Məhkəmə qərarları › İş №1(101)-432/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-432/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-432/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, 27 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 28 fevral 202-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 0,351 qram, 0,302 qram, 0,292 qram, 0,373 qram, 0,332 qram və 13,251 qram olmaqla, ümumi təmiz çəkisi 14,901 qram təşkil edən 28 iyun 2005-ci il tarixli «Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına daxil edilən qəhvəyi rəngli eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd bükümdə təmiz çəkisi 0,928 qram ağ rəngli kristal hissəciklərdən ibarət 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına daxil edilən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 27 fevral 2023-cü il tarixdə saat 10:00-da Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi, 30-cu Polis şöbəsinın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zığ bağları yaşayış massivi nömrəsiz ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq, Bakı şəhəri, Suraxanı RPİ, 30-cu Polis şöbəsinın inzibati binasına gətirilmiş və orada videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli vilvet şalvarın sağ yan cibindən və əlində olan qara rəngli çantadan 6 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 0,351 qram, 0,302 qram, 0,292 qram, 0,373 qram, 0,332 qram və 13,251 qram olmaqla, ümumi təmiz çəkisi 14,901 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,928 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü o, dostunun evində olmuş, evdə yatdığı vaxt polis əməkdaşları gəlib onu aparmışlar. Həmin günü dəqiq xatırlamasa da, ya fevral ayının 26-sı, ya da 27-si olmuşdur. Polis işçiləri onu gəlib həmin evdən götürüb 30-cu Polis şöbəsinə aparmışlar. Şöbədə çəkiliş olmuş, ona elə gəlir ki, həmin çəkiliş zamanı o, heç nə danışmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, həmin vaxt o, çox pis vəziyyətdə olmuşdur. Belə ki, həmin gün gecə narkotik vasitə qəbul etmiş və narkotikin təsiri altında olmuşdur. Ümumiyyətlə, o, narkotik vasitə kimi «kokos» adı ilə tanıdığı narkotiklərdən tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Narkotik vasitəni müxtəlif qiymətlərə almışdır. İstifadəsində son rəqəmləri 88-lə bitən mobil nömrə olmuşdur. Həmin nömrədən narkotik vasitələri götürmək üçün istifadə etmişdir. Ola bilər ki, kimlərsə ondan da narkotik vasitələrin olubolmamasını soruşmuşdur. Polis işçiləri onu tanışı İbrahimin evində saxlamışlar. Sonuncu dəfə o, narkotik vasitəni kimdən aldığını xatırlamır. Tutulan vaxtı onun üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində olarkən tanımadığı əməkdaşlar əli bağlı vəziyyətdə olarkən onun cibinə narkotik vasitə qoymuşlar. Təcridxanaya qəbul edilərkən onun xəsarəti olmuş və prokurorluqdan əməkdaş gəlib onun izahatını almışdır. O, tutulduğu zaman polislər tərəfindən döyülmüşdür. Müvəqqəti saxlama yerinə onun işi bağlanılarkən gətirilmişdir. Orada bütün sənədlərə başqa adam imza etmişdir. Polis işçiləri saxlanıldığı yerdə onun üstünə baxış keçirməmişlər. Həmin vaxt orada 3-4 nəfər polis əməkdaşı olmuşdur. Tutularkən polis işçiləri həmin evə də baxış keçirmişlər, lakin heç nə aşkar etməmişlər. Zığ bağları massivində yerləşən evə baxış keçirilməmişdir. Məhkəmədə sanksiyaya çıxarılarkən hakimə hansı izahat verdiyini xatırlamır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin vəsatətində Təqsirləndirilən şəxs göstərmişdir ki, təqribən bir neçə ildir heroin kimi tanıdığı narkotik vasitələrdən çəkmək yolu ilə istifadə edir, həmin narkotik vasitələri hər dəfə tanımadığı şəxslərdən əldə etmişdir. Sonuncu dəfə 26 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Fatmayı qəsəbəsi, ünvanını tam bilmədiyi yerdən sosial şəbəkədə tanış olduğu, adını bilmədiyi İran İslam Respublikasının vətandaşından 300 manat verərək narkotik əldə etmişdir. 27 fevral 2023-cü il tarixdə təxminən saat 10:00 radələrində Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zığ bağları Y/M-nın nömrəsiz ünvanının yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və onu yaxınlıqda olan PŞ-nə gətirərək təhvil vermişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. O da, buna etiraz etməmiş, hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, əynində olan qara rəngli vilvet şalvarın sağ yan cibindən 1 ədəd sarı rəngli qutuda içərisində 5 ədəd ağ rəngli selofana bükülü olan «kakos» kimi tanınan narkotik vasitə heroini və əlində olan qara rəngli çantanın içərisində olan qutudan 1 ədəd ağ rəngli selofan bükülüdə olan «kakos» kimi tanınan narkotik vasitə heroini və 2 ədəd ağ vərəqə bükülmüş «patı» kimi tanınan psixotrop maddə metamfetamini, 1 ədəd «Samsung» markalı mobil telefon və 1 ədəd elektron tərəzini təqdim etmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 26 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Fatmayı qəsəbəsi, ünvanını tam bilmədiyi yerdən sosial şəbəkədə tanış olduğu adını bilmədiyi İran vətəndaşından 300 manat verərək əldə etmişdir. Ondan aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və 1 ədəd tərəzi polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Daha sonra protokol tərtib olunaraq imzalanmışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, özünün istifadəsi üçün əldə etmiş, nə saxlanılan zaman, nə də 30-cu PŞ-də olarkən hər hansı bir təzyiq və ya təsirə məruz qalmamışdır. 1 ədəd bükümdə olan şəffaf, rəngsiz maddənin isə narkotik vasitə və psixotrop maddəyə aid olmamasını bilməmiş, həmin maddənin psixorop maddə olmasını bilmiş, üzərindən aşkar olunan vəziyyətdə əldə etmişdir (cild 1, iş vərəqi 77-78). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadəni təsdiq etmədiyini, onların müstəntiq tərəfindən yazıldığını və dindirmə protokolunu oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şəxsi axtarış keçirilməsi videogörüntülərinin qeydə alındığı DVD diskə baxış keçirildikdən sonra verilən suallara cavabında Təqsirləndirilən şəxs bildirdi ki, videogörüntüdə olan qara çanta ona məxsus olmamış, həmin çantanı ona çəkiliş vaxtı gətirib vermişlər. Üzərindən aşkar olunan narkotik vasitəni o, çəkiliş vaxtı görməmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni götürdükdən sonra iyləməmişlər. Məhkəmədə birinci dəfə dindirilən polis əməkdaşı ona təsir etmişdir və o, məhkəmədə narkotik vasitəni həmin polis işçisinin ona verdiyini demişdir. Sanksiyaya aparılanda hakimə nəsə dediyini xatırlamır, hakimə narkotikdən istifadə etdiyini demişdir. 2-3 ay sonra iş materialları ilə tanış olmaq üçün gətiriləndə o, imzaların ona məxsus olmadığını görmüş və bundan sonra sənədləri imzalamamışdır. Videoçəkiliş zamanı narkotik vasitənin zərfə qoyulduğunu xatırlamır. Polis şöbəsində olarkən ona CM-nin 234.1-ci maddəsi ilə işinin rəsmiləşdiriləcəyini və 5-6 aydan sonra buraxılacağını demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər, Suraxanı RPİ, 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, təqsrləndirilən şəxsi əvvəllər tanımamış, onu keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır, aralarında düşmənçilik və ədavət olmamışdır. İşlədiyi şöbəyə Tərlan adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında təqsirləndirilən şəxsi onlar «Zığ bağları» deyilən yerdə saxlamışlar. Sonra Təqsirləndirilən şəxs 30-cu Polis şöbəsinə gətirilmiş, orada üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən aıry-ayrı bükümlərdə heroin və metamfetamin, həmçinin elektron tərəzi aşkar olunmuşdur. Əvvəllər saxlanılan şəxs barəsində onda hər hansı məlumat olmamışdır. Tərlan saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, həmin narkotikləri iranlıdan aldığını bildirmişdir. Həmçinin Tərlan üzərindən aşkar olunmuş tərəzini aldanmamaq üçün narkotik vasitəni çəkmək məqsədilə aldığını bildirmişdir. Tərlan saxlanılarkən ona qarşı hər hansı fiziki və ya psixoloji təsir və təzyiq olunmamışdır. Saxlayandan sonra dərhal onlar Tərlanı şöbəyə gətirmişlər. Şəxsi axtarış zamanı müdafiəçi iştirak etməmiş, özü vəkildən imtina etmişdir. Sorğu zamanı Tərlan narkotik vasitəni bir gün əvvəl Fatmayı qəsəbəsində sosial şəbəkədə tanış olduğu, lakin adını bilmədiyi İran vətandaşından 300 manat verərək özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ, 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 27 fevral 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs «Zığ bağları» deyilən yerdə saxlanılıb 30-cu Polis şöbəsinə gətirilməsi, üzərinə şəxsi axtarış zamanı külli miqdarda narkotik vasitə heroinin aşkar olunub götürülməsi ilə bağlı keçirilmiş tədbirdə əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə olunmuş 27 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli vilvet şalvarın sağ yan cibindən 1 ədəd sarı rəngli qutunun içərisindən 5 ədəd ağ rəngli selofana bükülü içərisində qəhvəyi rəngli, toz şəkilli, spesfık iyə malik narkotik vasitəyə oxşar kütlə, əlində olan qara rəngli çantanın içərisində olan 1 ədəd qutunun içərisindən 1 ədəd selofana bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə və 2 ədəd vərəqəyə bükülü içərisində ağ rəngli, kristal şəkilli olan psixotrop madddəyə oxşar kütlə, 1 ədəd «Samsung» markalı mobil telefon və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, səhifə 33-34). Cinayət işinə əlavə olunmuş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 27 fevral 2023cü il tarixli protokoldan görünür ki, həmin videogörüntülər Suraxanı RPİ, 30-cu Polis şöbəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair görüntülərdir və həmin videogörüntülər şəxsi axtarış və götürmə aparılması 27 fevral 2023-cü il tarixli protokolla uyğunluq təşkil edir (cild 1, iş vərəqi 60). Məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2023- cü il tarixli 6/1183 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: - üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksləri olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş maddi sübutlar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 6 ədəd selofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,351 qram, 0,302 qram, 0,292 qram, 0,373 qram, 0,332 qram və 13,251 qram olmaqla, ümumi təmiz çəkisi 14,901 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,928 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin fərqli narkotik vasitə və psixotrop maddə olduqlarından onların arasında müqayisəli tədqiqat aparılmadı. 1 ədəd kağız bükümdə təmiz çəkisi 1,972 qram olan şəffaf, rəngsiz maddə kütləsi narkotik vasitə psixotrop maddələrə aid deyildir; - üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş maddi sübut...” sözləri, soyad və imzalar (4 imza) qeyd edilmiş bir ədəd zərfin içərisində olan 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğundan çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir (cild 1, səhifə 45-59). Məhkəmə-narkoloji ekspertizasının 31 may 2023-ci il tarixli 3342 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu ilə nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, səhifə 137-138). "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZF/LGL-2584/23 nömrəli məktubu ilə daxil olmuş bir ədəd diskə baxş protokolundan görünür ki, həmin diskə Təqsirləndirilən şəxs istifadəsində olan 070 ***-**-** saylı mobil nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və narkotik vasitələrin satılmasına, sifarişinə dair “sms” yazışmalarının aparılması müəyyən edilmişdir. Diskdən “sms” yazışmalarına dair çıxarışlar çap edilərək cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 115). İbtidai istintaq orqanının 01 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 14,901 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,928 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalan 14,601 qram çəkidə narkotik vasitə heroin, 0,878 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhkəmənin müvafiq qərarına qədər saxlanması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk və “Azerfon» MMC-dən daxil olmuş 1 ədəd CD disk iş üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 61, 116, 144-155). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 103-104). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, hadisə günü o, dostunun evində olarkən yatdığı yerdən polis əməkdaşlarının gəlib onu apardıqlarını, həmin günü dəqiq xatırlamasa da, ya fevral ayının 26-sı, ya da 27-si olduğunu, polis şöbəsində çəkiliş olduğunu və ona elə gəlir ki, həmin çəkiliş zamanı özünün heç nə danışmadığını, həmin vaxt özünün çox pis vəziyyətdə olduğunu, belə ki, həmin gecə narkotik vasitə qəbul etdiyindən narkotikin təsiri altında olduğunu, istifadəsində son rəqəmləri 88-lə bitən mobil nömrə olduğunu və həmin nömrədən narkotik vasitələri götürmək üçün istifadə etdiyini, ola bilər ki, kimlərsə ondan da narkotik vasitələrin olub-olmamasını soruşduqlarını, polis işçilərinin onu tanışı İbrahimin evində saxladıqlarını, tutulan vaxtı onun üzərində narkotik vasitə olmadığını, polis şöbəsində olarkən tanımadığı əməkdaşların əli bağlı vəziyyətdə olarkən onun cibinə narkotik vasitə qoyduqlarını, təcridxanaya qəbul edilərkən onun xəsarəti olduğunu və prokurorluqdan əməkdaşın gəlib onun izahatını aldığını, tutulduğu zaman polislər tərəfindən döyüldüyünü, müvəqqəti saxlama yerinə onun işi bağlanılarkən gətirildiyini və orada bütün sənədlərə başqa adamın imza etdiyini, polis işçiləri saxlanıldığı yerdə onun üstünə baxış keçirmədiklərini, məhkəmədə sanksiyaya çıxarılarkən hakimə hansı izahat verdiyini xatırlamadığını bildirdi və öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddəni, həmçinin elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri 26 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Fatmayı qəsəbəsi, ünvanını tam bilmədiyi yerdən sosial şəbəkədə tanış olduğu, adını bilmədiyi İran İslam Respublikasının vətandaşından 300 manat verərək əldə etdiyini, 27 fevral 2023-cü il tarixdə təxminən saat 10:00 radələrində Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zığ bağları yaşayış massivində olduğu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını və 30-cu Polis şöbəsində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən qeyd olunan narkotik və psixotrop maddələrin aşkar olunaraq götürüldüyünü bildirmişdir. Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən Təqsirləndirilən şəxs məhkəməyə verdiyi izahatında saxlanılan zaman üzərində cəmi 5 bükümdə narkotik vasitə olduğunu və həmin narkotikləri şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncələr verilməsi səbəbindən özünə aid olmayan narkotik vasitələri etiraf etməsi ilə bağlı gətirdiyi dəlillə bağlı məhkəmə qeyd edir ki, həmin dəlillər də məhkəmə iclasında hərtərəfli yoxlanılmış və öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmənin sorğusuna Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasından daxil olmuş məktuba əsasən, xx.xx.2023-cü il tarixdə Tibb-sanitar hissəsində Təqsirləndirilən şəxs müayinəsi zamanı bədəni üzərində qançırlar və sıyrılmış qərtməkli yaralar aşkar olunmuş, bununla bağlı xüsusi məlumat Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Bakı şəhəri, Suraxanı rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 890-x-23 saylı məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, təcridxanadan daxil olmuş məlumat əsasında rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs, onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, həmçinin müvafiq məhkəmə-tibb ekspertizası keçirilmişdir. Aparılmış araşdırmanın nəticəsi olaraq hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən olunmadığından 01 iyun 2023-cü il tarixdə 182-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan qərar sonradan təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində son rəqəmləri 88-lə bitən mobil nömrənin olması, həmin nömrədən narkotik vasitələri götürmək üçün istifadə etməsi və kimlərinsə ondan da narkotik vasitələrin olub-olmamasını soruşmaları ilə bağlı gətirdiyi dəlillə əlaqədar məhkəmə qeyd etmək istəyir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 855-26-88 mobil nömrəsi ilə aparılmış danışıqlara dair "xxxx" MMC-dən daxil olmuş məlumatlar tədqiq edilmiş, bu zaman müxtəlif mobil operatorlara aid nömrə sahiblərinin Təqsirləndirilən şəxs «SMS»lər yazaraq jarqon adlar altında narkotik və psixotrop maddələr sifariş vermələri, bu zaman məhz onun kartına konkret məbləğdə pul köçürmələri və narkotik vasitələri gözləmələri, müraciətlərində Tərlan adını çəkmələri və sonuncunun ona müraciət edən şəxslərə narkotik vasitələr təşkil edərək konkret ünvanlarda olmasını bildirməsi öz təsdiqini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, adı çəkilən yazışmalar 02 yanvar 2023-cü il tarixdən Təqsirləndirilən şəxs saxlanıldığı 27 fevral 2023-cü il tarixədək olan dövrdə aparılmışdır. Bütün yuxarıda qeyd olunanlar isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanıldığı dövrdə narkotik və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, üzərindən aşkar olunmuş iki növdə müxtəlif bükümlərdə olan maddələri məhz satış məqsədilə əldə edib saxlamasını təsdiq edir. Təqsirləndirilən şəxsin ittihamda qeyd edilən yerdə yox, polis əməkdaşları tərəfindən Məhərrəm adlı tanışının evində saxlanılması barədə gətirdiyi dəlillə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə belə ifadə versə də, nə o, nə də ki, müdafiəçisi tərəfindən həmin şəxs müəyyən olunmamış, məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət təqdim edilməmişdir. Həmçinin, təqsirləndirilən şəxsin onun adından yazılmış sənədlərin özü yox, başqa şəxs tərəfindən imzalanması barədə gətirdiyi dəlilin təsdiqi üçün hər hansı sübut təqdim edilməmiş və bu hal da məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, döyülərək təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri İran vətəndaşı kimi tanıdığı adını bilmədiyi şəxsdən aldığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin ayrı-ayrı bükümlərdə olmasını və narkotik vasitələrin çəkilib bölünməsi üçün elektron tərəzinin mövcudluğunu, həmçinin aşkar edilmiş narkotik vasitələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 27 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Suraxanı RPİ, 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 31 may 2023-ci il tarixli 3342 №-li rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin saxlama kamerasında saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 14,601 qram çəkidə narkotik vasitə heroin, 0,878 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərinin qeydə alındığı 1 ədəd DVD formatlı və “Azerfon» MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 80 (səksən) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından qalıq qalan 14,601 qram çəkidə narkotik vasitə heroin, 0,878 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk və “Azerfon» MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar