Məhkəmə qərarları › İş №1(101)-432/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-432/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-432/2023 12.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçin oğlunun iştirakları ilə, xx xxxx 2004-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, “Kənd Əhmədli” massivi ünvanında kirayə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 2,135 qram çəkidə olan psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 16 iyul 2022-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:30-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,397 qram, 0,360 qram, 0,568 qram, 0,810 qram olmaqla, ümumi təmiz çəkisi 2,135 qram təşkil edən kustar üsulla hazırlanmış, eyni tərkibli külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, özü narkotik vasitə istifadəçisidir. 15 iyul 2022-ci ildə gecə saatlarında saxlanılmış, üzərində narkotik vasitə olmamışdır. Onun telefonuna baxış keçirilmiş, orada iranlı ilə olan yazışmalarını görüb onu bölməyə aparmışlar. Bölmədə üzərinə 4 büküm narkotik vasitə qoymuşlar. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, öz istifadəsi üçün İran vətəndaşından və tanımadığı şəxslərdən günə 10-15 manatlıq narkotik vasitə almışdır. Metamfetamin və heroin istifadə etmişdir. Polislər onun üzərinə 4 büküm narkotik vasitə qoymuş, fiziki və psixi təzyiq altında qaldığı üçün narkotiki boynuna götürməli olmuşdur. Onu həm sözlə təhdid etmişlər, həm də döymüşlər. Polis əməkdaşları onun qarın nahiyəsindən və ayağından vurmuşlar, amma bədənində iz qalmamışdır. Tibb məntəqəsində üzərinə baxış keçirmişlər və döyülməsini soruşmuşlar, o da döyülməsini təsdiq etmişdir. Döyülməyi ilə bağlı heç yerə şikayət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iyul ayının 16-sı Rəfael adlı şəxsin narkotik vasitələri üzərində saxlaması və gəzdirməsi haqqında əməliyyat məlumatı daxil olmuşdur. O, polis əməkdaşı Şahid1la birlikdə əməliyyat tədbiri həyata keçirərək, həmin günü günorta saatlarında Köykəb Səfərəliyeva küçəsi 26 ünvanında Rəfaeli saxlamışlar. Saxlayan zaman Rəfael telefonu atmağa cəhd etmiş, lakin onlar tərəfindən qarşısı alınmışdır. Daha sonra Rəfaeli bölməyə gətirib təhqiqatçı Emin Qaralova təhvil vermişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra onların iştirakları ilə şəxsin üzərinə axtarış keçirilmiş, üzərindən 2-3 büküm metamfetamin aşkar olunmuşdur. Özü bildirmişdir ki, şəxsi istifadəçisidir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Rəfaelin telefonuna baxış keçirilmiş, səhv etmirsə, telefonundan satışla bağlı şeylər aşkar olunmuşdur. Təqsirləndiilən şəxsə qarşı onun tərəfindən heç bir fiziki və psixi zorakılıq olmamış, digər şəxs tərəfindən də edilməsinin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, saxlanılarkən Rəfael özünü şübhəli aparmış, telefonu atmaq istəmişdir. Onun telefonuna baxış keçirilmiş, telefonunda konumlar, kartlar və alış-veriş müəyyən edilmişdir. Rəfael barədə əməliyyat məlumatının məzmunu narkotik vasitələrin gəzdirilməsi, saxlanılması və satışı ilə bağlı olmuşdur. Polis əməkdaşları tərəfindən Rəfaelə qarşı heç bir psixi və fiziki zorakılıq olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonunda Rəfael adlı şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi və özündə saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlamaqla daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsi tərəfindən yaradılmış əməliyyat qrupunun keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında saxlanılaraq Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və diskdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq əynundə olan göy rəngli cins şalvarının sağ yan cibində narkotik vasitə “şüşə” olduğunu bildirmiş və o, könüllü olaraq həmin narkotik vasitəni təhqiqata təqdim etmək bildirmişdir. Bundan sonra o, masaya yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 04 (dörd) ədəd bükümü çıxararaq təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə olan “şüşə”dir. Həmin narkotik vasitəni istifadə etmək məqsədi ilə internet vasitəsi ilə taınımadığı şəxsdən almasını söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra boş zərf götürülərək, içərisində kristal şəkilli maddə olan bükümlər boş zərfin içərisinə qoyularaq qablaşdırılmış və DİN-in 190 saylı möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır (cild 1, iş vərəqi 48-52, 54). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3851 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan - dörd ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,397 qram, 0,360 qram, 0,568 qram, 0,810 qram ümumi təmiz çəkisi 2,135 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. “Metamfetamin” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (cild 1, iş vərəqi 58-62). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və onun əlavəsindən görünür ki, Təqsirləndirilən şəxs məxsus "Huawei" markalı mobil telefona baxış keçirilmiş, telefonun “Whatsapp” ani mesajlaşma tətbiqində narkotik vasitələrin və psixotrop maddələrin alqısatqısına dair 18 ədəd yazışma aşkar edilmişdir. Həmin yazışmalar Cəmil adlı şəxsin istifadəsində olan +98***-***-**-** nömrəsi ilə “Bab” arasında şəxsin istifadəsində olan +9***- ***-**-** saylı nömrələr ilə edilmişdir. Hər iki nömrə İran İslam Respublikasının beynəlxalq telefon koduna aiddir. Qeyd olunan telefonun “mesajlar” bölməsində narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair 3 ədəd yazışmaların fotoşəkilləri aşkar edilmişdir. Telefondan çıxarışlar əldə edilərək protokola əlavə edilmişdir. Mobil telefona gələn smslərdə “312” adı ilə qeydiyyatda olan şəxs Rəfaelə “kakosun var kişi”, “mahş kola varındır çəkməyə bir çet?”, “Lomkadayam, Kakos varındır hə ya yox?”, “Qaqa əlin çatan yer var, 50 manat var, qram yarım lazımdır, alındıra bilərsən?” məzmunlu mesajlar göndərmişdir (cild 1, iş vərəqi 73-80). İşdə olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin ibtidai istintaq orqanının əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli, 086-9696-1222 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmasa da, qərəzsiz mənbədən əldə olunan məlumata əsasən Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda psixotrop maddələrin satışı ilə məşğul olmuşdur (cild 1, iş vərəqi 134). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cüil tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +99***- ***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olmuş mesaj mətnləri olan diskə baxış keçirilmiş, baxış zamanı məlumatlar arasında iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 159). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4795 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs pixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 139-140). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2371 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Həmçinin ittiham olunan əməl dövründə Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 151-152). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 142-143). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş 03 ədəd bükümdə ümumi təmiz çəkisi 2,135 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd DVD formatlı disk, “Huawei” markalı mobil telefon maddi sübut kimi tanınmış, tədqiqat zamanı sərf olunduqdan sonra qalıq çəkisi 2,035 qram psixotrop maddə metamfetamin və “Huawei” markalı mobil telefon saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 160-168). İşdə olan cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır (cild 1, iş vərəqi 170-171). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində ümumiyyətlə narkotik vasitəsinin olmaması, polis əməkdaşlarının onu döyməklə 4 büküm narkotiki boynuna götürməyə məcbur etmələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməklə təzyiqlərə məruz qalması barədə ifadələrini “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-28-ci bəndlərindəki tövsiyələrinə uyğun şəkildə təhlil etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi ilə bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən nə təqsirləndirilən şəxsin özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi və ya hər hansı təzyiqə məruz qalması barədə heç nə bildirilməmişdir. Əksinə təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməli qismən etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı məhkəmə Təqsirləndirilən şəxs tibbi kitabçasını onun saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasından tələb edib baxışını keçirmiş, onun təcridxanaya qəbul edilərkən üzərinə baxış keçirilən zaman bədən səthində hər hansı xəsarət aşkar edilməmiş, habelə o özü hər hansı xəsarət almadığını bildirmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon prokurorluğundan daxil olmuş 07 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə əlaqədar Nəsimi rayon prokurorluğunda araşdırma aparılmamışdır. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefona baxış zamanı telefonun “Whatsapp” ani mesajlaşma tətbiqində narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair 18 ədəd yazışma aşkar edilmişdir. Həmin yazışmaların üçü birbaşa Rəfaelə ünvanlanmış və pul müqabilində ondan narkotik vasitə istənilir. Məhkəmə qeyd edilən halı, həmçinin təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların xırda bükümlərə bükülməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda həmin psixotrop maddə metamfetamini məhz satış məqsədilə əldə edib üzərində saxlayaraq daşımışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 18 iyul 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 iyul 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24-25, 116-119, 202-204). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 16 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,035 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs məxsus “Huawei” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs götürülmüş və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,035 qram psixotrop maddə metamfetamin məhv edilsin. - şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. - Təqsirləndirilən şəxs məxsus “Huawei” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov İş №1(101)-432/2023 Ç ı x a r ı ş Azərbaycan Respublikası adından HÖKM 12 may 2023-cü il Bakı şəhəri BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçin oğlunun iştirakları ilə, xx xxxx 2004-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, “Kənd Əhmədli” massivi ünvanında kirayə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs götürülmüş və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,035 qram psixotrop maddə metamfetamin məhv edilsin. - şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. - Təqsirləndirilən şəxs məxsus “Huawei” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar