Məhkəmə qərarları › İş №1(101)-427/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-427/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-427/2023 20.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Zəngilan rayonu, Ağbiz kəndində qeydiyyatda olan, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, X15 küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, sevgi münasibətində olduğu Şahid3 əvvəlki tanışı Zərərçəkmiş şəxs ilə aralarında Şahid3 ilə bağlı qərəzli münasibət yarandığından, həmin münasibətlərə aydınlıq gətirmək məqsədilə Zərərçəkmiş şəxs ilə görüşmək barədə razılaşdıqdan sonra, 19 iyul 2022-ci il tarixdə, saat 20:00 radələrində sonuncu ilə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 92 ünvanında olan "Park- Bulvar" ticarət mərkəzinin arxasında görüşərkən, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qisas almaq məqsədilə üzərində olan bıçaqla sağ qol və döş qəfəsi nahiyəsinə 2 (iki) dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs sağ bazunun orta 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət və diafraqmanın zədələnməsi və döş boşluğuna çoxlu qanaxma (350 ml) ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, törətdiyi əməldən peşmandır. O və Şamxal bir-birilərini tanımamışlar, onlar sadəcə birbirilərinin adlarını bilmişlər. Onların arasında qız məsələsi olmuşdur. Hadisə baş verən vaxt o, Aysel adlı qız ilə sevgili olmuşdur. Aysel ondan əvvəl Şamxal ilə sevgili olmuşdur. O, Aysel ilə tanış olan zaman Şamxal ilə görüşmək istəmişdir. Sonradan onunla Şamxalın görüşü alınmamışdır. Əsgərliyə yaxın ərəfədə o, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon şöbəsinə getmişdir. O, oradan qayıdan zaman dostları ilə qarşılaşmış və Şamxalın nömrəsini dostlarından almışdır. Onun məqsədi Şamxal ilə söhbət etmək və Ayselin necə birisi olduğunu öyrənmək istəməsi olmuşdur. Onlar Şamxal ilə “Park Bulvarda” görüşüb söhbət etmişlər. O, Şamxalın Aysel barədə dediyi sözləri qəbul edə bilməmişdir. Onun üzərində bıçaq olmuş və o, 2 (iki) dəfə Şamxalın qolundan və sinəsindən xəsarət yetirmişdir. O, bıçağı ikinci dəfə görüşdən qayıdan zaman götürmüşdür. Ətrafdakı insanlar və mühafizəçi onları ayırmağa cəhd etmişlər. Sonra o, mühafizəçi ilə sağollaşmış və evə getmişdir. Daha sonra 31-ci Polis bölməsindən ona zəng gəlmiş və o, Polis bölməsinə getmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. O, “Sahil” tərəfdə olanda, Kənan ona zəng edib görüşmək istədiyini bildirmişdir. O da razılaşmışdır. Sonra o, Kənan ilə görüşüb söhbət etmişdir. Şamxal ondan Şahid3 haqqında soruşmuşdur. O da Kənana həmin qızın onun ailəsinə qismət olmasını istəmədiyini bildirmiş və Kənana da bunu məsləhət bilməmişdir. Bir müddət keçmişdir ki, o, dostları ilə birlikdə bulvarda oturmuşdur. Bu vaxt qız (Aysel) ona zəng edərək demişdir ki, “mənim haqqımda nələrsə demisən”. O da təbii ki, boynuna almamışdır. Sonra o, Kənana yığmış və Kənana dediyi sözlər haqqında soruşmuşdur ki, Aysel nəyə görə onu yığıb və xalası oğlanlarına bu barədə deyəcəyini və sair şeyləri ona demişdir. Bundan sonra Kənan ora gəlmiş və onlar qıraqda söhbət etmişlər. Anidən Kənan onun sinəsindən və qolundan vurmuşdur. O, özünü arxaya atanda bıçağın ona dəydiyini hiss etmişdir. Onun dostu onun arxasınca gəlmiş və onu xəstəxanaya aparmışdr. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs qonşusu olduğuna görə tanımışdır. O, Təqsirləndirilən şəxs ilə “Ulduz” metro stansiyasında tanış olmuşdur. Kənan da onlarla qonşu olmuşdur. Hadisə baş verən gün axşam saatlarında anasının ona məlumat verməsindən sonra o, baş vermiş hadisədən xəbərdar olmuşdur. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, valideynləri ilə birlikdə yaşayır, ailədə 1 (bir) bacı və 1 (bir) qardaşdılar. Atası ailəni dolandırmaq üçün taksi fəaliyyyəti ilə məşğul olur, anası isə Qara Qarayev metrosunun yaxınlığında olan mağazada satıcı işləyir. Qardaşı İlkin hazırda “N” saylı hərbi hissədə xidmətdədir. O, Şamxalın 39-cu Polis bölməsinə yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. O, Şamxalı onun xalası Zəminənin qonşuluğunda yaşayan biri kimi tanıyır, aralarında həmin hadisədən əvvəl sevgi münasibətləri olmuşdur. Şamxaldan sonra o, Kənanı tanımışdır. Belə ki, onun qohumları "Ulduz" metrosunun yaxınlığında yaşadığı üçün belə olub ki, o ora gedib-gələndə Kənanı tanımışdır. O, Nizami rayonunda olan 238 nömrəli orta məktəbdə oxumuş, sonra həmin məktəbin 9-cu sinfindən çıxmışdır. O, çıxdığı məktəbin 9-cu sinfində oxumağa başlayan zaman valideyni ona istifadə etmək üçün "Redmi" markalı mobil telefon alıb vermişdir. Həmin mobil telefonda da o, anasının adına olan ***-***-**-** nömrəsindən istifadə etmiş, sonradan isə anasının adına olan ***-***-**-** nömrəsindən “Votsap” və konturla danışıq vasitəsi ilə istifadə etmişdir. Kənanın Şamxala qarşı törətdiyi cinayət hadisəsi ilə bağlı olaraq o, həmin hadisəni 19 iyul 2022-ci ildə axşam vaxtı bilmişdir. O, Kənan və Şamxalın istifadəsində olan mobil telefon nömrələrini bilmişdir. Təxminən 2 il bundan əvvəl o, Şamxalla bir dost kimi tanış olmuşdur. Onların arasında olan dostluq münasibəti də Şamxalın onun xalası ilə qonşuluqda yaşadığı üçün olmuşdur. Bundan sonra da son bir ildir ki, onun Kənanla münasibəti olmuşdur. Belə ki, o, hələ orta məktəbdə oxuyan vaxt Kənan ona eşq elan etmişdir. O, məktəbdə oxuyan vaxt Kənan onun ardınca məktəbə gəlmiş, dərs bitdikdən sonra da onun ardınca evə qədər getmişdir. Bu barədə onun anasının məlumatı olduğu üçün anası onu 9-cu sinifdən çıxartmışdır ki, Kənanla onun arasında olan münasibətlər qurtarsın. Lakin buna baxmayaraq, Kənan onu sevmiş və ona görə də mobil telefon vasitəsi ilə onunla əlaqə saxlamışdır. 19 iyul 2022-ci ildə Kənanla Şamxalın arasında olan həmin hadisə ərəfəsində onun Kənan və Şamxalla mobil telefon danışıqları olmuşdur. X9 bıçaqla vurub xəsarət yetirəcəyindən onun əvvəlcədən xəbəri olmamışdır. Bu hadisə ilə bağlı onun heç bir məlumatı olmamışdır. İstifadəsində olan mobil telefonla o, əvvəllər Şamxal, sonradan isə Kənan ilə danışmışdır. Həm Kənan, həm də Şamxal ona eşq elan etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Raqif oğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə dostdur. O, Zərərçəkmiş şəxs isə tanımır. Hadisə günü o, məhəlləyə düşmüş və Kənanı əsəbi halda görmüşdür. Hazırda əsgərlikdə olan onun digər dostu Həmidov X5 yanında olmuşdur. Kamal və Kənan taksiyə əyləşib harasa getmişlər. O da Kənangilin yanında əyləşmişdir. Kənan onlara demişdir ki, “gözləyin, gəlirəm”. Onlar da orada olan Şamxalın dostu ilə danışmışlar ki, xoşluqla məsələ bağlansın. Çünki Kənan əsgər getməli imiş və ona görə də Kənana problem lazım deyildi. Onların məsələdən xəbəri olmamışdır. Şamxal ilə Kənan təxminən 15 metr onlardan aralıda olmuşlar. Onlar Şamxalın dostu ilə artıq xoşluq etmişlər. Həmin vaxt onlar Kənan və Şamxal tərəfə çöndükdə bıçaqlama hadisəsi baş vermişdir. O, getmiş və Kənanı Şamxaldan aralamışdır. O, qan görməmiş, lakin Kənanda bıçaq olduğunu görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. O, Təqsirləndirilən şəxs isə sonradan tanımışdır. Onlar hadisə baş verən gün saat 14:00 radələrində dostu İbrahim ilə “Torqovıy” kimi adlanan yerdə gəzmişlər. Onlar iki gündən bir ora getmişlər və hər dəfə də dostu Şamxalın yanına getmişlər. Şamxal həmin vaxt orada yerləşən köşkdə işləmişdir. Onlar Şamxalın yanına gedib söhbət etmişlər. Söhbət əsnasında Şamxal demişdir ki, “Təqsirləndirilən şəxs ilə qız söhbətinə görə danışmışam”. Bundan sonra Şamxal bu söhbəti açmamışdır. Bu söhbətdən 10 dəqiqə sonra Şahid3 Şamxala zəng gəlmişdir. Aysel Şamxala demişdir ki, “niyə aramızda olan bir şeyi Kənana demisən?”. Sonra onlar Şamxalın telefonuna kontur yükləmişlər və Şamxal Kənana yığıb demişdir ki, “niyə Ayselə bizim aramızda olan söhbət çatıb?”. X13 “Torqovuya” çağırmışdır. Yarım saat sonra Kənan və yanında olan 3 dostu ora gəlmişdir. Kənan dostları ilə birlikdə 4 nəfər olmuşlar. Onlar isə 3 nəfər olmuşlar. Lakin saylar onun dəqiq yadında deyil. O, qıraqda Kənanın dostları ilə söhbət etmiş, sonra əl sıxışdırmışlar. Ani vaxtda onlar Şamxal və Kənanın əlbəyaxa dava etdiklərini görmüşlər. Sonra onlar baxıb görmüşlər ki, Şamxal üstü qanlı vəziyyətdə onların üstünə gəlmişdir. Bu vaxt onlara məlum olmuşdur ki, Kənan Şamxala kəsici alətlə hücum etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyul 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün saat 19:51 radələrində Azərbaycan Respublikası DİN-in 102 xidmətinə anonim şəxs zəng edərək “Park Bulvar” ticarət mərkəzinin arxasında Babayev Şamxal adlı şəxsin bıçaqlanması barədə məlumat vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyul 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 8) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 92 ünvanında yerləşən "Park-Bulvar" ticarət mərkəzinin arxasında (dənizə tərəf arxa çıxış qapısı) baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 22) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyul 2022-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 32-39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə törətdiyi cinayət əməlinin mexanizmini və üsulunu əyani şəkildə göstərmiş, eləcə də cinayətin aləti qismində istifadə etdiyi bıçağı cinayət hadisəsindən sonra atdığı yeri göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 48-49) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 62-63) görünür ki, Bakı şəhəri Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatəti müdafiə etməkdən imtina etmiş və bunun əsasında Təqsirləndirilən şəxs dərhal həbsdən azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyul 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqənda qərardan (cild 1, iş vərəqə 65-66) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 70) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 avqust 2022-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 90) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X1” X11 2126 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 101-104) görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert aşağıdakı nəticəyə gəlir: Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Kinlilik, inadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək, söz götürməmək, tez özündən çıxmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4” Hüquqi Şəxsin 533 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 96-99) görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - diafraqmanın zədələnməsi və sağ döş boşluğuna çoxlu qanaxma (350 ml) ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edən 1 (bir) ədəd, eləcə də sağ bazunun orta 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici xarakterli alətin (alətlərin) zərbəsinin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərdən müddətdə və şəraitdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən - diafraqmanın zədələnməsi və sağ döş boşluğuna çoxlu qanaxma (350 ml) ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sağ bazunun orta 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 105) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 119-120) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 132-133) görünür ki, Bakı şəhəri Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatəti müdafiə etməkdən imtina etmiş, habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 134-146) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun əməllərində Cinayət Məcəlləsinin 228.4, 29,120-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 dekabr 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 203) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, Zərərçəkmiş şəxs dəymiş ziyan tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və qeyd edilən sübutları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs birbirilərini tanımamışlar, lakin qiyabi şəkildə hər biri digəri barəsində məlumatlı olmuşdur. Belə ki, şahid qismində çıxış edən Şahid3 ilə Zərərçəkmiş şəxs əvvəllər sevgi münasibətlərində olmuşlar. Daha sonra Şahid3 Zərərçəkmiş şəxs ayrılmış və Təqsirləndirilən şəxslə sevgi münasibətlərinə daxil olmuşdur. Təqsirləndirilən şəxs Şahid3 ilə sevgi münasibətləri qurmamışdan əvvəl sonuncunun Zərərçəkmiş şəxs ilə sevgi münasibətlərində olduğunu bilmişdir. Həmçinin Şahid3 Zərərçəkmiş şəxs ayrıldıqdan sonra X12 Abdullayevlə sevgi münasibətlərinə daxil olduğunu bilmişdir. Başqa sözlə, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birilərini əyani şəkildə tanımasalar da, qiyabi şəkildə bir-biriləri barədə məlumata sahib olmuşlar. Cinayət hadisəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə öz təşəbbüsü ilə görüşmüşdür. Görüşə səbəb isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şahid3 ilə olan münasibətləri ilə maraqlanması olmuşdur. Həmin görüş zamanı tərəflər arasında, yəni Kənanla Şamxal arasında mübahisə baş verməmiş, lakin bu görüş zamanı X14 barəsində olan münasibətlərini bildirməklə Aysel barəsində xoşagəlməz sözlər səsləndirmişdir. Şamxalın bu sözləri Şahid3 ilə sevgi münasibətlərində olan Kənana pis təsir etmiş və bundan sonra Şamxalla sağollaşaraq oradan çıxıb getmişdir. Bu hissədə məhkəmə onu da qeyd edir ki, Kənanla Şamxal görüşüb söhbət edərkən həmin vaxt sonuncunun yanında dostları olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Şamxalın Aysel barəsində ona dedikləri xoşagəlməz sözlərini Ayselə bildirmiş, Aysel isə Zərərçəkmiş şəxs zəng edərək Şamxalın onun ünvanına Kənana demiş olduğu sözlərlə bağlı haqlı iradını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs Ayselin dediklərini inkar edərək Kənana belə sözlər demədiyini bildirmişdir. Nəticədə isə Şamxal əsassız olaraq Kənana bildirdiklərinin Kənanın Ayselə deməsindən əsəbiləşərək Kənana zəng edərək sonuncu ilə kobud şəkildə danışıb görüşə dəvət etmişdir. Təqsirləndirilən şəxs də Şamxalın dəvəti ilə razılaşaraq görüşəcəyini bildirmişdir. Bu görüşün təşəbbüskarı məhz Zərərçəkmiş şəxs olmuşdur. Belə ki, məhz Şamxal Kənana zəng edərək sonuncunu görüşə çağırmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla kobud danışdığını görüb və həmin görüşdə Şamxal tərəfindən təklənəcəyindən ehtiyat edərək soyuq silah hesab edilməyən bıçaqla silahlanaraq öz dostları ilə birlikdə Şamxalla görüşə getmişdir. Bu görüş də əvvəlki görüş kimi 19 iyul 2022-ci il tarixdə baş tutmuşdur. Bu dəfə isə Kənanla Şamxal saat 20:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 92 ünvanında yerləşən "Park-Bulvar" ticarət mərkəzinin arxasında görüşmüşlər. Həmin görüş zamanı Şamxal bir qədər əvvəl telefonla danışarkən göstərdiyi aqressivliyi davam etdirərək Təqsirləndirilən şəxs yenidən kobudluq etmişdir. Lakin bu kobudluq sözlərdə ifadə olunmuş və real əlbəyaxaya keçməmişdir. Həmin vaxt Şamxalın və Kənanın yanında öz dostları olsalar da, heç kəs Kənanla Şamxalın söhbətinə müdaxilə etməmişdir. Tərəflər arasında sözlü mübahisə davam etdiyi zaman Kənan üzərində gətirdiyi bıçaqla Şamxalın sağ qol və döş qəfəsi nahiyəsinə 2 (iki) dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Bunun nəticəsində Zərərçəkmiş şəxs sağ bazunun orta 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət və diafraqmanın zədələnməsi və döş boşluğuna çoxlu qanaxma (350 ml) ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthinə daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamğa ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Yuxarıda göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır və bu hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlər Şahid2 və Amal Yahyazadənin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda vermiş olduqları ifadələri əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlərlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbələr nəticəsində almışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Eyni zamanda məhkəmə cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halları, yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs haqq-hesab etmək üçün görüşə çağırmasını, görüşə çağırarkən Şamxalın Kənanla kobud danışmasını, görüş zamanı Şamxalın bu kobudluğu davam etdirməsini, habelə Kənanın Aysel ilə sevgi münasibətlərində olduğu vaxt X8 əxlaqı barəsində xoşagəlməz sözlər deməsini, başqa sözlə, göstərilən bu halları bütövlükdə nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz Zərərçəkmiş şəxs ona qarşı sərgiləmiş olduğu əxlaqsız hərəkətlərinin təsiri altında və həmin hərəkətlərin nəticəsində törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin məhkəmə istintaqında vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunduğundan, sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bundan başqa, məhkəmə istintaqında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ona ödənildiyini, habelə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında və həmin hərəkətlərin nəticəsində törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə onun törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və ələlxüsus da onun yaşını (yenicə yetkinlik yaşına çatmasını) Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə), təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə), cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zoraki cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni onun tərəfindən cinayət əməlini zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında və nəticəsində törədilməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə zərərçəkmiş şəxsə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əsasən də onun yaşını (yenicə yetkinlik yaşına çatmasını) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun şəxsiyyətini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında və nəticəsində törətməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, cinayət nəticəsində vurulmuş ziyanın tam şəkildə zərərçəkmiş şəxsə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əsasən də onun yaşını, yəni cinayət əməlini törədərkən yenicə yetkinlik yaşına çatmasını, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, onun hərbi xidmət üzrə yararlı olmasını və hazırki yaş dövrünü, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən ona göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla, ona təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfləri, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar