Məhkəmə qərarları › İş №1(101)-425/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-425/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-425/2022 03.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1977-ci il dekyabrın 08-də Naxçıvan MSSR-in Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2020-ci il 29 oktyabr tarixli hökmü əsasında təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təyin olunan 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 22 iyul tarixli qərarı ilə 09 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərinin Nizami rayonunda kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində özündə saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci il iyunun 30-da saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,502 qram təmiz çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib saxlamaqla daşımış, 2021-ci il iyulun 01-də saat 20 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanında saxlanaraq şöbəyə gətirilmiş, orada üzərində şəxsi axtarış və götürmə aparılarkən əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə həmin çəkidə göstərilən narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, 2021-ci il iyunun 30-da Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində tanımadığı şəxsdən 10 manata bir qram narkotik vasitə heroin alsa da qəbul etməmişdir. 2021-ci il iyulun 01-də saat 20 radələrində dostları X5 və X8 ilə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində görüşmüşdür, sonuncunun təklifi ilə yaşadığı ünvan 3 saylı evin ikinci mərtəbəsinə qalxdıqda polis əməkdaşları onları tutaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirmişlər, orada fiziki zor altında videoçəkilişlə üzərində axtarış aparılanda əynindəki şalvarının sol cibindən siqaret kağızına bükülmüş həmin maddə aşkar olunmuş, o, narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün alıb üstündə saxlamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis leytenantı olmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il iyulun 01-də Təqsirləndirilən şəxs və X5 adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə əldə etməsi və Bakı şəhəri Nizami rayonunun ərazisində saxlayıb daşımaları barədə daxil olan məlumatı yoxlamaq üçün ondan, habelə baş əməliyyat müvəkkili polis kapitanı X3 və cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır, saat 20 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində adları çəkilən, həmçinin X8 adlı şəxslər ünvan 3 saylı binanın girişində müəyyən olunmuşlar, yaxınlaşmaqla özlərini təqdim edərək sonunculara onlarla birlikdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə getmələri təklif olunmuş, orada ayrı-ayrılıqda videoçəkilişlə hər birinin üzərində şəxsi axtarış və götürmə aparıldıqda Təqsirləndirilən şəxs bir ədəd «Samsung» markalı telefon və bir ədəd siqaretin şəffaf kağızı bükümündə tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlə aşkar olunmuş, sonuncu göstərilən maddənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün Bakı şəhəri Yasamal rayonunun Yeni Yasamal qəsəbəsində tanımadığı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. X4 üzərindən aşkarlanan bir ədəd «Samsung» markalı telefon və bir ədəd siqaretin şəffaf kağızına bükülü vəziyyətdə ağ rəngli kristal formalı spesifik iyə malik kütlənin sonuncu psixotrop maddə metamfetamin olduğunu etiraf etmiş, X7 üzərindən hər hansı bir əşya və predimet aşkar edilməmişdir. Müvafiq protokollar tərtib olunub iştirakçılar tərəfindən imzalansmışdır. Aşkar edilən maddələr zərflərə qoyulmaqla möhürlənmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində işləmiş baş əməliyyat müvəkkili polis kapitanı X6 və cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 Şahid1 ilə oxşar ifadə verdilər. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmada verdiyi izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə ittiham olunduğu əməli qismən etiraf edib saxlanarkən üzərində 20 manata tanımadığı şəxsdən öz istifadəsi üçün 1-1,4 qram narkotik vasitə heroin aldığını göstərməklə fiziki zorakılığa məruz qalmasını bildirməmişdir (iş vərəqi 38-39, 81-82 92-93 və 165-166). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin 2021-ci il 01 iyul tarixli raportundan və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə haqqında qərarından, 2021-ci il iyul 01-də tərtib etdiyi əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan, habelə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 21 oktyabr tarixli qərarının surətindən görünür ki, Zaur və Cabir adlı şəxslərin qanunsuz olaraq narkotik vasitəni özündə saxlayıb daşımaları və istifadəsi ilə məşğul olmaları barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmışdır, Təqsirləndirilən şəxs və X5, habelə yanlarında olan X8 2021-ci il iyulun 01-də saat 20 radələrində ünvan 3 ünvaınnda saxlanmaqla şöbəyə gətirilmişlər, məhkəmə tərəfindən həmin qərar qanuni hesab edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (iş vərəqi 5-8 və 186). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 01 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 21:00-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə atası X2 məlumat verilmiş, protokola etiraz və şikayət olmamışdır (iş vərəqi 26). İş materiallarındakı 2021-ci il 01 iyul tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs razılıq ərizəsindən və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı telefonu və bir ədəd şəffaf siqaret kağızından bükümü çıxararaq təqdim etmiş, içərisindəki narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmiş, büküm zərfə qablaşdırılıb götürülmüş, heç bir əlavə və təklif daxil olmamış, bir ədəd CD diski cinayət işinə əlavə olunmuşdur (iş vərəqi 35-37). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 02 iyul tarixli 6/2678 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «vət. Təqsirləndirilən şəxsndan götürülmüş...» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,502 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanan narkotik vasitə heroindir, qalıq 2,402 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (iş vərəqi 59-62). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 02 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı telefona baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır (iş vərəqi 74). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 02 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması görüntülərini əks etdirən bir ədəd CD diskinə baxış vaxtı sonuncunun əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı telefonu və bir ədəd şəffaf siqaret kağızından bükümü çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirməsi, bükümün zərfə qablaşdırılmaqla götürülməsi müəyyənləşdirilmişdir (iş vərəqi 83). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 03 iyul tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 84-85). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 03 iyul tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il iyulun 01-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 108-110). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyulun 08-də tərtib etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2009-cu il 09 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2011-ci il martın 01-də cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2012-ci il 07 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2013-cü il iyunun 07-də «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il 07 may tarixli Qərarına əsasən cəzadan azad edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2014-cü il 24 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2020-ci il 29 oktyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (iş vərəqi 113-115 və 133-139). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 07 iyul tarixli 5873 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır (iş vərəqi 126). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 09 sentyabr tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.ci maddəsi ilə cinayət işinin başlanması rədd olunmuş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs 2,502 qram çəkidə narkotik vasitə heroin aşkarlanması faktı üzrə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə başqa cinayət işi ayrılmış, iş üzrə maddi sübut kimi tanınan bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 140-146). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 09 sentyabr tarixli 3331 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 162-163). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 21 oktyabr tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 11 oktyabr tarixli AZF/LGL-27281/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır (iş vərəqi 176 və 184). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin 2021-ci il 01 noyabr tarixli 090-2814-1221 №-li məktubundan görünür ki, ibtidai istintaq orqanı tərəfindən görülən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır olunmamışdır (iş vərəqi 187). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Prokurorluğunun 2021-ci il 03 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən daxil olan məlumat əsasında aparılmış araşdırma nəticəsində cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd olunmuşdur (iş vərəqi 188-189). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 23 noyabr tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında, habelə 2021ci il 24 noyabr tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilən ittiham qüvvəsində saxlanılmış, iş üzrə maddi sübut kimi tanınan bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilmiş, sonuncudan aşkar olunub götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 2,402 qram qalığı idarənin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin mənbəyinin müəyyənləşdirilməsi məqsədi ilə cinayət işinin materiallarından Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqi 190-194). Məhkəməyə təqdim olunan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 22 iyul tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2020-ci il 29 oktyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib ona təyin edilən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 09 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 2,502 qram çəkidə narkotik vasitə heroin əldə edib saxlamaqla daşıması sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif olunması yanlışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 2,502 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmaqla sonuncunun törətmiş olduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə tövsif etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ittihamını elan edərkən ittihamı təsdiq edən sübut kimi şahidlərin ifadələrinə, ekspertiza və tibbi yoxlamanın rəylərinə, maddi sübutun mövcudluğuna və işin digər hallarına istinad etmişdir. Lakin iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər ittihamda satışla bağlı göstərilənləri təsdiq etsələr də Təqsirləndirilən şəxs saxlanarkən əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütləni satmaq niyyətinin olmadığını göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri ittihamın satışla bağlı hissəsini təsdiq etmir, əksinə onu tam təkzib edir. Bundan savayı ittiham tərəfinin Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza rəyləri narkotik vasitənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkibçəkmədiyini və buna görə müalicəyə ehtiyacının olub-olmadığını müəyyən etmişdir. Qeyd edilən sübut növü ittihamı, yəni təqsirləndirilən şəxsin satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin cinayəti törətməsini təsdiq edən sübut kimi qanunsuz olaraq əldə edib bir bükümdə saxlayıb daşıdığı 2,502 qram çəkidə narkotik vasitə heroinin mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra 2,402 qram çəkidə narkotik vasitə heroin özü-özlüyündə şəxsin satış məqsədi ilə cinayəti törətməsini təsdiq edə bilməz. Məhkəmə yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sadalanan sübutlar Təqsirləndirilən şəxs aşkar edilib götürülən külli miqdarda, yəni 2,502 qram çəkidə narkotik vasitə heroinin onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilib saxlanılmasını təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.9.-1.0.11.ci maddələrinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir; narkotik vasıtələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hər hansı bir hərəkət etməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitə heroinin satış məqsədi ilə çəkilib xırda bağlamalara bükülməsini, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə bir sübut məhkəmə istintaqında da müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərdən keçirərək məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heronin yalnız külli miqdar təşkil edən 2,502 qram olması amilindən yanaşılmaqla onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının CPM-nin 28.5.-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 145.3.-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 23-cü bəndində «məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir»; 37-ci bəndində «CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın»; 39-cu bəndində «məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir» göstərilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 29-cu bəndinə görə, CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə («məlum olmayan», «istintaqla müəyyən edilməyən» kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, CM-in 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kənar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) CPM-in 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 4cü bəndinə görə, törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitə heroinin miqdarına, habelə onun külli miqdarına görə İ siyahısında şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs 234.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı izahatı, qismən etirafedici ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs barəsində işdə cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə habelə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2020-ci il 29 oktyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaqla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 22 iyul tarixli qərarı əsasında cəzası 09 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 18.4.4.-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2020-ci il 29 oktyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaqla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 22 iyul tarixli qərarı əsasında cəzası 09 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunan Təqsirləndirilən şəxs cəzası «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarının 4-cü bəndinə əsasən 6 ay azaldılmalı və üzərində 03 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarının 4-cü bəndinə əsasən, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda çəkilməmiş cəza 6 ay azaldılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 2,402 qram çəkidə qalığı məhv edilməli, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 70 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il iyulun 01-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2020-ci il 29 oktyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaqla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 22 iyul tarixli qərarı əsasında cəzası 09 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunan Təqsirləndirilən şəxs cəzası «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarının 4-cü bəndinə əsasən 6 ay azaldılsın və üzərində 03 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 22 iyul tarixli qərarı əsasında təyin edilən 03 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1.-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə o, qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il iyulun 01-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin tədqiqatdan sonrakı 2,402 qram çəkidə qalığı məhv edilsin, bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar