Məhkəmə qərarları › İş №1(101)-427/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-427/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-427/2024 10.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X22 ibarət tərkibdə, X4 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: X2 iştirakı ilə, 26 fevral 1986-cı ildə Lerik rayonu, Babakuçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olub, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və 283.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: İttihama görə, Mirhafiz Cəfərzadə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq qəsdən casusluq formasında və xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək edərək dövlətə xəyanət etmiş, həmçinin aşkar surətdə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etmişdir. Belə ki, X17 İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən, hazırda həmin dövlətin ərazisində məskunlaşan X7 vasitəsilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə olaraq xarici xüsusi xidmət orqanının tapşırıqlarının yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərərək, habelə onların tapşırığı ilə 23 aprel 2021-ci il tarixdə özünə məxsus “Oneplus” markalı mobil telefon aparatındakı “Google maps” mobil tətbiqinin imkanlarından istifadə etməklə Lənkəran rayonu ərazisində yerləşən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin yerini dəqiqləşdirib hərbi hissənin GPS koordinatlarını “Teleqram” mobil tətbiqində Orxan Məmmədova məxsus “Orkhan Mammadov” adlı hesaba göndərərək qəsdən casusluq formasında və xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək etməklə dövlətə xəyanət etmişdir. Bundan başqa, Mirhafiz Cəfərzadə 2018-ci ildən başlayaraq 2021-ci ilin sentyabr ayınadək olan dövr ərzində “Facebook” sosial şəbəkəsində yaratdığı özünə məxsus “Rosta Merd” adlı hesabından istifadə etməklə “Artıq mənsub olduğunuz millətin siyasi statusa malik olmaq vaxtı yetişib! Bu Sizin və bizim haqqımızdır! Əgər bu şansı əldən versək, tarix bizi bağışlamayacaq”, “Əziz talışlar, yadınızda saxlayın, heç bir xalqa azadlıq və milli haqqı hədiyyə etmirlər, bunun üçün birləşib mübarizə aparmaq lazımdır və s.” kimi paylaşımlarında aşkar surətdə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən X5 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və 283.1-ci maddələri ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 1966-cı ildə Lerik rayonu, Babaküçə kəndində anadan olmuşdur. Ailəsi Lənkəran rayonunun, Bəllabur kəndinə köçdüyü üçün orada böyüyüb boya-başa çatmışdır. Orta təhsili də kənddə və sonra Lənkəran şəhər 1 nömrəli orta məktəbdə almışdır. 1984-1986-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmət sıralarında olmuşdur. 1988-ci ildə BDU-nun şərqşünaslıq fakültəsini ərəb dili üzrə qırmızı diplomla bitirmişdir. Sovet dövləti dağılandan sonra yaranmış vəziyyətdə ixtisasına uyğun iş tapa bilmədiyi üçün 1995-ci ildə Rusiyaya getmiş və orada ticarətlə məşğul olmağa başlamışdır. 2009-cu ildən Rusiya Federasiyasının vətəndaşı olmuşdur. Rusiya Federasiyasında yaşamağa başlayandan sonra Azərbaycana yalnız qısamüddətli səfərlər etmişdir. 2017-ci ildən sonra isə iş fəaliyyətində ciddi problemlər yarandığından bu səfərləri minimuma enmişdir. Sonuncu dəfə 2020-ci ilin fevralında Azərbaycanı tərk etmiş və 2021-ci ilin iyulunda qayıtmışdır. Rusiyada yaşadığı dövrdə müxtəlif sahələrdə biznes fəaliyyəti göstərmişdir. Bu fəaliyyət müxtəlif ölkələri əhatə etmişdir. Misal üçün Rusiya, Ukraniya, Belarus, Türkiyə, İran, Qazaxıstan, Əfqanıstan, İraq, Monqolustan, Çin və Azərbaycanı göstərə bilər. Biznes fəaliyyətinin dairəsi çox geniş olmuşdur. İrandan Azərbaycana şüşə, İrandan Rusiyaya meyvə-tərəvəz, quru meyvə, neft-kimya məhsulları, tikinti materialları, İrandan Ukraniya və Belarusa neftkimya məhsulları, İrandan Türkiyəyə neft-kimya məhsulları, İrandan Qazaxıstana təbii üzlük daşlar, Rusiyadan İrana taxta materialları, Rusiyadan Əfqanıstan və İraqa taxıl və un məhsulları, Monqolustandan İrana ət məhsullarının göndərilməsində iştirak etmişdir. 2014cü ildən sonra biznes fəaliyyətində ciddi problemlər yaranmışdır. Bu problemlər əsasən Rusiya və Qazaxıstanda milli valyutaların devalvasiyası nəticəsində baş vermişdir. Pandemiya dövründə biznes fəaliyyəti demək olar ki, dayanmışdır. Tələbəlik dövründən başlayaraq siyasi hadisələrin aktiv iştirakçısı olmuşdur. 20 yanvar 1990-cı ildə minlərlə Azərbaycan gənci kimi o da Sovet tankları ilə üz-üzə dayananların sırasında olmuşdur. Sonralar da Azərbaycanda və ümumiyyətlə regionda və dünyada baş verən hadisələri izləməyə çalışmışdır. 2009-cu ildən “Facebook” sosial şəbəkəsində aktiv iştirak etmişdir. Şəbəkədə 5 mindən çox izləyicisi olmuşdur. Cəmiyyəti narahat edən müxtəlif mövzularla bağlı həmişə öz münasibətini bildirməyə çalışmışdır. Paylaşımları siyasi, iqtisadi, milli, mədəni, dini, tarixi və idman mövzularını əhatə etmişdir. 2014-cü ildən başlayaraq “Facebook” profilinə aktiv hücumlar edilmişdir. Müxtəlif vasitələrlə profilini sındırmaq üçün cəhdlər edilmiş, profili tez-tez şikayət olunmuş və nəticədə 2018-ci ilin sonlarında “Facebook” onun profilini blok etmişdir. Lakin bir müddətdən sonra “Facebook” onun profilini blokdan çıxartsa da, bundan sonra sosial şəbəkələrdə aktiv fəaliyyəti olmamışdır. 2019-cu ilin noyabr ayında atası vəfat etdiyi üçün Rusiyadan Azərbaycana gəlmişdir. Atasının dəfnindən sonra yenidən Rusiyaya qayıtmışdır. Həmin ilin dekabr ayında atasının 40 mərasimi üçün bir daha Azərbaycana gəlmiş və 2020-ci ilin fevral ayına qədər Azərbaycanda olmuşdur. Fevral ayının 14-də müalicə məqsədi ilə İrana getmişdir. Fevralın sonunda pandemiyaya görə sərhədlər bağlandığı üçün müalicəsini davam etdirmək məqsədi ilə yenidən İrana gedə bilməyəcəyinə görə daha 17 gün İranda qalmış və fevralın 17-də Tehrandan Moskvaya getmişdir. Həmin vaxtdan 2021-ci ilin iyul ayına qədər Rusiyada olmuşdur. İyulun 27-də Moskvadan qızı X10 ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Sentyabr ayının 14-də “Bakı-Mineralnıye Vodı” reysi ilə Rusiyaya uçmaq istəyərkən H.Əliyev areoportunda pasport nəzarətindən keçərkən təqribən saat 18 radələrində DTX əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman mobil cihazlarının, elektron daşıyıcılarının, bank kartlarının olduğu çiyin çantası dərhal əlindən alınmışdır. Bundan sonra onu “cip” markalı qara rəngli bir maşına mindirib DTX-ya aparmışlar. Onunla eyni vaxtda maşında daha 3 DTX əməkdaşı olmuşdur. Maşına mindirildikdən sonra ona verilən ilk sual- nə vaxtsa Ermənistanda olub-olmaması olmuşdur. o, sualı yaxşı eşitmədiyi üçün əməliyyatçının Özbəkistanda olub-olmadığını soruşduğunu zənn etmiş və orada olduğunu bildirmişdir. Əməliyyatçı dərhal nə vaxt və harada olduğunu soruşmuş, o da 2019-cu ildə Daşkənd, Səmərqənd, Buxarada olduğunu demişdir. Əməliyyatçı ona tərs-tərs baxıb “nə Daşkənd, mən səndən Ermənistan soruşuram” demişdir. O da heç vaxt Ermənistanda olmadığını demiş, heç elə bir arzusu da olmadığını demişdir. DTX-ya gətiriləndən sonra 2ci mərtəbədə bir neçə otaqda müxtəlif DTX əməkdaşları onunla danışmış və sonra 3-cü mərtəbədə Rövşən adlı müstəntiqin otağında 2 saatdan çox sorğu-sual olunmuş, bu zaman müstəntiqdən əlavə daha 4-5 nəfər də iştirak etmişdir. Bütün bu danışıq və sorğusualın predmeti əsasən Rusiya və Azərbaycanda yaşayan aktiv talış fəalları, onun talışlarla bağlı etdiyi “Facebook” paylaşımları və müəyyən qədər də ermənilər olmuşdur. Ondan ən çox soruşulan adamlar İsmayıl Şabanov və Zabil Məhərrəmov olmuşdur. Müstəntiqin otağında sorğu-sualın sonunda ona təklif olunmuşdur ki, ağ bir kağızda Bakını tərk etməyəcəyi haqqında iltizam versin. O, saxlanılarkən mobil telefonuna və elektron daşıyıcılarına onun və şahidlərin iştirakı ilə heç bir baxış keçirilməmiş, eləcə də dindirilməyi haqqında heç bir protokol tərtib edilməmişdir. Müstəntiqin otağında prosedur bitəndən sonra o, yenidən 2-ci mərtəbəyə endirilmiş və Asif adlı şöbə rəisinin otağına gətirilmişdir. Burada da təqribən yarım saat sorğu-sual olunmuşdur. Bu sorğuda da bir neçə nəfər iştirak etmişdir. Onlar yenə ondan əsasən Rusiyada yaşayan talış fəalları ilə hansı əlaqələrinin olmasını və əgər onlara lazım olarsa, belə əlaqələri yarada bnilibbilməyəcəyini soruşmuşlar. Bütün bunlardan sonra təqribən saat 23 radələrində onun mobil telefonunu, elektron daşıyıcılarını və sim-kartlarını müsadirə edib özünü buraxmışlar. Onu buraxarkən şöbə rəisi Asif ondan tələb etmişdir ki, DTX tərəfindən saxlanıldığını heç kim, hətta ailə üzvləri belə bilməsin. Ona tezliklə onunla əlaqə saxlayacaqlarını bildirmişlər. Təqribən bir ay, bəlkə də bir az da çox heç kim onunla əlaqə saxlamamış, sonra Asif “***-***-**-**” mobil nömrədən həyat yoldaşının telefonuna zəng edib, onu görüşmək üçün metronun “Nərimanov” stansiyasında “Mado” kafesinə dəvət etmişdir. Saat 16 radələrində onlar kafenin qarşısında görüşmüş və kafenin 2-ci mərtəbəsinə qalxmışlar.Təqribən saat yarım aralarında söhbət olmuş, Asif onunla əsasən təhdid dilində danışmışdır. Yenə də söhbət demək olar ki, bütövlükdə Rusiyada yaşayan talış fəalları ilə bağlı olmuşdur. Asif ona təklif etmişdir ki, o, Rusiyaya getsin, orada yaşayan talış fəalları ilə əlaqə yaratsın, onların ünvanlarını öyrənsin və DTX-ya ötürsün. Lazım olduğu təqdirdə xüsusi izləmə cihazları ilə təchiz olunacağını və bu cihazları onlara maraqlı olan şəxslərin, xüsusən İsmayıl Şabanovun və Zabil Məhərrəmovun ünvanlarında yerləşdirməli olduğunu bildirmişdir. Bu işləri görmək üçün maddi problemlərinin həllində yardımçı olacaqlarını da qeyd etmişlər. O, Asifə onların təklifini heç cür qəbul edə bilməyəcəyini, bunun onun əqidəsinə uyğun olmadığını bildirmişdir. Həmçinin bu işi fiziki olaraq bacara bilməyəcəyini demiş, onun cavabı Asifi möhkəm əsəbləşdirmiş və ona, əgər onların təklifini qəbul etməsə, həbsxanaya gedəcəyini, aqibətinin çox pis olacağını demişdir. O, Asifə izah etməyə çalışmışdır ki, onun başqa məqsədi olsa, onların təklifi ilə razılaşar və ölkəni tərk edəndən sonra hər şeyi ictimailəşdirərdi. Lakin o, onları aldatmaq istəməmiş, çünki bu onun əqidəsinə ziddir. Söhbətlərinin sonunda Asif pasportlarını qaytarmış və ona bir daha xatırlatmışdır ki, onların təklifini qəbul etməmək onun zərərinə olacaqdır. Həmçinin aralarında olan ünsiyyət haqqında heç kim bilməməsi ilə dönə-dönə tapşırmışdır. Onlar beləcə ayrılmış, yanvar ayına qədər daha heç kim onunla əlaqə saxlamamışdır. Rusiyada iş fəaliyyəti və bank kreditlərilə bağlı problemləri olduğundan təcili oraya getməli olmuş, buna görə də Miqrasiya Xidmətinə müraciət edərək ölkədən çıxışı üçün heç bir məhdudiyyət olmadığını öyrənmişdir. Ona görə də yanvar ayının ortalarında quru yolla Rusiyaya keçmək üçün Dağıstanla sərhəddə yerləşən DSX sərhədkeçid postuna getmişdir. Pasport nəzarətindən keçəndə saxlanılmış və ona ölkədən çıxışına qadağa olduğunu demişlər. Qadağanın kim tərəfindən və nə üçün qoyulduğunu soruşduqda ona bildirmişlər ki, bunu özü yaxşı bilir. Saxlanılmağı haqqında protokol tərtib olunmuş və polisin gəlib onu aparacağı haqqında xəbərdarlıq etmişlər, lakin polis gəlməmişdir. Bir saatdan sonra mülki geyimli təqribən 35 yaşlı bir nəfər gəlmiş, sərhəd xidməti zabitindən protokolu almış və ona bildirmişdir ki, pasportunu özünə qaytarsın. Ona da Bakıya qayıtmasını, tezliklə onunla əlaqə yaradacaqlarını demiş, həmçinin telefon nömrəsini də almışdır. O, həmin şəxsə Rusiyada ciddi problemləri olduğunu bildirmiş və təcili olaraq getmək məcburiyyətində olduğunu demişdir. Həmin şəxs onun yanında Rasim adlı bir nəfərə zəng etmiş və onun sözlərini Rasim adlı şəxsə çatdırmışdır. Daha sonra ona Bakıya qayıdanda 1-2 saata ona zəng edəcəklərini demiş, lakin fevral ayının 22-dək heç kim ona zəng etməmişdir. Fevral ayının 22-də özünü Asif kimi təqdim edən DTX əməkdaşı “***-***-**-**”nömrəli mobil telefondan ona zəng etmiş və görüşmək üçün onu “H.Əliyev” bağına dəvət etmişdir. Onlar saat 15:30-da bağda görüşmüşlər. O, DTX əməkdaşını tanımamış, belə ki, həmin şəxs Asif olmamış, lakin H.Əliyev aeroportunda saxlanıldığı zaman onu saxlayan DTX əməkdaşları arasında o da olmuşdur. Görüşdükləri zaman adının Ələkbər olduğunu, 38 yaşı və əslən Naxçıvandan olduğunu bildirmişdir. Onlar təqribən saat yarım söhbət etmişlər. Asifdən fərqli olaraq Ələkbər onunla təşviqedici tonda danışmış və ona QHT yaradaraq talışları ətrafına toplamasını, konfraslar və tədbirlər keçirməsini, kitab yazmasını təklif etmişdir. Ona böyük potensialı olduğunu, bundan səmərəli istifadə edə biləcəyini demişdir. Həm də bütün bu işləri görmək üçün maddi problemlərinin də onlar tərəfindən həll ediləcəyini xatırlatmışdır. O, Ələkbər adlı şəxsə etdikləri təklifin çox şirnikləşdirici olduğunu, lakin onun bu təklifi qəbul edə bilməyəcəyini demiş, bunun onun əqidəsinə uyğun olmadığını, bu təklifi qəbul etməyin DTX ilə əməkdaşlıq etmək olduğunu bildirmişdir. O, DTX-nın yaratdığı şəraitin qarşılığında Azərbaycanda yaşayan talış fəallarını nəzarətdə saxlamalı və onları maraqlandıran şəxslər haqqında informasiya toplayıb onlara ötürməlidir. Sadə dildə buna çuğulçuluq deyilir, o, bu iş üçün yararlı deyil. O, Ələkbərə ATİŞ adlı bir təşkilat yaratdıqlarını, ona etdikləri təklifləri həmin təşkilatın daha effektiv həyata keçirəcəklərini, onun bu təklifi qəbul etməyəcəyini, əgər seçim etmək lazım gəlsə həbsə getməyi üstün tutacağını demişdir. Ələkbər ona, onun söylədiklərinin bir təklif olduğunu, heç kimin onu məcbur etmədiyini, onun mövqeyini rəhbərliyə çatdıracağını və bu problemi müsbət həll etməyə çalışacağını demişdir. O, Ələkbərə başa salmağa çalışmışdır ki, bütün sənədləri özündədir, əgər istəsə, gizli yolla ölkəni tərk edə bilər, lakin o, bunu etməyəcək, çünki o, heç bir cinayət törətməmişdir, vicdanı təmizdir. Həmçinin Ələkbərə bu problemi ictimailəşdirə biləcəyini, bu, onun üçün yeni problemlər yaratsa da, DTX-nın da xeyrinə olmayacağını demişdir. Ələkbər də Asif kimi dönə-dönə belə bir addım atmamasını, səbirli olmasını, tezliklə hər şeyin həll olacağını demişdir. Ələkbər həmçinin, zəng etdiyi nömrə vasitəsi ilə onunla əlaqə yarada biləcəyini demiş və beləcə ayrılmışlar. Sonrakı bir neçə ayda dəfələrlə cəhd etsə də Ələkbərlə əlaqə yarada bilməmişdir. İyul ayının sonlarında nəhayət Ələkbər özü ona zəng etmiş və görüşəcəklərini bildirmişdir. Görüş avqust ayının 25-nə kimi alınmamışdır. Hər dəfə bir problem çıxdığını və görüşə bilməyəcəyini bildirmişdir. Nəhayət avqust ayının 25-də, saat 11-də “space tv” nin yanındakı bağda görüşmüşlər və ordan DTX-ya gəlmişlər. Üçüncü mərtəbəyə qalxıb pilləkəndən sol tərəfdə otağa daxil olmuşlar. Ələkbər şöbə rəisinin özünün onunla görüşəcəyini demiş, bir qədər sonra təxminən 35-40 yaşında arıq cüssəli, qara buğdayı bir nəfər otağa daxil olmuş və özünü Nazim kimi təqdim etmişdir. Təxminən iki saat yarım ərzində üçü arasında söhbət olmuş, bu səfər onunla əsasən təhdid dilində danışılmış, yenidən söhbətin predmeti əsasən Rusiyada yaşayan talış fəalları və ümumiyyətlə talışlarla bağlı olmuşdur. Bundan əlavə ona regionda baş verən hərbi və siyasi hadisələrlə bağlı bir neçə sual vermişlər. Ələkbər ona “iranpərəst” olduğunu demiş, o, buna aid faktı harada göstərə biləcəyini soruşmuş, həmin şəxs də onun “farspərəst” olduğunu demək istədiyini bildirmişdir. O, bu fikrin absurd olduğunu, bir qazax, qırğız, özbək, türkmən, uyğur, tatar, xakas, yakut və digərlərinin türk olduğu kimi, bir talışın da tat, kürd, gilək, lor, mazan, bəcuc, əfqan, tacik və digərlərinin fars və iranlı olduğunu, necə ki, türk xalqlarından birinin nümayəndəsinə onun türkpərəst olduğunu qınaq olaraq demək absurddursa, eləcə də iran xalqlarının birinin nümayəndəsini farspərəst və ya iranpərəsət olmaqda qınamağın absurd olduğunu,hər bir insanın mənsub olduğu milli kimliyə ən azından hörmət bəsləməli olduğunu, əks təqdirdə o insanın manqurt olduğunu demişdir. Onun bu izahatının qarşısında Ələkbər əsəbi halda onun kimilərin təfəkkürünü dağıtmaq lazım olduğunu demiş, o isə Ələkbər adlı şəxsə onu döyəsöyə həbs edə, hətta öldürə biləcəklərini, lakin onun təffəkürünü dağıda bilməyəcəklərini, bunun onların imkanından kənar olduğunu demişdir. Söhbətin sonunda ona nə isə etməli olduğunu, əks halda onu həbs etməli olduqlarını demişdlər. O, həmin şəxslərə onların təkliflərini icra etməyin artıq fiziki olaraq mümkün olmadığını, hətta o, həmin təklifləri qəbul etsə belə, onları yerinə yetirə bilməyəcəyini, onu artıq bir ildir saxladıqlarını, o, istəsə də, istəməsə də artıq çox adamın onun saxlanılmasından məlumatının olmasını və ondan şüpələnəcəklərini, çünki onun indiyə qədər Azərbaycanda heç vaxt üç aydan artıq qalmadığını, son illərdə isə Azərbaycanda çox qısa müddətdə olduğunu, hazırda isə bir ilə yaxındır ki, Azərbaycanda olduğunu və heç bir işlə məşğul olmadığını, bunun hamıya onun dövlət orqanları ilə ciddi problemlərinin olması barədə xəbərdarlıq olduğunu, belə olan halda heç bir talışın onunla kontakta girməyə risk etməyəcəyini demişdir. Ayrılan zaman ona görüşün nəticələri haqqında ona məlumat verəcəklərini demişlər. Bundan sonra noyabr ayının 11-dən saxlanılanadək Ələkbərlə dəfələrlə “whatsapp” vasitəsilə yazışmaları olmuş, bu yazışmaların bir hissəsi məhkəməyə təqdim edilmişdir. Nəhayət noyabr ayının 11-də Ələkbər ona zəng etmiş və “Koroğlu” metrostansiyasının yaxınlığına dəvət etmişdir. Onlar saat 11-də metronun aeroport tərəfə gedən hissəsində körpünün altında görüşmüşlər. Körpünün altına yaxınlaşanda artıq DTX əməkdaşlarının əyləşdiyi xüsusi maşını görmüş və həbs ediləcəyini başa düşmüşdür. O, Ələkbərə yaxınlaşıb salam vermiş və oradaca həbs edilmişdir. Bundan sonra onu yaşadığı ünvana aparmışlar və orada axtarış etmişlər, ona və ailəsinə məxsus bir neçə əşyanı götürdükdən sonra DTX-ya aparmışlar. DTX-ya aparıldıqdan bir neçə saat sonra müstəntiq onu dindirməyə başlamışdır. O, müstəntiqə vəkilsiz heç bir suala cavab verməyəcəyini bildirmişdir. Müstəntiq onu vəkil ilə təmin edəcəyini demiş, o, DTX-nın ona təqdim etdiyi vəkili qəbul etmədiyini və heç bir sənədi vəkilin iştirakı olmadan imzalamayacağını bildirmişdir. Buna görə də ailəsi tərəfindən vəkil ilə təmin edilənə qədər heç bir sənədi imzalamamışdır və həmin protokolları qəbul etməmişdir. Ona qarşı irəli sürülən ittiahamlar açıq-aşkar saxtalaşdırılmışdır. DTX əvvəl onu həbs etmiş, sonra ona qarşı ittiham faktları düzəltməyə başlamışdır. Bu saxtakarlıq oradan başlanılmışdır ki, haqqında heç bir məhkəmə hökmü olmadan, DTX-nın mətbuat xidməti mediada onun üçün cinayətkar obrazı formalaşdırmağa başlamışdır. DTX-nın mətbuat xidmətinin onun danışdıqlarından kəsib hazırladığı səs yazısı və fotoşop etdiyi teleqram ekran görüntüsü paylaşmaqla sosial şəbəkələrdə onu tanıyanlar arasında haqqında mənfi rəy formalaşdırmaq istəyini açıq aşkar göstərmişdir. Bu, həm də cəmiyyətin içərisində kimsənin onu müdafiə etməyə cəsarət etməməsi üçün edilmişdir. Bununla DTX əməkdaşları onlara tabe olmayacağı təqdirdə, ağır cəzalanacağı haqqında ona verdikləri vədi reallaşdırmağa başlamışlar. Beləliklə, 02 iyun 2023-cü il tarixdə 22990068 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 və 283.1-ci maddələri ilə ona qarşı ittiham irəli sürülmüş, bu çox ağır ittihamdır. Hər hansı bir cinayətin qeydə alınması üçün əvvəl cinayət faktı baş verməlidir. DTX istintaq idarəsinin cinayətin sübutu kimi məhkəməyə təqdim etdiyi səs yazısında heç bir cinayət faktı yoxdur. Səs yazısının mətnində açıq-aşkar heç nə yoxdur. Haqqında danışılan anbarın geolokasiyası aydın formada ifadə olunmuşdur. Hadisənin sovet dövründə və sovet dövlətinin dağılması dövrünə aid olduğu göz qarşısındadır. DTX istintaq idarəsi isə onu N nömrəli hərbi hissənin GPS-nin koordinatlarını kiməsə göndərməkdə ittiham etmişdir. O, absurd ittihamla (məntiqlə) ittiham olunmuşdur. İttiham faktlarının saxtalaşdırılması, ittiham aktının özündə də açıq şəkildə görünmüşdür. İttiham aktın 37-ci səhifəsində DTX kiber təhlükəsizlik əməliyyatları tərəfindən daxil olmuş 17/675 nömrəli arayışdan aydın görünmüşdür ki, onun telefonunda mailto:mirhafiz.jafar@gmail.comElektron ünvan 1,Elektron ünvan 2,mailto:m.jafar@mail.ruElektron ünvan 3,mailto:hafiz.jafar1996@gmail.comElektron ünvan 4 və mailto:mirhafiz.jafar@rambler.ruElektron ünvan 5 elektron hesabları bundan sonra “Whatsapp” tətbiqində +**********7, siqnalda +**********9, İMO-da **********, WEE chatda +**********0, viberdə +**********99 telefon nömrələri olmuşdur. Bu arayışla DTX ekspertləri onun telefonunda teleqram mobil tətbiqinin mövcud olmadığını təsdiq etmişlər. Buna baxmayaraq, DTX əməliyyatçıları iddia etmişlər ki, onlar 2021-ci ilin aprel ayında ölkədən kənarda olduğu bir zaman onların isə telefonunun haqqında heç bir məlumatı olmadığı halda, telefonunda teleqram mobil tətbiqinə daxil olmuşlar və orda olan səs yazılarını əldə etmişlər. DTX-nın bir qurumu telefonunda teleqram tətbiqinin olmadığını təsdiq etmiş, digər qrumu isə saxta bir fotoşop ekran görüntüsü təqdim edərək, onu dövlətə xəyanətdə ittiham etmişlər. Həmçinin DTX əməkdaşları onlara lazım olan bir yazılı mesaj uyduraraq, saxta fotoşop ekran görüntüsü əlavə etmişlər. Onun Orxan adlı şəxslə nə sosial şəbəkədə, nə messengerlərdə heç bir əlaqəsi olmamışdır. Əgər belə bir əlaqə mövcud olsaydı, telefonunun yaddaş kitabçasında onun nömrəsi olardı. O, istintaq zamanı telefon kitabçasında olan bir sıra nömrələrlə bağlı dindirilmişdir. Müstəntiqin iddiasına görə həmin adamlar İran xüsusi xidmət orqanlarına bağlı olmuşlar, lakin həmin siyahıda Orxan Məmmədov adlı şəxs olmamışdır. Əgər ittiham tərəfinin iddiaları doğru olsa, onlar teleqram mobil tətbiqində onun profilinin bağlı olduğu mobil nömrəni göstərər, həmin profildə kontaktların siyahısında Orxan Məmmədovun adını və söhbət listində isə həmin şəxslə olan söhbəti qeyd edib ekran görüntüsünü götürərdilər. Təqsirləndirilən şəxs X5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşı olmuş, orada daimi yaşamış, ailəli olmuş, təxminən 2 ilə yaxın müddətdə ümumiyyətlə Azərbaycana gəlməmişdir. Daha sonra o, qızı ilə birlikdə Azərbaycana gəlmiş, belə ki, Azərbaycanda da ailəsi olmuş, Rusiyada bir müddət ailəli olmuş, daha sonra boşanmışdır. Orada 2005-2015-ci illər ərzində ailəli olmuşdur. Həmin nigahdan 1 qızı olmuş və bundan Azərbaycandakı ailəsinin xəbəri olmuşdur. O, hər il yayda qızını buraya gətirmiş və Neftçilər metrostansiyası tərəfdə qalmışlar. Onun “Facebook” sosial şəbəkəsindəki profili “Hafiz Jafar” olmuş, başqa hesabı olmamışdır. O, Rusiyada meyvə və tərəvəzin pərakəndə satışı ilə məşğul olmuş, Azərbaycana 27 iyul 2021-ci il tarixdə gəlmiş, 2021-ci ilin sentyabrın 24-də saxlanılmış, sentyabr ayının 14-ü Rusiyaya qayıtmaq istəsə də DTX tərəfindən hava limanında saxlanılmışdır. O, saat 7-dən 23-dək orada qalmış, 23-də buraxılmışdır. Ona əsasən Rusiyada yaşayan talışlar barəsində suallar verilmiş, onu Rövşən adlı müstəntiq dindirmiş, müxtəlif suallar verilmiş, daha sonra rəhbərliyin qərarı ilə onu müvəqqəti buraxdıqlarını bildirmişlər. Daha sonra bir aydan bir az çox keçəndən sonra oktyabr ayının axırları yoldaşının telefonu vasitəsilə Asif ona zəng etmiş, onlar görüşmüş, saat yarım söhbət etmiş, Asif onunla təhdidlə danışmış, ona çox adamın adını çəkmiş, lakin ən çox İsmayıl Şabanovla, Zabil Məhhərəmovun ünvanlarını vurğulamış, ona cihaz verəcəklərini demiş, onların evlərinə yerləşdirməsini təklif etmişdir. O, həmin şəxsləri sosial şəbəkədən tanımışdır. O, sosial şəbəkədə, ədəbiyyat, tarix, sosial-iqtisadi problemlər, milli məsələlər, idman, incəsənət və s. barədə yazmışdır. O, Asiflə görüşdükdən sonra onunla razılaşmamış, Asif ona aqibətinin pis olacağını demişdir. O, işi ilə bağlı Rusiyaya getməyə məcbur olmuş, ölkədən çıxışı ilə heç bir məhdudiyyət olmadığı halda, onu sərhəddə saxlayıb, protokol tərtib edib, lakin sənədlərini özünə qaytararaq Bakıya qayıtmasını demişlər. Qızı avqust ayının axırı Rusiyaya qayıtmışdır. Fevral ayının 22-də Ələkbər ona zəng etmiş, saat 14:30-da Hüseyn Cavid bağında görüşmüşlər. Ələkbər onu yola gətirməyə çalışmış, ona şərait yaradacaqlarını, təşkilat yaratmağını, görüşlər keçirməyini, kitab yazmağını, televizora çıxmağını, qalan problemləri özlərinin həll edəcəklərini demişlər. Məqsəd talışları bir yerə yığmaq olmuşdur. O, həmin şəxsə təşkilatı özlərinin yaratdığını, həmin təşkilatın bu tapşırıqları daha yaxşı icra edəcəyini, onun icra edə bilməyəcəyini, ticarətlə məşğul olan adam olduğunu və bacara biləcəyini demişdir. O, daha sonra Ələkbəri tapa bilməmiş, həmin nömrənin whatsappına yazmış, lakin o, cavab verməmiş, nəhayət iyul ayında ona cavab vermişdir. O, Orxan adlı şəxsi tanımır, həmin şəxslə arasında heç bir əlaqə olmamışdır. Onun telefonun markası “One plüş”dur. Həmin telefonda “Facebook” sosial şəbəkəsində “Hafiz Jafar” hesabı olmuş, onun bir neçə e-mail adresi olmuş, biri oğluna aid olmuşdur. Mobil nömrəsi yadında deyil. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, 27 iyul 2021-ci il tarixdə Azərbaycana gəlmiş, DTX əməkdaşları onu 14 sentyabr 2021-ci il tarixdə hava limanında saxlamış, DTX onu saxlayanadək heç kim onu çağırmamış, o, Azərbaycanı 2020-ci ilin fevral ayında tərk etmiş, 2021-ci ilin iyulunda qayıtmışdır. Təqribən 5 saat DTX-nın binasında olmuş, müxtəlif yerlərdə onunla danışıqlar olmuş, müstəntiq Rövşən onu 6-7 nəfərin iştirakı ilə 2 saat dindirmiş, saxlanılarkən onda bir telefon, bir flash kart və 7-8 simkart olmuş, həmin əşyaların hamısı ondan alınmış, lakin heç bir sənəd tərtib olunmamış, şifahi şəkildə onun saxlanılmasını heç kimin bilməməli olduğunu demişlər. Onu saat 18 radələrində onu saxlayıb, gecə saat 23-də buraxmışlar. 15 sentyabr tarixində o, DTX-da olmamışdır. O, Orxan adlı şəxsi tanımır, həmin şəxsin nə işlə məşğul olduğunu da tutulanadək bilməmiş, tutulandan sonra öyrənmişdir. O, müxtəlif zamanlarda müxtəlif mobil tətbiqlərdən istifadə etmiş, qeyd olunan dövrdə DTX onun telefonunda teleqram tətbiqinin olması barədə heç bir məlumat verməmiş, həmin dövrdə onun telefonunda teleqram tətbiqi olmamışdır. Teleqram tətbiqi mobil nömrəyə bağlıdır. DTX whatsapp və digər müxtəlif mobil tətbiqləri, elektron ünvanları tapmış, lakin teleqramın bağlı olduğu mobil nömrə qeyd olunmamışdır. “Facebook” sosial şəbəkəsindəki səhifəsində Orxan Məmmədov adlı şəxs olmamış, talışlara aid olan ictimai çatların birində Orxan adlı şəxslə sovet hökümətinin dağılması ərəfəsində Lənkəranda baş verən hadisələrin müzakirəsi ilə bağlı ictimai çatda söhbətləri olmuşdur. Həmin çat publik çatdır, oarada yüzlərlə adam olur, həmin çat “Talışlar” adlanır. O, təxminən 3-4 ay həmin çata qoşulmuş, qeyd olunan çat hər kəsə açıqdır. Çata link vasitəsilə daxil olunur. Həmin söhbət 2019-20-ci illərdə olmuş, həmin hadisələrdən sonra X13 getməsi, Lənkəranda sovet ordusunun silahlarını çıxarmağa qoymaması, həmin silahları alıb Qarabağa müharibəyə aparılması barədə danışmışdır. Bu, ümumi bir söhbət olmuş, qarşıdakı şəxs ondan silahların harada olması ilə bağlı sual vermişdir. Onların söhbəti səs yazısı vasitəsilə olmuşdur. O, həmin ərazidə 15-20 il əvvəl olmuşdur. Ondan götürülmüş sim kartlar müxtəlif ölkələrin sim kartları olmuşdur. Qeyd olunan səs yazıları telefonun yaddaşında qalmış, lakin harada olduğunu bilmir. Səs yazısında sözügedən ərazi onların kəndinin arxası olmuş, onların evindən həmin əraziyədək 1 km məsafə vardır. Hərbi hissələr hamısı dəniz tərəfdə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, “Facebook” sosial şəbkəsində dövlətə qarşı bəzi statuslar paylaşılmış, o da həmin statusun rəy hissəsində ona qarşı iradını bildirmiş və hamının birlik olması barədə tövsiyələr etmişdir. Həmin prafildə “Talışlar Qarabağda qırılıb”, “Qarabağda ermənilər oturub” kimi statuslar yazılmış, o da belə şeylər yazmağın düzgün olmadığını demişdir. Daha sonra həmin profili bloklamış, özünə məxsus “facebook” sosial şəbəkəsini bağlamış, hazırda da istifadə etmir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Mirhafiz Cəfərzadə “Facebook” sosial şəbəkəsində “Qarabağda döyüş gedir, lakin orada qarabağlılar döyüşmür, talışlar döyüşür” yazmış, o, həmin şəxsin bu statusu nə üçün yazdığını bilmir. O, statusa təsadüfən rast gəlmiş və rəy hissəsində də öz fikrini bildirmişdir. Bütün bu yazışmalar “Facebook” sosial şəbəkəsində yazılmışdır. O, təsadüfən həmin statusa rast gəlmiş, lakin səhifənin adını xatırlamır. Həmin səhifənin adında Mirhafiz Cəfərzadənin adı yazılmamışdır. O, özü Lerik rayonundandır. O, səhifədə başqa yazılar olub-olmadığını xatırlamır, statusun kim tərəfindən yazıldığını bilmir, o, təqsirləndirilən şəxsi tanımır. Həmin profildə fotoşəkil olmamış, profil adi bir profil olmuş, təxminən 300-500 izləyicisi olmuş, çox da tanınmış profil olmamışdır. O, təsadüfən bir dəfə həmin səhifəyə rast gəlmiş, bu hadisə döyüşlər gedən vaxt olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, 2010-cu ildən etibarən "Facebook" sosial şəbəkəsində “Şahid2” adı ilə qeydiyyatdan keçərək həmin şəbəkədən istifadə etmişdir. Onu 3-4 il əvvəl “Facebook” sosial şəbəkəsində rəy yazması ilə əlaqədar dindirmişlər. Bu hadisə 2020-ci ildə baş vermişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, yazılan status və onun həmin statusa yazdığı rəyi xatırlamır. O, “Facebook” sosial şəbəkəsinddə öz adı ilə səhifə işlətmiş və həmin səhifədən rəy yazmışdır. Statusu yazan istifadəçinin adı “Rosta Merd” olmuşdur. Həmin statusda 2-ci Qarabağ müharibəsinə aid fikir paylaşılmışdır. O, səhifənin Mirhafiz Cəfərzadəyə aid olduğunu bilməmiş, Qarabağ müharibəsi ilə bağlı statuslar paylaşılmış və statusda müharibədə qarabağlıların deyil, başqa millətlərin iştirak etdiyi qeyd edilmiş, o da bu fikrə öz iradını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımır. “Facebook” sosial şəbəkəsində kəbinlə əlaqədar söhbətlər olmuş, o da mövzu ilə bağlı rəy bildirmişdir. Şahid6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, postlar talış dilində paylaşılmış, o da talış dilində rəy yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Xanşiş oğlu öz ifadəsində bildirmişdir ki, onun evinə zəng gəlmiş, telefona atası cavab vermiş və bundan sonra atasının qorxudan əsdiyi görmüş, ona DTX-nın Lənkəran idarəsindən zəng etdiklərini bildirib onu təcili idarəyə çağırmışlar. O, çağırış üzrə getmiş, orada ona kağız verərək iki gün sonra bakı şəhərində olmalı olduqlarını bildirmişlər. O da iki gün sonra Bakı şəhərinə gəlmiş, idarəyə daxil olarkən oradakı şəxs ondan kim olduğunu, ekstrimist olduğunu, onu həbs edəcəyini demişdir. Daha sonra içəri qadın daxil olmuş, ona suallar vermiş, ona “Rost Merd” adlı profil istifadəçisinin yazısına “ürək” qoyduğunu və əlavə şərh yazdığını demişlər. O, həmin profilin istifadəçisi şəhidlərin ruhuna olan hörmətsizliyini tənqid etmiş, o da bu fikrə dəstək olmuşdur. Ondan tanımadığı adamın statusuna niyə ürək qoyduğunu soruşmuşlar. Yazının mahiyyəti 2020-ci ilin dekabr ayında Atatürkün yubileyinə görə şəhidlərin anım gününün təxirə salınması ilə bağlı olmuşdur. Bu da ona çox pis təsir etmişdir. O, “Rost Merd” adlı şəxsi tanımır. O, idarədə olan zaman ona şəkillər göstərmişlər, o da həmin şəxsləri tanımadığını demişdir. Bir neçə şəkildən sonra Təqsirləndirilən şəxs şəklini göstərmişlər, o da tanıdığını, qonşu kənmddən olduğunu, o, məktəbdə oxuyan zaman ortaq müəllimlərinin olduğunu, müəllimlərin həmin şəxsi nümunəvi şagird kimi göstəridiklərini, ailəsini də tanıdığını, atasının hörmətli adam olduğunu demişdir. O, “Rost Merd”i tanımadığını demiş, bu zaman ona “Rost Merd”in Mirhafiz olduğunu demişlər. O isə Mirhafizə bunu yaraşdırmadığını, belə ki, Mirhafizin onun üçün ideal insan olduğunu, onun “Rost Merd”lə bir neçə dəfə mübahisəsinin də olduğunu, təxminən 2 ilə yaxın olar ki izlədiyini bildirmişdir. Şahid10 Xanşiş oğlu ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, sosial şəbəkələrdə daha çox “talışlara muxtariyyət verilsin” kimi fikirlər yazmış, ona görə də DTX-da ondan niyə belə şeylər yazdığını soruşmuşlar. O, “Rost Merd” adlı istifadəçini tanımamışdır. İfadəsini Bakı şəhərində DTX-da vermiş, ifadə verən zaman ona heç bir təzyiq göstərilməmişdir. O, ifadəsini oxumamış, evə tələsdiyi üçün imzalamış və çıxmışdır. O, dəfələrlə “Rost Merd” adlı istifadəçinin kim olduğunu soruşsa da, heç kim onu tanımamışdır. Ona DTX-da olan zaman “Rost Merd”in Mirhafiz olduğunu bildirmişlər. O, “Rost Merd”in kim olduğunu bilsə, bu barədə məlumat verərdi. O, Mirhafizi eşitdiyi qədərilə tanıyır, öz həyatını yaşayan adam kimi tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 öz ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxs barəsində heç nə bilmir, “Facebook” sosial şəbəkəsində talışca rəy yazmış, həmin rəyi də tərcümə edərək istintaq orqanına təqdim etmişdir. Şahid11 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Kolatan kəndindəndir, iş üzrə digər şahidləri, həmçinin Təqsirləndirilən şəxs tanımır. DTXda olan zaman sosial şəbəkədə “Rosta Merd” adı ilə tanınan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, təxminən 3 il əvvəl sosial şəbəkədə “Rosta Merd” adlı şəxs bir paylaşım etmiş, həmin şəxsin fikirləri ilə uyğun gəlmədiyi üçün həmin şəxsi sosial şəbəkədə bloklamışdır. Bu hadisə ilə bağlı DTX-ya çağırılmış və bildikləri barədə ifadə vermişdir. Şahid11 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Rosta Merd” adlı istifadəçi iranmeyilli nə isə yazmış, o da həmin şəxsə qarşı çıxmışdır. O, “Rosta Merd” adlı istifadəçinin kim olduğunu bilmir. Həmin şəxsin adını ona DTX-da olan zaman demişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadələri elan olunmuş X15 (cild 2, i/v 14-16), Şahid5 (cild 2, i/v 17-19), Şahid7 (cild 2, i/v 23-25),Şahid8 (cild 2, i/v 35-37), X6 (cild 2, i/v 38-40), Şahid9 (cild 2, i/v 41-43), Şahid12 hər biri digər şahidlərin ifadələrinə uyğun məzmunda ifadə vermişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli “Baxış” protokolundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş Mirhafiz Cəfərzadə və Orxan Məmmədovun “Teleqram” mobil tətbiqində olan danışıqlarına baxış keçirilmiş, həmin danışıqda iştirak edən şəxsin səsi Mirhafiz Cəfərzadənin səsinə bənzəməsi müəyyən edilmişdir. Yazışmanı aparan şəxs İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edən, hazırda İran İslam Respublikası ərazisində olan 01 fevral 1978-ci il təvəllüdlü X7 olması müəyyən edilmişdir. Danışıq 23 aprel 2021-ci il tarixdə baş tutmuşdur. 23 aprel 2021-ci il tarixdə saat 00:15 dəqiqədə X18 Cəfərzadəyə səs göndərmişdir. Mirhafiz Cəfərzadə isə 23 aprel 2021-ci il tarixdə saat 00:17 dəqiqədə Orxan Məmmədova səs göndərmişdir. Danışığın mətni: “Salam ağayi Orxan. Gecəniz xeyir olsun. Allah itaət və ibadətlərinizi də qəbul etsin. Mənim gözüm üstə. Hökmən. Mənim nəzərimdə var. İnşallah. Amma hələ bir iş var onunla məşğulam. Gərək onu bir yerə yetirək, ondan sonra Allahın lütvüylə mən gəlim İrana. Mən gəlsəm İrana, inşallah ki, gəldim hökmən gəlləm qulluguna. Çox sağ ol. Gecən xeyrə.” Bundan sonra 23 aprel 2021-ci il tarixdə saat 17:51 dəqiqədə Orxan Məmmədova yazır: - “Salam”, “Seyyid” 23 aprel 2021-ci il tarixdə saat 17:52 dəqiqədə- “Lənkəranda köhnə hərbi baza hardadır?”, “Aeroportun hansı tərəfindədir.” X11 Məmmədova göndərdiyi səs yazıları:- “Salamın əleykim ağa Orxan. Gününüz xeyir olsun. İbadətləriniz də qəbul olsun. Mən hərbi baza bilmirəm, amma Lənkəran-Lerik yolunun üstündə qronbanı keçirdin, nar bağıydı da, ənbabob, deməli bəlləburun arxa tərəfi o dağ, meşənin arxa tərəfi, nar bağı tərəfdən ordan gəlirdin orda dağın altında vayenni skald varıydı. Baza deyə demək olmaz, çünki orda saldat 1-2 dənə saldat olardı. Mən o vaxt yadımdadı da biz uşaq idik orda dağın altına yol gedirdi, nu hamı da deyirdi ki, orda vayenni, düzdü baza deyirdilər ancaq vayenni skladıydı da ora diyirdilər ki, sonra böyüyənnən sonra bildim ki, orda vayenni sklad olub ora. Hərbi baza məsələn vayennilər deməy olar yox idi orda. Nu aeroportdan təqribən 4-5 kilometrdi də. Aeroportla Lerikə tərəf. Da aeroportun ətrafında orda başqa baza mən bilmirəm.” X11 Məmmədova göndərdiyi səs yazıları:- “Yaxşı ağa Orxan, indi çalışaram oranı qeyd eliyim ququlda, skrin eliyim atım sizə.” X11 Məmmədova göndərdiyi səs yazıları:- “Özü də səhv eləmirəmsə o TMR hadisələrində ordakı silahları Əlikiram ələ keçirtdi.” X11 Məmmədova göndərdiyi səs yazıları:- “Salam əlekim ağa Orxan. Bax təqribən buradı. Bu ərazidi də, yəni o yol gəlir orda əyri bax dönür o, ordan, orda damba varıdı çayın üstündə o pavarotdan dambaya tərəf yol gedir. Ordan helə düz o nöqtə qoyduğum yerdə bax o ərazidə hərbi sklat varıdı. Hərbi baza demək olar da ora.” X11 Məmmədova göndərdiyi səs yazıları:- “Ağa Orxan mən maraqlanaram. Uşaqlardan soruşaram görüm orda çünki 90-cı illərdən sonra bilirəm oranı boşaltmışdılar. O səhv eləmirəmsə yadımdadı ki, ordakı silahları Əlikiram ələ keçirtmişdi də. Əlikiram deyəndə ki, o vaxtı bu elə o silahları Qarabağa göndərdilər. Amma sonra orda nə var xəbərim yoxdu amma uşaqlarla danışaram, öyrənərəm görüm orda indi nə var orda.” X11 Məmmədova göndərdiyi səs yazıları: - “Salamın əleykim ağa Orxan. Gününüz xeyir olsun, çox sağolun, təşəkkür eliyirəm. Allah ibadətdərizi qəbul eliyin. Vallah bilmirəm mən oların, oları yaxşı tanımıram, birdə səhv eləmirəmsə bu salamnuyuz bular elə Azərbaycanın pantürk şiyələrinə bağlıdılar da səhv eləmirəmsə.” X11 Məmmədova göndərdiyi səs yazıları:- “Salamın əlyekim ağa Orxan. Gününüz xeyir olsun, çox sağolun, təşəkkür eliyirəm, Allah razı olsun. Sizin də cüməniz mübarək olsun. Mən yadımda deyil hardasa oxudum, deməli ərəblərdən qabaq türkləri türk olaraq heç kim adlandırmıyıb. Olar türklərin özləri, məsələn deyək ki, 2000 il bunnan qabaq türklər öz hardasa türk adıynan adlanmıyıb. Ərəbləri, türkləri ərəblər türk “cəmidə ətrak” olaraq adlandırmağa başlıyıblar. Mən bunu hardasa oxumuşam axtararam görüm o oxuduğum yeri tapıb, tapsam o sizə onu göndərərəm.” (cild İ, i/v: 10-14) - Məhkəmə-fonoskopik ekspertizası üzrə 06 yanvar 2023-cü il tarixli 4/1861 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda 1 nəfər kişi cinsinə məxsus şəxsin səsi və nitqi müəyyən olunmuş, rəyin tədqiqi hissəsində verilmiş yazılı mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Mirhafiz Cəfərzadəyə məxsusdur. (cild İ, i/v: 151-155) - 15 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Mirhafiz Cəfərzadə “Facebook” sosial şəbəkəsində özünə məxsus “Rosta Merd” adlı hesabından istifadə etməklə aşkar surətdə separatçılığı təbliğ etmiş və bununla bağlı bir çox paylaşımlar etmişdir. - Məhkəmə-linqvistik ekspetizası üzrə 4/120 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert arayışından görünür ki, ekspertizaya təqdim edilmiş, “Rosta Merd” adlı profildən paylaşılan "Mənim sözüm talışın şücaətli övladlarınadır... Artıq mənsub olduğunuz millətin siyasi statusa malik omaq vaxtı yetişib. Bu sizin və bizim haqqımızdır! Əgər bu şansı əldən versək, tarix bizi bağışlamayacaq” və “Əziz talışlar, yadınızda saxlayın, heç bir xalqa azadlıq və milli haqqı hədiyyə etmirlər, bunun üçün birləşib mübarizə aparmaq lazımdır. Biz bir nəfər kimi birləşib xalqımızın haqqı olan muxtariyyəti dövlətdən tələb etməliyik” cümlələrində ərazi bütövlüyünün parçalanmasına, “...sabahı Türklər ermənilərlə dost olacaqlar, ermənilərin haqlarını da verəcəklər. Ancaq talışlara heç nə verən deyillər!”, “Talışlar üçün pantürklər təhlükədir, ermənilər yox! Ermənilər talışa heç nə edə bilməzlər, amma pantürklər edirlər. Hətta talışın adını belə qadağan ediblər”, “...Talışın bütün haqları ayaq altına qoyanlar ermənilər deyil, türklərdir”, “...Azərbaycanın türk toplumu erməniyə tanıdığı haqqı heç vaxt talışa tanımayacaq”, “... dövlət və eyni zamanda torpaqları üçün canınızdan keçdiyiniz türk toplumu talışa heç bir haqq tanımır və tanımayacaq?! Haqqı vermirlər, haqqı almaq lazımdır!”, “...ölkənin qeyri-türk xalqlarına qarşı zorakı assimilyasiya siyasəti aparıb ... “talış” adı rəsmən qadağan olunub, ölkə ərazisində bu adda olan toponimlər dəyişdirilib, talış tarixinə dair faktlar saxtalaşdırılıb”, “Yəni ayaq basdıqları hər yerdə insanları öldürmək, şəhər və kəndləri viranə qoymaq türk irqinin əsas xüsusiyyəti idi”, “Talışın haqlarını biz mütləq alacağıq, sizin kimiləri də talışın üz qarası kimi tarixin zibilliyinə atacağıq”, “İndi özünüz gördüz ki, bu ölkədə talış özünü cırsa da, ona heç bir haqq tanımayacaqlar. Haqqı heç kimə vermirlər, onu almaq lazımdır”, “Bu pantürk ölkədə türkdən başqa heç kimin haqqı yoxdur”, “Biz deyəndə ki, talışlar ancaq Qarabağda ölmək üçün lazımdır, problem həll olunandan sonra onların heç adını çəkən də olmayacaq, bizi az qala erməni adlandırırdılar bəzi talışlar”, “...talış ancaq ölmək lazım olanda yada düşür...”, “...Azərbaycanı millətlərə türklər bölür və türklərdən başqa Azərbaycanda heç kimə haqq tanımırlar”, “Siz nə qədər istəsəniz də özünüzü kiməsə yapışdırasız, əks tərəf sizi yalnız Qarabağda həlak olanda “qardaş” sayır, başqa vaxtlar siz qardaş zad deyilsiz”, “Talış adı Azərbaycanda rəsmi səviyyədə qadağan olunub. Bu qadağa ölkədəki digər millətlərin adına qarşı yox, sırf “Talış” adına qarşı edilib və Azərbaycan hökümətinin talış məsələsində diskriminativ mövqeyini göstərir” cümlələrində isə milli nifrət və düşmənçiliyin salınmasına yönələn ifadələrdən istifadə edilmişdir. (cild İ, i/v: 48-50) - Məhkəmə-linqvistik ekspetizası üzrə 4/82 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş materiallarda Mirhafiz Cəfərzadə özünə məxsus “Facebook” sosial şəbəkəsindəki “Rosta Merd” adlı profilindən istifadə etməklə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmağa, xarici dövlətə, təşkilata və onun nümayəndələrinə kömək edərək onların tapşırığı ilə aşkar surətdə milli nifrət və düşmənçiliyin salınmasına yönələn çoxsaylı çağırışlar etmişdir (cild İİ, i/v: 50-62) - Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzi tərəfindən daxil xx.xx.2023-cü il tarixli 17/675 nömrəli arayışdan görünür ki, X3 məxsus “Oneplus” markalı “A5000” model telefonun yaddşından xüsusi proqram təminatı vasitəsi ilə məlumatlar götürülmüş və müəyyən edilmişdir ki, Mirhafiz Cəfərzadənin telefonunda Elektron ünvan 1, Elektron ünvan 6, Elektron ünvan 7, Elektron ünvan 8 və Elektron ünvan 5 adlı hesablar vardır. Bundan başqa, “Vatsap” tətbiqində +**********7, “Siqnal”da +**********9, “İmo”da **********, “Vechat”da +**********0, “Viber”də +**********9 telefon nömrələrinin olduğu qeyd olunmuşdur. Mirhafiz Cəfərzadəyə məxsus “Oneplus” markalı mobil telefonda “Rost Merd” “**********47687” adlı hesab vardır. (cild İİ, i/v: 120-125) - Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorçuluğa qarşı mübarizə baş idarəsinin 17 yanvar 2023-cü il tarixli arayışından görünür ki, X2 telefon kontaktındakı nömrələr ətrafında keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı aşağıdakı məlumatlar əldə edilmişdir:

1. “Agha Mosuli” adı ilə yaddaşa salınmış +**********5 saylı nömrə "Əli Sistani" adlı təşkilatın Rusiyadakı nümayəndəsi tərəfindən istifadə olunur. Qeyd: Əli sistani 1930-cu ildə İranın Məşhəd şəhərində anadan olmuş, Qum şəhərində dini təhsil almışdır. O, mərkəzi İraqın Nəcəf şəhərində olan "Alul-Bayt" elmi müəssisəsinin rəhbəridir.

2. “Tehran Marsiano” adı ilə yaddaşa salınmış +**********45 saylı nömrənin istifadəçisi Əl-Qüds bölməsinin əməkdaşları ilə əlaqəlidir. Qeyd: Əl-Qüds -Qüds qüvvələri və ya “Sepah-e Qods" kimi adlandırılır. X21 Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan hərbi birləşmədir. Xüsusi təyinatlı Qüvvələrdir. Keçmiş komandiri Bağdad şəhərində ABŞ ordusu tərəfindən öldürülən general- mayor Qasım Süleymanidir.

3. “X23” adı ilə yaddaşa salınmış +**********83 saylı nömrənin istifadəçisi Əl-Qüds bölməsinin əməkdaşları ilə əlaqəlidir.

4. “(Qaeli) Xanım Sani” adı ilə yaddaşa salınmış +**********19 saylı nömrənin istifadəçisi Əl-Qüds bölməsinin əməkdaşları ilə əlaqə saxlayır.

5. “Tehran Mohammadi (Ammar)” adı ilə yaddaşa salınmış +**********11 saylı nömrə Əl-Qüds bölməsinin əməkdaşı tərəfindən istifadə olunur.

6. “İran Turabi (Azar)” adı ilə yaddaşa salınmış +**********88 saylı nömrənin istifadəçisi Əl-Qüds bölməsinin əməkdaşları ilə əlaqə saxlayır.

7. “İran Rezvani” adı ilə yaddaşa salınmış +**********29 saylı nömrənin istifadəçisi İran xüsusi xidmət orqanlarının keçmiş əməkdaşıdır. Hazırda Əl-Qüds bölməsinin əməkdaşları ilə əlaqə saxlayır.

8. “X24” adı ilə yaddaşa salınmış +**********88 saylı nömrənin istifadəçisi Əl-Qüds bölməsinin əməkdaşları ilə əlaqəlidir.

9. “İran Andrey (Marsiano)” adı ilə yaddaşa salınmış +**********76 saylı nömrənin istifadəçisi Əl-Qüds bölməsinin əməkdaşları ilə əlaqəlidir.

10. “X25 (Evroprovayder)” adı ilə yaddaşa salınmış +**********68 saylı nömrənin istifadəçisi Əl-Qüds bölməsinin əməkdaşları ilə əlaqəlidir.

11. “X24” adı ilə yaddaşa salınmış +**********12 saylı nömrənin istifadəçisi Əl-Qüds bölməsinin əməkdaşları ilə əlaqəlidir.

12. “(Sarhadi) Doktor Ratii” adı ilə yaddaşa salınmış +**********14 saylı nömrənin istifadəçisi İran xüsusi xidmət orqanlarının keçmiş əməkdaşıdır. (cild İİ, i/v: 163-164)

İş üzrə dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbirləri nəticəsində toplanmış sübutlar, ekspertiza rəyləri, maddi sübutlar və cinayət işinin materiallarına əlavə edilmiş digər sübutlarla təqsirləndirilən şəxs X2 ittiham olunduğu cinayət əməllərini törətməsi tam sübut olunur. Bununla belə, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək İran İslam Respublikası ərazisində məskunlaşan X8 tanımadığını, həmin şəxslə heç bir münasibətinin olmadığını və hər hansı bir xarici xüsusi xidmət orqanının tapşırıqlarını yerinə yetirmədiyini, həmçinin “Rosta Merd” adlı “Facebook” profilinin ona məxsus olmadığını, həmin hesabdan istifadə etməklə hər hansı bir paylaşım etmədiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsə məxsus “One plus” markalı mobil telefon məhkəmə iclasında bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin mobil telefonda iki “Facebook” profili- “Hafiz Jafar” və “Rost Merd” adlı profillər istifadə olunmuşdur. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş CD disklər məhkəmə iclasında tədqiq olunan zaman “Rost Merd” adlı “Facebook” profilinin 2018-ci ildən etibarən aktiv istifadə olunduğu müəyyən olunmuş, bununla da təqsirləndirilən şəxsin həmin profilin sonradan yaradılaraq saxta sübutun təşkil edilməsi ilə iddiası öz təsdiqini tapmamışdır. Həmçinin “Rost Merd” adlı istifadəçinin öz yazılarında mətnlərin ümumi məğzi (“pantürklük”, “türklərin mənşəyi”, “talışların hüquqları” və s) cinayət işinin materiallarına əlavə edilmiş və səs yazısının Mirhafiz Cəfərzadəyə məxsus olması ekspert rəyi ilə öz təsdiqini tapmış Orxan Məmmədova göndərilən səs yazısındakı fikirlərlə üst-üstə düşməsi də həmin profilin Mirhafiz Cəfərzadə tərəfindən istifadə olunmasını bir daha təsdiq edir. Bunda başqa təqsirləndirilən şəxs heç bir xarici xüsusi xidmət orqanına məlumat göndərmədiyini bildirsə də, ona məxsus mobil telefonun kontaktında olan mobil telefon nömərlərinin (məhkəmə iclasında təqsirləndirilən şəxs həmin mobil nömrələrin həqiqətən də onun telefonun kontaktında mövcud olmasını təsdiq etmişdir) İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslərə məxsus olması, həmçinin hazırda İİR-nın ərazisində məskunlaşan X9 23 aprel 2021-ci il tarixdə özünə məxsus “Oneplus” markalı mobil telefon aparatındakı “Google maps” mobil tətbiqinin imkanlarından istifadə etməklə Lənkəran rayonu ərazisində yerləşən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hissənin GPS koordinatlarını “Teleqram” mobil tətbiqində Orxan Məmmədova məxsus “Orkhan Mammadov” adlı hesaba göndərməklə qəsdən casusluq formasında və xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək etməklə dövlətə xəyanət etməsi öz təsdiqini tapmışdır. Bununla da məhkəmə, X2 məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun hesab etmir, təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam təsdiq olunmuş, onun əməli qeyd olunan maddələrlə düzgün qiymətləndirilmişdir. Ona görə də X2 cinayət əməli məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və 283.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxs X2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə təqsirləndirilən şəxs X5 əvvəllər məhkum olunmamışdır. (cild İ, i/v: 101; cild İİ, i/v: 130) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxs Mirhafiz Cəfərzadənin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs X3 cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin xüsusilə ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və 283.1-ci maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən X5 barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs X5 11 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 67-68), Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş (cild İ, i/v: 98-100) və bundan sonra o, qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X2 11 noyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Odur ki, iş üzrə maddi sübutlar- cinayət işinin materiallarına əlavə edilmiş X3 məxsus “Oneplus” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 650 (altı yüz əlli) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ təqsirləndirilən şəxs X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və 283.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X3 qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X2 cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 11 noyabr 2022-ci il tarixdən hesablansın. X5 ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – cinayət işinin materiallarına əlavə edilmiş X3 məxsus “Oneplus” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 650 (altı yüz əlli) manat məbləğində ekspertiza xərci X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan X3 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar