Məhkəmə qərarları › İş №1(101)-433/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-433/2021

15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-433/2021 15.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: «Yusifbəyli və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, «AZTV» telekanalında müxbir işləyən, Bakı şəhəri Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 2, mənzil 29-da qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qeyri rəsmi ər-arvad münsibətində yaşayıb ayrılandan sonra 2018-ci ilin noyabr ayında hədə-qorxu ilə Zərərçəkmiş şəxs sonuncuya məxsus olan «Mitsubishi Eclipse» markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomobili müəyyən olunmayan müddətə idarə olunması üçün ona etibarnamə ilə verməsi tələbini irəli sürərək əks təqdirdə Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatları yayacağı hədəsini bildirdikdən sonra, internet saytlarına, müxtəlif sosial şəbəklərin səhifələrinə, Zərərçəkmiş şəxs işlədiyi «AZTV» telekanalına və eyni zamanda kütləvi informasiya vasitəsi olan internetin «İnstaqram» profillərinə Zərərçəkmiş şəxs haqqında seksual xarakterli rüsvayedici məlumatların, çılpaq şəkillərin və videoların yerləşdiriləcəyi barədə vədlər verib 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs sonuncuya məxsus olan «Mitsubishi Eclipse» markalı, **-FV-*** nömrə nişanlı avtomobili idarə etmək üçün götürüb sürməklə kifayətlənməmiş, öz cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs eyni üsulla ona 1500 manat məbləğində pulun verilməsini tələb edib, 2018-ci ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanının qarşısında sonuncudan 1500 manat nağd pulu aldıqdan sonra Zərərçəkmiş şəxs qarşı etdiyi cinayət əməllərinə görə peşman olmayıb qanunsuz hərəkətləri davam etdirərək, 2019-cu ilin yanvar ayında öz yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilini təmir etdirmək məqsədi ilə ustaların pulunu eyni üsulla Zərərçəkmiş şəxs ödətdirməyə məcbur etmiş, Zərərçəkmiş şəxs da məcburiyyət qarşısında 2019-cu ilin fevral ayında Təqsirləndirilən şəxs evini təmir elətdirmək məqsədi ilə ümumi 1700 manat məbləğində pulu hissə-hissə, yəni 2019-cu ilin fevral ayının əvvəllərində ünvan 1 qarşısında 200 manatı, 2019-cu ilin fevral ayının ortalarında ünvan 1 ünvanın qarşısında 500 manatı, 2019-cu ilin fevral ayının ortalarında həmin ünvanın qarşısında 300 manat, 2019-cu ilin mart ayının ortalarında qeyd edilən ünvanın qarşısında 300 manatı, 2019-cu ilin aprel ayının əvvəllərində həmin ünvanın qarşısında 400 manatı cinayətdən xəbəri olmayan usta X1 verib Təqsirləndirilən şəxs mənzilini təmir elətdirəndən sonra, Təqsirləndirilən şəxs yenə də öz cinayət əməllərini davam etdirib Zərərçəkmiş şəxs məişət elektrik avadanlıqlarını ona verilməsini tələb etmiş, Zərərçəkmiş şəxs 28 mart 2019-cu il tarixdə hüquqi ünvanı ünvan 3bəkəsinin "xxxx" MMC arasında bağlanmış 28 mart 2019-cu il tarixli 00588043 saylı kredit müqaviləsi əsasında ümumi qiyməti 2776 manat təşkil edən 1 ədəd «Samsung» WW80K42U07İVDZ (gümüşü) markalı paltaryuyanı, 1 ədəd «Samsung» VCC4520 markalı tozsoranı, 1 ədəd «Hoffman» BOH65F4 markalı sobanı, 1 ədəd «Hoffman K639S» markalı plitəni, 1 ədəd «Hoffman DK330F4» markalı aspiratoru, 1 ədəd «Hoffman DFB-166» W (ağ) markalı soyuducunu alıb 2019-cu ilin mart ayının axırlarında Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına göndərmiş, Təqsirləndirilən şəxs isə göstərilənlərlə kifayətlənməyərək yenə də cinayət əməlini davam etdirib, 2019-cu ilin aprel ayının əvvəllərindən həmin ayın ortalarınadək Zərərçəkmiş şəxs eyni hədə-qorxu ilə özünün yaşadığı evə yataq mebeli aldırmaq tələbi ilə sonuncudan 750 manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs hədə-qorxu ilə vahid niyyətlə 6.726 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2010-cu ildə Gülnarə Şəfiyeva ilə ailə qurmuş və birgə nigahdan 3 azyaşlı uşağı vardır. 2015-ci ilin oktyabr ayında «CBC Sport» telekanalında operator işləyərkən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Sonuncu da onunla eyni telekanalda müxbir vəzifəsində işləmişdir. Vəfa 2018-ci ildən «AZTV» telekanalında işləməyə başlamışdır. 2016-cı ilin iyun-iyul aylarından 40 günlük Parisə Avropa çempionatına getmişdir. Həmin müddətdə Vəfa ilə Whatsapp və İnstaqram vasitəsi ilə müntəzəm olaraq yazışaraq əlaqə saxlamışdır. Avropadan qayıdandan sonra ilk görüşdüyü adam Vəfa olmuşdur. Vəfa həmin vaxt ərdə olmuşdur. Gəlişini dostları ilə birlikdə Suraxanı rayonu ərazisində oturub qeyd edərkən Vəfa ona sms yazıb görüşmək istədiyini bildirmişdir. Odur ki, durub Vəfanın yaşadığı 28 May metrostansiyası yaxınlığında yerləşən mənzilinə gəlmiş və bir az söhbət etdikdən sonra çıxıb getmişdir. Həmin vaxt əri evdə olmamışdır. Sonradan Vəfanın əri bunu bilib, ona sms yazmışdır. Bundan sonra Vəfa ərinə bildirmədən evdən çıxıb getmiş və «Melissa park» yaşayış kompleksində kirayədə yaşamağa başlamışdır. Əri onu axtarsa da, yerini tapa bilməmişdir. Odur ki, yaşadığı evinə gəlib, ondan Vəfanın harada qaldığını soruşmuşdur. Sonuncunu: «arvad sənindir, get özün axtar»-deyib yola salmışdır. «Melissa park» yaşayış kompleksində yaşadığı müddətdə müntəzəm olaraq Vəfanın yanına gedib-gəlmişdir. Görüşlərin birində Vəfa onun jiletini geyinib şəkil çəkib İnstaqramda paylaşmışdır. Həyat yoldaşı həmin şəkli görmüşdür. Evə gələndə arvadı onun jiletində çəkilmiş Vəfanın şəklini göstərib onunla mübahisə etmiş və bir müddət sonra ondan boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Həmin ərəfələrdə Vəfa ilə birlikdə Gürcüstana və Azərbaycanın bir sıra rayonlarına səfərlər edib, bir yerdə dincəlmişdir. 2017-ci ilin avqust ayında Vəfa ilə birlikdə yaşamaq üçün Türkiyə Respublikasına getmiş, təxminən 10 gün orada qaldıqdan sonra iş tapa bilmədiyindən avtobusla Bakıya qayıtmışdır. Türkiyəyə gedərkən Vəfa «Melissa park» yaşayış kompleksindəki mənzili təhvil verdiyindən və Bakı şəhərində qalmağa yeri olmadığından Vəfanı Gəncədə düşürtmüşdür. Bakıya çatan kimi dostu ilə birlikdə Vəfa üçün kirayə mənzil axtarmağa başlamışdır. Binəqədi rayonu Svetlana Məmmədova küçəsində yerləşən 209 saylı evin 125-ci mənzilini tapıb şəkillərini Vəfaya göndərmişdir. Vəfa mənzili bəyənmişdir. Bundan sonra mənzil sahibi ilə görüşüb, ayı 350 manatdan onunla kirayə müqaviləsi bağlayıb, ödəniş etmişdir. 3-4 gün sonra Vəfa oğlu və anası ilə Bakı şəhərinə gəlmişdir. İşə düzəldiyindən Vəfa uşağa baxa bilməmiş, bu səbəbdən anası və oğlu Göygöl rayonuna qayıtmışdır. Həmin müddət ərzində təxminən 3-4 ay Vəfa ilə həmin mənzildə bir yerdə qalmışdır. Daha sonra Vəfanın anası və oğlu Göygöldən qayıtdığından, çıxıb öz evinə getmişdir. 2018-ci ilin avqust ayında həyat yoldaşı boşanması üçün müraciət etdiyindən, yenidən Vəfa ilə bir yerdə yaşamağa başlamışdır. 2018-ci ilin avqust ayından 2019-cu ilin mart ayına kimi həmin mənzildə Vəfa ilə birlikdə yaşamışdır. Həmin ərəfədə Vəfanın anası evdə problemlər yaratdığından mənzildən çıxıb getmiş, lakin Vəfa ilə görüşməkdə davam etmiş və mənzilin kirayə haqqını ödəmişdir. Bir müddət sonra Vəfa ilə məsləhətləşib 5.300 manata «Misubishi Eclipse» markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin pulun 2.300 manatını Vəfa, 3.000 manatını isə o, vermişdir. Avtomobil pis vəziyyətdə olduğundan Rusiyadan Federasiyasından sifarişlə ehtiyat hissələri gətirdib yenidən yığdırıb normal vəziyyətə salmışdır. Avtomobili 3-4 ay baş etibarnamə ilə onun adına olmuşdur. Həmin müddətdə həyat yoldaşı ilə boşanma ərəfəsində olduğundan, adına olan əmlakı bölünməməsi üçün avtomobili Vəfanın adına keçirtmişdir. Səhərisi günü Vəfa ona avtomobili idarə etməsi üçün etibarnamə vermiş və həmin etibarnamə əsasında da avtomobili idarə etmişdir. 2018-ci ilin noyabr ayından 2019-cu ilin dekabr ayınadək avtomobili idarə etmiş, son tarixdən isə maşın Vəfada olmuşdur. Həqiqətdə həmin müddət ərzində də avtomobildən onların hər ikisi istifadə etmişdir. Belə ki, Vəfa səhər saat 9-dan axşam 21 radələrinədək işdə olduğundan, səhər Vəfanı işə aparıb düşürtmüş və axşam isə onu işdən götürüb evə gətirmişdir. Həmin müddət ərzində Vəfa ilə bir yerdə olmuş və ondan hədə-qorxu ilə 1500 manat pul tələb etməmişdir. Vəfa yalnız avtomobil alınması üçün 2300 manat pul vermiş, avtomobilin təmiri üçün ondan pul almamışdır. Həmin vaxt Vəfa işləmədiyindən onun pulu olmamışdır. Bir müddət sonra Vəfaya kirayədə yaşamaqdansa, Daşqın Səfərov küçəsində yerləşən özünə məxsus mənzilə bir qədər əl gəzdirib, orada yaşamasını təklif etmiş və sonuncu razılaşmışdır. Vəfa xalasının əri kimi təqdim etdiyi X2 dəvət edib, ev təmirində onlara köməklik edəcəyini bildirmişdir. Vəfa və Bayram ilə birlikdə gedib mənzilə baxandan sonra sonuncu, Əlikram adlı ustanı çağırmışdır. Əlikram gəlib mənzilə baxıb, təmir üçün lazım olan materialların adlarını yazıb ona vermişdir. Dərnəgüldə tikinti materiallarınan satışı ilə məşğul olan yeznəsinə təmir üçün lazım olan materialların siyahısını göndərmiş və sonuncu pulsuz göstərilən materialları onun mənzilinə göndərmişdir. Bayram mənzilin təmirində ümumiyyətlə iştirak etməmişdir. Əlikramdan mənzilin təmirinin neçəyə danışdığını soruşmuş, sonuncu 750 manata razılaşdığını bildirmişdir. Bayram isə məhkəmə mənzilin təmiri işlərinin 1.700 manata gördüyünü bildirmişdir. Sonuncunun mənzilin onun tərəfindən təmir edildiyi barədə məhkəmədəki ifadəsini təsdiq etmir. Mənzili 2019-cu ilin fevral ayından mart ayına kimi olan müddət ərzində Vəfa təmir etdirmişdir. Təmir-tikinti materiallarını o, almış, ustaların pulunu isə Vəfa vermişdir. Bayram adlı ustanın deməsindən Vəfa tərəfindən təmir üçün ümumilikdə 750 manat pul ödədiyi ona məlum olmuşdur. Mənzili Vəfa ilə ümumi razılıq əsasında, birlikdə yaşamaları üçün təmir etdirmişdir. Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə hədəqorxu gəlməmiş və onu özünə məxsus mənzili təmir etdirməyə məcbur etməmişdir. Təmir işləri qurtarandan sonra Vəfa ilə birlikdə «Kontakt Home» mağazasına gedib, Vəfanın adına bir illik kreditə 2.776 manat dəyərində mənzil üçün lazım olan elektrik məişət avadanlıqları yəni, soyuducu, soba, paltaryuyan maşın, plitə, tozsoran almışdır. 2019-cu ilin mart ayının axırlarında həmin avadanlıqlar ona çatdırılmışdır. Malları o, özü qəbul etmişdir. 2019-cu ilin mart ayının 28-də kreditin ilkin ödənişi olan 250 manatını Xətai rayonu Fəhlə prospektində yerləşən mağazadakı «Milliön» aparatında Vəfanın iştirakı ilə o, sonrakı ödənişləri isə Zərərçəkmiş şəxs etmişdir. «Kontakt Home» mağazasına Vəfa ilə bir yerdə getmiş, həmin elektrik məişət avadanlıqlarını Vəfa özü bəyənib seçmişdir. Zərərçəkmiş şəxs onun mənzili üçün elektrik məişət avadanlıqları almağa məcbur etməmiş, ona hər hansı bir formada hədə-qorxu gəlməmiş və sonuncudan qeyd olunan elektrik məişət avadanlıqları alıb ona verilməsini tələb etməmişdir. Vəfa avtomobilə görə ona 3.000 manat pul borclu olduğundan, «Kontakt Home» mağazasından almış olduğu malları özünə götürmüş və həmin malları «tap.az» saytında tanımadığı şəxslərə satmışdır. 2019-cu ilin aprel ayının əvvəllərindən həmin ayın ortalarınadək olan müddət ərzində Zərərçəkmiş şəxs hədə-qorxu gəlməmiş və ondan yaşadığı mənzilinə yataq mebəli aldırmaq tələbi ilə 750 manat pul almamışdır. 2019-cu ilin təxminən yanvar-fevral aylarında xatırlamadığı tarixdə Svetlana Məmmədova küçəsi ev 209 ünvanın qarşısında saat 22 radələrində Vəfanı küçədə görüb, hara getdiyini soruşmuşdur. Vəfa ona Müdafiə Nazirliyindən təcili çəkilişə çağırıldığı demişdir. Vəfaya 20 ildən artıq televiziyada stajı olduğunu, hələ Müdafiə Nazirliyindən gecə çəkilişə adam çağırıldığını eşitmədiyini deyib getməməyi tövsiyyə etmiş, lakin sonuncu onunla razılaşmamışdır. Vəfaya onu maşınla aparacağını, çəkiliş qurtarana kimi gözləyəcəyini desə də, Vəfa mütləq getməli olduğunu deyib, taksiyə əyləşib getmişdir. Vəfanın hara getdiyini öyrənmək üçün başqa bir taksiyə minib, onu arxasınca təqib etməyə başlamışdır. Vəfanın «Ağ otel»ə getdiyini görmüşdür. Vəfanın ona xəyanət etdiyini başa düşüb, ondan ayrılmaq qərarına gəlmişdir. Növbəti gün səhərə yaxın Vəfa yaşadığı evə gələndə çantasında 1.000 manat pul olduğunu görüb, ona görüşə getməzdən əvvəl pulu olmadığını bildirib, ondan həmin məbləğdə pulu haradan əldə etdiyini soruşmuşdur. Vəfa ona həmin pulu çəkilişdən aldığını bildirmişdir. Vəfanın davranışına görə münasibətləri pozulmağa başlamışdır. Bütün bu baş verənlərin günahını Vəfanın anasında görür. Həmin «shafiyevyusif» adlı profildən Zərərçəkmiş şəxs anasının istifadə etdiyi profilə sms-lə «tak cto cındır və qurursuz sen ve senin qizindi, alfons da senin peyser oglundu, tupurum sizin menliyinize ve qeyretinize, hele it kimi peshman eliyecem size» mesajlarını özü yazmışdır. Buna səbəb avtomobili Vəfaya qaytaran zaman məişət elektrik avadanlıqlarının özündə qalmasını Vəfa ilə razılaşdırması səbəbindən Zərnişanın onunla mübahisə etməsi olmuşdur. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş «Whatsapp» tətbiqindən «screen» edilmiş görüntüdə istifadəsində olmuş ***-***-**-** nömrədən Zərərçəkmiş şəxs anası Şahid1 «indi sene atacam videonu, bax gor, utanmaqdan danıshmaqa haqqın var ya yox», «Ferruxa da gonderecem qoy alsın ushagi elinden, siz meni cox yandirdiz, bele ana da ve nene de ushaq qammaz» məzmunlu mesajlar yazmışdır. Həmin «sms»-ləri Vəfanın onun ailəsini dağıtdığı üçün yazmış, amma, həmin videonu heç kimə yaymamışdır. Vəfanı şantaj etməmiş, onun şəkillərini İnstaqram profilində paylaşmamış və ona 6.726 manat məbləğində ziyan vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2013-cü ildən Fərrux adlı şəxslə ailə qurmuş və 2016-cı ildə ərindən ayrı yaşamağa başlamışdır. 2017-ci ildə isə ərindən rəsmi boşanmışdır. Hazırda anası və azyaşlı oğlu ilə yaşayır. «AZTV» telekanalında müxbir işləyir. Əvvəllər «CBC Sport» telekanalında müxbir işləmişdir. 2015-ci ildə həmin telekanalda operator işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonradan aralarında sevgi münasibətləri yaranmışdır. Bir müddət sonra sonuncu ona onunla ailə qurmaq istəyini açıqlamış, bu səbəbdən Yusifi anası ilə tanış etmişdir. Müxtəlif yerlərdə görüşüb ümumi razılıq əsasında Yusiflə yaxınlıq etmişdir. Bu zamanı Yusif onun intim və çılpaq şəkillərini telefonu ilə çəkmişdir. Bunu nəyə görə etdiyini soruşduqda sonuncu, ondan ayrı keçirdiyi vaxtlarda, birlikdə keçirdiyi anlarına baxıb, xatırlaması üçün etdiyini bildirmişdir. Yusifi sevdiyi üçün inanmış, onun nə vaxtsa həmin şəkilləri və videolarından ona qarşı istifadə edə biləcəyini ağlına belə gətirməmişdir. Həmin ərəfədə ərindən boşandığı üçün Yusiflə ailə qurmağı planlaşdırmışdır. 2017-ci ilin əvvəllərindən yəni, ərindən ayrılandan sonra, 2018-ci ilin oktyabr ayınadək Yusiflə yaxın münasibətdə olmuşdur. Yusif 2018-ci ilin oktyabr ayında ondan anası ilə oğlunun onlardan ayrı yaşamasını və sonuncularla görüşməməsini tələb etməyə başlamışdır. Bu səbəbdən Yusiflə münasibətləri pisləşmişdir. Yusifə ondan ayrılmağa qərar verdiyini dedikdə, sonuncu ona, onu televiziyadan uzaqlaşdıracağını, ölkədən köçüb getməsi ilə nəticələnənə kimi əlindən gələn hər şeyi edəcəyini bildirmişdir. Yusifin sözlərini ciddi qəbul etmədiyindən, onunla ayrılmışdır. 2018-ci ilin noyabr ayında Yusif ona intim və çılpaq fotoşəkillərini, videolarını İnstaqram və digər sosial şəbəkələrdə paylaşacağını, həmin şəkilləri onun işlədiyi «AZTV» telekanalına göndərəcəyini, onun karyerasını məhv edəcəyini və adının ləkələyəcəyini bildirmişdir. Yusifin hədələrini real qəbul edib, ondan ehtiyyat etməyə başlamışdır. Sonuncudan ondan əl çəkməsini, ona rahat yaşamağa imkan verməsini xahiş etmiş, lakin, Yusif ona həm maddi, həm də mənəvi ziyan vuracağı ilə hədələmişdir. Yusif ondan ona məxsus olan «Mitsubishi Eclipse» markalı **-FV-*** nömrə nişanlı avtomobili idarə etməsi üçün ona verməsini, verməyəcəyi təqdirdə, onun intim və çılpaq fotoşəkillərini İnstaqram və digər sosial şəbəkələrdə yayacağını, «AZTV» telekanılının rəhbərliyinə göndərəcəyini, onu işlədiyi kollektivi və qohumları arasında rüsvay edəcəyini, qeyd etdikləri ilə kifayətlənməyəcəyini, həmin foto və videoları onun keçmiş əri Fərruxa da göndərəcəyini, Fərruxun bu materialları əldə etdikdən sonra onu analıq hüqqundan məhrum edəcəyini və uşağı onun əlindən alacağını bildirmişdir. Bu hədələrdən sonra Yusif öz telefonunda olan həmin şəkilləri ona göstərmişdir. Yusifin hərəkətləri onu sarsıtmış, sonuncudan həmin şəkilləri heç kimə göndərməməsini, paylaşmamasını xahiş edərək, 2018-ci ilin noyabr ayının axırlarında «Mitsubishi Eclipse» markalı **-FV-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün Yusifə uzun müddətli etibarnamə vermişdir. Yusif avtomobilini götürüb idarə etməyə başlamışdır. Utandığından Yusifin onun başına gətirdikləri barədə heç kimə bildirməmişdir. Anası hər dəfə onun evə avtomobilsiz gəldiyini görüb, ondan avtomobilin harada olmasını soruşduqda, ona avtomobilin nasaz olduğuna görə ustaya apardığını demişdir. 2018-ci ilin dekabr ayında Yusif ona Whatsapp tətbiqi ilə zəng edib, avtomobilin təmiri üçün ondan 1.500 manat pul tələb etmişdir. Yusifin hədələrindən qorxub, həm də tələb etdiyi məbləğdə pul verməyəcəyi təqdirdə bunun nə ilə nəticələnə biləcəyini başa düşüb, məcburi vəziyyətdə 2018-ci ilin dekabr ayının ortalarında evdən 1.500 manat pul götürüb yaşadığı Svetlana Məmmədova küçəsi 209 ünvanının qarşısında ona vermişdir. Yusifə verdiyi 1.500 manat pulu götürəndə anası bunu görüb, ondan həmin pulu nə etdiyini soruşmuşdur. Anasına Yusifin ona qarşı etdiyi hərəkətləri barədə danışmışdır. Anası ona Yusifin hərəkətləri barəsində polis orqanlarına müraciət etməyi təklif etmişdir. Yusifin avtomobili ondan hədə-qorxu ilə tələb etdiyi zaman barəsində polisə şikayət olunacağı təqdirdə ona heç kimin gücü çatmayacağı, polisdən qorxmadığı, əksinə, ona məxsus intim şəkilləri sosial şəbəkələrdə yayacağı, onu biyabır edəcəyi barədə danışdıqlarını anasına demişdir. Onu dinləyəndən sonra anası Yusifə zəng etmişdir. Sonuncu telefonda anasını təhqir etmiş, polisə müraciət ediləcəyi təqdirdə onun intim və çılpaq şəkillərini keçmiş həyat yoldaşı Fərruxa göndərəcəyini, nəticədə Fərruxun uşağı onların əlindən alacağını bildirmişdir. Bundan bir müddət sonra, 2019-cu ilin yanvar ayında Yusif onunla əlaqə saxlayıb, Daşqın Səfərov küçəsində yerləşən özünə məxsus mənzili təmir etdirməsini, tələbini yerinə yetirməyəcəyi təqdirdə onda olan fotoşəkilləri, videoları sosial şəbəkələrdə paylaşacağını bildirmişdir. Cəmiyyətdə və iş yerində rüsvay olunacağından qorxub Yusifə tələbini icra edəcəyini demiş, əvəzində onun şəkillərini və videolarını silməsini xahiş etmişdir. Yusifin mənzilini təmir etdirmək məqsədi ilə, əvvəllər onun rayondakı evini təmir etmiş tanışı Bayram usta ilə əlaqə saxlayıb, onu Yusiflə calaşdırmışdır. Bayramdan mənzilə baxmasını xahiş edib, təmir xərclərini özünün ödəyəcəyini demiş, amma, Yusiflə aralarında olan münasibəti barədə ona bir söz deməmişdir. Bayram Yusifə məxsus mənzilə baxdıqdan sonra ona, mənzili 1.700 manata təmir edəcəyinə söz vermişdir. Həmin ərəfədə pulu olmadığından, Bayramla ödənişi hissə-hissə edəcəyi barədə razılaşmışdır. 2019-cu ilin fevral ayının əvvəllərində yaşadığı Svetlana Məmmədova küçəsi ev 209 ünvanının qarşısında Bayrama 200 manat, 2019-cu ilin fevral ayının ortalarında həmin ünvanda ona 500 manat, 2019-cu ilin fevral ayının sonlarında yenə həmin ünvanda ona 300 manat, 2019-cu ilin mart ayının ortalarında Novruz bayramından öncə yenə həmin ünvanda Bayrama 300 manat və 2019-cu ilin aprel ayının əvvəllərində Bayrama 400 manat pul vermişdir. 2019-cu ilin mart ayının ortalarında Yusif ona tək təmirlə kifayətlənməyəcəyini bildirirək, ondan mənzili üçün mətbəx elektrik avadanlıqları almasını tələb edərək, ona istədiyi elektrik mallarının siyahısını vermişdir. Sonuncuya buna maddi imkanının olmadığını dedikdə Yusif, bunun onun problemi olmadığını demiş, istədiklərini almayacağı təqdirdə onun çılpaq şəkillərini sosial şəbəkədə paylaşacağını bildirmişdir. Odur ki, Yusifin hədələrini real qəbul edib, 28 mart 2019-cu il tarixdə «Lido» restoranının yaxınlığında yerləşən «Kontakt Home» mağazasına gedib, oradan Yusifin tələb etdiyi malları, «Samsung» markalı gümüşü rəngli paltaryuyanı, həmin markadan olan tozsoranı, «Hoffman» markalı sobanı, həmin markalı plitəni, həmin markadan olan aspiratoru, həmin firmaya məxsus ağ rəngli soyuducunu kreditlə bir illik, ayılıq 250 manat ödəniş etmə şərti ilə 2.776 manata almış, çatdırılma ünvanı kimi Yusifin yaşadığı Daşqın Səfərov küçəsi ev 2 mənzil 29 ünvanını qeyd etmişdir. Bundan bir-iki gün sonra «Kontak Home» şirkəti qeyd edilən məişət avadanlıqlarını Yusifin evinə çatdırmışdır. Malları Yusif qəbul etmişdir. Həmin ərəfədə Bayram usta da təmir işlərini bitirmişdir. Bundan sonra da Yusif ona tələblərinin bitmədiyini, ondan əl çəkməyəcəyini və başına min bir oyun açacağını bildirmişdir. Yusifdən ondan əl çəkməsini, maddi vəziyyətinin ağır olduğunu bildirib, şəkillərini pozmasını və avtomobilini ona qaytarmasını xahiş etmiş, lakin sonuncu onu dinləmək istəməmiş və xahişinə məhəl qoymamışdır. 2019-cu ilin aprel ayının əvvəllərində Yusif yataq mebeli almaq üçün ona 750 manat pul verməli olduğunun demiş, bunu etmədiyi təqdirdə ona yenə ona məxsus intim şəkilləri iş yoldaşlarına göndərərək onu işlədiyi kollektivdə biyabır edəcəyini bildirmişdir. Vəziyyətdən çıxış yolu tapmadığından Yusifin bu tələbi ilə də razılaşmışdır. 2019-cu ilin aprel ayının əvvəllərində yaşadığı Svetlana Məmmədova küçəsi ev 209 ünvanının qarşısında Yusiflə görüşüb, ona 250 manat pul vermiş, qalan 500 manatı isə maaşını alanadək ona vaxt verməsini xahiş etmişdir. Təxminən bir həftə sonra 2019-cu ilin aprel ayının ortalarında Yusifin tələbi ilə ona həmin ünvanda 500 manat pul vermişdir. Pulu verəndə Yusifdən bir daha şəkillərini silib, avtomobilini qaytarmasını xahiş etmişdir. Yusif avtomobilini ona qaytarmamış, əksinə ona ölkədən çıxıb getməsi üçün 3 ay vaxt verdiyini bildirmişdir. 2019-cu ilin dekabr ayında Yusif bir daha ondan ölkədən çıxıb getməsini tələb etdikdə sonuncuya, bunun mümkünsüz olduğunun demişdir. Yusif ona tələbini yerinə yetirməyəcəyi təqdirdə şəkillərini sosial şəbəkələrdə yayıb paylaşacağını dedikdə, sonuncuya bir daha onu narahat etməməsini bildirmişdir. Yusif ona: «gör indi sənin başına nə oyun açacam»-deyərək, təxminən 2019cu ilin noyabr ayından İnstaqram sosial şəbəkəsində müxtəlif səhifələr yaradaraq onun çılpaq şəkillərini paylaşmağa başlamışdır. Yusif onun çılpaq şəkillərini və intim görüntülərini bir neçə xəbər saytına göndərmişdir. Bu şəkillər onun işlədiyi «AZTV» telekanalı əməkdaşları arasında tez bir zamanda yayılmış və o, işlədiyi kollektiv, tanışları və ictimaiyyətdə rüsvay olmuşdur. Odur ki, anasının məsləhəti ilə Binəqədi RPİ-nin 7-ci PB-nə Yusifin ona qarşı etmiş olduğu qanunsuz hərəkətləri barədə müraciət etmişdir. Müraciətindən sonra İnstaqram sosial şəbəkəsindəki yaratmış olduğu səhifədə: «cırıq məni polisə verdi», «pornosu var məndə efirə çıxan günü buraxacam efıre» mətnli paylaşımlar etmişdir. 2019-cu ilin dekabr ayında Yusif ona məxsus olan «Mitsubishi Eclipse» markalıı avtomobili ona qaytarmışdır. Həmin avtomobili 2020-ci ilin yanvar ayında satmışdır. Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Onu bağışlamır. Məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, təmir-tikinti işləri ilə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır. Bir neçə il əvvəl sonuncunun yaşadığı mənzili təmir etmişdir. Həmin mənzil Vəfanın keçmiş həyat yoldaşına məxsus olmuşdur. Sonradan Vəfanın ərindən ayrıldığını, anası və oğlu ilə birlikdə Binəqədi rayonunda yaşadığını bilmişdir. Bir neçə dəfə Vəfanın xahişi ilə həmin mənzilə usta göndərmişdir. 2019-cu ilin fevral ayının əvvəllərində Vəfa ona zəng edərək, tanışı Yusifin mənzilini təmir etdirəcəyini, Yusiflə pul barədə söhbət etməməsini, təmir xərclərini özünün ödəyəcəyini bidlirmişdir. Vəfanın təklifi ilə razılaşmışdır. Sonuncu bir neçə gün sonra onu Yusiflə əlaqələndirmişdir. Sonuncu ilə görüşüb, deməsinə görə ona məxsus Xətai rayonu ərazisindəki neftayırma zavodunun yaxınlığında yerləşən 4 mərtəbəli evin 3-cü mərtəbəsinin sol tərəfindəki mənzilə getmişdir. Mənzil iki otaqdan ibarət olmuşdur. Yusif ona ilk öncə mənzilin yalnız kosmetik, sonradan isə tam təmir olunacağını deyib, təmir pulunu Zərərçəkmiş şəxs ödəyəcəyini bildirmişdir. Odur ki, Zərərçəkmiş şəxs zəng edib, mənzilə baxdığını, təmiri ilə əlaqədar zəhmət haqqı kimi ondan 1.700 manat pul alacağını demiş və sonuncu həmin qiymətlə razılaşmışdır. Təmir üçün materiallarını Yusif alıb gətirmiş, gördükləri işin pulunu isə Vəfadan almışdır. Vəfa 2019-cu ilin fevral ayının əvvəllərindən mart ayının sonuna kimi ona hissə-hissə ödənişlər etmişdir. Aldığını pulun 1500 manatını mənzildə təmir işləri görmüş usta Əlikrama vermiş, 200 manatını isə briqadir kimi özünə götürmüşdür. Hər dəfə Vəfaya zəng edib pul istəyəndə, sonuncu onunla aqressiv danışmışdır. Təmir işləri gedən müddətdə Vəfanı cəmi bir-iki dəfə, ondan zəhmət haqqı kimi pul alan zaman görmüş, sonuncu həmişə əsəbi vəziyyətdə olmuşdur. Ondan bunun səbəbini soruşmamışdır. Təmir işlərini yekunlaşdırandan sonra mənzilə «Kontakt Home» mağazasının əməkdaşları mətbəx əşyaları gətirib quraşdırmışdır. Həmin əşyalar soyuducu, aspirator, plitə, soba, paltaryuyan maşın və tozsorandan ibarət olmuşdur. Həmin vaxt Yusif evdə olmuş və malları o, qəbul etmişdir. Təmir işlərini yekunlaşdırdıqlarından usta Əlikramla birlikdə Yusiflə xudafizləşib çıxıb getmişdir. Bundan sonra zəng edib Vəfa ilə əlaqə saxlamış, mənzildə təmir işlərini yekunlaşdırdığını bildirib, ondan qalıq qalan 400 manat pulu istəmiş və Yusifin mənzilə «Kontakt Home» mağazasından məişət əşyaları gətirdiyini bildirmişdir. Vəfa bu barədə məlumatının olduğunu, həmin əşyaları ona Yusifin aldırdığını, hazırda maddi imkanının olmadığını deyib, bir-iki günə qalıq qalan 400 manatı ödəyəcəyini bildirmişdir. Vəfa ilə Yusifin şəxsi işlərinə qarışmamışdır. Təmir işləri getdiyi müddətdə pul lazım olduğundan bir neçə dəfə Yusifə müraciət etmiş, Yusif hər dəfə ona pul lazım olacağı təqdirdə Vəfadan götürməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2015-ci ildən «CBC Sport» telekanalında rejissor işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxslə «CBC Sport» telekanalı yarandığı gündən, yəni 2015-ci ildə tanış olmuşdur. Zərərçəkmiş şəxs kanalda aparıcı müxbir, Təqsirləndirilən şəxs isə kanalda operator kimi fəaliyyət göstərmişdir. Vəfa ərindən boşanandan sonra işdə olarkən arada bir Yusifin Vəfanın iş otağına girib-çıxdığını görmüşdür. Bir müddət sonra Vəfa ilə fiziki məhdudiyyətli şəxslər barəsində film çəkmək ərəfəsində Vəfa ilə məsləhətləşərkən o, operator kimi Yusifi çağırmasınıı xahiş etmişdir. Bu zaman Yusiflə Vəfa arasında sevgi münasibətlərinin olduğunu güman etmişdir. 2017-ci ilin sonları 2018-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs «AZTV» telekanalında aparıcı kimi işə başlamışdır. Arada bir Vəfa onunla telefon əlaqəsi saxlamış və iş yoldaşı kimi söhbət etmişlər. Bir müddət sonra Vəfa ona zəng edib, danışmaq istədiyini bildirimişdir. Həmin gün axşam saatlarında Vəfa ilə görüşmüşdür. Bu zaman Vəfa çox həyəcanlı şəkildə Yusifin ona problem yaratdığını bildirmişdir. Vəfadan nə baş verdiyini soruşduqda sonuncu, Yusifin onu özünü öldürmə həddinə çatdırdığını bildirmişdir. Vəfanı sakitləşdirəndən sonra o, hər şeyi təfərrüatı ilə ona danışmışdır. Vəfanın deməsinə görə Yusif hədə-qorxu gələrək ondan pul tələb etmiş, münasibəti zamanı Yusif Vəfanın çılpaq şəkillərini çəkib videogörüntüləri özündə saxlamış, həmin videogörüntülərlə onu təhdid edərək, Vəfadan pul tələb etmişdir. Vəfaya Yusifə heç nə verməməsini tapşırıb demişdir ki, bir dəfə ona pul versə, təhdidlərinin ardı kəsilməyəcək və ondan mütəmadi olaraq pul tələb edəcəkdir. Vəfa ona Yusifə pul verəməyəcəyi təqdirdə Yusifin onun fotoşəkillərini iş yoldaşlarına yayacağını, onu işlədiyi kollektiv arasında rüsvay edəcəyini, həmin şəkilləri keçmiş əri Fərruxa göndərəcəyini, sonuncunun uşağını götürəcəyini və hədələrinə məruz qalacağını söyləmişdir. Məsələnin çox ciddi olduğunu başa düşüb, Vəfaya polisə müraciət etməyi məsləhət görmüşdür. Vəfa ona polisə müraciət edəcəyi təqdirdə, vəziyyətin onun üçün daha da pis ola biləcəyini bildirmişdir. Belə ki, Yusif Vəfaya polisə müraciət edəcəyi halda, sosial şəbəkələrdə onun şəkil və videolarını yayacağını bildirmişdir. Bundan sonra X8 tətbiqində göndərdiyi səs mesajlarını ona göstərmişdir. X9 hədə-qorxu gələrək, ondan idarə etdiyi «Mitsubishi Eclipse» markalı **- FV-*** dövlət nömrə nişanlı avtomobili idarə etməsi üçün etibarnamə ilə verməsi ilə bağlı tələbini aydın eşitmişdir. Vəfaya avtomobili Yusifə verməməsini demiş, versə sonradan Yusifin ondan mütəmadi olaraq tələblərinin olacağını bildirmişdir. Vəfa ilə bu söhbətdən sonra Yusiflə görüşməmiş və onunla danışmamışdır. Bacardığı qədər bu məsələyə qarışmaq istəməmişdir. Bununla belə, bir qadın kimi Vəfanı tək qoymamış, ona məsləhətlər vermiş, özünü ələ almasını və Yusifə təslim olmamasını bildirmişdir. Həmin ərəfədə Vəfanın psixoloji durumu çox ağır olmuşdur. Bir müddət sonra Vəfa ilə telefonda danışan zaman Vəfa borca pul tapıb bir neçə dəfə Yusifin tələblərini yerinə yetirdiyini, bunu fotoşəkillərlə onu iş yerində rüsvay etməməsi üçün etdiyini bildirmişdir. Vəfanın deməsinə görə «Kontakt Home» mağazasından Yusifin tələbi ilə onun mənzilinə 2.600 manatdan çox dəyəri olan elektrik avadanlıqları, məişət əşyaları, yəni soyuducu, paltaryuyan maşın, tozsoran və digər əşyalar alıb onun ünvanına göndərmiş və həmin ərəfələrdə də krediti ödəmişdir. Vəfanın deməsinə görə maşını Yusifə verdikdən sonra Yusif ondan 1.500 manat pul almışdır. Sonradan Vəfanın deməsindən ona məlum olmuşdur ki, Yusif Vəfanın anası ilə telefonda kobud danışıb onu təhqir etmiş və əlində olan fotoları yayacağı ilə Vəfanı hədələyərək ondan pul və istədiyi digər maddi nemətləri tələb etmişdir. Vəfaya bir daha Yusifin hərəkətlərindən polisə müraciət etməsini məsləhət etmişdir. Odur ki, nəhayət Vəfa Yusifin hərəkətləri barədə polisə müraciət etmişdir. 2019cu ilin noyabr ayında Vəfa ona telefonda Yusifin İnstaqram sosial şəbəkəsində «aztvxana», «müxbirdimüxbir», «ağabalayevavəfa», «telejurnalist» və digər adlarla profillərdən ona məxsus lüt və çılpaq şəkilləri paylaşmasını göstərmişdir. Bundan sonra Yusif Vəfaya: «sən məni polisə verdiyinə görə sənin video və şəkillərini iş kollektivinə göndərəcəm» demişdir. Təqsirləndirilən şəxs etdiyi bu hərəkətlərin nəticəsində şəkil və video Vəfanın iş yerində sürətlə yayılmış və Vəfa iş yerində rüsvay olmuşdur. «aztvxana» səhifəsi ilə «AZTV» telekanalının əməkdaşlarına dostluq göndərilmiş, hər kəs paylaşımları qısa müddət ərzində görmüşdür. Vəfa polisə müraciət etməzdən öncə o, Vəfadan bu şəkilləri başqa kiminsə yaya biləcəyini soruşmuş, Vəfa onun Yusifdən başqa heç kimlə münasibəti olmadığını, həmin fotoşəkilləri və videoları Yusifin çəkdiyini bildirmişdir. Bundan başqa Yusif «aztvxana» səhifəsində «AZTV» telekanalını etiketlədiyinə görə kanalın rəhbərliyi də bu barədə məlumatlanmış və Vəfanı aparıcı fəaliyyətindən uzaqlaşdırmışdır. İşin 34-39 vərəqlərindəki ABC Telecomun baş direktoru H.İsrafilzadənin məktubundan görünür ki, Zərərçəkmiş şəxs «Kontakt Home» mağazalar şəbəkəsindən onunla "xxxx" MMC arasında bağlanmış 28 mart 2019-cu il tarixli 00588043 saylı müqaviləyə əsasən 1 ədəd Samsung WW80K42E07SDLP (gümüşü) markalı paltaryuyanı, 1 ədəd Samsung VCC4520 markalı tozsoranı, 1 ədəd Hoffman BOH65F4 markalı sobanı, 1 ədəd Hoffman K639S markalı plitəni, 1 ədəd Hoffman DK330F4 markalı aspiratoru, 1 ədəd Hoffman DFB-166 W (ağ) markalı soyuducunu dəyərlərini hissə-hissə ödəmək şərtilə qızıl zəmanət şərtləri əsasında almışdır. İşin 72-73-cü vərəqlərindəki Vəfa Ağbalayeva tərəfindən istintaqa təqdim edilən fotoşəkildən görünür ki, «Kontakt Home» mağazasından alınmış qeyd edilən mallar ünvan 4 ünvanına çatdırılmışdır. İşin 55-77-ci vərəqlərindəki Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 2 ədəd CD disk və həmin diskdəki fayllardan çıxarılmış fotoşəkillərə baxış zaman müəyyən edilmişdir ki, birinci diskdə şəkil, video və Whastapp yazışmaları qovluqları vardır. Şəkillər qovluğunda İnstaqram sosial şəbəkəsində «muxbirdimuxbir» səhifəsində üç ədəd yarıçılpaq fotoşəkil, «bozbashaparıcı» səhifəsində iki ədəd çılpaq şəkillər aşkar edilir. Video qovluğunda isə birinci videoya baxış zamanı müəyyən edilir ki, qız qırmızı rəngli alt geyimində oturacaqda əyləşib və bir nəfər şəxs əli ilə onun bədəninin əzalarına toxunur və onunla əylənir. İkinci videoda «muxbirdimuxbir» səhifəsində dəniz kənarında qumluqda bir qız sinəsi açıq yerdə əyləşməsi və çəkiliş olan cihaza baxdığı görünür. Üçüncü videoda yataqda bir oğlan bir qızın yan əza hissəsinə əli ilə sillə vurduğu görünür. Dördüncü video ağ hamam xalatında qızın sinəsini göstərməsi müşahidə olunur. Whatsapp yazışmaları qovluğundakı şəkillərdən həmçinin həmin şəkillərin print olunmuş çıxarışlarından görünür ki, 055- ***-**-** nömrəsindən daxil olan «sms» yazışmada: «indi sene atacam videonu bax gor utanmaqdan danıshmaqa haqqın var ya yox», «Ferruxa da gonderecem, qoy alsın ushaqı elinizden», «siz meni cox yandırdız», «bele anada ve nenede ushaq qammaz» mətnləri aşkar edildi. Zərərçəkmiş şəxs əlavəsinə görə həmin foto və videogörüntüdəki qız onun özüdür. Və bu məzmunlu görüntüləri instaqram sosial şəbəkəsində «Aztvxana» səhifəsində Təqsirləndirilən şəxs paylaşmışdır. 2 ədəd disk iş materiallarına əlavə edildi, çıxarılmış fotoşəkillər götürmə və baxış protokoluna əlavə edildi. İşin 159-167-ci vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs dediklərinin doğru olmadığını bildirmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 iyul 2020-ci il tarixli 9/1699 saylı rəyindən görünür ki, «Samsung» markalı «WW80K42U07İVDZ» model (gümüşü) rəngli paltaryuyanın 1 ədədinin dəyəri 800 manat, 1 mədəd «Samsung» markalı «VCC4520» model tozsoranın dəyəri 100 manat, 1 ədəd «Hoffman» markalı «BOH65F4» model sobanın dəyəri 320 manat, 1 ədəd «Hoffman» markalı «K639S» model plitənin dəyəri 170 manat, 1 ədəd «Hoffman» markalı «DK330F4» model aspiratorun dəyəri 110 manat, 1 ədəd «Hoffman» markalı «DFB-166 W» model (ağ) soyuducunun dəyəri 400 manatdır. Ekspertiza təyini haqqında qərarda qeyd edilən müxtəlif markalı məişət avadanlıqlarının təzə vəziyyətdə 2019-cu ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1900,00 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Məhkəmə psixiatrik ekspertizanın 9 sentyabr 2020-ci il tarixli, 1777 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 213-225-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» 16 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, 2 ədəd CD disk və həmin diskdə olan fotoşəkillər, Whatsapp tətbiqi yazışmaları, instaqram tətbiqi yazışmalarından çıxarılmış fotoşəkillər, «Kontakt Home» mağazalar şəbəkəsindən alınmış məişət avadanlıqları mallarının çatdırılma ünvanını özündə əks etdirən fotoşəkil iş üzrə maddi sübut kimi tanınmışdır. İşin 98-ci vərəqəsindəki 7 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyindən, istintaqın çağırışlarına gəlmədiyindən barəsində axtarış elan edilmişdir. İşin 106-cı vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 avqust 2020-ci il tarixdə saxlanılaraq istintaqa təqdim edilmiş, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 136-138-ci vərəqlərindəki 9 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-niıı 182.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İşin 155-158-ci vərəqlərindəki Binəqədi rayon məhkəməsinin 9 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşin 32-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 209-211-ci vərəqlərindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26 noyabr 2010-cu il təvəllüdlü Şəfiyev Ümüd, 18 mart 2013-cü il təvəllüdlü Şəfiyeva Əsma və 09 avqust 2014-cü il təvəllüdlü Şəfiyeva Humay olmaqla üç azyaşlı uşağı vardır. İttiham aktından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs iki epizodda: 1) Zərərçəkmiş şəxs haqqında olan seksual xarakterli videoları və şəkillərini sosial şəbəkələrdə paylaşma adı ilə hədə-qorxu gəlib, mənzilini təmir edən usta B.B.Dünyamalıyevə 1700 manat pulu ödətməyə və 2) Zərərçəkmiş şəxs yaşadığı evinə bəyaz əşyalar aldırıb gətirtməklə 2626 manat maddi ziyan vurmağa görə təkrar ittiham verilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, yuxarıda qeyd edilən epizodlar Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan çıxarılmalıdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmədə təqsirdəndirilən şəxs Təqsirləndirilən şəxs heç bir cinayət əməli törətmədiyini, Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ondan əmlak tələb etmədiyini bildirdi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, CD diskə baxış keçirilməsi protokol, ABC telecomdan daxil olan məktub, 2 ədəd CD diskdəki materiallara və onlardan çıxarılmış fotoşəkillərə baxış protokolu, ekspertiza rəyləri və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır, cəzadan yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumların islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CMnin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 8 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Maddi sübutlar: fotoşəkil və videogörüntülər, Whatsap yazışmaları və digər sənədlər olan iki ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 8 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddiaın olmadığı nəzərə alınsın. Maddi sübutlar: fotoşəkil və videogörüntülər, Whatsap yazışmaları və digər sənədlər olan iki ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar