Məhkəmə qərarları › İş №1(101)-428/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-428/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-428/2023 09.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 İlqar oğlu, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Kamandar Nəsibov və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1991-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayramov döngə 5, ev 8-də qeydiyyatda olan,lakin yaşayış yeri olmayan, 12 iyul 2022-ci il tarixdə barəsində əvvəli 11 iyul 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,127 qram, 0,856 qram və 1,044 qram olmaqla, ümumi təmiz çəkisi 3,027 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, daşımaqla üzərində saxlamış və 11 iyul 2022-ci il tarixdə saat 11:00-da Suraxanı RPİnin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində özünü şübhəli aparması səbəbindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,127 qram, 0,856 qram və 1,044 qram olmaqla, ümumi təmiz çəkisi 3,027 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, dəqiq tarixini xatırlamadığı vaxtda dostu Kərim qonşusu ilə dava etmiş, qonşu da dostundan şikayət etdiyinə görə 11 iyul 2022-ci il tarixdə dostu Kərimgilin mənzilində olan zaman səhər saatlarında aralarında ərazinin əməliyyatçısı kimi tanıdığı Kənanın da olduğu 7-8 nəfər polis əməkdaşları həmin evə daxil olaraq onu və dostunu polis idarəsinə aparmışlar. Daha sonra polis əməkdaşları idarədə ona fiziki təzyiq edərək ifadə almışlar və əgər qəbul etməsə üzərinə 1 kq. narkotik vasitə qoyacaqlarını demişlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. O, müstəntiqə narkotik vasitə satışı ilə məşğul olmadığını, yalnız narkotik vasitə istifadəçisi olduğunu demişdir. Bundan sonra ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həbs olunacağını deyib üzərinə narkotik vasitə qoymuşlar. O, tutulduğu vaxt üzərində mobil telefonun olmadığını, idarədə dostu Kərimin üzərindən 4 büküm narkotik vasitə çıxarıldığını, onun işinin də bu məhkəmədə aparıldığını, dostu Kərimin soyadını bilmədiyini, onun da narkotik vasitə istifadəçisi olduğunu, Kərimin qonşusu ilə axşam dava etdiyini, həmin vaxt onun evdə olmadığını, videoçəkilş zamanı vəkilin ən sonda gəldiyini, tutulduğu zaman vəkilin olmadığını, ittiham aktında yazılan ifadələrlə razı olmadığını, istintaq zamanı bəzi sənədlərə imza etmədiyini, tutulduğu günü narkotik vasitə istifadə etmədiyini, Kərimin tək yaşadığını, Kərimin ailəsinin Türkiyədə yaşadığını, evi olmadığına görə dostlarının evində yaşadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyul 2022-ci i tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 31-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 11:00-da Bakı şəhəri, Suraxanı rayonu, M,Mustafayev küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 31-ci PB-nə gəlmişdir. 31-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 03 ədəd gümüşü rəngli bükümləri çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümlərin içərəsində kokos kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri 11 iyul 2022-ci il tarixdə tanımadığı şəxsdən cəmi 40 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər və bir ədəd elektron tərəzi götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və bu zaman onun üzərindən qanunsuz başqa bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Bundan əlavə o, proses iştirakçılarının suallarını cavab olaraq əməliyyat qrupunda iki nəfər olduqlarını, Ümid İsmailovu saxlayarkən onun üzərinə dərhal baxış keçirməyin mümkün olmamasına görə onu Suraxanı RPİ-nin 31-ci PB-nə gətirib, otaqların birində baxış keçirdiklərini, baxış zamanı müdafiəçinin iştirakının olub-olmamasını dəqiq xatırlamadığını, səhv xatırlamırsa, Ümid İsmailovun özünün müdafiəçidən imtina etdiyini, istintaq zamanı şahid qismində hansı tarixdə dindirildiyini xatırlamadığını, Kərim adlı şəxsi tanıdığını, onun tutulmasında iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, X2 rayonundan kənd adamı kimi tanımışdır. Onunla həbs olunmamışdan bir ay əvvəl tanış olmuşdur. 11 iyul 2022-ci il tarixdə Ümüdlə onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 8/6, mənzil 73-dən 7-8 nəfər polis işçiləri səhər saat 9-10 arası onları Polis İdarəsinə aparmışlar. Həmin polis işçilərinin adlarını bilmir. Onun yaşadığı evə gəlib-gedən olurdu deyə, qonşular narazılıq edirmiş, Elxan adlı bir qonşu ilə də mübahisələri yaranmışdır. Ümüdlə onu polislər eyni maşında aparmışlar. Sürücünün adının Orxan olmasını güman edir. Onun mobil telefonu olmamışdır. O həmin evdə nənəsi ilə qalırmış, nənəsi öləndən sonra, o tək qalmışdır. O 3-4 ay olarmış ki,Türkiyə Respublikasından evi təmir etdirmək üçün gəlmişdir. Polislər onları bir otaqda saxlayıb, sonra ayırıblar, onları döyərək, narkotik vasitəni boynlarına qoymuşlar. Onlara verilən müdafiəçi sonra gəlmişdir. Bütün proseslər saat 9-dan 12-yə qədər davam etmişdir. Müvəqqəti saxlama yerində bir gün qalmışlar. Ümidin qalmağa yeri olmadığı üçün bir dostunun xahişi ilə evində saxlamışdır. O, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də tədqiq etmişdir. Cinayət işinin materiallarında olan 11 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarının sol yan cibindən 03 ədəd gümüşü rəngli bükümlər aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur . Cinayət işinin materiallarında olan 12 iyul 2022-ci il “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 03 ədəd bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, Təqsirləndirilən şəxs isə həmin bükümlərin içərəsində kokos kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri 11 iyul 2022-ci il tarixdə tanımadığı şəxsdən cəmi 40 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxlamasını bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 iyul 2022-ci il tarixli 4(010)-419/2022 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 11 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/3762 saylı 11 iyul 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №194” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan bir ədəd zərfdən birində 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,127 qram, 0,856 qram, 1,044 qram, qəhvəyi rəngli ümumi təmiz çəkiləri 3,027 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd bükümdəki qəhvəyi rəngli heroin kütlələri kimyəvi komponent tərkibinə görə eynidir. “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildirlər. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 4637 saylı 20 avqust 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış cəmi 3,027 qram narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 2,877 qram narkotik vasitə heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd DVD disk isə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 sentyabr 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN Suraxanı RPİ-nin əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verilməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmədə dövlət ittihamçısı vəsadət verərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 84.6.9-1-ci maddəsində göstərilir ki, xüsusi ittiham qaydasında cinayət təqibi halları istisna olmaqla, məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror həmin Məcəllədə nəzərdə tutulmuş qaydalara riayət etməklə şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüquqlara malikdir: Eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-in 59 və 61-ci maddələrində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, şəxsi axtarış zamanı qeydə alınmış və yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, DİN Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi təyin edilərək müvafiq rəy alınmış cəmi 3,027 qram narkotik vasitə heroin ekspertiza tədqiqatından sonrakı qalıq 2,877 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 11 iyul 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altış beş) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Kamandar Nəsibov və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübutlar olan şəxsi axtarış zamanı qeydə alınmış və yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, DİN Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi təyin edilərək müvafiq rəy alınmış cəmi 3,027 qram narkotik vasitə heroin ekspertiza tədqiqatından sonrakı qalıq 2,877 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altış beş) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Kamandar Nəsibov və Partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar