Məhkəmə qərarları › İş №1(101)-432/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-432/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-432/2021 01.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ i Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Hüseynov Səbuhi Sabir oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortaixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, ev 69, mənzil 55-də qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 577-ci məhəllə, 91A nömrəli ünvanda yerləşən Zərifə Əliyeva adına litseyin qarşısında tanışı Zərərçəkmiş şəxs, onunla bir gün əvvəl mübahisə etmiş və Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayan Şahid1 mobil telefon nömrəsini istəmiş, Zərərçəkmiş şəxs telefon nömrəsini vermək istəmədiyindən, guya onun telefon nömrəsini bilmədiyini dedikdə, bununla bağlı, həmçinin əvvəllər də aralarında olmuş telefon danışığı zamanı kobud danışmasını sonuncuya irad tutduqda, Zərərçəkmiş şəxs iradı qəbul etməyərək mübahisə yaradıb onun ünvanına nalayiq ifadələr işlətmiş, bu səbəbdən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vurmaqla qisas almaq niyyəti ilə əvvəlcədən üzərində olan istintaqa məlum olmayan mənbədən əldə etdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs bel nahiyəsindən iki dəfə vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bel nahiyəsində sağda yerləşmiş boşluğa nüfuz etməyən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yara və döş qəfəsinin sağ arxa səthində Vİİİ qabırğa səviyyəsində yerləşən və döş boşluğuna işləyərək döş boşluğuna qan və hava yığılması ilə müşayiət olunmuş insan həyatı üçün təhlükəli olan 1 (bir) ədəd kəsilmiş deşilmiş yara kimi ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Saşa kimi tanıdığı Aleksandrı təxminən 3-4 il bundan öncə dostu Elnurla bir məhəllədə yaşayan şəxs olaraq tanımış və aralarında həmin vaxtdan yoldaşlıq münasibəti yaranmışdır. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində təsadüfi olaraq H.Cavid prospekti 577-ci məhəllədən keçərkən dostu Elnurla görüşüb söhbət etmişdir. Onların həyətində söhbət edən zaman bir az yüksək səslə və nalayiq ifadələr işlədərək bir-biri ilə zarafatlaşmağa başlamışlar. Həmin vaxt binanın balkonundan, Elçin adı ilə tanıdığı şəxs onların ünvanına qışqırmaqla “küçük yığınağı oradan dağılışın” demişdir. Elçin bu sözdən sonra aşağı onların yanına düşmüş və binanın altında söyüş söydüklərinə görə onlara iradını bildirmişdir. Bundan sonra onların arasında sözlə mübahisə yaranmışdır. Təxminən 1-2 dəqiqə mübahisə etdikdən sonra yaxınlıqda olan şəxslər polis gəldiyini qışqırmışlar. Bundan sonra o və Elnur oradan uzaqlaşmışlar. Elçin isə orada qalmışdır. O, Elnur ilə uzaqlaşdıqdan sonra ondan Elçinin telefon nömrəsini soruşmuşdur. Elnur isə Elçinin telefon nömrəsinin onda olmadığını bildirmiş və sağollaşıb evinə getmişdir. Elçin adlı şəxsin irad bildirməyi onun xoşuna gəlməmiş və Elçinlə görüşüb söhbət edəcəyi barədə düşünmüşdür. Yolda adını Saşa kimi tanıdığı Aleksandra zəng vurub Elçinin mobil nömrəsini soruşmuşdur. Belə ki, Saşa Elçingilin həyətinin yaxınlığında yerləşən avtodayancaqda gözətçi işlədiyinə görə, Saşada qonşuların nömrəsinin olmasını güman etmişdir. Saşa isə onda Elçinin telefon nömrəsinin olmadığını bildirmişdir. Lakin o, Saşanın yalan danışmasını bilmişdir. Ertəsi gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində yenidən Elçingilin məhəlləsinə gedib onunla yarımçıq qalan söhbətiini tamamlamaq istəmişdir. O, saat 23 radələrində Elçingilin məhəlləsinə gələndə təsadüfən yolda Zərifə Əliyeva adına litseyin qarşısında Aleksandrı görmüşdür. O, Saşa ilə söhbət edib hansı səbəbdən Elçinin nömrəsini vermədiyini soruşmuşdur. Aleksandr isə onunla kobud şəkildə danışıb özünün söhbətə heç bir aidiyyətinin olmadığını bildirib oradan getmək istəmişdir. O, Saşanın qolundan tutub saxlayanda Saşa onu nalayiq küçə söyüşü ilə söyüb təhqir etmişdir. Bundan sonra o, Saşanı qolundan tutub bir az kənara çəkmişdir. Aralarında yaranan sözlə mübahisə daha da böyümüş və Aleksandr nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra Saşa onun üzərinə gəlib onu vurmaq istəyərkən, o, cibində olan bıçağı çıxarıb sağ əlində tutmaqla Saşanın çiyni üzərindən arxasına, yəni kürəyinə vurmuşdur. Bundan sonra o, əlində qan izi görüdüyünə görə qorxmuş və geri çəkilib qaçaraq oradan uzaqlaşmışdır, bıçağı yaxınlıqda yerləşən zibil qutusuna atmışdır. Yolda gedərkən çönüb arxaya baxdıqda Aleksandrın gəzərək oradan uzaqlaşdığını görmüş və onun xəsarətinin ağır olmadığını düşünmüşdür. Ertəsi gün, yəni xx xxxx 2020-ci il tarixdə atası ilə birlikdə Polis bölməsinə gedərək təslim olmuş və həmin gün tutulmuşdur. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə bütün ziyanı ödəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərdi ki, onun atası azərbaycanlı, anası isə rusdur, özü azərbaycanlıdır, Azərbaycan dilində mükəmməl bilir və məhkəmədə tərcüməçiyə ehtiyacı yoxdur. O, yaşadığı evin yaxınlığında yerləşən avtodayanacaq məntəqəsində gecə gözətçisi işləyir. Təqsirləndirilən şəxs onunla birlikdə eyni məhəllədə yaşayan Elnurun vasitəsi ilə tanımışdır. Həm Elnur, həm də Xəlil ilə münasibəti həmişə yaxşı olmuşdur. xx xxxx 2020-ci il tarixdə gecə radələrində Xəlil ona zəng vuraraq onunla eyni məhəllədə qalan Elçin adlı şəxsin nömrəsini soruşmuşdur. O isə Xəlilə Elçinin nömrəsinin onda olmadığını bildirmişdir. Xəlil isə təkidlə bir neçə dəfə Elçinin nömrəsini istəmişdir. Sonda o, əsəbiləşmiş və Xəlilə bir daha Elçinin nömrəsinin onda olmadığını kobud şəkildə bildirib telefon əlaqəsini kəsmişdir. Bundan sonra Xəlil ona zəng vurmamışdır. Ertəsi gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində o, yaşadığı evin yaxınlığında olan zaman Xəlil ilə qarşılaşmışdır. Onunla salamlaşdıqdan sonra Xəlil ondan hansı səbəbdən Elçinin nömrəsini vermədiyini və kobud şəkildə danışdığını soruşmuşdur. O, Xəlilə vermiş olduğu cavabında Elçinin nömrəsinin onda olmadığını demiş və getmək istəmişdir. Xəlil onu qolundan tutub saxlamışdır. Bu zaman o, əsəbiləşmiş və kobud formada Xəlilə ondan əl çəkməsini bildirib, nalayiq söyüş söymüşdür. Bundan sonra onların arasında sözlə mübahisə yaranmışdır. Yaranmış mübahisə nəticəsində Xəlil cibindən bıçaq çıxardaraq onun kürək nahiyəsindən iki dəfə vurmuşdur. Xəlil sonra əlində qan görüb yanından qaçaraq uzaqlaşmışdır. O, belində istilik hiss etmiş və Xəlilin ona xəsarət yetirdiyini başa düşüb yaşadığı evə getmək istəmişdir. Yolda olan zaman qarşısına çıxan tanımadığı şəxsə xəsarət aldığını bildirdib ona kömək etməsini xahiş etmişdir. Həmin şəxs onun əynində olan köynəyini çıxardıb belindəki yarasının üstünə qoymuşdur. Bundan sonra həmin şəxs taksi çağırmış və onu 3 saylı xəstəxanaya aparmışdır. Xəstəxanaya çatdıqdan sonra həkimlər ona tibbi yardım göstərmişlər. Çəkdiyi ziyan tam şəkildə Xəlil tərəfindən ona ödənilmişdir. Hazırda Xəlillə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 1 il əvvəl yaşadığı həyətdən tanımışdır. Xəlillə münasibətləri daim yaxşı olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı evdə olan zaman bir neçə nəfər şəxsin həyətdə yüksək səslə səs-küy saldığını və nalayiq küçə söyüşləri söydüklərini eşitmişdir. Bundan sonra o, yaşadığı evin balkonuna çıxaraq üzlərini görmədiyi şəxslərə öz iradını bildirib və həmin şəxslərin ünvanına “küçük, söyüş söyməyin orda” sözünü demişdir. Bu zaman həyətdə olan şəxslərdən biri, “o sözü balkondan demək asandır” demiş və onu həyətə çağırmışdır. O, paltarını geyinmiş və həyətə düşərək həmin şəxslərin yanına getmişdir. Həmin şəxslərə yaxınlaşan zaman onlardan birinin Xəlil, digərinin isə onunla bir həyətdə yaşayan Elnur olduğunu görmüşdür. Bu zaman o, bir daha həmin şəxslərə iradını bildirib balkonun altında nalayiq ifadələr işlətməyin yaxşı hərəkət olmadığını bildirmişdir. Bundan sonra Xəlil ilə onun arasında sözlə mübahisə yaranmışdır. Mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Sonra isə qonşuluqda olan şəxslər polisin gəldiyini qışqırmışlar. Bu zaman Elnur və Xəlil onun yanından uzaqlaşmışlar. O isə həyətdə bir müddət qalıb siqaret çəkdikdən sonra yaşadığı evə qalxmışdır. Lakin o, həyətdə olduğu zaman ora heç bir polis əməkdaşı gəlməmişdir. Bundan sonra isə o, Xəlili görməmişdir. Üstündən bir neçə gün keçdikdən sonra ona məlum olmuşdur ki, Xəlilin qonşuluqda yaşayan Aleksandr ilə aralarında mübahisə olmuş və nəticədə Xəlil Aleksandrı bıçaqla vuraraq bədən xəsarəti yetirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla təxminən 3-4 ildir ki, dostdur. xx xxxx 2020-ci il tarixdə saat təxminən 23 radələrində yaşadığı binanın həyətində olan zaman dostu Xəlil gəlmiş və onlar bir yerdə deyib gülməyə həmçinin nalayiq ifadələrlə zarafatlar etməyə başlamışlar. Bir qədər sonra qonşuluqda yaşayan Elçin adlı şəxs yaşadığı evin balkonundan onların ünvanına “küçük, söyüş söyməyin orda” sözünü demişdir. Bundan sonra Xəlil Elçini həyətə dəvət etmişdir. Təxminən 5 dəqiqə sonra Elçin onların yanına gəlmiş və onlara işlətdikləri nalayiq ifadələrin onun yaşadığı evdə eşidildiyini bildirərək iradını bildirmişdir. Bundan sonra Elçin ilə Xəlil arasında sözlə mübahisə yaranmışdır. Həmin mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Mübahisə zamanı o, mübahisə edənləri sakitləşdirmək istəmişdir. Bir qədər sonra həyətdə olan qonşulardan biri polisin gəldiyini qışqırmışdır. Bu zaman o və Xəlil oradan qaçaraq uzaqlaşmışlar. Yolda olan zaman Xəlil ondan Elçinin nömrəsini soruşmuşdur. O isə Xəlilə Elçinlə yaxın münasibətinin olmadığını bildirmiş və bundan sonra Xəlil ilə sağollaşaraq yaşadığı evə getmişdir. Ertəsi gün Xəlilin yaşadığı evin yaxınlığında, qonşuluqda yaşayan Saşa kimi tanıdığı şəxs ilə mübahisə etdiyini və Saşanı bıçaqla vuraraq bədən xəsarəti yetirdiyini eşitmişdir (iş vərəqi 109-110). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsinin təfərrüatları barədə əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 78-80). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadəsini təqsirləndirilən şəxsin üzünə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 117-119). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 609 saylı rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthində Vİİİ qabırğa səviyyəsində yerləşən və döş boşluğuna işləyərək döş boşluğuna qan və hava yığılması ilə müşayiət olunmuş 1 (bir) ədəd və bel nahiyəsinində sağda yerləşmiş boşluğa nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara xəsarəti almışdır.

2. Göstərilən yaralar deşici-kəsici əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə törənməsi mümkündür.

3. Döş qəfəsinin döş boşluğuna nüfuz etmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, bel nahiyəsinin yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.

4. Həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 100-103). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1865 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərərkətlərınin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 113-115). İşdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 6-7). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 108). İşdə olan Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına və məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir (cild 1, iş vərəqi 95). Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması kifayət qədər sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə bu cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, cavanlığını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma protokolundan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış, xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək, o, həbsdən azad olunmuş və hökm çıxarılana kimi fasiləsiz olaraq ev dustaqlığında saxlanılmışdır (cild 1, iş vərəqi 30, 62-65,98-99). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edlməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs həbs edilməsinin əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması ilə razılaşmır. Belə ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin həmin tarixdə tutulması və ya azadlığının faktiki məhdudlaşdırılması barədə heç bir sənəd yoxdur. Əksinə, tutma protokolundan, habelə Təqsirləndirilən şəxs özünün məhkəmədə verdiyi ifadəsindən görünür ki, o, məhz xx.xx.2020-ci il tarixdə Polis bölməsinə gəlmiş və tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Səbuhi Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar