamısının böhtan olduğunu bildirmişdir. İş yeri “Fizioterapiya və Reabilitasiya” mərkəzinin yerləşdiyi binanın 5-ci mərtəbəsində yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə ə/m, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair 2023-cü ilin əvvəllərində əməliyyat məlumatı daxil olmuşdur. Onu müəyyən etdikdən sonra şəxsə yaxınlaşaraq PBnə dəvət etmişlər, polis bölməsinə gətirildikdən sonra onun üzərində aparılan baxış zamanı metamfetamin aşkar edilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs polis bölməsinə gətirdikdən sonra üzərində aşkar edilən narkotik maddə ilə əlaqədar dediklərini tam xatırlamır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Onlara gün ərzində çox saylı məlumat daxil olduğundan, Təqsirləndirilən şəxs barəsində olan məlumatın nə vaxt daxil olduğunu xatırlamır. O, Binəqədi RPİ-nin PB-də fəaliyyət göstərir. Nərimanov rayonu ərazisində əməliyyat keçirməli olduqları zaman, əvvəlcə öz idarə rəislərinə raport yazırlar, rəis isə əməliyyat keçirilməli olan rayonun polis rəisinə məlumat verir. Beləliklə onlar başqa inzibati ərazidə əməliyyat həyata keçirə bilirlər. Onlar Şamili orada yerləşən klinikanın həyətində saxlamışlar. Şəxs onu saxladıqları zaman orada nə etdiyini xatırlamır. Təqsirləndirilən şəxs saxlanılmasında əməliyyat müvəkkili Şahid2 ilə birlikdə iştirak etmişdir. Klinikanın içərisinə daxil olub-olmadıqlarını xatırlamır. Orada Təqsirləndirilən şəxs əvvəl başqa bir şəxsi saxlamamışlar. Özlərini təqdim etdikdən sonra Şamili narkotik vasitə ilə bağlı PB-nə dəvət etmişlər. O, bir ay ərzində ona daxil olan əməliyyat məlumatlarının sayını dəqiq bilmir və sənədləşdirmə işi ilə məşğul olmur. Şamil Abuləliyevin üzərində narkotik vasitə daşıması barəsində əməliyyat məlumatı daxil olmuşdur. Saxlanılan zaman dərhal onun üzərində axtarış keçirməmişlər. Onun qollarına qandal vurub-vurmamağını xatırlamır. Şəxsi PB-nə necə apardıqları, avtomobilin kimə məxsus olması, avtomobili kimin idarə etməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsindəki xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, “Azadlıq” metro stansiyasının yaxınlığında “Zümrüd” şadlıq evinin yanında polis əməkdaşları ona yaxınlaşmış və onu hal şahidi qismində bölməyə dəvət etmişlər. Bölmədə Şamil adlı şəxsi göstərmişlər. Həmin Şamil adlı şəxsin üzərinə baxış keçirilən zaman cibindən büküm çıxarıb təqdim etmişdir. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, baxış zamanı iki nəfər əməliyyatçı və ondan başqa bir nəfər də hal şahidi iştirak etmişdir. Müstəntiqə ifadə verərkən gördüklərini daşınmışdır. O, danışmış, onun danışdıqlarını da müstəntiq yazmışdır. Həmin ifadəni imza etdirmişlər. O, ifadə verərkən digər hal şahidi orada olmamışdır. digər hal şahidini o, əvvəllər heç yerdə görməmişdir. Digər hal şahidi ilə ifadələrinin eyni məzmunda olmasının səbəbini bilmir. Polis əməkdaşları ona yaxınlaşanda axşam saatları olmuş, hava qaralmışdır. Ona iki nəfər polis əməkdaşı yaxınlaşmış, həmin polisləri daha sonra Binəqədidə bölmədə görmüşdür. Onu bölməyə dəvət edən polis əməkdaşlarını sonra heç yerdə görməmişdir. Bölmədə otağa dəvət etdilər və təqsirləndirilən şəxsin yanına gətirdilər. Təqsirləndirilən şəxsin yanında iki nəfər əməliyyatçı və bir nəfər də arıq oğlan olmuşdur. Əməliyyatçılardan biri Şamildən üstündə nə olduğu soruşulmuş, Şamil cibindən bir büküm çıxarıb vermişdir. Şamilin cibindən başqa heç nə çıxmamışdır. Şamili bir dəfə üstünə baxış keçiriləndə, bir dəfə də şöbədə üzləşmədə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və hal şahidlərinin iştirakları ilə Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Yalçın Zeynalov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan zoğalı rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə kütlə aşkar edilərək götürülmüşdür. (i/v: 33-35) - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1628 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN «Zərflər üçün №174» möhür əksi, «...S.Abduləliyev...» və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,051 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddəlri»-in siyhasma (Siyahı İ) daxildir. (i/v: 44-48) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 üzrə xx.xx.2023-cü il tarixli 2218 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i/v: 158-159) - İbtidai istintaq orqanının işdə olan maddi sübut kimi tanıma haqqında 18 mart 2023cü il tarixli qərarından və raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5,051 qram təşkil edən, tədqiqata sərf edildikdən sonra çəkisi 4,951 qram metamfetamin maddi sübut kimi tanınaraq, saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. (i/v: 106-107) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin maddənin onun üzərindən aşkar olunması sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə kimyəvi-ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir, bununla belə Təqsirləndirilən şəxs həmin külli miqdarda psixotrop maddə olan metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə psixotrop maddəni əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun psixotrop maddəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə psixotrop maddənin satışını həyata keçirən zaman saxlanılmamış, psixotrop maddənin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilməmiş, mənzilindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Həmçinin onun İİR-nın vətəndaşı ilə qabaqcaqdan əlbir olması ilə bağlı ittiham da öz təsdiqini tapmamış, onun hər hansı bir şəxslə (o cümlədən İİR-nın vətəndaşı ilə) arasında əvvəlcədən sövdələşmənin olmasını təsdiq edən heç bir sübut, o cümlədən hər hansı bir yazışma və ya şahid ifadəsi əldə edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin bir bükümdə olmuş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin narkotik vasitədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış psixotrop maddəni ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetmədiyindən, onun əməlində qabaqcadan əlbirlik əlamətinin olması da istisna olunur. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Göstərilən halların ümumi məcmusu Təqsirləndirilən şəxs əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.7, 29,120.2.12, 28,214.2.1, 28,214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə təqsirli bilinib 14 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsində 315-ci maddəsinə tövsif edilib barəsində 14 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2545 saylı Sərancamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (i/v: 141-155) Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 8 il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs azad edildiyi vaxtdan hazırkı cinayət işi üzrə cinayət əməli törədilən tarixədək 8 il keçmədiyindən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, həmçinin müxtəlif xəstəliklərinin olmasını, o cümlədən İİİ dərəcəli əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş AZ-İİİ 041828 №-li Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində X6 adlı xx.xx.2012-ci il təvəllüdlü bir azyaşlı uşağı var. Həmçinin müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Əlillik vəsiqəsi və Tibbi-Sosial Ekspert Komissiyasının müayinəsinə dair elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. O cümlədən məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza təyini ilə bağlı yekun nəticəyə gələrkən məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallarla yanaşı, onun üzərindən aşkar edilmiş psixotrop maddənin külli miqdar həcminin minimum həddinə yaxın olmasını, habelə onun sağlamlıq imkanlarının məhdud olmasını, daimi həkim nəzarətində olması zərurətini nəzərə alaraq, hesab edir ki, hazırki halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən az olmamaq şərti ilə deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, сəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Məhkəmə Şamil Abuləliyevin bud sümüyünün sınığı, sağ budun başının avaskulyar nekrozu, sağ bud canaq oynağında degenerativ dəyişiklik, yaxınlaşdırıcı konturaksiyası, sol pəncənin daraxarxa birləşməsinin degenerativ dəyişikliyi, sağ aşağı ətrafın dış ratasiyası, əzələlələrin atrofiyası, 3.0 qısalığı ağrı sindromu ilə. Onikibarmaq bağırsağın xorası. Kəskin deşilmə ilə, mədə rezeksiyasından sonrakı vəziyyət. Deping sindromu İİ dərəcə. Anemiya (9.0g/dl) boy çəki indeksi-23.3 (məhkəmə bu hissədə cinayət işinin materiallarına əlavə edilmiş Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışa istinad etmişdir) xəstəliklərindən əziyyət çəkməsini və onun sağlamlıq vəziyyətini nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının dörddə üçü həddində cəza təyin edilməsi onun sağlamlığına kifayət qədər mənfi təsir göstərə və vəziyyətinin ağırlaşmasına səbəb ola bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarını və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların mövcud olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi təhlükəli residivə görə cəza bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə təyin edilmiş cəzanın xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,951 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 110 (yüz on) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 65.2ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Nərimanov RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,951 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-422/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-422/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver