Məhkəmə qərarları › İş №1(101)-424/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-424/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-424/2020 07.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olmaqla qəsdən Azərbaycan Respublikasının hüdudlarından kənarda, digər Azərbaycan Respublikası vətəndaşlarının da iştirak etdiyi ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış Suriya Ərəb Respublikası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Cəbhət-an Nusra” («X24») adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan Azərbaycan Respublikası vətəndaşı X12 rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş, eləcə də həmin cinayət əməlinə görə həm Suriya Ərəb Respublikasında, həm də Azərbaycan Respublikasında məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən Suriya Ərəb Respublikası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə xx xxxxxx 2013-cü il tarixdə Rusiya Federasiyasına, oradan isə 2013-cü ilin oktyabr ayında Türkiyə Respublikasına gedərək, Türkiyənin Hatay şəhəri istiqamətindən sərhəddən qanunsuz yolla Suriya Ərəb Respublikası ərazisinə keçərək, həmin dövlətin, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “Cəbhət-an Nusra” («X24») adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan Azərbaycan Respublikası vətəndaşı X12 rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibinə digər Azərbaycan Respublikasının vətəndaşları ilə birlikdə qoşularaq, qanunsuz silahlı birləşməyə aid təlim düşərgələrində müxtəlif hərbi təlimlərdə iştirak etdikdən sonra ona təhkim edilmiş döyüş sursatı ilə birlikdə “UZİ” tipli avtomat silahla 2014-cü ilin mart ayınadək həmin qanunsuz silahlı birləşmənin nəzarətindəki ərazilərdə yerləşən postların mühafizəsində iştirak etmiş və bu cinayət əməlinə görə xarici ölkədə - Suriya Ərəb Respublikasında məhkum olunmamışdır. Təqsirləndirilən şəxs 2014cü ilin mart ayında Suriya-Türkiyə sərhədini qanunsuz olaraq keçməklə Türkiyə Respublikasına qayıtmış, xx xxxxxxx 2019-cu il tarixdə isə Türkiyədən Azərbaycan Respublikasına deportasiya edilmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Rusiya Federasiyasında ali məktəbdə təhsil almağa başlamış, universitetin sonuncu kursunda oxuyan vaxtlarda dinlə maraqlanmışdır. Daha sonra dini savadını artırmaq üçün Suriyaya getmək qərarına gəlmişdir. O, Rusiyadan Türkiyə Respublikasına, oradan isə Suriyaya getmişdir. Suriyada təxminən 2-3 ay qalmış və orada dinlə bağlı müəllimlərdən dərs almışdır. O, Suriyada olduğu üçün ona bu maddələrlə ittihamlar verilmişdir. Əslində isə, o, heç bir qruplaşmanın üzvü olmamış, heç bir döyüşdə iştirak etməmiş və heç vaxt silahdan istifadə etməmişdir. Proses iştirakçıları tərəfindən verilmiş suallara cavabında Təqsirləndirilən şəxs bildirdi ki, o, əvvəllər heç vaxt Suriyada olmamış, getməmişdən əvvəl Suriyadakı vəziyyətlə maraqlanıb məlumat almışdır. O, Suriyanın Atma şəhərinə getmiş, orada olan Hocaların yanına gedib elmi təhsil almışdır. Aqil adlı şəxsi tanımır və heç bir silahlı birləşmənin tərkibində iştirak etməmişdir. Təxminən 2-3 ay Suriyada olmuş və bu müddətdə Atma şəhərində hərbi əməliyyatlar keçirilməmişdir. O, ailəlidir, iki uşağı vardır, həyat yoldaşı heç bir fəaliyyətlə məşğul olmur. Suriyaya getdikdən bir müddət sonra evlə əlaqə saxlamışdır. Suriyada olduğu müddətdə atası iki dəfə onların yanına gəlmişdir. O, atasına demədən Suriyaya getmişdir. Suriyada o, İlham kimi çağırılmış, lakin uşağı olandan sonra “Muhammed» deyə çağırılmışdır. Münaqişə başlayan zaman ondan həmin münaqişələrdə iştirak etmək istəyi soruşulmuş, o da, münaqişələrdə iştirak etmədiyi üçün Türkiyəyə qayıtmışdır. Türkiyədə olduğu müddətdə xırda ticarətlə məşğul olub ailəsini saxlamışdır. Ailə quranda valideynlərinin razılığı olmamışdır. O, Suriyada mədrəsədə qalmışdır, “Ən Nusra»nın üzvü olmamışdır. Aqil adlı şəxsi tanımadığından, belə bir şəxsin “Ən Nusra»nın üzvü olub-olmadığını bilmir. O, heç bir təlimlərdə iştirak etməmiş və “UZİ” tipli avtomat silahı olmamışdır. Qanunsuz birləşmənin tərikbində olmadığı üçün döyüş planının hazırlanmasında da iştirak etməmişdir. Eldost adlı şəxsi tanıyır, sonuncu ilə 5-ci sinifdə bir yerdə oxumuşdur. O, Suriyada Eldostu görməmişdir. Eldostun “Sumqayıt camaatı» ilə əlaqəsi olması barədə məlumatı olmuş, Qəbələli Davudu isə tanımamışdır. Rusiyada oxuduğu universitetə gedib-gəlmiş, 2-ci kursdan sonra qiyabi təhsil almış, təhsilini valideynlərinin məsləhəti ilə qiyabi təhsilə çevirmişdir. Universitetə qəbul olan zaman dinlə maraqlanmamışdır. xx xxxxxx 2020-ci il tarixdə DTX-nə və istintaqın rəisinə istintaq zamanı verdiyi etirafedici ifadələrindən imtina etməsi barədə müraciət etmiş, lakin həmin ərizəsi işə əlavə olunmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq edildi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək həmin ifadələrində göstərmişdir ki, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuşdur. 1998-ci ildən 2006-cı ilədək Bakı şəhəri, Yasamal rayonunda yerləşən Respublika İncəsənət Gimnaziyasında orta təhsil almış, daha sonra 2006-2009-cu illərdə Heydər Əliyev adına X9 orta təhsilini davam etdirmişdir. 2009-cu ildə orta məktəbdən məzun olduqdan sonra X3 şəhərində yerləşən Xalqlar Dostluğu universitetində hüquqşünaslıq ixtisası üzrə əyani təhsilə qəbul olmuş, lakin 2-ci kursdan təhsilini qiyabi davam etdirmişdir. 2013-cü ildə Şahid2 ilə dini nikaha daxil olmuşdur. 2012-ci ildə onun 5-ci sinifdən tanıdığı dostu Eldost onunla dini söhbətlər etməklə əhli sünnəyə etiqad etməyinə səbəb olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, Eldost da sələfilərin Sumqayıt camaatı adlanan qrupuna daxildir. O, 2012- 2013-cü illərdə həmin camaatlığın üzvləri ilə görüşərək dini müzakirələr aparmışdır. Eldost 2013-cü ilin avqust-sentyabr aylarında Suriya Ərəb Respublikasına cihad etmək məqsədilə getmişdir. Həmin vaxtlarda o da, həm cihad etmək, həm də hicrət etmək məqsədilə Suriyaya getməyi planlaşdırmışdır. Bu vaxtlar o, Sumqayıt camaatının üzvü olan Qəbələli Davuda (Əzimli Məhəmməd) hicrət etmək üçün müraciət etmiş, lakin ona gözləməyi və səbr etməyi tövsiyə etmişlər. Lakin qiyabi təhsili ilə bağlı Moskvaya gedərkən oradan Suriyaya getmək məqsədilə 2013-cü ilin oktyabr ayında Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Qısa müddət sonra oradan Hatayda yerləşən Reyhanlı sərhəd məntəqəsindən Suriyanın Atma şəhərinə keçmişdir. İlin sonuna kimi o, Atmada qalmışdır. Həmin dövrdə həyat yoldaşı Şəfaya Azərbaycandan Türkiyə gəlməyi tapşırmış, Şəfa da təxminən 2013-cü ilin sonlarında Türkiyəyə İstanbula gəlmişdir. O, Atmadan İstanbula gələrək Şəfanı qarşılamış və onlar qısa müddət İstanbulda qalaraq sonra yenidən Reyhanlı sərhəd məntəqəsinin yaxınlığından Atma şəhərinə keçmişlər. Orada bir müddət qaldıqdan sonra o, Sumqayıt camaatının əmiri Aqilin (Əbu Muhamməd) Suriyada olduğunu öyrənmiş, həmin şəxslərin olduğu yerə, yəni Hələb şəhərinin yaxınlığında yerləşən Rif Mühəndisin qəsəbəsinə getmiş və onlara qoşularaq orada qalmışdır. Orada olarkən o, Eldostu, Əbu Fatiməni, Əbu Musənnanı, Abdurrahmanı, Eldostun qardaşı Muradı, Əhmədi, Davudu (Əzimli Məhəmməd), Xalidi, Elnuru, Maqsudu, Ruslanı, Abdulşəhidi, Adili, Əbu Cəfəri (Tərtərli Vilayət), Tural Şahverdiyevi tanımış və onları 2 ay ribata, yəni qarovula çıxarmışlar. Ribata çıxarkən Rif Mühəndisin qəsəbəsində yerləşən yaşadıqları binaları mühafizə etmişlər. Onun istifadəsində “UZİ” markalı silah olmuşdur. O, həmin silahı Suriyada olduğu vaxtlarda öz pulu ilə təxminən 500 ABŞ dollarına almışdır. Orada olanda onlara silahla bağlı təlimləri “Əbu Fatimə” ləqəbli şəxs keçmişdir. Daha sonra qaldıqları Hələb şəhərinin yaxınlığında İŞİD və X20 arasında vəziyyət gərginləşdiyinə görə həyat yoldaşlarını Suriya-Türkiyə sərhədində İdlibdə yerləşən Sarmada adlı yerə göndərmişlər. Daha sonra vəziyyət sakitləşəndən sonra həyat yoldaşlarını geri qaytarmışlar. Həyat yoldaşı orada yalnız ev işləri ilə məşğul olmuş, onun oradakı fəaliyyəti ilə heç bir əlaqəsi olmamışdır. O, Suriyada olduğu müddətdə atası 2 dəfə onu geri qaytarmaq üçün oraya gəlmiş, lakin o, imtina edərək qayıtmamışdır. Sonra 2014-cü ilin mart ayında X20 və Cəbhə ən-Nüsra onların qaldıqları yerə gələrək onların camaatlığının üzvlərini girov götürmüşdür. 15 gün əsirlikdə qaldıqdan sonra camaatın əmiri Aqili, misirli din müəllimini və tərcüməçisi Abdurrahmanı saxlamaqla onları azad etmişlər və ailələri ilə birlikdə sərhəddən Türkiyəyə keçirmişlər. Onların silahlarını əllərindən almışlar. Daha sonra Aqilgilin qətlə yetirildiyini eşitmişlər. Türkiyəyə keçdikdən sonra o, həyat yoldaşı ilə Gaziantep şəhərində bir müddət qalmış, sonra 2014-cü ilin yay aylarında İstanbula köçmüşlər. Məqsəd isə Türkiyənin onları deportasiya etməməsini təmin etmək olmuşdur. Ona atası pul göndərmişdir. 2015-ci ildə onu Türkiyədə polis saxlamış və ona ölkəni tərk etmək üçün 1 ay vaxt verilmişdir. O, isə oranı tərk etməmişdir. Türkiyədə olarkən 2015-ci ildə oğlu Məhəmməd və 2017-ci ildə qızı Məryəm dünyaya gəlmişdir. Daha sonra 2019-cu ilin avqust ayının 7-də İstanbulda polis onu evindən götürmüş və 2 ay saxladıqdan sonra bu ilin oktyabrın əvvəlində Azərbaycana deportasiya etmişlər. Həmin tarixdən bu günədək Bakı şəhərindəki evlərində qalmışlar. Təqsirləndirilən şəxs istintaqa verdiyi xx xxxxxxx 2019-cu il tarixli ifadəsinə görə, o, Aqil Hacıyevin yanında 2 aya yaxın müddətdə qalsa da, Aqilə beyət etməmişdir. Onlarla birlikdə yaşamışdır. O, orada planlaşdırma işi ilə məşğul olmamış, Aqil tərəfindən ona konkret tapşırıq verilməmişdir. X20 gəldikdən sonra onları əsir almışlar və bundan sonra Türkiyə sərhədinə aparmışlar. Türkiyə sərhədini keçirdərək onları yola salmışlar. Onları orada müəyyən müddət saxladıqdan sonra göndərmiş, lakin işgəncə və ya əzab verməmişlər. Azərbaycan dövlətinin konstitusiya quruluşuna qarşı hər hansı təxribat və ya terror aktı həyata keçirməmişdir (cild 1, iş vərəqi 22-23, 43-45, 74-76). Tədqiq olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokollarındakı imzaların ona məxsus olduğunu, ibtidai istintaq zamanı ifadələrini ona deyilən şəkildə yazdığını, Moskvada universitetin sonuncu kursunda oxuyan vaxtlardan dinlə maraqlanmağa başladığını, daha sonra dini savadını artırmaq üçün Suriyaya getmək qərarına gəldiyini, Suriyada təxminən 2-3 ay qalaraq orada dinlə bağlı müəllimlərdən dərs aldığını, əslində isə, heç bir qruplaşmanın üzvü olmadığını, heç bir döyüşdə iştirak etmədiyini, onda heç vaxt odlu silah olmadığını və silahdan istifadə etmədiyini, Suriyaya təhsil almaq üçün getdiyinə görə peşman olmadığını, lakin hadisələrin bu cür sonlanmasına görə peşman olduğunu, məhkəmə iclasında verdiyi ifadəsinin həqiqətə uyğun ifadə kimi qəbul olunmasını xahiş etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. X4 təhsil almışdır. O, xx xxxxxx 2013-cü ildə təhsilini davam etdirmək üçün X5 göndərmiş, təxminən ay yarımdan sonra xəbər tutmuşdur ki, İlham Şahid2 ilə danışıb Türkiyəyə, oradan isə Suriyaya getmişdir. Bundan sonra o, müvafiq orqanlara məlumat vermiş və daha sonra oğlunun yaşadığı Suriyaya getmişdir. Orada onların necə yaşadıqlarını gördükdən sonra oğluna qayıtmağı təklif etmiş, lakin oğlu gəlməkdən imtina etmişdir. Sonra Azərbaycana qayıtmış, müəyyən vaxtdan sonar təkrar İlhamın yanına getmişdir. Orada onların necə yaşadıqlarını, nə işlə məşğul olduqlarını öyrənmiş və təkrar Azərbaycana qayıtmışdır. X19 Türkiyəyə getmiş, orada müxtəlif yerlərdə işləyib ailəsini dolandırmışdır. Şahid1 ifadəsinə görə, Suriyanın Atma şəhəri balaca şəhər olmuş, həmin şəhərə İlhamın dalınca gedən zaman oğlu artıq həmin şəhərdən çıxıb Hələb istiqamətinə getmişdir. İlham deportasiya olunandan sonra o, Türkiyəyə gedib onun ailəsini Azərbaycana gətirmişdir. İlhamın yanına gedəndə ondan nə işlə məşğul olduğunu soruşmuş, İlham islam dinini öyrəndiyini, dini təhsil aldığını bildirmişdir. X25 Kobra şəhərində qalmışdır. O, birinci dəfə İlhamın dalınca gedəndə orada şəriət məhkəməsinə getmiş və oradan İlhamla əlaqə saxlamışdır. İlham oraya gələndən sonra onunla birlikdə yaşadığı yerə getmişlər. Həmin dövrdə "İŞİD" termini olmamışdır. İlhamgilin yaşadıqları şəhərdə silahlı şəxslər olmuş, lakin onların postlarda durub-durmadıqlarını bilməmişdir. İlham ona orada islam elmini öyrəndiyini, onunla gəlməkdən imtina etdiyini bildirmiş, o da, İlhama Azərbaycana gəlməsinə təkid etməmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edildi. Şahid1 həmin ifadəsində bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs 1-8-ci sinifləri AR İncəsənət Gimnaziyasında, 9-11-ci sinifləri isə Heydər Əliyev adına X9 oxumuşdur. 2008-ci ildə Moskva şəhərində yerləşən X14 Universitetinin (RXDU) hüquq fakültəsinə daxil olaraq 5-ci kursa kimi oxumuş, lakin sonda, yəni 2013-cü ildə keçirilmiş dövlət imtahanlarında iştirak etmədiyinə görə həmin universiteti rəsmi olaraq bitirməmiş və diplom almamışdır. 2013-cü ilin avqust ayında o, İlhamı təhsilini davam etdirmək üçün Moskva şəhərinə yola salmış, lakin təxminən 15 gündən sonra onunla telefon əlaqəsi kəsilmişdir. O, buna aydınlıq gətirmək üçün həmin ilin sentyabr ayında Moskva şəhərinə uçaraq RXDU-nun tələbə şəhərciyinə gəlmiş və oğlunun orada olmadığını müəyyən etmişdir. Həmin müddətdə arvadı ona zəng edərək bildirmişdir ki, İlham onlardan xəbərsiz qonşusu Şahid2 ilə qeyri-rəsmi evlənərək Türkiyəyə köçmüşdür. Bundan sonra o, Bakıya qayıtmışdır. Həmin ilin sonunda oğlu İlham anasına zəng edərək Şəfa ilə birlikdə Suriyaya gedəcəklərini bildirmiş, səbəb kimi atasının əlindən qaçmağını göstərmişdir. O, bunu eşidən kimi Azərbaycanın aidiyyəti dövlət qurumlarına müraciət edərək oğlunun geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra, oğlunu geri gətirmək üçün Suriyaya getmək qərarına gəlmişdir. Həmin müddətdə xəbərlərdə qeyd olunmuşdur ki, Azərbaycan vətəndaşları X10 vilayətindən gedirlər. Bu səbəbdən o, xx xxxxxxx 2013-ci ildə Türkiyənin Hatay vilayətinə getmiş və orada hazırda adını və xarici görkəmini xatırlamadığı taksi sürücüsü ilə tanış olmuş, sonuncu, müəyyən pul müqabilində onu Türkiyə-Suriya sərhədinə gətirərək Suriya ərazisinə keçməyə köməklik göstərmişdir. Həmin sərhədi keçərkən o, hər hansı gömrük və ya sərhəd keçid məntəqəsinə rast gəlməmişdir. Suriya ərazisinə keçdikdən sonra sərhədə yaxın olan Atma şəhərinə gəlmiş və orada yaşayan insanlardan soruşmuşdur ki, oğlunun tapılması ilə bağlı hansı quruma müraciət etsin. Onlar izah etmişlər ki, hazırda Suriyada vətəndaş müharibəsi getdiyi üçün o, olduğu ərazidə Suriyanın prezidenti Bəşər Əsədə qarşı vuruşan silahlı qruplaşmalar İslam Dövləti yaratmış və bu səbəbdən həmin ərazidə Şəriət Məhkəməsindən başqa hər hansı başqa dövlət qurumu fəaliyyət göstərmir. O, Şəriət Məhkəməsi adlanan binaya gələrək özü ilə gətirdiyi İlhamın fotoşəkillərini orada olan şəxslərə göstərmişdir. Əslən Dağıstandan olan iki nəfər ona İlhamı gördüklərini bildirmiş və onun xahişi ilə oğlunun qaldığı yerin ünvanını taksi sürücüsünə izah etmişlər. Bundan sonra taksi sürücüsü onu Atma şəhərinə yaxın Hələb istiqamətində olan X26 adlanan qəsəbəyə gətirmişdir. Həmin qəsəbənin girişində silahlı postlar qurulmuş və həmin postları silahlı şəxslər mühafizə etmişlər. O, həmin qəsəbədə oğlunu və Şahid2 tapmışdır. Onlar yarımtikilinin zirzəmisində yaşamışlar və o, İlhamın yanında iki gün qalmışdır. Orada olarkən oğlu İlham ona bildirmişdir ki, o, Suriyaya İslam qanunlarına uğun yaşamaq məqsədi ilə gəlmiş və hər hansı silahlı qrupunun tərkibinə daxil olmaq və ya hər hansı silahlı münaqişədə iştirak etmək məqsədi olmamışdır. O, İlhamın yanında olarkən onda hər hansı silah görməmişdir. Oğlu onunla geri qayıtmaqdan imtina etdiyinə görə Bakıya tək qayıtmışdır. 2013-cu ilin dekabr ayının sonunda oğlunu qaytarmaq məqsədi ilə həmin qaydada o, yenidən X23 Kobra adlanan qəsəbəsinə gedərək İlhamın yaşadığı evdə 1 gün qalmışdır. Bu dəfə əvvəlkinə nisbətdə oğlunun xeyli dəyişdiyini və Suriyaya gəldiyinə peşman olduğunu hiss etmişdir. Lakin İlham bu dəfə də Azərbaycana qayıtmaqdan imtina etmişdir. Bundan sonra o, Bakıya qayıtmışdır. Bir müddət sonra yenidən həmin məqsədlə X23 Kobra adlanan qəsəbəsinə getmək qərarına gəlmiş və xx xxxxxx 2014-cü il tarixdə yola düşmüşdür. Növbəti gün o, Türkiyənin Hatay vilayətinə çatmış və orada olarkən arvadı onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq İlhamın hazırda Suriya ərazisində, Suriya-Türkiyə sərhədinə yaxın olan ərazidə olduğunu bildirmişdir. Belə ki, həmin gün İlham anasına zəng edərək bildirmişdir ki, onları, yəni İlhamı, Şəfanı və onların ətrafında yaşayan digər insanları orada olan silahlı qruplaşmalar “TİR” deyilən yük maşınlarına mindirərək həmin ərazidən qovmuş və onları Suriya-Türkiyə sərhədinə gətirmişlər. Bundan sonra onlar özləri həmin sərhədi keçərək Türkiyənin Qaziantep şəhərinə gəlmişlər. O, bunu eşidən kimi Bakıya qayıtmışdır. Bir müddət sonra arvadı ilə birlikdə Türkiyənin Qaziantep şəhərinə gedərək oğlunu tapmışdır. Həmin şəhərdə o, oğlu üçün kirayə ev tutmuş və oğlu həmin şəhərdə çalışan bir dəmirçi yanında çalışmağa başlamışdır. Bir müddət keçdikdən sonra o, İlhamı və Şəfanı İstanbul şəhərinə gətirərək orada onlar üçün kirayə ev tutmuş və həmin evdə oğlu gəlini ilə təxminən beş il yarım, yəni hazıradək yaşamışlar. Orada onların iki uşağı anadan olmuşdur. Təxminən bir il İlham İstanbulda yaşayan dostu vəkil X21 vəkil bürosunda köməkçi kimi işləmiş, sonradan İlham internet üzərindən kitab alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən 2 ay əvvəl İlham Türkiyə polisi tərəfindən saxlanılmış, onda hər hansı sənəd olmadığına görə Türkiyənin Köç (miqrasiya) idarəsində saxlanılmış və xx xxxxxxx 2019-cu ildə İlham Azərbaycana deport olunaraq AR DTX-ya təhvil verilmişdir (cild 1, iş vərəqi 18-19, 50-52). Tədqiq olunmuş ifadə ilə bağlı suallara cavab verən Şahid1, xx xxxxxx 2020-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə istintaq zamanı verdiyi ifadələrindən imtina etməsi barədə müraciət etdiyini, lakin həmin ərizəsinin işə əlavə olunmadığını bildirərək, hazırkı məhkəmə iclasında verdiyi ifadənin qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, belə ki, həmin vaxt ona deyilən məzmunda ifadə vermişdir. Həmin ifadə onun öz ifadəsi olmamışdır. Ondan əvvəl həyat yoldaşı İlhamın ifadəsini aldıqları üçün həmin ifadəyə uyğun ifadə verməsi ona bildirilmişdir. İlham həmin vaxt Rusiyada təhsil almış, İlhamın ailəsi onların ailə qurmalarına narazılıq etdiyi üçün İlham ona Türkiyəyə gedəcəyini, istəsə onun da gəlməsini və Türkiyədə ailə qurub orada yaşamağı təklif etmişdir. O, İlhamın dediyi kimi etmiş və Türkiyəyə getmişdir. Onlar Türkiyədə olarkən İlhamın atasının ora gəldiyini öyrənmişlər. İlham Suriya tərəfə keçib həm dini təhsil almağı, həm də atasının onları tapa bilməyəcəyini bildirmişdir. Onlar Atma şəhərinə keçmiş və İlham orada dini təhsil almaq üçün yer axtarmışdır. Oktyabr ayında İlhamın atası onların yaşadığı Atma şəhərinə gəlmişdir. İlhamın atası demişdir ki, bir işdir eləmisiz, qayıdın gedək. İlham da demişdir ki, getsələr də, onların bir yerdə yaşamağına razılıq verməyəcəklər. Bunu onun anası da, hamı da demişdir ki, İlhamın valideynləri onların evliliyinə razı deyil. İlhamın atası onların qayıtması üçün heç bir təsir və təyziq göstərməmişdir. Sonra İlhamın atası Bakıya qayıtmışdır. İkinci dəfə də İlhamın atası onların yanına gəlib qayıtmağı təklif etmişdir. Yanvar ayında yerli qüvvələr arasında mübahisələr yaranmış və həmin vaxt onlara bildirmişlər ki, ya qalıb burada vuruşmalısınız, ya da buranı tərk etməlisiniz. Onlar da vuruşmaqdan imtina etmiş və Türkiyəyə qayıtmışlar. 2019-cu ilə qədər onlar Türkiyədə yaşamışlar. Bir müddət Türkiyədə qaldıqdan sonra İlhamın sənədləri olmadığı üçün İlham Azərbaycana deportasiya olunmuşdur. Bundan sonra İlhamın atası Türkiyəyə gəlmiş və onları Azərbaycana gətirmişdir. Azərbaycana gəldikdən sonra hava limanında evə getmələri, sonra ifadə verməyə çağrıılacağı ona bildirilmişdir. O, qaynatası ilə gedəndə ona deyilmişdir ki, biz nə desək, onu da yazarsan. Axşam saat 7-yə qədər onun ifadəsi alınmış, sonra evə buraxılmışdır. O, ifadənin düzgün yazılmadığına görə iradını bildirəndə, həmin şəxslər ona "nə deyiriksə onu da yazın, siz cinayətkarsınız, elə eləməyin ki, sizi analıq hüququndan məhrum edək" sözlərini demişlər. O, həmin şəxslərin dediklərindən çəkinib, nə demişlərsə ona da imza etmişdir. İfadəni yazandan sonra ona deyilmişdir ki, ifadəni oxu, sonra nə yazılıbsa, onu videokameraya danışarsan. O da, deyildiyi formada həmin ifadəni oxuyub sonra videokameraya danışmışdır. Verilən suallara cavabında Şahid2 bildirdi ki, İlhamla eyni məhəllədə yaşamışdır. Orta məktəbi 2012-ci ildə bitirmiş və həmin ildən dinlə məşğul olmağa başlamışdır. İlham ona Misirə dini təhsil almaq üçün getmək istədiyini demişdir. İlham 2013-cü ildə Türkiyəyə getmiş, o da, həmin vaxt oraya getmişdir. Onun Türkiyəyə getmək üçün bilet pulunu İlham göndərsə də, bileti özü gedib almışdır. Türkiyəyə gedəcəyini ailə üzvləri bilməmişdir. O, Suriyada olanda İlhamda silah görməmişdir. İlhamın atası birinci dəfə oktyabr ayında onların yanına gəlmiş, ikinci dəfə isə dekabr ayında gəlmişdir. Əvvəllər qaynatası onların ailə qurmağına razı olmamış, lakin ikinci dəfə gələndə razı olmuşdur. Onun İlhamla kəbinindən iki övladı var, onların ikisi Türkiyədə doğulmuşdur. Suriyada olduqları müddətdə silahlı atışma və ya müharibə getməmişdir. Sosial şəbəkələrdə o, öz adı ilə qeydiyyatdan keçmişdir. İlhamdan bir gün sonra Türkiyəyə getmişdir. İlham bir nəfərin gələcəyini, həmin şəxsin bilet almaq üçün pul verəcəyini, pulu özünün göndərdiyini deyərək, həmin pula bilet alıb Türkiyəyə gəlməsini telefonda ona bildirmişdir. O, pulu verən şəxsi əvvəllər görməmişdir. Bileti özü təxminən «28 May” metrosu tərəfdə bilet satılan yerdən almışdır. Həmin vaxt hansı mobil telefondan istifadə etdiyini xatırlamır. Bileti Türkiyəyə getməmişdən 3-4 gün əvvəl almışdır. Həmin vaxt onun Suriya barədə ətraflı məlumatı olmamışdır. Şahid2 bildirdiyinə görə, xx xxxxxx 2020-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə istintaq zamanı verdiyi ifadələrindən imtina etməsi barədə müraciət etmiş, lakin həmin ərizəsi ilə bağlı yenidən dindirilməmiş, ona görə də məhkəmə iclasında verdiyi ifadənin qəbul olunmasını xahiş edir. İfadələri arasında ziddiyyətlər olduğuna görə şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edildi. Şahid2 həmin ifadəsində bildirmişdir ki, təxminən 2012-ci ildə həyat yoldaşı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onlar Bakı İncəsənət Gimnaziyasında oxumuşlar, həmin vaxtlardan Təqsirləndirilən şəxs tanımışdır. Lakin aralarında hər hansı əlaqə və ya münasibət olmamışdır. İlhamla həm də eyni məhəllədə yaşamışlar. İlham burada orta məktəbi bitirib ali təhsil almaq üçün Moskvaya getmişdir. Lakin İlhamın təhsil aldığı universitetin adını xatırlamır. Təxminən 2012-ci ildə İlham 4-cü kursu bitirib Bakıya qayıtmış, həmin vaxtdan onların münasibəti başlamışdır. Onlar tanış olan ərəfədə dinlə bağlı söhbətləri olmamışdır. Tanışlıqdan bir müddət sonra İlham ona qarşı soyumağa başlamışdır. O, bunun səbəbini soruşduqda İlham bildirmişdir ki, artıq dinlə maraqlanır, dində belə münasibətlər haramdır və bu səbəbdən ondan uzaqlaşır. Həmçinin onu da başa salmışdır ki, belə münasibətlər haramdır. İlham təhsilini davam etdirmək üçün 2013-cü ilin yanvar ayında Moskvaya qayıtmışdır. Bundan sonra o da, dinlə maraqlanmağa başlamışdır. Arada sualları olduqda “Facebook” sosial şəbəkəsi vasitəsilə İlhamla əlaqə saxlamış, sonuncu, onun bütün suallarını cavablandırmışdır. Sessiya bitdikdən sonra, yəni 2013-cü ilin yanvar ayının sonunda İlham Bakıya qayıtmışdır. Bundan sonra onlar evlənməyə qərar vermiş, lakin ailələri heç cür razı sala bilməmişlər. Onların dinə maraqlarına görə ailələri bir-birini günahlandırmışlar. Dində kəbinsiz kişi ilə hər hansı əlaqə saxlamaq günah olduğu üçün onlar dini nikah bağlamaq qərarına gəlmişlər. Bundan sonra daha rahat danışmağa başlamışlar. Onlar da həmin ilin yay aylarında nişan və toy mərasimlərinin olacağını planlaşdırmışlar. Lakin ailələri buna kəskin etirazlarını bildirmişdir. 2012-2013-cü illər Suriyada müharibənin kəskin vaxtları olarkən bununla bağlı internetdə və digər sosial şəbəkələrdə cihadla, müharibə ilə bağlı kəskin təbliğatlar getmişdir. İlham bu təbliğatların təsiri altında Suriyaya getmək qərarına gəlmişdir. 2013-cü ilin sentyabr ayında təhsili ilə bağlı İlham Moskvaya getməli olmuş, bununla bağlı ona bildirmişdir ki, Moskvadan Türkiyəyə, oradan isə mədrəsələrdə dini təhsil almaq, cihadda iştirak etmək üçün Suriyaya gedəcəkdir. O, İlhamın kəbinli həyat yoldaşı olduğu üçün və onu tək qoymamaq üçün İlhamla getmək qərarına gəlmişdir. İlham Moskvaya gedərkən ona bilet almaq üçün pul qoymuşdur. O, həmin pulla Türkiyəyə bilet almalı və İlhamın yanına getməli olmuşdur. 2013-cü ilin sentyabr ayının əvvəllərində X11 getmişdir. Onlar “facebook” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışlar. O, sosial şəbəkədə “Allahu Akbar 94” adı ilə qeydiyyatdan keçmiş, lakin parolu xatırlamır. İlham ona sosial şəbəkədə yazaraq “Abu Darda” dini ləqəbli şəxslə görüşməli olduğunu, həmin şəxsin ona Türkiyəyə bilet verəcəyini və bunun müqabilində ona pul verəcəyini bildirmişdir. Təxminən 23-xx xxxxxxxx 2013-cü ildə o, həmin oğlanla görüşmüşdür. Onlar hər hansı telefon əlaqəsi saxlamamışlar. İlham ona sosial şəbəkədə yazaraq qardaş deyə müraciət etdiyi bir şəxsin Yasamal rayonu, Sovetski adlanan yerdə 26-cı polis bölməsinin arxasındakı binanın həyətində onu gözlədiyini bildirmişdir. O, həmin ərazinin yaxınlığında yaşamışdır. Həmin şəxsdən bileti götürmüşdür. O, həmin vaxtlar “Bakcell” mobil operatoruna məxsus mobil nömrədən istifadə etmiş, nömrəni hazırda xatırlamır. Təxminən xx xxxxxxxx 2013-cü ildə axşam saat 17:00 radələrində o, Türkiyəyə İlhamın yanına getmişdir. Hara getməyi barədə ailəsinə heç bir şey deməmişdir. Atası və anası həmin vaxtlarda işdə olmuşdur. İstanbul Hava limanında İlham onu qarşılamış, internetdən əlaqə saxladığı şəxslərin köməyi ilə İlham İstanbulda ev tutmuşdur. Bunun üçün isə İlham atasının təhsili ilə bağlı verdiyi puldan istifadə etmişdir. Onlar həmin evə getmişlər. Bir müddət hazırlıqlarını tamamladıqdan sonra təxminən 2013-cü ilin oktyabr ayının ortalarında Türkiyənin Hatay şəhərinə, oradan Reyhanlı ilçəsindən keçməklə Suriyanın Atma şəhərinə getmişlər. Oradan sərhəd açıq olmuşdur, türk əsgərləri özləri sərhədi Suriyaya keçmək üçün açmışlar. İlham internet vasitəsilə Atmada olan azərbaycanlılarla əlaqə saxlamış, həmin azərbaycanlılar onları Atma şəhərində qarşılamışlar və onları məscidə aparmışlar. Bir neçə gün məsciddə qaldıqdan sonra Atma şəhərində qazma kimi bir ev tutmuşlar. Bir neçə ay orda qaldıqdan sonra “Abu Muhammed” dini ləqəbli Aqil adlı Azərbaycanlının camaatına qoşulmuşlar. Bu müddət ərzində qaynatası Şahid1 onların yanına gəlmişdir, Şahid1 onları qaytarmaq üçün çox yalvarmış, lakin onlar qayıtmamışlar. 2013-cu ilin dekabr ayında Suriyada vəziyyət gərginləşmişdir. Özünü müdafiə etmək üçün İlham “UZİ” markalı silah əldə etmişdir. Həmin silahın istifadəsi ilə bağlı Azəri camaatında təlim keçmişdir. Lakin İlham heç bir döyüşlərdə iştirak etməmişdir. O, quran oxumağı, ərəb dilini öyrənməsi ilə bağlı dini təlim keçmişdir. 2014-cü ilin fevral-mart aylarında Suriyada fəaliyyət göstərən “Cəbhət əl-nüsra” və “X20” adlı silahlı birləşmə onların daxil olduqları “Aqilin Camaatı”nı əsir götürmüş, onlara aid hər bir şeyi əllərindən almışlar. İlhamın silahını da həmin vaxt əlindən almışlar və bildirmişlər ki, onlar ya Suriyada gedən mübarizələrə qatılmalı, ya da Suriyanı tərk etməlidirlər. Təqribən səksən adam, o cümlədən onlar döyüşlərdə iştirak etməkdən imtina etmişlər. Buna görə də 2014-cü ilin mart ayının sonlarında onları iri avtobusla Suriya ərazisində olan çayın yaxınlığına gətirmişlər. Oradan onları qayıqla Türkiyə sərhədinə keçirmişlər. Oradan onlar şəhəriçi avtobusla Qaziantep şəhərinə gəlmişlər. Deport olunanların içində Qaziantepli kürdlər də olmuşdur. Həmin kürdlər onlara Qaziantepə gəlməyi təklif etmiş, buna görə də onlar Qaziantepə getmişlər. Bir-iki gün tanışlarının evində qaldıqdan sonra ailələri ilə əlaqə saxlamışlar. Qaziantepin yaxınlığındakı şəhərdə qaynatasının tanışı olmuşdur. Həmin şəxs Qaziantepdə olan onların tanışlarının hesabına 400 ABŞ dolları məbləğində pul köçürmüş, həmin pulla onlar ev tutmuşlar. İlham bəzən fəhləlik etmiş, gündəlik xərclərini çıxarmışdır. 2014-cü il may ayının sonlarında ailələri onların yanına gəlmişlər. Ailələri onların yaşadıqları şəraitdən narazı olduqları üçün İstanbula köçmələrini təklif etmişlər. 2014-cu ilin avqust ayında qayınatası onlara İstanbulda ev tutmuş və onlar İstanbula köçmüşlər. Həmin vaxtdan onlar həmin evdə yaşamağa başlamışlar. İlhamın Azərbaycanda evi olmuş, həmin evi qaynatası kirayə verərək oradan aldığı pulu onlara göndərmişdir. İlham həmin puldan istifadə edərək dini kitabların ticarəti ilə məşğul olmuş, yəni onlar bu yolla dolanmışlar. Türkiyədə onun iki övladı dünyaya gəlmişdir. Uşaqların sənədlərini düzəltməyə də qayınatası yardım etmişdir. Orada yaşadıqları müddətdə heç bir konfliktləri olmamışdır. Şahid2 ibtidai istintaqa verdiyi ifadəsinə görə, 2019-cu ilin oktyabr ayının əvvəllərində Türkiyədə vəziyyət gərginləşdiyi üçün hər kəs yoxlanmağa başlanmışdır. İlhamın sənədləri olmadığı üçün oktyabr ayının əvvəllərində İlham Azərbaycana deport olunmuşdur. İlham Azərbaycana gəldikdən sonra o, artıq orada qala bilməmişdir. Bunun üçün özü qaynatası ilə Azərbaycanın İstanbuldakı konsulluğuna müraciət etmiş, xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycana qayıtmışdır (cild 1, iş vərəqi 20-21, 53-56). İstintaqa verdiyi ifadəsi ilə bağlı sualları cavablandıran Şahid2 Dövlət Təhlükəsizlik Xidmətinə gələndə çox yorğun olduqlarını, ifadə verən zaman onlara çox təsir etdiklərini, ifadələrin onların dedikləri məzmunda yazmalarının tələb olunduğunu, əgər istədikləri məzmunda yazılmayacağı halda, onun da məsuliyyətə cəlb olunacağını və analıq hüququndan məhrum ediləcəyini bildirdiklərini, təzyiq olunması barədə müvafiq orqanlara məlumat verdiklərini, məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini, İlhamda silah olmadığını və onun hər hansı bir silahlı birləşmənin tərkibində iştirak etmədiyini, Suriyada olduqları müddətdə silahlı münaqişələrin olmadığını, Türkiyəyə könüllü şəkildə qayıtdıqlarını, ifadəsi alınan zaman otaqda ondan və müstəntiqdən başqa heç kimin olmadığını, ifadəsini alan xanım müstəntiqin özünün ona təzyiq göstərdiyini, barəsində cinayət işi açacağı və onu analıq hüququndan məhrum edəcəyini dediyini məhkəməyə bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs, onun atası Şahid1 və Şahid2 xx xxxxxxx 2019-cu il tarixli dindirmələri “Sonu” markalı videokameradan istifadə edilməklə videoçəkilişlə aparılmış, həmin videogörüntülərdən də görünür ki, adları çəkilən şəxslərin hamısı ibtidai istintaq zamanı heç bir kənar təsir və ya təzyiq olmadan sərbəst şəkildə öz etirafedici ifadələrini vermişlər (cild 1, iş vərəqi 49). xx xxxxxx 2019-cu il tarixli əməliyyat tapşırığının icrası ilə bağlı istintaqa daxil olan xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikası ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmişdir (Cild 1, iş vərəqi 135). Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertləri tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 2257 saylı rəydən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hal-hazırda, həmçinin törətdiyi cinayət əməlləri dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə, yəni 2013-cü ilin sonlarından hal-hazıradək olan müddət ərzində o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab olunmalıdır və onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, iş vərəqi 130-132). Məhkəmə-Tibbi Ekspertiza və X15 Təcrübi və Tədris Birliyinin eksperti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 653 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izi müəyyən edilməmişdir (Cild 1, iş vərəqi 119-122). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx xxxxxx 2019-cu il tarixli 7741 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (Cild 1, iş vərəqi 118). Cinayət işində olan Təqsirləndirilən şəxs barəsində “Sərhədkeçmə hesabatı”nın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarını Heydər Əliyev adına Beynəlxalq Aeroportdan təyyarə ilə tərk edərək Rusiya Federasiyası istiqamətində getmiş və xx xxxxxxx 2019-cu il tarixdə İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına gətirilərək DTX-nə təhvil verilmişdir (Cild 1, iş vərəqi 13-14). Şahid2 barəsində “Sərhədkeçmə hesabatı”nın məzmunundan görünür ki, Şahid2 xx xxxxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarını Heydər Əliyev adına Beynəlxalq Aeroportdan təyyarə ilə tərk edərək Türkiyə Respublikası istiqamətində getmiş və xx xxxxxxx 2019-cu il tarixdə İstanbul-Bakı təyyarə reysi ilə Azərbaycan Respublikasına gətirilərək DTX-nə təhvil verilmişdir (Cild 1, iş vərəqi 15). İş materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin V baş idarəsindən daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli 5/5949 saylı məktubdan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Quliyev X8 məhv edilmiş X12 rəhbəri olduğu “Sumqayıt camaatı” adlı cinayətkar birliyin üzvləri ilə birlikdə «Cəbhət-an Nusra»nın tabeçiliyində olmuşlar (Cild 1, iş vərəqi 8-23). Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, xx xxxx 2015-ci il tarixli və xx xxxxxx 2019-cu il tarixli hökmlərinin surətlərindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs beyət etdiyi X12 rəhbərlik etdiyi “Sumqayıt camaatı” adlı cinayətkar birlik “Cəbhət-an Nusra”nın («X24») tabeçiliyində olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi etirafedici ifadələrində adı çəkilən və onunla bir yerdə Suriyada olduğu bildirilən X7 və X6 2013-cü ilin avqust ayından 2014cü ilin aprel ayına qədər Suriya ərazisində “Cəbhət-an Nusra” adlı cinayətkar birliyin (təşkilatın) üzvləri kimi qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmişlər, onlar həmin əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1, 12.3, 28, 214.2.1, 12.3, 28, 214.2.3 və 12.1, 218.2-ci maddələri ilə təqsirli bilinib, Eldost Qulyiev qəti olaraq 13 il müddətə, Tural Şahverdiyev isə 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər (Cild 1, iş vərəqi 256-349). İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 məlumat yoxdur (cild 1, iş vərəqi 120). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inkar edərək, Moskvada universitetin sonuncu kursunda oxuyan vaxtlardan dinlə maraqlanmağa başladığını, daha sonra dini savadını artırmaq üçün Suriyaya getmək qərarına gəldiyini, Suriyada təxminən 2-3 ay qalaraq dinlə bağlı müəllimlərdən dərs aldığını, əslində isə, heç bir qruplaşmanın üzvü olmadığını, heç bir döyüşdə iştirak etmədiyini, onda heç vaxt odlu silah olmadığını və silahdan istifadə etmədiyini bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Eyni zamanda, iş üzrə şahidlər olan Təqsirləndirilən şəxs atası Şahid1 və həyat yoldaşı Şahid2 Allahverdi qızı da məhkəmədə istintaqa verdikləri ifadələrindən imtina edərək, ibtidai istintaq zamanı göstərilmiş psixoloji təzyiqlər nəticəsində həmin ifadələri verdiklərini bildirdilər. Bundan başqa, məhkəmə baxışı zamanı Müdafiəçi, həmçinin təqsirləndirilən şəxs və adları çəkilən şahidlər xx xxxxxx 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin və İstintaq Baş idarəsi rəhbərliyinin adlarına «ərizə-izahatlarla» müraciət etdiklərini, lakin müstəntiq tərəfindən qeyd olunan sənədlərin iş materiallarına əlavə edilmədiyini bildirərək, onların məhkəmə tərəfindən tələb edilərək tədqiq olunmasını xahiş etdilər. Müdafiə tərəfinin qaldırdığı həmin məsələ ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: - birincisi, məhkəməyə daxil olmuş 1 cild, 397 vərəqədən ibarət olan cinayət işində qeyd olunan tarixdə adları çəkilən şəxslərin müraciətini təsdiq edən hər hansı bir sübut, həmçinin həmin «ərizə-izahatlar» mövcud deyildir; - digər tərəfdən, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hələ tutulmamışdan əvvəl xx xxxxxxx 2019-cu ildə DTX-nə izahat vermiş, xx xxxxxxx 2019-cu il tarixdə isə o, DTX İstintaq Baş idarəsi tərəfindən şübhəli şəxs qismində tutularaq istintaq orqanının qərarı əsasında təyin olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla dindirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixli müqavilə əsasında qohumları tərəfindən tutulmuş vəkil Müdafiəçi təqdim edilmiş, xx xxxxxxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs hazırkı iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq dindirilmişdir. Müqavilə üzrə müdafiəçisi Müdafiəçi iştirakı ilə dindirilən Təqsirləndirilən şəxs həmin dindirmə zamanı da ilkin izahatında və şübhəli şəxs qismində verdiyi xx xxxxxxx 2019-cu il tarixli ifadəsindəki kimi etirafedici ifadələr vermişdir; - bundan sonra istintaq dövründə müdafiə tərəfindən Təqsirləndirilən şəxs yenidən dindirilməsi barədə müraciət olunmamış, yalnız təqsirləndirilən şəxsin atası Şahid1 yenidən əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırılmış, lakin həmin vəsatət istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə əsassız hesab edilərək rədd olunmuşdur; - həmin tarixdə Müdafiəçi təqsirləndirilən şəxslə birlikdə cinayət işinin materialları ilə tanış olmuş, bu zaman onlar «xx xxxxxx 2020-ci il tarixli ərizə-izahatlarla» əlaqədar məhkəmədə qaldırdıqları məsələ ilə bağlı heç bir vəsatət verməmiş, bu cür «ərizəizahatlar»la müraciət edilmişdirsə də belə, onların iş materiallarına əlavə edilməməsini mübahisələndirməmişlər. Müdafiəçi yalnız təqsirləndirilən şəxsin əməlində ittiham olunduğu maddələrin tərkib əlamətlərinin olmamasını iddia edərək, onun barəsində cinayət işinə xitam verilməsini xahiş etmiş, istintaq orqanı isə həmin vəsatəti də əsassız sayaraq təmin etməmişdir; - həmçinin qeyd edilməlidir ki, məhkəmədə Təqsirləndirilən şəxs, şahidlər Şahid1 və Şahid2 dindirilərkən onların iddia etdikləri «ərizə-izahatların» məzmununun nədən ibarət olması obyektivlik naminə aydınlaşdırılmış, adları çəkilən şəxslər qeyd olunan müraciətləri ilə istintaq zamanı verdikləri etirafedici ifadələrindən imtina etdiklərini bildirmək istədiklərini və hazırkı məhkəmə iclasında verdikləri ifadələrinin həqiqətə uyğun ifadələr kimi qəbul olunmasını xahiş etdilər. Məhz bu səbəbdən, məhkəmə «xx xxxxxx 2020-ci il tarixli ərizə-izahatların» tələb edilməsi ilə bağlı müdafiə tərəfinin qaldırdığı vəsatəti məhkəmə iclasında əsassız hesab edərək təmin olunmaması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs, şahidlər Şahid1 və Şahid2 məhkəmədə qaldırdığı yuxarıda sadalanan dəlilləri hazırkı iş üzrə tədqiq olunmuş və hökmdə istinad edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunanlar müdafiə tərəfinin seçdiyi taktika olaraq, təqsirləndirilən şəxsin, həmçinin onunla yaxın qohumluq münasibətində olan şahidlərin subyektiv fikirləridir və bütün bunlar təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyır. Bu səbəbdən, məhkəmə kollegiyası iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin və şahidlərin cinayət işinin ibtidai istintaqı zamanı verdikləri etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən və sübut əhəmiyyəti kəsb edən ifadələr kimi qəbul edir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, himayəsində iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi, CM-nin 61.1.6-cı maddəsinə əsasən, cinayətin dini fanatizm zəminində törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulub saxlandığı xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adı çəkilən şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş idarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 12.1, 279.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 12.1, 218.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə, Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar