Məhkəmə qərarları › İş №1(101)-423/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-423/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-423/2022 27.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X3 və X4, müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 iyun 1980-ci il tarixdə Gürcüstanın Saqareco şəhərində doğulmuş, Gürcüstan vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, müvəqqəti olaraq Bakı şəhəri Suraxanı rayonu, S.Bəhlulzadə küçəsi, döngə 17, ev 11, mənzil 69-da qeydiyyatda olub, ünvan 4-da yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 45,097 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Südçülük sovxozu 39/10 ünvanda yerləşən mənzilinə daşıyaraq 44,407 qramını bir ədəd bağlamada qablaşdırıb həmin mənzilin yataq otağında, qalan 0,690 qramını bir ədəd bağlamada qablaşdırıb üzərində saxlamış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 iyun 2021-ci il tarixdə saat 09:40-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu 39/10 ünvanında yerləşən mənzilinə və üzərinə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda 44,407 qram çəkidə psixotrop maddə və üzərində metamfetamin izləri olan bir ədəd elektron tərəzi, yataq otağındakı dolabın üzərindən bir ədəd şəffaf sellofan bağlamada, 0,690 qram çəkidə psixotrop maddə metamfetamin, əynindəki qara rəngli cins şalvarın ön sol yan cibindən bir ədəd şəffaf sellofan bağlamada aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2008-ci ildən etibarən Azərbaycanda yaşayır. Tutulmazdan 3-4 ay qabaq psixotrop maddə metamfetamin qəbul etməyə başlamışdır. Avtomobili bazarında işləyərkən ilk dəfə Azər adlı müştərisindən pulsuz metamfetamin alıb qəbul etmiş və sonradan mütəmadi metamfetamin qəbulu nəticəsində onda asılılıq yaranmışdır. Bundan sonra Azərdən pulla metamfetamin alıb qəbul etməyə başlamışdır. Azər özü də metamfetamin aludəçisi olmuş və bildiyinə görə metamfetamini Babək adlı tanışından almışdır. Bir müddətdən sonra Azər ona Babəkin +**********3 saylı Rusiya Federasiyasına məxsus nömrəsini verib onunla əlaqə saxlamasını, həmin şəxsin ona metamfetamin təşkil edəcəyini demişdir. Bundan sonra bir neçə dəfə Babəklə «Whatsapp» sosial tətbiqi vasitəsi ilə əlaqə saxlayıb, ondan az miqdarlarda şəxsi istifadəsi üçün metamfetamin almağa başlamışdır. Belə ki, o, Babəkin göndərdiyi plastik bank kartı nömrəsinə pul ödəmiş, sonuncu da öz adamları vasitəsi ilə şəhərin müxtəlif yerlərinə metamfetamin qoydurmuş, o da psixotrop maddəni həmin yerlərdən götürüb qəbul etmişdir. Hər dəfə az miqdarlarda metamfetamin alarkən tutulmaq ehtimalı çox olmasına görə, bir dəfəlik külli miqdarda metamfetamin almaq və yaşadığı evdə saxlayıb hissə-hissə qəbul etmək qərarına gəlmişdir. Odur ki, tutulmamışdan təxminən bir həftə əvvəl Babəkə 30 qram metamfetamin sifariş vermişdir. 9 iyun 2021-ci il tarixdə «Whatsapp» vasitəsilə Babəklə əlaqə saxlayıb ona pul düzəltdiyini bildirmiş, həmin gün pulu ödəmə terminalı vasitəsilə Babəkin ona göndərdiyi plastik kart nömrəsinə köçürmüşdür. Sonra Babək metamfetaminin qoyulduğu yerin şəklini «Whatsapp» tətbiqi vasitəsilə ona göndərmişdir. O da Xırdalan şəhərində, yolun kənarına qoyulmuş sellofana bükülmüş metamfetamini götürüb yaşadığı mənzilə aparmışdır. Orada elektron tərəzi vasitəsilə psixotrop maddəni çəkmiş və Babəkin onu aldatmadığına əmin olmuşdur. Həmin bağlamanı və tərəzini yaşadığı mənzilin yataq otağəndakı paltar dolabının üstünə qoymuşdur. Tutulan günə kimi metamfetaminin az bir hissəsini qəbul etmişdir. 11 iyun 2021-ci il tarixdə axşam saatlarında qohumu X2 onun evinə qonaq gəlmişdir. Səhəri gün saat 9:30-da Nizamı evdə qoyub çörək almaq üçün evdən bayıra çıxmışdır. Bu zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Sonuncular onun yaşadığı evdə silah olmasından şübhələnib gəlsələr də, o, yaşadığı evdə psixotrop maddə olduğunu etiraf etmişdir. Polis əməkdaşları onun razılığı ilə yaşadığı mənzilə baxış keçirərkən yataq otağında saxladığı bir büküm metamfetamini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Ona verilən ittihamla razı deyildir. Heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, BMCMİnin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. İdarəyə Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadığı mənzildə saxlaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 12 iyun 2021-ci il tarixdə «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərar qəbul edilmiş və idarənin əməkaşları Şahid3, Şahid2, Şahid4 və təhqiqatçı Yusif Yusifovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra qərarın icrası ilə əlaqədar həmin gün saat 9:30-da əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs həmin ünvanın yaxınlığında saxlanılmışdır. Sonuncu üzərində və yaşadığı mənzildə psixotrop maddə olan metamfetamin saxladığını etiraf etmiş və yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Onlar evin həyətinə daxil olarkən İsmayılın xalası oğlu X2 da orada olmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı sonuncu əynində olan qara rəngli cins şalvarının ön sol cibindən «Sobranie» markalı siqaret qutusunu, şalvarın cibindən iki ədəd mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs siqaret qutusunu açıb içindən bir ədəd şəffaf sellofan bükümü göstərib həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim olunan bükümə baxış keçirilərkən bükümün içərisindən ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs evin yataq otağında qapıdan sol tərəfdə yerləşən paltar dolabının üzərindəki bir ədəd şəffaf sellofan bağlamanı və bir ədəd elektron tərəzini götürüb təqdim etmişdir. Həmin bağlama açıldıqda içindəki maddənin ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər maddələr olduğu müşahidə olunmuşdur. Bir ədəd elektron tərəziyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs tərəzi və təqdim etdiyi maddələr barədə sual verilmiş, sonuncu psixotrop maddə metamfetamin istifadəçisi olduğunu, təqdim etdiyi bir ədəd büküm və bir ədəd bağlamada metamfetami sosial şəbəkədə tanış olduğu «Babək» adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra evin otaqlarına baxış keçirilmiş, lakin, hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Aşkar edilmiş maddələr və elektron tərəzi bir ədəd kağız zərfdə Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Şahid4 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə xala oğludurlar. 11 iyun 2021-ci il tarixdə saat 23:00 radələrində İsmayılın yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Südçülük sovxozundakı evlərinə getmişdir. İsmayılın evdə sərxoş olmuş, ailə üzvlərinin əməliyyat olan qızının Ramanadakı yaşadığı evə getdiklərini bildirmişdir. İsmayılın sərxoş olduğunundan, onunla bir o qədər ünsiyyət saxlamamış, mənzildəki televizor olan otaqda uzanıb yatmışdır. 12 iyun 2021-ci il tarixdə saat 09:20 radələrində yuxudan oyananda İsmayılın evdə olmadığını görüb, evin həyətinə çıxmışdır. Həmin vaxt həyətdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşlarını görmüşdür, sonuncular İsmayıla narkotik vasitə və psixotrop maddəni üzərində gəzdirməkdə və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirmiş, İsmayıl da polis əməkdaşlarına həqiqətən də üzərində və yaşadığı evə «şüşə» kimi tanınan psixotrop maddə olduğunu bildirib, mənzilə dəvət etmişdir. İsmayıl mənzildə olarkən əynində olan qara rəngli cins şalvarın ön sol yan cibindən «Sobranie» siqaret qutusunda saxladığı bir ədəd sellofan bükümü təqdim edib içindəkinin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Onun yanında polis əməkdaşları sellofan bükümü açdıqda içində ağ rəngli, kristal şəkilli maddə olduğunu görmüşdür. Daha sonra polis əməkdaşları əgər mənzildə əlavə olaraq psixotrop maddə varsa təqdim etməsini təklif etmiş, İsmayıl səmimi olaraq yataq otağındakı paltar dolabının üzərindəki bir ədəd sellofan bağlamanı və həmçinin bir ədəd elektron tərəzini götürüb polislərə təqdim etmişdir. Həmin bir ədəd ədəd sellofan bağlama polis əməkdaşları tərəfindən açıldıqda onun içərisindən oxşar maddənin, yəni ağ rəngli, kristal şəkilli maddənin aşkar olunduğunu görmüşdür. Şifahi sorğu-sual zamanı İsmayıl psixotrop maddə metamfetamin istifadəçisi olduğunu, təqdim etdiyi bir ədəd bükümdə və bir ədəd bağlamada olan metamfetamini Babək adlı şəxsdən aldığını demişdir. Daha sonra polislər İsmayılı BMCMİ-yə apamış, orada tərtib ediləcək protokolla tanış olmaq üçün onu da dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmiş, orada tərtib olunmuş protokolla tanış olduqdan sonra düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2021-ci il tarixli 6/2397 saylı rəyindən görünür ki, tədqiqata üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə və yaşadığı mənzildən... və s. yazılar olan kağız paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 44,407 qram və 0,690 qram, ümumi təmiz çəkisi 45,097 qram ağ rəngli kristalşəkillİ kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd gümüşü rəngli elektron tərəzi üzərində metamfetamin izləri vardır. Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş metamfetamin kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Tədqiqat zamanı ümumi təmiz çəkisi 45,097 qram metamfetamindən tədqiqata cəmi 0,08 qram sərf edilmiş, metamfetaminin qalıq çəkisi 45,017 qram təşkil edir. İşin 5-6-cı vərəqlərindəki BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 12 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə BMCMİ-yə məlumat daxil olmuş və həmin əsasla Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması ilə bağlı əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 13 sentyabr 2021-ci il tarixli 3405 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən suistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. İşin 10-13, 66-67-ci vərəqlərindəki baxış və götürmə aparılması haqqında və DVD-də olan videogörüntüyə baxış keçirilməsi haqqında protokollardan görünür ki, 12 iyun 2021-ci il tarixdə saat 9:40-da ünvan 4 ünvanda yerləşən mənzilə videoçəkilişlə həyata keçirilən baxış zamanı bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının ön sol yan cibindən, həmin mənzilə baxış zamanı bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə metamfetamin və üzərində metamfetamin izləri olan bir ədəd elektron tərəzi mənzilin yataq otağındakı dolabın üzərindən aşkar olunaraq götürülmüşdür. İşin 114-115-ci vərəqlərindəki «maddi sübut kimi tanıma haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş məhkəmə-kimyəvi ekspertiza tədqiqatından sonra bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 45,017 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. İşin 133-134-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 28-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki ******* nömrəli əcnəbinin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs 14.11.2008-ci il tarixdən Azərbaycan Respublikasında yaşayır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.2 və 52.2.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə şamil edilmir. Təqsirləndirilən şəxs 2008-ci ildən etibarən Azərbaycan Respublikasının ərazisində yaşadığından ona həmin cəza təyin edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməli, ona həmin maddə ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikasının DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş, bir ədəd kağız paketdə qablaşdırılmış tədqiqatdan sonrakı qalıq çəkisi 45,017 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış və götürmə aparılmasının görüntülərini özündə əks etdirən bir ədəd disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş, bir ədəd kağız paketdə qablaşdırılmış tədqiqatdan sonrakı qalıq çəkisi 45,017 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə aparılmasının görüntülərini özündə əks etdirən bir ədəd disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar