Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-427/2022 17.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları Dövlət ittihamçısı İlham oğlu və X3, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1998-ci ildə Yardımlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı şəhəri, Daşkənd küçəsi, ev 131-də qeydiyyatda olan və Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, Tir Park yolunda yerləşən «Çinar» kafesinin yanında Zərərçəkmiş şəxs onu dostu Şahid1 əsl dəyərindən baha qiymətə və nasaz motosikl satması, bu səbəbdən də Şahid1 motosiklə görə borclu qaldığı qalan məbləği ödəyə bilməməsi ilə bağlı Zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı bıçaqla sonuncunun qarın nahiyəsindən bir dəfə vuraraq ona qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən, qarının sol düz əzələsini, böyük piyliyi və nazik bağırsaq divarını zədələməsi, kəskin daxili qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi xəsarət yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, valideynlərilə birlikdə yaşayır, ailədə iki qardaşdırlar, kiçik qardaşı hazırda hərbi xidmətdədir. O, özü hərbi xidmətdə olmuş, subaydır. Əvvəllər satış meneceri işləmiş, bir müddət isə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hadisədən əvvəl Sulutəpə qəsəbəsində yerləşən avtotəmir sexində Nizami adlı maşın ustasının yanında köməkçi işləmişdir. Hadisədən iki ay əvvəl onunla bir məhəllədə yaşayan Həsən adlı dostu kuryer xidməti göstərməsi üçün özünə 1500 manata motosikl almışdır. Həsən həmin pulun 1000 manatını vermiş, qalan 500 manatı da hissə-hissə verəcəkmiş. O, Həsənin motosikl almasında iştirak etməmiş, lakin sonra motosikli ustaya aparanda onda problemlər olduğunu bilmişlər. Həmin ərəfələrdə Həsənə motosikli satan Zahir adlı şəxs qalan pulu istəmiş, Həsən isə motosiklin təmirinə əlavə pul xərclədiyi üçün 500 manatı ödəyə bilməmişdir. Bu səbəbdən də Həsən onun yanında Zahirə zəng vurmuş, Həsənin telefonu ilə o, Zahirlə danışmış və ona motosikli Həsənə əsl dəyərindən baha qiymətə satmasını, Həsənin də onun təmirinə əlavə pul xərcləməsini, buna görə də qalan 500 manatı verə bilməməsini, hazırda Həsənin motosikli geri qaytarıb 1000 manatını götürmək istəməsini bildirmişdir. Zahir isə əgər Həsən 500 manatı vermirsə gəlib motosikli götürəcəyini və nə vaxt pulu olarsa 1000 manatı da qaytaracağını demişdir. X4 görüşmüş, Zahir 3-4 nəfərlə gəlmiş, motosiklin əsl sahibi olan və orada tanıdığı Məhəmməd adlı şəxs də orada olmuşdur. O, isə Həsənlə və kiçik qardaşı ilə getmişdir. Ona həmin vaxt motosiklin əsl sahibinin Məhəmməd olması və Zahirin vasitəçi kimi onu satması məlum olmuşdur. Məhəmmədgil motosiklin qalan pulunu istəmiş, o, isə Həsənin həmin pulu verə bilməyəcəyini demişdir. Həmin görüş zamanı yekunda motosiklin müvəqqəti olaraq Həsəndə qalması, amma motosiklin şəkilləri əsasında Məhəmmədgilin onu satıb Həsənin 1000 manatını verib motosikli götürmələri barədə qərara gəlmişlər. Lakin Məhəmməd əgər 5 günə kimi motosikli sata bilsələr Həsənin 1000 manatını verəcəklərini, 5 günə sata bilməsələr isə artıq məsələnin onlara aid olmadığını, Həsənin özünün satıb pulunu götürəcəyini bildirmişdir. Zahir də Məhəmmədin sözü ilə razılaşmış və onlar ayrılmışlar. Həmin vaxtı təxminən 2021-ci ilin may-iyun ayları olmuşdur, 5 gün keçsə də, motosikl Məhəmmədgil tərəfindən satılmamış, ondan sonra isə Həsən motosikli yenidən bir qədər təmir edib özü idarə etməyə başlamış, yəni Həsən də onu satmamışdır. 2021-ci ilin avqust ayının 1-də Zahir Həsənə zəng vurub ondan qalan 500 manatı istəməyə başlamış, Həsən isə əvvəlki görüşdə razılaşdıqlarını bildirsə də, Zahir pulu istəməkdə davam etmişdir. Sonra Həsən ona bu barədə deyəndə o, özü Zahirə zəng vurmuş və ona onların iki ay əvvəl bu barədə razılaşaraq əgər 5 günə motosikli Məhəmməd sata bilməsə onun Həsənə qalmasını, Həsənin ya onu özünün satıb pulunu götürməsini, ya da təmir etdirib idarə etməsini demişdir. Zahir isə onun bu söhbətə aidiyyəti olmadığını deyib kobud formada söyüş söyərək deyib gəlib motosikli götürəcəyini demişdir. 03 avqust 2021-ci il tarixdə səhər saat 11 radələrində Həsənlə telefonla danışanda Həsən ona Zahirlə görüşmək üçün Yasamala getməsini demiş, həmçinin Zahirin ona mesaj atıb onu söyməsini bildirmişdir. Bir müddət sonra Həsən ona zəng vurub Zahirlə birlikdə olduğunu demiş və o, Həsənin telefonu ilə Zahirlə danışanda Zahir ilk əvvəl kobud şəkildə bu işə qarışmamağını bildirmişdir. O, isə Həsənin onun dostu olduğunu, onun motosikl məsələsi ilə bağlı ziyana düşdüyünü bildirmişdir. Həmin vaxt Zahir onun ünvanına söyüş söyərək onunla görüşmək istədiyini demiş və harada olduğunu soruşmuşdur. O, Sulutəpədə olduğunu demiş, Zahir onunla söhbət etmək üçün ora gələcəyini demişdir. Bundan sonra o, usta Nizaminin yaşadığı Sulutəpə qəsəbəsində «Çinar» kafesinin yaxınlığında olan evinə tərəf getmişdir ki, onunla birlikdə yaxınlıqda olan işlədikləri sexə getsin. Onun fikri Zahir Sulutəpəyə gələndə onu sexə çağırması və orada böyük adamların araya keçib dava düşməyə qoymaması olmuşdur. O, «Çinar» kafesinin yanında Nizamini gözləyəndə Zahir özünün idarə etdiyi motosikllə onun olduğu yerə gəlmiş, Zahir motosikldən düşüb yaxınlaşmış, o, Zahirə salam versə də, onun salamını almamışdır. Zahir ona bura söhbət etməyə gəlmədiyini bildirmiş və otur motostiklə gedək demişdir. O, isə orada gözlədiyini və onunla getməyəcəyini demişdir. Bu zaman Zahir əli ilə onu sinəsindən itələmiş və sağ əlini arxasına aparmışdır. O, Zahirin cibindən nəsə bir alət çıxaracağını və onu vuracağını güman etmiş, cibindən qara rəngli qatlanan düyməli bıçağı çıxardıb havada yellədib Zahiri qorxutmaq istəmiş, Zahir isə yerdən daş götürmüşdür. Həmin zaman Zahir irəli üstünə gələndə onun bıçaqla havada etdiyi həmlələrdən biri onun qarnına dəymiş və o, bıçağı həmin an yerə atmışdır. Zahir isə əlindəki daşı ona atmış və daş ona dəyməmişdir. O, qorxduğu üçün oradan uzaqlaşmışdır. Təxminən 15-20 dəqiqə sonra Zahirin nə vəziyyətdə olduğunu, köməyə ehtiyacı olubolmadığını bilmək məqsədilə hadisə yerinə qayıtmış və Zahirin orada olmadığını görmüş, orada toplaşanlar ona təcili yardımın Zahiri aparmasını demişlər. Sonra o, piyada evinə tərəf gedərkən yolda polis əməkdaşları onu saxlayıb 40-cı Polis Bölməsinə aparmışlar. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi, onun səmimi etirafı ilə yanaşı aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özü əvvəllər Yasamal rayonu, Yeni Yasamalda kirayədə yaşamış, son vaxtlar isə artıq valideynlərinin yaşadığı Sulutəpə qəsəbəsində olan evə köçmüşdür. 2021 -ci ilin təxminən may-iyun aylarında uşaqlıqdan tanıdığı Həsən adlı şəxsə motosikl satmışdır. Belə ki, həmin motosikl Rəşad adlı şəxsə məxsus olmuş və o, vasitəçilik edib Həsənə satmışdır. Motosikli 1500 matana razılaşmış, Həsən ilkin olaraq 1000 manat pul vermiş, qalan 500 manatını isə 2 ay müddətində ödəyəcəyini demişdir. Lakin sonradan Həsən motosikldə texniki problemlər olmasını bəhanə edib qalan 500 manatı ödəməkdən imtina etmiş, o, isə Həsəndən pulu ödəməsini istəmişdir. Daha sonra isə Nicat adlı şəxs onunla əlaqə saxlamış, Həsənin dostu olmasını demişdir. Nicat motosiklin problemi çıxmasını, guya onu Həsənə dəyərindən artıq qiymətə satmasını və Həsəndən daha 500 manat pulu istəməməsini bildirmişdir. Bununla bağlı Nicatla aralarında sözlü mübahisə düşmüş, hətta bir dəfə o, Həsən və Nicatla görüşmüş, görüş zamanı motosikli ya onun, ya da Həsənin özünün satıb pulunu götürməsini razılaşmışlar. Lakin motosikl satılmamış və o, Həsənin motosikli idarə etməkdə davam etməsini görmüşdür, O, da Həsənə motosikli daha idarə etməməsini və gətirib qaytarmasını, onu özünün satacağını demişdir. 03 avqust 2021 -ci il tarixdə o, Həsənə zəng vurub yanına çağırmışdır. Həmin vaxtı o, dostları Rəvan və Məhəmmədlə birlikdə Yeni Yasamalda olmuşlar. Həsən onların olduqları yerə gəlmiş və o, Həsənə ya 500 manat pulu verməsini, ya da motosikli qaytarmasını bildirmişdir. Həsən isə Nicat nə desə elə də olacağını demişdir. Sonra Həsən öz telefonu ilə Nicata zəng vurmuş və telefonu ona vermişdir. O, Nicatla danışıb motosikllə bağlı şərtini ona demiş, Nicat isə onun düzgün etmədiyini, motosikli Həsənə baha satdığını və Həsənin də hazırda ona verməyə pulunun olmadığını demişdir. Nicatla aralarında mübahisə düşmüş və o, Nicata bu işə qarışmamağı tələb edib telefonda Nicatı söymüşdür. O, daha da əsəbiləşərək Nicatdan harada olduğunu soruşmuş və onunla söhbət etmək istədiyini demiş, Nicat Sulutəpədə «Karvan» market tərəfdə olduğunu demişdir. O, Nicata orada olmasını və özünün ora gələcəyini bildirmişdir. Bundan sonra o, öz motosiklinə əyləşərək Sulutəpəyə yola düşmüşdür, Yəni o, Həsəndən və dostlarından ayrılmış, onların arxasınca gəlib-gəlmədiklərini bilməmişdir. O, Sulutəpəyə çatanda Nicata zəng vurub harada olduğunu soruşmuş, Nicat yaxınlıqda «Çinar» kafesinin yanında olduğunu demişdir. O, həmin yerə gedəndə Nicatın orada təklikdə bardürün üstündə oturduğunu görmüşdür. O, motosikldən düşmüş və onlar üzbəüz dayanıb söhbət etmişlər. O, Nicata gedib kənarda söhbət etmələrini bildirmiş, Nicat isə heç yerə getməyəcəyini demiş və motosikllə bağlı yenə aralarında sözlü mübahisə düşmüşdür. O, əsəbiləşib əlilə Nicatın sinəsindən geri itələmiş, Nicat bardürə tərəf yıxılmışdır. Sonra Nicat qalxaraq belindən bıçaq çıxardıb üstünə gələrək qarın nahiyəsindən bir dəfə bıçaqla vurmuş, bundan sonra Nicat qaçıb oradan uzaqlaşmışdır. O, da yerdən daş götürüb Nicata atmış, daşın Nicata dəyib-dəymədiyini bilməmişdir. O, bardürün üstündə oturmuş, az müddət sonra hadisə yerinə gələn dostları Məhəmməd və Rəvan onu taksi ilə X6 aparmışlar. Nicatın valideynləri tərəfindən ona xəsarət alması ilə bağlı dəymiş ziyan ödənilmiş, onun Nicata qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, müxtəlif tikintilərdə fəhləlik edərək pul qazanır. Baş vermiş bu hadisədən təxminən iki-üç ay əvvəl özünə Sulutəpə qəsəbə sakini kimi tanıdığı Zahirdən 1500 manata motosikl almışdır. O, həmin motosikllə kuryer xidməti göstərmək istəmişdir. Belə ki, Zahirin özünün motosikli olduğundan ona da normal bir motosikl tapmasını xahiş etmişdir. O, ilkin olaraq pulun 1000 manatını Zahirə vermiş, qalan 500 manatı da 250 manat olmaqla 2 aya verəcəkmiş. Onun özünün dəqiq anlayışı olmadığından Zahir motosiklin tam normal vəziyyətdə olmasını bildirmişdir. O, da Zahirə inanıb həmin motosikli almış, lakin təxminən 3-4 gün sonra aldığı motosikldə problemlər üzə çıxmışdır. Belə ki, əvvəlcə təkəri yararsız olduğundan partlamış, həmçinin karbüratoru tutulduğundan təmir etdirmişdir. Bu kimi təmir işlərinə onun təxminən 250 manat xərci çıxmışdır. O, Zahirə zəng edib əlavə xərcinin çıxmasını və motosikli qaytarmaq istədiyini bildirmişdir. Lakin Zahir onunla razılaşmayaraq motosikli qaytara bilməyəcəyini və 500 manat pulu da ödəyəcəyini demişdir. O, bu barədə qonşusu və yaxın dostu Nicata məlumat vermişdir. Bundan sonra o, təkrarən Zahirə zəng vurmuş, onun telefonu ilə Nicat Zahirlə danışmış və Zahirə motosikli ona dəyərindən baha qiymətə satmasını, həmçinin təmirinə əlavə xərci çıxmasını, ona görə də qalan 500 manatı verə bilməyəcəyini və motosikli geri qaytarıb 1000 manatını götürmək istədiyini bildirmişdir. Zahir də 500 manatı verə bilmirsə onun gəlib motosikli götürəcəyini, nə vaxt pulu olarsa 1000 manatı da qaytacağını demişdir. Bu minvalla da danışaraq Sulutəpədə görüş təyin etmişlər. Zahir 3-4 nəfərlə, o, isə Nicat və onun kiçik qardaşı ilə gəlmişlər. Onlara həmin vaxt məlum olmuşdur ki, motosiklin əsl sahibi Məhəmməddir və Zahir vasitəçi kimi onu satmışdır. Zahirgil motosiklin qalan pulunu istəmiş, Nicat isə onun həmin pulu verə bilməyəcəyini demişdir. Nəhayət yekunda motosiklin müvəqqəti olaraq onda qalması, amma motosiklin şəkilləri əsasında Məhəmmədgilin satıb onun 1000 manatını verərək motosikli götürəcəkləri barədə qərara gəlmişlər. Belə ki, əgər 5 günə kimi motosikli sata bilməsələr onda o, özü satıb pulunu götürəcəkmiş. Həmin vaxtı təxminən 2021 -ci ilin mayiyun ayları olmuşdur. Sonradan 5 gün keçsə də motosikl Məhəmmədgil tərəfindən satılmamış və o, da məcbur olub motosikli yenidən bir qədər təmir edib özü idarə etməyə başlamışdır. 2021 -ci ilin avqust ayının 1-də Zahir ona zəng vurub qalan 500 manatı istəməyə başlamışdır. O, əvvəlki görüşləri zamanı razılaşdıqlarını bildirsə də Zahir yenə də pulu istəmişdir. Sonra o, Nicata bu barədə deyəndə Nicat özü Zahirə zəng vurmuş və əvvəlki görüşlərindəki razılaşmalarını xatırlatmışdır. X8 telefonda sözlü mübahisə etmişlər. Sonradan ona məlum olmuşdur ki, Zahir Nicatı əvvəl Yeni Yasamala, sonra isə Sumqayıta görüşə çağırmış, lakin Nicat görüşə getməmişdir. 02 avqust 2021-ci il tarixdə axşam saatlarında Zahir onun telefonuna səsli mesaj göndərmişdir ki, Nicat ona söyüş söyüb sonra da onunla görüşdən qaçmış, həmçinin onun özünü məsələni aydınlaşdırmaları üçün görüşə dəvət emişdir. Həmin günü o, imkan edib Zahirlə görüşə bilməmişdir. 03 avqust 2021-ci il tarixdə saat 11:00 radələrində Zahir təkrarən ona zəng edib Yeni Yasamal görüşə dəvət etmişdir. O, da Zahirin ona göndərdiyi həmin səsli mesajı Nicatın telefonuna göndərmiş, özü də Zahirlə görüşmək üçün Yeni Yasamal getmişdir. O, yolda olanda Nicat ona zəng vurmuş, ona Zahirlə görüşməyə Yeni Yasamala getdiyini demişdir. Bir qədər sonra X5 görüşmüşlər. Söhbət əsnasında Zahir ondan 500 manat pulu, ya da motosikli ona qaytarmasını istəmişdir. O, yenə də ona əvvəlki görüşlərindəki razılaşmalarını xatırladanda o, razılaşmamışdır. Bundan sonra Zahir Nicatla telefonda danışıb sözlü mübahisə etmiş, daha sonra anidən Zahir əsəbləşərək öz motosikli ilə oradan uzaqlaşmışdır. O, Zahirin Nicatla görüşə getdiyini təxmin edib onun arxasınca Sulutəpə qəsəbəsinə yola düşmüş, Zahirin motosikli daha təzə və sürətli olduğundan ona çata bilməmişdir. Artıq Sulutəpə qəsəbəsində «Çinar» kafesinin yaxınlığından keçərkən orada toplaşan adamlar dostu Nicatın kimisə bıçaqla vurmasını bildirmişlər. Bir qədər irəliyə getdikdə isə Zahirin qarın nahiyəsinin qan olmasını və onu tanımadığı adamların markasına və nömrəsinə fikir vermədiyi avtomaşına əyləşdirdiklərinin şahidi olmuşdur. Nicat həmin vaxt orada olmamışdır. O, Zahiri xəstəxanaya apardıqlarını öyrənmiş və onların arxasınca o, da xəstəxanaya getmişdir. Zahir xəstəxanaya yerləşdirildikdən sonra o, Sulutəpə qəsəbəsinə Nicatgilin evinə qayıtmışdır. Artıq orada ona məlum olmuşdur ki, Zahirlə Nicat dava etmiş və dava zamanı da Nicat Zahirin qarın nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Nicatın Zahirlə dava etmək və ona xəsarət yetirmək fikri ümumiyyətlə olmamışdır. Çünki Nicat hər dəfəsində məsələnin sülhlə həll olunmasının tərəfdarı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uşaqlıq dostudur. 2021 -ci ilin iyul ayında o, hərbi xidmətdən qayıtmış və Zahirlə söhbət zamanı Zahir ona bir müddət əvvəl Həsən adlı ortaq tanışlarına motosikl satmasını, lakin Həsənin motosikli ona baha satdığını bildirərək ödənişdən qalan məbləği ödəmək istəmədiyini və bu səbəbdən Həsənlə aralarında mübahisə və soyuqluq olmasını, həmçinin Həsənin Nicat adlı tanışının da bu məsələ ilə bağlı Zahirlə görüşüb danışmasını demişdir. O, Nicatı tanımamış və onu heç vaxt görməmişdir. 2021 -ci ilin avqust ayının 3-də o, Zahir və Məhəmməd adlı başqa dostları Yeni Yasamal ərazisində bir yerdə olmuşlar. Həsən də ora gəlmiş və həmin vaxtı da Zahirlə Həsən arasında motosikl söhbəti getmişdir. Sonra o, eşitmişdir ki, Zahir kiminləsə telefonla danışıb mübahisə etmiş, o, sonradan bilmişdir ki, X9 adlı tanışı ilə mübahisə edir və telefon danışığından başa düşmüşdür ki, Zahir Nicatla söhbət etmək üçün Sulutəpə qəsəbəsinə «Karvan» market tərəfə gedir. Zahir onlardan aralanıb özünün idarə etdiyi motosikllə çıxıb getmiş, Həsən də özünün idarə etdiyi motosikllə Zahirin arxasınca getmiş, o, və Məhəmməd isə taksi sifariş edərək əyləşib Sulutəpəyə getmişlər. Onların getməkdə məqsədləri Zahirlə Nicat arasında hər hansı qarşıdurma olarsa onun qarşısını almaq olmuşdur. Onlar Sulutəpəyə «Karvan» marketin yanına çatanda bir qədər aralıda «Çinar» kafesi tərəfdə adamların toplaşmasını görmüşlər. Taksidən düşüb həmin yerə yaxınlaşanda Zahirin xəsarət almış vəziyyətdə bardürün üstündə oturduğunu görmüşlər. Zahirin qarın nahiyəsindən qan axmış və Nicat orada olmamışdır. Onlar yoldan taksi saxlayıb Zahiri əyləşdirərək birbaşa 1 saylı xəstəxanaya gətirmiş və Zahirə tibbi yardım göstərilmişdir. Zahir xəstəxanada Nicatın onu bıçaqla vurub xəsarət yetirməsini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yaxın tanışları onu Məhəmməd deyə çağırırlar. Zərərçəkmiş şəxs onun dostudur. 2021 -ci ilin yay aylarında Zahirlə söhbət zamanı Zahir ona bir müddət əvvəl Həsən adlı tanışlarına motosikl satmasını, Həsənin motosiklin pulunun bir hissəsini ödədiyini, amma qalan hissəsini ödəmədiyini və guya Zahirin motosikli ona baha satmasını və buna görə də ödənişdən qalan məbləği ödəmək istəmədiyini demişdir. Zahir bu səbəbdən Həsənlə aralarında mübahisə və soyuqluq olmasını, həmçinin Həsənin Nicat adlı tanışının da bu məsələ ilə bağlı Zahirlə görüşüb danışmasını bildirmişdir. Bildirmişdir ki, o, Nicatı tanımamış və onu heç vaxt görməmişdir, 2021-ci ilin avqust ayının 3-də o, Zahir və digər dostları Rəvanla birlikdə Yeni Yasamal ərazisində bir yerdə olmuşlar. Həsən də ora gəlmiş və həmin vaxtı da Zahirlə Həsən arasında motosikl söhbəti getmişdir. Sonra o, eşitmişdir ki, Zahir kiminləsə telefonla danışıb mübahisə etmiş, o, sonradan bilmişdir ki, X9 adlı tanışı ilə mübahisə etmiş və telefon danışığından belə başa düşmüşdür ki, Zahir Nicatla görüşüb söhbət etmək üçün Sulutəpə qəsəbəsinə «Karvan» market tərəfə gedir. Zahir onlardan ayrılıb özünün idarə etdiyi motosiklinə tərəf getmiş, Həsən də öz motosikli ilə Zahirin arxasınca getmişdir. O və Rəvan isə taksi sifariş edərək əyləşib Sulutəpəyə getmişlər. X10 arasında ola biləcək hər hansı münaqişənin qarşısını almaq məqsədilə onun arxasınca getmişlər. Onlar Sulutəpəyə çatmış və «Karvan» marketin yanına çatanda bir qədər aralıda «Çinar» kafesi tərəfdə adamların toplaşmasını görmüşlər. Taksidən düşüb həmin yerə yaxınlaşanda Zahirin xəsarət almış vəziyyətdə bardürün üstündə oturmasını görmüşlər. Zahirin qarın nahiyəsindən qan axmış və Nicat orada olmamışdır. Onlar yoldan təsadüfi taksi saxlayıb Zahiri əyləşdirərək birbaşa 1 saylı xəstəxanaya gətirmiş və Zahirə tibbi yardım göstərilmişdir. Zahir xəstəxanada Nicatın onu bıçaqla vurmasını bildirmişdir. Bu barədə başqa məlumatı yoxdur və hadisənin bilavasitə şahidi olmamışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, o, hadisə yerində bıçaq görməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 07 sentyabr 2021 -ci il tarixli 1428 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərinə müəyyən edilmiş xəsarətlər - qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən, qarının sol düz əzələsini, böyük piyliyi və nazik bağırsaq divarını zədələmiş, kəskin daxili qanaxma ilə (qarın boşluğunda 350 ml-dək qan) müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) bir zərbəsi təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 03 avqust 2021 -ci il tarixdə qeyd olunan nahiyəyə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs xəsarət bədənin müxtəlif duruş vəziyyətində, o cümlədən ayaqüstə, uzanmış, yarımoturaq və s. vəziyyətdə yetirilə bilərdi. Xəsarətin lokalizasiyasına əsaslanıb xəsarət yetirilən anda zərərçəkmişlə xəsarət yetirən şəxsin üzbəüz vəziyyətdə ola bilmələri barədə mülahizə yürütmək mümkündür. Cinayət işinə əlavə olunmuş əlavə ambulator məhkəmə psixiatrik ekspertizasının 22 oktyabr 2021-ci li tarixli, 2453 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bır psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bır psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1 .-ci və 21.3.-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətində iştirak etmək iqtidarındadır. Cinayət işinə əlavə olunmuş kompleks məhkəmə-tibbi, bioloji və kriminalistik ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 753/2021-MTKŞ və 26 noyabr 2021 -ci il tarixli, 865/2021-MTBŞ saylı rəyləri ilə müəyyən edilmişdir ki, təqdim edilmiş qatlanmayan bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş qatlanan bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - qarının ön divarının sol yarısının qarın boşluğuna nüfuz edən deşilmişkəsilmiş yarası deşici-kəsıci əşyanın (alətin) bir zərbəsi təsirindən törənmişdir. Bu xəsarətin morfoloji xüsusiyyətləri, xətti ölçüləri, həmçinin ekspertizaya təqdim edilmiş bıçaqların konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu xəsarət ekspertizaya təqdim edilmiş bıçaqların ikisi ilə də yetirilə bilər. Konkret olaraq hansı bıçağın təsirindən törənib-törənməməsı haqqında fikir söyləmək üçün Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş paltarların tədqiqatı aparlmalıdır. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O/l/. (Təqdim edilmiş sənədə əsasən). Ekspertizaya təqdim edilmiş qatlanan qara rəngli bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda heç bir antigen alınmadığı üçün, bu ləkələrdə olan insan qanının qrup göstəricələrini təyin etmək mümkün olmadı. Təqdim edilmiş qatlanmayan bıçaq üzərində qan ləkələri aşkar olundu. Qan ləkələrindən hazırlanmış məhlullarda zülal aşkar olunmadığı üçün, qanın növünü təyin etmək mümkün olmadı. Cinayət işinə əlavə olunmuş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmışdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Zərərçəkmiş şəxs müalicəsi üçün maddi yardım göstərməsini və onunla barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi bir ədəd qatlanan, tiyəsi və dəstəyi qara rəngli metaldan olan düyməli bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi zamanı istifadə etdiyi bir ədəd qatlanan, tiyəsi və dəstəyi qara rəngli metaldan olan düyməli bıçaq məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-427/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-427/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver