Məhkəmə qərarları › İş №1(101)-428/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-428/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-428/2025 25.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 2000-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmamış, «Atef» şirkətlər qrupuna mühafizəçi işləmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi ev 275-də qeydiyyatında olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, o, qəsdən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 3,916 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 13 dekabr 2023-cü il tarixdə saat 15:00 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 232 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ arxa cibində saxladığı şəffaf sellofana bükülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,916 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Şabəddin oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilmiş ittihamı qəbul etmir və zənn edir ki, bu «Atef» şirkətlər qrupun və Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin qəisi Samir Çobanovun birgə sifarişləridir. Belə ki, o, «Atef» şirkətlər qrupuna mühafizəçi vəzifəsinə işə qəbul olunmuş, nümunəvi işinə görə onu şirkətdə keyfiyyət mütəxəssisi vəzifəsinə keçirmişlər. Bundan sonra isə onu daha məsul iş olan «Atef» şirkətlər qrupun anbarına anbardar təyin etmişlər. Şirkətlə problemi o zaman yaranmışdır ki, onun və digər işçilərin əmək haqlarının ödənilməsində ləngimələr baş vermişdir. Bununla bağlı o, müxtəlif orqanlara. O cümlədən dövlət əmək müfəttişliyinə müraciət etmişdir. Müfəttişlik tərəfindən «Atef» şirkətlər qrupun rəhbəri 1.000 manat məbləğində cərimə edilmişdir. Məhz elə bundan sonra onun Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisi Samir Çobanovla problemləri yaranmışdır. Belə ki, polis işçiləri onu hal-hazırkı cinayət işi ilə bağlı tutulduğu gündən təxminən 40 gün əvvəl bölməyə rəisin yanına çağırmışlar. Orada rəis ona irad tutmuşdur ki, çörək yediyin yerdən şikayət edirsən. Onun mətbuata və müxtəlif dövlət orqanlarına etdiyi müraciətlərə görə barəsində inzibati icraat açılaraq Suraxanı rayon məhkəməsinə verilməklə məhkəmə tərəfindən barəsində bir ay müddətinə inzibati həbs tətbiq edilmişdir. Bu müddət qurtardıqdan sonra onu yenə də bir neçə gün polis şöbəsində saxlanılmış, bundan sonra evinə buraxılmışdır. Ondan sonra ona məzuniyyət vermişlər ki, özünə gəlsin. O, məzuniyyətə çıxmış, 10 dekabr 2023-cü il tarixdə axşam vaxtı iş yeri üzrə qrup rəhbəri zəng edərək Əmircandakı iş yerinə gəlməsini, onunla işi olduğunu demişdir. İş yerinə getdikdə qrup rəhbəri demişdir ki, «istəyirik ki, sən bu anbara keçəsən. Buranın işçisi neçə vaxtdır gəlmir. Ərizə də yazıb hələ çıxmayıb. Onu əvəz edərsən.» Həmin yer ATEF-in qarajın anbarı idi. Məcburi şəkildə öz razılığı olmadan belə onu həmin işə təyin etdilər. Qrup rəhbərinə demişdir ki, ona belə yerdə işləmək sərf etmir, öz anbarına öyrəşmiş, orada qalmaq istəyir. Qrup rəhbəri onu arxayın etmişdir ki, bu işə onu müvəqqəti təyin edirlər, sonra yoluna qoyacaqlar. Qrup rəhbərinin bu sözünə görə bildirmişdir ki, müvəqqəti olaraq bu işdə müvəqqəti olaraq qalacaqdır. Əsassız inzibati həbslə bağlı dövlət orqanlarına etdiyi müraciətlərə cavab almamışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng etmişdir ki, bu məsələ nə yerdə qalmışdır. Həmin gün iş yerindən saat 15 radələrində transformator zavodunun anbarından çıxıb təxminən 20 metr aralanmış, bu vaxt mobil telefonu ilə həm danışır, həm də çəkiliş aparırdı. Elə bu zaman kimsə arxadan onu qucaqlayaraq yolun kənarında dayanmış «Şevrolet» markalı maşına digər 2 nəfər şəxsin köməyi ilə mindirib 32-ci PB-nə aparmışlar. Maşında soruşmuşdur ki, onu niyə tutmuşlar, həmin şəxslər bildirmişlər ki, polisdirlər, onu neçə vaxtdır narkotik vasitələrlə məşğul olması ilə bağlı saxlamışlar. O isə etiraz edərək demişdir ki, nə narkotik. Buna baxmayaraq onu polisin inzibati binasına gətirib sürüyəsürüyə zirzəmiyə salmışlar. Orada onu həmin əməkdaşlar döymüşlər. Onlara bildirmişdir ki, döysələr də narkotiki boynuna götürməyəcəkdir. Bu vaxt onlar onun valideynləri və qardaşını da tutacaqları, evindən külli miqdarda narkotik aşkar edəcəkləri ilə hədələmişlər. Yaxşısı odur ki, az miqdarda metamfetaminlə cəlb etsinlər. Məhz bu səbəbə görə, yəni yaxınlarını qorumaq üçün polis əməkdaşlarının şalvarının arxa cibinə bir büküm metamfetamin qoymalarına razılaşaraq üzərinə baxış zamanı həmin bükümü təqdim etmişdir. İstintaq təcridxanasında keçirilmiş tibbi müayinə zamanı xəsarətləri qeydə alınmışdır. Hətta Baş Prokurorluğun Xidməti Araşdırma İdarəsi tərəfindən araşdırma aparılmış, lakin polis əməkdaşlarının barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Vəkili Müdafiəçi tərəfindən həmin qərardan yerli məhkəməyə şikayət verilmiş, həmin məhkəmə oxşar eyni məsələyə görə Konstitusiya Məhkəməsinə müraciət etdiyi üçün vəkilin şikayətinə baxılması dayandırılmışdır. Məhkəmənin növbəti iclasında qohumlarında olan saxlanıldığı zaman videogörüntünü müdafiəçinin vasitəsi ilə nümayiş etdirəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, 13 dekabr 2023-cü il tarixdə Möhyəddin adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Suraxanı RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və həmkarları Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri özü olmuşdur. Həmin gün saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 232 nömrəli orta məktəbin yaxınlığında, daha doğrusu məktəbin yan tərəfində Təqsirləndirilən şəxs saxlayaraq ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib «Nissan Sentral» markalı xidməti maşınla sonuncunu Suraxanı RPİ-nin inzibati binasına gətirərək təhqiqatçıya təqdim etmişlər. Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, təhqiqatçının təklifinə əsasən sonuncu əynində olan göy rəngli cins şalvarının sağ arxa cibində saxladığı sellofana bükülmüş 01 ədəd bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümü 13 dekabr 2023-cü il tarixdə saat 07:20 dəqiqədə işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən «ATEF» şirkətlər qrupuna gedərkən asfaltın üzərindən tapmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən başqa hər hansı narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, yəni daşıması və qəbul etməsi ilə bağlı məlumat xx.xx.2023-cü il tarixdə həmkarı Şahid2 daxil olmuşdur. Şahid2 qərarı ilə əməliyyat-axtarış tədbirinin keçirilməsi qət edilməklə əməliyyat qrupunun yaradılmasına dair əmr qəbul edilmiş, əmrə əsasən qrupun rəhbəri Şahid2 olmaqla, o və digər həmkarları Şahid1 qrupun üzvüləri təyin edilmişlər. Həmin tarixdə əməliyyat qrupu nəqliyyat vasitəsi ilə, yəni artıq kimə məxsus olduğunu xatırlamadığı ağ rəngli maşınla Təqsirləndirilən şəxs məlumata əsasən ola biləcəyi Bülbülə qəsəbəsinə çıxmış və həmin ərazidə sonuncunun müəyyən edilməsi tədbirləri keçirilmiş, nəhayət günorta saat 15 radələrində zahiri görünüşünə görə tanıdıqları Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 232 nömrəli orta məktəbin yaxınlığında görərək ona yaxınlaşıb polis olduqlarını bildirib özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etmiş, bundan sonra ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin inzibati binasına aparmışlar. Orada ilkin olaraq növbətçi hissədə Təqsirləndirilən şəxs gətirilməsi qeydiyyata alınmış, bundan sonra sonuncu təhqiqatçıya təqdim edilmiş, təhqiqatçı müdafiəçi dəvət edərək müvafiq protokollar tərtib edərək öz xidməti otağındayəni, inzibati binanın 3-cü mərtəbəsində yerləşən otağında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Həmin baxışda o və əməliyyat qrupunun digər üzvüləri iştirak etmişdir.Baxışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları masanın üzərinə qoymasını təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ arxa cibində saxladığı sellofana bükülmüş 01 ədəd bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümü 13 dekabr 2023-cü il tarixdə saat 07:20 dəqiqədə işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən «ATEF» şirkətlər qrupuna gedərkən asfaltın üzərindən tapmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən başqa hər hansı narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin müstəntiqi Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman Suraxanı RPİ-də yeni fəaliyyətə başlamış, CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində olmaqla polis mayorudur. Təqsirləndirilən şəxsla heç bir tanışlığı olmamış, ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, 13 dekabr 2023-cü il tarixdə həmkarı Şahid2 Möhyəddin adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla bağlı Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, RPİ-nin rəisi tərəfindən qrupun rəhbəri Şahid2 olmaqla o və həmkarı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, əmin gün saat 15 radələrində Şahid2 bildirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 232 nömrəli orta məktəbin yaxınlığında əməliyyat tədbirini keçirən zaman məktəbin qarşısı ilə tək və piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Sonuncunun zahiri əlamətləri barədə məlumat Şahid2 olduğu üçün məhz İbrahimin göstərişi ilə onlar Möhyəddinə yaxınlaşaraq polis əməkdaşları olduqlarını ona bildirib narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyərək Suraxanı RPİ-nin inzibati binasına getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onların ağ rəngli «Nissan Sentral» markalı xidməti maşına sərbəst əyləşmiş, bu zaman onun qolları açıq olmuş, maşina minməmişdən əvvəl və maşında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmiş, yalnız idarədə təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən baxış keçirilmiş, baxış videogörüntü ilə aparılmış, videogörüntünü onun özü mobil telefonla çəkmiş, Şahid2lə Şahid3 isə baxışda iştirak etmişlər. Xatırladığı qədər baxışda müdafiəçi iştirak etməmişdir. Təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü həmin gün işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən «ATEF» şirkətlər qrupuna gedərkən asfaltın üzərindən tapmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən başqa hər hansı narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs harada işləməsindən məlumatı olmamış, «ATEF» şirkətinin Bül-bülə qəsəbəsində yerləşən 232 saylı orta məktəbindən o qədər də aralı məsafədə olmadığını bilir, həmin məktəb xatırladığı qədər 3 mərtəbəli binadır, həmin binanın qarşısındakı «ploşadka»-da Təqsirləndirilən şəxs saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Əmircan qəsəbəsində yerləşən «Atef» şirkətlər qrupunun Mərkəzi anbarının müdiridir, Təqsirləndirilən şəxs onun tabeçiliyində olan ambardar olmuş, ambarda otaqları yanaşı olmaqla Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:59-da ambardan çıxıb ambarın yaxınlığında yolun o biri tərəfində yerləşən qaraja getmiş, lakin qaraja çatmamışdır. Bundan bir müddət sonra, təxminən bir saat sonra Təqsirləndirilən şəxs narkotiklə bağlı saxlanıldığını bilmişdir. Təqsirləndirilən şəxs müsbət xarakterizə edir, onunla işlədiyi müddət ərzində davranışında şübhəli anlar görməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə verilmiş ittiham öz təsdiqini tapmamışdır, bununla belə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi müəyyən edilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Bakı şəhəri Suraxanı RPİ-nin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin satması, saxlaması və istifadə etməsi bildirilir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli əmrdən müəyyən olunur ki, həmin tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin əməkdaşları olan Şahid2, Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və 13 dekabr 2023-cü il tarixdə, saat 15:00-da Suraxanı RPİ-nin CAŞ-nin məhz bu əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 232 saylı orta məktəbin yaxınlığnda saxlanılaraq Suraxanı RPİ-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 13 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş CD olan videogörüntüdən müəyyən olunur ki, videçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl şübhəli şəxsi bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qulaqcıq, 01 ədəd qara rəngli pul kisəsi içərisində 01 ədəd ATEF zavoduna aid daxil olmaq üçün giriş plastik kartı, 01 ədəd Bakı kart, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd «Paşabank»a məxsus plastik kart, 01 ədəd «Unibank»a məxsus üzərində «Leobank» yazısı olan plastik kart və içərisində 125 manat pul olan pul kisəsinin təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət büküm, şalvarın sağ yan cibindən bir ədəd HONOR markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olmasını və həmin narkotik vasitəni Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsindən yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə qablaşdırılaraq DİN-nin zərflər üçün 45 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs tərəfindən Suraxanı RPİnin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs baxış zamanı müdafiəçinin iştirakını məqsədəmüvafiq hesab etmədiyindən, şəxsi axtarış və götürmə zamanı müdafiəçi iştirak etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı kötürülümüş 01 ədəd qulaqcıq, 01 ədəd pul kisəsi, 01 ədəd ATEF zavoduna aid daxil olmaq üçün giriş plastik kartı, 01 ədəd Bakı kart, sürücülük vəsiqəsi, 01 ədəd «Paşabank»a məxsus plastik kart, 01 ədəd «Unibank»a məxsus plastik kart onün qohumu X8 təhvil verilmişqdir. Məhkəmədə elan edilib araşdırılmış “ Şübhəli şəxsin tutulması haqqında” 13 dekabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hakimə verdiyi izahatında ona verilmiş ittihamda özünü təqsirli bilməmiş. Hadisə vaxtı şirkətdə işlədiyi günü qaraja tərəf getdiyini və həmin vaxt saxlanıldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2023cü il tarixli, 3-16-16/2-6/6400 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “ Azərbaycan Respublikası DİN Zərflər üçün Nö 45-li dairəvi möhür əksi, şübhəli şəxs Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,916 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsula hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,1qr., qalıq çəkisi 3,816 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop madələr”-in İ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs tərəfindən keçirilmiş ambulator-məcburi narkoloji tibbi yoxlamanın 29 dekabr 2024-cü il tarixli 8496 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəlyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 13 yanvar 2024-cü il tarixli 54 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğu hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Ekspertiza zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, qəbul etmədiyini, ona qarşı qərəzli hərəkətlər olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 25 yanvar 2024-cü il tarixli “ Diskə baxış keçirilməsi haqqında” prookoldan müəyyən olunur ki, “Azerfon» MMC-dən daxil olmuş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin məxsusluğu, SMS mətnləri və onlarn qeyd müddətində anten dairəsinə dair məlumatlardan müəyyən olunur ki, həmin nömrə Təqsirləndirilən şəxs qardaşı X2 məxsus olmaqla xx.xx.2018-ci il tarixdən aktiv olmuş, həmin nömrədən xx.xx.2023-cü il tarixdə saat 12:49:40-da, xx.xx.2023-cü il tarixdə saat 12:55:32-də, xx.xx.2023-cü il tarixdə saat 13:05:33-də, xx.xx.2023-cü il tarixdə saat 16:01:08-də, xx.xx.2023-cü il tarixdə saat 16:15:25-də 055 ******* nömrəsi olan telefona zənglər edilmişdir. Qeyd edilən tarixlərdə 055 ******* saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 ******* saylı nömrəyə zənglər qeydə alınmamışdır. Diskdə olan məlumatlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus 077 ******* nömrəli telefondan sonuncu zəng, zəngin tipi GPRS olmaqla xx.xx.2023-cü il tarixdə saat 22:33:36-da baş vermiş, həmin vaxtda anten dairəsi Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, Suraxanı- Hövsan yolu 202 ərazisi kimi göstərilmişdir. CD diskdə olan fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən SMS mətnlərinin yazılması və zənglər müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-nin 1/4618nömp\li, xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə Cəmiyyətin Keyfiyyətə-nəzarət şöbəsinin inspektoru vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü il tarixdə Cəmiyyətin Təchizat Departamentinin Planlama və anbar şöbəsinin Mərkəzi Anbar bölməsinin- anbardarı vəzifəsinə keçirilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciət vərəqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-dən əmək hüquqlarının pozulması ilə bağlı ərizə yazmışdır. Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz hərəkətləri barəsində hüquq mühafizə orqanlarına şikayət edilməmişdir. Təqsirləndirilən şəxs isə əmək haqlarının gecikdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi yanında X11 Xidmətinə müraciət etmiş, DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən xx.xx.2024cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 1000 manat məbləğində "xxxx" MMC-nin idarə heyətinin sədri cərimələnmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 5(010)-634/2023 nömrəli 15 dekabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki,Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin CAŞ-nın əməliyyat müvəkkili polis kapitanı Şahid2 əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi barədə 13 dekabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işi ayrılmasına haqqında» xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,816 qram psixotrop maddə metamfetamin saxlanması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edimiş, narkotik vasitənin mənbəyini müəyyən etmək üçün cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvələr məhkum olmamışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamin əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı anda, xx.xx.2023-cü il tarixdə saat 15:00-da Bakı şəhəri, Suraxanı rayonu. Əmircan qəsəbəsində yerləşən «Atef» şirkətlər qrupunun mərkəzi ambarından çıxıb qaraja gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmış və polis idarəsinə aparılmışdır. Orada üzərindən aşkir olunmuş külli miqdar olan 3,916 qram psixotrop maddə metamfetamini isə həmin gün işə getdiyi zaman səhər saatlarında psixotrop maddəni yerdən tapdığını və onda maraq doğurduğundan üzərində daşıdığını etraf etmiş, lakin ibtidai araşdırmanın sonrakı bütün müddəti ərzində psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyularaq sənədləşmə aparıldığını, polis əməkdaşlarının hədə-qorxusuna və fiziki təzyiqlərə görə üzərinə baxış zamanı həmin maddəni təqdim etdiyini bildirmişdir. Belə ki, məhkəmədə müdafiə tərəfinin təqdim etdiyi, Təqsirləndirilən şəxs mobil telefonunda olan məlumatlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs tutulan zaman iş yeri olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən «Atef» şirkətlər qrupunun Mərkəzi ambarından çıxan zaman saxlanılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs saxlanıldığı yer və vaxt məhz həmin yer olan Təqsirləndirilən şəxs iş yerinin ərazisi olmaqla xx.xx.2023-cü il tarix saat 15:00 olmuşdur. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində cinayət işini təhqiqat orqanı tərəfindən toplanmış ilkin materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlamışdır (cild 1, iş vərəqə 1). Şübhəli şəxs kimi isə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulmuşdur (cild 1, iş vərəqə 22). Amma bundan cəmi iki gün sonra – 15 dekabr 2023-cü il tarixdə heç bir əlavə sübut əldə olunmadığı, işin faktiki halları ilə də hər hansı şəkildə əsaslar yaranmadığı bir halda ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək ona həmin maddə ilə ittiham elan etmişdir (cild 1, iş vərəqə 64). Təqsirləndirilən şəxs bu ittihamla bağlı dindirilərkən özünü həmin maddə ilə elan olunmuş ittiham üzrə təqsirli bilməmiş, psixotrop maddənin satışı ilə məşğul olmadığını bildirmişdir (cild 1, iş vərəqə 71-72). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs 3,916 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması şəxsi axtarış və götürmə barədə protokol və bu zaman verdiyi izahla, ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut, hətta yanakı dəlil yoxdur. Şahid qismində dindirilmiş polis əməkdaşları - Şahid3, və Şahid1 məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddəni satışı ilə məşğul olması, o cümlədən onun üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumatın olmadığını, Şahid2 Möhyəddin adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Suraxanı RPİ-nə əməliyyat məlumatının daxil olduğunu göstərmişlər. İttiham aktında sübutları şərh edərkən müstəntiq tərəfindən təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin təsdiqi kimi özünün ilkin ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, maddi sübutlar, ekspert rəyləri sübut növü kimi qiymətləndirilərək yekun qənaətə gəlinmişdir. Halbuki, həmin sübutların heç biri satış məqsədilə psixotrop maddəni əldə etmə, saxlama, daşıma ittihamını təsdiq etmir və təqsirləndirilən şəxsin psixotrop maddəni satış məqsədilə əldə etməsini ehtiva edən heç bir etiraf ifadəsi mövcud deyildir. Toplanmış bütün sübutlar isə əslində yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş əməlin törədildiyini təsdiq edir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı halda psixotrop maddənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti arşdırmalar darəsinin 14 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Suraxanı rayon polis idarəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar ondan, polis əməkdaşlarından izahatlar alınmış, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş, lakin Təqsirləndirilən şəxs qarı fiziki zor, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs babası- Təqsirləndirilən şəxs Qurban oğlunun X14 iştirakçısı olmaqla orden və medallarla təltif olunmasını, nənəsi X6 əmək veteranı olmaqla təltif edilməsini, atası X3 Qarabağ uğrunda gedən döyuşlərin iştirakçısı olmaqla 2-ci qrup əlil olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,816 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,816 qram psixotrop maddə metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilimiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar